Xatirələrimin qəhrəmanı - Əli Hacıyev

10:00 / 20.11.2018
Baxılıb: 5798

1972-ci ildə Bərdə rayon Muğanlı kənd 8 illik məktəbini bitirdikdən sonra təhsilimi davam etdirmək üçün riyaziyyat müəllimim Əhməd Ağayevin tövsiyəsi ilə oğlu Asiflə birlikdə sənədlərimizi Bərdə rayon Yeni Daşkənd kənd orta məktəbinə verdik. Əslində bizim kəndlərdə orta məktəb olmadığı üçün kəndin uşaqları kəndə daha yaxın olan Bərdə şəhər məktəblərində təhsillərini davam etdirirdilər. Lakin bizim riyaziyyat fənninə olan marağımız bizi Göyçə mahalının görkəmli ziyalısı, böyük pedaqoq Hacıyev Tanrıverdi Alı oğlunun sinifinə gətirdi. Bizim sinifimiz riyazi qabiliyyəti olan şagirdlərdən müsabiqə yolu ilə təşkil edilmiş riyaziyyat təmayüllü sinif idi. Eynilə Bakı şəhər 1 saylı riyaziyyat təmayüllü məktəbdə olduğu kimi. Əslində bu, Tanrıverdi müəllimin Bərdə RXMŞ-da olan hörmət və nüfuzunun nəticəsi idi. Yunan filosofu Sokratın məşhur bir kəlamı var: “ Nə qədər ki fəlsəfə ilə məşğul olmurdum, elə bilirdim ki, hər şeyi bilirəm, fəlsəfə ilə məşğul olandan sonra gördüm ki, heç nə bilmirəm ”. Mirzə Cəlil bu məşhur fikirdən “ Ölülər ” əsərində Kefli İsgəndərin dili ilə istifadə edir: “ Nə qədər ki şərab içmirdim, elə bilirdim hər şeyi bilirəm, şərab içəndən sonra isə gördüm ki, heç bir şey bilmirəm ”. Mən də çox sonralar başa düşdüm ki, nə qədər ki Tanrıverdi müəllimin dərslərində iştirak etməmişdim, mənə elə gəlirdi ki, çox böyük “riyaziyyatçıyam”, lakin Tanrıverdi müəllimin dərslərində iştirak edəndən sonra gördüm ki, mən hələ riyaziyyatdan çox dayazam. Lakin bütün bunlara baxmayaraq elə ilk dərslərdən rəhmətlik Tanrıverdi müəllimin gələcəyinə ən çox inandığı, etibar etdiyi bir şagirdə çevrildim...Məktəbin bufetində Firəngiz adlı bir qadın işləyirdi. Böyük tənəffüsdə oradan 20 qəpiklik şirniyyat alardıq. Sentyabrın ortaları olardı, növbəyə durduğumuz vaxt gördüm ki, Firəngiz xala mənə yaman diqqətlə baxır. Qəfil soruşdu: “ Qasımbəylidən olan uşaq sənsən? ” Səksəndim, dedim: “ Bəli, nə olub ki ? ” Qayıtdı ki, Tanrıverdi müəllim səni yaman təriflədi, dedi ki, ondan yaxşı riyaziyyatçı olacaq. Sən demə, Tanrıverdi müəllim bufetdə müəllimlərlə çay içəndə söz düşüb və mənim haqqımda yüksək fikirlər söyləyib...Həyatımın sonrakı dönəmlərində, xüsusilə tələbəlik illərində bir çox uğurlarım olub.

Ən çox qorxduğum fəndən (Məsələn: Vahid Kərimov: Dialektik materializm) “ 5 ” qiymət alanda belə həmin gündəki qədər sevinməmişdim. Çünki həmin gün məni sevimli müəllimim tərifləmişdi. Onu da qeyd edim ki, Tanrıverdi müəllim Tərtər çayının sağ sahilindəki hər üç kəndin : Körpüqıran, Qasımbəyli və Muğanlıdan gələn uşaqların hamısına “ Qasımbəylidən gələn uşaq ”- deyə müraciət edirdi. Bəlkə də, bu, onun dostu doktor Rəcəb Rəcəbovun əslən Qasımbəyli kəndindən olması ilə bağlı idi. Beləcə, ilk dərslərdən Tanrıverdi müəllimin rəğbətini qazana bildim. Mənimlə birlikdə Yeni Daşkənd tam orta məktəbinə gələn Ağayev Asif Əhməd oğlu - hansı ki, biz hər ikimiz rəhmətlik Əhməd müəllimin (Asifin atası ) məsləhəti ilə bu məktəbə gəlmişdik. Bir neçə gündən sonra o, məktəbdən çıxdı. Təhsilini Şirvanlı kənd məktəbində davam etdirdi. Mən isə artıq yeni sinifə uyğunlaşmışdım. Sinifimiz o vaxtın təbirincə desək: nəinki ümumrespublika, hətta ümumittifaq miqyaslı idi. Belə ki, sinifimizdə nəinki Bərdə, Tərtər, Ağdam, hətta Ermənistan SSR-dən uşaqlar oxuyurdu. Bu uşaqların hamısı həmin sinifə Tanrıverdi müəllimin işığına yığışmışdı və həyat göstərdi ki, kilometrlərlə yolu piyada getməyə, Tərtər çayını gündə iki dəfə şaxtada, qarda, yalın ayaqlarımızı buz parçası kəsə-kəsə keçməyə dəyərmiş. Sinifimizdə oxuyan bütün şagirdlər ali məktəbə qəbul oldu. 3 nəfər isə Tanrıverdi müəllimin təbrincə desək, “ Mex-mat ”a qəbul oldu. Bu, həmin dövr üçün çox böyük uğur idi. Sinifimizdə Hacıyev Əli, Şairov İsrayıl, Musayev Telman, Əliyeva Abutac, Ələkbərov Əşrəf, Xəlilov İlham kimi savadlı, istedadlı uşaqlar var idi. Sinifimizdə çox maraqlı mühit yaratmışdıq. Tanrıverdi müəllim köhnə pedaqoqlardan idi. Çox dərin, elmli şəxsiyyət olmaqla yanaşı, özünün təcrübədən çıxmış təlim metodu var idi. Texniki fənlər üzrə əksər göyçəli alimlər onun məktəbini keçmişdi. Mövzunu şagirddən soruşmazdı. Hər gün bir neçə şagird seçmə yolu ilə mövzunu xüsusi dəftərdə yazar və təhvil verərdi. Həmin dəftəri Tanrıverdi müəllim yoxlayar və şagirdin nəzəri bilik səviyyəsinə qiymət verərdi, vay o uşağın halına o, kollegiumdan “ 2 ” alaydı... Maraqlı o idi ki, kollegium dəftərlərinin yoxlanmasını bəzən vaxta qənaət etmək üçün hörmətli müəllimim mənə etibar edirdi ki, bu da sinif yoldaşlarım arasında mənə verilən böyük hörmət, etimad və dəstək idi. O vaxtlar Xəlilov İlhamı o qədər vəziyyətdən çıxartmışam ki...Sinifimizdə ilk dostlaşdığım yoldaşlarımdan biri Hacıyev Əli Tanrıverdi oğlu oldu. Əli çox yaraşıqlı, mehriban, gülərüz, savadlı, zarafatcıl bir gənc idi. Baxmayaraq ki, o, Tanrıverdi müəllimin oğlu idi. Onun artıq iki bacısı: Rəna və Solmaz müəllimə bizim məktəbdə müəllim işləyirdi. Qardaşı İlyas Hacıyev Moskva Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində oxuyurdu. O, özünü çox sadə aparır, sinifin bütün problemləri ilə qaynayıb-qarışırdı. Bu da onu bizə daha çox sevdirirdi. Tale elə gətirdi ki, Əli Hacıyevlə nəinki 2 il bir sinifdə, sonra 5 il bir qrupda oxudum, həm də tələbə yoldaşı olduq. Avakiyan küçəsində 2 saylı yataqxanada bir otaqda otaq yoldaşı olduq. Oxuduğumuz müddətdə " starosta "mız oldu. Leminakanda ( indiki Gümrü şəhərində) 18500 saylı hərbi hissədə bir bölükdə kursant olduq, başqa məktəblərdə olsaq da, doğma Bərdə rayonunda müəllim kimi əmək fəaliyyətinə başladıq. 1983-cü ildə Əli müəllim ehtiyatda olan zabit kimi polis orqanlarına daxil oldu. Ağdaş rayonunda bölmə rəisi, rəis müavini, DİN-də şöbə rəisi və s. məsul vəzifələrdə çalışdı. 1983-cü ildən sonra Əli Hacıyevlə bir yerdə olmasaq da, həmişə istər dar günümdə, istərsə də xoş günümdə onu yanımda hiss etmişəm. Müəllim adına qazandığım bütün uğurlarda Əli müəllimin dəstəyini hiss etmişəm. Yeni Daşkənd kəndinə Ermənistanın Basarkeçər ( Vardanes ) rayonunun Daşkənd kəndindən 1953-cü ildə 200 ev köçürülüb. Məskunlaşmanın ilk illərində dövlət bu insanların elmə, təhsilə olan marağını görüb, həm də bu insanlar qarşısında " günahını " yumaq üçün yeni salınmış kənddə orta məktəb açıb. Palçıqdan tikilmiş həmin bina son dövrlərə qədər kənddə qalırdı. Kənd Göyçədəki kəndin davamı olaraq “ Yeni Daşkənd ” adlanıb. Baxmayaraq ki, bizim kəndlərlə bu kənd qonşudur, bu kənddə bütün adət-ənənələr, danışıq tərzi, ləhcə, başqa milli-mənəvi dəyərlər Göyçədə olduğu kimi qorunub saxlanılır. O kəndin elə sakinlərini görmüşəm ki, ömrü boyu Göyçəni görməyib, ancaq elə danışır ki, sanki Göyçədə doğulub, Göyçədə böyüyüb. Orta məktəbi Yeni Daşkənddə oxuduğum və yoldaşlarım göyçəli olduğu üçün universitetdə əksər yoldaşlar elə bilirdi ki, mən də göyçəliyəm. Tanrıverdi müəllimin bütün qərbi azərbaycanlılarla, xüsusilə göyçəlilər arasında böyük nüfuz və hörməti var idi. Səfiyar Musayev, Qəşəm Aslanov, Yunis Rzayev kimi şəxsiyyətlər Tanrıverdi müəllimi bir şəxsiyyət kimi yüksək qiymətləndirməsinin şifahi də olsa şahidi olmuşam. Orta məktəbdə oxuyarkən Əli ilə birlikdə Politexnik İnstitunun Avto-nəqliyyatın istismarı fakültəsinə qəbul olunmağı nəzərdə tutmuşduq. Hətta o vaxtlar Bərdə QAİ-sinə təzə bir QAZ-24 QAİ maşını vermişdilər. Zarafatla Əliyə deyirdim ki, məktəbi qurtarıb gəlib o maşını mən sürəcəyəm. Lakin anamın təkidi ilə... ( Rəhmətlik anam Qarabağın məşhur mollası Molla Qaranın qızı olmağına baxmayaraq təhsilsiz olub, hərf tanımırdı, lakin çox güclü şifahi hesablama qabiliyyəti vardı. Hətta bir dəfə kənd dükanında 13,50 metr parçanın 1metrinin qiymətinin 2 manat 70 qəpikdən olmaq şərtilə dəyərini şifahi olaraq məndən tez hesabladı. Mən həmişə deyirəm ki, məndə olan az-çox riyazi qabiliyyət anamdan keçmədir. Mən körpə olan vaxtlar anam bazarda pendir-qatıq satmağa gedəndə məni də saxlayan olmadığı üçün və həm də sakit uşaq olduğum üçün belinə şəlləyərmiş. Rəhmətlik danışardı ki, bir gün bazardan bir cavan qız və oğlan gəlib məndən pendir alırdılar. Mən qızdan oğlanı soruşdum ki, kimdir və nə işinə baxır. Qız cavab verdi ki, nişanlımdır, aspiranturada oxuyur. Deyirdi ki, mən onda əhd elədim mənim bu kürəyimə şəllədiyim oğlum hökmən alim olmalıdır. Aspiranturaya girməlidir. Mənim oxumağım, ali təhsil almağımda ən çox anam maraqlı idi, atam isə tamam başqa təbiətli adam idi. Uşaqlıqdan hamımız ailədə zəhmətlə böyümüşük. İş görəndə, mal otaranda riyaziyyat kitabı əlimdə olardı. Anam bundan qürurlanar, atam isə əsəbləşib deyərdi: “ Ə, bu kitaba az bax. Bu “ çəp-cızıq ” gözünü kor edəcək ”. Atam riyaziyyata “ çəp-cızıq ” deyirdi və doğrudan da, atam düz deyərmiş, “ çəp-cızıq ” gözümü kor elədi. Artıq 1976-cı ildən gözüm zəifləməyə başladı. Beləcə anamın arzusunu yerinə yetirmək, alim olmaq üçün Əli ilə birlikdə 1974-cü ildə orta məktəbi bitirib sənədlərimizi ADU-ya verdik. Əlinin iş nömrəsi 556, mənim iş nömrəm isə 563 idi. 1974-cü ilin isti avqust günləri, Bakı şəhəri, Ermənikənd, Papanin küçəsi, Sokrat Arakelyanın podvalında mən, Əli, İlham Xəlilov, Sərdar bir yerdə qalırıq. 1-ci və 2-ci imtahanı (riyaziyyatdan yazılı və şifahi ) uğurla verdik. 3-cü imtahan ədəbiyyatdan idi. İmtahana girmişik, böyük bir zaldır,içəridə hardasa 100 nəfər olar. İmtahanı rəhmətlik Qulu Xəlilov və bir yaşlı professor götürürdü. Əli ilə yanaşı oturmuşam. Müxtəlif variantlardayıq. Mənə S.Rəhimovun “ Mehman ” povesti, Əliyə M.P.Vaqifin yaradıcılığı düşüb. Əli Hacıyevin məndən bir çox üstünlüyü vardı. Onlardan biri də onun çox gözəl xətti olması idi. Həqiqətən də, Əlinin çox gözəl xətti vardı. Orta məktəbdə dil-ədəbiyyat müəllimimiz Ramazan müəllim idi. Əli də bu gözəl xətti ilə sərbəst inşalar yazırdı. Ramazan müəllim də sinifdə tez-tez Göyçə ləhcəsi ilə belə deyirdi: “ Əzizin başı üçün Əli yaman sərbəst inşa yazır ”. Bu da Əlinin ağlına batmışdı. İmtahan başlayıb. Buna da belə bir sərbəst mövzu düşüb. “ Moskva sülhün dayağıdır ”. Bu istəyir ki, sərbəst mövzunu yaza, mən də razı olmuram ki, Vaqifi yaz, yaxşı konspektimiz var, zalda böyük nəzarət yoxdur, köçürərik, xəttin də yaxşıdır. Bu da tərəddüd edirdi. Nəhayət, imtahan başlayandan 30 dəqiqə sonra qərar verdi ki, sərbəst mövzunu yazıram. Bir xeyli keçəndən sonra məndən soruşdu ki, gör, bu söz belə yazılır. O vaxtkı Sov. İKP-MK-nın baş katibi L.İ.Berejniev. Baxdım, mənə də elə gəldi ki, düz yazıb. Amma əslində L.İ.Brejniev olmalıymış. İnşanı yazıb qurtardı. İki yerdə baş katibin soyadını səhv yazdı. Həyətə düşən kimi universitetin qabağında yolkalıq vardı, orada yerdən bir qəzet parçası tapdıq. Baxdıq ki, baş katibin soyadını düz yazmamışıq. Yazıq Əli nə günə qaldı. Tanrıverdi müəllim eşidən kimi qərar verdi: “ Baş katibin soyadını düz yazmayanı heç bir köpək oğlu universitetə qəbul eləməz ”. Axırıncı imtahan yazılı imtahandan üç gün sonra fizikadan şifahi imtahan idi. Bir gün əvvəl nəticələr elan olunmalı idi. 3 gün Əli kitabın üzünü belə açmadı. Nəhayət, 3 gündən sonra məlum oldu ki, Əliyə Qulu Xəlilov kimi millətini sevən bir yazıçı ( baxmayaraq ki, baş katibin adını iki yerdə səhv yazıb) sərbəst mövzu yazdığı üçün “ kafi ” qiymət yazıb. Sonuncu fizika imtahanından adama bir “ 4 ” alıb universitetin tələbəsi olduq.

Əlinin qardaşı İlyas Moskvanın havasını götürmədiyi üçün MDU-dan ADU-nun mexanika-riyaziyyat fakültəsinin rus bölməsinin 3-cü kursuna dəyişdirildi. Artıq İlyas, Əli və mən universitetin 2 nömrəli yataqxanasında eyni otaqda qalası olduq. Dördüncü yoldaşımız Ermənistanın Krasnıselo rayonunun Ağbulaq kəndindən Tofiq adlı 2-ci kurs tələbəsi oldu. İlyasın tələbə yoldaşları tez-tez bizim otağa yığışardılar. İlyas yataqxanaya sanki bir Moskva mühiti gətirmişdi. Otağımızda rus bölməsinin uşaqları ilə pereferans, dopinq, miranj kimi aristrokratik oyunlar oynanılar, əslən Moskvadan olan Alikin ( Aleksandr Ağayevin ) Moskvadan gətirdiyi xarici siqaretlər çəkilər, xüsusi kolbasa və konservlərlə xarici içkilər içilərdi. Əli ilə mənim tələbəlik illərim belə bir şəraitdə keçirdi. Çox maraqlı günlər idi. Artıq 2-ci kursda biz də İlyasın tələbə yoldaşları ilə “ yoldaşlıq ” edə bilirdik. Bu, bizə öz yoldaşlarımız arasında xüsusi hörmət gətirirdi. Zarafat deyil, özümüzdən iki kurs yuxarı rus bölməsinin uşaqları ilə oturub dururduq. 2-ci kursda oxuyurduq. Bir gün axşamdan yenə də İlyasın tələbə yoldaşları otağa yığışmışdılar. Gecə yarıyadək əylənib dağılışdılar. Otağımızda bir yekə konserv qabı var idi. Ondan kül qabı kimi istifadə edirdik. Həmişəki kimi “ külqabı ” ağzına kimi dolu idi. Elə bu vəziyyətdə də dördümüz pastelə girib yatmışdıq. Səhər tezdən bir də gördüm ki, qapı döyülür. Alt paltarda durub qapını açdım ki, Tanrıverdi müəllim durub qapının ağzında. İlyasla Əli xəcalətdən başlarını yorğanın altından çıxarmadılar. Rəhmətlik Tanrıverdi müəllim mənimlə koridora çıxdı və məni möhkəm danladı. “ Bilirəm, bunlar hamısı İlyasın işidir. Amma heç olmasa bu “ külqabı ”nı təmiz saxla, yoxsa xəstəlik taparsınız ” – dedi və getdi. Əslində o, bizim həyat tərzimizlə tanış olmaq üçün dəmiryol vağzalından birbaşa yataqxanaya gəlmişdi və bu, onun bizim yataqxanaya birinci və sonuncu gəlişi oldu. Bir dəfə də mənim atam yanımıza gəlmişdi. Birinci kursda anam ağlayıb-sızlayıb ki, uşağın yanına get! Atam da bir çemodan nar götürüb 5 ildə bir dəfə gəlmişdi yanımıza. Rəhmətlik ömrünün son çağlarında bizdən narazılıq edərdi və deyərdi: “ Əyə, sən tələbə olanda mən həftədə bir dəfə yanına gəlirdim. Amma sən mənə yaxşı baxmırsan ”. Allah hər ikisinə rəhmət eləsin. Oxuduğumuz 1040-cı qrupda çox dəyərli tələbə yoldaşlarımız və dostlarımız vardı: Qubadan Çingiz Nəcəfov, Şahbuzdan Yusif Həsənov, Yardımlıdan Rəcəb Mahmudov, Bərdədən Əfqan Salmanov, Tovuzdan Fazil Məhərrrəmov, İsmayıllıdan Fəda Rəhimov, Ermənistanının Krasneselo rayonundan Babək Göyüşov, Arif, Məmmədəli, Ramazan, Mübariz və s. Son 3 ildə Əli Hacıyev həm də starostamız oldu. İmtahanlarda elə də çətinliyimiz yox idi. Uşaqların əksəriyyəti imtahanlarda tapşırılardı. Bizim isə tapşıracaq bir kimsəmiz yox idi, çünki biz öz gücümüzlə universitetə qəbul olmuşduq və bizim heç tapşırılmağa da ehtiyacımız yox idi. Əli starosta idi, mən də ki müəllimlərlə yalnız “ 5 ” almaq üçün mübahisə edərdim. Birinci beşlikdə imtahana girərdim. Cavab verməyə birinci mən gələrdim. İnsaflı müəllimdən rahatlıqla “ 5 ” alardım, kəmfürsət müəllimlə bir az cəhli çəkib ən azı “ 4 ” alıb imtahandan çıxardım. Əli ilə birlikdə oxuduğumuz 5 il müddətində əlliyə yaxın imtahan verdik. Bir dəfə də olsun “ 2 ” və “ 3 ” almadıq. Həmişə təqaüd aldıq. Möhtəşəm bir tələbəlik dövrü keçirdik. Yaddaqalan günlərimiz oldu. 3-cü kursda oxuyanda bir tələbə yoldaşımız- Quba rayonunun Səbətlər kəndindən olan Akif adlı yoldaşımız dünyasını dəyişdi. Çox soyuq, qarlı-şaxtalı havada rəhmətlik Akifin yasında bir qrup yoldaşımızla birlikdə iştirak etdik. 3-cü kursda oxuyanda bütün qrup yoldaşlarımız birlikdə Qubaya Təngə altına gəzməyə getdik. Orda çəkdirdiyimiz şəkilləri bu gün də əziz xatirə kimi saxlayıram. 1978-ci ilin yazında qubalı dostumuz Çingiz ailə həyatı qurdu. Bütün tələbə dostlarımızla Qubanın Pirvahid kəndində - Çingizin toyunda iştirak etdik. 1978-ci ilin sentyabrında dərs başladı. Çingiz gəlib çıxmadı. Əli, mən, Rəcəb və Yusif Qubaya getdik və Çingizin yadına saldıq ki, dərslər başlayıb, Bakıya gəlmək lazımdır. 1978-ci ilin oktyabrında Əlinin toyu oldu. Əli bizimlə bir sinifdə oxumuş sinif yoldaşımız Elmira Süleymanova ilə ailə həyatı qurdu. Əli və İlyasla o dərəcədə yaxın idim ki, bu qardaşlar bir-birlərinə söz deyəndə mənə deyirdilər, mən deyirdim. Hətta Tanrıverdi müəllim övladlarına sözü mənim vasitəmlə deyirdi. Bir gün Tanrıverdi müəllim Bakıya gəlmişdi ( yataqxanaya yox). Məni çağırdı və dedi: “ Ay Zülfüqar, Əlini başa sal ki, Elmiranı ona alacağıq ”. Beləliklə, 1978-ci ilin oktyabrında Yeni Daşkənd kəndində Elmira və Əlinin toy mərasimi keçirildi. Toy əsl Göyçə toyu idi. Toyu məhşur el şairləri Sərraf Şiruyə ilə Əli Qurban Dastançı aparırdı. Alqayıtda qonaq qismində iştirak edirdi. Meydanda Aşıq Hacı Bayramov və şəyirdi Aşıq Nuriddin çalıb oxuyurdu. Toy iki gün davam etdi. Toyda bütün tələbə yoldaşlarımız iştirak etdilər. Sonralar Əli Qurbanov həmin toy haqqında poema yazıb çap elətdirdi. Əli gözəl ailə başçısıdır. Fariz, Əlişir, Elgiz kimi övladları, iki gözəl nəvəsi var. Allah hamısına can sağlığı versin. Nəhayət, qayğısız tələbəlik illəri başa çatdı. 1979-cu ilin yay ayları Ermənistan SSRİ-nin Leminakan ( indiki Gümrü ) şəhərində 3 aylıq zborda ( hərbi təlimdə ) olduq.

Sovet dövlətində hərbi xidmətin, əsgərliyin nə olduğunu anladıq. Gümrü şəhəri Türkiyə sərhədinin 5 kilometrliyində yerləşir. İlk dəfə türk kanallarına, türk sinemalarına burada baxdıq. Bir gün Moskvadan bir general gəlmişdi. Şəhər baxışında ən yaxşı bizim taqım ( vzvod) tribunanın önündən straevoy şaq ilə keçdi. Ona görə bir nəfərə 10 günlük məzuniyyət verildi. Əli evli olduğu üçün məzuniyyətə onu göndərdik. Əli qayıdanda gətirdiyi sovqatın dadını uzun müddət unutmadıq. Bir bazar şəhərə gəzintiyə çıxmışdıq. Əli, mən, Rəcəb və Sabirabaddan olan yoldaşımız Zahid Həsənov birlikdə gəzə-gəzə gedib bazara çıxdıq. Zahid dedi ki, bazarda yəqin ki, bizimkilər (sabirabadlılar) qarpız satırlar, bizi əsgər paltarında görən kimi və biləndə ki, azərbaycanlıyıq, bizə qarpız verəcəklər. Doğrudan da, elə oldu. Zahidə görə sabirabadlı qarpızsatanlar bizi pulsuz olaraq qarpıza qonaq etdilər. Beləcə, 3 aylıq " Zbor "dan sonra dövlət imtahanını müvəffəqiyyətlə verib rayona qayıtdıq və müəllimliyə başladıq. Əli Hacıyev hazırda DİN-də məsul vəzifədə çalışır, polis polkovnikidir. 10. 05 2018-ci -ci ildə Əli müəllimin 61 yaşı tamam olur. Əziz dostumu ad günü münasibətilə təbrik edir, ona, Elmira xanıma, övladlarına və nəvələrinə uzun ömür və can sağlığı arzulayıram.

Zülfüqar Əsədov


Etiket:
Xəbərlər

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024

60 YAŞIN MÜBARƏK!

15.01.2024

AŞIQ İSLAM YUSİFOV
(1893-1968)

12.01.2024

Milli dövlətçilik tariximizin məğrur lideri

28.12.2023

Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə "Qərbi Azərbaycan yolunda" adlı konfrans keçirilir - FOTOLAR

28.12.2023

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU. BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

27.12.2023

AZƏRBAYCAN AŞIQ POEZIYASININ GÖRKƏMLİ NÜMAYƏNDƏLƏRİNDƏN BİRİ ŞAİR, USTAD AŞIQ NÖVRƏS İMANIN 120 İLLİK YUBİLEY TƏDBİRİ KEÇİRİLİB

26.12.2023

İLAHİ EŞQİN TƏRCÜMANI

24.12.2023

Müzəffər Ali Baş Komandan, Qarabağın Fatehi, sizi doğum günü münasibətilə təbrik edirk!

24.12.2023

Həsən Xəyallının şeirlərində dini məqamlar. “Qıfılbənd”in təhlili

21.12.2023

BÖYÜK MƏZRƏ - GÖYÇƏ MAHALI

10.12.2023

Dekabrın 7-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda Qərbi Azərbaycan əsilli rəssamların əsərlərindən ibarət sərgi açılıb.

07.12.2023

Tanınmış hərbi ekspert Telman Qasımov İrəvana səfər edib.    

05.12.2023

HƏYATDA ÖZÜMÜ XOŞBƏXT ADAM HESAB EDİRƏM Ki, HEYDƏR ƏLİYEVLƏ BİRGƏ İŞLƏDİM

04.12.2023

AMEA müxbir üzvü, Basarkeçər rayon icma sədri, professor Nuru Bayramov İnönü Universitetinin “Fəxri Doktoru” seçilib - FOTOLAR.

03.12.2023

 Bax, biz Göyçə torpağındayıq...

29.11.2023

BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ “Qərbi Azərbaycanda türk müsəlman abidələrinin erməni vandallığına məruz qalması” mövzusunda elmi seminar keçirilib - FOTOLAR

25.11.2023

SƏHRADA YALQIZLIQ

25.11.2023

Azərbaycanda ilk dəfə “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir FOTO

23.11.2023

İcma: Paşinyan hökumətindən azərbaycanlıların Ermənistanda öz dədə-baba yurdlarına qayıdış hüququnu tanımasını gözləyirik

21.11.2023

“Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunan - MÜBARİZ QULUYEV BABACAN KƏND İCMASININ SƏDRİ SEÇİLDİ-FOTOLAR

14.11.2023

Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib

08.11.2023

Qərbi Azərbaycan İcmasının Basarkeçər rayonu Dərə kənd sakinləri və Dərəli kökənli gənclərlə görüşü keçirilib.

07.11.2023

Ulu Öndər Heydər Əliyev xatirələrdə

31.10.2023

"Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi" hesabatının təqdimatı ilə bağlı konfrans keçirilib.

30.10.2023

Oktyabrın 27-də Qərbi Azərbaycan İcmasında (QAİ) “Ulu Öndər Heydər Əliyev xatirələrdə” kitabının təqdimatı keçirilib.

28.10.2023

“Oğul” filminin rejissoru: “Erməni hərbçilərdən biri Natiqin cəsurluğunu etiraf etdi” - MÜSAHİBƏ

26.10.2023

Nərimanlı gəncləri ilə görüş keçirilib - FOTOLAR

24.10.2023

TANINMIŞ ALİM, İSTEDADLI ŞAİR-PUBLİSİST - RAMİZ HƏSƏNLİ ŞİŞQAYA KƏND İCMASININ SƏDRİ SEÇİLDİ

21.10.2023

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qüdrətdən səngərli, qalalı dağlar” adlı konsert proqramı keçirilib.

21.10.2023

Erməni dostunun azərbaycanlı yazıçıya hər il yazdığı mesaj: “Axırda...” – Müsahibə

17.10.2023

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Qərbi Azərbaycan İcmasının TƏBRİKİ

17.10.2023
Bütün xəbərlər