ERMƏNİ SOYADLARI ERMƏNİLƏRİN TARİXİ KİMLİYİNİN GÜZGÜSÜDÜR

12:00 / 23.01.2019
Baxılıb: 4322

Ermənilər (haylar) kimdir, mənşələri nədir, hansı etnik-mədəni sistemə daxildirlər, hansı coğrafi məkanda və nə vaxt tarix səhnəsinə çıxıblar? Yaxın Şərqə və Qafqaza nə vaxt gəliblər, necə olub ki, bütün dünyaya səpələniblər?

Bu və bu kimi suallar yüzillər boyudur ki, alimləri düşündürür, lakin dəqiq bir cavab, ortaq bir fikir yoxdur. Ona görə yox ki, elm bu suallara cavab verməkdə acizdir, ona görə ki, birincisi, söhbət normal bir etnik toplumdan, xalqdan, millətdən getmir, dünyanın erməni kimi tanıdıığı, lakin özləri özlərini erməni yox, hay adlandıran, dillərinə hay dili, əcdadlarına Hayk, atalarına hayrik, vətənlərinə Hayrenik, ölkələrinə Hayastan deyən, etnik cəhətdən çox mürəkkəb, qarışıq və qeyri-yekcins bir toplumdan gedir.

İkincisi də ona görə ki, ermənilər lap qədim dövrlərdən üzü bəri qəbilələrin, tayfaların, xalqların oyuncağı olublar, indi də böyük dövlətlərin və millətlərin əl ağacından, dirijor çubuğundan başqa bir şey deyildillər. Bunu onların özünə və başqalarına başa salmaq bu gün heç kəsə sərf eləmir, bu gün bütün dünyaya o sərf edir ki, ermənilər var və onlarla istədikləri vaxt istədikləri kimi davranır, onlardan istədikləri şəkildə istifadə edirlər və ən vacibi də odur ki, ermənilərin özləri də buna çox həvəslə gedirlər.

Maraqlıdır ki, kimlikləri barədə düşünən ermənilərin özləri belə bəzən özlərindən baş açmırlar. Məsələn, erməni alimi, akademik Manuk Abeqyan yazır: “Erməni xalqının əsli nədir,necə və nə vaxt, haradan və hansı yollarla o, buraya gəlib, erməni olmazdan əvvəl və sonra hansı tayfalarla əlaqədə olub, onun dilinə, etnik tərkibinə kim necə təsir göstərib? Bizim əlimizdə bunları sübuta yetirən aydın və dəqiq dəlillər yoxdur”

Akademik M.Ağanbekyan da eyni fikri təsdiq edir: "Erməni dili hibrid (calaq) dildir. O biri yandan erməni qəbiləsi də hibriddir”.

Erməni şairi M.Nalbandyan isə erməniləri ümumiyyətlə bir etnik varlıq kimi şübhə altına alır: “Mən ermənilərin yaşadıqları bir çox yerləri gəzmişəm. Daima xalis ermənicə olan bir şey duymağa çalışmışam. Təəssüf ki, bu arzum indiyə qədər yerinə yetirilməyib”.

Belə misalların sayını istənilən qədər artırmaq olar. Lakin məsələ düşündüyümüz qədər sadə və aydın deyil. Məsələ ondadır ki, bizim bu gün erməni dediyimiz millət ermənilər deyil, haylardır. Üstəlik, bugünkü ermənilər etnik cəhətdən yekcins olmadığı üçün onların damarlarında regionun bütün qədim və müasir xalqlarının, o cümlədən albanların, ermənilərin (ərmənlərin), qaraçıların, kürdlərin, farsların, talışların, tatların, ərəblərin, yunanların, aysoruların, gürcülərin, azərbaycanlıların,rusların və s. qanı axır, ən çox da qıpçaq türklərinin.

Onlar etnik toplum yox, kilsə ətrafına yığılmış dini toplumdur. Ona görə də dünən olduğu kimi, bu gün də onları kilsə idarə edir. Əlbəttə, bu tezisi əsaslandırmaq üçün ən azı üç suala cavab vermək lazımdır:

Ermənilər kimdir və Qafqazda nə vaxtdan yaşayırlar?

Haylar kimdir və Qafqazda nə vaxtdan yaşayırlar?

Qafqazda və Yaxın Şərqdə yaşayan ən müxtəlif xalqların nümayəndələri bu kiçik etnik toplumun içində necə əriyib haylaşdılar?

Biz də elə bu suallara cavab vermək istəyirik. Öncə ermənilər...

Əvvəla, Qafqaz tarixində erməni deyilən bir xalq yoxdur, heç alban deyilən bir xalq da yoxdur. Bütün bu ərazilər, xüsusilə, iki böyük Türk qövmü arasında bölüşdürülüb – Oğuz alplarının məskunlaşdıqları ərazilərə Alpan, Alp eli, Albaniya, yəni “Alpların ölkəsi”, qeyri-oğuz türk boylarının – Qıpçaq ərlərinin məskun olduqları coğrafiyaya isə Arman//Ərmən, Armaniya//Arminiya//Ərməniyə, yəni “Ərlərin ölkəsi” deyiblər.

Başqa sözlə, ermənilər və ya ərmənlər ən qədim zamanlardan üzü bəri Cənubi Qafqazda və Yaxın Şərqdə yaşayan oğuzlar, qarqarlar, qamərlər, saklar, işquzlar, qıpçaqlar, bulqarlar, gögərlər (quqarlar), hunlar, kasbilər, xəzərlər, şadlılar və b. kimi türk boylarından biri yox, onların bütöv bir qrupunun ümumiləşmiş adıdır, alpanlar// albanlar kimi, yəni subet-nosdur. Ona görə də bütün tarixi mənbələrdə bu coğrafiyada az qala dövlət səviyyəsində iki coğrafi məkanın adı çəkilir. Albaniyanın və Ərməniyyənin.

Üçüncüsü də var – İberiya, o da Ərlər boyu anlamındadır (İb-er//Bi-er və ya Eb-er), lakin hələ ondan burada danışmırıq, o, başqa söhbətin mövzusudur. Ümumiyyətlə, Cənubi Qafqaz və Yaxın Şərq tarix boyu Türk ərlərinin//alplarının ana yurdu olduğundan bu coğrafiyadakı bütün qədim dövlətlərin adında ərmənlərin də mənsub olduğu həmin Ərlərin//Alpların (Ər-manların//Alp-anların –“Ər kişilərin”) adı keçir: Şumer//Subar, Xarxar//Qarqar, Aratta, Ararat, Alpan, Arman, Aran, İber və s.

Sasani hökmdarları, daha sonra ərəblər bu bölgəni Ərməniyyə adlı dörd inzibati vahidə böləndə də bugünkü erməniləri yox, Türk Ərlərinin yaşadıqları coğrafiyanı nəzərdə tuturdular. Tarixi Ərməniyyə isə qədimdən qıpçaq türklərinin ana yurdu idi. Və 405-ci ildə Mesrop Maştots “erməni əlifbası” deyilən əlifbanı həmin ermənilər – xaçpərəst qıpçaq türkləri üçün tərtib etmişdi və bu gün yüzlərlə qıpçaq mətni həmin əlifbada günümüzə qədər gəlib çatmışdır. Görkəmli türkoloq alim, professor Aleksandr Karkavetsin “Erməni-qıpçaq yazıları” kimi dünya elmi ictimaiyyətinə təqdim etdiyi həmin mətnlər ən müxtəlif yönlərdən, xüsusilə Qafqazın tarixi ilə bağlı yuxarıda irəli sürdüyümüz konsepsiya baxımından öz ciddi elmi tədqiqini hələ də gözləməkdədir. Ərmən-qıpçaq türkləri ilə Oğuz türkləri arasında mövqe, mənsəb və ərazi davaları, təbii olaraq, həmişə olub və bunun ən bariz nümunəsini “Kitabi-Dədə Qorqud” dastanlarında görürük. Bu dastanda yerli “kafir” Qıpçaq türklərinin vətəni olan Ərməniyyənin yenicə islamı qəbul etmiş gəlmə Oğuz türkləri (sonrakı tarixdə: türkmanlar) tərəfindən məskunlaşdırılmasının, başqa sözlə, oğuzlaşdırılmasının tarixi mənzərəsini görürük.

Ərmənlərin ən böyük tarixi faciəsi də elə həmin dövrdə, Qafqazın islamlaşması ilə başladı. Bu işdə ərəblərin günahı da az olmadı. Ərəblər atəşpərəstliyini qoruyan və ya tanrıçılığı öz dini inancı hesab edən yerli və gəlmə xalqları (türkləri) «imana gətirmək» adı ilə qılıncdan keçirdilər, «qılınc müsəlmanı» elədilər. Qıpçaq ərmənlərin və Oğuz albanların bir hissəsi isə «dini və Allahı» olan xalqlar kimi bu təzyiqdən qismən kənarda qaldılar, hələ bəzən bəhrələndilər də. Nəticədə bir xalq iki yerə bölündü: müsəlmanlara və xaçpərəstlərə.

Zaman-zaman islamın adından danışan bəzi yerli din xadimlərinin başqa dindən olanlara aqressiv münasibəti, onları cəmiyyətdən kənar etmələri sonucda eyni bir xalqın dinayrı iki qanadının bir-birinə düşmən kəsilməsinə, ən azı nifrət etməsinə gətirib çıxardı. Əvvəl-əvvəl öz ata-baba (IV yüzildən bəri) dinlərini (xaçpərəstliyi) qoruyan soydaşlarımız tədricən ayrı bir dini-sosial-iqtisadi-mədəni zümrəyə çevrildilər. Çoxları buna dözmədi, davam gətirmədi və bu zümrə sürətlə öz sıralarını seyrəltməyə başladı, hələ də xaçpərəstliyini saxlamış soydaşlarımızın bir hissəsi azlıqda qalan xaçpərəst düşərgəsindən islam düşərgəsinə keçib, çoxluğa qovuşdular.

Əslində, XVIII-XIX yüzillərə qədər davam edən bu proses XIII-XIV yüzillərdə başa çatmalı idi. Lakin həmin dövrdə Qafqazı bürüyən monqol-tatar yürüşləri və onların Cənubi Qafqazdakı Hülakülər hakimiyyəti nəinki bu prosesin qarşısını aldı, əksinə, Hülakü xanın övladları (Qazan xana qədər!) xaçpərəstliyə dayaq durdular və Cənubi Qafqazda xristianlığın dini-iqtisadi mövqeləri daha da möhkəmləndi. Hülakülərdən sonra Əmir Teymur Cənubi Qafqazda xaçpərəstliyin belini sındırsa da, sonrakı yüzillərdə Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi hökmdarları xaçpərəstliyə xüsusi önəm verdilər və ondan siyasi məqsədlərlə istifadə etməyə başladılar. Müsəlman cahangirləri bir-birlərinə qarşı mübarizədə xaçpərəst ölkələr arasında özlərinə müttəfiq axtarmaq və bu zaman öz xaçpərəst təbəələrinin imkanlarından bəhrələnmək yolu tutdular.

Hətta bəzən özlərini xaçpərəstliyə daha yaxın göstərmək üçün bir-birləri ilə yarışa da girdilər. Ən böyük səhvi isə 1441-ci ildə Qaraqoyunlu hökmdarı Cahanşah etdi. O, Qafqazda fəaliyyət göstərən alban-oğuz və ərmən-qıpçaq kilsələri olmağına baxmayaraq, Kilikiyanın Sis şəhərindən hay-xristian dini kafedrasının İrəvan yaxınlığındakı yarımdağılmış Üçkilsə ərmən-türk xaçpərəst məbədinə köçürülməsinə icazə verdi. Bununla da Yaxın Şərqdən hay-xristian missionerlərinin İrəvan xanlığı ərazilərinə axını başladı.

Az sonra Üçkilsə xaraba qalmış ərmən-türk xaçpərəst məbədlərini bərpa etməyə, onları haylaşdırmağa start verdi. Lakin bu ərazilərdə xaçpərəstliyini hələ də qoruyub saxlamış az sayda ərmən türklərini öz tərəfinə çəkmək üçün Üçkilsə təkcə xristianlığı təbliğ etməklə kifayətlənmir, həm də bunun üçün tarixi-ideoloji zəmin hazırlamaq barədə düşünürdü.

Beləliklə, kilsələrə cəlb edilmiş katiblər tarixi kitabların üzünü köçürür, onları ümumxristian tarixi ilə uzlaşdırır, ərmən və alban xaçpərəst tarixini hay-ərmən xristian tarixi kimi formalaşdırırdılar.

Kitabların orijinalları isə məhv edilirdi. Kilsənin ikinci funksiyası yaradılmış bu saxta tarixi kilsə məktəblərinə cəlb edilmiş uşaqlara öyrətmək idi ki, bununla da saxta tarixlə zəhərlənmiş yeni nəsil yetişdirilirdi. Maraqlıdır ki, kilsədə bütün bu işlər «qədim erməni dili» deyilən qrabarda həyata keçirilirdi. Əslində, bu, yerli ermənilər (türk ərmənlər) üçün tamam yad bir dil idi. Bu dil Hind-Avropa dil sisteminə daxil olan (flektiv) dil idi və bu dili kilsədə tədris edənlərdən və öyrənənlərdən başqa heç kəs bilmirdi.

Hətta erməni tədqiqatçıları da etiraf edir ki, kilsə erməni əhalinin bu dili öyrənməsini qəti qadağan etmişdi. Yəni kilsə xaçpərəst türk-erməni əhalinin kilsənin apardığı antimilli (antitürk) siyasətini başa düşüb ondan üz döndərə biləcəyindən qorxurdu. Hər şeyi gizli aparırdı. Lakin müsəlman dünyasının ortasında bu gizli oyunların sonu yox idi. Bunu özləri də başa düşür, buna görə də xristian dövlətlərindən dəstək almaq üçün elçilər göndərir, dəridən-qabıqdan çıxır, himayəçi axtarırdılar.

Nəhayət, belə bir dəstək XVIII yüzilin əvvəllərində çar Rusiyası tərəfindən verildi, çünki çar Rusiyasının Qafqazda və Yaxın Şərqdəki siyasi maraqları ilə hay-erməni kilsəsinin dini-milli maraqları üst-üstə düşürdü. XIX yüzilin əvvəllərində Qafqazın Rusiya tərəfindən işğalı ilə əlaqədar Ön Asiyadan Cənubi Qafqaza çoxlu hayların (onların böyük bir hissəsi türkləşmiş bizans-yunan-aysoru tör-töküntüləri idi) köçürülüb gətirilməsi buradakı ərmənlərin və albanların (xaçpərəst qıpçaq və oğuz türklərinin) haylaşmasına sonuncu təkan oldu.

XIX yüzilin əvvəllərində Qafqaza gələnlər etnik cəhətdən yekcins olmadığı kimi, onların vahid dili də yox idi. İrandan gələnlərin çoxu fars-türk, Türkiyədən gələnlər türk dilində, yerli ərmənlər isə Azərbaycan türkcəsində danışırdılar.

Gəlmələrin danışıqlarında hay kəlmələri azlıq təşkil edirdi. Kilsə icmaları azsaylı olduqları üçün onların dili (qrabar) xalq üçün artıq məqbul deyildi. Yeni erməni ədəbi dilinin (aşxarabar) banisi Xaçatur Abovyanın etiraf etdiyi kimi, «dünyada iki elə dil tapmaq mümkün deyildir ki, onlar arasında qədim erməni (kilsə) dili (qrabar) ilə yeni erməni (xalq) dili (aşxarabar) arasındakı fərq qədər fərq olsun».

Buna görə də yeni erməni dili türk dil sistemi və türk dili leksikası əsasında formalaşdı. Yerli xaçpərəst ərmən türklərinin (türk ermənilərin) dili ilkin mərhələdə bu dilin formalaşmasında mühüm rol oynadı. Buna görə də bu gün erməni tədqiqatçıları təəccüb edir ki, nə üçün qədim erməni-hay dili olan qrabardan fərqli olaraq çağdaş – XIX yüzil erməni-hay dili olan aşxarabar bu qədər Azərbaycan-türk dilinə yaxındır. 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji qurultayda çıxış edən məşhur erməni dilçisi Hraçya Açaryan da çıxışında etiraf edirdi ki, türk (Azərbaycan) dilinin erməni dilinə təsiri çox böyükdür, bir dildən başqa dilə, adətən, isimlər, az halda sifətlər və çox nadir hallarda feillər keçdiyi, saylar, bağlayıcı və zərflər isə qətiyyən keçmədiyi halda, nədənsə türk dilindən erməni dilinə bu nitq hissələrinə aid sözlər bərabər səviyyədə və hətta 70-90 faiz səviyyəsində keçmişdir, hətta elə cümlələr var ki, bütövlükdə türk sözlərindən ibarətdir. Əslində, H.Açaryan bilməmiş deyildi ki, bu, hayların dili yox, XVIII-XIX yüzillərdə gəlmə hayların kobud sözləri ilə zibillənmiş ərmən-qıpçaq və alban-oğuz xristian türklərinin dilidir. 1836-cı ildə çar tərəfindən alban kilsəsinin rəsmi olaraq ləğv edilib erməni kilsəsinə tabe etdirilməsi alban və ərmən xristian türklərinin haylaşdırılmasını qəti olaraq başa çatdırdı.

Bununla da ermənilərin (hayların) etnogenezində Azərbaycan-türk faktoru daha da gücləndi. Lakin az sonra – XIX yüzilin ortalarından başlayaraq Yaxın Şərqdən o qədər hay köçürülüb Qafqaza gətirildi ki, tədricən nəinki erməni dili güclü şəkildə haylaşmağa məruz qaldı, həm də erməni milləti öz etnogenezindəki türk elementlərini itirərək hay etnosistemində əriyib yox oldu. Dənizdə bir damla su kimi!.. Elə o vaxtdan tarixdə erməni deyilən bir xalq-millət yoxdur, ermənilər (xaçpərəst qıpçaq türkləri) Qafqazın latın xalqı olaraq tarix səhnəsindən silinib getdilər. Lakin tarixdə onların çoxlu izləri, mənbələrdə adları, bütün Qafqaz və Yaxın Şərq boyu səpələnmiş yeraltı və yerüstü mədəniyyət nümunələri qaldı.

Xaçpərəst türk ərmənləri öz içlərində əridən haylar bu dəfə də fürsətdən ustalıqla yararlandılar, ərmənlərin//türk ermənilərin nəinki adına, həm də tarixinə, mədəniyyətinə yiyələndilər, minillər boyu yaratmış olduqları maddi və mənəvi dəyərlərini mənimsədilər. Özlərini “hay” adlandıra-adlandıra dünyaya “erməni” kimi çıxdılar. Bəs, əslində, haylar kimlər idilər? Başlanğıcını Assuriya və Urartunun qul koloniyalarından götürüb, bu koloniyalarda müxtəlif peşələrə yiyələndirilib, sonra da qul bazarlarında dünyanın hər tərəfindən gələn tacirlərə ixtisaslaşmış qullar kimi satılan, etnik cəhətdən yekcins olmasa da, Hayasa şəhər-vilayətinin adı ilə hay (yəni Hayasa qulu) adlanan indiki ermənilərin XV yüzilə qədər Cənubi Qafqaza heç bir dəxli olmayıb. Bu barədə dünya və hətta erməni alimlərinin özü də kifayət qədər yazıb.

Özlərinin milli heç nəyi olmayan bu qullar (sonrakı tarixi dövrlərdə nökərlər, kənizlər, işçilər, daha sonra sənətkarlar, tacirlər, bacarıqlı xidmətçilər) cəmiyyətdən kənarda, cəmiyyətin alt qatında yaşadıqca tədricən bir etnik toplum təşkil edir, köləsi olduqları xalqların maddi-mənəvi dəyərlərindən, xüsusilə mətbəxindən, musiqisindən, dilindən, dinindən, folklorundan və s. gündəlik həyatlarında istifadə edir, özləri hibrid millət olduqları kimi, həm də hibrid bir mədəniyyət formalaşdırırdılar. Lakin elə buradaca dünya ermənişünaslığının ya bilərəkdən, ya da bilməyərəkdən dolaşdırdığı bir məsələyə aydınlıq gətirmək istərdik.

Məsələ ondadır ki, tarixdə ermənilərin yaramaz bir millət olmaları barədə yazılan, qədim mənbələrdən götürülən fikirlərin əksəriyyəti, əslində, Cənubi Qafqazın və Yaxın Şərqin tarixi sakinləri olan qədim ermənilər (türk ərmənlər) barədə deyil, bu gün «erməni» adlandırdığımız, lakin erməni yox, hay olan bir millət haqqındadır. Ermənilərdən (türk ərmənlərdən) fərqli olaraq, haylar Hind-Avropa dilli xalqdır, qədimdə Balkanlarda yaşamış, sonra Aralıq dənizinin şərq sahillərinə gəlib çıxmış friqlərin törəmələridir. Lakin onlar ancaq friqlər də deyildirlər.

Qul koloniyalarında friqlərlə yanaşı, bir çox xalqların nümayəndələri də vardı ki, onların da hamısı, yuxarıda dediyimiz kimi, Hayasa şəhər-vilayətinin adı ilə “hay” adlanırdılar. Bu hayların içərisində friqlər üstünlük təşkil etdiyi üçün qalanlar onların içərisində assimilyasiya olunurdu. Nəhayət, belə bir məsələyə də aydınlıq gətirmək lazım gəlir ki, Qafqazda və Yaxın Şərqdə yaşayan müxtəlif xalqların nümayəndələri onlardan qat-qat zəif olan “hay” adlı bu kiçik etnik toplumun içində necə əriyib haylaşa bildi?

Əvvəla, oradan başlayaq ki, hayların, yəni indiki ermənilərin Cənubi Qafqaza gəlişi 1431-ci ildən – erməni kilsəsi üçün indiki Eçmiədzin ərazisinin pulla satın almasından və 1441-ci ildə erməni dini kafedrasının Kilikiyanın Sis şəhərindən bura köçürülməsindən başlayır. Qafqazın haylaşdırılması prosesini də həmin tarixdən başlamaq lazımdır. Lakin bölgədə bu proses bir o qədər də asan getməyib, hətta Azərbaycan tarixinin ən ağrılı dövrünü təşkil edir. Həm də o qədər ağrılı ki, xalq öz folklorunda obraz, motiv, süjet, janr şəklində bu mövzuya dönə-dönə müraciət edib, ortaya Əsli-Kərəm, Xumar-Şeyx Sənan, Bahadur-Sona, Əli-Nino dastanları çıxıb.

Burada belə bir incə məqama da xüsusi diqqət yetirmək lazımdır ki, həmin dastanların hamısında müsəlman oğlan xaçpərəst qızını sevir və dastanların heç birində xaçpərəstliyə nifrət yoxdur, əksinə, bu gənclərin sevgisi timsalında üstüörtülü bir hüsn-rəğbət var. Bu hüsn-rəğbət keçmişində xaçpərəstlik olan bir xalqın tarixi yaddaşından və bu xalqın dinayrı iki xalqa çevrilmə ağrısından qaynaqlanırdı. Araşdırmalarımız göstərir ki, Qafqazın erməniləşdirilməsi prosesi bir neçə istiqamət üzrə gedib. İlkin mərhələdə regiondakı bütün xaçpərəst türk tayfaları iki subetnos arasında diferensiallaşıb: xaçpərəst oğuzlar daha çox albanlaşmaya, xaçpərəst qıpçaqlar isə erməniləşməyə məruz qalıblar.

Bu iki qanadın haylaşması prosesi də iki istiqamət üzrə cərəyan edib: albanların bir hissəsi erməniləşərək sonrakı mərhələdə ermənilərin tərkibində haylaşıb, digər hissəsi isə birbaşa hayların tərkibinə daxil olub. Bu proses XIX yüzilin ortalarında başa çatıb və bundan sonrakı dövrlərdə bölgəyə köçürülən digər qeyri-müsəlman və qeyri-türk xalqların nümayəndələrinin – aysoruların, qaraçıların, yezidi kürdlərin və b.-nın haylaşması davam edib. Beləliklə, tərkibinə regiondakı çoxlu sayda etnik qruplardan qopub-ayrılan qırıntıların da daxil olduğu bugünkü ermənilər, yəni haylar, əsasən, ən çox iki etnik toplumdan ibarətdir: haylardan və haylaşmış ermənilərdən.

Lakin bunu etiraf etməsələr də, tarixən qul olaraq, özlərinin milli heç nəyi olmayan, xaçpərəst türklər sayəsində xalq və millət kimi formalaşan haylar sonralar da türk izini nə tarixlərindən silə bildilər, nə dillərindən, nə məişətlərindən, nə musiqilərindən, nə mətbəxlərindən, nə də hətta soyadlarından. Amma təəssüf ki, tarixən kin-küdurət püskürən haylar yerli erməniləri, o cümlədən albanları (özləri onları nifrətlə «şurdvas», yəni dönmə, türkdən dönmə adlandırsalar da) Azərbaycan türklərinə qarşı düşmənçiliyə sövq edib, Qafqazı müharibə çanağına çevirdilər.

Halbuki həmin yerli ermənilər və albanlar tarixin müəyyən mərhələsində dini fərqliliyinə görə müsəlman türklərdən qopub ayrılmış və haylaşdırılmışlar. Qoy onlar bu kitabı bir də oxusun və öz soyadlarını araşdırsın, əcdadlarının kimliyi üzərində uzun-uzadı düşünsünlər...

Bilsinlər ki, tarixlərini nə qədər saxtalaşdırsalar da,özlərini və övladlarını uydurma hay nağıllarına nə qədər inandırmağa çalışsalar da, soyadları onları həmişə düşünməyə məcbur edəcək, şüurlarının bir küncündə şübhə toxumu kimi yatıb qalacaq, özünün cücərməsini gözləyəcək: niyə Darbinyan yox (darbin-դարբին-dəmirçi) – Damirçiyan, niyə Dertşakyan yox (dertşak-դերձակ-dərzi), Darzyan və s... Həm də 1001 dəfə...

Ermənilər soyadına “azqanun” deyirlər, “azq” ermənicə soy, nəsil, “anun” isə ad deməkdir.

Lakin bu söz sonradan yaranma, qondarma olduğundan keçmişdə ermənilərin soyadında işlənməmişdir. Erməni alimlərinin iddiasına görə, keçmişdə ermənilərdə soy, nəsil mənsubiyyətini bildirmək üçün “i” (dilimizdəki -nın4 şəkilçisi əvəzinə) şəkilçisindən və ya ev anlamında olan “tun” sözündən istifadə olunmuşdur. Məsələn, Amatuni, Arsruni, Baqratuni, Rştuni və s.

Lakin bu fikir növbəti erməni saxtakarlığından başqa bir şey deyil. Əvvəla, ona görə ki, çağdaş erməni dilində “i” şəkilçisi Azərbaycan dilindəki -nın4 şəkilçisini əvəz etsə də, yuxarıdakı Amatuni, Arsruni, Baqratuni, Rştuni və s. soyadlarında soyad düzəldən suffiks kimi iştirak etmir, buradakı soyad düzəldən şəkilçi “i” yox, “uni”-dir (dilimizdəki nın4 şəkilçisi əvəzinə).

Buna görə də ermənilərin soyad düzəldən suffiks kimi, erməni dilində “ev” anlamında işlədilən “tun” sözünü ortaya atmalarının heç bir elmi əsası yoxdur. Erməni soyadlarında tez-tez rast gəlinən “yants” (янц) suffiksi (sonralar “ts” (ruscada: «ц») şəklinə düşərək), əslində, “lar” anlamında başa düşülmüşdür. Məsələn, Tiqranyants –yəni “Tiqranlar”.

Yeri gəlmişkən, bu suffiksli soyadların məhz Zəngəzur mənşəli ermənilərin soyadında müşahidə edilməsi də onun alban mənşəliliyindən xəbər verir. Erməni soyadlarının böyük bir hissəsi peşə bildirən sözlərdən yaranmışdır ki, bu da onların “sənətkar” xalq olmasından irəli gəlir. Lakin maraqlıdır ki, bu sözlərin əksəriyyəti türkmənşəlidir və həmin peşələrin ermənicə adında soyad yox dərəcədədir, tək-tək olanlar isə ya qondarmadır, son illərin məhsuludur, ya da yanlış yozuma əsaslanır.

Məsələn, ermənilərin izahına görə, guya Kartaşyan soyadı erməni dilində “daş ustası” (ruscada: “каменщик”) mənasını verir, guya burada “kar” – ermənicə “daş” sözündəndir (erməni dilində “daş”a həqiqətən “kar” deyirlər).

Onda adamdan soruşarlar, əgər bu, doğrudan da “daş” anlamını verən “kar” sözündəndirsə, onda ikinci “daş” sözünün burada nə yeri var? İkincisi, eyni məna daşıyan “kar” və “daş” sözlərinin “daş ustası” (“kamenşik”) peşə adına nə dəxli var? Üçüncüsü ermənilər nəzərə almır ki, heç bu “kar” sözü də ermənicə deyil axı, bu gün də Azərbaycan türkcəsində “karxana” sözü var və buradakı “kar” sözü “iş” anlamında “kargüzar”, “kar aşmaz”, “sənətkar”, “xidmətkar” və s. şəklində bu gün də dilimizdə geniş işlənir.

Digər tərəfdən,Kartaşyan soyadının erməni dilində “daşçı”, “daş ustası” anlamında işləndiyini iddia edən ermənilər unudur ki, erməni dilində Daşçıyan soyadı da var. Və o da qəribədir ki, darıdan fil düzəltməkdə çox mahir olan erməni alimləri necə olur ki Kartaşyan soyadının “qardaş//kardaş” anlamını görmürlər?! Biz yuxarıda hayların qul mənşəyinə işarə vurduq (bu barədə başqa yazılarımızda daha ətraflı bəhs etmişik), bu, onların psixologiyasına da güclü təsir edib və bu psixologiya onların öz soyadlarına münasibətində də özünü aydın göstərir. Belə ki, ermənilər öz soyadlarının transkripsiyasını ağaları olan millətlərin dillərinə çox asanlıqla uyğunlaşdırırlar.

Məsələn, birincisi, ermənilər son iki yüzildə (Rusiyanın himayəsinə keçəndən sonra) öz adlarını sürətlə ruslaşdırırlar. Məsələn: Ohanes, Hovanes erməni adları (o cümlədən bu adlardan düzələn soyadları) kütləvi şəkildə “İvan”laşdırılır, Mikael – Mixailləşdirilir, Aşot Aleksandrlaşdırılır, Yeprem Yefremləşdirilir və s.

Həm də bu proses iki şəkildə davam edir: həm adlar birbaşa rus adı ilə əvəz edilir, həm də bir adam iki ad daşıyır. Məsələn: 1918-ci ildə yaradılmış erməni daşnak Ararat Respublikasının ilk baş naziri Aleksandr Ohanesi Xatisyan tarixdə üç fərqli ad daşıyır:

Erməni mənbələrində 1) Aleksandr Ohanesi Xatisyan, 2) Aleksandr Ovannesi Xatisyants.

Rus mənbələrində isə 3) Aleksandr İvanoviç Xatisov.

Digər bir fakt. Avropa Şurasının insan haqları üzrə eksperti, hüquq elmləri doktoru Qriqor Mikaeli Badiryan beynəlxalq arenaya çıxanda olur Qriqori Mixayloviç Badiryan.

O cümlədən, çar generalı Foma İvanoviç Nazarbekov, əsl adı: Tovmas Ohanesi Nazarbekyan. O cümlədən, sovet general-polkovniki, fizika-riyaziyyat elmləri doktoru Georgi Stepanoviç Narimanov, əsl adı: Gevork Stepani Narimanyan.

O cümlədən Bakı doğumlu aktrisa, Ermənistanın Əməkdar artisti Nina Yefremovna Abalyan, əsl adı: Nvard Yepremi Abalyan. İkincisi, erməni soyadları adların sonluğuna -yan, -yants suffiksləri artırmaqla düzəldilsə də, ermənilər onlara lazım olanda çox asanlıqla bu sonluğu -ov, -yev-lə əvəz edərək ruslaşdırırlar.

Elə yuxarıdakı soyadlarda olduğu kimi: Xatisov, Nazarbekov, Narimanov və s. Üçüncüsü, erməni dilində inisiallar -i/yi suffiksi ilə düzəldildiyi halda, ermənilər onu kütləvi şəkildə -oviç/yeviç-ləəvəz edirlər.(Əslində i/yi də bizim mənsubiyyət şəkilçimizdir: məsələn, Həsənin Kamili və s.).

Məsələn, ermənilərdə belə yazılır: Qriqor Mikaeli Badiryan, Tovmas Ohanesi Nazarbekyan, Gevork Stepani Narimanyan və s.

Bəzi erməni soyadlarının müxtəlif transkripsiyalarda işlənməsi də sübut edir ki, bu sözlər, adlar ermənilərə məxsus deyil, məsələn, Azərbaycan dilindəki Adil şəxs adının erməni soyadlarında aşağıdakı variantları var: Adilyan-Adelyan-Adalyan və ya Topçyan-Topçiyan, Veziryan-Viziryan, Şehiryan-Şaharyants və s. Bütün bunları nəzərə almaqla, türkmənşəli erməni soyadlarının yaranmasını şərti olaraq aşağıdakı kimi qruplaşdıra bilərik:

Yer-yurd adlarından düzəldilmiş türkmənşəli erməni soyadları (Şirvanzadə, Şuşanyan, Misiryan, Stambolçyan və s.);

Rütbə, mənsəb, titul bildirən sözlərdən düzəldilmiş soyadlar (Ağayan, Ağabekyan, Şahyan və s.);

Birinci tərəfi sifətdən, ikinci komponenti isə rütbə, mənsəb və titul bildirən isimlərdən düzəldilmiş soyadlar (Qarabekyan, Sarıbekyan, Qaraxanyan və s.);

Birinci tərəfi heyvan, bitki, ikinci tərəfi titul, rütbə və mənsəb bildirən isimlərdən düzəldilmiş erməni soyadları (Quzubekyan, Gülbekyan və s.);

Türk dilləri vasitəsilə erməni dilinə keçmiş ərəb və fars mənşəli isimlərdən düzəldilmiş erməni soyadları (Amiryan, Mirzoyan, Muradyan, Acemyan və s);

Peşə və sənət bildirən -çı4 sözdüzəldici şəkilçisi vasitəsilə düzəldilmiş erməni soyadları (Dəmirçyan, Papaxçyan,Qırçyan və s.).

Belə soyadlarda, adətən, sözün sonundakı sait düşür və bəzən də “ç” samiti “c” samitinə çevrilir;

Erməni soyadlarının bir hissəsinin əvvəlinə “məlik” (erməni əlifbasında “ə” səsi olmadığı üçün “melik” şəklində) sözü əlavə olunur ki, bu da alban xristian türklərinə məxsuszadəgan titulu olmaqla, əsasən, Zəngəzur-Qarabağ mənşəli insanların soyadında geniş yayılmışdır (Melik-Yeqanov, Melik-Şahnazaryan və s.)

Erməni soyadlarının bir hissəsinin də əvvəlinə “Ter”prefiksi (sözün əvvəlində gəlib, onun leksik və ya qrammatik mənasını dəyişən morfem) əlavə olunur.

Bu sözönü də alban xristian türklərinə xas olmaqla nəslin ruhani mənsubiyyətini bildirərək, əsasən, “keşiş ata” anlamına gəlir, yeri gəlmişkən, ermənilər keşişə “ter-ter” deyirlər (Ter-Petrosyan, Ter-Qri qoryan və s.)

Müxtəlif materialların adından düzəldilmiş erməni soyadları (Dəmiryan, Daşyan//Taşyan, Altunyan, Gümüşyanvə s.);

Dilimizdə səslənən və yazılan Allah, peyğəmbər və mələklərin adından düzəldilmiş erməni soyadları (Allahverdyan, Tarverdyan, Mikaelyan, Davidyan, Musaelyan və s.)

Qədim Alban şəxs adlarından düzəldilmiş erməni soyadları (Ananyan, Azaryan, Vahanyan, Qukasyan, Sumbatyan/Smbatyan, Mxitaryan və s.);

Qədim türk etnoslarının adından düzəldilmiş erməni soyadları (Arşakyan, Xalacyan, Avşaryan və s.).

Köçürülüb məskunlaşdıqları yaşayış yerlərinin adından götürülmüş erməni soyadları. Belə soyadlara, adətən, Azərbaycan dilində -lı4 şəkilçisini əvəz edən tsi (ruscada “ци” –ermənicədə “ցի”) şəkilçisidir.

Sonu saitlə bitən sözlərdən düzən erməni soyadlarında, adətən, sözün sonundakı sait düşür (İçmelyan, ......)

Erməni tədqiqatçısı T.M.Avetisyanın iddiasına görə, «Erməni soyadlarının yalnız 26,3 faizi orijinal erməni dilindən yaranmış, qalan adların 194-ü fars, 113-ü türk, 111-i ərəb, 60-ı yunan, 54-ü yəhudi, 44-ü də digər dillərdən götürülmüşdür»

Təbii ki, bu, kökündən yanlış bir iddiadır. Ən azı ona görə ki, Avetisyanın sözündən belə çıxır ki, qeyri-erməni dillərindəki soyadların sayı cəmi 576-dır və bunun 26,3 faizi qədər də orijinal erməni soyadı var, bu da 151 soyad edir. Deməli, Avetisyanın iddiasına görə, ermənilərdə cəmi 727 soyad mövcuddur.

Halbuki oxuculara təqdim etdiyimiz bu kitabın özünə biz təkcə elə 1001 erməni soyadı daxil etmişik və bunu hələ bir qədər də artıra bilərik və heç şübhəsiz, kitabın gələcək nəşrlərində bunu edəcəyik. Bəs nədən cənab Avetisyan erməni soyadlarının sayını bu qədər azaltmağa çalışır? Cavab aydındır: türkmənşəli soyadların sayını az göstərmək və erməni soyadları içərisində “orijinal erməni dilindən yaranmış” hesab etdikləri soyadların faizini artırmaq üçün. Cənab Avetisyanın ərəb və fars mənşəli hesab etdiyi soyadlara gəldikdə isə, “erməni soyadları üzrə mütəxəssis” nəzərdən qaçırır ki, həmin soyadların böyük əksəriyyəti, ərəblərin və farsların içində yaşamalarına baxmayaraq, ermənilərə birbaşa ərəblərdən və farslardan yox, məhz türk dillərindən, xüsusilə Azərbaycan türklərindən keçmişdir.

Bunu görmək üçün kitabdakı soyadlara hətta ötəri də nəzər yetirmək kifayətdir. Əsas odur ki, obyektivliyi itirməyəsən...Oxucuların nəzərinə onu da çatdırırıq ki, kitaba daxil edilən soyadların ermənilər arasında həqiqətən də mövcudluğunun təsdiqi kimi, dünyanın harasında yaşamasından asılı olmayaraq, həmin soyadları daşıyan ermənilərin adlarını da kitaba əlavə etmişik.

Əziz Ələkbərli

Filologiya üzrə fəlsəfə doktoru


Etiket:
Xəbərlər

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024

60 YAŞIN MÜBARƏK!

15.01.2024

AŞIQ İSLAM YUSİFOV
(1893-1968)

12.01.2024

Milli dövlətçilik tariximizin məğrur lideri

28.12.2023

Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə "Qərbi Azərbaycan yolunda" adlı konfrans keçirilir - FOTOLAR

28.12.2023

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU. BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

27.12.2023

AZƏRBAYCAN AŞIQ POEZIYASININ GÖRKƏMLİ NÜMAYƏNDƏLƏRİNDƏN BİRİ ŞAİR, USTAD AŞIQ NÖVRƏS İMANIN 120 İLLİK YUBİLEY TƏDBİRİ KEÇİRİLİB

26.12.2023

İLAHİ EŞQİN TƏRCÜMANI

24.12.2023

Müzəffər Ali Baş Komandan, Qarabağın Fatehi, sizi doğum günü münasibətilə təbrik edirk!

24.12.2023

Həsən Xəyallının şeirlərində dini məqamlar. “Qıfılbənd”in təhlili

21.12.2023

BÖYÜK MƏZRƏ - GÖYÇƏ MAHALI

10.12.2023

Dekabrın 7-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda Qərbi Azərbaycan əsilli rəssamların əsərlərindən ibarət sərgi açılıb.

07.12.2023

Tanınmış hərbi ekspert Telman Qasımov İrəvana səfər edib.    

05.12.2023

HƏYATDA ÖZÜMÜ XOŞBƏXT ADAM HESAB EDİRƏM Ki, HEYDƏR ƏLİYEVLƏ BİRGƏ İŞLƏDİM

04.12.2023

AMEA müxbir üzvü, Basarkeçər rayon icma sədri, professor Nuru Bayramov İnönü Universitetinin “Fəxri Doktoru” seçilib - FOTOLAR.

03.12.2023

 Bax, biz Göyçə torpağındayıq...

29.11.2023

BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ “Qərbi Azərbaycanda türk müsəlman abidələrinin erməni vandallığına məruz qalması” mövzusunda elmi seminar keçirilib - FOTOLAR

25.11.2023

SƏHRADA YALQIZLIQ

25.11.2023

Azərbaycanda ilk dəfə “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir FOTO

23.11.2023

İcma: Paşinyan hökumətindən azərbaycanlıların Ermənistanda öz dədə-baba yurdlarına qayıdış hüququnu tanımasını gözləyirik

21.11.2023

“Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunan - MÜBARİZ QULUYEV BABACAN KƏND İCMASININ SƏDRİ SEÇİLDİ-FOTOLAR

14.11.2023

Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib

08.11.2023

Qərbi Azərbaycan İcmasının Basarkeçər rayonu Dərə kənd sakinləri və Dərəli kökənli gənclərlə görüşü keçirilib.

07.11.2023

Ulu Öndər Heydər Əliyev xatirələrdə

31.10.2023

"Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi" hesabatının təqdimatı ilə bağlı konfrans keçirilib.

30.10.2023

Oktyabrın 27-də Qərbi Azərbaycan İcmasında (QAİ) “Ulu Öndər Heydər Əliyev xatirələrdə” kitabının təqdimatı keçirilib.

28.10.2023

“Oğul” filminin rejissoru: “Erməni hərbçilərdən biri Natiqin cəsurluğunu etiraf etdi” - MÜSAHİBƏ

26.10.2023

Nərimanlı gəncləri ilə görüş keçirilib - FOTOLAR

24.10.2023

TANINMIŞ ALİM, İSTEDADLI ŞAİR-PUBLİSİST - RAMİZ HƏSƏNLİ ŞİŞQAYA KƏND İCMASININ SƏDRİ SEÇİLDİ

21.10.2023

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qüdrətdən səngərli, qalalı dağlar” adlı konsert proqramı keçirilib.

21.10.2023

Erməni dostunun azərbaycanlı yazıçıya hər il yazdığı mesaj: “Axırda...” – Müsahibə

17.10.2023
Bütün xəbərlər