Aqil İman unudulmazlığı - Sərraf Şiruyə

17:41 / 29.08.2019
Baxılıb: 6106

İllər ömrümüzdən səhra qumları kimi sovrulduqca, xatirələr keçən günlərə yol almış qoca yolçu kimi – gah dumana düşür, gah da çiskinə. Adam keçən günlərin xiffətini çəkə-çəkə qarşıdakı yol bir az da uzanır. Sonda xatirələrin işıq gələn tərəfinə yeriyib toxtaqlıq tapırsan.

İllərdi ürəyimin başında əzizlədiyim xatirələrim var ki, onlar mənim ilə üz-üzə könül sirdaşı, ömür-gün yoldaşıdır. Yetmiş ildir o xatirələrlə qol-boyun olub, dağlı, aranlı ömür eləyirəm. Yaşımın bu çağında o xatirələr səf çəkib qoşun kimi üstümə gələndə, görürəm – lələ köçüb, yurd ağlayır... Sağa-sola səpələnən ömrümün çoxu gedib, azı qalıb. Dağlar qoynunda doğulduğum yurd yeri – Göyçə mahalı əsirlikdə göyüm-göyüm göynəyir. Ruhu başımın üstündə pərvanə kimi dövr eləyən atam Həsən Xəyallının məzarı məchul bir nisgilə çevrilib. Hər sözümə “can” – deyən dostlarımın, doğmalarımın əksəriyyəti candan olub, əbədiyyətə qovuşublar. İndi özümə təsəlli vermək üçün baxıram – bir dərd, bir də məni əlli ildi dillərdə söz eləyən bu qara qələm qalıb.  

Dərd haqqında çox yazılıb, yazılacaq da! Dünya dərddən xali deyil, yaranmış binnət olandan var; özü də yekəsindən. Dünyadan dilgir getmiş Aqil İmanım yaxşı deyib:

İman, ömür adlı qurduğun daxma,

Yüz tufan görəcək, min şimşək çaxma,

Üzü dönük olan sevincə baxma,

İztirab insanla ömürlük olur!

Bilmirəm haradan düşdü yadıma İmanın bu müdrik misraları. Xeyli vaxt idi unutmuşdum yaddaşımda utancaq-utancaq boy göstərən bu qənirsiz misraları. Kim bilir, bəlkə də İmanın ruhuydu pıçıldayan gözəgörünməzin lütfi kimi bu poeziya örnəyini…

Harada İmanın şeirini, sözünü eşitsəm ayaq saxlayıb keçən günlərimə boylanıram: Hörük-hörük uzanan yarğanlı dərələr, “qüdrətdən səngərli, qalalı dağlar”, quşqonmaz zirvələr, güllü-çiçəkli laləzarlıq canlanır xəyalımda; qartal qıyı, kəklik qaqqıltısı, bülbül cəhcəhi ötür qulağımda; sürü yaylaqdan enir, elat yaylağa köçür, imran dilli aşıqların hərbə-zorbası başlayır; qara zurnanın şirin nəvası vahiməli zağalarda əks-səda verir; Uzaq-uzaq toy mağarlarından kədərə culğaşıq bir səs – Füzuli-Ələsgər sözünün sehriylə şahə qalxır. Bunları heç də səbəbsiz xatırlamadım. Saydığım təbiət komponentləri və mühitin formalaşdırdığı ədəbi-bədii dəyərlər Aqil İman poeziyasında sözlə reaksiyaya girərək, üzvü şəkildə tərrənnüm olunur. Aşıq gördüyünü çağırar – deyib ərənlərimiz. Tifil İman neyləsin? Göyçə kimi qutsal dəyərlərə malik bir məkanda doğulub, sazla yatıb, sözlə oyanan kəsi başqa cür təsəvvür etmək də mümkün deyil. Gördüyü bütün gözəlliklər qanadlı ilham iksiri içirmişdi bu bənövşə nəfəsli şairə. Ona görə də hər söz, hər misra köksündə nəhr kimi çağlayırdı. Bu çağlayışın özündə də sirli-sehrli bir ofsun vardı:

Dözmək olar dözüləsi beş ilə,

Beş – dedim, qorxuram bağrım deşilə!

Bu sevgini mən udanda “şeş” ilə,

Gəlib sənin “yek” atıbdı həsrətin.

Bu şeir bir el gözəlinin həsrət ağrılarının qırmancından yaranıb. Eyni zamanda bu şeirdə bir şair də doğulub. Burada işlədilən “beş ilə”, “deşilə”, “şeş ilə” qafiyələri o qədər sadə və təbiidir ki, şairin qanadlı ilhamı ipək dilinin elastikliyindən xumarlanır, qafiyənin gətirdiyi fikir gözəlliyi ekstaz yaradır, poetik ecaza çevrilərək dilin cazibəsində cizginir. Hər misra arasında sözlər sanki əl-ələ verib rəqs eləyir. Belə şeirin havasına kim oynamaz ki?

Aqil İmanın şeirlərini hansısa dəftərdən, kitabdan oxuyub əzbərləməmişəm. Yaddaşıma köçənlər onu sevənlərin dilində yağa – bala dönən misralarıdı. Bütün misraları bulaq suyu ilə “qüsullandığından” pak-pakizə şeirləri asanca yaddaşlara köçürüb onu. Bir də ki, mən onun şeirlərini haradan oxuya bilərdim ki? Bir dəfə də olsun qəzet, jurnal redaksiyasının qapısını döyüb – “mən şairəm, şeirimi çap edin” – demədi qəbri nurla dolmuş. Eləcə qəlbinə gələnləri hamıdan gizlicə saxladığı öz könül dəftərinə yazdı…

Özünü “həvəskar” adlandırdığından mətbuatdan qaçaq oldu. Ona görə də bugünkü oxucu auditoriyası və media üçün bir qədər pünhan qaldı Aqil İman imzası. Bütün bunlara rəğmən özündən xəbərsiz İman elimizin, obamızın dildə əzbər şairlərindəniydi.

İman sözün – ədəbiyyatın içində doğulsa da, şeirlərini həmişə ədəbi prosesin “çölündə” yazırdı. Bu məchul çöllükdə nə geniş oxucu kütləsi, nə də ədəbi tənqid var idi onunçün. Aqil İman adlı bir saz dəlisi, söz sevdalısı var idi ki, o da bircə onun ürəyinin “səsinə” qulaq asırdı. Çünki şair Aqil İmanın ən yaxşı oxucusu da, tənqidçisi də elə müəllif Aqil İmanın özüydü. Yetərdi ki, yazsın. Yaza-yaza ürəyindəki tikanı çıxarıb mənəvi rahatlığına qovuşsun!

İman gənc olmasına baxmayaraq, ilk görünüşdən qərinələri yorub-yortmuş bir tale adamını xatırladırdı – vədəsiz ağarmış saçları, çatılmış qaşlarının arasında sevincini qucaqlayan kədər düyünləri və şeirə oxşayan şairanə məsum baxışları... İmanla bağlı xatirələrim o qədər şirindi ki, onu düşündükcə xəyallarım, yazdıqca qələmim, danışdıqca dilim ballanır ağzımda. Çünki İman özü şirin adamıydı – xatirələri, şeirləri kimi.

1989-cu ilin yanvar ayının şaxtadan qılınc qurşayan bir vədəsində unudulmaz şairimiz Hüseyn Arif başının dəstəsi ilə qonağım idi. Göyçəlilərin sevimlisi kimi 1988-ci ildə Göyçədən qaçqın gələn soydaşlarımıza yoluxmağa gəlmişdi bizim kəndə. Görüşün rəsmi hissəsi başa çatandan sonra bədii hissəni bizim evdə keçirdik. Məclisdə iştirak edən kənd ağsaqqallarının, xüsusən Fəzi əmimin (Qəmgin Fəzi) məsləhəti ilə məclisi İman aparası oldu. Bu təklif doğrusu mənim də ürəyimdən idi. Çünki Hüseyn Arif yaradıcılığını İman yaxşı bilirdi, həm də gözəl natiq idi. İlk çıxışından hiss etdim ki, Hüseyn Arifi İman ovsunlayıb. Onun Hüseyn Arifin şeirlərini əzbər deməsi, yaradıcılığının məzmunu və mahiyyəti haqqında (xüsusən “Dilqəm”, “Yolda” poemaları və Aşıq Alı yaradıcılığına diqqəti, qayğısı haqda) geniş və məzmunlu çıxışı, Göyçə ədəbi məktəbinin nümayəndələrini dəqiq təhlillərlə xarakterizə etməsi Hüseyn müəllimi heyran qoymuşdu.

Məclisin şirin yerində Hüseyn müəllim üzünü mənə tutaraq özünəməxsus incə bir tövrlə – ay Şiruyə, başın haqqı, bu oğlan şair kimi danışır – dedi. Məclis əhli də yerdən təsdiqlədilər ki, bəli, bu oğlan şairdi. İman şeir yazmağını nə qədər gizləməyə çalışsa da, ağsaqqalların və Hüseyn Arifin təkidi ilə bir neçə şeirini oxuyası oldu. Şeirlərini dinləyəndən sonra Hüseyn müəllim İmana bir könüldən min könülə vurulmuşdu: “Başın haqqı, eynən mənim dilimdi sənin şeir dilin,”– deyib o, İmanı özünə bir az da doğmalaşdırdı. Hətta bir neçə şeirini yazıb götürdü ki, Bakıda çap etdirsin. Amma sonralar nədənsə o şeirlərdən bir səs-soraq çıxmadı... İmanın mühəndis olduğunu biləndə Hüseyn müəllim yenə öz zarafatından qalmadı: “Sən hazır alimsən, şairsən, oğul, burax o tikintinin başını, səndən “injiner” olmaz. Gəl Bakıya, mən də kömək edəcəm, müdafiə elə, alim ol. Özün də ki, mənim yaradıcılığımı yaxşı bilirsən…”

İndi xəyal burulğanında çabalaya-çabalaya ruhunun ətri hopmuş saralmış vərəqlərdə və yaddaşlarda hifz olunan şeirlərini oxuyuram İmanın. Allahın ona yazmış olduğu tale yazısı kimi… Səmimi hisslərdən, zərif düşüncədən, emosiyadan yoğrulan bu misralar zamanın İmana vermiş olduğu suallara ən tutarlı cavabıdı. Şeirimizin ulu dədəsi Füzuliyə ünvanladığı silsilə şeirlərdə günümüzün bütün təbəddülatlarına poetik bir rəng qataraq qaynar ilhamı sayəsində aydınlıq gətirib. Cahillik, cəhalət, haqsızlıq girdabında inildəyən bir xalqın dərdini onu sevənlər belə yaza bilər ancaq:

Haqqı boğazından asdırıbdılar,

Qəbrini dərindən qazdırıbdılar,

Yalan ayağında basdırıbdılar,

Can verib öləndə həqiqət, baba!

Və yaxud:

Salamını almayana,

Salam da vermişəm, baba!

Bu səmimi və səmimi olduğu qədər də ağrılı etiraf – zamanın qovğaları ilə yaşayan həssas bir şair ürəyinin mübariz döyüntüləridi.

İman təbiətin kövrək bir vədəsində doğulmuşdu – 1958-ci ilin dekabr ayında. Taleyi də, ömür yolu da elə payız fəslinə bənzəyirdi. Adını atamız Həsən Xəyallı adlar içində əzizlədiyi könül dostu, nakam taleli böyük Növrəs İmana ehtiram əlaməti olaraq İman qoymuşdu. İndi Aqil İmanın şeirlərini oxuya-oxuya həm də Növrəs İmanı xatırladım. Çünki, Növrəs İmanla Aqil İman poeziyası arasında coğrafi bağlılıqla bərabər, bir ruhi bağlılıq da hiss etdim. Nədənsə taleyin sərt sınaqları bu iki ömrügödək şairi sevincdən qabaq “muştuluqlayıb” həmişə. Bir də ki, Aqil İmanın poetik yaddaşında, nəfəsində Miskin Abdal, Aşıq Alı, Ələsgər, Məmmədhüseyn, Həsən Xəyallıyla bərabər Növrəs İmanın da təsirinin olması təbiidi. Çünki Aqil İman Göyçənin milli və mənəvi dəyərlərini varlığında yaşadan ənənəyə bağlı oğuz türküydü. Məzmun və mahiyyəti yeni bir düşüncəyə modifikasiya etməklə əksər şeirlərində klassik ənənəni – formanı qoruyub – saxlamağa çalışmışdı. Növrəs İmanla Aqil İman poeziyasında bir oxşar cəhət də var ki, o da gələcəkdə olacaq hadisələri (xüsusən həyatdan tez köçmələri haqda!) təhtəlşüur olaraq yazmalarıdı. Yazıqlar olsun ki, mən də daxil olmaqla İmanın şeirlərindəki, gizli eyhamların sağlığında heç birimiz fərqində olmamışıq. Bilsək, neyniyəcəydik ki, guya? Şeirdi də yazmışam – deyib alovumuzun üstünə su ələyəcəkdi yəqin ki... Amma bir şeirinin iki misrasında özü hər şeyi nişan verib, mənim demək istədiklərimi deyib:

İman çəkən zülüm təkdi, əzab tək,

Bağlı qaldım oxunmamış kitabtək.

Amma mən indi demək istəyirəm ki, yox, Aqil İman, sən bağlı qalmadın. Qılman, Araz kimi ocağının od qoruyanları səni sevən könüllərdən misralarını ağız-ağız toplayıb, saralmış vərəqlərdəki şeirlərini çinləyib, dəstələyib bağlı qalan istedadını bacardıqları qədər açmağa nail oldular.

29 avqust 1996-cı il... O günü xatırlamaq istəməsəm də, amma nədənsə hər İman adı gələndə tez-tez xatırlayıram. Həmin gün heç kimin yadına düşüb, ağlına gəlməyəcək bir iş oldu – İmanın ürəyi qəfil susdu. Bir anın içində kabus kimi bütün el-obanı ağzına aldı bu qara xəbər. Heyrətindən bu xəbəri eşidənlər “kar”, görənlər isə “kor” olmuşdu. Heç kim eşitdiyi xəbərə inanmaq istəmir, vaxtsız gələn bu əcəl payını İmana yaraşdırmırdı. Avqust ayı isti olmağına baxmayaraq, təbiət də İmanın bu vaxtsız itkisinə yas saxlayırdı. Günün günorta çağı göy üzü qapqara dolmuşdu. Külək bağrını yaran bulud az qalırdı ki, hönkürüb leysan ələsin. Əsən xəfif meh qohumların, dostların çəkdiyi naləyə, dediyi ağılara qoşulub İmanın vaxtından tez ağarmış gümüşü saçlarına sığal çəkirdi. İndi hər o günü xatırlayanda İmansız günlərimi bayatıya çevirib öz-özümə gümüldənirəm. Əgər buna gümüldənmək demək olarsa:

Sərrafam, İman dərdi,

Din dərdi, iman dərdi,

Gözümnən suvardığım,

Gülləri İman dərdi.

 

Sərrafam, qardaşı yar,

Yar olsun, qardaşı, yar!

İman odumu görsə –

Quzeydən qar daşıyar.

İmansızlıq əzabımı nə qədər sözə çevirməyə çalışsam da, elə hallar olur ki, söz də bəzən əzaba çevrilir. Həyatda axtarıb tapa bilmədiklərim kimi...

Ürəyimdə o qədər dərdlər var, bilmirəm hansını yazım, hansını yazmayım. Haradan başlayım, harada qurtarım. Dərd andır da ki, nə çəkməklə, nə də yazmaqla qurtarır.

Hər dəfə dünyadan vaxtsız getmiş doğmalarımın – qardaşlarım Nəbinin, İmanın, qoşalaşmış məzarlarını ziyarət edəndə deyirəm: Bezdinizmi mənə arxa-dayaq olmaqdan? Ürəyimin infarktı, gözlərimin yaşı olmağa nə tez tələsdiz? Bu suallar ətrafında daşa dönmüş şəkilləri ilə pərişan-pərişan söhbət edib sonda ürəyimdə göyərən bu misralarıca ağ kağıza pıçıldaya bilirəm:

Dərdinizi çəkəmmirəm,

Dərdi daşan qardaşlarım.

Qızılquştək qanad çalıb,

Dağlar aşan qardaşlarım.

 

Tez solan bostan oldunuz,

Qohumdan, dostdan oldunuz,

Dilimdə dastan oldunuz,

Dastan qoşan qardaşlarım.

 

Boğdu məni bu qəm, qəhər,

Suyum zəhər, havam zəhər.

Cazibəmdə axşam, səhər,

Hey dolaşan qardaşlarım.

 

Gözlərimdə yaşa döndüz,

Uçub gedən quşa döndüz,

Bir cüt dilsiz daşa döndüz,

Qoşalaşan qardaşlarım.

 

İzi qalan bu daşlarda,

Sözü qalan sirdaşlarda.

Ürəklərdə, yaddaşlarda,

Qayalaşan qardaşlarım.

 

Ömrü cavan, fikri ahıl,

Dili şirin, dolğun ağıl.

Sədaları dastan, nağıl,

Təbi coşan qardaşlarım.

 

Hey baxdıqca başdaşına,

Dönürəm qəm sirdaşına.

Şiruyənin göz yaşına,

Ay yaraşan qardaşlarım.

Nə yaxşı ki, Aqil İman itkisini dərin düşüncəli şeirləri ilə bizə unutdurmağa çalışan, atasının poetik nəfəsini yaddaşında, adını təxəllüsündə yaşadan, ədəbiyyatımızın işıqlı nümayəndəsi Qılman İmanımız var.

Aqil İmandan bu dünyada xoş əməlləri ilə bərabər özünü və sözünü sevənlərə qara sazın laylası qədər həlim, kövrək şeirləri, bir də mənzilinə heç vaxt yetilməyəcək upuzun həsrəti qaldı. (kulis.az)

 


Etiket:
Xəbərlər

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024

60 YAŞIN MÜBARƏK!

15.01.2024

AŞIQ İSLAM YUSİFOV
(1893-1968)

12.01.2024

Milli dövlətçilik tariximizin məğrur lideri

28.12.2023

Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə "Qərbi Azərbaycan yolunda" adlı konfrans keçirilir - FOTOLAR

28.12.2023

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU. BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

27.12.2023

AZƏRBAYCAN AŞIQ POEZIYASININ GÖRKƏMLİ NÜMAYƏNDƏLƏRİNDƏN BİRİ ŞAİR, USTAD AŞIQ NÖVRƏS İMANIN 120 İLLİK YUBİLEY TƏDBİRİ KEÇİRİLİB

26.12.2023

İLAHİ EŞQİN TƏRCÜMANI

24.12.2023

Müzəffər Ali Baş Komandan, Qarabağın Fatehi, sizi doğum günü münasibətilə təbrik edirk!

24.12.2023

Həsən Xəyallının şeirlərində dini məqamlar. “Qıfılbənd”in təhlili

21.12.2023

BÖYÜK MƏZRƏ - GÖYÇƏ MAHALI

10.12.2023

Dekabrın 7-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda Qərbi Azərbaycan əsilli rəssamların əsərlərindən ibarət sərgi açılıb.

07.12.2023

Tanınmış hərbi ekspert Telman Qasımov İrəvana səfər edib.    

05.12.2023

HƏYATDA ÖZÜMÜ XOŞBƏXT ADAM HESAB EDİRƏM Ki, HEYDƏR ƏLİYEVLƏ BİRGƏ İŞLƏDİM

04.12.2023

AMEA müxbir üzvü, Basarkeçər rayon icma sədri, professor Nuru Bayramov İnönü Universitetinin “Fəxri Doktoru” seçilib - FOTOLAR.

03.12.2023

 Bax, biz Göyçə torpağındayıq...

29.11.2023

BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ “Qərbi Azərbaycanda türk müsəlman abidələrinin erməni vandallığına məruz qalması” mövzusunda elmi seminar keçirilib - FOTOLAR

25.11.2023

SƏHRADA YALQIZLIQ

25.11.2023

Azərbaycanda ilk dəfə “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir FOTO

23.11.2023

İcma: Paşinyan hökumətindən azərbaycanlıların Ermənistanda öz dədə-baba yurdlarına qayıdış hüququnu tanımasını gözləyirik

21.11.2023

“Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunan - MÜBARİZ QULUYEV BABACAN KƏND İCMASININ SƏDRİ SEÇİLDİ-FOTOLAR

14.11.2023

Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib

08.11.2023

Qərbi Azərbaycan İcmasının Basarkeçər rayonu Dərə kənd sakinləri və Dərəli kökənli gənclərlə görüşü keçirilib.

07.11.2023

Ulu Öndər Heydər Əliyev xatirələrdə

31.10.2023

"Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi" hesabatının təqdimatı ilə bağlı konfrans keçirilib.

30.10.2023

Oktyabrın 27-də Qərbi Azərbaycan İcmasında (QAİ) “Ulu Öndər Heydər Əliyev xatirələrdə” kitabının təqdimatı keçirilib.

28.10.2023

“Oğul” filminin rejissoru: “Erməni hərbçilərdən biri Natiqin cəsurluğunu etiraf etdi” - MÜSAHİBƏ

26.10.2023

Nərimanlı gəncləri ilə görüş keçirilib - FOTOLAR

24.10.2023

TANINMIŞ ALİM, İSTEDADLI ŞAİR-PUBLİSİST - RAMİZ HƏSƏNLİ ŞİŞQAYA KƏND İCMASININ SƏDRİ SEÇİLDİ

21.10.2023

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qüdrətdən səngərli, qalalı dağlar” adlı konsert proqramı keçirilib.

21.10.2023

Erməni dostunun azərbaycanlı yazıçıya hər il yazdığı mesaj: “Axırda...” – Müsahibə

17.10.2023
Bütün xəbərlər