Qarabağ müharibəsinin dəhşətlərini şahidlər Vüsalə Məmmədovaya danışır
Yəqin ki, bu, bütün uşaqların arzusudur, - uşaqlıqda böyüməyi hər şeydən çox istəyirdim. Ona görə yox ki, böyüyüb xəyallarımın arxasınca gedə bilim…
Doğrusu, elə bir xüsusi istəyim-arzum yox idi. Sadəcə böyümək, yaşadığım yerdən, gündən qaçıb uzaqlaşmaq, qulağımda indinin özündə belə əks-səda verən silah səslərini unutmaq istəyirdim…
Yaxşı yadımdadır, “böyüyüb kim olmaq istəyirsən” sualına belə cavabım yox idi… Bəlkə elə ona görədir ki, bir neçə dəfə ixtisas dəyişmişəm…
Mənə elə gəlirdi ki… yaşa dolub, mənhus keçmişimdən qaça biləcəyəm…
Uşaqlıqda heç kim öz qocalığını təsəvvür etmir, hamı həmişə gənc və gözəl qalacağını düşünür…
Mən isə ancaq yaşlılığın xiffətini çəkirdim… Çünki məni yaşadığım iztirablardan yalnız bir-birini sürətlə əvəz edən illər xilas edə bilərdi…
Bilmirdim ki, insan böyüdükcə taleyinə daha çox yaxınlaşır, sakitcə onun ağuşuna qısılır…
26 il öncə haqqında düşünməkdən belə qorxduğum nə vardısa, zaman keçdikcə məni rahat buraxmır…
“Əsir düşərgəsi” layihəsi də onun kimi… Axı bu da bir taledir…
Lent.az-da “Əsir düşərgəsi” layihəsinə 2014-cü ildə tərəddüdlə başlamışdıq… Bütün saytların manşetini şou-biznes ulduzlarının bəzədiyi bir dövrdə iyirmi ildən çoxdur ki, kimsənin xatırlamadığı insanları yada salmaq risk idi, oxunmayacaqdı!
Oxucusunu hamıdan yaxşı tanıyan Qabil Abbasoğlunun bir kəlməsi ilə başladım bu layihəyə: “Oxunmasın, amma biz yazaq! Nə zamansa mütləq oxuyacaqlar!”
Həqiqətən də oxucu Qabil müəllimi yanıltmadı. Qısa zamanda digər saytlar da “İP xofu” yaşamadan Qarabağdan yazmağa başladılar…
Lent.az TEAS Press Nəşriyyat Evi ilə birlikdə “Əsir düşərgəsi” layihəsini kitaba çevirdi. Yaxın tarixin heç yerdə yazılmayan səhifələrinin bir hissəsini iki kitaba yerləşdirib, qürurla rəfə qoyduq. Missiyamız bitdimi?
Qulağımdakı bomba səsləri susmadığı kimi, bu qutsal missiya da bitmədi…
Layihəni anamın xahişi ilə dayandırmışdım, səhhətimdən narahat idi, “ağır yükün altına girmisən”, deyirdi… Elə onun xeyir-duası ilə də yenidən başlayıram. O hesab edir ki, doğulduğum torpağın tarixini (insanı ilə birlikdə) yazmaq mənim alın yazımdır.
Haqlıdır!
İki ildir ki, mənə müraciət edən girovluq həyatı yaşamış insanlar, telefonumda ard-arda yazılan nömrələr, filmlərə mövzu ola biləcək hadisələr artıq beynimdə öz-özünə hekayəyə çevrilir və mənə dinclik vermir, hüzurumu pozur… Hüzuru əldə etməyin yeganə yolu qalırdı – onları yazıya köçürmək.
Çünki müharibə xatirələrini qorumaq üçün kitabdan savayı heç bir sığınacaq mövcud deyil… “Əsir düşərgəsi” mənim və mənimlə eyni taleyi bölüşənlərin müharibə xatirələrinə qucaq açan ən güvənli sığınacağıdır…
Qısası, Lent.az oxucusuna güvənərək çətin bir yola çıxırıq - iki ildən sonra yenidən “Əsir düşərgəsi”nə başlayırıq...
Elə bu yerdə F-11 düyməsinə klikləyin.
“Əsir düşərgəsi”nin budəfəki qəhrəmanı 242 saylı orta məktəbin rus dili müəlliməsi Fazilə Hacıyevadır…
***
Əvvəli: http://goyce.az/news.php?id=899
II hissə
Ermənilər hər qarışına bələd olduqları kənddə döyüşərkən harasa sığınmaq asan deyildi. Ona görə də evi tərk etmədən döyüşmək qərarına gəldilər. Qızğın döyüş başladı.
Fazilə xanım 27 il sonra o döyüşü bugünkü kimi xatırlayır:
- Üç yüzə yaxın silahlıya qarşı var qüvvəmizlə müqavimət göstərirdik. Mən birinci mərtəbədə idim, həyat yoldaşım isə Kazım Məmmədovla ikinci mərtəbədən döyüşürdülər. Mən o qədər atəş səsinin içində bütün ruhumla, varlığımla ikinci mərtəbəni dinləyir, orada nələr baş verdiyini özüm üçün aydınlaşdırmağa çalışırdım. Qəfil hiss etdim ki, atışma dayandı…
- Silahlar susdu?
- Yox, döyüş davam edirdi. Evin pəncərələrinin bütün şüşələri sınıb tökülmüşdü. Bizim yanımızdakı milislər bacardıqları qədər müdafiə olunurdular, ermənilər isə durmadan evi atəşə tuturdular. Amma orada… yuxarıda… yoldaşımgil olan hissədə atəşin susduğunu hiss edib, sarsıldım… Qulağım orada idi, hiss etdim ki, əlbəyaxa oldular… Bir neçə dəqiqə sonra əlbəyaxa döyüş də dayandı… və… sakitlik çökdü…
- Siz olduğunuz yerə güllələr yağırdı və sakitlik…
- Bəli… Baxmayaraq ki, dörd tərəfimdən güllələr keçirdi, ancaq o sükutu bütün varlığımla hiss edirdim… Çünki artıq orada… yuxarda… onun silahı susmuşdu… Həmin vaxtı başa düşdüm ki, hər şey bitdi…
- Hərəkət etmək, yuxarı qalxmaq imkanınız var idi?
- Yox… Ermənilər evin həndəvərində sıra ilə düzülüb, dayanmadan atırdılar… Birdən fit səsinə oxşar səs gəldi, içəriyə qara nəsə atdılar… Ətraf bir anlıq qaraldı və özümü çox yüngül hiss etdim… Sonralar başa düşdüm ki, bu, qaz qumbarası imiş… Adamı keyləşdirir…
- Yanınızda kim var idi?
- Müşkünazla ikimiz bir yerdə idik. Yanımızda onun həyat yoldaşı Yolçu, milislərdən Şükürlə Elçin və Bəhram dayı…
Bəhram dayının 60 yaşı olardı. Bir neçə ay öncə hamı kimi o da ailəsi ilə birlikdə bu kəndə köçmüş, bir müddət sonra həyatın onlara hazırladığı sürprizləri görüb, kəndi tərk etmişdi. Amma bu hələ son deyildi, elə bu axşam evində unutduğu sənədlərin arxasınca kəndə qayıtmışdı. Lələ köçüb yurdu qalan kənddə cəmi iki evdən işıq gəlirdi… Yaxınlaşanda xəbər tutmuşdu ki, milis də, könüllü də, sakin də - kənddə kim varsa, bu iki evdə məskunlaşıb, əl-ələ verib, yaşayır. Kənd suyu sovulmuş dəyirmana oxşayırdı, Bəhram dayı burada qala bilməzdi, onun təsəvvürlərindən kəndin küçələrini insan bəzəyir, həyətlərdən uşaq səsi ucalırdı. Kimsəsiz də kənd olar?
Ağsaqqal sənədlərini tapıb, geri qayıdacaqdı. Amma yola çıxmaq üçün səhəri gözləməliydi. Bir gecə bu kimsəsiz kənddə gecələməli və öyrənməliydi ki, torpaq insanın sayından asılı olmayaraq doğmadır! Kənd kimsəsiz olsa da vətəndir!
Axşamüstü kənddə üçüncü evdən işıq gəldiyini görən Akif Bəhram dayını özləri olan evə dəvət etdi. Çox abırlı adam olan Bəhram əvvəl utandısa da, Akif etiraz etdi:
- Biz burada bir ailənin üzvüyük! Bir yerdə yaşayır, bir süfrənin başında əyləşirik. Bu axşam süfrəmizin başında əyləşməsəniz, kimsə əlini çörəyə uzatmayacaq!
***
- Bəhram dayının silahı var idi?
- Yox, ancaq artıq bizimkilərin də gülləsi tükənmişdi… Məndən qabaqda Şükür dayanmışdı…
- Şükür nə qədər ki, onlar evə girməyiblər, biz buradan çıxmalıyıq…
- Tələsmə, Fazilə! Gözlə, qoy mən əvvəlcə bayırdakı vəziyyəti aydınlaşdırım…
***
- Bunu demişdi ki, Şükürə güllə dəydi, yıxıldı… Onu arxadan qucaqladım ki, “Şükür, Şükür, qadan alım, nə oldu?” Şükürdən cavab gəlməmiş, Elçin yıxıldı… Səslədim, o da hay vermədi… Həmin dəqiqə nə ilə atdılarsa, taxta qapı yanmağa başladı. Bir anın içində pəncərə də, tavan da alışdı! Qaldım alovun içində… Yuxarıdan da heç bir səs gəlmir…
- Şükürlə Elçinə güllə dəydi… Bəs Yolçu ilə həyat yoldaşı?
- Onlar çıxdılar…
- Yanan qapıdan çıxmaq olurdu?
- Onlar çıxanda hə. Arxalarınca qapının çərçivəsi yanıb yerə töküldü və yolu bağladı. Bəhram dayı ilə ikimiz qaldıq… Gördüm ki, artıq boğuluram…
***
- Bəhram dayı, mən yanıb ölmək istəmirəm… Mən boğula bilmirəm… Gəl, çıxaq burdan…
- Sən get, qızım, mən düşmən əlinə düşməkdənsə boğulmaq, yanıb kül olmaq istəyirəm…
- Onsuz da buradan çıxan kimi bizi güllələyəcəklər! Yanıb ölməyək…!
- Sən çox yaxşı adamsan, qızım! Allah səni körpələrinə bağışlasın, get…
- Bəhram dayı! Bu alovun çölündə məni azadlıq yox, ölüm gözləyir… Gəl, çıxaq çöldə ölək…
- Taleyimdəm hara qaçacağam ki? Məni bu kəndə qismətim gətirib, qızım! Çıxıb getmişdim, bir günlük təsadüf geri qaytardı… Məhz burada, bu kənddə ölmək üçün… Mən taleyimə etiraz etməyəcəyəm! Elə içəridə qalıb, yanıb, ölmək istəyirəm. Amma sən çıx, bala. Yolun açıq olsun…
***
- Olduğumuz otaq kiçik idi, hər tərəfdən də alov qarsırdı… Daha düşünməyə, gözləməyə vaxt yox idi. Gördüm, Bəhram dayı da gələsi deyil… Düşündüm ki, çıxan kimi qaçmağa başlayım, yəqin ki, arxadan vuracaqlar… Sonuncu dəfə yuxarıya, Akifgilin döyüşdüyü otağa qulaq kəsilib, o sakitliyi dinləyib, özümü yanan qapıya doğru atdım… və… üstüm alışdı…
- Əyninizdə nə var idi?
- Mülkü geyimdə idim, üstdən də hərbi görəkçə geyinmişdim. Yəni yerimək, yüyürmək asan idi… Boz ətəyim var idi, ayağımda isə üstü iplə möhkəm bağlanan “salamandra” ayaqqabılarım… Elə birinci o yanmağa başladı…
- Və siz yanan ayaqqabılarla planladığınız kimi qaçmağa başladınız…
- Heç beş metr uzaqlaşa bilmədim… Alovun içindən çıxanda üstümə nəsə atdılar ki, yanmayım, diri tutsunlar… Üzümdən möhkəm şillə vurdular… yıxıldım… və elə yerdəcə üstümə tökülüb təpikləməyə başladılar… Çəkim o qədər də yüngül deyildi, lakin onların təpiyinin qabağında futbol topu kimi o yan-bu yana atılırdım… Beləcə, mənimlə sanki futbol oynadılar… Sonra gödəkçəmdən tutub, maşının yanına apardılar… Maşına çatanda gördüm ki, Yolçu xırıldayır… qulaqlarını kəsmişdilər… Ermənilər dedi ki, Müşkünazla mən Yolçunu qaldırıb maşına qoyaq… Bizim ona gücümüz çatmazdı axı…
- Hansı dildə danışırdılar?
- Bizimlə Azərbaycan, öz aralarında isə erməni dilində. Mən paytaxtda, nənəmin yanında böyümüşdüm deyə erməni dilini təmiz bilirdim. Gördüm biri o birinə deyir ki, neynirik onu aparıb? Vur, ölsün, qadınları götür, bəsimizdir! Bunlar öz aralarında danışanda mən ətrafa göz gəzdirdim, gördüm ki, sağ tərəfə bir az qaçsam, oradan dərəyə yuvarlana biləcəyəm. Yəni oradan özümü atsam, mütləq mənə nə isə olacaq. Ancaq çatmadım… Elə 3-4 metr qaçmışdım ki, arxadan təpiklə vurub, yıxdılar… Yenidən maşının yanına qaytardılar…
- Nə maşını idi?
- Hərbi maşın idi – “QAZ 66” yük avtomobili. İçində də ratsiya ilə ermənicə deyirdilər ki, tez olun, çıxın ordan, aşağıdan gələn var. Bunlar soruşdular ki, gələnlər kimdi? Cavab verdilər ki, bizimkilər də ola bilər, amma böyük ehtimalla türklərdir! Meyitlər lazım deyil, siz qadınları götürüb, təcili kəndi tərk edin, ola bilsin “OMON”çular gəlir…! Bizi tələm-tələsik maşına atdılar.
- Müşkünazla sizdən başqa maşında kim var idi?
- Maşının üstündə 5-6 erməni var idi, hamısı da saqqallı. Mən hamısını ləhcəsindən tanıyırdım, Qarabağ erməniləri deyildilər, Ermənistandan gələn ermənilər idi. Maşındakı ermənilərdən ikisi yaralı idi, biri ölmüşdü, o birisi isə can verirdi… Üzü yarıya qədər açıq idi, saqqalı, əti yanmışdı… Üzü bir az yaşıla, bir az sarıya çalır, gözləri yumulu idi, su istəyirdi … Yanında olan kişilər isə ağlayırdı… Ağlayanların arasından birini tanıdım, adı Karo idi…
***
Bir müddət əvvəl Karo bu kəndə rus komendantın müşayiəti ilə gəlmişdi:
- Kəndi tərk edərkən sənədləri evdə qalıb, onları götürməyə gəlib, mane olmayın!
- Sən axı sənədlərini qoyub gedən adama oxşamırsan… - Fazilə təəccübünü gizlətməyərək, rus dilində Karodan soruşmuşdu.
- Niyə elə deyirsən, biz də evimizdən qəflətən çıxdıq…
- Sən bura başqa şey üçün gəlmisən…
- Gəl, dalaşmayaq…
- Dalaşmağa siz başlamısınız…
- Biz neyləmişdik? Kəndimizdə oturmuşduq və siz türklər bizi buradan qovdunuz…
- Siz heç bilirsiniz mən haradan gəlmişəm? Mənim kimi iki yüz min azərbaycanlını Ermənistandan çıxartmısınız… Ata-baba yurdumuzdan didərgin salmısınız! Əvvəlcə siz bizi qovmusunuz…
- Heç olmasa biz ikimiz indi burada dil tapa bilərik ki, dalaşmayaq?
Kənddə dolaşan itin Karoya yaxınlaşması onların dialoqunu yarımçıq kəsmişdi. İt qabaq ayaqlarını qaldırıb Karonun sinəsinə qoyaraq, dili ilə onun üzünü yalamağa başlamışdı…
***
- Ən sevdiyim heyvan at ilə itdir, lakin o iti heç vaxt sevmirdim. O da bunu hiss etmişdi, hətta bir neçə dəfə üstümə də atılmışdı. Sanki duyurdu ki, mən onu düşmən gözündə görürəm. Bir neçə dəfə də Yolçuya demişdim ki, gəl, bu iti öldürək. Düşmən itidir… İt isə çox sadiq heyvandır… Ondan bizə hər təhlükə gələ bilər… Həmin günü məlum oldu ki, Karonun itidir, özü gedəndə itini aparmayıb…
- İtin sahibinin gəlişini duymasına Karonun reaksiyası necə oldu?
- O səhnəni görmək lazım idi… İt üzünü yaladıqca Karonun gözləri dolurdu… Başını tumarlayıb, qulağına nə isə deyirdi… Bəlkə də deyirmiş ki, “gözlə, gələcəyəm… Tezliklə yanına qayıdacağam…”
- Həmin gün iti özü ilə aparmadı?
- Həmin günü yox, amma sonra bilmirəm. Bir neçə maşın idi, biz olan maşında meyit var idi, iti orda aparmazdılar…
- Bəs sizi girov götürəndə Karo sizinlə necə davrandı? Axı artıq tanış idiniz…
- Mən onu maşının yanında görəndə dedim ki, “bəs deyirdin gəl, dalaşmayaq! Axı davanı siz edirsiniz…” O erməni döyüşçülərdən qorxurdu, acıqlandı ki, “Mənimlə danışma, görən olar!”
- Belə çıxır ki, Yerevan erməniləri Qarabağ ermənilərindən məhz ərazini tanıdıqları üçün istifadə edirmişlər…
- Bəli, mən gördüm ki, Karo onlardan çox çəkinirdi!
- Yaralanmışdı?
- Yox, sağ-salamat idi. Maşından görünməyim deyə çiynimdən aşağı basmışdılar, avtomobil yola düşəndə boylandım görüm bizimkilər gəlir…? Avtomatın qundağı ilə boynumun arxasından vurdular, düşdüm meyitin üstünə. Sonra da xeyli təpiklədilər ki, sən bizim meyiti murdarladın… Sonra da çəkmələri ilə barmaqlarımı əzdilər… Qəribədir ki, o qədər döyülməyin qarşısında ağrı hiss eləmirdim… Maşın üzü yuxarı qalxanda gördüm ki, bizim postdan əsər-əlamət yoxdur… Deməli, hamını… hamını öldürmüşdülər… Sağ qalan yalnız biz idik, bizi də əsir aparırdılar… Kişiləri qətlə yetirib, qadınları saxlamışdılar…
(Davamı olacaq)
III hissədə:
- Yun kolqotkası yanıb, baldırına yapışmış, açıq topuqlarında palçıq, qan və ət bir-birinə qarışmışdı… və ən dəhşətlisi o idi ki, heç nə hiss etmirdi! Ümumiyyətlə, bədənini hiss etmirdi…
- İndi darısqal, taxta tualetin ortasındakı kiçik dəlikdən nəcislə dolu quyuya atılıb boğulmaq qadının yeganə xilas yolu idi…
Vüsalə Məmmədova
Lent.az
Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025Kəlbəcərdə "Novruz" adətləri
19.03.2025Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub
18.03.202517 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.
17.03.2025FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ
14.03.2025Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik
11.03.2025FİTRİ İSTEDAD SAHİBİ
08.03.2025Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub
07.03.2025XOCALIYA ƏDALƏT!
26.02.2025Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.
20.02.2025“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”
16.02.2025Gənc vətənpərvər Pensilvaniya Universitetində
16.02.2025Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!
13.02.2025Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm
12.02.2025Paşinyan unudur ki...
11.02.2025ATALARIN YOLU OĞULLARIN YOLUDUR
10.02.2025...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.
06.02.2025Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib
01.02.2025MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ
01.02.2025GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ
30.01.2025BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV
28.01.2025Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.
27.01.2025Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"
26.01.2025Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.
20.01.2025Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?
19.01.2025Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir
17.01.2025Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır
16.01.2025GÜCLÜ DÖVLƏT
11.01.2025Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır
11.01.2025AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ
11.01.2025
"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ
Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH
08.01.2025Azərbaycan Respublikası Milli Məclisinin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun Bəyanatı
08.01.2025Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin Qərbi azərbaycanlılarla bağlı fikirlərinə dair bəyanat yayıb
08.01.2025Petrosyanın vaxtilə azərbaycanlılarla bağlı səsləndirdiyi ifadələr xalqımıza qarşı deportasiyaların açıq şəkildə bəyan edilməsidir - Ülviyyə Zülfiqar
08.01.2025Bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər - Prezident İlham Əliyev
08.01.2025Prezident İlham Əliyev telekanallara müsahibəsində Qərbi Azərbaycan məsələsindən danışıb
07.01.2025AĞAYARIN ŞƏYİRDLİYİ
05.01.2025Qərbi azərbaycanlılara möhtəşəm bir xəbərim var - MÜSAHİBƏ
26.12.2024Dekabrın 26-da Azərbaycanda matəm elan edilib
25.12.2024Şanlı qələbə və İlham Əliyevin ad günü
24.12.2024Prezident cənab İlham Əliyevə "QAİ - Basarkeçər İcması" adından təbrik məktubu.
24.12.2024Dekabrın 21-də Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib.
21.12.2024Azərbaycan Prezidenti Rusiya telekanalına müsahibəsində Qərbi azərbaycanlılar məsələsindən danışıb
18.12.2024Şamil Ənvəroğlu şeirlərində fəlsəfi notlar
16.12.2024Qərbi Azərbaycan İcmasının kollektivi Ümummilli Liderin məzarını ziyarət edib
12.12.2024Akif Əli: “Qoy sənə deməsinlər - niyə getmirsən? Qoy desinlər - niyə gedirsən?!”
28.11.2024Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024