BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN HƏTƏM MÜƏLLİM ƏLİ oğlu ƏKBƏROV

16:43 / 22.04.2020
Baxılıb: 3138

Kəndimizdə bəzən eyni adlarda olan bir neçə şəxsə rast gəlinirdi. Eyni adla bir neçə nəfər çağrıldığına görə çox vaxt fərqləndirmək üçün adlara ayamalar da qoşulurdu. Amma bu addan bircə dənə idi kənddə. Nə ayaması vardı, nə də qoşması - HƏTƏM MÜƏLLİM!

İnsana qoyulan adın onun şəxsiyyət kimi formalaşmasında, xarakterlərində, ictimai mövqeyini müəyyənləşdirməsində mühüm rolu olduğunu çoxumuz bilirik. Ən gözəl nümunə Hətəm müəllimin adı ilə onun şəxsiyyətinin, insanlığının, mənəviyyatının bağlılığıdır desəm, yanılmış deyiləm. “Hətəm” dedikdə “səxavət” mənasında işlənir. Bu söz orfoqrafik mənşəyinə görə ərəb tipinə bağlanır. Amma adın mənasının şəxsiyyətin formalaşmasında mahiyyətə bu qədər sıx bağlanması da hər saat rast gəlinən hal deyil.
Tarixi Hatəm Tai şəxsiyyətinin kimliyinin mənim maraq dairəmə daxil olması da rəhmətlik Hətəm Əkbərovun adının mənasına olan marağımdan yaranıb. Ərəbistanın Tey əyalətindən olan təqribən 620-ci illərədək həyat sürmüş Hatəm Tai çox varlı- dövlətli adam olub. Yeddi yolun ayrıcında bir bina inşa edib, orada hər gün on baş dəvə qurban kəsib, kasıb-kusuba paylayarmış. Bu adam İslamdan əvvəl yaşayıb və İsa peyğəmbərin dininə iman gətirib. Həm yaxşı ovçu imiş, cəngavərlikdə də tayı yox imiş, dərin elmi varmış, gözəl şeirlər deyirmiş. Allaha çox inanırmış, haram ayların bütün tələblərini qoruyurmuş. Onun evinin qapısı hər kəsin üzünə açıq imiş.

Elə sözün düzü bizim müəllimimiz Hətəm müəllimin də bütün xasiyyətləri tam bu adamın xasiyyətlərinin oxşardır. Yəqin ki, valideynləri bu adı ona görə qoyublar ki, Hatəm Tai kimi səxavətli olsun. Necə deyərlər, niyyətin hara, mənzilin də ora!

Hətəm müəllim çox mehriban, səxavətli, nəcib və savadlı adam idi.
Mətləbdən uzaq olsa da, bu epizodu maraqlı olsun deyə yazıram. Həyatda qəribəliklər də var, incəliklər də. Hatəm Tai rəhmətə gedəndən sonra onun yerini qardaşı tutmaq istədi. Ehsan süfrələrini kəsməməyi tapşırdı ki, qardaşının yolu ilə getsin. Anası bunu eşidib oğlunu yanına çağırdı və dedi: ”Sən Hatəmin tayı ola bilməzsən, bu işin başını burax!” Oğlu buna görə anasından bərk narazı qalır, bir az da əsəbi halda - "Niyə sən bizə fərq qoyursan? Hatəm mənim qardaşım deyilmi?" deyə soruşur?!
Anası gözünün yaşını tökərək deyir, "Ay oğul, sizin ikinizin də körpəliyində mən sizə süd verdiyim vaxtdan aranızda olan fərqi duymuşam. Sən mənim döşümü əməndə əllərinlə iki döşümün ikisini də tuturdun, qardaşını əmməyə qoymurdun. Yalnız özün doyandan sonra döşümü buraxırdın. Amma Hatəm həmişə gözləyirdi ki, sən əmib doyasan!"
Hatəmin qardaşı bu sözə məhəl qoymayıb, başladı dəvə kəsib ehsanlar verməyə. Camaat həmişəki kimi Hatəmin qapısına yığılışırdı, qardaşıda sıra ilə camaata yemək paylayırdı. Bir gün anası xəlvətcə ayrı paltar geyinib, üzünü də örtdü, gəldi sırada durdu, oğlu tanımadı, ona da yemək verdi. Anası yeməyi götürüb getdi və təzədən yenə sıraya durdu. İkinci dəfə yemək payı almaq istəyəndə, Hatəmin qardaşı gördü ki, bayaqkı paltarlı qadındır, yenə gəlib. Başladı onu təhqir etməyə ki, yenicə alıb getmədinmi, nə abırsız-həyasız adamsan, utanmırsan!? Rədd ol burdan! Elə bu an anası üzünü açıb dedi ki, a bala, sənə demədimmi, səndən Hatəm çıxmaz? Hatəmin sağlığında onu da belə yoxladım, amma o, məni heç qovalamırdı, hər dəfə gələndə elə bil yenicə gəlimişəm kimi qəbul edirdi.

Hatəm Tainin şəxsiyyətcə özündən hündür bildiyi bir adam olub. Deyirlər, o, bir gün bir qoca ilə rastlaşır. Qocada ahıl imiş, odun yığıb, şələ tutub daşımaqla satarmış, bir qarın ac, bir qarın tox dolanarmış. Səhrada təsadüfən Hatəm bu qoca kişini görür və soruşur ki, ey Qoca, bəs eşitməmisən Hatəm Tai hər gün ehsan verir, get oradan yemək al ye, niyə özünə bu qədər əzab verirsən? Qoca cavabında deyir ki, oğlum, mənə belə daha xoşdur, ayrısının minnətli çörəyini yeyincə, alnımın təri ilə dolanmaq daha yaxşıdır!
Deyirlər, sonralar Hatəm Taidən soruşurlarmış ki, sən özündən üstün adam tanıyırsanmı? Həmin qocanı misal gətirirmiş! Mən bu misalları ona görə yazdım ki, tarixi ərəb qəbilələrində yaşamış Hatəm Tai şəxsiyyəti ruhən və mənən ilahi bir iradə ilə nərimanlı Hətəm müəllimin varlığında təcəlla etmişdi deyəm!

Dayazlara baş vurmaram, qəvvasıyam dərinin,
Əşrəfiyəm bu dünyanın altununun, zərinin.
Mən Leylinin Məcnunuyam, Fərhadıyam Şirinin,
Hər gözəlin mübtəlası, divanəsi deyiləm.

Büllur kimi çeşmə axır ürəyimin gözündən,
Kimin qəlbi kinlidirsə, qorxsun özü-özündən,
İlqarından, peymanından, haqq bildiyin sözündən,
Kim dönürsə, dönsün nə qəm, mən dönəsi deyiləm.

Qanun kimi həkk etmişəm ürəyimdə hər vədi,
Göz önünə gətirmərəm hər alçağı, hər bədi,
El hörməti mənim üçün bir alınmaz zirvədi,
O zirvədə yurd salmışam, mən enəsi deyiləm.

Vətəndaşam, vətənimin sərhədindən doymaram,
Qarışına yad ayağı keçə, dəyə qoymaram,
Hər təsadüf işıltını şöləli şam saymaram,
Hər ocağın, hər çırağın pərvanəsi deyiləm.

Həsrətlərin kədəridir sinəmdəki qəm, kədər,
Zülmkara, qan tökənə nifrətim var en qədər,
Şiruyəyəm, saf əməlim əbədiyyət bəxş edər,
Göydə günəş sönsə belə, mən sönəsi deyiləm.

Əsrlərdən, eralardan üzübəri toqquşa–toqquşa, vuruşa-vuruşa gəlmiş saz, söz, hikmət, məna, duyğu yaşam, qüdrət, qüvvət ocağı olmağı ilə dünyaları nurlandıran Göyçənin qoynunda böyüyən bir adam kimi, özümü okean damlasının zərrəsi nisbətində görüb, Şiruyə Sərraflığının bu nəzm misalında bənzətmə gümanına tutuşdurdum. Hərgah tutuşma desəm, bir qədər də qapalı fikir olar, həm də məqsəd, məram sətirlərini ömür nizamına salmağın mühümlüyünü də mənəvi dünyamda bir bəhsə çevirərək, özümlə xeyli “söhbət” etdim.
Dünyada hökmranlığı ələ almış Amerika dövlətinin hegemonluğunun səbəkarları haqda düşünürdüm ki, görəsən onlar hansı taktika ilə buralara qədər gəliblər? Bu işdə xidməti olan isimlərin içərisində Stiven Duqlas adlı siyasətçinin bir sözü ilə qarşılaşdım. ”Dünyada xoşbəxt olmaq üçün yeganə yol, təmiz vicdan sahibi olmaqdır!”
Ay Stiven müəllim, soruşuram, sən xoşbəxtsənmi, sənin vicdanın varmı, yaxud sizin kənddə vicdan nəyə deyillər? (Mənada təkcə Stiven Duqlas nəzərdə tutulmur, onun cərgəsində olanlar da aiddir.)

Qurub yaratdıqlarınızın ucbatından günahsız insanların, qocaların, qadınların, məsum körpələrin saya-hesaba gəlməyən zülmlərini, acılarını, faciələrini görmürsünüzmü? Yox, sənin dediyin vicdan mənə gərək deyil! Mən təmiz vicdan qanmıram. Mənim tanıdığım vicdan təmizlikdən də ifrat olan paklığın dərəcəsindədir! Vicdan varsa, təmizlik var deməkdir, bəs təmiz vicdan sahibi olmaq nə deməkdir? Ləkəli vicdan sahibi olmaq, vicdansızlıq deməkdir. Ona görə də, Stiven müəllim, təmiz vicdan deyə-deyə vicdana bir təmizlik lapeti də qoşursunuz, qoşmayın. Mən onu görmüşəm, bütün zəlalətə ədalətli hakim olan, bütün zillətlərin qarşısını alan vicdanı. Müəllimlərimdə, ağsaqqallarımda görmüşəm. Hətəm müəllimdə olan vicdanı nəzərdə tuturam. Onun vicdanı, onun səadəti, onun qeyrətinin inikası, onun namusunun özündə boy atmışdı. Onun vicdanı elə bir bir vicdan idi ki, heç vaxt özünə görə ona əziyyət vermədi, yalnız başqalarının qüsurlu hallarına görə əzab çəkdi. Haqsızlıq qarşısında yüklənərdi onun vicdanı, zəifi tapdamaq yoluna sipər idi, arxasızın haqqı üzərində ən güclü səs, hayqırtı, etiraz idi onun vicdanı.

Bizə də bu dərsi yüksək səviyyədə keçib, ona görə də bizdən heç kimə zərər gəlmir, sizlər kimi. Əgər sizin də müəllimləriniz bizimkilər kimi olsaydı, yıxmazdınız bu dünyanı, dayaq olardınız. Eyni bizimkilər kimi!...

Hətəm müəllimin vicdan müstəvisində qeyri-adi görkəm alardı, alt dodağını üst dodağına sıxar, başı ilə də müdrik tərzdə təsdiq işarəsi göstərərək qarşıdakının haqlı olduğuna həmrəyliyini bildirərdi. Dil tərpənməzdi, fikir tam aydın olardı. Haqsıza isə bu hal; “Dünya sənədəmi unutdurdu haqq-ədaləti” ifadəsinin tam məzmunu idi. O qədər mehriban, səmimi, cömərd adam idi ki, bəlkə də bu fani həyatda bir dəfə də olsun öz üzündən vicdan əzabı içərisində qalmadı, onun yatağına qor dolduran nadanların nahaq hərəkətləri idi. Yuxu yatağında onun ən gözəl, ana səsi kimi müqəddəs layla çalanı vicdanı idi, geni-qanı ilə ruhuna köçmüş vicdanı. Heç bir naqisliyə görə onu yormadı, zövq aldığı ruhi mötəşəmliyi mənviyyatının füsunkarlığı ilə, vicdanının yaratdığı seyrangahda tapardı.

Bir kəsə haqsızlıq olardısa Hətəm müəllim dərhal keçib onun yanında dayanar, baxışı, gözü, siması, üzü, üzünün mimikası ilə etirazını bildirərdi, vicdansıza da vicdanla yanaşmaqla, vicdanın hakimliyini göstərərdi. Heç kimin ona olan doğma münasibətini yandırıb külünü küləklərə sovurmadı. Doğmalığını, doğmalardan yaxın münasibətini könül sovqatı ilə ortaya qoyurdu. Onu tanıyanları elə əziz bilirdi ki, özünə Ana ürəyi ilə yanaşırdı insanlara, o təmizlik , o hərarət, o vicdan, o müdriklik Çalmalıdan uca , Dik Pilləkəndən hündür, Keytidən əzəmətli və qüdrətli idi. Uşaqlığımdan Hətəm müəllimin hərəkət tərzini, yalçın qayaların duruşuna, dağların vüqarına bənzətmək haradan ağlıma gəlmişdi, heç onu da bilmirəm?!
Həyatda bütün gözəlliklərin şəklini mübarək qəlbinə çəkər, sonra isə onu səfa mənbəyi kimi urvatla sərgiləməklə qəlblərə şəfaət çiləyərdi, pəjmürdə halların peyvəndi idi onun simasındakı görkəm.
El içində, məktəbdə Hətəm müəllimdə olan təmiz ürək ətrafdakı ürəklərin tahirliyi üçün saf bir çeşmə kimi daimi qaynayırdı. Onun vicdanı el-obada ədalətinin vəkili idi, mühakimələrin hamısı, Hətəm müəllimin olduğu məkanlarda ancaq Allah qanunları ilə qərarlaşardı. Onun bütün qohumları, yaxınları, şagirdləri nə uğur qazanırdılarsa, onun çox mislinin sevincini yaşayaraq gözlərindən gülüş sıçrayırdı ətrafa. Hətəm müəllimin qəlbinin səsi, doğmaları üçün münbit şəraitdə bitən bar ağacına münbitliyin təsiri nə qədərdirsə, o qədər gözəl haray idi. Mənə görə bütün dünyanı lərzəyə gətirib qana bulayan bütün “vicdanı təmizlərindən” Hətəm müəllimin vicdanının dəryalara nisbət olan bir damlası üstündür.
Aldığı maaşı bilmirəm, düşüncəmə görə ən zəngin adam idi. Sənətinin zənginliyi, müəllimliyinin müqəddəsliyi mövcud olan və olmayan heç bir vasitə ilə dəyişdirilə bilməz. Onun xəzinəsi sərhədləri bilinməz olan müəllimliyi idi. Əynindəki libasın üzərində fəzilət pərdəsindən tikilmiş bir “əba”sı da var idi. Bütün meyvələrini (şagirdlərini) o əbanın altında yetirərdi. Ən gözəl bağbanın barı, becərdiyi bağın ağaclarını sayında deyil, məhsuldarlıqda bağı salmalı olduğu məkanın da rolu böyükdür. Bu baxımdan bağını salacağı yeri də əvvəlcədən müəyyənləşdirirdi. Heç vaxt kölgəli sinfi götürməzdi. İşıqlı siniflərdən seçərdi, öz zəkasının işığını günəşin al şəfəqlərinə qatıb, zəkalara nur səpərdi, ağıllar yetirərdi. Şagirdə ən ağır sözü; “get naxıra, gəl axıra, deyə məktəbə gedib gəlmək olmaz” idi. "Gəldiyinizə görə bir şey öyrənin" deyərdi. Zəhmətkeş kasıb adamların balalarının valideynlərnin zəhmətini batıracağından çox qorxurdu. Onun susmağı ən böyük ittiham idi. Susqunluğunda olan ittiham tərzinin böyük təsir qüvvəsi yaşlıda da, cahalda da mütləq iz qoyurdu.

Az danış, desinlər, sözündə güc var,
Çox sözü dinləyən, çox nöqsan tapar.
Çox danışmaq bəlkə sənə asandır,
Çox oldu desələr, böyük nöqsandır!

Həyat prinsipi ilə yaşayardı. Hamı danışarkən söhbət mövzusunun mahiyyətini hamıdan yaxşı bildiyi halda, ətrafdakıların fikirlərinə hörmətlə yanaşar, sanki yenilik öyrənir deyə, yoldaşlara rəğbət göstərərdi. Əslində isə, onun bildiyi səviyyəni, digərləri əksər vaxt qət edə bilməzdi. Danışığında kimsənin ona nöqsan tutmasına yer yox idi. Danışdığı sözün mənası çoxları tərəfindən atalar sözü kimi qəbul edilərdi.
Bir məclis olarkən insanlar iki-iki, üç-üç müxtəlif mövzulardan söhbətlər açar, fərqli söhbətləri müzakirə edərdilər. Beyqafıl içəri Hətəm Dədə girsəydimi, hamının sözü bitərdi. Bu həm onun gəlişinə insanların ehtiramının əlaməti idi, hamı onu ayaqüstə qarşılayardı. Həm də o demək idi ki, sən olan yerdə biz nədən danışaq? Hətəm müəllim heç bir məclisin ovqatını pozmağı xoşlamırdı, amma insanlar davranışlarının və danışıqlarının düzünü-səhvini onun üzündəki cizgilərədə axtarıb tapırdılar. Düz olan sözünü davam edirdi, qeyri-düz isə heç kim sus demədən susurdu. Çox zaman Hətəm müəllimin hər hansı məsələyə sakit susqunluqla olan reaaksiyası, əlavə müzakirə mövzuları açırdı. Onun simasındakı görkəmin hər bir tərzinə dəyər verən insanlar, xətrinə uyğun olub olmayan məsələlər üzərində özlərini təkminləşdirirdilər. Bilirsiniz, təlim-tərbiyə insanlıqda müxtəlif yollarla formalaşır. Məktəbdə, cəmiyyətdə, ailədə, ustad olan kimsə haqqı və dürüstlüyü başa salmaqla səni real məsələlərin üzərinə çəkir, ağılalmaz şeylərdən uzaqlaşdırmaqla, ağılalmayan şeylərdən imtina etməyə çağırır. Bu yolda vaxtını boş xərcləmədən kamilliyə və nicat yoluna vaxtında çatırsan. Bu gerçək tərbiyə əlamətləridir. Bir də ki, hər hansı müdrik insana o qədər mənəvi gücü bərk olan tellərlə bağlı olursan ki, o adam həyatda olmayanda da onunla olub, hər bir niyyəti onun istəyi üzərində qurub, qəlbində onu oxşayırsan, daim onun etimadını qoruyursan. Sağikən müəlliminlə bir olduğun kimi, o, haqq dünyasına qovuşduqdan sonra da onun ruhu ilə bir olub, onun ideyaları ilə yaşayırsan. Heç bir halda müəllimini tərk etmirsən.

Elə rəhmətlik Hətəm müəllim də onu tərk etməyə yer qoymadı. Bütün nəsil-nəcabət, el-oba, şagirdləri bu gün də onunladı. Onun ruhuna and içər, onun yolunu əziz tutar, onun ruhuna hörmət əlaməti olaraq şərəfini qorumaqla ehtiramlarını saxlayarlar. Xalqa, millətə bağlılığı, elini sevməyi dərin təəssüb hissinin ərşə qədər böyüklüyündən irəli gəlirdi. Heç kol dibində ömür-gün sürənləri sevmzədi. Zatı da, südü də saf idi, alnıaçıq, üzüağ, namuslu adam olmağı insanlığa misal göstəriləsi mükəmməl mənəvi aləmini formalaşdırmışdı. Onun həm özünün, həm də başqalarının müşkülü üçün açar olan dərin düşüncəsi bütün mövzuların nöqtəsini qoymaqla, Hətəm müəllim şəxsiyyətinin ucalığının barizliyi kimi hər kəs tərəfindən məmuniyyətlə qəbul edilirdi.
Hətəm müəllim həqiqət müəllimi idi. Onun qarşısında oturan şagirdlərin könül zəmisini elə gözəl əkib becərirdi, oraya gerçəklə dürüstlüyün calağından yaratdığı elə gözəl zoğlar əkir, toxumlar becərirdi ki. Becərdiyi budaqların ilk nübarını da elə öz şagirdlərinə təam etdirməklə onların məsləklərini haqq sevdası prizmasında çəmləyirdi. Bir məsəl vardı, müəllim yetirmələrinin yolunda şama bənzəyər. O, hikməti praktiki həyatda görmək üçün ən parlaq nümunə Hətəm müəllimin ağılları işıqlandıran, düşüncələrə yol açan ziyasını seyr etmək idi.
Atan sənin cisminin qidasını gətirir, müəllimisə ruhunun qidasını. Cisim torpağa qoyulur, ruh isə sonsuz və azad göylərdə pərvazlanır. Müəllimin kimliyi o qədər əzizdir ki, o ərşə-Allaha yaxın olan məqamlarda dolaşar! Əziz olan Allah mütəal sifətindən Hətəm müəllimə çox şey əta etmişdi. Hətəm müəllim yetirmələrinə "xoşbəxt olmaq yaxşı şeydir" deyə bəhs açmazdı. O, pedaqoji fəaliyyətini xoşbəxtlik nərdivanının pillələrini qalxmaqda hansı vasitələrdən necə istifadə etməyə, uzun ömür yollarında ruh və elm azuqəsini israfdan qorumaqla mənzilə yetişməyin üslubunu öyrətməyə yönətmişdi. Səadət yolunun haradan başlayıb, haradan keçdiyi dolaylarda projektor rolu oynayan ideyalarla zənginləşdirirdi yetirmələrinin hafizəsini.
Həmişə yaxşı şagird axtarışında idi. Yaxşı oxuyan şagirdə də yaxşı şagird deməyə tələsməz, daha yaxşı beyin axtarıb, daha yaxşısını hazırlamağı sənətinin məziyyətinə çevirmişdi. Dərsini oxumayan uşaqlara şillə vurmağı da yadda bal kimi qalır. Həyat şilləsi yeməmək üçün müəllim şilləsi ilə bəzən şagirdini nicat yoluna sövq etmək üçün olmazın əzab-əziyyətini çəkirdi. Onun aylıq məvacibi üç yüz manat olsa da, hər ilki sevinci milyonlarla idi. Çünki hər il yetirmələri instituta qəbul olduqca, milyonların sevincini yaşayırdı, ən ali mükafatı elə bu idi. Yazımın əvvəlində qeyd etdiyim kimi, ən böyük ödülü onun vicdanı verirdi.
Hətəm müəllimgilin nəsilləri az saylı adamlardan ibarət deyildi. Amma bu sayın kəmiyyət deyil, keyfiyyət göstəricisinin mayasında Hətəm müəllimin adı öndə idi. Öz qardaşı övladlarını elə bir övladlıq gözündə tuturdu ki, mən hansısa valideyndə o cür ali valideynlik hissi tapmaqda çox adam tanımıram. Qohum-qələvənin balalarını elə əziz tuturdu ki, uşaqlar valideynlərindən görmədikləri gözəllikləri Hətəm müəllimdə görürdülər. Açığı deyim, öz ata-analarından çox sevirdilər onu. Çünki əsl insan sevgisinə layiq adam idi Hətəm müəllim.
Mən bu keçmişləri yazıram ki, gənc nəsillərimiz gələcəyini qurmaq üçün keçmişlərini oxusunlar! Amma keçmişdə ilişib qalmaq intibaha səbəb ola bilməz, təbəddülatın qarşısın alar. Keçmiş ona görə şirin görsənir ki, o gəlib keçmişdir, əlinin içərisindən gedib, gələcəyin isə öz əlindədir, işində, əməlindədir. Mən isə böyük, ulu kişilərin yolu ilə gedib o yollarda ululuğu yaşatmaq üçün cəhdlərimi bu yazıların ortaya çıxması istiqamətinə yönəldirəm.

İlahi düzəltsə hər diləkləri,
Din itməz, arada iman pozulmaz
Həmahəng döyünsə dost ürəkləri,
Çuğulun sözüylə peyman pozulmaz.

Söz-sənət yaranmaz, qüdrət olmasa,
Üz-üzdən utanmaz, minnət olmasa,
Min qanlar tökdürən sərvət olmasa,
Ədalət tapdanmaz, divan pozulmaz.

Şahda mürvət olsa, ağada kərəm,
Ehtiyac ürəkdə bağlamaz vərəm,
Şiruyəyəm, el sözüdür deyirəm,
Ağsaqqal düz olsa, cavan pozulmaz.

Böyük şairimiz Sərraf Şiruyənin sözlərindən stat gətirməklə məqsədimin incə yerində şairin sözlərinə istinad etmək durur. Çuğulluğa meyilli adamları qınamaqla, peymani qorumaqla, ədaləti tutmaqla, ağsaqqal düzlüyü ilə dünya içərinsində yüzlərin, minlərin islah olduğu kişilik meydanı açdı öz ömrünün içərisində. Özünü dərk etməyənlərə özünü dərkin qayəsini göstərdi, halallığın mayasını nümayiş etdirdi Hətəm müəllim. Onun qarşısında düz olmayan da düzlənirdi. Necə ki ilan hər yerdə əyri dolaşsa da, öz yuvasına düz girər.
Onun kölgəsi məhək daşı, varlığın doğruluğa yönələn inikası idi.

Hacı Abbas Əli oğlu Bağırov

Goyce.az


Etiket:
Xəbərlər

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024

60 YAŞIN MÜBARƏK!

15.01.2024

AŞIQ İSLAM YUSİFOV
(1893-1968)

12.01.2024

Milli dövlətçilik tariximizin məğrur lideri

28.12.2023

Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə "Qərbi Azərbaycan yolunda" adlı konfrans keçirilir - FOTOLAR

28.12.2023

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU. BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

27.12.2023

AZƏRBAYCAN AŞIQ POEZIYASININ GÖRKƏMLİ NÜMAYƏNDƏLƏRİNDƏN BİRİ ŞAİR, USTAD AŞIQ NÖVRƏS İMANIN 120 İLLİK YUBİLEY TƏDBİRİ KEÇİRİLİB

26.12.2023

İLAHİ EŞQİN TƏRCÜMANI

24.12.2023

Müzəffər Ali Baş Komandan, Qarabağın Fatehi, sizi doğum günü münasibətilə təbrik edirk!

24.12.2023

Həsən Xəyallının şeirlərində dini məqamlar. “Qıfılbənd”in təhlili

21.12.2023

BÖYÜK MƏZRƏ - GÖYÇƏ MAHALI

10.12.2023

Dekabrın 7-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda Qərbi Azərbaycan əsilli rəssamların əsərlərindən ibarət sərgi açılıb.

07.12.2023

Tanınmış hərbi ekspert Telman Qasımov İrəvana səfər edib.    

05.12.2023

HƏYATDA ÖZÜMÜ XOŞBƏXT ADAM HESAB EDİRƏM Ki, HEYDƏR ƏLİYEVLƏ BİRGƏ İŞLƏDİM

04.12.2023

AMEA müxbir üzvü, Basarkeçər rayon icma sədri, professor Nuru Bayramov İnönü Universitetinin “Fəxri Doktoru” seçilib - FOTOLAR.

03.12.2023

 Bax, biz Göyçə torpağındayıq...

29.11.2023

BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ “Qərbi Azərbaycanda türk müsəlman abidələrinin erməni vandallığına məruz qalması” mövzusunda elmi seminar keçirilib - FOTOLAR

25.11.2023

SƏHRADA YALQIZLIQ

25.11.2023

Azərbaycanda ilk dəfə “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir FOTO

23.11.2023

İcma: Paşinyan hökumətindən azərbaycanlıların Ermənistanda öz dədə-baba yurdlarına qayıdış hüququnu tanımasını gözləyirik

21.11.2023

“Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunan - MÜBARİZ QULUYEV BABACAN KƏND İCMASININ SƏDRİ SEÇİLDİ-FOTOLAR

14.11.2023

Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib

08.11.2023

Qərbi Azərbaycan İcmasının Basarkeçər rayonu Dərə kənd sakinləri və Dərəli kökənli gənclərlə görüşü keçirilib.

07.11.2023

Ulu Öndər Heydər Əliyev xatirələrdə

31.10.2023

"Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi" hesabatının təqdimatı ilə bağlı konfrans keçirilib.

30.10.2023

Oktyabrın 27-də Qərbi Azərbaycan İcmasında (QAİ) “Ulu Öndər Heydər Əliyev xatirələrdə” kitabının təqdimatı keçirilib.

28.10.2023

“Oğul” filminin rejissoru: “Erməni hərbçilərdən biri Natiqin cəsurluğunu etiraf etdi” - MÜSAHİBƏ

26.10.2023

Nərimanlı gəncləri ilə görüş keçirilib - FOTOLAR

24.10.2023

TANINMIŞ ALİM, İSTEDADLI ŞAİR-PUBLİSİST - RAMİZ HƏSƏNLİ ŞİŞQAYA KƏND İCMASININ SƏDRİ SEÇİLDİ

21.10.2023

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qüdrətdən səngərli, qalalı dağlar” adlı konsert proqramı keçirilib.

21.10.2023

Erməni dostunun azərbaycanlı yazıçıya hər il yazdığı mesaj: “Axırda...” – Müsahibə

17.10.2023

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Qərbi Azərbaycan İcmasının TƏBRİKİ

17.10.2023

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb və çıxış edib.

15.10.2023

"News.ru" informasiya agentliyi “Səbir və uzaqgörənlik: İlham Əliyev ölkənin ərazi bütövlüyünün bərpası missiyasını necə yerinə yetirdi” adlı məqalə dərc edib.

15.10.2023

Mərhəmlik və mərhəmət nümunəsi

09.10.2023

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayon icmasının üzvləri ilə görüş keçirilib

07.10.2023

TÜRK DÜÇÜNCƏSİ ELMİ VƏ BƏDİİ MÜSTƏVİDƏ

05.10.2023
Bütün xəbərlər