MÜƏLLİMLƏRİM HAQDA XATİRƏLƏR

10:31 / 17.11.2018
Baxılıb: 1956

Əziz Kəsəmənlilər! Doğma həmyerlilər!Bir müddət qabaq internetdə “ Göyçə mahalı – Kəsəmən ” qrupunu yaradanların və təşəbbüskarlarının işini müsbət qiymətləndirərək, kəndimizin görkəmli, ləyaqətli insanlarını, onun tarix və ənənələrini itirməməyi və gələcək nəslə ötürmək istəyini alqışlamışdım. Bu nöqteyi-nəzərdən doğma kəndimin ziyalıları, ilk növbədə mənə dərs demiş müəllimiəri haqda xatirələrimi sizinlə bölüşməyi özümə borc bildim. Əvvəlcə bir məsələ haqda xeyli fikirləşdim, xatirələrimi kimdən başlayım və qərara gəldim ki, ilk növbədə uzun müddət məktəbimizin direktoru olmuş İskəndər Hacıyevdən başlamaq düzgün olardı. Əlbəttə, uşaqlıq, gənclik illərində baş verənlər bütün təfərrüatıyla, daha qabarıq şəkildə yadda qalır, nəinki 2-3 il bundan qabaq yaşanılmış hadisələr. Yadımdadır, 6 yaşındaydım, səbirsizliklə sentyabrın 1-ni gözləyirdim. Nəhayət, arzu etdiyim gün gəlib çatdı. Uşaqlığımız birlikdə keçmiş, amma məndən 1 yaş böyük olan əmioğlu Ariflə (Arif Aslan oğlu Allahverdiyev) sevinc və həyəcan içində qapıları açılmamış məktəbin qarşısında olduq. Məktəbimiz Alıyev Hüseyn və Rzayev Səfərgilin evlərindən 50-100 m aşağıda yerləşirdi (təzə məktəb binası tikiləndən sonra orada uşaq bağçası yerləşirdi). Niyyətimiz hamını qabaqlayıb 1-ci sıradakı partaların birini tutmaq idi. Qapılar açıldı, Ariflə 1-ci sinifin ön sıradakı partalarının birini “zəbt” etdik. İlk zəng çalındı. Məktəbin direktoru İskəndər Hacıyev sinfə daxil oldu, hamımız ayağa durduq, salamlaşıb əliylə oturmağı işarə etdi. Məktəbə ilk dəfə qədəm qoymuş bizlərə tövsiyələrini verdi, gələcək təhsilimizdə uğurlar dilədi. Gözləri qəflətən ilk sırada oturan mənə sataşdı.

– Oğul, sən burada neynirsən? Sənin adın siyahıda yoxdur, yaşın hələ çatmır. Dur, dur, bala, get evinizə, gələn il gələrsən.

Deməyə yalnız bu sözləri tapdım:

– Müəllim, mən axı çox istəyirəm məktəbdə oxumaq!

– Yox, ogul, olmaz, yaşın çatmır, boyun da hələ çox balacadır.

Dogrudan da oxuduğum bütün dövrlərdə, müəyyən istisnaları çıxmaqla boyum mənimlə birlikdə oxuyan oğlanlardan kiçik olub. Naəlac, suyu süzülə-süzülə sinifi tərk etdim. Evə necə gedəydim? Axı, anam səhər mənə xəbərdarlıq etmişdi: məktəbə hələ yaşın çatmır, getmə, səni götürməzlər. İndi mən bu “rüsvayçılıqla” necə evə qayıdım? Məktəbin arxasına, siniflərin pəncərəsi açılan səmtə keçdim. Gözləyib, İskəndər müəllim sinifdən çıxan kimi özümü içəri saldım (xoşbəxtlikdən pəncərələrin aşağısı yerlə, Hüseyn əminin kartof əkini sahəsiylə bir səviyyədə idi). İlk sinif müəllimimiz Musa müəllim (Musayev Musa İbrahim oğlu) mənə öz yerimdə oturmağa icazə verdi. Heç 5 dəqiqə keçməmiş İskəndər müəllim yenə sinifə girdi.

– A bala, sən yenə burdasan?

Sanki məni güdürmüş. Bu an Arifdəki cəsarətə heyran qaldım:

– A dayı, (İ.Hacıyev onun dayısı idi) onu niyə qovursan, o hər şeyi bilir ey, oxumağı da, yazmağı da, saymağı da (doğrudan da boş vaxtlarında anam bunları mənə öyrətmişdi). İskəndər müəllim üzünü mənə tutub soruşdu:

– Düz deyir?

– Hə, müəllim.

– A Musa, Əlifbanı ona ver, görək oxuya bilir. Musa müəllim asan bir səhifəni açıb mənə verdi. Mən onu oxuyub, başqa səhifələrə keçdim. Sonra 50-yə qədər saydırdılar, lövhədə çap hərflərilə “ məktəb ” sözünü yazdım. İskəndər müəllim gülümsədi, üzündə təbəssüm yarandı, mehribanlıqla dedi:

– Otur, oğul, çalışarıq icazə alaq sənin 1-ci sinifdə oxumağına.

Bu epizod mənim İskəndər Hacıyevlə ilk əyani, üzbəüz, yadda qalan tanışlığım və özümün həyatda qazandığım ilk qələbə idi. İskəndər müəllim ortaboy, xaricən çox ciddi, daima fikirlər içində ətrafa məhəl qoymayan, öz daxili aləminə qapılı bir insan təsəvvürü yaradırdı. Məktəbin həyatında baş verən sevincli hadisələrdə isə həmişə çox xoşsifət, deyib-gülən vəziyyət alardı. Olduqca haqq-ədalət tərəfdarı olan bir insan idi. Kəndimizin 2-ci nəsil əsl təcrübəli kommunistlərindən idi. Məktəbin, ya kolxozun yığıncaqlarında mən onun bir dəfə də olsun Kommunist Partiyasının rəhbərlərinə – Stalinə və ya Xruşşova istinad etdiyini eşitmədim. O, həmişə Stalin dövründə uzun müddət SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri, olduqca kasıb ailədən çıxmış “ Ümumittifaq ağsaqqalı ” adını almış Mixail İvanoviç Kalinindən elm və təhsil haqqında sitatlar gətirərdi. İskəndər müəllimin bütün qayğıları, fəaliyyəti gecə-gündüz yalnız məktəb, müəllimlər və şagirdlərlə bağlı idi. Məktəb təsərrüfatının – siniflərin, orda olan partalardan, yazı lövhələrindən, əyani vasitələrdən tutmuş təbaşirə qədər hər şeyə o ciddi nəzarət edirdi. O xüsusilə məktəbin uzun dəhlizinin (koridor) divarlarından asılmış şüarların və qəzetlərin xarici tərtibatına və daxili məzmununa fikir verərdi. Şüarların hamısı Sov. İKP-nın 1 May və 7 Noyabr bayramları ərəfəsində yayımladığı şüarlardan götürülərdi. Şüarları bacardıqları səviyyədə müəllimlərimiz yazardı. Ən yaxşı şüarları Nəsib müəllim və İsfəndiyar müəllim, sonralar isə Murğuz müəllim yazardı. Ayrı-ayrı illərdə məktəb pioner və komsomol təşkilatlarına başçılıq etdiyim illərin birində məktəblilərə müraciətlə bağlı şüar olmadığından ona “ şikayət ” etdim.

– Hə, düz deyirsən, müəllimlərə tapşıraram yazarlar.Bu şüarın yazılmasını mənə icazə verməsini ondan xahiş etdim. Bir az fikirləşəndən sonra dedi:

– Yaxşı, yaz, xoşumuza gəlsə qəbul edərik.“ Pioner və məktəblilər!...” müraciətiylə başlayan şüar hazır olanda İskəndər müəllim təbəssüm və razılıq hissilə onu divarın görümlü yerindən asmağı tapşırdı və yığıncaqlarda bunu bəzi müəllimlərə hətta nümunə göstərirdi. Əziz dostlar, bu epizodu yazmaqda yeganə məqsədim özümü tərifləmək yox, yalnız İskəndər müəllimin dəyərli xüsusiyyətlərindən birini, şagirdlərinin ən kiçik təşəbbüsünə, uğuruna belə biganə qalmamasını, ondan sevinc, qürur duymasını göstərməkdir. Başqa bir epizod. Bir gün məktəbimizdə başqa kənddən olan idman müəllimimiz (adını çəkmək istəmirəm) məni yanına çağırıb sabaha uşaqlardan bir voleybol komandası yığıb Şişqaya kəndinə 8-illik məktəblərarası yarışa gəlməyimizi tapşırdı. Elə həmin gün 5-6 uşaq yığışıb məşq etdik və səhərisi getdik Şişqayaya. Yarışlarda 5 məktəbin – Şişqaya, Bala Məzrə, Satanaxaç, Göysu və Kəsəmən məktəblərinin komandaları iştirak edirdi. Axırıncı oyuna 2 qələbə və 1 məğlubiyyətlə gəlmişdik (yerli, Şişqaya komandasına uduzmuşduq, onlar komandaya 9-10-cu sinifdən də 1-2 nəfər daxil etmişdilər, amma bəlkə onsuz da uda bilərdilər). Həmin oyunun hakimi bizim idman müəllimimiz idi. Bu oyundan bizim, ya rəqibin 2-ci yeri tutması həll olunurdu. Oyun vaxtı onun yanında dayanmış rəqib komandanın məktəb direktorunun təzyiqi ilə komandamızı uduzdurmağa çalışdığını hiss edib bir kapitan kimi (hələ kənddə ikən uşaqlar məni kapitan seçmişdilər) hiddətlənərək ona qəzəblə narazılığımı bildirdim və bir anlığa yığışıb uşaqlarla bu ədalətsizliyə qarşı fədakarlıq göstərib oyunu mütləq udmağı sözləşdik. Uşaqların hər biri doğrudan da oyuna can qoyurdular. Bu cür haqsızlığı və bizim əzmimizi, fədakar oyunumuzu görən şişqayalılar bizi əl çalmaqla, əhsən, afərin sözləriylə ruhlandırmağa başladılar. Biz bu oyunda qələbə çaldıq. Bu, təkcə rəqib üzərində yox, xarakteri və psixikası hələ bərkiməmiş şəffaf ürəkli biz yeniyetmələrin haqsızlıq üzərində ilk qələbəsi idi! Yarışdan sonra kəndə çox yorğun, eyni zamanda qəlbimizdə ikili hisslərlə, qələbədən sevinc, ədalətsizlikdən qəzəb, iztirab hissiylə qayıdırdıq. Səhəri gün rayon mərkəzində müşavirədən təzəcə qayıtmış İskəndər müəllim arxamca evimizə uşaq yollayıb məni məktəbə, kabinetinə çağırtdırdı. Çox həyəcanlı olduğunu hiss etdim. Dünən Şişqayada nə baş verdiyini soruşdu. Mən məktəblərarası yarışda 2-ci yeri tutmağımızı ona dedim. Sonra o dünən baş vermiş hadisələri və həmin oyunun gedişini təfərrüatı ilə mənə danışıb soruşdu (görünür müşavirə vaxtı bunları başqa kənddən kim isə olduğu kimi ona söyləyibmiş):

– Beləmi qalib gəldiniz dünən?

Mən təsdiqlədim. O ayağa qalxıb məni nəvazişlə qucaqladı, alnımdan öpdü və titrək səslə dedi:

– Aldığımız qalstukları və nişanları pulsuz paylayın uşaqlara. O vaxta qədər 1-2 nəfər istisna olmaqla məktəblilərin nə qalstuku, nə komsomol nişanı vardı. Paylayacağımızları isə İskəndər müəllim öz maaşıyla almışdı. Məktəbin növbəti yığıncağında İsgəndər müəllim bu hadisəni dodaqları titrəyə-titrəyə böyük ruh yüksəkliyi, fərəh və qürur hissilə komandamızın hər bir üzvünə (hamının adı yadımda qalmayıb, məncə Qafarov Allahyar, Əliyev Heydər, Xudiyev Əziz, Cabbarov İsrafil, Ələkbərov Suliddin, Mehdiyev Ənvər və b.) təşəkkür etdi, nümunə göstərdi. Pedaqoji sovetin növbəti iclasında isə həmin müəllimə töhmət elan etdi. Bu epizod da İskəndər müəllimin məktəbə və məktəblilərə necə can yandırdığından, qayğısından, haqqı-ədaləti qəlbinin dərin hissləriylə qorumağından xəbər verir. İskəndər müəllim şagirdlərin ən xırda təşəbbüslərinə belə biganə qalmazdı, imkan dairəsində onlara təkan verərdi. Bir gün bir neçə şagird yığışıb məktəbimizdə şagirdlərin məşğul olması üçün heç bir musiqi aləti olmamasından ona şikayət etdik. Bir müddət sonra o bizi çağırıb Rayon Xalq Təhsil İdarəsinin məktəbə 2 şeypur, 3 baraban ayırdığını xəbər verdi. Onlarla nə etmək olardı? Uşaqlarla yığışıb qərara gəldik: məşq edib kənd içində 1 May nümayişi keçirək. Bir müddət məşq edib 1 Maydan bir gün qabaq nümayiş fikrimizi ona bildirib razılığını və ondan daima onun kabinetində yer tutan SSRİ bayrağını aldıq. Birlikdə nümayişin kənd içində məktəbdən çıxıb məktəbə qayıtma marşrutunu müəyyən etdik. Dəstəmizin ən nizam-intzamlı keçiş məntəqəsi camaatın gur yeri, kolxoz idarəsinin qarşısı olmalıydı. 1 May günü qarşıda bayraqdar, arxasınca şeypurçu, sonra 2 barabançı və 2 sıra 10-12 nümayişçi olan dəstəmiz kənd içini keçib kolxoz idarəsinin qabağına çatanda kolxoz rəhbərliyinin, İskəndər müəllimin, müəllimlərin, kənd camaatının bizi əl çalıb ura səsləriylə qarşılayıb ötürmələri cərgəmizi daha da nizama saldı. Bizi qarşılayıb yola salanların üzündəki maraq hissindən fərqli olaraq, əlini bizə tərəf yelləyib salamlayan İskəndər müəllimin təbəssümlü üzündə sanki əsgərlərini qarşılayan bir komandan vüqarı, qüruru vardı. Dəstə məktəbə çatmazdan heç 5 dəqiqə çatmamış o bizimlə idi. Çox həyəcanlı idi. Hamımıza təşəkkür edib bu sözləri dedi:

– Siz bəlkə də təsəvvür etmirsiniz, siz bu gün necə böyük bir iş gördünüz! Sonralar başa düşdüm: bu sözlər müharibədə vuruşmuş, orada sağ əlindən yaralanmış, daima doğma məktəbinin və şagirdlərinin həyatıyla yaşayan əsl kommunistin ölkəsinin dövlət bayramları ənənələrinin doğma kəndində ilk dəfə onun şagirdləri tərəfindən bu şəkildə də olsa həyata keçməsiylə bağlı qəlbindən qopan sevinc və fəxarət nidaları idi! Məktəbdə nizam-intizam, tədrisin keyfiyyəti onun üçün həmişə ön planda idi. Hər vasitə ilə şagirdlərinin bilik səviyyəsini müəyyən etməyə çalışırdı. Bir gün anamdan məni sabah özüylə Nərimanlı kəndinə aparmağa icazə aldı. Məqsədinin məni onların məktəbiylə, orada gedən imtahanların gedişiylə tanış etmək olduğunu dedi. Səhərisi Nərimanlıda o, direktor və müəllimlərlə görüşündən sonra Dövlət buraxılış komissiyasının sədri kimi imtahan otağına getdi, məni isə müəllimlər otağına apardılar. Kiçik tanışlıqdan sonra otaqda olan müəllimlər mənə ayrı-ayrı fənlərdən suallar verməyə başladılar. Bir sirri açım, həm Kəsəməndə, həm Bakıda orta məktəbdə oxuduğum dövrlərdə həmişə proqramdan xeyli qabağa gedərək əlavə materiallar tapıb lazımi ədəbiyyatlarla sərbəst işləyərdim. Buna görə otaqdakı müəllimlərdən çəkinib utansam da onların proqram çərçivəsində verdiyi suallara asanlıqla cavab verirdim. Onun köhnə “Moskviç”ində geri qayıdanda üzündə bir razılıq hissiylə məndən soruşdu:

– Mən imtahanda olanda neyləyirdin məktəbdə?

Müəllimlərin məni “imtahana” çəkdiyini danışdım. Dodaqlarının ucunda gülümsəyərək özünün müəllimlərdən məni “yoxlamaqlarını” xahiş etdiyini etiraf etdi və arxasınca olduqca səmimi və hissiyyatla bu sözləri dedi:– Çox sağ ol, bala, başımızı uca etdin!Mən yenə də sonralar başa düşdüm ki, İskəndər müəllim bu “sınaqla” iki məqsəd güdürmüş: a) müəllillərimizin bizim bilik səviyyəmizə verdikləri “əla” qiymətlərin şişirtmə olmadığına əmin olmaq, bununla məktəbdə tədrisin keyfiyyətini müəyyənləşdirmək; b) rayonda ən qabaqcıl məktəblərdən sayılan Nərimanlı müəllimlərinə tədrisdə bizim heç də onlardan geri qalmadığımızı əyani göstərərək qürur və fəxarət hissi keçirmək idi. Bilmirəm, sonralar necə, amma biz oxuyan dövrdə məktəbdə pozulmaz bir ənənə vardı. Hər rübün sonunda müəllimlərlə birgə şagirdlərin ümumu rübün yekunlarına həsr olunan yığıncağı keçirilərdi. Bu yığıncaqda İskəndər müəllim rüb ərzində məktəbdə görülən işlərə, olan yeniliklərə nəzər salıb qiymət verər, ayrı-ayrı müəllimlərin, şagirdlərin əməyini qeyd edərdi. Mütləq M.İ.Kalinindən tədris və elmlə bağlı istinadlar gətirər, çatışmazlıqları tənqid etməkdən heç vaxt çəkinməzdi. Bundan sonra sinif rəhbərləri olan müəllimlər tərəfindən bütün şagirdlərin hər fənndən aldıqları qiymətlər diqqətlə oxunardı. O günə qədər heç kəs, təxmini güman etsə də, rüb qiymətini bilməzdi. Buna görə bütün şagirdlər sakitcə, həyəcan içində bu prosesə qulaq asardı. Bəzən şagirdlər yekunların müzakirəsi vaxtı ayrı-ayrı fənlərdən qiymətlərinin qərəzli aşağı olduğunu israr edər, fənn müəllimi isə onun ədalətli, obyektiv olduğunu sübut etməyə çalışardı. Yeri gəlmişkən, həyatım boyu – şagird, tələbə olduğum, sonralar isə ali məktəblərdə dərs dediyim dövrlərdə bir dəfə də olsun kiminsə ona verilən qiymətin şişirtmə olduğunu etiraf edib şikayətlənməsinə rast gəlmədim. Bir dəfə gülməli bir səhnə baş verdi. 8-ci sinfin birinci rübündə mənim qiymətlərim oxunanda bütün qiymətləri “əla”, idmandan isə “yaxşı” oxudular. Bağışlayın, təvazökarlıqdan kənar olsa da, 1-ci sinifdən 8-ci sinifə qədər bütün fənlərdən “əla” qiymət almağıma “öyrəşmiş” İskəndər müəllim də daxil olmaqla bütün müəllimlər bir-birinin, sonra isə idman müəlliminin üzünə baxdılar. Sifəti qızarmış idman müəllimi yalnız “ yox, qiymət orda səhv düşüb, qiymət “ əla ”dır, deyib hamının gözü qabağında “ dördü ” “ beş ” elədi. Lakin etiraf etməliyəm, idman dərsindən mən də, başqa şagirdlər də məktəbdə zəruri idman avadanlıqlarının olmadığı bir halda idmandan necə “əla” qiymətə layiq ola bilərdik? Amma idman müəllimimizin tələbinə “əla cavab verən şagirdlərin” ümumi fonunda mən onlardan heç də geri qalmırdım. Haqq üçün deməliyəm, Xanlarda texnikumda bədən tərbiyəsi üzrə təhsil almış idman müəlliminin məktəbimizə gəlişindən sonra idman dərslərimiz xeyli canlanmış, sistem şəklini almışdı. Ənənəyə çevrilmış bu tədbir, pedaqoji nöqteyi nəzərdən olduqca tərbiyəvi məna, əhəmiyyət daşıyırdı. Müəllimlər bu və ya digər şagirdə verdiyi qimətin obyektivliyinə görə bütün kollektiv qarşısında məsuliyyəti hiss edir, şagirdlər isə “ əla ” və “ yaxşı ” qiymətlərindən ruhlanaraq, “ kafi ” və “ qeyri kafi ” qiymət alanlar isə lazımi nəticə çıxararaq daha səylə oxumağa çalışardılar. Bu günün diliylə desək, bu tədbir tədrisin və onu mənimsəməyin keyfiyyətinin yüksəltmək motivi rolunu oynayırdı. Tələbə ikən hər dəfə mən Bakıdan və ya Moskvadan kəndə gələrkən onunla səmimi görüşlərimiz olardı. O məni məktəbə dəvət edər, yeni müəllimlərə və şagirdlərə təqdim edərdi. Bir dəfə, növbəti gəlişimin birində o məndən artıq orta məktəbin yeni binasında bir neçə sinifdə riyaziyyatdan sınaq dərsi keçməyi xahiş etdi. Həmin andaca mən bundan imtina etdim. Onun təkidləri qarşısında aciz qalıb razılıq verməyə məcbur oldum. 2-3 sinifdə keçdiyim dərslərdən çıxanda o mənim şagirdlər və onların bilik səviyyələri haqda fikrimi soruşdu. Mən siniflərin ümumi səviyyəsinin yüksək olduğunu və xüsusilə iki şagirdin, Sərdar Kərimovun və Araz Əliyevin fərqləndiklərini və diqqətimi cəlb etdiklərini söylədim. Əvvəllər olduğu kimi yenə də İskəndər müəllimin çöhrəsi allandı, sifətində təbəssüm, qürur hissi özünə yer aldı! Bakıda 190 saylı məktəbdə oxuyarkən də mənim uğurlarımla maraqlanardı. Hər tədris ilinin sonunda məktəbin direktoru Sona xanım Tağıyevanın başqa əlaçılar kimi mənim də valideynlərimin ünvanına gözəl tərtib olunmuş minnətdarlıq tərifnaməsini göndərərdi. Bunu bilən İskəndər müəllim həmişə onları anamdan alıb oxuyar, qürur duyardı. Mənim məktəbi medalla bitirmək xəbərini eşidəndə isə sevincinin həddi-hüdudu yox imiş. Mən o vaxt orta məktəbi medalla bitirən ilk Kəsəmənli idim. Anam söyləyir ki, həmişəki kimi yenə də deyibmiş:

– Allah canını sağ eləsin, başımızı ucaldır! İsgəndər müəllim özlüyündə çox diqqətlə məktəbin həyatda özlərinə layiqli mövqe tutmuş bütün məzunlarının hesabını aparar, onların uğurlarıyla öyünərdi! Boyük Vətən Müharibəsində, dinc həyatda göstərdiyi şücaət və əmək rəşadətlərinə görə İskəndər Hacıyev Sovetlər ölkəsinin bir çox orden və medalları ilə təltif edilmişdi!Kəsəmən məktəbində işləmiş bütün direktorlar haqda insanlarımızın söylədikləri müsbət rəyləri nəzərə alaraq, məsuliyyət və əminliklə deyə bilərəm:

İskəndər müəllim doğma məktəbimizin ən bacarıqlı, görkəmli direktoru olub. O gördüyü işlərlə, təhsil sahəsinə qoyduğu fədakar əməyilə kəndimiz tarixində özünə şərəfli yer tutur! Allah ona rəhmət eləsin! Ruhu şad, o dünyası nurlu olsun!

Ələddin Allahverdiyev - Professor, Moskva.


Etiket:
Xəbərlər

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024

60 YAŞIN MÜBARƏK!

15.01.2024

AŞIQ İSLAM YUSİFOV
(1893-1968)

12.01.2024

Milli dövlətçilik tariximizin məğrur lideri

28.12.2023

Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə "Qərbi Azərbaycan yolunda" adlı konfrans keçirilir - FOTOLAR

28.12.2023

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU. BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

27.12.2023

AZƏRBAYCAN AŞIQ POEZIYASININ GÖRKƏMLİ NÜMAYƏNDƏLƏRİNDƏN BİRİ ŞAİR, USTAD AŞIQ NÖVRƏS İMANIN 120 İLLİK YUBİLEY TƏDBİRİ KEÇİRİLİB

26.12.2023

İLAHİ EŞQİN TƏRCÜMANI

24.12.2023

Müzəffər Ali Baş Komandan, Qarabağın Fatehi, sizi doğum günü münasibətilə təbrik edirk!

24.12.2023

Həsən Xəyallının şeirlərində dini məqamlar. “Qıfılbənd”in təhlili

21.12.2023

BÖYÜK MƏZRƏ - GÖYÇƏ MAHALI

10.12.2023

Dekabrın 7-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda Qərbi Azərbaycan əsilli rəssamların əsərlərindən ibarət sərgi açılıb.

07.12.2023

Tanınmış hərbi ekspert Telman Qasımov İrəvana səfər edib.    

05.12.2023

HƏYATDA ÖZÜMÜ XOŞBƏXT ADAM HESAB EDİRƏM Ki, HEYDƏR ƏLİYEVLƏ BİRGƏ İŞLƏDİM

04.12.2023

AMEA müxbir üzvü, Basarkeçər rayon icma sədri, professor Nuru Bayramov İnönü Universitetinin “Fəxri Doktoru” seçilib - FOTOLAR.

03.12.2023

 Bax, biz Göyçə torpağındayıq...

29.11.2023

BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ “Qərbi Azərbaycanda türk müsəlman abidələrinin erməni vandallığına məruz qalması” mövzusunda elmi seminar keçirilib - FOTOLAR

25.11.2023

SƏHRADA YALQIZLIQ

25.11.2023

Azərbaycanda ilk dəfə “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir FOTO

23.11.2023

İcma: Paşinyan hökumətindən azərbaycanlıların Ermənistanda öz dədə-baba yurdlarına qayıdış hüququnu tanımasını gözləyirik

21.11.2023

“Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunan - MÜBARİZ QULUYEV BABACAN KƏND İCMASININ SƏDRİ SEÇİLDİ-FOTOLAR

14.11.2023

Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib

08.11.2023

Qərbi Azərbaycan İcmasının Basarkeçər rayonu Dərə kənd sakinləri və Dərəli kökənli gənclərlə görüşü keçirilib.

07.11.2023

Ulu Öndər Heydər Əliyev xatirələrdə

31.10.2023

"Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi" hesabatının təqdimatı ilə bağlı konfrans keçirilib.

30.10.2023

Oktyabrın 27-də Qərbi Azərbaycan İcmasında (QAİ) “Ulu Öndər Heydər Əliyev xatirələrdə” kitabının təqdimatı keçirilib.

28.10.2023

“Oğul” filminin rejissoru: “Erməni hərbçilərdən biri Natiqin cəsurluğunu etiraf etdi” - MÜSAHİBƏ

26.10.2023

Nərimanlı gəncləri ilə görüş keçirilib - FOTOLAR

24.10.2023

TANINMIŞ ALİM, İSTEDADLI ŞAİR-PUBLİSİST - RAMİZ HƏSƏNLİ ŞİŞQAYA KƏND İCMASININ SƏDRİ SEÇİLDİ

21.10.2023

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qüdrətdən səngərli, qalalı dağlar” adlı konsert proqramı keçirilib.

21.10.2023

Erməni dostunun azərbaycanlı yazıçıya hər il yazdığı mesaj: “Axırda...” – Müsahibə

17.10.2023
Bütün xəbərlər