Bilmək və inanmaq arasında - Nəyə inanırıq, nəyi bilirik?

19:33 / 16.05.2019

Hal-hazırda düşündüklərimizin sadəcə inanclar deyil, faktlar olduğuna əmin ola bilərikmi?

Alister Makqras, Oksford Universitetinin elm və din üzrə professoru

Başqa insanlar kimi, mən də nəyin həqiqət və etibarlı olduğunu bilmək və anlamaq arzusundayam. Lakin yaşlandıqca, istəmədən də olsa, belə bir qənaətə gəldim ki, mən daha az bilirəm, daha çox inanıram – ona görə yox ki, hansısa formada sadəlövhlüyə qapılıb yanlış yola girmişəm. Sadəcə, bir zamanlar bilgi kimi düşündüyüm nəsnələrin çoxu indi mənə inanc kimi, rəy və nöqteyi-nəzər kimi görünür. Bu zaman qarşımıza səmimi olaraq üzləşməli olduğumuz qəliz bir sual çıxır: indi bildiyimizi güman etdiyimiz şeylərin əslində sadəcə bir inanc olmadığına necə əmin ola bilərik? Və onlar arasındakı fərq tarixi proseslərdəki yerimizdən, qismən də olsa, asılıdırmı?

Lakin öncə icazənizlə, intellektual gəncliyimin idilliyasına qayıdım. Ali məktəbdə təbiət elmləri üzrə təhsil alırdım, əsas arzum isə Oksford Universitetində, elmlərin ən maraqlısı və ən dəyərlisi olduğunu düşündüyüm kimya üzrə təhsil almaq idi. Elmi sevmək səbəbim təbii dünyanın, təbiətin hədsiz mürəkkəbliyinin məndə yaratdığı heyrət duyğusuydu. Albert Eynşteynin “məftunedici təəccüb” deyəndə nəyi nəzərdə tutduğunu yaxşı anlayırdım və yaşadığım bu qəribə, lakin ecazkar dünya haqqında bütün həqiqəti anlamaq arzusundaydım.

Elmi sevməyimdəki digər səbəb isə onun ehtiraslı həqiqət axtarışı idi. Yəqinlik arzusundaydım – yarımhəqiqətlərə və ya insana təskinlik verən xülyalara inanmaqdansa, nəyin həqiqət olduğunu bilmək istəyirdim. Platonu oxudum bir həvəskar entuziazmı ilə; onun sübutsuz rəy və ya fərziyyə ilə etibarlı bilgi arasındakı fərqləndirməsindən həzz alırdım. Elm həqiqətə açılan imtiyazlı giriş qapısı idi. Elm üzərinə fokuslanmaq qərarım həm mənim bu tapmaca dolu kainatımızı anlamaq arzumu, həm də, etiraf etməsəm də, bəlkə daha dərindəki sadə və sabit inamlarımı, mühakimələrimi yəqinləşdirmək cəhdlərimi özündə əks etdirirdi.

1970-ci ilin dekabrında Oksfordda kimya üzrə təhsil almaq üçün təqaüd qazandığım zaman çox həyəcanlandım. Oksfordun kimya dərsləri 1971-ci ilin oktyabrına kimi başlamadığı üçün, ixtiyarımda xeyli boş zaman vardı. Həmin zaman ərzində özümü qapadım universitetimin kitabxanasına, onun sahib olduğu elmi əsərlərə acgözlüklə daldım. Bunlar tükənəndən sonra isə səliqəsiz, tozlu bir kitab şkafına rast gəldim, üzərinə “Elmin tarixi və fəlsəfəsi” etiketi vurulmuşdu. Şkafın tozundan görünürdü ki, çox az adam bu kitabların içindəkilərə baş vurub. O zamanlar həmin kitablarda yazılanları təbiət elmlərinin yəqinliyinə və sadəliyinə qarşı Karl Popper kimi şəxslərin bilgisiz tənqidi (sonralar Riçard Daukinz bunları “həqiqəti-sıxışdıranlar” adlandırırdı) kimi dəyərləndirirdim. Mənə təəccüblü gəlirdi: axı Popper bütün elmi “nəzəriyyələrin hipotez olduğuna və hipotez olaraq qaldığına, onların şübhəsiz bilgi (episteme) deyil, fərziyyə (doxa) olduğuna” necə ciddi-ciddi inana bilərdi?

Lakin bütün bu cildləri oxuyub bitirdikdən sonra anladım ki, bəzi məsələləri ciddi şəkildə yenidən düşünməliyəm. İntellektual efifaniya yaşayırdım, gözlərim açılmışdı və bütün ölçülər gözümdən düşürdü. Qəfildən dünya mənə tamamilə fərqli görünməyə başladı.

Elmi inkişafın qarşısına gərəksiz əngəllər qoyan səfeh və məlumatsız obskurantizmdən çox uzaq olan elm tarixi və fəlsəfəsi, elmi bilginin etibarlılığı və hədləri ilə bağlı haqlı suallar qoyurdu ortaya. Mənim üçün yeni olan bu məsələlər – nəzəriyyənin datalarla müəyyən edilə bilməməyi (“underdetermination of theory by data”), elm tarixində radikal nəzəriyyə dəyişikliyi, “həlledici təcrübələr”in çətinlikləri, müşahidənin nəzəriyyə-yüklü xarakteri (“theory-laden character of observation”) və verilmiş müşahidələr dəstinin “ən yaxşı izah”ı olan şeyin müəyyən edilməsi ilə assosiasiya olan böyük məsələlər kompleksi - əvvəllər elmi həqiqətin sadə, tamamilə problemsiz məsələləri hesab etdiyim şeyləri mürəkkəbləşdirdi.

Elmi pozitivistlərin bu materiallardan istifadədən çəkinmələrinin səbəbi qəfildən mənə aydın oldu. Əgər bir zamanlar geniş dəstəyə malik, hər tərəfdə hakim olan elmi nəzəriyyələr sonralar daha yüksək alternativlərlə əvəzlənibsə, bu yeni nəzəriyyələrin başına gələcəkdə nələr gələ biləcəyini kim proqnozlaşdıra bilər? Bu nəzəriyyələr öncəkilərdən daha yaxşı ola bilərlər, lakin bu onların həqiqət olduğu anlamına gəlirmi? Bəlkə bunlar da yekun deyil, hansısa keçici, müvəqqəti mərhələdir?

Bilginin yəqinliyinin ikibaşlı, sürüşkən olduğunu, zahirən məntiq və riyaziyyatın konseptual olaraq maraqlı, lakin ekzistensial olaraq natamam sferaları ilə məhdudlaşdığını anlamağa başladım. Həyatın həqiqətən böyük suallarına gəldikdə isbat qeyri-mümkün görünürdü. Bir sosial və ya mənəvi inancın doğru olduğuna dair yaxşı səbəblər göstərmək mümkündü, lakin sözün güclü və müvafiq mənasında, isbat əlçatmaz görünürdü. Xoşbəxtlikdən, həmin ərəfələrdə Bertran Rasseli oxumağa başladım və bu cür suallarla çarpışarkən onu özümçün müdrikliyin mənbəyi hesab etdim. Rasselə görə, “yəqinlik olmadan və qətiyyətsizlik, qeyri-müəyyənlik tərəfindən iflic edilmədən necə yaşamağın öyrədilməsi, dövrümüzdə fəlsəfənin onu öyrənənlər üçün edə biləcəyi ən əsas şeydir”.

Oxuduqlarımdan ürəklənərək Rasseli daha çox araşdırmağa başladım. Rasselin fikrincə, yəqinliyə yönəlik təbii insan arzusunun dağıdıcı “intellektual qüsuru” insanın rasionallığa olan həvəsini təhlükə altında saxlayır, bu da bir tərəfdən insan ağlının məhdud bacarıqları, digər tərəfdən isə gerçək dünyanın mürəkkəbliyi ilə uyğunlaşdırıla bilməz. Rassel fəlsəfənin bu dilemmaya dərindən köklənmiş, reflektiv insan varlığının içində olduğu situasiyanın öhdəsindən gəlməsinə yardım edən elm sahəsi olduğunu söyləyir.

Elmi nəzəriyyəçilikdə və ya elmi praktikada müvafiq əsasları olmayan “elmin qadiri-mütləqliyi” barədə ritorik təsdiqlərin içərisində qıfıllanıb qalaraq, bu məsələlərə çox sadəlövh yanaşırdım. Mən indi eyni tendensiyanı həyatın ən dərin sualları ilə bağlı yəqinlik əldə etmək və hər şeyi izah etmək üçün elmin sərhədsiz gücə, bacarığa sahib olduğunu iddia edənlər arasında görürəm. Bunlar əslində etibarlı empirik bəyanatlardan daha çox, ikinci-sıra fəlsəfi bildirişlərdir. Bu elmi imperializm – indi adətən “sientizm” (təbiət elmlərinin elmin bütün sahələrində tətbiqini, bilik və dünyəvi təsəvvürün mənbəyi kimi təsvir edən cərəyan) kimi ifadə olunur - yanlış arqumentlər dairəsində tələyə düşür və heç bir təcrübə onu həmin bu tələdən çıxara bilmir. Bütün sualların elmi çərçivəyə salına biləcəyinə dair israrlar bəzilərinə legitim elm kimi, başqalarına isə qeyri-legitim intellektual müstəmləkəçilik strategiyası kimi görünə bilər.

Bu fikirlər elmi nəzəriyyəçiliyin intellektual şərtiliyi ilə bağlı məni daha ayıq-sayıq, ehtiyatlı olmağa çağırdı və qaçılmaz, lakin intellektual problem olan belə bir nəticəyə gəlməyə vadar etdi ki, bir alim gələcəkdə yanlış ola biləcəyini anladığı bir nəzəriyyəyə özünü həsr edə bilər. Maykl Polaninin “Şəxsi bilik” (1958) kitabı mənə bu gərginliklə yaşamağa kömək etdi, lakin əlbəttə, problemi həll edə bilmədi.

Bilgi ört-basdır edilmiş inanca çevrilir çox vaxt. İyirminci əsrin ilk onilliyində mövcud olan elmi konsensusa görə - həmin bu, zamanlar etibarlı, dəqiq elmi informasiya kimi təqdim olunurdu – kainat indi də həmişə olduğu kimidir, demək olar, eynidir. Daha sonra kosmik başlanğıc haqqında “Böyük partlayış” (“Big Bang”) kimi bilinən nəzəriyyənin qarşısıalınmaz yüksəlişi nəticəsində bir zamanlar dəbdə olan, etibarlı görünən bir fikir gözdən düşdü. Bir zamanlar doğru kimi zənn edilən – və beləcə də “bilgi” hesab edilən – bir fikir köhnə interpretasiyaya, artıq yanlış hesab edilən nəzər nöqtəsinə çevrildi.

Beləliklə, bilgi sosial məkandan asılıdırmı? Başqa sözlə, bir tarixi və mədəni situasiyada “bilgi” kimi qəbul edilən şey digər tarixi və mədəni situasiyada “inanc”dırmı?

Həlledilməz sualdır. Amerika antropoloqu Klifford Girtz iddia edir ki, bizim “sağlam düşüncə” dediyimiz şey heç də universal düşüncə tərzi deyil, əslində, bir tarixi məkandan digərinə doğru dəyişən “tarixi qurğu”dur. Aydınlanma dövrü bütün məkanlarda və zamanlarda keçərli olan universal insan rasionallığını hər şeydən yüksəyə qaldırmışdı. Lakin artıq skeptik yanaşma üstünlük qazanmağa başlayıb, çünki insanlar artıq bu fikrin, müəyyən avrosentrik düşüncə tərzlərinin universal olaraq keçərli olduğunun siyasi və ya mədəni təsdiqinə, bununla da dünyanın başqa hissələri üzərində intellektual müstəmləkəçiliyin və ağlın digər formalarının basqı altına alınmasının legitimləşdirilməsinə cəhd kimi görürlər. Tarixi araşdırmalar müxtəlif mədəni və tarixi kontekstlərdə rasionallığın (ağlın) müxtəlif formalarının mövcud olduğunu göstərir. Bu müxtəlif rasionallıq formaları keçmişdə universal rasionallıq haqqında Aydınlanma monomifi tərəfindən sıxışdırılmış ola bilərlər. Bununla belə, bəzilərinin “epistomoloji dekolonizasiya” adlandırdığı yanaşma artıq üstünlük qazanır, xüsusilə də Cənubi Amerikanın və Cənubi Afrikanın intellektual dairələri arasında.

Bu o deməkdirmi ki, biz kainatımızın necə işlədiyinə dair suallarla, məna, dəyər və məqsəd haqqında daha dərin varoluşsal suallarla məşğul olmağa qadir rasional düşüncə tərzi tapmaq ümidindən əl çəkməliyik? Xeyr. Bu, xoşladığımız şeyə inanmaq üçün bizə heç bir səbəb vermir. Bu, daha çox bizi rasional, ağıllı olmağın nə demək olduğu barədə daha dərindən düşünməyə dəvət edir. Son “İnsan ağlının əraziləri” adlı əsərimin arxasında yatan ideya da budur. Bu kitab bir tərəfdən mədəni rasionallığın tarixi pluralizmini, digər tərəfdən isə təbiət elmlərində istifadə olunan metodologiyaların çeşidliyini araşdırır və tamamilə fərqli rasional təməllərə malik olan bir insanın necə rasional davrana bildiyini anlamağa çalışır.

Məsələn, asanlıqla iyirminci əsrin ən əhəmiyyətli mütəfəkkirlərindən biri deyə biləcəyimiz Albert Eynişteyni götürək. Siyasi və mənəvi inancların “elmi” təməllərə söykənə bilməyəcəyi faktına baxmayaraq (on doqquzuncu əsrdə Engelsin və iyirmi birinci əsrdə Sem Harrisin əksinə olaraq), Eynşteyn öz elmi nəzəriyyələri ilə məşğul olmaqla bərabər, sosialist siyasi inanclara da sahib idi. Eynşteyn rasional olmaq anlamına gələn nəsnələr haqqındakı müxtəlif konsepsiyalar üzərində kifayət qədər məmnuniyyətlə çalışır, onları bir-birinə toxumağa çalışırdı. Əksəriyyətimiz də bu cür davranır: kifayət qədər mənbələrdən gələn və tamamilə fərqli rasional etiqadlara məxsus olan elmi, dini, mənəvi və siyasi ideyaları bir-birinə toxuyuruq. Bu fikirlər problemi həll etmir, lakin ən azından, əgər “bilginin vahidliyinə” cəhd etsək – E.O.Uilsonun etdiyi kimi - bizi gözləyəcək çətinlikləri düzgün qiymətləndirməkdə bizə yardım edir.

Bilgə.az


Etiket:
Xəbərlər

Kiçik bir zaman kəsiyində rayon mərkəzi Spitak şəhəri, qonşu kəndlər, o cümlədən Qursalı kəndimiz yer üzündən silindi- Vaqif Namazov

19.05.2019

Göy üzünün şairi

18.05.2019

Bizsiz Laçın işğaldan sonra (FOTO)

18.05.2019

Türkün qədim yurdu- İrəvan Xanlığının tarixi

17.05.2019

Bilmək və inanmaq arasında - Nəyə inanırıq, nəyi bilirik?

16.05.2019

Qoşabulaq kəndindən II dünya müharibəsində həlak olan və itkin düşən soydaşlarımız

16.05.2019

Üzeyir Hacıbəyov aşıq sənəti haqqında

15.05.2019

Ardanış kolxozu və sədrləri

15.05.2019

Həyat yoldaşı ilə birgə güllələnən Sovet İttifaqı qəhrəmanı, gənc general kimdi?

14.05.2019

Tanınmış yazıçı- publisist, vətənpərvər ziyalı

14.05.2019

“Könüllü” köçürülmə erməni xəyanəti idi

13.05.2019

Yüzilliklər boyu yaşayacaq bir abidə...

13.05.2019

Tarixin GİZLİNLƏRİ – Rus zabit Berlinə bayraq sancan Məmmədovu niyə güllələdi? – VİDEO

12.05.2019

Dastan haqqında

11.05.2019

Azərbaycanlıların deportasiyası və 1988-ci il faciəsi

11.05.2019

Bir gölün dəniz dərdi

10.05.2019

“Rütbəli erməni əyilib mənə dedi ki, atam azərbaycanlıdır...” – ƏSİR DÜŞƏRGƏSİ

10.05.2019

Dünya siyasətinin Heydər Əliyev zirvəsi

10.05.2019

“Özümü tualetə atıb boğulmaq yeganə xilas yolu idi...” –ƏSİR DÜŞƏRGƏSİ

09.05.2019

GÖYÇƏNİN SAZ-SÖZ USTADLARI İKİNCİ DÜNYA MÜHARİBƏSİNDƏ

09.05.2019

Ədəbiyyatın Şuşasız Şuşası

08.05.2019

“Avtomatın qundağı ilə vurdular, düşdüm meyitin üstünə...” – ƏSİR DÜŞƏRGƏSİ

08.05.2019

Dəmir Gədəbəylinin şeirləri

07.05.2019

300 erməninin mühasirəsində: bitməyən gecə, qaranlıq lağımda itən düşmən – ƏSİR DÜŞƏRGƏSİ

07.05.2019

"Ermənistandan" qovulmuş Azərbaycan türklərinin sayı

07.05.2019

Kitab danışır - Xalqların və Kütlənin psixologiyası.

06.05.2019

Azərbaycan ədəbiyyatında deportasiya mövzusuna həsr olunmuş əsərlər

06.05.2019

Abbas Çayxorski - Qəribə soyadlı azərbaycanlı “Atom kralı”

05.05.2019

Azıx mağarasının müasir taleyi və “erməni dişi” - Şəhla Cabbarlı yazır

04.05.2019

Nərimanlı kəndindən ikinci dünya müharibəsində itkin düşən soydaşlarımız

04.05.2019

Sonradan sevərsən...

04.05.2019

Göyçə dedim, yaralarım göynədi...

03.05.2019

Aclıq
(Hekayə)

03.05.2019

RAMİZ RÖVŞƏN OLAN YERDƏ...

02.05.2019

Göyçə gölü, göy üzündə gözüm var

01.05.2019

Göyçə mahalında Adatəpə kəndi

01.05.2019

Görəsən mavi gözlü, şux mələyim, Göyçə gölüm bu hicrana necə dözür...

30.04.2019

Soyqırıma məruz qalan Azərbaycan toponimləri

30.04.2019

Xocalı soyqırımını törətmiş ermənini məhv edən döyüşçü - Aprel döyüşlərinin gizli tərəfi

29.04.2019

“CAMALIN GÖYÇƏKDİ BAYRAM AYINDAN” – Professor Ələddin Allahverdiyevin yazısı

28.04.2019

Allahverdi Təkləlinin şeirləri

28.04.2019

“REPATRİASİYA”... DEPORTASİYA... və yaxud GİZLİ İŞĞAL

27.04.2019

Bizim Kino - Babək

27.04.2019

Kitablar haqqında 15 maraqlı məlumat

26.04.2019

Gülzar nənə ilə Kitab bayramı

26.04.2019

İçimdən göyərən dərdimdi Göyçə…   II HİSSƏ

25.04.2019

Ermənistanda Türk toponimlərinin dəyişdirilməsi

24.04.2019

Qərbi Azərbaycan (Ermənistan) kolanıları

24.04.2019

Asif Ata. Deyimlər (“Rəmzlər” Bitiyindən)

23.04.2019

Səfəvilər dövründə Azərbaycan dili

23.04.2019
Bütün xəbərlər