Göyçə nisgili, Göyçə dərdi

11:00 / 05.02.2019
Baxılıb: 2904

“Göyçə nisgili, Göyçə dərdi” (Yazılmamış tarix, yaxud 9 ay mühasirədə)...

Məsələ əsir düşməkdə deyil, təslim olmamaqdadır, bütün məsələ. N. Hikmət.

Vətən də bizim kimi ölər, yox olar,

Vətənin yolunda ölən olmasa!-B.Vahabzadə.

(Göyçənin tale xəritəsi- İndi Ermənistan adlanan qədim türk-oğuz torpaqlarının hər yerində olduğundan daha fərqli olaraq erməni- daşnak zülmünün episentrinə düşən Göyçə olubdur. Fikrimizi açıqlamaqdan ötəri Göyçənin xəritəsini və kəndləri haqqında qısa xülasəni təqdim etmək məncə yerinə düşər). Məqalə 25 iyil 1991-ci il tarixlərindən etibarən “Qarabağ” müstəqil qəzetində dərc edilmişdir.

“Türk dilinin də erməni dili ilə bərabər Ermənistan Şura Cümhuriyyətində rəsmi dövlət dili olması Oktyabr günəşi şəfəqlərinin Cümhuriyyətimizi öz nuruna qərq etməsinin - Lenin milli siyasətinin canlı timsalıdır”.

Bu sətirlər 29 noyabr 1935 –ci il tarixli “Qırmızı Basarkeçər” qəzetinin Ermənistanda sovet hakimiyyətinin ildönümünə həsr edilmiş baş məqaləsindən götürülmüşdür. Bəli, türk dili o zamanlar erməni dili ilə yanaşı rəsmi dövlət dili kimi Ermənistanın Konstitusiyasında təsbit edilmişdi. Lakin “sən saydığını say”, erməni–daşnak ünsürləri o zamanlar müvəqqəti qaydada qınına çəkilsələr də, çox məharətlə Kommunist Partiyası biletlərinin arxasında gizlənə bilmiş, mahiyyət etibarilə heç də Daşnakstyundan geridə qalmayan öz “kommunist partiyasını” yaratmışdılar. Təsadüfi deyildir ki, Daşnakstyunun keçmiş liderlərindən biri olan O. Kaçaznuni 1923-cü ildə Buxarestdə çıxış edərkən demişdir:

“Hazırki tarixi mərhələdə partiya ( yəni Daşnakstyun-İ. H.) öz vəzifəsini yerinə yetirmişdir, onun apardığı mübarizəni indi daha uğurla bolşeviklər aparırlar”. Doğrudan da, belə olmasaydı, Ermənistanın Basarkeçər (Vardenis), Dərələyəz (Əzizbəyov-Mikoyan), Vedi (Ararat), Zəngibasar (Masis), Qəmərli (Artaşat), Qarabağlar (Amasiya), Allahverdi (Tumanyan), Hamamlı (Spitak), Calaloğlu( Stepanavan), Qarakilsə (Kirovakan), Axta (Hrazdan), Krasnoselo (Çəmbərək) kimi əhalisinin böyük əksəriyyəti azərbaycanlılardan ibarət olan rayonlar tədricən “erməniləşməzdi”.

Rayonların azərbaycanlı rəhbər işçiləri bir-birinin ardınca bəhanələrə məruz qalır, yerinə “ yanlar” seçilirdi. Basarkeçərdə uzun müddət Rayon Soveti İcraiyyə Komitəsinin sədri və raykomun birinci katibi vəzifələrində azərbaycanlılar—Cəfər Vəlibəyov, Rza Vəlibəyov, İbiş Abbasov, Hüseyn Məmmədov, Savalan Şirinov, Abbas Əhmədov, Məhərrəm Rzayev, Talıb Musayev, Yunis Rzayev, Bilal Məmmədov, Tapdıq Əmiraslanov, Qəşəm Aslanov, Nəbi Abbasov, İldırım Bağırov, Zərbalı Qurbanov, Müseyib İmaməliyev və başqaları işləsələr də, son onillərdə ierarxiya öz işini görə bildi.

Daha dəqiqi 1960-cı illərdən başlayaraq nəinki rəhbər vəzifələrdə ierarxiya öz işini görə bildi, bəzi hallarda kolxoz sədrləri, sovxoz sədrləri, sovxoz direktorları, aqronom və zootexniklər də ancaq ermənilər hesabına komplektləşdirildi. Təkcə bu faktı xatırlatmaq kifayətdir ki, əhalisinin 82,4% azərbaycanlılardan ibarət olan Basarkeçər (Vardenis) rayonunda 1988-ci ildə rəhbər partiya, komsomol işində cəmi 2 nəfər azərbaycanlı var idi, onun da yalnız biri büronun üzvü idi. Yaxud da başqa bir misal, rayon sovetinə seçilən 131 deputatdan ancaq 61-i azərbaycanlı idi, onun da 52 nəfərini adlarını zorla yaza bilən azərbaycanlı qadınlar –tütünçü, sağıcı, maldar, buzova baxan və başqa peşə sahibləri təşkil edirdi.

Məncə, aparteidin –milli ayrıseçkiliyin bundan bariz nümunəsi ola bilməz. Qaldı ki, əvvəllər Ermənistan Respublikasının Konstitusiyasında təsbit olunmuş türk dilinin erməni dili ilə yanaşı respublikada rəsmi dövlət dili haqqındakı “qanun” mexaniki qaydada—hətta respublikanın Ali Sovetinin hər hansı bir sessiyasında müzakirə olunmadan, hər hansı bir qərar verilmədən atılmış, respublikanın Konstitusiyasının sonrakı nəşrlərində ondan heç bir əsər, əlamət izi-tozu belə qalmamışdır. Yuxarıda adları çəkilən qədim türk-oğuz torpaqlarımızın hamısı kimi Göyçə də həmin təsvir olunan siyasi mühitdə 1988-ci ilin martından etibarən öz mühasirə günlərini yaşamağa başladı. Bu amansız mühasirə 1988-ci ilin dekabr ayının 5-ə kimi davam etdi. Yeri gəlmişkən xatırlatmaq lazımdır ki, Ermənistandan sonuncu azərbaycanlı dekabrın 5-də qovulmuşdu, lakin ayın 6-sı tarixi ilə adamların milli mənsubiyyətinə görə işdən və yaşadığı yerdən çıxarılmaması haqqında mərkəzin “fərmanı” dərc edilmişdi. Çox qəribədir, deyilmi? “Daldan atılan daş topuğa dəyər,”—demişlər, lakin bu heç topuğa da dəymədi. Çünki bu zaman Ermənistan deyilən yerdə nübar üçün bir nəfər də azərbaycanlı qalmamışdı...

Qarabağda soydaşlarımızdan olan ilk şəhidlərə- Əli Hacıyevə və Bəxtiyar Əliyevə atılan güllələr Göyçədə də öz əks –sədasını tapdı.

Kəndlərimiz Yerevandan, Leninakandan, Kamodan, Abovyandan, Kirovakandan axışıb gələn erməni-daşnak ünsürlərinin aramsız basqınlarına məruz qalırdı. Lazımi səviyyədə özünümüdafiə postları təşkil olunsa da, qüvvələrin nisbəti qeyri-bərabər idi. Bir də ki, onlar silahlı, biz isə silahsız... “Türklər, rədd olun, yoxsa...”, “3 gün müddətinə Basarkeçəri tərk edin” və başqa iyrənc şüarlar altında yürüşlər, mitinqlər keçirilir, hətta yuxarı səviyyədə (azərbaycanlılar iştirak etmədən) rayon Soveti sessiyasında və rayon partiya komitəsinin büro və plenum iclaslarında Qarabağın Ermənistana birləşdirilməsi haqqında qərarlar qəbul edilirdi. Bunlarla yanaşı həm də Göyçənin iqtisadi mühasirəsi də başlandı. Kəndlər bir-birinin ardınca qaz, işıq, rabitə və nəqliyyat vasitələrindən məhrum edilir, türk kənd mağazalarına ərzaq və gündəlik tələbat məmulatları göndərilmirdi. Həm kolxoz və sovxozlar, həm də şəxsi nəqliyyat vasitələri üçün yanacaq buraxılmırdı.Nəhayət, respublikada və rayonda fövqəladə vəziyyətin elan edilməsi camaatı sevindirdi.

Sən demə, bu, növbəti erməni məkri imiş, komendant general Samsonovun (milliyyətcə ermənidir) rəhbərliyi altında hərbçilər azərbaycanlılardan son ov tüfənglərini də yığışdırdılar (amma ermənilərin topunu görmədilər). Göyçənin görməli günləri bundan sonra başlandı.V. Hampartsumyanın yubiley “təntənəsi.” Göyçənin əsasən Basarkeçər və Krasnoselo rayonlarında yığcam halında yaşayan 41 azərbaycanlı kəndində (70 minə yaxın əhali ) yollar bağlı olsa da, adamlarda sabaha inam hissi qırılmamışdı. Hamı gec-tez ekstremist “rəhbərliyin və onun əlaltılarının” cəzalanacaqlarını gözləyirdi. Hər yerdə belə söhbətlərə rast gəlinirdi: - Bəyəm Sovet hökuməti ölübdü ki, erməni-daşnak quldurları özbaşınalıq etsin?!

1988-ci il noyabr ayının ilk günlərindən başlayaraq rayondan “xoş” xəbərlər alındı. İşıq, qaz buraxılmağa başlandı, mağazalara yenidən ərzaq və başqa məmulatlar göndərildi, kəndarası avtobuslar işə düşdü. Basarkeçər—Bakı marşurutu ilə işləyən “İkarus” avtobusları da yola çıxdı. Eşitdik ki, Viktor Hampartsumyanın doğulduğu yerdə (bu da saxtakarlığın, erməni “uzaqgörənliyinin” yeni bir astar üzüdür, əslində Viktorun atası Hamazasp Basarkeçərli olsa da, o, çox erkən Tiflisə köçmüş, orada yaşamış, oğlu Viktor da Tiflisdə doğulmuşdu, nədənsə büstü Basarkeçərdə qoymuşdular) onun şərəfinə ucaldılmış büstün (iki dəfə Sosialist Əməyi Qəhrəmanı kimi ) açılışı olub. V. Hampartsumyan da böyük nitq ilə çıxış edib, hətta “sovet beynəlmiləlçiliyindən” də danışıb.Bundan sonra azərbaycanlılar bir qədər arxayın düşdülər. Hətta bir sıra kəndlərdə “özünümüdafiə” postları da buraxıldı. Sən demə, bunların hamısı növbəti manevr imiş. Əgər belə demək cayizdirsə, Böyük Oktyabr Sosialist inqilabına həsr olunmuş bayramdan bir gün sonra, yaxud V. Hampartsumyanın “tarixi” çıxışından dörd gün sonra rayon maarif şöbəsinin müdiri, büro üzvü, tarix elmləri namizədi İ. Minasyanın (maraqlıdır ki, ermənilərin bir çoxu kimi Minasyanın “dissertasiyası da” Bakıda ayaq tutub yeriyib) rəhbərliyi altında rayon mərkəzində avtobus və dəmir yolu mağazaları yanında, bazarda, Basarkeçərin başqa gediş-gəlişli küçələrində əvvəlcədən hazırlanmış yuxarı sinif şagirdlərindən və onlara qoşulmuş “malodçiklərdən” ibarət xüsusi dəstələr həmin gün rayonda olan azərbaycanlılara amansızcasına hücum edir, kişi –qadın, qoca-cavan və uşaqları dəmir dəyənəklərlə döyürlər. Bu kütləvi döyülmə vaxtı yüzdən artıq adam xəsarət alır, müəllim Bəylər Allahverdiyev, Abbasəli Tağıyev, Həsənxan Əsədov, Hasan İbrahimov, Qoşabulaq kənd sovetinin sədri Dövlə Mövlayeva və onlarca başqaları ağır bədən xəsarətindən aylarla özlərinə gələ bilmədilər.

Kütləvi döyülmənin ertəsi günü yenidən kəndlərimizə hücum başlandı.

Noyabr ayının 21-i günü isə günün günorta çağı silahlı dəstələr və minlərlə qarət həvəskarları Yerevan –Vardenis (Basarkeçər) şosesi üstündə yerləşən Qanlı (Torfavan) və Şəfəq kəndlərinə hücum edərək evləri yandırdılar, qarət və talana başladılar.Buna bənzər hadisələr “beynəlmiləl” kəndlər kimi “məşhur” olan Böyük Məzrə, Çaxırlı, Tüstülü, Yuxarı Zağalı kəndlərində də təkrar olundu. Sən demə, bütün bunların hamısı “yubilyarın” xüsusi tapşırığı imiş. Üç dəqiqəlik “müşavirə” Göyçənin “təmizlənməsi” üçün Ermənistan KP Mərkəzi Komitəsinin təhkimçisi, Mərkəzi Komitənin büro üzvü, respublika Nazirlər Soveti sədrinin birinci müavini Vladimir Movsesyan (sonralar V. Movsesyan Mərkəzi Komitənin birinci katibi də işləmişdir ) az əmək sərf etmədi.

1988-ci il noyabrın 26-da Böyük Məzrə kəndində keçirilən azərbaycanlı Kənd Soveti sədrlərinin, kolxoz və sovxoz rəhbərlərinin cəmi üç dəqiqə davam edən “müşavirəsində” V. Movsesyan, onu müşaiyət edən raykomun birinci katibi R.Yenqoyan, rayon milis idarəsinin rəisi V. Boxyan, rayon prokuroru S. Harutyunyan və başqa rəsmi şəxslərin iştirakı ilə Azərbaycan dilində çıxış edərək (o əslən Qarabağ ermənisi olması ilə əlaqədar Azərbaycan dilində səlis danışırdı) girişsiz, filansız dedi: “ Ermənistan KP MK və Ermənistan hökuməti adından bildirirəm ki, daha biz sizlərin təhlükəsizliyini təmin edə bilmirik, nə qədər ki, sağsınız, çıxın gedin.”

Bu sözlərdən sonra o, dərhal kənd klubunun qarşısındakı meydançada dayanmış “xüsusi” vertolyotuna əyləşib Krasnoselo rayonuna uçaraq orada da həmin bu qəbildən olan “üç dəqiqəlik müşavirə” keçirmişdir. Həmin andan etibarən Göyçənin bütün türk kəndləri gecəli-gündüzlü atəşə tutulmuş , qarətlər, mal-qaranın, ev quşlarının aparılması və hər cürə zorakılıq halları daha geniş miqyas almış, qarlı dağ aşırımlarına yön çevirənlərin sayı gündən-günə artmağa başlamışdı. Bununla ürəyi soyumayan Mərkəzi Komitənin təhkimçisi V.Movsesyan Göyçənin “təmizlənməsi” (onlar belə adlandırırlar—İ. Əliyev) üçün silahlı daşnak – neofaşist dəstəsinin fəaliyyətini gücləndirməklə, həm də xəlvəti qaydada rayon “rəhbərləri” vasitəsilə bir qrup azərbaycanlı “aktivistlərlə” əsas əhali arasında qütbləşmə siyasətini də ustalıqla yeridə bildi. Bəzi səbatsız kənd “rəhbərləri” “erməni dostlarının” qulaqlarına pıçıldadıqları “böyük qırğın olacaq, vaxtkən uşağı aradan çıxart” sözlərinin təsiri altında gecə ikən camaatdan xəlvəti öz köçünü yükləyib yola saldı.

“Qırılsaq da, birlikdə qırılaq, ancaq çıxmayaq” deyən camaatın andını pozmaqda bu səbatsız ünsürlər açıq-aşkar ümumxalq işinə xəyanətkarlıq yolu tutdu. Kiçik haşiyə, yaxud adsız körpələr!“

Allah soruşdu: -Niyə dayandın, gəl!

Ruh dedi:- Gələ bilmirəm, bu dünyada qisasım qalıb!”...

Burada tükürpədici bir hadisə haqqında danışmaya bilmərəm. Şişqaya kəndindən Cavad kişi daşnak quldurlarının tez-tez kəndə həmlə edərək zorakılığa yol vermələrindən ehtiyat edərək öz gəlinini və üç yaşlı nəvəsini götürərək “Sarı Nər” dağ aşırımı ilə yolu əlinə alır. “Böyük yoxuşun” başı deyilən yerə çatanda çovğun daha da güclənir, soyuq iliyə işləyir, göz-gözü görmür. Gəlin arxasına şələlədiyi üç yaşlı oğlunu növbəti dəfə yoxlamaq istəyir, uşaqdan səs çıxmır. Gəlin tələsik şəlləyi arxasından qabağa keçirəndə oğlunu donmuş halda görür. Bu zaman gəlinin necə həyəcan keçirməsi məlum deyil, məlum olan odur ki, gəlinin doğum vaxtına iki ay qalmasına baxmayaraq, elə həmin yerdə özünün də, təzə doğulan körpəsinin də həyatına son qoyulur. Cavad kişi 5-6 metr aralandıqdan sonra gəlininin arxasınca gəlmədiyini hiss edir və geri qayıdır. Və qoca özü də həmin yerdə gəlininin və nəvələrinin son mənzilində canını tapşırır. Deməli, bir ailədən eyni vaxtda dörd nəfərin həyatına son qoyulur. Ertəsi gün meyitləri axtarmaq üçün Gədəbəyin qeyrətli camaatı yola çıxır, çox çətinliklə meyitləri tapıb aparıb dəfn edirlər. Acınacaqlı və heç cürə insan təsəvvürünə sığmayan haldır ki, V.Movsesyan öz vertolyotundan bu “mənzərəni” görəndə elə bilir ki, kolxozun mal-qarasını Azərbaycana doğru aşırırlar. Vertolyotu aşağıdan sürdürdükdən sonra işin nə yerdə olduğunu, yəqin ki, başa düşür. Yəqin ki, türkün faciəvi qırğınından “feyziyab” da olmuş olar. Bu yerdə kiçik bir haşiyə çıxmaq istərəm: (İsmayıl Hüseynoğlunun qeydlərinə əsasən.) “A.Lalayan, “Kontrrevolyusionnıy Daşnakstyun i imperialistiçeskaya voyna 1914-1918 qq.”–jurnal “Revolyusionnıy Vostok”, 1936, № 2,3. “Бахрам, отявленный дашнак и головорез и: “Я уничтожил турецкое население в Басаркечаре, не разбираяась ни в чем. Но иногда жалеешь пули. Самое верное средство против етих собак – ето то, чтобы после боя собрать всех уцелевших, переполнить колодцы или и сверху добить тяжелыми камнями… Я так и поступил, собрал всех мужчин, женщин и детей и покончил с ними…» (том же). “Bahram—qəddar daşnak, başkəsən: “Mən türk (azərb.) əhalisinə heç nəyə fərq qoymadan Basarkeçərdə divan tutdum. Ancaq bəzən gülləyə heyfim gəlirdi. Bu itləri (azərb.) qırmaq üçün ən yaxşı vasitə odur ki, hər bir döyüşdən sonra sağ qalanları yığışdırıb, quyulara soxub üstündın də ağır daş doldurmaqdı. Mən elə də elədim, bütün kişiləri, qadınları və uşaqları diri-diri quyulayaraq onlarla birdəfəlik qurtardım...”

Erməni-quldur dəstəsinin—bu neofaşistlərin törətdiyi bu qəbildən olan çoxlu faktlar var, lakin mən onların hamısını sadalamaq fikrində deyiləm. Təkcə bunu qeyd etmək kifayətdir ki, ermənilərin dədə-baba yurdlarımızdan—qədim türk-oğuz torpaqlarımızdan qovduğu 60 mindən artıq ailənin içində xətasız sovuşan bir ailə olsa belə yoxdur. Bu yazının müəllifindən də xəta yan keçməyib. 1988-ci il noyabrın 23-də kənd mamaçası Rüstəmova A. həyəcanla xəbər verdi ki, gəlininizin həyatı təhlükədədir, təcili doğum evinə, həkimə çatdırın. Camaat başıma yığıldı, kəndimizdə olan 21 minik və sovxozun malik olduğu 12 avtomaşının hamısı yanacaq üzündən dayanmışdı. Nəhayət, qohumumuz olan Süleyman Rəhimov bütün maşınların hamısından qram—qram, stəkan—stəkan olan benzini topladı, öz “Moskviçinə” tökdü, axşamüstü yola düşdük, yollar hamısı erməni quldurları ilə dolu olsa da, ayrı çarəmiz yox idi.

Təxminən gecə yarı yolun təhlükəli hissəsini—Təzə Başkəndi (Orconikidze) keçməli olduq. Sən demə, xoşbəxtlikdən kənddəki quldur postunun “gözətçiləri” yatıblarmış. Elə yenicə kənddən çıxmağımıza sevinirdik ki, qarşı tərəfdən güllələr yağmağa başladı, maşın bir neçə dəfə aşma təhlükəsi ilə üz-üzə qalsa da, Süleymanın xüsusi zirəkliyi sayəsində xəta sovuşdu. Maşın bir neçə yerindən dəlik-deşik olmuşdu. Çətinliklə Gədəbəyin Saratovka kəndinə çatdıq, orada maşına əl gəzdirdilər və yolumuza davam etdik. Gəncədə A. Səhhət adına xəstəxananın doğum şöbəsinə çatanda qızını ölmüş zənn edən anası Səmayə vay-şivən qopardı. Lakin doğum evinin həkimləri ürək-dirək verdilər, “nə lazımdırsa, edəcəyik”,- dedilər. Doğulan körpə düz dörd gündən sonra həyata gözlərini əbədi yumdu, ananın vəziyyəti isə hələ də təhlükədə idi. Həkimlərin keçirdikləri çox böyük səy nəticəsində, nəhayət, ana 4 aydan sonra ayağa qalxa bildi. Budur, özlərini “demokrat” adlandıran neofaşist erməni quldurlarının həyat kredosu. Göyçə köməklik umurdu!“

Burda bir Şir darda qalıb bağırır,

Mürvətsiz insanları çağırır”. S. M.H. Şəhriyar.

İndi Ermənistan adlandırılan qədim türk-oğuz torpaqlarımızın hər yerində olduğu kimi, Göyçədə də daşnak quldurlarına qarşı adamların dərin qəzəb hissi sahilsiz bir dənizi xatırlatsa da, dəfələrlə Krasnoseloda, Şorcada, Şişqayada, Böyük Məzrədə çoxminli izdihamın nümayişləri, mitinqləri keçirilsə də, heç bir səmərə vermir, səsimizə səs verən tapılmırdı. Göyçənin mühasirə həlqəsi gündən-günə daralırdı. Azərbaycan KP Mərkəzi Komitəsinə və hökuməti adına göndərilən minlərlə məktub və teleqramlara da cavab ala bilmirdik. 1988–ci ilin sentyabr, oktyabr aylarında Bakıya göndərilən nümayəndə heyəti də boynu buruq halda qayıtmışdılar.

Nəhayət, son ümid kimi 28 azərbaycanlı kəndinin 52 min əhalisini əhatə edən 21 nəfərdən ibarət nümayəndə heyətimizlə (bu yazının müəllifi də bu heyətə daxil idi) çox çətinliklə qarlı dağ aşırımlarını keçib Bakıya çata bildik. Bir həftəlik çək-çevirdən sonra bizi noyabrın 17-də o zamanlar Azərbaycan KP Mərkəzi Komitəsinin birinci katibi işləyən Ə.Vəzirov qəbul etdi (kaş heç qəbul etməyəydi). Sözümüzün tutulmadığını gördükdə, nəhayət, xahiş etdik ki, Göyçədə tab gətirə bilmədiyimiz halda, bizə Qarabağın çölü-biyabanlarında çadır qurub yaşamağa icazə verilsin. Sanki hər şey bu sözə bəndiymiş. Yaxud bu söz içəridə olan qəzəb hissini deməmək üçün bir bəhanəyə çevrildi. Bizi səbatsızlıqda, Lenin milli siyasətini tapdalamaqda, beynəlmiləlçiliyə xain çıxmaqda, araqızışdırmaqda, daha nələrdə ittiham etdi. Geri qayıdan zaman Göyçənin neçə kəndini, neçə-neçə evlərini yanar gördük. Qarət edilənlərin sayı-hesabı yox idi. Göyçə öz ağır günlərini yaşayırdı. Yeri gəlmişkən qeyd edim ki, Ermənistanda daşnak quldurlarının qətlə yetirdikləri 216 nəfərin hər dörddən biri Göyçənin payına düşür. Özünü erməni—daşnak quldurlarının anası hesab edən Silva Kaputikyan türklərin Göyçədən qovulması münasibətilə Basarkeçərdə keçirilən ziyafətdə “Türkləri Sevan hövzəsindən ( Göyçədən—İ.H.) çıxarmaqla regionu “çirkabdan” təmizlədiniz ”,- deyə ziyafət iştirakçılarını təbrik etmişdir, onun bu çıxışı erməni qəzetlərində verilmişdır.

Bilmirəm möcüzədimi, nədimi? Amma onun bu çıxışının səhərisi Ermənistanda dəhşətli zəlzələnin baş verməsi faktdır.

Zaman öz hökmünü verir. Qılınc həmən qılıncdı, vuran qol başqadı...Qisas qiyamətə qalmaz! Bu müdrik kəlam Şah babamıza məxsusdur. İstər Şah babamıza qədər, istərsə də ondan sonrakı özünün bütün tarixi boyu xalqımız həmişə yadellilərə qarşı mübarizədə kəsərli qılıncı ilə bütün və hər cürə çarpışmalardan qalib çıxa bilmişdir. Azərbaycanımızın kiçik bir zərrəsi olan ulu Göyçə və onun cəsur oğulları da Azərbaycan – türk tarixini həmişə qəhrəmanlıq səhifələri ilə zənginləşdirmişlər.

Uzağa getməyək; 1918-1919-cu ilin amansız daşnak avantürasına qarşı döyüşlərdə göyçəlilər də mərdlik göstərmiş, nizami- daşnak ordusunu bir neçə çox mühüm döyüşlərdə -Zodda, Cil kəndi aşırımında və nəhayət, Göysu-Ağkilsə -Göyçə gölünün sahil sularında pərən-pərən salaraq Göyçəni bütünlüklə düşməndən azad etməyə müvəffəq olmuşdular. Təsadüfi deyildir ki, bu münasibətlə “Qırmızı Tabor” un cəsur komandiri, yenilməz sərkərdə Abbasqulu bəy Şadlinski yaxın adamı olan Səməd ağaya göndərdiyi məktubunda göyçəliləri təbrik edirdi. Göyçə həmin Göyçədir, bəs indiki bu miskin vəziyyət? Bu haqlı suala həmkəndlilərim, daşnaklara qarşı 1919-cu il doyüşlərində bilavasitə iştirakçı olan Xıdır Mustafaoğlu və Qəşəm İbrahimoğlu belə cavab verdilər: “ Onda bizə Musavat hökuməti həm sursatla, həm də könüllülərlə böyük köməklik göstərdi. Bir tərəfdən də Dərələyəz aşırımı ilə Abbasqulu bəyin köməkliyi imdadımıza çatdı. İndi isə xalqımızın kəsərli qılıncı əlindən alınaraq Vəzirov kimi “başbilənlərimiz”ə tapşırılıbdı. Onlar da ki dinəni belə hədələyir, səsini kəsir, özləri də ermənilərə yaltaqlanırlar.

Böyük şairimiz R.Rza demişkən, yaltaqlanmaq — mənəvi rüşvət vermək deməkdir.

Bunun da aqibəti bugünkü miskinliyə gətirib çıxardı. Qayıdış gerçəkliyi, qayıdış labüdlüyü!“, Ana ocağından isti Vətən yoxdur!”. Əbədi qaydada yaddaşıma həkk olunmuş bir deyimi heç cürə xatırlamaya bilmirəm; ...Sarayda qızıl qəfəsə salınmış bir quş gecəli-gündüzlü “Vətən” deyə fəryad edir. Nəhayət, padşah rəhmə gəlir, quşu buraxmağı və onun vətəninin hara olmasını müəyyən etməyi adamlarına tapşırır. Quş çölü-biyabanda qurumuş bir tikanın üzərinə qonur, öz dilində “Vətənə gəldim, dinə-imana gəldim” deyir.

Bəli, doğulduğun, üstündə boya-başa çatdığın, ulularının uyuduğu hər bir qarış torpaq necəliyindən asılı olmayaraq Vətəndir. Vətən hər şeydən üstün, hər şeydən əziz tutulur, ona “Ana Vətən!” deyilir. Türk-oğuz elimizin zərrin bir parçası olan ulu Göyçəmiz də bizim üçün əzizdir, ilkin və doğma Vətəndir. Göyçənin füsunkar gözəlliyini təsvir eləməkdə qələmim acizdir. Hətta mahir bir rəssam tərəfindən onun ayrı-ayrı fraqmentlərinin bir lövhə kimi kətana köçürülməsi də çətindir. Çünki üzük qaşı kimi sıralanmış “qüdrətdən səngərli, qalalı dağlar”ı, laləli, nərgizli düzləri, bərəkətli zəmiləri, səthində bərq vuran Göyçə gölünün lacivərd suları bu yeri haqqın əliylə düzəldilmiş bir amfiteatra oxşadır. Deyilənlərə görə, məhz buna görə də Qorqud Dədə dağ zirvələrindən bu yeri seyr edərək bura “Göyçək” adını vermişdir.

İndi doğma xalqımızın ağuşunda sığınacaq tapan, ondan hər cürə çox böyük və hərtərəfli qayğı görən başqa qaçqınlar kimi 70 minə yaxın Göyçəli qaçqın da öz doğma torpağına qovuşmaq ümidilə açılan sabaha baxır. Dünyada çoxsahəli institutlara malik olan ən böyük akademiya həyat akademiyasıdır. Bunun prezidenti isə xalq özüdür. Bu prezident, yəni xalq heç vaxt səhv etmir. Xalqın tutduğu yol düzgün yoldur. Böyük və müdrik xalqımızın bir zərrəsi olan Göyçə camaatı da özünün haqq işinə inanır, inanır ki, gec-tez- bir il, beş il çəksə də, Göyçə göyçəlilərin olacaqdır. Bu, Göyçə camaatının həyat kredosudur. Göyçəlilərin indiki nəsli də, gələcək nəsli də məhz öz Göyçəsində yaşayacaq, böyüyəcək, şaxələnəcəkdir, rişələri daha dərinlərə işləyəcəkdir. Buna inanırıq. Göyçəmizə qayıdış olacaqdır. Bu qayıdış labüddür. İnşallah! Amin! Sağ-səlamət!

İsmayıl Hüseynoğlu.

SSRİ Jurnalistlər İttifaqının üzvü.


Etiket:
Xəbərlər

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024

60 YAŞIN MÜBARƏK!

15.01.2024

AŞIQ İSLAM YUSİFOV
(1893-1968)

12.01.2024

Milli dövlətçilik tariximizin məğrur lideri

28.12.2023

Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə "Qərbi Azərbaycan yolunda" adlı konfrans keçirilir - FOTOLAR

28.12.2023

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU. BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

27.12.2023

AZƏRBAYCAN AŞIQ POEZIYASININ GÖRKƏMLİ NÜMAYƏNDƏLƏRİNDƏN BİRİ ŞAİR, USTAD AŞIQ NÖVRƏS İMANIN 120 İLLİK YUBİLEY TƏDBİRİ KEÇİRİLİB

26.12.2023

İLAHİ EŞQİN TƏRCÜMANI

24.12.2023

Müzəffər Ali Baş Komandan, Qarabağın Fatehi, sizi doğum günü münasibətilə təbrik edirk!

24.12.2023

Həsən Xəyallının şeirlərində dini məqamlar. “Qıfılbənd”in təhlili

21.12.2023

BÖYÜK MƏZRƏ - GÖYÇƏ MAHALI

10.12.2023

Dekabrın 7-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda Qərbi Azərbaycan əsilli rəssamların əsərlərindən ibarət sərgi açılıb.

07.12.2023

Tanınmış hərbi ekspert Telman Qasımov İrəvana səfər edib.    

05.12.2023

HƏYATDA ÖZÜMÜ XOŞBƏXT ADAM HESAB EDİRƏM Ki, HEYDƏR ƏLİYEVLƏ BİRGƏ İŞLƏDİM

04.12.2023

AMEA müxbir üzvü, Basarkeçər rayon icma sədri, professor Nuru Bayramov İnönü Universitetinin “Fəxri Doktoru” seçilib - FOTOLAR.

03.12.2023

 Bax, biz Göyçə torpağındayıq...

29.11.2023

BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ “Qərbi Azərbaycanda türk müsəlman abidələrinin erməni vandallığına məruz qalması” mövzusunda elmi seminar keçirilib - FOTOLAR

25.11.2023

SƏHRADA YALQIZLIQ

25.11.2023

Azərbaycanda ilk dəfə “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir FOTO

23.11.2023

İcma: Paşinyan hökumətindən azərbaycanlıların Ermənistanda öz dədə-baba yurdlarına qayıdış hüququnu tanımasını gözləyirik

21.11.2023

“Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunan - MÜBARİZ QULUYEV BABACAN KƏND İCMASININ SƏDRİ SEÇİLDİ-FOTOLAR

14.11.2023

Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib

08.11.2023

Qərbi Azərbaycan İcmasının Basarkeçər rayonu Dərə kənd sakinləri və Dərəli kökənli gənclərlə görüşü keçirilib.

07.11.2023

Ulu Öndər Heydər Əliyev xatirələrdə

31.10.2023

"Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi" hesabatının təqdimatı ilə bağlı konfrans keçirilib.

30.10.2023

Oktyabrın 27-də Qərbi Azərbaycan İcmasında (QAİ) “Ulu Öndər Heydər Əliyev xatirələrdə” kitabının təqdimatı keçirilib.

28.10.2023

“Oğul” filminin rejissoru: “Erməni hərbçilərdən biri Natiqin cəsurluğunu etiraf etdi” - MÜSAHİBƏ

26.10.2023

Nərimanlı gəncləri ilə görüş keçirilib - FOTOLAR

24.10.2023

TANINMIŞ ALİM, İSTEDADLI ŞAİR-PUBLİSİST - RAMİZ HƏSƏNLİ ŞİŞQAYA KƏND İCMASININ SƏDRİ SEÇİLDİ

21.10.2023

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qüdrətdən səngərli, qalalı dağlar” adlı konsert proqramı keçirilib.

21.10.2023

Erməni dostunun azərbaycanlı yazıçıya hər il yazdığı mesaj: “Axırda...” – Müsahibə

17.10.2023
Bütün xəbərlər