Cümhuriyyəti yıxan adamın aqibəti – ARAŞDIRMA

15:30 / 20.11.2018

Dustaqlar Qarabağ general-qubernatorunun möhürü və imzası olan blankda yazılmış göstəriş əsasında azad edilmişdi.

...1919-cu ilin əvvəllərində Şuşa şəhərində yerləşən Qarabağ qəzası general-gubernatorluğunda yeni bir şəxs peyda oldu. Məğrur duruşlu, zadəgan görkəmli, çərkəzi geyimli bu gənc Qarabağın və Zəngəzurun hörmətli simalarından olan İldırım bəy Sultanovun oğlu Çingiz bəy (Çingiz İldırım) idi. Şuşaya gəldiyi ilk günlərdən Çingiz İldırım general-qubernatorluq yanında Şuranın üzvü təyin olundu və çox keçmədi ki, qubernatorluqda dəftərxana müdiri, daha sonra isə vitse-qubernator vəzifələrinə qədər yüksəldi. Bu yüksəlişə heç kim təəccüb də eləmirdi. Onun ali təhsilli mühəndis olması və bəy əsil-nəcabəti burada az rol oynamırdı. Şuşada fəaliyyətə başladığı ilk günlərdən Çingiz İldırım yerli erməni və müsəlman bolşeviklərlə gizli əlaqələr qurdu. O, imkan düşdükcə bolşevikləri silah və ədəbiyyatla təmin edir, polisin əlinə keçən bolşevikləri azad etdirirdi. 1919-cu ilin iyun ayında Şuşa və Gorus polisinin həbs etdiyi bir qrup bolşevikin onun tərəfindən azad etdirilməsində maraqlı bir məqam diqqəti cəlb eləyir. Dustaqlar Qarabağ general-qubernatorunun möhürü və imzası olan blankda yazılmış göstəriş əsasında azad edilmişdi. Ən maraqlısı isə odur ki, müavininin işləri barədə dəfələrlə Xosrov bəyə məlumat verilsə də bu müəmmalı məsələlər araşdırılmamış qalmışdı. Çingiz İldırımın kəndlərdə mövcud quruluşa, bəylərə və varlılara qarşı çıxışlarını, hətta öz doğma qardaşının əlavə torpaq sahəsini əlindən alaraq yoxsul kəndlilərə verməsini kəndlilər təəccüblə, bəylər isə qəzəblə qarşılayırdı. “...Gələcəkdə yaradılacaq yeni, ədalətli məhkəmə bütün müqəssirləri, zəhmətkeş xalqı istismar edənləri mühakimə edib cəzalandıracaq, onlardan intiqam alacaq ”. 1919-cu ilin iyulunda Şuşa qəzasının Mafruzlu kəndindən olan Alışbəylə aralarında baş vermiş münaqişədən sonra Çingiz İldırımın kənd camaatı qarşısındakı bu çıxışı isə Qarabağ bəylərinin ona olan münasibətini tamamilə dəyişdi. Xosrov bəyin qorxusundan nifrətlərini açıq büruzə verməsələr də, artıq Çingiz İldırımın gizlicə aradan götürülməsi üçün plan hazırlanırdı. Belə bir dövrdə- 1919-cu ilin avqustunda Çingiz İldırım müəmmalı şəkildə general-qubernatorluqdan Bakıya çağırıldı. Ancaq bu onun Şuşada hökumət əleyhinə fəaliyyəti ilə bağlı deyildi. Əksinə ona Nazirlər kabinetində daha yüksək vəzifə təklif olunurdu...Həmin dövrdə Şimali Qafqaz Denikinin əlində olduğundan Bakı və Sovet Rusiyası arasındakı yollar bağlı idi. Ona görə də Bakıda gizli fəaliyyətlərini bərpa etmiş bolşeviklər Bakı Həştərxan dəniz yolu ilə partiyanın Mərkəzi Komitəsi və Sovet hökuməti ilə əlaqə yaratmağı qarşılarına məqsəd qoymuşdular. Bu vəzifəni müvəffəqiyyətlə yerinə yetirmək üçün isə hər şeydən əvvəl Xəzər dənizi matros və fəhlələri içərisində, Bakı limanında məsul vəzifələrdə baçarıqlı bolşevik işçilərə malik olmaq lazım idi. Elə Çingiz İldırımın da Bakıya çağrılmasının gizli məqsədi bu idi. Ona eyni zamanda iki vəzifə verildi: Bakı limanı rəisinin baş köməkçisi və Hərbi donanmanın rəis müavini. Bir neçə aydan sonra isə Nəqliyyat nazirinin su nəqliyyatı üzrə səlahiyyətli nümayəndəsi vəzifəsi də ona tapşırıldı. Xəzər dənizindəki bütün hərbi və mülki donanma faktik olaraq Çingiz İldırımın səlahiyyətində idi. Hərbi Donanmada “ Qars ”, “ Ərdəhan ” və “ Yunanıstan ” gözətçi qayıqları, “ Kursk ”, “ Oryol ”, “ Astrabad ” və “ Göy Təpə ” xidmət gəmiləri, “ Araz ” hidroqraf gəmisi, “ Bayıl ” yedək gəmisi, “ Puşkin ” kreyseri və “ Ələsgəriyyə ” hospital gəmisi vardı. Bu gəmilərdə qulluq edən azərbaycanlı zabitlər əsasən keçmişdə ticarət donanmasında qulluq etmiş dənizçilər idi. Gəmilərdə qulluq edən rus zabit və əsgərlər isə Milli donanmada qulluq etmək istəmirdilər və yerli zabitlərlə münasibətləri o qədər də yaxşı deyildi. ADR hökumətinin Çingiz İldırımı birdən-birə belə bir məsul sahəyə təyin etməsi doğrudan da təəccüb doğuran bir hadisədir. Şuşada hökumət əleyhinə fəaliyyətini bir kənara qoyub, təkcə tərcümeyi-halına diqqət yetirmək kifayət idi ki, onun bolşevizmə nə qədər sadiq bir insan olduğunu aydın görəsən. O, 1916-cı ildə mühəndis-metallurq ixtisası üzrə Petroqrad Politexnik İnstitutunu bitirdikdən sonra burada “ Ayvaz ” mexaniki zavodunda mühəndis kimi fəaliyyətə başlamışdı. Zavodda işlədiyi müddətdə bolşeviklərə qoşulmuş, hətta 1917-ci il oktyabrın 25-də (yeni stillə noyabrın 7-də) Qış Sarayına hücumda iştirak etmişdi. 1917-ci ildən 1919-cu ilin ortalarına qədər Rusiya Xalq Komissarları Sovetində Rusiya müsəlmanlarının işi üzrə büroya rəhbərlik etmişdi. O zaman Çingiz İldırım eyni zamanda Petroqrad Hərbi Komissarlığında müsəlman hərbi kollegiyasına rəhbərlik edirdi. 1918-ci ilin iyununda Çingiz İldırım Peterburqda və Şimal vilayətində ilk müsəlman hərbi eskadronunu yaratmışdı. Qızıl əsgərlər tərəfindən sonralar « İldırımiyyə » adlandırılan bu eskadron Qızıl Ordu tərkibində vətəndaş müharibəsində, Şərq çəbhəsində düşmənə qarşı vuruşmalarda iştirak etmişdi. Çingiz İldırımın yeni vəzifəsindəki fəaliyyətinə keçməzdən əvvəl onun bu pilləyə qədər yüksəlməsindəki müəmmalara qismən aydınlıq gətirəcək bir məqama diqqət yetirməyi vacib sayırıq. Aprelin 28-də Azərbaycanda Sovet hakimiyyəti elan olunduqdan dərhal sonra Qarabağ qəzasının general-qubernatoru Xosrov bəy Sultanov özünü Qarabağ Hərbi İnqilab Komitəsinin sədri elan elədi. Çingiz İldırım onun bu vəzifədə saxlanılmasını N.Nərimanovdan xahiş etsə də o bu təklifi qəbul etmədi və iki həftə sonra bu vəzifəyə Dadaş Bünyadzadəni təyin etdi. 1920-ci ilin 12 may tarixində XI Qızıl Ordunun Xüsusi Şöbəsinin müdirinin əmri ilə Xosrov bəy həbs olundu və 1920-ci ilin 9 avqustunda onun şəxsi işi Ali Tribunala verildi. 1921-ci ilin fevral ayının 15-də Şamil Mahmudbəyov 24 dekabr məruzəsinə əlavə olaraq Nəriman Nərimanov, Həmid Sultanov və Əliheydər Qarayevin adına iki səhifəlik məlumat göndərmişdi. O, daşnakların daha da azğınlaşdığın yazır, Qarabağın və Zəngəzurun müsəlman əhalisini erməni talanlarından qorumaq üçün Bakıdan yardım istəyirdi. Mahmudbəyov xəbərdarlıq edirdi ki, daşnaklar “Dağlıq Qarabağın düzən Qarabağla əlaqəsini tamamilə kəsmək üçün Şuşa qəzasının II Vərənd sahəsində üsyan qaldırıb, I Xankəndi sahəsi ilə birləşmək” istəyirlər. O, təklif edirdi ki, Qarabağ və Zəngəzurda müsəlman əhalisinin müdafiəsini gücləndirmək üçün bölgədə böyük nüfuzu olan Sultan bəy Sultanovun imkanlarından istifadə etmək lazımdır. Bunun yeganə yolunu isə o, az əvvəl Qarabağ və Zəngəzurun general-qubernatoru olmuş, azərbaycanlı əhalinin erməni talanlarından qorunmasında müstəsna rol oynamış, ermənilərin təkidi ilə həbs edilmiş Sultan bəy Sultanovun qardaşı Xosrov bəy Sultanovun həbsdən azad olunmasında görürdü. Hətta Ş.Mahmudbəyov məlumatın sonuna öz əl yazısı ilə əlavə etmişdi ki, “ Xosrov bəy Sultanov azad ediləcəyi təqdirdə onun loyallığı və etibarlılığına şəxsən cavabdeh olacaq, onun bütün hərəkətləri üçün məsuliyyəti öz üzərinə götürəcək ”. Şamil Mahmudbəyovun bu məlumatı da fevralın 28-də Xalq Komissarları Sovetinin işlər idarəsi tərəfindən Serqo Orconikidzeyə göndərildi.Ancaq göstərilən cəhdlər nəticəsiz qalır, generalın həbsi Qafqazda əsas söz sahibi olanlar tərəfindən verilmişdi, ona görə də Orconikidzeyə göndərilən müraciətlərin müqabilində Xosrov bəyin tezliklə aradan götürülməsi barədə göstəriş gəlir. Lakin təzə bolşevik hökumətində Hərbi Dəniz Donanmasının komandanı olan çox cəsur, qorxubilməz insan olan Çingiz İldırım çox sevdiyi əmisi oğlunun haqsız həbsinə, onu gözləyən labüd ölümə laqeyd qala bilməzdi, məhz onun qurduğu əməliyyatla Xosrov bəy həbsxanadan qaçırılır. Bəzi araşdırmaçılar burda Nərimanovla Xosrov bəyin tələbəlik illərindən yaxın dostluq münasibətlərinin də rol oynadığını yazırlar. 1919-cu ildə Çingiz İldırım bolşeviklər partiyasının tapşırığı ilə Bakıdan Rusiyaya neft daşıyan Xüsusi dəniz ekspedisiyasını yaratdı. Dəniz ekspedisiyasının Həştərxana gedən və Bakıya qayıdan bütün qayıqlarının yola salınmasında S. M. Kirov şəxsən iştirak edir və dənizçilərə lazımi tapşırıqlar verirdi. Dəniz ekspedisiyasına daxil olan hər bir qayığın təklikdə hərəkət planı var idi və bir qayığın ekipajının digərinin işindən xəbəri yox idi. İş son dərəçə gizli aparıldığından ekspedisiyanın bütövlükdə fəaliyyəti əsasən S. M. Kirova, A. İ. Mikoyana. Çingiz İldırıma və başqa rəhbər bolşeviklərə məlum idi. Xususi dəniz ekspednsiyasından olan hər bir qayığın Bakıdan təhlukəsiz yola salınmasını və qarşılanmasını Çingiz İldırım bilavasitə təşkil edir və onun işini planlaşdırırdı. Bu sahədə, donanmada və limanda səmərəli iş aparmaq üçün o, partiyanın tapşırığı ilə onlarca kommunisti əlverişli vəzifələrə işə düzəltdi. Məsələn, partiya tərəfindən Həştərxandan Bakıya gizli işə göndərilmiş Yan Lukyanenkonu Çingiz İldırım. Aleksandr Leontiyeviç Titorets adı ilə Bakı dəniz limanında məsul vəzifəyə işə duzəltmişdi. ADR nəqliyyat rabitə nazirinin Dəniz nəqliyyatı üzrə xüsusi müvəkkili Çingiz İldırımın imzası ilə Yan Lukyanenkoya verilən vəsiqədə gösərilir ki, A.L.Titorets ADR hökuməti nəqliyyat rabitə nazirinin dəniz nəqliyyatı üzrə gizli məmurudur. O, Bakı limanına qaçaq mal gətirən və aparan gəmilər üzərində dövlət nəzarətçisidir. 1919-cu il noyabrın axırlarına aid polis sənədlərindən birində bolşeviklərin Bakı-Həştərxan arasınlakı əlaqəsi haqqında deyilir: “ Həştərxandan gələn qayıqlar bolşevik təbliğatı məqsədilə Bakıya görkəmli kommunistlər gətirirlər və buradan geriyə, Bakıdan Həştərxana ağ neft və benzin aparırlar ”. Ancaq Bakı polisinin xəbəri yox idi ki, qayıqlarla Bakıya külli miqdarda pul və silah daşınır. Ekspedisiyanın dənizçiləri son dərəcə dəqiq və ehtiyatla hərəkət edirdilər. A. P. Mikoyan Türküstan cəbhəsinə komandanlıq edən M. V. Frunzenin bilavasitə yaxından köməyi ilə Bakı və Dağıstan bolşevikləri üçün çoxlu miqdarda silah göndərilməsini təşkil edirdi. 1920-ci il martın 6-da A. İ. Mikoyan Daşkənddən telefonla o zaman Həştərxanda olan S.M.Kirova məlumat verərək deyirdi: “ Bakını və Dağıstanı silah və pulla təchiz etmək üçün biz burada bütün tədbirləri görüruk ”. Orta Asiyadan və Həştərxandan gətirilən silahların ələ keçməməsi üçün bütün lazımi tədbirləri Çingiz İldırım həyata keçirir, silahları bolşeviklərin Qaraşəhərdəki və Bayıldakı gizli silah anbarlarında yerləşdirirdi. Həmin vaxtlarda, martın 25-də A.İ.Mikoyan Krasnovodskdan Bakı bolşeviklərinə göndərdiyi teleqramında yazırdı: “ Türküstan Hərbi-İnqilab Şurası Qafqaz Ölkə Komitəsinin ehtiyacı üçün Storojuk yoldaşla Bakıya patronla bərabər yeddi yüz tüfəng və beş milyon manat pul göndərdi ”. Bu, təkcə mart ayı ərzində Bakıya daşınan silah-sursatın kiçik bir qismi idi. Çingiz İldırım silahlı üsyana hazırlıq dövründə həm də orduda və donanmada ideoloji təbliğat işlərinin gücləndirilməsini vacib sayırdı. 1920-ci il yanvarın 5-də kommunistlərin hərbi təşkilatının Mərkəzi İnqilab qərargahı Çingiz İldırımın təklifi ilə orduda və donanmada gizli bolşevik təbliğat şöbələrinin yaradılmasını qərara aldı. ADR ordusunun Bakıdakı qarnizonunun hər bir dəstəsində bolşevik özəkləri yaradılmışdı. Mirzə Davud Hüseynov yazır ki, 5-ci polkun hətta bütöv rotaları bolşeviklərin tərəfində idi. ADR ordusu və donanmasının demək olar ki, bütün döyüş hissələrində güclü bolşevik özəkləri fəaliyyət göstərirdi. 1920-ci il yanvarın 22-də Bakı polismeysteri Bakı şəhər bələdiyyə idarəsinin rəisinə göndərdiyi raportunda bu barədə təşvişlə yazmışdı: “Məndə olan xəfiyyə məlumatına görə, kommunist təşkilatları əhali içərisində güclü təşviqat aparırlar, son vaxtlarda isə bu təşviqat həm əsgərlər, həm də polislər arasında yayılır”. 1920-ci ilin yazında Polşa Rusiya ilə müharibəyə başladı. Həmin vaxtda Rusiya kəskin yanacaq problemi ilə üzləşmişdi. Yalnız Bakı bolşevik hökumətini çətin vəziyyətdən qurtara bilərdi. Leninin bütün teleqramlarında deyilirdi: “ Bakını almaq, almaq, almaq lazımdır ”. Çiçerin Azərbaycan hökumətinə nota göndərdi. Notada deyilirdi ki, ümumi düşmənləri əzmək üçün Azərbaycan hərbi əməkdaşlığa razılıq versin. Azərbaycanın xarici işlər nazirliyi əvvəlcə Azərbaycanın müstəqilliyinin Rusiya tərəfdən tanınmasını tələb etdi. Amma Çiçerin cavabdan boyun qaçırdı. Həmin vaxt artıq Denikin Şimali Qafqazda məğlubiyyətə uğramış, Sovet Rusiyasının Azərbaycana yolu açılmışdı. Rusiya Azərbaycana hücuma hazırlaşdığı bir vaxtda Azərbaycan hökumətində daxili intriqaların nəticəsi olaraq böhran bir-birini əvəz edirdi. Baş nazir Yusifbəylinin istefasından sonra yeni kabinet təşkili Hacınskiyə tapşırıldı. Aprelin 15-də Xoyski danışıqların aparılması barədə Çiçerinə nota göndərdi. Notanın cavabsız qalması son ümidləri də puça çıxartdı. Artıq Sovet Rusiyası Azərbaycan sərhədlərinə qoşun toplamağa başlamışdı. Milli ordu qüvvələrinin əsas hissəsi Qarabağda baş vermiş erməni üsyanlarını yatırmaqla məşğul olduğundan müdafiə çox zəif idi. ADR hökuməti əsas diqqətini öz hərbi donanmasını möhkəmlətmək və Bakı yaxınlığındakı adalarda yerləşən artilleriyanı qüvvətləndirmək işinə verirdi. 1920-ci il aprelin 7-də ADR hökumətinin Bakı rayonu hərbi general-qubernatoru Bakı və Balaxanı-Sabunçu polismeysterlərinə dəniz sahillərində və yaxın adalarda hərbi mövqeləri möhkəmlətmək göstərişi verərək bu işin “ son dərəcə böyük dövlət əhəmiyyətli ” bir vəzifə olduğunu göstərirdi. ADR hökuməti Nargində, Şıxovda, Bayılda, Zığda, Pirallahıda öz istehkamlarını möhkəmlətməyə xüsusi diqqət verirdi. Çingiz İldırım yazır ki, ADR hökumət başçıları Bayıl, Şıxov və Nargin istehkamlarını qüvvətləndirib burada öz möhkəmliyinə görə ikinci Kronştadta çevirəcəklərini deyirdilər. Hərbi donanmadakı “ Qars ” və “ Ərdəhan ” gəmilərinə Yalama-Xaçmaz istiqamətində sərhəddi keçəcək Sovet zirehli qatarlarını dənizdən atəşlə məhv etmək göstərişi verilmişdi. Aprelin 22-də XI Qızıl Ordunun Bakıya gələn nümayəndələrinin iştirakı ilə Rusiya K(b)P Qafqaz Ölkə Komitəsinin Bakı bürosu yanında keçirilən təcili müşavirədə aprelin 27-də gündüz saat 12-də hakimiyyəti təslim vermək haqqında ADR hökumətinə ultimatum verilməsi və dərhal silahlı üsyana başlamaq qərara alındı.Qafqaz cəbhəsi komandanı M.N.Tuxaçevskinin Q.K.Orconikidze ilə birlikdə aprelin 21-də verdiyi 490 nömrəli əmrdə XI Ordunun aprelin 27-də Azərbaycan sərhəddini keçib sürətli hücumla Bakı quberniyası ərazisini tutmaq tapşırığı verilmişdi. 1920-ci il aprelin 27-də səhər tezdən partiyanın Mərkəzi Komitəsi başda Nəriman Nərimanov olmaqla Müvəqqətn İnqilab Komitəsi yaratdı. Həmin gün tezdən Çingiz İldırımın göstərişilə Xəzər dəniz donanmasının matros və fəhlələrinə « Qafqaz » yük gəmisində gizli saxlanılan silah sursat paylandı. Çingiz İldırım tərəfindən hazırlanmış silahlı üsyan planına əsasən əməliyyat aparacaq donanma yeddi hərb gəmisindən ibarət idi. “ Qars ” və “ Ərdəhan ” gəmiləri başda olmaqla onlardan beşinin böyük kalibrli qüvvətli və müdhiş topları var idi. Digər ikisi isə sərbəst atəşli toplar və minaatanlarla silahlanmışdılar. Üsyan zamanı donanmanın təhlükəsizliyini təmin eləmək üçün, hər şeydən əvvəl, Bayılın ən uca yerində yerləşdirilmiş iki uzaq-vuran güclü sahil artilleriyası və ağır səhra topunu sıradan çıxarmaq lazım idi. Bu işi də Çingiz İldırım öz öhdəsinə götürdü. O, aprelin 26-dan 27-nə keçən gecə iki nəfər döyüşçü ilə silah gücünə Bayıldakı bütün sahil toplarını ələ keçirdi və ADR-in Nargin adasında yerləşmiş qoşun hissəsinin və artilleriyasının Bakı ilə əlaqə saxladığı telefon xəttini kəsdi. Bayılda yerləşən topların ələ keçirilməsini Çingiz İldırım sonralar 1922-ci il aprelin 28-də « Bakinski raboçi » qəzetində çap olunan öz xatirəsində belə təsvir edirdi: “...İlin bu vaxtı üçün nadir olan isti bir gecə idi. Ay bütün ətrafı və məğrur meşəni andıran Bibiheybət mədənlərini özünün aydın işığına qərq etmişdi. Müsavatın başlıca dayağı olan iki nəhəng top ay işığında aydın görünürdü.Topların yanına mərmilər yığılmışdı. Batareya mövqeyi rəisi bu mərmilərlə bizim döyüşçüləri qarşılamaq ümidində idi. Toplara tərəf gedən yolu qoruyan növbətçi əsgər səslənərək bizi saxladı. O, növbətçi zabiti çağırdı. Qısa muddətli izahatdan sonra onlar bizi müvəqqəti düşmənlərimizin-topların yanına buraxdılar. Mən topları nəzərdən keçirib zabitə onların açarlarını çıxarmağı əmr etdim. Əvvəlcə gənc podporuçnik əmri yerinə yetirməkdən imtina edərək, mövqe ba-tareyaları rəisinin yazılı əmrini tələb etdi. Lakin danışığın qısa olaçağını gördükdə... Topların açarlarını çıxardıb gəmiyə göndərdikdən sonra rahat nəfəs aldım. Düşmən tərksilah edilmiş, qələbə demək olar ki, təmin olunmuşdu. Donanmanı səhra toplarının təhlükəsindən də qurtarmaq lazım idi. Doğrudur, əslində bu toplar o qədər də qorxulu deyildi, lakin onların gurultusu əngəl törədə bilərdi. Səhra artilleriyasının öhdəsindən gəlmək vəzifəsi çətin deyildi. Toplar asanlıqla zərərsizləşdirildi. Onların çıxarılmış açarlarını “ Puşkin ” gəmisinə göndərdik və sonra biz yola düşdük ”. Aprelin 27-də səhər tezdən Çingiz İldırım Bakı yunkerlər məktəbinə qəflətən daxil olub onları tərksilah elədi.Yenə həmin gün səhər tezdən onun komandanlığı altında olan silahlı dənizçilər Bayıl fəhlələri ilə birlikdə şəhərdəki birinci polis idarəsini və sonra Bayıldakı hərbi silah anbarını ələ keçirdilər. Silahlanmış inqilabçı dəstələr hərbi limanı tamamilə nəzarətə götürdülər, daha sonra isə Bayıl həbsxanasını tutub, oradakı bütün siyasi məhbusları azad elədilər. Azərbaycan K(b)P MK-nın göstərişilə Çingiz İldırımın komandanlığı altında Xəzər hərbi-dəniz donanması aprelin 27-də səhər döyüşə tam hazır vəziyyət aldı. Donanmanın bütün gəmilərindəki üç rəngli bayraqlar çıxarıldı və əvəzinə Qırmızı bayraqlar asıldı. Səhər saat 10-da bütün gəmilər Bakı buxtasına daxil olaraq öz toplarının ağzını hökumətin və parlamentin yerləşdiyi binalara doğru yönəltdilər. Bundan bir az sonra Həmid Sultanov başda olmaqla kommunistlərin nümayəndə heyəti Azərbaycan K(b)P MK, Rusiya K(b)P Qafqaz Ölkə Komitəsinin Bakı bürosu və Mərkəzi Fəhlə Konfransı adından hökumətə və parlamentə yazılı ultimatum verdi: “ Azərbaycan parlamentinə və hökumətinə. Azərbaycan Kommunist partiyası Mərkəzi Komitəsi adından Azərbaycan proletariatı və zəhmətkeş kəndlilərinin iradəsini ifadə edərək Mərkəzi Komitə qan tökülməsinin qarşısını almaq naminə hakimiyyəti dərhal bolşeviklər partiyasına təslim vermənizi ultimativ şəkildə qarşınızda qoymağı özünə borc bilir...”. Bu ultimatumla yanaşı Çingiz İldırım da hərbi donanma adından parlamentə ayrıca ultimatum göndərmişdi: “ Azərbayçan hökumətinə və parlamentinə.Azərbayçan Sosialist Şura Cümhuriyyətinin Qızıl donanması hakimiyyəti dərhal başda yoldaş Nərimanov olmaqla fəhlə-kəndli Şura hökumətinə vermənizi tələb edir. Qızıl Donanma bu halda milliyyətindən asılı olmayaraq bütün Bakı şəhər əhalisinə asayiş və əmin-amanlıq təmin edir. Cavab, ultimatum alınandan sonra, 2  saat ərzində verilməlidir. Əks təqdirdə atəş açılacaqdır. Şura Azərbaycanının Qızıl donanma komandanı, mühəndis İldırım. 27 aprel 1920-ci il ”. Aprelin 28-də isə XI Ordunun 28-ci atıcı diviziyasının iki rotasının köməyi ilə Dəmiryol döyüş sahəsinin rəisi M. Q. Yefremovun komandanlıq etdiyi “ III İnternasional ”, “ Qırmızı Həştərxan ”, “ Qırmızı Dağıstan ” və “ Timofey Ulyantsev ” zirehli qatarlar qrupu Samur körpüsünü keçdi. Elə həmin gün Azərbaycanda Sovet hakimiyyəti elan edildi. Bu xidmətlərinə görə Çingiz İldırım Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilən ilk azərbaycanlı oldu və düz 17 il müxtəlif yüksək vəzifələrdə sədaqətlə inandığı rejimə qulluq elədi. 1937-ci il iyul ayının 7-də birdən-birə Xalq Daxili İşlər Komissarlığı (XDİK) Çingiz İldırımı həbs elədi. Üzərində “ Əbədi saxlamalı ” qrifi vurulmuş cinayət işində onu Bakıda ifşa edilmiş əksinqilabi qrupla əlaqələrdə, Maqnitoqorsk metallurgiya kombinatının tikintisi zamanı qəzalar və yanğınlar törətməkdə və xarici kəşfiyyata satılmaqda ittiham edirdilər. Hər şey aydın idi... Onu güllələyəcəkdilər... Elə də oldu. Bir neçə ay Bakıda və Dnepropetrovskda davam edən istintaq və dindirmələrdən sonra XDİK-in “ troyka ”sı onu ölüm cəzasına məhkum elədi. Ancaq ölüm hökmü dərhal icra olunmadı. O düz 4 il, ömrü boyu sədaqətlə xidmət elədiyi Qırmızı imperiyanın ən dəhşətli həbsxanalarından birində - Suxanovo monastrında, hər gün ölüm hökmünün icra ediləcəyi saatı gözlədi. Onu 1941-ci il aprel ayının 27-də güllələdilər. Aprel ayının 27-də... Taleyin ironiyasına bax...

Füzuli Sabiroğlu


Etiket:
Xəbərlər

Kiçik bir zaman kəsiyində rayon mərkəzi Spitak şəhəri, qonşu kəndlər, o cümlədən Qursalı kəndimiz yer üzündən silindi- Vaqif Namazov

19.05.2019

Göy üzünün şairi

18.05.2019

Bizsiz Laçın işğaldan sonra (FOTO)

18.05.2019

Türkün qədim yurdu- İrəvan Xanlığının tarixi

17.05.2019

Bilmək və inanmaq arasında - Nəyə inanırıq, nəyi bilirik?

16.05.2019

Qoşabulaq kəndindən II dünya müharibəsində həlak olan və itkin düşən soydaşlarımız

16.05.2019

Üzeyir Hacıbəyov aşıq sənəti haqqında

15.05.2019

Ardanış kolxozu və sədrləri

15.05.2019

Həyat yoldaşı ilə birgə güllələnən Sovet İttifaqı qəhrəmanı, gənc general kimdi?

14.05.2019

Tanınmış yazıçı- publisist, vətənpərvər ziyalı

14.05.2019

“Könüllü” köçürülmə erməni xəyanəti idi

13.05.2019

Yüzilliklər boyu yaşayacaq bir abidə...

13.05.2019

Tarixin GİZLİNLƏRİ – Rus zabit Berlinə bayraq sancan Məmmədovu niyə güllələdi? – VİDEO

12.05.2019

Dastan haqqında

11.05.2019

Azərbaycanlıların deportasiyası və 1988-ci il faciəsi

11.05.2019

Bir gölün dəniz dərdi

10.05.2019

“Rütbəli erməni əyilib mənə dedi ki, atam azərbaycanlıdır...” – ƏSİR DÜŞƏRGƏSİ

10.05.2019

Dünya siyasətinin Heydər Əliyev zirvəsi

10.05.2019

“Özümü tualetə atıb boğulmaq yeganə xilas yolu idi...” –ƏSİR DÜŞƏRGƏSİ

09.05.2019

GÖYÇƏNİN SAZ-SÖZ USTADLARI İKİNCİ DÜNYA MÜHARİBƏSİNDƏ

09.05.2019

Ədəbiyyatın Şuşasız Şuşası

08.05.2019

“Avtomatın qundağı ilə vurdular, düşdüm meyitin üstünə...” – ƏSİR DÜŞƏRGƏSİ

08.05.2019

Dəmir Gədəbəylinin şeirləri

07.05.2019

300 erməninin mühasirəsində: bitməyən gecə, qaranlıq lağımda itən düşmən – ƏSİR DÜŞƏRGƏSİ

07.05.2019

"Ermənistandan" qovulmuş Azərbaycan türklərinin sayı

07.05.2019

Kitab danışır - Xalqların və Kütlənin psixologiyası.

06.05.2019

Azərbaycan ədəbiyyatında deportasiya mövzusuna həsr olunmuş əsərlər

06.05.2019

Abbas Çayxorski - Qəribə soyadlı azərbaycanlı “Atom kralı”

05.05.2019

Azıx mağarasının müasir taleyi və “erməni dişi” - Şəhla Cabbarlı yazır

04.05.2019

Nərimanlı kəndindən ikinci dünya müharibəsində itkin düşən soydaşlarımız

04.05.2019

Sonradan sevərsən...

04.05.2019

Göyçə dedim, yaralarım göynədi...

03.05.2019

Aclıq
(Hekayə)

03.05.2019

RAMİZ RÖVŞƏN OLAN YERDƏ...

02.05.2019

Göyçə gölü, göy üzündə gözüm var

01.05.2019

Göyçə mahalında Adatəpə kəndi

01.05.2019

Görəsən mavi gözlü, şux mələyim, Göyçə gölüm bu hicrana necə dözür...

30.04.2019

Soyqırıma məruz qalan Azərbaycan toponimləri

30.04.2019

Xocalı soyqırımını törətmiş ermənini məhv edən döyüşçü - Aprel döyüşlərinin gizli tərəfi

29.04.2019

“CAMALIN GÖYÇƏKDİ BAYRAM AYINDAN” – Professor Ələddin Allahverdiyevin yazısı

28.04.2019

Allahverdi Təkləlinin şeirləri

28.04.2019

“REPATRİASİYA”... DEPORTASİYA... və yaxud GİZLİ İŞĞAL

27.04.2019

Bizim Kino - Babək

27.04.2019

Kitablar haqqında 15 maraqlı məlumat

26.04.2019

Gülzar nənə ilə Kitab bayramı

26.04.2019

İçimdən göyərən dərdimdi Göyçə…   II HİSSƏ

25.04.2019

Ermənistanda Türk toponimlərinin dəyişdirilməsi

24.04.2019

Qərbi Azərbaycan (Ermənistan) kolanıları

24.04.2019

Asif Ata. Deyimlər (“Rəmzlər” Bitiyindən)

23.04.2019

Səfəvilər dövründə Azərbaycan dili

23.04.2019
Bütün xəbərlər