Qan gölü, əmirə kəllə hədiyyəsi, yerlə yeksan olan tarix... – III YAZI

11:15 / 28.10.2019
Baxılıb: 1230

Ötən yazılarımızda türklərin qədim zamanlardan islamaqədərki dövr arasında yaşadıqları inanclar, qəbul etdikləri dinlər və gündəlik mədəni həyatlarına təsiri haqqında məlumat vermişdik. Məlum oldu ki, inanclardan, inancların ən alisi olan Tanrıçılıqdan digər dinlərə keçmək çətin olmayıb. Bunun əsas səbəblərindən biri fərqli coğrafiyalara köç edərək qonşu xalqların dünyagörüşündən, mədəniyyətindən və inanclarından yararlanmaqları idi.

İstər türk dünyası alimlərinin inanclar haqqında yazdıqları ümumi kitablarda, istər də bizə öyrədilən dərsliklərdə islam dininin yaranması, qısa zamanda yayılması və türklərin də öz dinlərindən çıxaraq, islam dinini rahat və kütləvi şəkildə qəbul etmələri təbliğ edilməkdədir. Qüdrətli türk dövlətlərinin uzun əsrlər boyu islam bayraqdarı rolunu oynamasını da fakt kimi göstərmələri iddiaları daha da qüvvətləndirir. Türk-islam birliyini möhkəmlətmək üçün daha bir nümunə Çinlə Abbasi xilafəti arasında baş verən Talas döyüşündəki qələbə, bu döyüşdə türklərin ərəblərə könüllü yardım etməsi yazılmaqdadır. Bu anladılanlar türk-islam birliyinin möhkəmlənməsi üçün siyasi və ideoloji baxımdan uyğun təbliğat sayıla bilər. Lakin türk tarixində 670-740-cı illəri əhatə edən 70 illik qeyb olmuş bir mərhələ var. Kitablarda bu dövrün siyasi tarixindən qısa arayış verilməklə üzərindən keçilməkdədir. Maraqlı olan odur ki, Taləqan və Gürqan qətliamlarının baş verməsi haqqında qaynaqlarda məlumatlar varkən, bunu türk dünyası tarixçiləri islam adına gizlətməkdədir. Türklər qətl edildilər, şəhərlər viran qaldı, sərvətləri talandı, abidələri dağıdıldı, böyük köç dalğası başlandı və minlərlə insan kölə edildi. Necə oldu ki, bütün bunlar varkən türklər islamı qəbul etdilər? Sual yaranır, necə olur ki, Turan coğrafiyasına hökm edən, böyük ticarət yollarını nəzarətə alan, mədəniyyət yaradan, xalqlara döyüş dərsi verən bir imperatorluq, xanədan soyu birdən-birə Ərəbistan yarımadasından gələn atlılara boyun əydi?

Türklər necə müsəlman oldular?

 
İslam dininin yaranmasından bu günə kimi elə mənbələr qalmaqdadır ki, orada türklərin başına gətirilən bütün hadisələr, qətliamlar öz əksini tapıb. Bu mənbələr həm kənardan müşahidə edən müəlliflərin, həm saray tarixçilərinin, həm də şairlərin yazdıqlarıdır.

İslam dini VII əsrin əvvəllərində Ərəbistanda meydana gəlmişdi. Yaradıcısı Məhəmməd Qureyşi adlı şəxs idi. Digər dinlərdəki kimi, burada da kitabın, ayələrin Allah tərəfindən mələklər vasitəsi ilə nazil olduğu iddia edilir və insanlara təbliğ edilirdi. İlk dövrlərdə insanlar dinə dəvət edilir, qəbul edənlərin əvvəlki inancları ilə bağlı bütləri, ayin əşyaları məhv edilirdi. Dini qəbul etməyən toplumlarla isə ciddi qarşıdurmalar yaranırdı. İslam dinini yayan peyğəmbərin nəsli Rəşidilər xilafəti adı ilə tarixə keçən dövləti 630-cu ildən Məkkə və ətrafında yaratdılar. Bu xüsusla dini tək ölkələrində deyil, qonşu bölgələrə yaymaq qərarına gəldilər. Bunun üçün işğal əsas idi. Çünki qonşu xalqların da öz inancları var, asanlıqla yeni dini qəbul etməyəcək, onlarla savaşacaqdılar. İşğal həm də dövləti ayaqda saxlamaq üçün ticarət yollarının açılması, sərvət, kölə qazanmaq idi. Əsas hədəfləri cənub-qərbi Asiya, Mərkəzi Asiya və İran idi. Sasani dövləti bu istiqamətdə böyük maneə idi. İlk hücumları da Sasanilər üzərinə oldu. 633-cü ildən 651-ci ilə kimi davam edən döyüşlərdə Rəşidilər xilafəti Sasaniləri bir neçə dəfə məğlub edərək, onların hakimiyyəti altında olan bütün torpaqları işğal etdilər və dövlətin varlığına son qoydular. Bu yerlərin tarixi, mədəni abidələri, ehtişamlı sarayları islama zidd bütlər, abidələr adlandırılaraq məhv edildi, sərvətlər ələ keçirildi, işğal edilmiş ərazilər əmirliklərə bölünərək ərəblərə iqta (hərbi xidmət müqabilində torpaq) olaraq verilirdi. 661-ci ildən xilafətdə sülalə dəyişikliyi oldu və hakimiyyətə Əməvilər gəldilər. Xilafətin başına keçər-keçməz bütün ucqarlara ərəb ailələri və yaxud da hərbiçilərlə birlikdə ailələrini də köçürməyə başladılar. Bu, həm bölgələrə nəzarət, həm islam dinini yaymaq, həm də talançılıq məqsədi daşıyırdı.

705-ci ildə isə Azərbaycanın şimalında yerləşən Albaniya dövləti də işğal edildi və ərəb əmirlərinin idarəçiliyinə verildi. Beləliklə, şərqdə Seyhun çayına, şimalda isə Qafqaz dağlarına kimi bir coğrafiyanı əhatələyən dövlətin böyüməsinə nail oldular. Burada atəşpərəst əhaliyə islam dini qəbul etdirilir, xristianlardan isə sadəcə cizyə adlanan can vergisi almaqla kifayətlənirdilər. 725-ci ildə xilafətdə böyük siyahıyaalmadan sonra vergi tətbiq edildi və vergilər məhsula görə deyil, torpağın sahəsinə görə alınırdı. Bu, kəndlilərlə yanaşı, feodalları da müflisləşdirdi və xilafətə qarşı yerlərdə etriazlar başlandı. Bununla kifayətlənməyən ərəblər fərqli bölgələrə ərəb ailələri köçürərək, burada özlərinə həm etnik, həm də dini dayaq yaratmış oldular.

Dini qəbul etdirmək adı altında ikinci işğal yolu Şimali Qafqazda qüdrətli dövlət olan Xəzərlər üzərinə açıldı. Ərəblər onları hələ albanlarla müharibələrdən tanıyırdılar və xilafətin şimal sərhədi üçün təhlükə görürdülər. Onlar xəzərlərə islam dinini qəbul etdirib, Qara dənizə çıxış əldə etməklə, Bizansa həm də dəniz yolu ilə zərbə vurmaq niyyətində idilər. Uzun sürən müharibələr, qərbdə Bizans həmlələri Xəzər dövlətini zəiflətdi və onlar xilafətə məğlub oldular. Lakin ərəb qoşunları Mərkəzi Asiyada yürüşlərdə olduqlarından burada sadəcə ordu yerləşdirib, vergilər almaqla məşğul oldular. Moisey Kalankatlı yazır ki, xəzərlər üzərində qələbədə artıq müsəlman olmuş Alban hakim Aranşah Vaçaqan da öz ordusu ilə iştirak etmişdi.

Asiyada islam dininin yayılması

İslam dininin meydana gəldiyi və dövlətin yarandığı dövrdə birinci Göytürk dövləti dağıldı və türklər arasında bir ayrılıq dalğasının əsası qoyuldu. Onlar qollara ayrılaraq, öz xanlarını elan edir, ticarət karvanlarına qoşulur, yeni qazanc yerləri axtarırdılar. Mərkəzi Asiyadakı türklər isə soqdların köməyi ilə maniliyi qəbul edərək, oturaq həyata keçmişdilər. Onlar pambıq əkir, becərir və İpək Yolu vasitəsi ilə İrana, oradan da Bizansa satırdılar. Göytürk imperatorluğunun zəiflədiyi bir dövrdə ərəblər Asiyada fəallaşmağa başladılar. Ərəblərin “Ət-tariku-l-həriri” adlandırdıqları İpək yolu ticarəti o bölgə xalqları üçün böyük qənimət demək idi. Ona görə də bölgədə fəallaşan siyasi birliklərin ilk səfəri İpək yolu üzərindəki nəzarəti ələ keçirməklə, ticarəti tənzimləmək, gəlir əldə etmək idi. Ərəblər də bu məqsədlə dövlət yaranan gündən Ceyhun ətrafına azsaylı ordular göndərmişdilər. Lakin bölgədəki güclü türk birliklərinin olması onları geri qayıtmağa vadar etmişdi. Beləliklə, ərəblərin türk yurdlarına hücumunun əsas üç məqsədi vardı: Yeni dini yaymaq, qənimət ələ keçirmək, dövlətin yaşaması üçün ticarət yollarını ələ keçirməklə onlara nəzarət etmək. Dini yaymaq digər ikisindən daha vacib idi. Çünki türkləri ancaq bu yolla ram edərək, birliyə dəvət edə bilərdilər.

İslam dininin türklər arasında yayılması 5-6 əsr çəkdi. Dini onlar arasında yaymaq üçün Rəşidi xəlifə Osmanın dövründə üç minə yaxın ordu Ceyhun çayı ətrafına gəlsə də ərazidəki türk bəylikləri onları məğlub edib, geri qaytara bilmişdilər. Əsas islamlaşdırma siyasəti Əməvilərin dövründə baş vermişdir. Xəlifə Müaviyənin əmri ilə bütün maneələri aşaraq Mərkəzi Asiyanı ələ keçirmək uğrunda mübarizəyə başlayan Əmir Həccac tərəfindən Xorasan valisi təyin edilən Kuteybə İbn Müslüm bölgədə islamlaşdırma adına olmazın qətliamlar törətmişdir. Bu haqda ərəb müəllif Təbəri daha geniş məlumat vermişdir. Kuteybənin dəvət göndərmədən Xorasan xalqını silah gücü ilə dinindən döndərib, islamı qəbul etdirməsi, evləri talan etdirib büt adlandırdıqları mədəniyyət abidələrini dağıtdırması qonşu türk boyları bəyliklərində narahatçılıq yaratmışdı. Xorasan qətliamından sonra Kuteybənin planı Ceyhun çayı ətrafına yürüş idi. Burada strateji mövqedə yerləşən Toxaristan adlı kiçik ölkə və onun önəmli, zəngin, adı qaynaqlarda Tələkan, Taləkan, Talkan kimi keçən şəhəri vardı. Şəhəri təslim etmək istəməyən qüvvələr pərən-pərən salınıb, məğlub edildi. Bu zaman Taləkan valisi qırğınları dayandıracağı müqabilində böyük miqdarda xərac təklif etsə də, Kuteybə qəbul etmədi. Taləkan şəhərində 40 min sakin qılıncdan keçirildi. Kəsilmiş başlar Həccaca göndərildi, bədənlər isə Ceyhun çayına atıldı. Bu, ilk orta əsrlər tarixinin ən dəhşətli qətliamı idi. Sağ qalmaq üçün islamı qəbul edən azsaylı xalqdan əmin olmaq üçün isə evlərinə ərəblər yerləşdirildi. Bölgənin tanınmış türk hökmdarı Nizək Fəryab, Bəzan, Gürgan hökmdarlarını Kuteybəyə qarşı mübarizəyə dəvət etdi. Bəlazuri “Fütuh” əsərində məlumat verir ki, bu bölgənin xalqı Nizəkin çağırışına cavab olaraq, Kuteybəyə qarşı birləşmək qərarına gəlmişdi. Lakin bu birlikləri də məğlub edən Kuteybə Bəykəndə doğru yürüşə çıxdı. Bəykənd Səmərqənd və Buxaraya gedən yolun üzərində idi və bu şəhəri ələ keçirməklə, o, böyük qənimətlərin astanasına gəlib çatırdı. Bəykəndə rahatlıqla daxil olan Kuteybə insanların gözü qarşısında şirk hesab etdiyi abidələri dağıtdırdı, əhaliyə islam dinini qəbul etdirdi. Qəbul etməyən insanlar məhv edildi. Lakin köməyə gələn Soqd ordusu arxadan onları mühasirəyə aldı. Qanlı döyüşdə soqdları məğlub edən Kuteybə digər şəhərlərə də qüdrətini göstərmək üçün Bəykənddə daha bir qətliam törətdi. İbn Haldun yazır ki, böyük qənimət ələ keçirən Kuteybə onları xilafət sarayına göndərərək, Mərv şəhərinə döndü.

708-ci ildə Buxara üzərinə səfərə çıxan Küteybə ciddi müqavimətlə üzləşdi. Şəhəri Kibac Xatun idarə edirdi. Şəhər müdafiə olunurdu və bu xəbər Həccaca yetişincə, Kuteybəyə şəhəri ələ keçirməmiş dönməmək əmrini verdi. Buxaranı işğal etmək çox çətin oldu. Bir neçə ay çəkən döyüşlərdən, mühasirələrdən sonra şəhər ələ keçirdi. Burada yaşayan türklər daha aristokrat və öz dəyərlərinə sadiq idilər. Onlara dini qəbul etdirmək çətin olmuşdu. Bunun üçün də Kuteybə Buxarada məscid tikdirmək qərarına gəlir və 4 ilə burada böyük bir məscid tikilir. Yenə də xalqın çox hissəsi islamı qəbul etmədi. Bundan sonra Kuteybə namaza gələnlərə hər gün 2 dinar təklif etdi. Xalq bunu da qəbul etməyincə, Buxaraya ərəb ailələr köçürüldü. Xəzinəni də ələ keçirən, xalqı ac-susuz qoyan Kuteybə bununla da qane olmayaraq, əsgərlərinə evlərə girərək yağmalama əmri verir. İslamı qəbul edənlərin evlərinə isə hər evə bir ərəb yerləşdirərək, dini rituallara əməl edib-etmədiklərini yoxladırdı. Az sonra Səmərqəndin işğalı ilə Kuteybə Çin sərhədlərinə qədər olan bütün əraziləri ələ keçirmiş oldu. Kuteybənin ölümündən (715-ci il) sonra isə Xorasan Valisi olan Yezid Mühəlləb Gürgan üzərinə hücuma keçdi. Ərazidə söz sahibi olan Sülü xanədanını yıxaraq burada böyük qətliam törətdi. Müəlliflər 40 mindən çox insanın qətl edildiyini yazırlar. Gürgan ərəb ordularının ikinci qərargahı olan bölgə halına gətirildi. Abbasilər zamanı isə burada xırda əmir idarəçilikləri hökm sürürdü. Bu haqda İbn Əl-Əsir “Əl Kamil-Fit Tarix” əsərində məlumat verir.

Türklərin islamlaşdırılmasına dair digər bir mənbə isə Əbu Osman Əl Cahizin “Türklərin fəzilətləri” əsəridir. O, burada türklərin cəsarətindən, ərəblərə qarşı mübarizəsindən geniş danışır. Tulta ət-Türkinin Tarif Əl Xaricini öldürməsini xatırlayaraq, belə yazırdı: “Türk bədəninin at belində bir ağırlığı, yerdə isə hənirtisi yoxdur. Bizim süvarinin qarşısında görə bilmədiyini türk süvarisi arxasında görür. Onlar ərəbləri ov, özlərini isə bəbir sanırlar”.

Əsərin digər diqqət çəkən və məşhur olan əhvalatı isə Xorasandakı ərəb əmiri Cüneyd Əbdürrəhman ilə türk xaqanının qarşılaşması və dialoqudur. Müəllif qeyd edir ki, xaqanın duruşu və zəhmi Əbdürrəhmanı qorxuya salmışdı. Xaqan onda olan ruhi sarsıntını görərək, belə dedi: “Mən düşünürəm ki, sən ağıllı adamsan. Sizin yolunuzu bilmək və dini ehkamlarınızdan bəzi şeyləri soruşmaq istəyirəm. Mən sənin qarşına tək çıxıram, sən isə mənim qarşıma ən yaxınında olan adamla gəl. Heç bir təntənə təşkil etmə. Mənim kimisi sözünə dönük çıxmaz. Biz türklər heç zaman hiylə işlətmirik. Hər kəsin gözünə dik baxarıq”.

Bu sözlərdən ürəklənən Cüneyd xaqanın qarşısına təkbaşına gəldi və dedi:

- Nə istəyirsən, soruş.

Xaqan:

- Zina edən haqqında hökmünüz nədir?

Əbdürrəhman:

- Evli olmayana insanların gözü qarşısında yüz çubuq vururuq. Evli olanları isə insanlara daşqalaq etdiririk.

Xaqan:

- Bəs oğru haqqında hökmünüz nədir?

Əbdürrəhman:

- Bizdə oğru iki cürdür. Birincisi insanların mal mülkünü oğurlayan, divarını deşib evindəki əşyalarını aparan, ikinci oğru isə yollara nəzarət edib, karvanları basan, silah çəkib tacirləri qarət edənlərdir. Belələrini öldürürük, çarmıxa çəkirik, insanlara göstəririk.

Xaqan:

- Bəs adam öldürənlərə dininizin münasibəti necədir?

Əbdürrəhman:

- Əgər bir adamı on adam öldürürsə, biz onların hamısını öldürürük.

Xaqan:

- Bəs yalan danışan insanlara dininiz nə deyər?

Əbdürrəhman:

- Biz onları sürgün edər, şahidlərinə, hökmlərinə inanmarıq.

Xaqan:

- Mən oğruların əllərini kəsdirir, yalançıları heç kimin görmədiyi yerdə həbs etdirirəm. Ən böyük bəlalardan biri də təlxəklik edib, insanları başdan çıxaran, onları güldürənlərdir. Mən onları ölkəmdən uzaqlaşdırıram. İnsanların şüurunda təmizləmə aparmış oluram. Sizdə din kimi göstərilənlər bizim ölkənin qanunlarıdır.

Cüneyd Əbdürrəhmanın cavabı gecikmədi. O, xaqana böyük heyranlıqla “Siz öz qüdrətli zəkanızla qanunlar yaradırsınız. Biz isə peyğəmbərimizə bağlıyıq” - dedi. Sonradan Cüneyd öz silahdaşlarına demişdi: “Mən ondan dərrakəli, cəsur, güclü bir hökmdar görmədim. Biz onunla xeyli danışdıq. O ancaq danışdı, başqa cür yerindən tərpənmədi”.

Beləliklə, Əməvi xilafətinin din uğrunda törətdiyi qırğınlar, yaxud da danışıqlara getmələri yenə də türkləri islama bağlaya bilməmişdi. Zəkəriyyə Kitabçı Təbəriyə istinadən yazır ki, İslamı qəbul edən azsaylı türklər vardır ki, onlar da sadəcə yaşamaq üçün müsəlman olmuşdular. Bunları görən əməvilər xristianlardan alınan can vergisini türklərdən də almışdılar.

Beləliklə, 750-ci ildə Əməvilər xilafəti Abbasilərlə əvəz olundu. Onlar əmirlərin yerlərini dəyişməkdə və yeni idarəçilik həyata keçirməkdəykən Mərkəzi Asiyada bir Çin basqını qaçılmaz olmuşdu. Bu zaman şərqdə Göytürk dövləti devrilmiş və xanədanı bərpa etmək istəyənlər indiki Qırğızıstan ərazisindəki Talas şəhərində toplanmışdılar. Çin isə onların üzərinə böyük bir ordu ilə Kao Sien Çe adlı sərkərdəsini göndərdi. Çətin vəziyyətdə qalan türklər Abbasi xilafətindən kömək istədilər. Talas çayı sahilində baş verən döyüşdə ərəblər və türklərin birlikləri çinlilər üzərində böyük qələbə qazandılar. Bu döyüşdə ərəb sərkərdələri türk süvarilərinə heyran olmuşdular və beləliklə, xilafətlə türk bəyləri arasında dostluq yarandı. Bu isti münasibət tədricən türk ordu başçılarının muzdla ərəb ordusuna cəlb olunması ilə nəticələndi. Eyni zamanda, Abbasi xəlifəsi Əməvilər dövründə türklərə tətbiq olunan cizyə vergisini ləğv etdi. Həmin bu türk süvariləri sonradan xilafət tərkibində Tulunilər adlı dövlət də yaradacaqdılar və türk dövlətçilik ənənəsi ilə ərəb ənənəsinin sintezi ortaya çıxacaqdı.

Talas döyüşündən sonra Qarluq türk tayfaları könüllü olaraq islamı qəbul etdilər. Bu ənənə Qaraxanlılar, Qəznəvilər, Oğuz-Səlcuqlarla davam etdi. İslam dini öz qüdrətli dövrünü də məhz Səlcuqların dövründə yaşadı. Xəlifə Səlcuq sultanına dinin təməli anlamı verən Rüknəddin ləqəbi də vermişdi.

Nəticə olaraq qeyd edək ki, islam dininin türklər tərəfindən kütləvi qəbulu Əməvilərin hakimiyyətindən yüz il sonra başlayaraq, XIII əsrə kimi davam etmişdir. Yəni ərəblərin yüz min türkün canına qıyması, mədəniyyəti vəhşicəsinə məhv etməsi də onlara dini sevdirə bilməmişdi. Türklər bu dini qəbul edərkən öz mədəniyyətlərini qatsalar da, Osmanlı dövründə tam ərəb mədəniyyəti üstünlük təşkil etmişdir.

Yeni din türklər arasında bir ayrı-seçkilik də salmışdı. Məzhəblərin ortaya çıxması ilə bu ayrılıqlar daha da sürətləndi...(lent.az)

Şəhla Cabbarlı
 


Etiket:
Xəbərlər

Nasistlərə yardım edən Soros: "Mənəviyyatsız insanam" - ETİRAFLAR

04.08.2020

Vətənpərvər alim, Fəal ictimaiyyətçi

03.08.2020

Qərbi Azərbaycan İrəvan Respublikasının DÖVLƏT GERBİ qəbul olundu

03.08.2020

Azərbaycan dilinin orijinal qrammatikası 400 il sonra

03.08.2020

1 Avqust - Azərbaycan Əlifbası Günüdür
 

01.08.2020

Qurban bayramının yaranma tarixi və İslamda yayılmasının sosial aspektləri

31.07.2020

Atasını ermənilər öldürdü, qardaşı repressiya olundu, oğlu onu illərlə aldatdı - Gülməkdən ölən böyük aktyorumuz

30.07.2020

Hamburqlu bar qızı necə Qdanskda türmə cəlladı oldu... - 22 yaşlı Jenni Barkman minlərlə əsiri məhv edib

29.07.2020

Abbasqulu bəy Şadlinski: Andranikə və Qareqin Njdeyə dəfələrlə qan udduran qəhrəman

28.07.2020

Jukovun sədaqətli sürücüsü – Buçindən marşal əleyhinə ifadə almaq istəyiblər, verməyib, 5 il həbs cəzası alıb.

25.07.2020

Bu gün Ağdam rayonunun işğalından 27 il ötür.

23.07.2020

Milli Mətbuat - 145 il

22.07.2020

BİZ ERMƏNİLƏRƏ NƏ VAXT QALİB GƏLƏCƏYİK?

20.07.2020

Onların hədəfi yalnız Qarabağ deyil...” – “Food City”dən erməniləri qovan İlham Rəhimov

18.07.2020

Fransız tarixçi: Bu, Paşinyan hökumətinə inamsızlığı dünyaya sübut etdi

17.07.2020

Şəhid İsmayılovla vida mərasimi keçirilir - Fotolar

16.07.2020

Ermənilərin “Qarabağ” imtinası: “Arsax” nə deməkdir?

15.07.2020

Şəhidlərimizin qisası alındı - TƏFƏRRÜATLAR

15.07.2020

Şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucovanın bu gün şəhid olmuş general-mayor Polad Həşimova məktubu 

14.07.2020

Yolu Bakıdan keçən marşal – Stalinin dostu, SSRİ-nin ən uğursuz hərbçisi və ən şanslı naziri.

14.07.2020

ŞƏKİ ÜSYANI İşğalçı rusiya ordusuna bitməyən nifrətin dastanı.

11.07.2020

Prezident İlham Əliyevin çağırışına uyğun olaraq YAP tərəfindən “Qərbi Azərbaycanda soyqırımına məruz qalmış toponimlərimiz” kitabı nəşr olunub.

09.07.2020

İKİ DİLLİLİK (BİLİNGUALİSM)

08.07.2020

Alman qəzeti İrəvan xanlığından nə yazıb?

08.07.2020

Nazim Hikmətin yeni şeirləri tapıldı -FOTOLAR

06.07.2020

Hitleri qəzəbləndirən, fransız və rus idmançıları peşman edən “Borçalı şiri”

04.07.2020

Semaşko”nun həkimi Hicran Mustafayeva: “Mən cəhənnəmi yerdə gördüm”

04.07.2020

Nazir mənzilindən sürgün düşərgəsinin barakına – Gözəl yazıçı xanım 18 il boyunca iztirablar çəkib.

03.07.2020

Cek Londonun pandemiya ilə bağlı öncəgörməsi
 

02.07.2020

"SÖZÜN XAQANI” HAQQINDA SÖZ  

30.06.2020

Həsən bəy Zərdabinin ailəsi haqqında bilmədiyiniz – Faktlar

28.06.2020

Ermənistanda yetişdirilən “Azərbaycan Türkləri”

28.06.2020

26 iyun Azərbaycanın Milli Ordu Günüdür

26.06.2020

Ağcabədinin Salmanbəyli kəndi Şaumyanın silahdaşının adını daşıyır - ARAŞDIRMA

25.06.2020

Anadoluda erməni etnosu necə ortaya çıxdı?-Şahlar Hacıyev

24.06.2020

Kremlin məmurlarının ölümündə Andropov müəmması-SSRİ tarixinin sirli hadisələri...

23.06.2020

Ermənilər Azərbaycan Xalq Cümhuriyyətinin ən uğurlu diplomatı haqda ARXİVLƏRİ AÇDILAR

22.06.2020

Buhenvald düşərgəsində əsirlərə cəhənnəm əzabı yaşadan ər-arvad – biri həşərilik edib, o biri sifilis tutub.

21.06.2020

Nuh yurdu Naxçıvanı erməni hücumlarından qoruyan xilaskar

20.06.2020

Mübariz İbrahimov Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzidir

18.06.2020

Xalqın ən birinci günahı kitab oxumamaqdır.

18.06.2020

Kompleks yanaşma olmazsa, virus pik həddə çatacaq..." - ATU-nun dosenti ilə MÜSAHİBƏ

17.06.2020

15 İyun - Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas günüdür

15.06.2020

Müasir Azərbaycanın müstəqil dövlət kimi inkişafının əsasında Qurtuluş məfkurəsi və Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası dayanır

14.06.2020

Heydər Əliyev Azərbaycanın xilaskarıdır - Akademik YAZDI

13.06.2020

Qətlə yetirilən nazir, azad edilən qatil

12.06.2020

“MONQOL-TATARLAR” MƏNBƏ VƏ RƏSMLƏRDƏ SARIŞINDIRLAR

10.06.2020

Nərimanov məsələsi - Mehman Cavadoğlu yazır
 

08.06.2020

Erməni vandalizmi: Qarakilsə necə Sisian rayonu oldu? - İnanılmaz faktlar

07.06.2020

Stalin ölənə qədər Hitlerin sağ olduğuna inanırdı – İspan mediası

07.06.2020
Bütün xəbərlər