BƏDİİ SÖZ CƏNGAVƏRİ, AZƏRBAYCAN ŞEİRİNİN TƏKRAROLUNMAZ ESTETİK HADİSƏSİ

16:05 / 12.11.2018
Baxılıb: 3776

Əbədiyaşar qoşma, gəraylı, təcnis və digər sənət inciləri öz qüdrətini, odunu-alovunu, estetik sehrini söz dahisinin könül dünyasından, coşub-daşan ilhamından, bənzərsiz istedadından əxs etmişdir.

Aşıq Ələsgər qüdrətli sənətkar ömrünü sözə həsr edən, sözlər aləmində yaşayıb onunla nəfəs alan ədəbi şəxsiyyət, poeziya nəhəngidir. Bədii söz bu ulu korifeyin həyatı, daimi yol yoldaşı olmuşdur. Onun sözlə həmdəm, şair-filosof qəlbi odu, alovu, işığı sözdən almışdır. Ən önəmlisi odur ki, bu poetik söz cəngavəri sözə borclu qalmamışdır, öz ürəyinin hərarəti ilə onu cilalamış, ona əbədi həyat vermişdir. Əbədiyaşar qoşma, gəraylı, təcnis və digər sənət inciləri öz qüdrətini, odunu-alovunu, estetik sehrini söz dahisinin könül dünyasından, coşub-daşan ilhamından, bənzərsiz istedadından əxz etmişdir. Aşıq Ələsgər dühasının bədii dillə bağlı özünəməxsusluqlarını, onun bənzərsiz poetik yaradıcılığının üslubi simasını müəyyənləşdirmək bir sıra şərtlərlə müşaiyət olunur. Bu ondan irəli gəlir ki, XIX əsrdə və XX yüzilliyin ilk onilliklərini təmsil edən aşıq poeziya dilini ümumi ədəbi kontekstdən təcriddə təsəvvürə gətirmək olduqca çətin problemdir. Çünki Göyçə ədəbi mühitinin, onun fəal yaradıcılıq atmosferinin nişanələri bir çox cəhətdən üst-üstə düşür. Aşıq şeirinin müxtəlif meyillərindən ibarət çox zəngin və mürəkkəb mənzərəsində nəzərə çarpan oxşarlıqlar, ümumi xüsusiyyətlər vardır. Bir sıra hallarda ümumi düşüncə tərzindən, ədəbi ənənələrdən, bədii mətləblərdən, mövzu və məzmundan, yaradıcılıq üslubundan və ovqatından qaynaqlanan oxşarlıqlar belə bir qənaəti şərtləndirir ki, müəyyən bir yaradıcılıq istiqaməti, poetik janr əlamətləri kimi bu tipoloji yaxınlıq təbiidir. Bununla yanaşı parlaq istedad sahibləri bu ədəbi ənənələrdə, yaradıcılıq mənzərəsində yeni üslubi meyl, deyim tərzində nəzərə çarpan müxtəliflik və əlvanlıq əmələ gətirmə iqtidarını nümayiş etdirir. Bu mənada Aşıq Ələsgərin əlvan və çoxyönlü şeir poetikasının özəlliklərini, onun bənzərsiz lirikasının aydın və konkret simasını, dil və üslub sanbalını özündə əks etdirən, estetik siqlətində, sadəliyində və səmimiyyətində özünü biruzə verən dərinliyini dərhal sezməmək mümkün deyil. Aşıq Ələsgərin dil sənətkarlığını geniş kontekstdə, bütün dövrlərin ən parlaq portretləri, görkəmli söz ustadlarının təcrübələri fonunda, zəngin ədəbi ənənələr işığında tədqiq etməklə onun sənət dilinin əlvanlığını, ruhunu, bədii dərinliyini və estetik tutumunu daha müfəssəl təsəvvür etmək olur. Aşıq Ələsgərin dilinin poetik çəkisini hiss etdikcə, onun bədii qüdrətinə əsaslı şəkildə nüfuz etdikcə böyük söz sərrafının fərdi dəsti-xətti onun bütövlükdə aşıq şeiri, qüdrətli meylləri ilə daxili əlaqəsi, qarşılıqlı bağlılığı, dolğunluğu ilə aşkara çıxır. Aşıq şeiri dilinin inkişafındakı sənətkarlıq axtarışlarındakı misilsiz xidmətləri, xüsusi bir keyfiyyət mərhələsi kimi orijinal cəhətləri müəyyənləşir. Aşıq Ələsgərin dili, ənənələrdən gələn bədii meyarlar zənginləşmə, büllurlaşma sanbalı ilə estetik hadisəyə çevrildi ki, bunun da kökü bilavasitə onun şeir təfəkkürünün yeniliyi, poetik dil axtarışlarının təravəti ilə bağlı idi. Aşıq Ələsgərin təmsil etdiyi dövrün şeir dilinin yeni bədii keyfiyyətlər əldə etməsi məhz şeirin mədəni səviyyəsinin yüksəlməsi, lirik düşüncənin təzələnməsi hesabına baş verdi. Aşıq Ələsgər timsalında bədii yaradıcılıqda artan bədii məntiq və məna səviyyəsi, duyğu və düşüncələrin ifadə vasitələri təkrarsız rənglərlə zənginləşmə və püxtələşmə prosesi keçirdi. Poetik təfəkkür orijinallığı şeir dilində əks-səda tapdı. Ana dilindən daha səmərəli faydalananmaq istiqamətində inkişaf Aşıq Ələsgərin yaradıcılığında xüsusi intensivlik qazandı və nəticədə onun əsərləri mükəmməl poetik hadisəyə çevrildi, poetik üslubunun nüfuzu artdı. Aşıq şeirində deyim boyatlığına, şablonlaşmış obrazlı söz və ifadə sisteminə yeni çalarlar, yeni poetik ovqatın məhsulu olan təravətli təsvir vasitələri qabarıqlaşdı. Yaradıcılıq faktları göstərdi ki, Aşıq Ələsgər şeirlərinin kəsb etdiyi yeni keyfiyyətlər ilk növbədə müəllifin qabarıq bədii səviyyəsi ilə fərqlənən əsərlərini meydana çıxartdı, bədii keyfiyyət və sənətkarlıq tələblərinə bütünlükdə cavab verən kamil lirika nümunələri bədii–estetik məziyyətləri ilə populyarlıq və ümumxalq sevgisi qazandı, müəllifinin təkrarsız sənətkar simasını təcəssüm etdirdi. “Ələsgər şeiri xalq şeiridir. Bəzən adama elə gəlir ki, bu şeirləri bir nəfər yox, xalq özü yaradıb. Ona görə ki, bu şeirlər xalq ruhunun, xalq mənəviyyatının hayqırtısıdır. Bu, Ələsgər şeirinin birinci tərəfi. İkinci tərəfi ondan ibarətdir ki, Ələsgər şeiri başdan-başa həyatın özüdür... Azərbaycan təbiəti, Azərbaycan ruhu Ələsgər şeirində dil açıb oxuyur. Vətənimizdən danışan şaqraq nəğmələrdir”.

Və bu nəğmələrin ömrü xalqın ömrü, Azərbaycan dilinin ömrü qədərdir. Dil dahi şairin yaradıcılıq simasının güzgüsü, mənəvi dünyasının cövhəri, müdriklik çeşməsidir. Yaradıcılıq fərdiyyətinin estetik mündəricəsini özündə təcəssüm etdirir, misilsiz poeziya nümunələrinin bədii qüdrətini təsdiq və təcəssüm etdirir. Ənənəvi poetik formalarda yeni fikir və məzmunun yüksək sənət səviyyəsində nümayiş etdirən Aşıq Ələsgərin bədii sözü xalqın mənəvi həyatının, duyğu və düşüncə tərzinin parlaq ifadəsidir. Ona görə də onun dilini təhlil və tədqiqat predmetinə çevirəndə dahi sənətkarın üslubu haqqında bəsit mühakimələr yürütmək bəlkə də günahdır. Bəşəriyyətin qədim və zəngin ədəbi təcrübəsi dönə-dönə təsdiq etmişdir ki, Aşıq Ələsgər səviyyəsində, Aşıq Ələsgər siqlətində olan şairlər bütün zamanların və bütün nəsillərin şeiridir. Çünki fitrətən şair olanlar – söz dahiləri bütün nəsillərlə yenidən doğulur, bütün zamanların zövqünü oxşayır və tərbiyə edir. Məhz buna görə də Aşıq Ələsgərin ədəbi şəxsiyyətinə, misilsiz poeziyasına, zəngin poetikasına yeni baxışların formalaşması, Aşıq Ələsgər sözünün keyfiyyət yeniliklərinin dərin poetik-üslubi qatlarının aşkarlanması və hərtərəfli təqdim edilməsi həmişə estetik zərurət kimi meydana çıxır. Aşıq Ələsgərin sənətkar xoşbəxtliyinin özülündə iki amil dayanır: onun biri Ulu Göyçənin qoynunda, ədəbi mühitində doğulub – yaşamasıdırsa, digəri Anamız Azərbaycanın doğma dilində nümunəvi poeziya yaratmağıdır. Bəlkə ona görədir ki, onun əsərlərində təbiətin şeiriyyəti ilə dilin şeiriyyəti sintez olunaraq sənət möcüzələri meydana gətirib. Aşıq Ələsgər təbiətdən yazanda doğma təbiətin dili ilə danışır, təbiəti şairin Göyçə ləhcəsində danışdırır. Bu yaradıcılıq prosesində doğma ana dilimizin misilsiz bədii hüsnü nümayiş etdirilir. Aşıq Ələsgər poeziyası sanki Azərbaycan dilinin bədii imkanlarını sınağa çəkmək üçün, bu dilin qüdrətini təsdiqləmək üçün yaranmışdır. Onun hər misrası hikmətlə yüklüdür, hər kəlmə zəka işığı ilə şüa saçdığına görə heyrətləndirəndir, hər kəlamı hikmətdir, sentensiyadır. Adi təsvirçilik, ritorika Aşıq Ələsgər sözünə ruhən yaddır. Ovqat çeşidindən asılı olaraq hər bir dil vahidi üslubi çeviklik kəsb edir. Ovqat fərqindən irəli gələrək sözün poetik çalarları mütəhərrikləşir, eyni söz ayrı-ayrı mətn mühitində üslubi cəhətdən fərqlənir. Aşıq Ələsgər sözü təsvir – tərənnüm obyektinin, bədii portretin daxili və xarici cizgilərinin dərininə enir, həyat və sənət həqiqətlərinin nüvəsinə nüfuz edir. Yeni və təravətli deyim ənənəvi ədəbi motivləri bədii kəşf səviyyəsinə qaldırır, sözün yeni nəfəsindən güc alan obrazın bədii vüsəti konkret və həyati detallarla zənginləşdirilir. Aşıq Ələsgərin şeir yaradıcılığı hər şeydən öncə böyük bədii dil hadisəsidir, möcüzəli bir sənət dünyasıdır, sirri tam yozulmamış fərdi üslubun təkrarolunmazlığıdır. “Qədim və zəngin şeir mədəniyyəti olan çoxəsrlik ədəbiyyatımızda” bu böyük aşıq elə bir bədii səviyyəyə yüksəlmişdir ki, bu gün də biz onu Vaqif, Vidadi kimi tədqiq edib öyrənsək, ona ədəbiyyat tariximizdə fəxri yer versək... heç yanılmarıq”. Öz coşqunluğu, üsyankar ruhu, həzinliyi, zərifliyi ilə seçilən, lirizmi ilə oxucularını və dinləyicilərini heyran qoyan Aşıq Ələsgər daha çox dil zənginliyinə, lüğət tərkibindən koloritli istifadəsinə, qrammatik ifadə vasitələrinin çevikliyinə görə sevilib-seçilir, dinləyicinin ürəyinə işıq saçır. Bir cəhəti xüsusi olaraq vurğulamaq yerinə düşər ki, ədəbiyyatşünaslığımızın, ədəbi-tənqidimizin ən görkəmli nümayəndələri, poeziya sənətinin incəliklərinə münasibətdə özünəməxsus mövqeyi olan alimlər, şair və yazıçılar aşıq poeziyasını ümumi poetik prosesin canlı, dinamik inkişaf edən bir qolu kimi səciyyələndirmiş, bu poeziyanın zirvəsi sayılan Aşıq Ələsgər yaradıcılığının tədqiqi ilə ardıcıl və səmərəli şəkildə məşğul olmuşlar. Birmənalı şəkildə belə bir qənaət yekdilliklə qəbul olunmuşdur ki, Aşıq Ələsgər sənətin zaman qarşısındakı funksiyasını geniş dərk etmiş, onun hüdudlarını, struktur imkanlarını yeni kəşflərlə, tapıntılarla zənginləşdirmişdir. Bu uğurlar içərisində dil ənənələrinə mühüm yeniliklər gətirmişdir ki, bu da dilimizin daxili, estetik imkanlarının tükənməzliyinin ifadəsi olmaqla bərabər, böyük sənətkarın dillə davranış qabiliyyətinin təzahürüdür. Osman Sarıvəllinin “Qüdrətli şair, ustad sənətkar” adlı çox dəyərli kitabının ikinci – 2011-ci il nəşrinə şairin oğlu, fəlsəfə elmləri doktoru Babək Qurbanov ön söz kimi yazdığı “Ustad aşıq, poeziyamızın klassik şairi Aşıq Ələsgər”də belə bir qeyd vardır: “Bu şeirlərin dili, məntiqi, ideya – məzmunu əslində xalqımızın bədii təsəvvür tərzinin qaynaqlarından qidalandığına görə son dərəcə oxunaqlı, yadda qalan və təsirlidir. Əksər halda bu şeirlərin hafizələrdə qalması, şifahi şəkildə ağızdan-ağıza ötürülərək günümüzə qədər gəlib çatmasının səbəbini anlamaq mümkün olmur”. Bizə elə gəlir ki, Aşıq Ələsgərin coşqun təbindən doğan şeirlərin sürətlə hafizələrə köçməsi, yaddaşlardan silinməsinin səbəbini anlamaq o qədər də çətin deyil və bunu hörmətli müəllifin özü fikrinin əvvəlində doğru müəyyənləşdirib: “Şeirlərin dili və məntiqi”. Aşıq Ələsgərin dilinin sənət faktı kimi möhtəşəmliyi, bu dilin üslubi çevikliyi, xalq ruhunun, xalq mənəviyyatının misilsiz inikas forması olması onun şeirlərinə əbədiyaşarlıq bəxş etmişdir. Aşıq Ələsgər ana dilini mükəmməl bilməyin, onun poetik ruhunu duymağın, onunla nəfəs alıb yaşamağın bariz nümunəsidir. Böyük klassikin qələm təcrübəsi göstərir ki, dil yaradıcılığı, dillə davranmaq səriştəsi sənətkar və sənət ömrünün ilkin şərtidir. Onun dil-ifadə vasitələrindəki təravət, obraz və təşbehlərindəki milli kolorit, xalq həyatı, ictimai mühitlə bağlılıq, bədii ləyaqət həddinə çatan üslub sadəliyi, bunlarda təcəssüm edən obrazlı təfəkkürün aydınlığı və zənginliyi Aşıq Ələsgər poeziyasını bütün nəsillərin və bütün zamanların misli-bərabəri olmayan mənəvi sərvətinə çevirir. Aşıq Ələsgər poeziyasında Azərbaycan dilinin təravəti, orijinal ifadə vasitələri, həm xalq ünsiyyət dilinin, həm də xalq təfəkkürünün bədii estetik zənginliyi təcəssüm etdirildi. Ana dilinin qüdrəti, əqli – intellektual imkanları, intonasiya zənginlikləri, ahəngdarlığı, musiqisi nümayiş etdirildi. Xalqla onun özünün dili ilə bədii ünsiyyət Aşıq Ələsgər şeirinin ayrılmaz atributu kimi təsdiqini tapdı. Sadə danışıq dilinin xalq mənəviyyatının tərcümanına çevrilə bilməsi faktları əyaniləşdi, potensial bədii enerjisini hərəkətə gətirmək amilində istedadın rolu məsələsi aşkarlandı. Müdrik mükalimələr, dərin fəlsəfi ümumiləşdirmələrin orijinal üslubi çalarlarla, bədii – məntiqi assosiasiyalarla açılır, dahi söz sənətkarının həyata fəlsəfi münasibətləri təbii danışıq dilinin poetik qəliblərində təqdim olunur. Sözə qənaət, yığcamlıq və obrazlılıq Aşıq Ələsgər üslubunun əsas məziyyəti kimi diqqəti xüsusilə cəlb edir. O da diqqətdən yayınmır ki, Azərbaycan dilinin estetik–emosional funksiyası Aşıq Ələsgər yaradıcılığında olduqca qabarıq şəkildə təzahür edir. Bədii dil tariximizdə elə deyim özünəməxsusluqları vardır ki, onu ancaq Aşıq Ələsgərin yaradıcılıq ünvanına yazmaq lazımdır. Bu məziyyət Aşıq Ələsgərin bir ədəbi şəxsiyyət kimi təkrarolunmazlığından, istedad orijinallığından irəli gəlir. Onun dilindəki bənzərsizlik məhz istedadının orijinallığı ilə bağlıdır. V.Hüqonun romantik bir pafosla dediklərini bütövlükdə Aşıq Ələsgərə də şamil etmək mümkündür: “Görkəmli sənətkarın müzəffər yürüşündən dil bəzən ehtirasa gəlir”. “Aşıq Ələsgərin şeir dili, özünəməxsus üslubu bir sıra məziyyətləri ilə başqa aşıq və şairlərin dilindən, üslubundan tamamilə fərqlənir. Aşığın, şairin dil zənginliyi onun bədii cəbhəxanasının zənginliyi, imkanının böyüklüyü deməkdir. Başqa bədii vasitələrlə yanaşı sənətkarın dilinin lüğət tərkibi nə qədər hərtərəfli, nə qədər geniş və zəngindirsə, onun yaradıcılıq imkanları da o qədər böyük olur”. Yeri gəlmişkən onu da xüsusi nəzərə çatdırmaq lazımdır ki, Aşıq Ələsgər kimi poetik istedad sahiblərinin dil problemlərinin mütəxəssis təhlilinə çevrilməsi də adi iş deyil. Bunun üçün peşəkar filoloqun xüsusi təcrübə və nəzəri hazırlığının kamil səviyyəsi ilkin şərtdir. Onun mükəmməl forma qəliblərində meydana çıxmış şeirlərinə geniş elmi aspektdə yanaşmaq, oradakı linqvopoetik hadisə və semantik prosesləri obyektiv mövqedən işıqlandırmaq böyük məsuliyyət tələb edir. Aşıq Ələsgərin yaradıcılığında bədii dil sənətkarlığının qabarıq keyfiyyət əlamətləri bütün linqvistik səviyyələrdə özünü büruzə verir. Daxili məntiqi və mənası, davamlı təkamülü, sistemli yetkinlik prosesi Aşıq Ələsgər üslubunun mərkəzində dayanır. İstedadının gücü, dil duyğusu sənət təcrübəsi ilə vəhdətdə Azərbaycan dilinin təbiətindən doğan poetik təntənəni bütün zənginliyi ilə səsləndirir. Zəngin ədəbi zəmində meydana çıxan əsər gözəlliyə, daha doğrusu gözəlliyin dilinə çevrilir. Aşıq Ələsgərin dili sənət hadisəsi səviyyəsində dərk olunur. Səmərəli yaradıcılıq təcrübəsinin, bədii dil tərəqqisinin əsas mənbəyi isə fitri istedadın özəlliyində, sənətkar ruhunun coşqunluğunda, fikirlərinin daxili hərəkətinin intensivliyindədir. Dilin cazibəsi, bu dillə canlandırılan obrazların emosiyası elə qaynayıb – qarışmışdır ki, canlı xalq danışıq ünsürləri öz təbiiliyini bütün çalarları ilə nümayiş etdirir, göz və qulaq oxşayır. Aşıq Ələsgərin bədii dilinin sənət örnəyi olmasının sirri bu amillə təyin olunur. Aşıq Ələsgərin lirik təhkiyəsi fikrin poetik qoyuluşuna münasib olduğu üçün özündə qüvvətli bədii-məntiqi ardıcıllığı saxlaya bilir. Lirik prosesin bənzərsiz zənginliyi dil faktlarının dinamizminə rəvac verir. Üslubu forma elementləri bütün məqamlarda bədiiliyin xeyrinə istifadə olunur. Məzmunu sərrast ifadə naminə hər bir dil vahidinin yaratdığı estetik gözəllik Aşıq Ələsgər istedadının mühüm cizgilərinə müvafiq gəlir. Aşıq Ələsgərin nəhəng sənətkar obrazı, əzəməti poeziyamızın nəhayətsiz kəhkəşanında ona görə sönməzlik qazanıb ki, onun dili xalqın milli təfəkküründən, milli ruhundan güc-qüvvət alır. Xalq düşüncəsinin, mənəviyyatının gur işıqlarından xüsusi parlaqlıq qazanan sənətkarın təkrarolunmaz poetik səsi zamandan-zamana öz təravətini daha da artırır, öz möhtəşəmliyi ilə ucalır. Bu poeziyanın həyat qüvvəsi, həmişəyaşarlığı dilindəki xalq nəfəsi ilə şərtlənir, bu dil sənətkar bənzərsizliyinin poetik təsdiqi kimi birmənalı şəkildə qəbul olunur. Dil həssaslığı Aşıq Ələsgərin poeziyasında mövzu və fikir genişliyi, ifadə formalarının təbiiliyi ilə qəribə bir formada birləşmişdir. Sənət dilinə belə yetkin duyum Aşıq Ələsgər poeziyasına möhtəşəm bir lirik səciyyə və cazibəli məzmun keyfiyyətləri gətirmişdir. Poeziya predmetinə çevirdiyi bütün anlayışlar gözəl dil vasitəsi ilə öz poetik inikasını tapmışdır. Məhz bu xüsusiyyətlərinin yüksəkliyi bir daha əyani şəkildə göstərir ki, Aşıq Ələsgər üslubunun ədəbiyyatımızdakı əhəmiyyəti müstəsnadır. Xüsusi əzəmətlə səslənən şeir dili Aşıq Ələsgər lirikasının estetik özünəməxsusluğunun konkret təzahürlərindəndir. Deyim incəlikləri ilə müşaiyət olunan yaradıcılıq kəşfləri və prinsipləri bu poeziyanı səciyyələndirən başlıca novator keyfiyyətlərdəndir. Müstəsna söz duyumlu dahi sənətkarın şeirlərinin gücü və ecazkarlığının əsasında varlığı obrazlı qavramanın bütöv konsepsiyası dayanır. Bu keyfiyyətli əlamət şeirlərin intonasiya və poetik əhval-ruhiyyə etibarilə çoxcəhətli olmasını təmin edir. Aşıq Ələsgərin misilsiz mənəvi xəzinəsi yalnız müəyyən lirik ovqatın ifadəsi olmayıb, eyni zamanda bəşəriyyəti düşündürən ayrı-ayrı etik, fəlsəfi görüşlərin, insan mənəviyyatının mükəmməl bədii təcəssümüdür. Olduqca zəngin, mürəkkəb və rəngarəng poetik formalarda emosional – estetik dəyər qazanmış, bədii-estetik məziyyətləri ilə heyrət doğurmuş bu poeziyanın dili özünə qədərki klassik ənənədən bəhrələnərək yarandığı dövrün nəfəsinə uyğun söz sənətinə yeni həyat vermişdir. Bədii dilimizin öz tarixi köklərinə bağlılığı, milli zəmində doğma qəliblərində möcüzələr yaratma imkanları nümayiş etdirilmişdir. Ona görə də bu dil bəlağətli nitqin, nitq gözəlliyinin möhtəşəm nümunələri kimi ürəklərə asanlıqla yol tapmışdır. Füsunkarlığı, gözəl dil, üslub və ifadə tərzi, fikir dolğunluğu, təsir dairəsinin genişliyi baxımından Aşıq Ələsgərin poetik yaradıcılığı xüsusilə seçilir, bəlağət və söz sənətinin dil incəlikləri öz bədii-estetik və emosional təsir nöqteyi-nəzərdən kamillik nümunəsi hesab edilir.

MƏHƏRRƏM HÜSEYNOV "AŞIQ ƏLƏSGƏRİN SÖZ ÜMMANI" kitabı


Etiket: ələsgər
Xəbərlər

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024

60 YAŞIN MÜBARƏK!

15.01.2024

AŞIQ İSLAM YUSİFOV
(1893-1968)

12.01.2024

Milli dövlətçilik tariximizin məğrur lideri

28.12.2023

Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə "Qərbi Azərbaycan yolunda" adlı konfrans keçirilir - FOTOLAR

28.12.2023

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU. BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

27.12.2023

AZƏRBAYCAN AŞIQ POEZIYASININ GÖRKƏMLİ NÜMAYƏNDƏLƏRİNDƏN BİRİ ŞAİR, USTAD AŞIQ NÖVRƏS İMANIN 120 İLLİK YUBİLEY TƏDBİRİ KEÇİRİLİB

26.12.2023

İLAHİ EŞQİN TƏRCÜMANI

24.12.2023

Müzəffər Ali Baş Komandan, Qarabağın Fatehi, sizi doğum günü münasibətilə təbrik edirk!

24.12.2023

Həsən Xəyallının şeirlərində dini məqamlar. “Qıfılbənd”in təhlili

21.12.2023

BÖYÜK MƏZRƏ - GÖYÇƏ MAHALI

10.12.2023

Dekabrın 7-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda Qərbi Azərbaycan əsilli rəssamların əsərlərindən ibarət sərgi açılıb.

07.12.2023

Tanınmış hərbi ekspert Telman Qasımov İrəvana səfər edib.    

05.12.2023

HƏYATDA ÖZÜMÜ XOŞBƏXT ADAM HESAB EDİRƏM Ki, HEYDƏR ƏLİYEVLƏ BİRGƏ İŞLƏDİM

04.12.2023

AMEA müxbir üzvü, Basarkeçər rayon icma sədri, professor Nuru Bayramov İnönü Universitetinin “Fəxri Doktoru” seçilib - FOTOLAR.

03.12.2023

 Bax, biz Göyçə torpağındayıq...

29.11.2023

BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ “Qərbi Azərbaycanda türk müsəlman abidələrinin erməni vandallığına məruz qalması” mövzusunda elmi seminar keçirilib - FOTOLAR

25.11.2023

SƏHRADA YALQIZLIQ

25.11.2023

Azərbaycanda ilk dəfə “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir FOTO

23.11.2023

İcma: Paşinyan hökumətindən azərbaycanlıların Ermənistanda öz dədə-baba yurdlarına qayıdış hüququnu tanımasını gözləyirik

21.11.2023

“Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunan - MÜBARİZ QULUYEV BABACAN KƏND İCMASININ SƏDRİ SEÇİLDİ-FOTOLAR

14.11.2023

Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib

08.11.2023

Qərbi Azərbaycan İcmasının Basarkeçər rayonu Dərə kənd sakinləri və Dərəli kökənli gənclərlə görüşü keçirilib.

07.11.2023

Ulu Öndər Heydər Əliyev xatirələrdə

31.10.2023

"Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi" hesabatının təqdimatı ilə bağlı konfrans keçirilib.

30.10.2023

Oktyabrın 27-də Qərbi Azərbaycan İcmasında (QAİ) “Ulu Öndər Heydər Əliyev xatirələrdə” kitabının təqdimatı keçirilib.

28.10.2023

“Oğul” filminin rejissoru: “Erməni hərbçilərdən biri Natiqin cəsurluğunu etiraf etdi” - MÜSAHİBƏ

26.10.2023

Nərimanlı gəncləri ilə görüş keçirilib - FOTOLAR

24.10.2023

TANINMIŞ ALİM, İSTEDADLI ŞAİR-PUBLİSİST - RAMİZ HƏSƏNLİ ŞİŞQAYA KƏND İCMASININ SƏDRİ SEÇİLDİ

21.10.2023

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qüdrətdən səngərli, qalalı dağlar” adlı konsert proqramı keçirilib.

21.10.2023

Erməni dostunun azərbaycanlı yazıçıya hər il yazdığı mesaj: “Axırda...” – Müsahibə

17.10.2023

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Qərbi Azərbaycan İcmasının TƏBRİKİ

17.10.2023

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb və çıxış edib.

15.10.2023

"News.ru" informasiya agentliyi “Səbir və uzaqgörənlik: İlham Əliyev ölkənin ərazi bütövlüyünün bərpası missiyasını necə yerinə yetirdi” adlı məqalə dərc edib.

15.10.2023
Bütün xəbərlər