Qəriblikdə ölmək qorxusu...Əmimin əziz xatirəsinə ithaf edirəm

10:00 / 04.03.2023
Baxılıb: 334

Bu dağlar olmasaydı, çiçəyi solmasaydı,
Ölüm Allahın əmri, ayrılıq olmasaydı.

Onu vilayət mərkəzinə elektrik qatarı ilə gətirdilər. Pilləkənlərlə yuxarı qalxanda Sovet dövründən qalmış xəstəxananın divarları üstünə gəlməyə başladı... Elə bu anda onun daxilini dəhşətli qorxu hissi bürüdü. Bu, tamam başqa bir duyğu idi. Harada səhv etdiyini düşünməyə çalışdı. Hərçənd ki, düşünmək üçün artıq çox gec idi... Onu analiz vermək üçün növbəyə yazanda da qəribə duyğu onu tərk etmədi. Artıq bu divarların soyuqluğu qəlbinə də hakim kəsilərək onu bu dünya üçün yadlaşdırmışdı. Doğma olan heç nə qalmamışdı. Bir anda özünü dünyanın ən bədbəxt adamı hesab etdi... Buna görə də yurd həsrətli keçmiş xatirələrlə özünü ovundurmağa çalışdı...

Bir vaxtlar Qasım Xanın qılınc çaldığı bu torpaqlarda əslən Türkiyənin qərb sərhədlərindən olan türk qövmündən insanların məskunlaşması tamamilə təsadüf idi. Ermənilərin Azərbaycana qarşı yeni torpaq iddialarının nəticəsi olaraq öz ata-baba yurdundan çıxmaq məcburiyyətində qalanların bir hissəsi erməni qətliamından qurtulmaq üçün ucsuz-bucaqsız qıpçaq çöllərinə üz tutmuşdular.
Tarixən bu yerlər eyni soydan gəldiyi qıpçaq türklərinin əzəli torpaqları olsa da, həm artıq başqa bir dövlətin hansısa vilayətinin tərkib hissəsi, həm də burada bölgənin əsl sahiblərindən nümayəndənin olmaması səbəbindən qaçqın düşərək bura üz tutanlar üçün doğrudan da qürbət sayılırdı. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra tezliklə bütün qohum-əqrəba Vətənə üz tutdu. Amma o getmədi... Bəlkə də özündən asılı olmayan səbəblərdən gedə bilmədi...
İndi vətəndaşı olduğu, amma yad bir ölkədə qışın oğlan çağında qıpçaq çöllərinin şaxtasının dondurduğu xəstəxana binasının bayırı kimi, içərisi də som-soyuq idi. Bu yad ellərdə qaldığı xəstəxana platasının soyuqluğu onu daha da vahiməyə salmış, sanki canına bir üşütmə düşümüşdü. Bu palatanın soyuq olmasından deyildi, burası kifayət qədər isti idi. Onu üşüdən, vahiməyə salan başqa bir duyğu idi, beyninə hakim olan bur qorxunun təsiri ilə həyatının ən xoş, yaxud kədərli anları, dərin iz buraxan məqamları bir kino lenti kimi gəlib keçdi gözünün önündən.

...Şörəyel mahalında artıq el yaylaqdan kəndə qayıtmış, kolxozun kənd camaatını becərməyə məcbur etdikləri şəkər çuğunduru sahələrindən məhsullar yığılıb təhvil verilmiş, çuğundurun yarpaqları mal-qaranın qış azuqəsi kimi cərgələrlə pəyələrin damına sərilmişdi. Artıq kəndin toy-düyün mövsümü başlamışdı. Əsgərlikdən gələn, institutu bitirən cavanların toy məclisləri bir-birinin ardınca düzülmüşdü. Zurna-davul səsi dərənin iki tayına yurd salan oğuz elinin məskunlaşdığı kəndi lərzəyə gətirirdi. Qız-gəlin, kəndin cavanları oynamağında olduğu vaxt kişilərin məclisində başqa əhval-ruhiyyə vardı. Bığıburma, yaraşıqlı oğlanın gözəl səsi məclis əhlini valeh etmişdi:

Bu dərənin gəvəni, gəvən sarmış gəvəni,
Paşadan əmir gəlmiş, sevən alsın sevəni!
Ağlama, ceyran balası, sızlama, ceyran balası,
Gedər gözün qarası, gedər gözün qarası...

Sadə, anlaşılan və xalqın yaxın keçmişinə vurğu edən bu misralardan sonra məclisdə “sağ ol, halal olsun” sədaları eşidilirdi. Bu tərifdən cuşa gələn cavan oğlan eyni təmkinlə mahnısına davam edirdi:



Bu dağlar olmasaydı, çiçəyi solmasaydı,
Ölüm Allahın əmri, ayrılıq olmasaydı.
Ağlama, ceyran balası, sızlama, ceyran balası,
Soyunum bax, canıma, hamısı sevda yarası...

Qədim türk yurdu Kərkük elinə məxsus olan bu mahnının misralarını toy məclislərində oxuduğu günlər yadına düşdü. Kərkük kimi onun yaşadığı Şörəyel mahalı da qaysaq tutmuş yaralardan hali deyildi. Onda özü də əsl ayrılığın nə olduğunu bilmirdi. Eldən-obadan bir neçə dəfə ayrı düşmüşdü. Məktəbi bitirdikdən sonra oxumaq üçün qohumlarının yanına getmiş, instituta qəbul ola bilmədiyi üçün Sumqayıtda peşə məktəbinə daxil olmuşdu. Lakin doğma kəndindən uzaq düşmək onluq deyildi. Peşə məktəbini yarımçıq qoyub kəndə qayıtmış, ailə qurmuşdu. Beləcə ilk ayrılığın ömrü uzun sürməmişdi...
Sən demə, hələ əsl ayrılıqlar qabaqda idi. Hərbi xidmətə getməsi, işlə bağlı kəndi tərk etməsi və... Ondan sonra ayrılığın nə olduğunu dadmışdı. Şörəyeldən ellər köçə məruz qalanda üzünü bu qərib yerlərə tutduğuna daxilən min peşmançılıq keçirmişdi. Cəmi bir neçə il sonra qardaşının vaxtsız ölümünə, ardınca atasının vəfatına görə Azərbaycana getməyə məcbur qalanda çox keçirmişdi bu hissləri. Amma doğma qızını gənc yaşlarında itirəndə yenə məcbur qalıb Vətənə getməsi, nəhayət onun burada qalmasını şərtləndirdi. Doğma ölkəyə gəlib yeni yurd salmaq onun ölənə qədər qəlbində gəzdirdiyi bala dərdini, doğma yurd həsrətini azaltmadı.
...Bu çətin anda doğma kəndi ilə yanaşı, gənc yaşda xəstəlikdən vəfat edən qızı və bütün dünyadan köçənləri də yadına düşdü. Əvvəlcə anası, 10 il sonra qardaşının qəfil ölümü, atasının, qızının, həyat yoldaşının vəfatı, ən nəhayət, qardaşı oğlunun faciəli şəkildə dünyadan köçməsi... Bunlar hamısı onun üçün ən ağır dərdlər idi. İndiki halı üçün illər əvvəl həvəslə oxuduğu mahnının digər misralarını özünə yaraşdırdı:

Ağlaram, ağlar kimi, dərdim var dağlar kimi,
Yüz yerdən yaralıyam, gəzərəm sağlar kimi...

Onun hörməti təkcə toy-düyün məclislərində yüksək deyildi. O kənddə qorxmazlığı, cəsarəti, ötkəmliyi ilə hələ lap cavan vaxtlarından ad çıxarmışdı. Sumqayıtdan yayda kəndə qayıtması onun taleyinin başqa bir dönüş nöqtəsi oldu. Bir daha Sumqayıta qayıtmadı. Çünki evlənmək qərarına gəldi. Bununla da özünü qərib hiss etdiyi Sumqayıta getməkdən də xilas oldu.
Kənddə bu dəfə daha möhtəşəm toy-büsat quruldu. Evin olub-olmamağı əsas deyildi. Əsas evlənmək idi. Yəni o vaxt kənddə belə bir düşüncə üstünlük təşkil edirdi ki, kimsə təhsilini davam etdirməyib, hərbi xidmətdən də qayıdıbsa, o mütləq evlənməliydi. Sosial cəhətdən təminatlı, varlı-kasıb olması burada əsas rol oynamırdı, təki toy olsun. Belə bir yazılmamış qanunun hökm sürdüyü bir mühitdə əslində başqa seçim yolu da yox idi. Böyüklər “ruzini Allah yetirər” deyib cavanların başını bağlayırdılar.
Həyat onu çox yaralamışdı. Övladları üçün arzuladığı gələcək bu deyildi. Özünün qoçaqlığı ilə uşaqlarına yaxşı gün-güzəran yaradacağına ümid edirdi. Nə biləydi ki, gün gələcək fələyin çərxi tərsinə dövran edəcək. Artıq atalar övladlarına xeyir iş eləmək iqtidarında olmayacaqdılar. Bunu heç vaxt hesaba qatmırdılar. Ona görə ki, o vaxt kənddə yaşayan əksəriyyət kimi Sovet dövlətinin əbədiliyinə inanıb, dünyanın belə gəlib, belə də gedəcəyini güman edirdilər...

Ötən yay qardaşı oğlu Vətəndən onun yaşadığı kəndə gəlmişdi. Qayıdanbaş gəlib onunla görüşəndə ürəyinə dammış kimi dönə-dönə “özünə yaxşı bax” dedi. O sözləri yadına saldı və özündən asılı olmayan səbəbdən özünü qoruya bilmədiyinə bir daha heyfsləndi. Daha bir və sonuncu peşmançılığı isə, Azərbaycandan bu qərib elə yenidən gəlməsi ilə bağlı oldu...
Onun indi tək bir qorxusu var idi: Qəriblikdə ölmək qorxusu... Bu qorxu bu dəfə artıq onun qəlbinə, beyninə və bütün bədəninə hakim kəsilmiş, tərk etməsi də artıq mümkünsüz idi. Bu qorxu hissi onun həyəcanını daha da artırdı, bu yad palatada özünü daha da yalnız hesab etməsi bir tərəfdən onu boğmağa başladı. Bir anda elə bil onu qaldırıb yerə çırpdılar. Səsə digər xəstələr diksindilər...
Həkim gələndə yerdə onun cansız bədənini gördü. Artıq gec idi...
Bədənini əsir alan qorxu onun sonunu da hazırlamışdı... Bundan sonrakı qisməti Vətəndə atasının ayaq ucunda yatmaq idi...
Qəbir daşındakı rəsminin sol yanına isə qərib düşdüyü eldə yatan anasının əksi həkk olundu...
Bu dərənin yanına qazın mənə bir məzar,
Qoyun məni içinə, ölüm qəhrimə qədər.
Yazın məzar daşıma, bəlkə oxuyar ağlar:
“Oy ana, canım ana, dərdi göstərdi mənə,
Qovurdu da içimi, “sarılma”, – dedi mənə...”

Qaşqay ZİYƏDDİNOĞLU


Etiket:
Xəbərlər

Göyçə Mahalı Daşkənd kəndi

13.03.2023

Qərbi Azərbaycan İcması Ermənistanın baş nazirinə məktub göndərib

12.03.2023

İKİYƏ BÖLÜNMÜŞ GÖYÇƏLİ VƏ GÖYÇƏSİZ ÖMÜR

10.03.2023

GEC TAPIB, TEZ İTİRDİYİM DOSTUM

05.03.2023

Zahid Oruc: "Göyçə Qərbi Azərbaycanın Şuşasıdır!"

04.03.2023

Qəriblikdə ölmək qorxusu...
Əmimin əziz xatirəsinə ithaf edirəm

04.03.2023

Aşıq Ələsgər yaradıcılığında irfan məqamları

02.03.2023

Meksikalı deputatlar Qərbi Azərbaycan İcmasında olublar.

01.03.2023

Dağıstanı xilas edən azərbaycanlı - Əziz Əliyevin HƏYAT HEKAYƏTİ

20.02.2023

Göyçə mahalı, Qaraiman kəndi

19.02.2023

Tanınmış həkim Şirazi İbrahimov Nərimanlı kənd icmasının sədri seçildi

19.02.2023

Qərbi Azərbaycan İcmasında görüş keçirilmişdir.

 

12.02.2023

Düşüncələrin kölgəsindən özünə - Yazıçı Rüstəm Dastanoğlunun "Düşüncələrimin kölgəsi" kitabı haqqında - Əsəd CAHANGİR

06.02.2023

Ələddin Allahverdiyev "Düşüncələrimin kölgəsi" kitabı haqqında

04.02.2023

 İnsanların 74.6%-i Qərbi Azərbaycana qayıdışın baş tutacağına inanır. 

19.01.2023

Klassik şeirimizin xalq ruhunun Heyranı...

13.01.2023

Qərbi Azərbaycan İcması müraciət yayıb

12.01.2023

"Deyiblər, ya gecə ikən çıxın, ya da sabah silahlılar gələcək" - Misir Mərdanov

27.12.2022

Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub

24.12.2022

Prezident: Gün gələcək, biz Qərbi Azərbaycanda da belə gözəl məclis keçirəcəyik  

24.12.2022

Prezident İlham Əliyev: Biz birgə səylərlə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını da işləməliyik

24.12.2022

Prezident İlham Əliyev: Qərbi Azərbaycana Qayıdış Konsepsiyası çox sanballı sənəd olmalıdır

24.12.2022

Prezident İlham Əliyev Əhliman Əmiraslanovla bağlı  Sərəncam imzaladı

16.11.2022

Fəxrəddin Salimin “Dədə Qorquddan Dədə Ələsgərə” kitabının təqdimat mərasiminin iştirakçılarına Ələddin Allahverdiyevin təbrik məktubu

11.10.2022

Kəsəmən məktəbinin məzunlarının 50 illiyi

30.06.2022

Ələddin Allahverdiyev – 75

28.05.2022

Peşə təhsili alan gənclərin turizm sahəsində sahibkarlıq imkanları layihəsi keçirilir

04.03.2022

BÖYÜK AZƏRBAYCAN OLMALIYAM MƏN... GÖYÇƏ ADLI İLAHİ SEVGİ...

19.02.2022

Qərbi Azərbaycanın Qaraqoyunlu dərəsi haqda televiziya filmi

29.01.2022

Müəllimlərim haqda xatirələrim - Musa Kərimov 

17.01.2022

Səksəninci döngə

27.12.2021

İlham Əliyev – Onun əsil DOĞUM GÜNÜ 8 NOYABRDIR

24.12.2021

Akademik Əhliman Əmiraslanov Prezident İlham Əliyevə təşəkkür etdi

05.12.2021

İntiqamın arzusu: “Mənə elə rəssam verin ki, məni ayaq üstə çəksin”

24.11.2021

AŞIQ ABBASƏLİ NƏZƏROV

22.11.2021

Altmış ilin sözə dönən anları 

27.09.2021

Şəhid qardaşıma məktub – Günay Vəlizadə yazır
   

25.09.2021

Nazilə Gültacın təqdimatında könül yolçuluğumuz davam edir. Bu dəfəki könül yolçumuz Gülay Toldur.

08.09.2021

UĞUR ƏNGƏL TANIMIR

07.09.2021

Göyçə mahalının Basarkeçər rayonu İkinci dünya müharibəsində

02.09.2021

Nazilə Gültacın təqdimatında könül yolçuluğumuz davam edir. Bu dəfəki könül yolçumuz Üzeyir Güleçdir.

02.09.2021

Nazilə Gültacın təqdimatında könül yolçuluğumuz davam edir. Bu dəfəki könül yolçumuz  Turğay Değrimencidir.

30.08.2021

Sən özün bir kitabsan - Aygün Xəlilqızı yazır

07.08.2021

Aşıq Ələsgərin gürcü dilində nəşr edilən şeirlər kitabının təqdimatı keçirilib

06.08.2021

"Dədə Ələsgər ocağı" İctimai Birliyinə professor Ələddin Allahverdiyevin təbrik məktubu.

17.07.2021

Azərbaycan təbiəti və Aşıq Ələsgər

08.07.2021

Aşıq Ələsgərin gürcü dilində şeirlər kitabı nəşr olunub.

30.06.2021

Bağırovun NKVD "padvalında" döydüyü qatı bolşevikin dəhşətli aqibəti

08.06.2021

Tbilisidə Mehriban Əliyevaya həsr olunan gürcü dilində kitab təqdim edilib

07.06.2021

QƏRBİN QURUMUŞ GÜLLƏRİ, ŞƏRQİN DÖYÜNƏN QƏLBİ...  

26.05.2021
Bütün xəbərlər