SƏFƏVİLƏRİN BÖYÜK İDEOLOQU, SUFİ ŞEYXİ MİSKİN ABDAL (SEYİD HÜSEYN MƏHƏMMƏD OĞLU)

14:57 / 05.02.2020
Baxılıb: 1134

Tarixdə «Miskin Abdal» kimi məşhurlaşan, əsl adı Seyid Hüseyn
Məhəmməd oğlu olan bu görkəmli şəxsiyyət təxminən 1430-cu ildə qədim
Oğuz yurdu – Qərbi Azərbaycanın Göyçə mahalının Zərgərli (Sarıyaqub)
kəndində doğulmuş, boya-başa çatmışdır. Uşaq yaşlarından ərəb və
fars dillərinə mükəmməl yiyələnmiş, «Quran»ı, dini və dünyəvi elmləri
mənimsəmiş, cəng qaydalarını öyrənməklə igid döyüşçü kimi yetişmişdir.
Atası Məhəmməd Cəfər oğlu onu uşaq yaşlarından Göyçəli Ozan Heydərin
tələbəsi olmuş Ozan İbrahimin yanına şəyird kimi qoymuş, gənc Hüseyn
ustadından qopuz çalmağı və ozan sənətinin sirrlərini öyrənmiş, gənc
yaşlarından Göyçə və ətraf bölgələrdə böyük ad-san qazanmışdır.
Hüseynin ulu babası, XIII əsrdə yaşamış Yaqub ilə Şah İsmayılın ulu
babası Səfiəddin arasında sarsılmaz dostluq, silahdaşlıq olmuş, Yaqub və
onun nəsil davamçıları Səfiəddin tərəfindən əsası qoyulmuş sufi cərəyanı
olan «Səfəviyyə» təriqətinin Göyçə və ətraf bölgələrdə yayılması ilə məşğul
olmuş, bu cərəyanın tanınmış nümayəndələri olmuşlar. Bu məqsədlə
Göyçədə Hüseynin babaları tərəfindən fəlsəfi məktəb sayılan sufi (dərviş)
camiəsi – icması olan «Təkyə» yaradılmış, burada çoxsaylı sufi müridləri,
tələbələri yetişmiş və ətraf bölgələrə missioner olaraq göndərilmişlər.
Miskin Abdal bir neçə şeirində «Seyid», həmçinin «Ocaqzadə» (yəni,
İmam Əlinin oğlu Hüseynin nəslindən) olduğunu vurğulayır: «Seyid Miskin
Abdal mənəm, söz mənim, meydan mənim», yaxud «Ocaqzadə bir təb
əhli nökərəm» və sair.

O, həmçinin şeirlərində «Qırxlar Piri özü verib dərsimi ümman mənim», yaxud «Qırxlar Piri özü düzüb ayağıma atəşi» deyə, məhz sufi mürşidlərinin ocağı, təsəvvüf iyerarxiyasının ali Divanı – 40 müqəddəs Abdalın olduğu «Qırxlarpiri»ndən (Qırx Abdal Pirindən) dərs aldığını göstərir. Şah İsmayıl Xətai də şeirlərində «Qırxlar meydanına vardım, Gəl bəri, ey can – dedilər; Salam verdim izzət ilə, Gir, iştə meydan, – dedilər!» – deyə, «Qırxlar piri»ndən dərs aldığını bildirir.
Gənc Hüseyn – Miskin Abdal, məhz bu fəlsəfi mühitdə böyümüş,
yetkinləşmiş Sufizmin sirrlərinə dərindən yiyələnmiş, Sufizmin şəriət,
təriqət, mərifət mərhələlərini keçərək, ən yüksək mərhələsi olan – Həqiqət
mərhələsinə çatmış və bu mərhələnin ən ali məqamları sayılan «Miskin»
və «Abdal» ordenləri ilə təltif olunmuş, bu iki möhtəşəm adın hər ikisini eyni
vaxtda öz adında bütövləşdirmişdi.
«Miskin» anlayışı sufizmdə bütün dünyəvi nemətlərdən imtina edərək,
təsəvvüfün «vəhdəti-vücud» nəzəriyyəsinə əsasən, özünü Allah qarşısında «kiçildərək», öz «mən»ini Allahın varlığı qarşısında heçə endirərək, yox edərək, «fənafillah» mərhələsinə yetişməyi, «Allahda ərimə, yox olma»
dərəcəsini fəth etməyi, ən yüksək təvazö sahibinə çevrilməni ehtiva edirdi,
yəni Allah qarşısında «miskinləşməni» nəzərdə tuturdu.

Məhəmməd Peyğəmbər mötəbər hədislərinin birində «Allahım, məni
miskin olaraq yaşat, miskin olaraq öldür və miskinlər zümrəsi ilə birgə
dirilt» deyə bildirmişdir. Məlumdur ki, böyük sufi mütəfəkkirləri və şairləri də
eyni yolçuluğu keçərək bu adlarla mükafatlanmış, çoxsaylı şeirlərində bu
adlardan təxəllüs qismində istifadə etmişlər. Sufizmin nəhəngləri sayılan
Xoca Əhməd Yasəvi özünü «Miskin Əhməd», Yunis Əmrə «Miskin Yunis»,
Şah İsmayıl Xətai «Miskin Xətai» adlandıraraq, bu adlardan onlarca
şeirlərində təxəllüs kimi istifadə etmişlər. Həmçinin, Məhəmməd Füzuli
özünü «Miskin Füzuli», İmadəddin Nəsimi isə özünü Allahın «Miskin aşiqi»
(«Gərçi, bu miskin aşiqi sərpa soyarlar, ağrımaz!») adlandırmış, Mövlanə
Cəmaləddin Rumi bu kateqoriyanı Allaha ibadət səviyyəsinin və Ona
qovuşmağın ən yüksək məqamı kimi vəsf etmişdir.
«Abdal» anlayışı isə özünü tamamilə Allaha ibadətə həsr edən, Ona
təmənnasız qul kimi xidmət edən, Allah tərəfindən hikmət, fəzilət və kəramət
(möcüzələr göstərmək qabiliyyəti və sair) verilmiş, sufizmdə «Xızır» (əbədi
diri qalmaq) məqamına yetişmiş, seçilmiş nadir şəxslərə, ən böyük sufi
mürşidlərinə, övliyalara, müqəddəslərə verilmiş ad, başqa sözlə, Orden idi
və bu ada layiq görülən sufi Pir, Şeyx məqamına yetişirdi.
Məhəmməd Peyğəmbərin mötəbər hədislərinin birində deyilir: «Suriya
əhalisini lənətləməyin, onların arasında Abdallar vardır! Abdallar Cənnətə
çox ibadət etməklə (oruc və namazla) deyil, Allahın rəhməti, nəfslərinin
comərdliyi, səxavəti, qəlb təmizliyi, bütün insanlara rəhmət diləmələri
səbəbindən girəcəklər!».
İsveçrə şərqşünası Adam Mets 1922-ci ildə nəşr olunmuş «İslam
intibahı» əsərində yazır: «IV-X əsrlərin tarixçilərinə və salnaməçilərinə
müqəddəslərin xüsusi qrupu kimi yalnız Abdallar məlum olmuşdur!». Çox
maraqlıdır ki, ən qədim Türk ilahi inanc sisteminin nüfuzlu «ruhaniləri»
olan kişi Şamanlar da «Avdal, Abdal» adlanırlar. Həmçinin Şimali
Qafqaz, Dağıstan, Altay, Orta Asiya, Qazaxıstan və Sibir xalqlarında
İslama qədərki «tanrılar pateonu»nda (çoxallahlılıq dövründə) Abdal
«ov tanrısı», «ov heyvanlarının himayədarı», «mübarək, müqəddəs
şəxs», mistik, metafizik qüvvəyə, möcüzələr göstərmək qabiliyyətinə
(ölü heyvanların sümüklərindən onları diriltməyə, yağış yağdırmağa,
xəstələri sağaltmağa, bəlaları aradan qaldırmağa və sair) malik «ilahi
varlıq» kimi tanınmışdır, indi də bu mistik dünyagörüş həmin xalqların
mifologiyasında yaşamaqdadır. IV-V əsrlərdə mövcud olmuş böyük «Ağ
Hun» dövləti də tarixi mənbələrdə «Abdal dövləti» adlanmışdır. Ən qədim
Türk tayfalarından biri kimi Abdallar bu gün də Avrasiyanın, demək olar
ki, bütün bölgələrində kompakt halda yaşamaqda davam edirlər. Həmin
ölkələrin hamısında, hətta uzaq Norveçdə belə Abdal adı ilə çoxsaylı yer,
dağ, yurd yerləri, yaşayış məntəqələri vardır. Abdallar sufi-təsəvvüf ədəbiyyatında ilahi, mistik, metafizik qüvvəyə malik «Ricalül-Qeyb» («Qeyb Ərənləri») adlanmaqla xüsusi iyerarxiya təşkil edirlər. Şah İsmayıl Xətai çoxsaylı şeirlərində məslək yolunu «Sufiyəm təriqətdə, Həqiqətdə Abdalam», yaxud «Mənəm Abdal Xətai Heydər oğlu» deyə vəsf etmişdir. Xoca Əhməd Yasəvi, Yunis Əmrə, İmadəddin Nəsimi və digər sufi mütəfəkkir şairləri də əsərlərində «Abdal» anlayışının yüksək sufi mahiyyətini layiqincə vəsf etmişlər. Mövlanə Cəmaləddin Rumi «Abdallığın binasını sorarsan, Allah bir Məhəmməd, Əli Abdaldır; Həqiqət elminin əslin sorarsan, Cümlə ululardan ulu Abdaldır» deyə, Abdallığın Sufizmin ən yüksək Həqiqət mərhələsinin və Həqiqət elminin əsası və zirvəsi olduğunu bəyan etmişdir. İmadəddin Nəsimi şeirlərində «Biz ki Rum içində Abdal olmuşuz; Bu cahandan fariqül-bal olmuşuz», yaxud «Kim ki bildi nəfsini – Abdal imiş!» deyə bildirmişdir. Yunis Əmrə «Abdal olub, «ya hu» deyə, çağırayım Mövlam səni» deyirdi. Tarixdə Abdal təxəllüsü daşıyan Pir Sultan Abdal, Abdal Musa, Qayğusuz Abdal, Təslim Abdal və sair kimi sufi şairləri də olmuşdur. Aşıq Ələsgər də «Ələsgərəm, Abdal ollam, Eşqin girdabında qallam» deyə, Allaha olan eşqini sufiyanə tərzdə çox yüksək tərənnüm etmişdir.
Məşhur Avropalı səyyah Adam Oleari Abdalların «yalnız Səfəvilər
ölkəsindən və Əli nəslindən olduqlarını, Abdal adının onlara sufizmin bütün
mərhələlərini layiqincə keçdikdən sonra titul kimi verildiyini»bildirmişdir.
Miskin Abdal bəzi şeirlərində bu təxəllüslərdən başqa uzun illər doğma
Göyçəsindən ayrı düşməsinin təsirindən «Cüda Miskin», «Qərib Hüseyn»,
«Qərib Miskin», «Miskin Qul» kimi təxəllüsələrdən də istifadə etmişdir.
Miskin Abdal bütün bu məziyyətləri ilə yanaşı, ulu babalarının türk-şaman ənənələrindən irəli gələn şamançılığın təzahürü olan ozan sənətinə
mükəmməl yiyələndikdən sonra, bu sənəti Göyçədə təlim aldığı sufi
təriqətinin ideallarına uyğunlaşdırmağa çalışdı. O, tarixdə ilk dəfə olaraq
ozan sənətinin sufi-təsəvvüf idealları ilə ideal sintezini həyata keçirərək,
Ozanı – Haqq Aşiqinə (Haqq aşığına), yəni Allah Aşiqinə, Allaha qovuşmaq
yolunda musiqi vasitəsi olan Qopuzu isə Saza çevirdi və Qopuzu diz
üstündən sinə üstünə qaldırdı. Maraqlıdır ki, sazın və ya qopuzun çalındığı
bütün ölkələrdə (türk və digər xalqlarda) bu alət yalnız Azərbaycanda sinə
üstündə çalınır, heç bir xalqda olmadığı halda, həmin dövrdə döyüşlərdə
at belində çalınırdı, qoşuna sakral enerji bəxş edir, ona qələbə ruhu, əzmi
bağışlayırdı (XVII əsrdə Azərbaycanın xalq qəhrəmanı kimi şöhrətlənmiş
Koroğluda da belə olmuşdur, Koroğlunun məhz Azərbaycan xalqına
mənsubluğunun ən mötəbər dəlillərindən biri də elə bu faktordur) və bu
epoxa Miskin Abdalın adı ilə bağlıdır. Sonradan aşiq sözü «aşıq» kimi, Haqq
aşiqi isə «Haqq aşığı» sözlərinə transformasiya etdi ki, bu da sufizmin ozan
sənəti ilə vəhdəti sayəsində yaranmış, bunun sayəsində ozan sənətinin
intibahı gerçəkləşmişdir.
Tarixi mənbələrdən məlumdur ki, Cənubi Azərbaycanda böyük
sərkərdə, xalq qəhrəmanı Babək kimi, Şah İsmayıl Xətai də Lahicanda musiqi aləti kimi tənbur çalırdı. Məhz Miskin Abdalın Göyçədə ozan sənətinin
əsasında yaratdığı yeni «Haqq aşiqləri məktəbi»nin məhsulu olan «Saz»
aləti ilə Şah İsmayılın sarayına gəlişindən sonra İsmayıl tənburdan imtina
edərək, saz çalmağa başladı və saza o qədər bağlanmışdı ki, şeirlərinin
birində «Bir saz olub gəldim dilə», digər şeirində isə belə deyirdi:


«Bir gün ələ almaz oldum mən sazım
Ərşə dirək-dirək çıxdı avazım.
Dörd şey vardır bir qarındaşa lazım,
Bir elm, bir kəlam, bir nəfəs, bir saz»

Miskin Abdal saz aləti ilə yanaşı, bu alətdə ifa edilməli olan yeni sufi musiqi bəstələri – indiki adı ilə çoxsaylı aşıq havacatları da yaratmışdır.
Saz qopuzdan fərqli olaraq artıq dizdə deyil, sinədə üzü Allaha sarı və
lazım gələrsə, döyüşdə at belində çalınmalı olduğundan bu dəyişikliklər
zəruri idi. Şah İsmayılın sarayında şah və əyanlarının dövlət məclisinin
açılışında, indiki dövrdə dövlət himnləri kimi, Miskin Abdalın yaratdığı «Baş
divani» saz havası çalınırdı. Həmçinin, Miskin Abdal Osmanlı sultanı ilə
diplomatik görüşündə onun şərəfinə «Osmanlı divanisi» saz havasını da
yaratmışdı. Bununla bağlı maraqlı tarixi rəvayətlər də vardır. Tədqiqatçılar
həmin havacatlardan başqa, Miskin Abdal tərəfindən digər çoxsaylı saz
havacatlarının, o cümlədən «Şah qalxdı», «Şahsevəni», «Dərvişi», «Göyçə
gözəlləməsi», «Göyçə gülü» və sair havaların yaradıldığını da müəyyən
etmişlər.
Əksər Haqq Aşiqləri kimi Miskin Abdala da yuxusunda Təbriz şəhərindən
olan Sənubər adlı qıza buta verilmiş, Təbrizə gedib, butasına qovuşmuş,
onunla evlənmişdir. Bir müddət sonra bədbəxt hadisə nəticəsində Sənubər
vəfat etmiş, bundan sonra o uzun müddət evlənməmiş, yalnız 50 yaşından sonra İrəvandan tacir qızı Həlimə ilə evlənmiş, bu nigahdan onların 4
övladı – Şadman, Əli və Həsən adlı oğulları, Məleykə adlı qızı olmuşdur.
Tarixi mənbələrə görə, gənc İsmayıl və ailəsi dayıları tərəfindən təqib
edilərkən Gilanda onun təlim-tərbiyəsi ilə məşğul olan «Təriqət Qərargahı»na Miskin Abdal, Hüseyn Lələ bəy, Xəlifət əl-Xülafa, Dədə və Xədim
daxil idilər (V.F.Minorski «Təzkirat əl-mülük»). Onların hər biri İsmayılın sufizmi, dini, dünyəvi elmləri mənimsəməsi, düzgün tərbiyə alması, böyük
sərkərdə kimi yetişməsi ilə məşğul idilər. Həmçinin, gənc İsmayılın Gilandan əvvəl Göyçə gölündə yerləşən Ağdamar qalasında Miskin Abdal və
atası Məhəmməd tərəfindən təqiblərdən gizlədilməsi və irşad edilməsinə
dair qaynaqlar mövcuddur.
1500-cü ildə gənc İsmayıl Bütöv və Böyük Azərbaycan uğrunda
müqəddəs yolçuluğa, mübarizəyə başlayarkən mürşidi (lələsi, ustadı)
Miskin Abdalın məsləhəti ilə Göyçədə yaşayan «Ərəş» və «Zülqədər» tayfaları da İsmayılın dəstəsinə qoşularaq, o Təbrizdə taxta çıxanadək mübarizənin ön cərgələrində olmuşlar. Azərbaycanın şimalından zəfərlə qayıdan
İsmayıl Miskin Abdalı da özü ilə birgə Təbrizə aparmış, orada şahlıq şərbətini, sufilərin qədim adətlərində olduğu kimi, məhz sufi Şeyxi, Piri olan «Abdal»dan – Miskin Abdalın əlindən alıb içərək taxta əyləşmişdir.
Miskin Abdal bir müddət sarayda müxtəlif yüksək dövlət vəzifələrində
çalışmış, Təbrizdə Şah İsmayılın gündəlik ziyarət etdiyi, talib, yəni tələbə
kimi getdiyi və dərs aldığı Sufi təkyəsinə – Ocağına bir Sufi Şeyxi kimi
rəhbərliyi həyata keçirmişdir. Şah İsmayılın 50-dən çox şeirinin yer aldığı, yalnız nihan, yəni gizli dərvişlər arasında oxunan «Divan»ındakı sırf
təsəvvüf şeirlərində Şah İsmayıl Miskin Abdalı özünün mürşidi, «Pir»i kimi
vəsf edir. Miskin Abdal bir müddət sarayda şairlər birliyinə başçılıq etmiş,
daha sonra diplomatik missiya ilə əlaqədar qonşu ölkələrə ardıcıl səfərlər
etmişdir. Xüsusilə, Osmanlı dövləti ilə Səfəvilər arasında olan gərginliyin
aradan qaldırılması məqsədilə bir neçə dəfə Osmanlı sultanı Sultan Səlimlə görüşmüş, onu mənasız və qanlı döyüşlərdən, qardaş qırğınından çəkinməyə çağırmışdır: «Sərgərdan qalmışam Urum elində; Paşam, mürvət
eylə, belə kar olmaz!». Osmanlı sultanına müraciətlə yazdığı şeirində
Miskin Abdal deyirdi:

«Türk Əcəmə, Əcəm Türkə zülm eyləsə, günahdı,
Hər ikisi bir kökdəndi, yaradan da Allahdı»

Mənbələrdə Miskin Abdalın Səfəvilərin apardığı müharibələrdə bir
sərkərdə kimi də qoşunun qarşısında «Haçadil» adlanan atının belində saz
çalaraq getdiyinə dair məlumatlar mövcuddur.
Miskin Abdal eposşünaslığımıza, dastan yaradıcılığına da dəyərli
töhfələr bəxş etmişdir. Belə ki, o, Şeyx Heydər övladlarının acı taleyinə
həsr edilmiş «Aslan şah və İbrahim» dastanının, habelə «Yetim Hüseyn»
dastanlarının da müəllifidir. Həmçinin, Miskin Abdalın sağlığında və ya
ölümündən sonra sufi aşiqləri tərəfindən onun həyatı ilə bağlı «Miskin Abdal və Sənubər» və «Miskin Abdal və Şah İsmayıl» dastanları yaradılmışdır.
Miskin Abdalın şeir yaradıcılığı da zəngin və çoxçalarlıdır. Onun sufi-təsəvvüf məzmununda – qoşma, gəraylı, divani, təcnis, deyişmə, bayatı,
mərsiyə janrlarında onlarla şeirləri orta əsr Azərbaycan ədəbiyyatının nadir
incilərindəndir. Onun «Dağlar» şeiri Azərbaycan ədəbiyyatında bu mövzuda yazılan şeirlərin zirvəsində dayanır. Lakin bu şeirlər onun zəngin ədəbi yaradıcılığının yalnız cüzi hissəsidir. Onun şeirlər külliyyatının ayrı-ayrı
dövlətlərin arxivlərində araşdırmalar aparılmaqla axtarılıb tapılması istiqamətində elmi araşdırımalar davam etdirilməli və zəngin ədəbi irsi üzə çıxarılmalıdır.
Miskin Abdal öz dövründə, demək olar ki, bütün İslam arealında, hətta
üç ənənəvi səmavi dinin müqəddəs məkanı olan tarixi Fələstin ərazilərində,
Qüdsdə – müsəlmanların 2-ci müqəddəs məscidi sayılan «əl-Əqsa» məscidində böyük sufi mürşidi, övliya, pirani ustad kimi tanınmış, şöhrət qazanmışdır. Şeirlərinin birində bu barədə deyir:

«Günbəz əl-Cizrədə, Məscid-Əqsada,
Onlar da tanıyır dür usta məni».

Təsadüfi deyildir ki, 1515-ci ildə Şah İsmayıl Xətai Miskin Abdal ilə
bağlı fərman imzalayaraq, onun Allah tərəfindən verilmiş böyük hikmət, fəzilət, kəramət (möcüzələr göstərmək qabiliyyəti və sair) sahibi olması,
böyük sufi mürşidi, övliya olduğunu Səfəvilər dövləti adından təsdiq edir.
Fərmanda deyilirdi: «Ey mömin insanlar, Miskin Abdal mötəbər şəxsdir,
ona inanın, nə mətləbiniz varsa, ondan diləyin!». Həmin fərmanla Zərgərli
kəndi Miskin Abdala hədiyyə edilir, ətraf 5 kəndin vergisinin də ona çatacağı bildirilir. Həmin fərmanın əsli və Miskin Abdala məxsus digər dəyərli
sənəd və əşyalar indi də «Miskin Abdal ocağı»nda qorunub saxlanılır və
ziyarət edilir.
Məlum olduğu kimi, Miskin Abdal bir müddət indiki Dağıstanın Axtı rayonunun Miskincə kəndində məskən salmış və orada «Səfəviyyə» təriqətinin
yayılması, sufi müridlərinin hazırlanması və Səfəvilərin şimal sərhədlərindən
gözlənilən təhlükələrin qarşısının alınması ilə məşğul olmuşdur. 1503-cü
ildə Miskin Abdal valideynlərinin ölüm xəbərini eşidərək Şahın icazəsi ilə
Dağıstanın Miskinci kəndindən Zərgərli kəndinə, yəni Sarıyaquba geri qaydarkən yolda Dağıstan dağlarında borana düşərək iki oğlu – Əli və Həsəni
donvurmadan itirir, böyük oğlu Şadman və qızı Məleykə sağ qalır ki, onun
nəslini də bu iki övladı davam etdirir.
Miskin Abdalın yurd saldığı, ocaq çatdığı, məskunlaşdığı hər bir yer,
yurd-yuva Azərbaycan xalqı tərəfindən «ocaq», Pir kimi qorunmuş, ziyarət
edilmiş, insanların ümid, pənah yeri, Allaha dilək etdiyi müqəddəs məkan
olmuşdur.1988-ci ilin məlum hadisələrinə qədər Qərbi Azərbaycanda – Miskin Abdalın vətəni Sarıyaqub kəndində onun əşya və səndlərinin qorunub saxlanıldığı yer «Miskin Abdal Ocağı» kimi ziyarət edilmişdir. Hətta
XVII əsrin sonunda Səfəvilər şahı Sultan Hüseyn də Zərgərli, yəni Sarıyaqub
kəndinə gələrək, Miskin Abdalın məzarını ziyarət etmiş, onun adına xütbə
oxutdurmuşdur. Bu barədə rəsmi sənədlər hazırda da Goranboy rayonunun
Qaradağlı kəndində onun qız nəslinin nümayəndələri tərəfindən qorunub
saxlanılır və ziyarət edilir. Qərbi Azərbaycanın Dərəçiçək mahalında Axta
(Razdan) rayonunun Miskin (Axundov) kəndi Miskin Abdalın adını daşımış,
Qarakilsə (Quqark) rayonunun Hollavar, Mollaqışlaq, Haydarlı kəndlərində
Miskin Abdalla bağlı 8 ziyarətgah mövcud olmuşdur. Azərbaycan ərazisində
Gədəbəy rayonunun «Miskinli çuxuru» adlanan yerdə yerləşən 11 kəndin
ərazisi Miskin Abdalı şərəfinə «Miskinli obası», bir kənd də Miskinli adlanır.
Oğuz rayonunun Xaçmaz (keçmiş Abdallı) kəndində Miskin Abdalın 20
tərəfdarının qəbri olduğu bildirilir. Dağıstanın Miskincə kəndi də bütöv Dağı-standa şiə məzhəbində olan yeganə kompakt yaşayış məntəqəsi kimi Miskin Abdalın əziz xatirəsini bu gün də öz adında yaşadır. Həmin qəsəbədə 19 müqəddəs ziyarətgah mövcuddur.
Miskin Abdal öz dövründə «Abdal» ilə yanaşı «Pir», «Ata», Şeyx» kimi sufi titullarını da daşımışdır.
1524-cü ilə qədər Təbrizdə sarayda müxtəlif yüksək dövlət vəzifələrində çalışmış Miskin Abdal Şah İsmayılın vaxtsız vəfatı ilə əlaqədar
bərk sarsılır və saraydan birdəfəlik üz döndərib, doğma Göyçəsinə qayıdır.
O Şah İsmayılın vəfatı ilə bağlı şeirində deyir:

«Şeyx oğlu İsmayıl, o cənnət-məkan,
Düşməz ələ bir yadigardı, getdi».

Miskin Abdal Göyçədə ilk məktəb açıb, maarifçilik işləri ilə məşğul olur.
1535-ci ildə 105 yaşında vəfat edir və kənddə dəfn olunur. Onun şəcərəsini
yeganə oğlu Şadmanın və qızı Məleykənin nəslinin nümayəndələri davam
etdirir.
Miskin Abdalın barəsində hələ sovet senzurasının tüğyan etdiyi
keçmiş SSRİ dövründə mətbuatda – qəzet, jurnal və kitablarda məqalələr verilmiş, yaradıcılığı, şeirləri nəşr olunmuş, haqqında olan rəvayətlər dərc
edilmişdir. Səfəvilər tarixinə həsr olunmuş ilk tarixi roman olun «Bakı 1501»
adlı əsərində (1981) xalq yazıçısı Əzizə xanım Cəfərzadə ilk dəfə Miskin
Abdal obrazını tarixi-bədii ədəbiyyatımıza gətirmiş, onu Səfəvilərin böyük
şairi və aşıq obrazında təqdim etmişdir. Həmin əsərdə o sarayda ədəbi
gecənin birinin sırf Məhəmməd Füzuli və Miskin Abdalın yaradıcılığına həsr
olunduğunu göstərməklə orada Miskin Abdal ilə Şah İsmayılın son dərəcə
ibrətamiz və maraqlı mükaliməsini vermiş, Şah İsmayılın Miskin Abdalın
adına fərman imzalaması faktını təsvir etmişdir.
Miskin Abdal ilə bağlı köklü və əsaslı tədqiqat işləri müstəqillik illərində
Milli Elmlər Akademiyasının Folklor Elmi-Mədəni Mərkəzində, sonradan isə
Folklor İnstitutunda həmin Mərkəzin və İnstitutun direktoru olmuş filologiya elmləri doktoru, professor Hüseyn İsmayılov və Miskin Abdal nəslinin
tanınmış nümayəndəsi, jurnalist, şair-publisist, tədqiqatçı folklorşünas
Tofiq Hüseynzadə tərəfindən aparılmış, mətbuatda, radio və televiziyada
dəfələrlə bu mövzu işıqlandırılmışdır. Həmin araşdırmaların nəticəsi olaraq
2001-ci ildə ilk dəfə Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun
Elmi Şurasının qərarı ilə «Miskin Abdal» kitabı işıq üzü görmüş, əməkdar
rəssam Cabbar Quliyev tərəfindən onun əzəmətli portreti çəkilmişdir. 2005-ci ildə Tofiq Hüseynzadənin sağlığında «Səfəvilərin böyük övliyası Miskin
Abdal» kitabı nəşr olunmuşdür. Miskin Abdalın daşıdığı sufi anlayışlarının
əsaslı elmi izahına həsr edilmiş elmi-tədqiqat əsəri olan «Miskin Abdal – Qeyb Ərəni, Təsəvvüf Piri» əsəri isə Tofiq Hüseynzadə tərəfindən 2005-2006-cı illərdə yazılsa da, onun 2006-cı ilin noyabr ayında vaxtsız vəfatı ilə
əlaqədar yalnız 2018-ci ildə kitab şəklində nəşr olunmuşdur.

2018-ci ildə həmçinin Azərbaycan Yazıçılar Birliyinin üzvü Niftalı Göyçəlinin «Miskin Abdal və Səfəvilər», Milli Elmlər Akademiyasının Folklor İnstitutunun Elmi Şurasının qərarı ilə «Səfəvilərin böyük ideoloqu, sufi şeyxi – Miskin Abdal»
(professor Mahmud Allahmanlı) kitabları nəşr olunmuşdur.


Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin
«Aşıq sənəti» kafedrası

Goyce.az


Etiket:
Xəbərlər

1918-ci il mart soyqırımı

31.03.2020

31 Mart - Azərbaycanlıların Soyqırımı Günü
 

31.03.2020

MƏCNUN GÖYÇƏLİ BAYATILARI  

30.03.2020

Naxçıvan xanlığına məxsus üçüncü bayraq aşkar edilib

30.03.2020

Qırx günə bəşəri təhlükəyə qalib gəlinəcək, lakin...

28.03.2020

Unudulmuş Türk Yurdu

27.03.2020

Ermənilər 3 dövlətə ərazi iddiası edir

26.03.2020

Azərbaycanın güllələnmiş daxili işlər naziri - Bir qətlin tarixçəsi

25.03.2020

22 iyun 1941-ci il... Müharibə başlayanda Stalin rəhbərlikdən imtina edibmi? Müəmmalar və həqiqətlər

23.03.2020

Kirayədə yaşamaq- özgənin evində  gecələməkdir...

22.03.2020

Türkiyəni xəritədən silinməyə qoymayan dahi azərbaycanlı – Nərimanov haqqında bilmədiklərimiz  

21.03.2020

Novruz bayramının tarixi

21.03.2020

Osmanlılardan qadın paltarında gizlənən, heç vaxt evi olmayan, oğlu ilə bir məzarda basdırılan azərbaycanlı dahi  

19.03.2020

Milli-mənəvi dəyərə çevrilən qəhrəmanlıq salnaməsi

18.03.2020

Bəzz qalasında namaz qılıb Quran oxuyan xürrəmilərin rəhbəri Babək

17.03.2020

1918-1920-ci illərdə erməni millətçilərinin Naxçıvan, Zəngəzur və Qarabağda qanlı cinayətləri

16.03.2020

HAYLARIN ÖN QAFQAZDA RUS İMPERİYA TARİXİ – 2-Cİ YAZI

15.03.2020

Feminizim qaranlıq üzü – Nəzakət Məmmədovanın yazısı

14.03.2020

Deputatdan qaçqınlarla bağlı Milli Məclisə şok təklif  - YENİ DEPUTATLARI TANIYAQ

13.03.2020

13 MART HƏSƏN ƏBLÜÇÜN VƏFAT ETDİYİ GÜNDÜR

13.03.2020

HAYLARIN ÖN QAFQAZDA RUS İMPERİYA TARİXİ – 1-Cİ YAZI

12.03.2020

12 MART CABİR NOVRUZUN DOĞULDUĞU GÜNDÜR

12.03.2020

İstiqlal fədaisi Mirzə Bala Məmmədzadə “haylar” (ermənilər) haqqında

12.03.2020

Ermənilərin erməniləri güldürən xəritəsi – Foto

11.03.2020

Pakistan ordusunun Qarabağa gəlmək istəyinin SƏBƏBİ: Onların Zeynalabdin Tağıyevə nə borcu var idi? – FOTOLAR

11.03.2020

Nuru Paşanın Bakı və İstanbul türklərini evləndirmə təşəbbüsü - Bakıdan İstanbula göndərilən gizli məktub

10.03.2020

QƏLƏBƏ VƏ MƏĞLUBİYYƏT NİSBİ ANLAYIŞLARDIR.

09.03.2020

215 illik tarixi bina - AĞ EV (FOTOLAR)

09.03.2020

8 Martın yaranmasının maraqlı - TARİXİ

08.03.2020

1992-ci ilin oktyabrında Laçına bayraq sancmağa kim imkan vermədi? - “7 oğul istərəm”

06.03.2020

Azərbaycanın istehsal etdiyi "İstiqlal" snayper tüfəngi 

05.03.2020

Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi

04.03.2020

Azərbaycanın işğal olunmuş ərazilərindəki Alban məbədləri

03.03.2020

Tarixi həqiqətlər və erməni uydurmaları

02.03.2020

İsa Məsihə bənzəyən uşağın qaçırılması - Dünya ədəbiyyatından hekayə

01.03.2020

3800 illik yaşı olan `Düşünən adam` heykəli tapılıb - FOTO

01.03.2020

Tarixin gedişatını dəyişən Malazgird döyüşü — TURAN TAKTİKASI

28.02.2020

Əyyaş əmisinə çəkən rəhbər oğlu – DTK Yuri Brejnevi İsveçdə təşkil olunan eyş-işrət məclisindən xilas edib

27.02.2020

XOCALI SOYQIRIMI DÜNYANIN GÖZÜ ILƏ

26.02.2020

Şahidlərin xatirələri: Xocalı soyqırımı – zamanın sağalda bilmədiyi yara – FOTO-VİDEO

26.02.2020

Xocalı rayonu

25.02.2020

Türk dünyasının 2500 illik sirli əlifbası

24.02.2020

Qadınlara olan hisslərinin qurbanı olan əfsanəvi sovet kəşfiyyatçısı RİXARD ZORGE

22.02.2020

Qarabağın qədim türk tayfası olan dondarlar

22.02.2020

Dünyanın ən qəddar insanlarının dahi sitatları

21.02.2020

Aşıq Alının kitabı təqdim olunacaq

21.02.2020

Qorbaçovun tarixi müraciəti: Qarabağ Azərbaycanındır! – Video

20.02.2020

Qədim türklərdə dövlət məclisləri

20.02.2020

Uyğurlar haqda nə bilirik? - Araşdırma

19.02.2020

Bolşeviklərin 39 yaşında güllələdiyi cəsur general HƏBİB BƏY SƏLİMOV

18.02.2020
Bütün xəbərlər