MƏHƏMMƏD ƏMİN RƏSULZADƏ

16:24 / 28.05.2019
Baxılıb: 2386


Azərbaycan milli qurtuluş hərəkatının ideoloqu və lideri Məhəmməd Əmin Rəsulzadə 1955-ci il martın 6-sı gecəsi Ankara Universiteti xəstəxanasında gözlərini həyata qapadı. Daha bir il əvvəl – 1954-cü il yanvarın 31-də yetmiş yaşının bitməsi münasibəti ilə yazdığım məqalədə (“Azərbaycan” jurnalı № 11-12, 1954, Ankara; “Birləşik Qafqasiya” № 30-32, Münxen, 1954) “Qələm, kəlam və məfkurə ustadımız” – deyib müraciət etdiyim Rəsulzadənin, mütəfəkkir və inqilabçı, siyasət və dövlət adamı, mühərir, ədib və natiq bir şəxsiyyət kimi obrazını yaratmağa çalışmışdım.

Gərək o yazılarda, gərəksə onlardan bir müddət əvvəl (1953) “Azərbaycan mühacirlik mətbuatının 30 illiyi” sərlövhəli məqaləmdə və 1938-ci ildə Berlində nəşr olunan “Milli Azərbaycan hərəkatı (Milli Azərbaycan “Müsavat” Xalq partiyasının tarixi)” adlı əsərimdə qeyd etdiyim kimi qurulmasında, işlənməsində və inkişafında bilavasitə iştirak etdiyi liberal-demokratik milli məfkurəni mücadiləçi bir taktika ilə mahiranə bir surətdə həyata keçirilməsini gözəl bilən Rəsulzadə, Azərbaycanda inqilabçı bir azadlıq ordusunun yetişməsinə daha gənc yaşlarında başlamışdı. Heyvanın insandan daha çox qiyməti olan orta əsr dərəbəylik və köləlik nizami ilə idarə olunan çarlıq Rusiyasında hüdudsuz istibdadiyə ilə ağıllara durğunluq verən “millətlər həbsxanası” dövlətinə qarşı üsyan bayrağını qaldıran gənc Rəsulzadəni 1903-1904-cü illərdə, özünün təşkil etdiyi “Azərbaycanlı gənc inqilabçılar dərnəyi”nin başında görürük. Rusiyanın ruslaşdırma, rusçuluq və müstəmləkəçilik siyasətinə qarşı protest mahiyyəti daşıyan ilk məqaləsi də 1903-cü ildə nəşr olunmuşdur. Bir il sonra baş verən Rus-Yapon müharibəsində Rusiyanın bütün əzəmət və cəlalı ilə bərabər məğlub olması mütləqiyyət və istibdadın özülünü də sarsıtmış və ocaqlarından birini də Bakı təşkil edən inqilab həmlələrinə tab gətirməyən jandarma-polis dövləti yarı-yarımçıq da olsa məşrutəli bir idarəyə icazə vermək məcburiyyətində qalmışdı. Bu surətlə 1905-ci ildə verilən nisbi azadlıq sayəsində milli-mədəni fəaliyyət başladı və Azərbaycanın fikir və bilim mərkəzi olan Bakıda türkcə gündəlik, həftəlik və aylıq qəzet və jurnallar nəşri bir-birini təqib etdi. Başda Əlimərdan bəy Tobçubaşi, Əhməd Ağaoğlu, Əlibəy Hüseynzadə və bilavasitə Azərbaycan mətbuatının ağsaqqalı və yaradıcısı Həsənbəy Zərdabi olmaq üzrə, Qərbi Avropa mədəniyyəti məktəbi keçmiş milli açıqfikirli ziyalıların yaratdıqları milli mətbuatda dəxi gənc Rəsulzadə də iştirak etməyə başladı, İslam ümməti (milləti) dövründə (yəni hər kəsin pzünü yalnız müsəlmanhiss etdiyi və türklüyünü, milliyyətini dərk etməmiş olduğu bir dövrdən) hənuz çıxmaqda olan Azərbaycan milli mühitini çalxalayan: qərbçilik-avropaçılıq, şərqçilik-islamçılıq və türkçülük-milliyyətçilik cərəyanlarını “türkləşmək, islamlaşmaq və müasirləşmək” şəklində ifadə edib formula halına salmağa müvəffəq olmuş Azərbaycanın böqük oğlu və böyük türkçü mərhum professor Əlibəy Hüseynzadənin (sonralar bu düsturu Ziya Gögalp İstanbulda işləmişdir) gərək dil, gərəksə fikir baxımından Rəsulzadə üzərində böyük təsiri olmuşdur. Çox keçmədən onu, 1906-cı ildə nəşrə başlayan “Təxamül” (1906-1907) qəzetinin başında görürük. İnüilabçı, millətsevər gəncliyi fikirlərində tərcüman olan bu qəzet proqram məqaləsində “Millətlərin, qövmlərin, heyətlərin, siniflərin və şəxslərin hüquq və ixtiyaratda və bərabər olmalarını və hər növ təcavüzdən qorunmalarını” müdafiə edən gənc və inqilabçı mütəfəkkir Rəsulzadə bu tezisi həyatı boyunca işlədəcək və: “insanlara hüriyyət, millətlərə istiqlal!” şəklində əfadə etdiyi milli halına gətirəcəkdir.

Qərbi Avropanın hürriyyət dəyərlərindən əxz edilmiş bu insani və mədəni düşüncə, ilk dəfə olaraq böyük mütəfəkkir və ədibimiz Mirzə Fətəli Axundzadənin “Kəmalüddövlənin Cəmalüddövlə ilə məktublaşması” adlı məşhur əsərində və ilk azəri qəzetəçisi Həsənbəyin “məğrib-zəmin” dediyi Qərbi Avropa ilə “məşriq-zəmin” adını verdiyi müsəlman Şərqi arasında hürriyyət baxımından müqayisə edən məqalələrində rast gəlmişik. Qeyd olunan əsərində Qərbi Avropa parlament rejimini idealizə edən Mirzə Fətəli ilə “məğrib-zəmin”dəki mədəniyyəti hüriyyətin təbii bir nəticəsi olaraq alan Həsənbəy, Azərbaycanda özünə çox əlverişli zəmin tapan Avropa azadlıq fikrinin başçıları, icraediciləri hesab olunurlar. Fərdi (şəxsin, insanın) azadlığı, əmək və çalışma azadlıqları və millətlərin azadlığı kimi üç ana ünsürdən ibarət olan bu Qərbi azadlıq qaydasının Şərq dünyasına yayılmasına və yerləşməsinə qarşı çətin bir cəhalət səddi təşkil edən Rusiya imperatorluğunu, inqilabçı həmlələrlə yıxıb ortadan qaldırmağın mümkün olacağına inanan Rəsulzadə “insanlara hürriyyət, millətlərə istiqlal!” şüarı ilə milli Azərbaycan məfkürəsinin insani, mədəni və aləmşümül mənasını da qısa bir şəkildə ifadə etmişdir.

M.Ə.Rəsulzadəni 1908-dən 1911-ci ilə qədər Tehranda və 1911-1913-cü illər arasında İstanbulda görürük. Mərkəzini Azərbaycan və onun hürriyyətsevər baş şəhəri Təbriz təşkil edən İran inqilabına demokratiya aşiqi Rəsulzadə də müşahidəçi kimi qalmamışdır. Hələ bu inqilab hərəkatının eyni zamanda İranı müstəmləkə halına salmaq və Türkiyəni mühasirəyə salmaq istəyən Rusiyaya qarşı da bir qiyam mahiyyətində olduğu düşünülür və bu hərəkatda qafqazlı hürriyyətsevərlərin də mühüm rol oynadıqları göz önündə tutulursa Rəsulzadənin sövq və təşviq edən qüvvət daha aşkar anlaşılmış olur.

İranda hürriyyətin zəfəri və məşrutənin elanından sonra Tehranda nəşrə  başlayan və Avropa üsulda ilk gündəlik qəzet olan “İrani nov”un (Yeni İran) müdiri və baş redaktoru Rəsulzadə idi. Mərkəzi komitəsinə daxil olduğu “İran demokrat partiyası”nın ideologiyasını, məzkur partiyanın yenə azərbaycanlı olan lideri Seyid Həsən Tağızadə ilə birlikdə işləyən də odur.

Fəqət Türkiyə İranda hürriyyətin müzəffər olmasına və mütləqiyyət idarəsinə son verən məşrutiyyətin qurulmasına qarşılıq Rusiyada 1905-ci ildə elan olunan məşrutiyyət tanınmaz bir hala gətirilmiş, Orta əsr despotizmi yenidən xortlamışdı. 1907-ci ildən etibarən hər gün bir az daha şiddət kəsb edən bu irtica və istibdad rejimi Qafqaz ilə Türkistan ətrafında bir hürriyyət və demokratiya təməlinin qurulmasına dözə bilmir, ordusu ilə müdaxilə edərək İranda irtica və istibdadi himəya altına alan çarlıq, Mİllət Məclisini bombardman edir, hürriyyəti və hürriyyətsevərləri boğur. Təslim olmaq barədə tələb müqabilində Rəsulzadə, Tağızadə ilə bərabər Türkiyəyə mühacirətə getmişdi. İttihadi islam fikirləri ilə osmanlılığın tarixə qovuşmağa başladığı Türkiyədə türk milliyyətçiliyi inkişaf etməyə başlamışdı.

Rusiyada irtica və terrorun şiddətlənməsi üzərinə məmləkətlərini tərk edən rus əsiri türklərə mənsub bir çox mütəfəkkir, o cümlədən böyük azəri milliyyətçilərindən Əlibəy Hüseynzadə və Əhməd Ağaoğlu bəylər də buraya sığınmış idilər. Rəsulzadə burada yeni qurulan “Türk ocağı”na daxil olur və yeni nəşrə başlayan “Türk yurdu” jurnalında “İran türkləri” başlığı ilə bir seriya məqalələr yazmağa başlayır. İrandakı türk topluluqlarını, xüsusilə, onların ən çox və həmcins qismini təşkil edən Azərbaycan türklüyünü türk ümumi əfkarına tanıdanilk məqalənin Rəsulzadə tərəfindən yazılmlş olduğu iddia edilə bilər. Eyni zamanda Azərbaycanın Qafqaz qitəsi üzərindəki, Şimal qismində rus hakimiyyətinə qarşı davam edən gizli fəaliyyəti təşviq etməkdə və 1905-1906-cı illərdə Ağaoğlu Əhməd bəyin üurub idarə etdiyi “Difai” partiyasının yerini tutmağa başlayan “Müsavat” partiyasının zühurunu sürətləndirməkdədir. “Ümmət” dövrünü yaşayan müsəlman Şərqində milliyyət şüurunun oyanmasında çox böyük rolu olan məşhur islam mütəfəkkiri Şeyx Cəmaləddin Əfğaninin “milliyyət xaricində səadət yoxdur” – deyən “vəhdəti cinsiyyə” (yəni “milli birlik fəlsəfəsi”)ni farscadan türkcəyə çüvirib “Türk yurdu”nda dərc etməsi də bu zamana rast gəlir. Sonraları Bakıda nəşriyyatında milliyyət məsələsini işlədiyi zaman Cəmaləddin Əfğanidən çox faydalandığı görüləcəkdir.

Rəsulzadənin Bakıya dönüşü, Romanov sülaləsinin 300 illik yubileyi münasibəti ilə elan olunan ümumi əfv üzərinə 1913-cü ildə vaqe olmuşdur. İrandakı fəaliyyəti, hürriyyət yolundakı mücadilə təcrübəsinin rus imperializminə qarşı kininin artmasına yaradığı kimi, İstanbuldakı təmasları da milli məfkurənin yetişməsi və mənəvi təşəkkülünə qəti şəkil verməsi baxımından çox mühüm bir mərhələ olmuşdur. Bu dövrün Rəsulzadə üzərindəki qüvvətli təsirini, türklüyün böyük mütəfəkkiri Ziya Gögalpın ölümü münasibəti ilə “Yeni Qafqasiya” (İstanbul 1340-cı il 2, sayı: 3) jurnalındakı baş məqaləsində bilavasitə özü də etiraf etməkdədir.

O dövrdə çarlığın törətdiyi bütün əngəllərə baxmayaraq, Bakı ilə İstanbul arasında qüvvətli mənəvi bağlar qurulmuş və bunlar getdikcə sıxlaşmağa başlamışdı. XIX əsrin ortalarında Qafqazda tamamilə yerləşməyə başlayan Rusiya Azərbaycandakı İran dil və mədəni nüfuzuna qarşı, yerli azəri dil və mədəniyyətini himayəyə başlamış, fəqət əsrin sonlarına doğru ruslaşdırma yolunu seçmişdi. Tam bu zamanda Rusiyada baş alıb gedən qarışıqlıq və Hüseynzadə Əlibəyin İstanbuldan Bakıya dönərək nəşriyyata başlaması, Osmanlı mədəni təsirini qüvvətləndirmiş və Azərbaycan türk cəmiyyətinin inkişaf istiqamətini dəyişdirmişdi. Əlibəy Hüseynzadənin İstanbuldan döndükdən sonra Bakıda ortaya atdığı və üç cərəyanı əhatə edən “türkləşmək, islamlaşmaq və müasirləşmək” düsturu İstanbulda Ziya Gögalp tərəfindən əsaslı bir surətdə işlənməyə başlanmış, buna müqabil Hüseynzadənin şiddətlə müdafiə etdiyi “Osmanlı dili” yerinə Z.Göqalpın ortaya atdığı sadə türkcə davası da Azərbaycanda dərin əks-səda oyandırmışdı. Rəsulzadə bu xüsusda bunları yazmaqdadır:

“...Mərhumun (Ziya Gögalpın) “Türk yurdu”nda dərc olunan “Türkləşmək, islamlaşmaq və müasirləşmək” məqalələri məni adətən vəcdə gətirdi. Bakıya geri döndüm. Mətbuat dil məsələsi ilə məşğul idi. Bu məsələdə Ziya nəzəriyyəsinin müdafiəçisi oldum. Türkçülüyə rəvac vermək üçün dünya müharibəsi əsnasında təsis etdiyimiz “Açıq söz” qəzetinin başına Ziyanın müqəddəs düsturunu bir “şüar” olaraq qoyduq. Daha sonra Ziyanın son zamanlarda “Türk millətindənəm, islam ümmətindən, Qərb mədəniyyətindənəm” (Hüseynzadə Əlibəy bunu əvvəl, 1906-da “Türk ganlı, İslam imanlı, firəng qiyafəli” şəklində ifadə etmişdi – M.B.) şəklinə salmış olduğu bu şüar türkçülük, xalqçılıq ümdələri (dayaqları) üzərində təşəkkül edən milliyyətpərvər “Müsavat” firqəsinin proqram müqəddəməsində yer tutdu. Rus istibdadı pəncəsində dağılmış xanlıqlar şəklində deyil, müttəhid və milli bir kütlə surətində nicat arayan Azərbaycan türklüyü bu istiqlalını tərtəmiz edəcək bayrağa əsri məfkurəsi ilə mütənasib bir məna vermək istəyirdi. Bu mənanı da “türkləşmək, islamlaşmaq və müasirləşmək” məfhumlarında tapdı: bayrağı mavi, yaşıl və al (mavi, al və yaşıl) rəngli qumaşlardan düzəldildi”.

Istanbul “Türk ocağı” mühitinin öz üzərindəki təsirini bu sürətlə əks etdirən Rəsulzadə Bakıya döndükdən sonra “Osmanlı dili” ilə “azəri türkcəsi” tərəfdarları arasında cərəyan edən münaqişələrə “Osmanlı dili” ilə nəşr olunan “Şəlalə”yə yazdığı “Dil ictimai bir amil” və “Yeni dilçilər və türkçülər” sərlövhəli məqalələri ilə qarışdı. Dilin geniş xalq kütkəsinin başa düşülməsi üçün lazım olan ictimai bir amil olduğunu qeyd edən və türkçülərin dil haqqındakı sadəlik və birlik görüşlərindən ilham alan Rəsulzadə o istiqamətdə inkişaf edən yeni bir azəri türkcəsinin də artıq doğmuş olduğunu müjdələyir və 1915-də təsis eylədiyi “Açıq söz” qəzetəsini bu ədəbi türkcə ilə nəşr edirdi.

Rəsulzadə dil bəhsində olduğu kimi, milliyyət bəhsində də Azərbaycan türk toplumuna yeni-yeni istiqamət göstərmişdir. “Dirilik” (1914-1916) jurnalında ilk dəfə olaraq millətin elmi tərifini verən “Milli dirilik” başlıqlı seriya məqalələrində, millətçi din birliyinə deyil, dil və mədəniyyət birliyinə dayandığını, müsəlmanlıq milləti deyil, dini bir toplum olan ümməti ifadə etdiyini elmi bir metodla, əsaslı və ətraflı bir surətdə izah edən Rəsulzadə, eyni zamanda siyasi-dövlət milliyyətçiliyi nəzəriyyəsini də çürütmüşdü. Bu surətdə millətin: dini, siyasi, iqtisadi, coğrafi və başqa bu kimi dar və birtərəfli, geniş kosmopolit və qeyri-milli tərifi yerinə elmi və demokratik bir tərif vəz etmişdi. Bu tərifə görə Rusiya imperatorluğu daxilindəki türklər, o cümlədən azərbaycanlılar, hakim və istilaçı rus milliyyətçiliyi ilə heç bir münasibəti və bağlılığı olmayan ayrı və müstəqil milli bir mövcudiyyətdir. Onlardan ayrı dilləri, ədəbiyyatları, xristianlıqdan bağqa bir dinləri, qayda-qanun, adət və ənənələri, parlaq tarixi keçmişləri və mədəniyyət əsərləri ilə müstəqil milli varlıq olan bu türklərin qurtuluş davası Rəsulzadə tərəfindən toplu ələ alınmış və “Müsavat” partiyası ilə bu partiyanın orqanı olan “Açıq söz” qəzeti, bu hərəkatın bayraqdarı olmuşdur. Rəsulzadə bu səbəblərə görə Rus höküməti tərəfindən təqiblərə məruz qalmaqda və nəhayət, müharibə zamanının ehkamına görə məhkəməyə verilmək üzrə ikən, baş verən inqilab sayəsində həyatını qurtarmağa müvəffəq olmuşdu. Fəqət çarlığı devirən liberallar və sosialistlər, onları devirib vəziyyətə hakim olan bolşevik ruslar da türk milliyyətçiliyinə qarşı çarların siyasətini təqib etdilər. Azərbaycana “muxtariyyət” yerinə məzarıstan verəcəklərini elan edən və məhəlli idarə seçımlərini qazanmış olan Bakı türklərini 1918-ci ilin martında qılıncdan keçırən qırmızı rus inqilabşıları (bolşeviklər) Rəsulzadənin lideri olduğu “Müsavat” partiyası binası ilə sahibi və baş redaktoru olduğu “Açıq söz” qəzetəsi mətbəəsini atəşə verdikləri zaman – “Türkiyənin Bakı cəbhəsini yıxdıq” – deyə sevinmişlərdi. Çünki 1917-ci ilin aprel ayında Bakıda toplanan “Qafqaz İslam qurultayı” ilə eyni ilin may ayında Moskvada toplanan “Rusiya türkləri böyük Konqresində” (Rusiya Müsəlmanları heyəti) Rəsulzadə “milli dövlət” tezisini hərarət, israr, qüvvət və müvəffəqiyyətlə müdafiə etmiş və bu müvəffəqiyyət onun şöhrətini bütün türklər arasında ümumiləşdirərək Rəsulzadəni bütün məhkum türklərin lideri etmişdi. 1917-ci ildə şarlıq rejiminin yerini tutacaq Rusiyanın gələcək idarə şəklini təyin edəcək Qurucular Məclisinə Rəsulzadənin həm Azərbaycandan, həm də Türküstandan xalq vəkili seçilməsi bu şöhrətin nəticəsi idi. Çünki 1918-ci ilin fevralında açılan Zaqafqaziya seymində (parlamentində) Rəsulzadə  qafqazın Rusiyadan ayrılmasını, müstəqil və konfederativ bir dövlət olaraq elan edilməsini və müstəqil Qafqaz dövlətinin Türkiyə ilə müzakirələrə girişərək, Rusiyadan ayrı barış aktı imzalamasını müdafiə edir və bu müdafiə mart ayı zərfində müsbət nəticələr verməyə başlayırdı.

Rus əsarətindəki türklərin XIX əsrin ortalarına doğru mili-mədəni yüksəlişi şəklində başlayan milli qurtuluş hərəkatı bu qünə qədər üç dövr keçirmişdir:

Milli-mədəni oyanışının bir nəticəsi olmaq üzrə “Milli-mədəni muxtariyyət” üçün mücadilə dövrü;
Milli-siyasi dövlət çüurunun bir nəticəsi olmaq üzrə, tam istiqlala gətirəcək “Milli-məhəlli (torpaq) muxtariyyəti” üçün mücadilə dövrü;
Rusiyadan tamamilə ayrılmağa ifadə edən tam istiqlal üçün mücadilə dövrü.
Bunlardan birincisi 1905-ci il inqilabı əsasönda ələ alınmış, fəqət qismən olsun həyata keçməmişdi. Çarlıq Rusiyanın yalnız sarsılmış və özünü tez ələ almış olduğu 1905-ci il inqilabı əsnasında əsir türklər birinci mərhələdə bulunurlardı. Və ikinci mərhələyə keçmək üzrə bəzi qımıldamalar müşahidə olunurdu. 1905 və 1906-cı illərdə təşəkkül edən “Rusiya müsəlmanları ittifaqı”nın təşəbbüsü ilə Rusiya Dövlət duması – parlamentində qurulan “Müsəlman fraksiyası” rus olmayan bəzi millətlərin vəkilləri ilə anlaşaraq mərhum Topçubaşinin sədrliyi altında bir “Federalistlər birliyi” meydana gətirmişdi. Fəqət çarlıq birinci dünya savaşı ərəfəsində bütün qımıldamaları boğmuş idi.

Birinci dünya savaşı və 1917-ci il inqilabı Rusiyanı tamamilə yıxmış və çarlıq tarixə qarışmışdı. Türklər milli varlıqlarını təminat altına alacaq və bir millət olaraq yaşayıb inkişafına imkan verəcək yeni bir dövlət nizami düşünməli və müdafiə etməli idilər. Beləliklə, Bakı və Moskva qurultayları bu məsələləri münaqişə edirdi. Bir tərəfdə Rusiyanı demokratik və mərkəziyyətli bir cümhuriyyət olaraq təsəvvür edənlər vardı ki, rus olmayan millətlərə, o cümlədən türklərə bəxş ediləcək mədəni və dini “şəxsi müxtariyyət” ilə kifayətlənir; digər tərəfdə də gələcək Rusiyanı ayrı-ayrı milli dövlətlərdən ibarət, İsveçrə tipli federasiyalı bir cümhuriyyət halında təsəvvür edən “Milli-məhəlli (torpaq) muxtariyyətçilər” vardı ki, bunların başında Rəsulzadə dururdu.

Rəsulzadə milli-məhəlli (torpaq) muxtariyyətçilərin istəklərinə tərcüman olaraq milli dövlət tezisini və bu tezisin dayağınıb təşkil edən mədəni və hüququ təməlləri bəlağət, həqiqət, məntiq qüdrətini, milli və tarixi, coğrafi və iqtisadi dəlillərini işlədərək hərarət və qüvvətlə müdafiə edir.

Bəzi Türküstan şairlərinin nəzmə çəkmiş olduqları bu tarıxı müdafiədən sonra qəbul edilən “Milli tezis”ə görə, böyük çoxluğunu rus olmayan millətlər təşkil edən Rusiya imperatorluğu milli vahidlərə, yəni millətlərin sayı qədər ayrı-ayrı müstəqil milli dövlətlərə parçalanacaq, o cümlədən olmaq üzrə, rus əsiri türklərin də özlərinə də məxsus milli dövlətləri olacaqdır.

İsveçrə üsulunda bir federasiya bağları ilə bağlanacaq olan bu dövlətlər ailəsində türklərin də öz aralarında ayrı bir federasiyası olacaqdır. Azərbaycan, Qafqaz, Türküstan, Volqa-Ural, Krım və Sibir türklərini içinə alacaq əzəmətli bir türk federasiyası...

Rəsulzadənin təmsil etdiyi bu hərəkat rus olmayan digər millətlərcə də anlaşılmışdır. Kiyevdə toplanan rus olmayan millətlərin “Federalistlər konqresi”ndə başda Rəsulzadənin “Müsavat” partiyası olmaq üzrə türk ellərinin vəkilləri də iştirak etməkdədir. Rusiya kimi qan və atəş üzərində qurulmuş və “millətlər həbsxanası” şöhrəti ilə tanınmış bir məmləkətdə belə bir hərəkatın keçməyi, gəldiyi nəticədən şübhələnən sağlı-sollu bütün ruslar aldıqları müxalif və düşməncə vəziyyətlə şiddətli bir əksüləməl meydana gəlməsini sürətləndirirdilər. Artıq tam istiqlaldan başqa bir qurtuluş yolunun mövcud olmadığını anlaşılmışdı. İlk və müsbət örnəyi müstəqil və dava ətrafında Rəsulzadə Məhəmməd Əmin konqress, konfrans, qurultay, məclis və yığıncaqlarda sğylədiyi nitqlər, oxuduğu məlumatlar, etdiyi mübahisə və müzakirələr, nəşr etdiyi bəyannamə və verdiyi bəyanatlar, çıxardığı qəzetə və jurnallar, yazdığı məqalə və çap etdirdiyi kitablar siyasi tariximizin qızıl səhifəsinin təşkil etməkdədir.

Qafqazın Rusiyadan ayrılıb istiqlalını elan etməsi və Azərbaycan, Şimali Qafqaz, Gürcüstan və Ermənistandan ibarət bir konfederasiya qurması üçün 1918-ci ilin fevral, mart və aprel aylarında Zaqafqaziya parlamentində söyladiyi siyasi nitqlər tarixi və siyasi nitqlər tarixi və siyasi dəyərlərini heç bir zaman qeyb etməyəcəkdir. Zaqafqaziya konfederasiyasının dağıdılması üzərinə 1918-ci il mayın 28-də Azərbaycan istiqlalını elan edən “Milli Şura” rəisi sifətində Osmanlı dövləti ilə imzaladığı müqavilə gərçəyincə alınan əsgəri yardım, milli varlığımızı yox olmaqdan qurtarmış və bütün Qafqaz millətlərinə müstəqil milli dövlət həyati imkanlarını təmin etmişdir. Əgər Osmanlı dövlətindən bu əsgəri yardım alınmamış olsaydı Azərbaycan türkü qılıncdan keçiriləcək və Gürcüstan ilə Ermənistan da 1920-1921-ci illərdə məruz qaldıqları fəlakətə 2-3 il daha əvvəl uğramış olacaqlardı. Milli Şuranın rəisi sifətilə 1918-ci il dekabrın 7-də Azərbaycan parlamentində etdiyi tarixi nitqi və ondan sonra “Müsavat” partiyası adından elan etdiyi bəyannamə, gənc cümhuriyyətin dövlət quruluşunda, daxili və xarici siyasətində təməl daşını təşkil etdiyi kimi, Azərbaycanın gələcək əsas təşkilat qanunun da ana prinsiplərini əhatə etməkdədir.

Rəsulzadəyə görə “Milli mədəniyyət əsasına dayanması və milli-demokratik türk dövlətçiliyi üzərində qurulması etibarı ilə Azərbaycan ilk türk dövləti və ilk müsəlman cümhuriyyətidir” (“Azərbaycan”, Bakı, 28 vfq 1919).

Müstəqil milli Azərbaycan Demokratik Cümhuriyyətinin davamı müddətincə (1918-1920) gərək parlamentdə, gərəksə parlament xaricindəki nitq və məruzələri, məqalə və bəyanatları bu milli türk dövlətinin və bu ilk müsəlman cümhuriyyətin möhkəmlənməsinə və yaşamasına xidmət edirdi.

Rəsulzadə Azərbaycan Cümhuriyyəti təşəkkülündə, içində öz varlığından bir hissə daşıyan milli məfkurənin canlandığını, təxəyyül etdiyi və uğrunda çalışdığı milli istiqlalın gerçəkləşdiyini, milləti üçün bir səadət qapısı açıldığını görürdü. Bu cümhuriyyətin məlum şərtlər altında, yenidən rus istilasına uğramasından duyduğu iztirabın dərinliyini də bundan irəli gəlirdi. Halbuki, parlamenti açarkən söylədiyi nitqində: “Bir dəfə yüksələn bayraq bir daha enməz!” – demişdi.

Rəsulzadə qırmızı istiladan sonra başda mütərəqqi gənclik olmaq üzrə millətin göstərdiyi şiddətli müqaviməti və verdiyi saysız qurbanları görərək, milli bayrağın torpaqlara deyil, millətin vicdanına enmiş olduğunu, hər kəsin bu bayrağı ruhunda, qəlbində və bağrında mühafizə etməkdə olduğuna inandığını bildirirdi.

               RƏSULZADƏ MÜHACİRƏTDƏ

Rəsulzadə istilaya uğramış məmləkət və millətlərin inqilab tarixlərində görüldüyü kimi siyasi mühacirətin öz davasını davam etdirmək üçün tərkidiyar edən mücadiləçi bir təmsilçisi deyil, rəhbəri və rəisi idi. Bu etibarla Rəsulzadə mühacirətdə də misilsiz idi. 1953-cü ildə yazdığım “Azərbaycan mühacirlik mətbuatının 30 illiyi” sərlövhəli yazımda (“Azərbaycan” jurnalı, Ankara, 1953, № 7; “Birləşik Qafqasiya”, Münxen, 1953, № 9) dəxi qeyd etmiş olduğum kimi, istilaçı qırmızı Rusiyaya qarşı İstanbulda 1923-cü ildə azad milli nəşriyyatı təsis etməklə işə başlayan Rəsulzadənin bu təşəbbüsü bu əün əsir türk dünyasında və İslam aləmində dərin əksilər oyandırmış və qırmızı imperialistlərin iç üzünü ortaya qoyduğu üçün sovetləri ciddi şəkildə təlaşa salmışdı. Sovet mətbuatı Rəsulzadənin nəşriyyatını cavablandırmaq məcburiyyətini hiss edirdi. Sovet dövlət adamları qurultaylarda bu nəşriyyatdan danışır, xaricdəki sovet nümayəndələri bu nəşriyyatın qarşısını almaq üçün təşəbbüslərə gürüşürdü. Rəsulzadənin nəşriyyatı Azərbaycanda, Türküstanda və Kazanda diqqətlə oxunur və həmən hər yazısına cavablar verilirdi.

Məmləkət daxilindəki əldən-ələ keçən və oxunması üçün gizli təşkilatlar meydana gətirən bu nəşriyyat daxildəki mücadiləyə yeni bir istiqamət vermiş və bu hərəkat bir çox kommunistləri də içinə alan bir sel halına gəlmişdi. Başda qabaqcıl gənclik olmaq üzrə qüvvətlənən milli müqavimət  Azərbaycan milli davasının yeni bir dövrə girdiyini elan edirdi. Orada, yəni istila altındakı yurtda, özünü istiqlalın bir simvolu olaraq alan istiqlalcı bir gənclik doğmuşdu. Çekalarda, zindanlarda, Sibiryalarda, Şimal qütbü sərhədlərindəki ölüm düşərgələrində, şəhidlik qədəhini sevə-sevı icın  bu istiqlalçı gənclik, daxil və xaricdəki şair və ədiblərə həyəcan və ilham qaynaği olur və bu gün iftixar etməkdə olduğumuz şerdə, nəsrdə istiqlalçı bir mücadilə ədəbiyyatı əmələ gəlirdi. Üzərində qüvvətli təsir edən olduğu və istiqamətini təyin etdiyi məmləkət daxilindəki milli mücadiləni dünyaya əks etdirmək mühacirətdəki bu azad Milli nəşriyyat eyni zamanda dünyanın dörd bir tərəfinə yayılmış olan milli Azərbaycan mühacirətinin bir fikir mərkəzi halına gəlmişdir. Milli Azərbaycan “Müsavat” xalq partiyasının xarici məmləkətlər bürosunu təşkil edən Rəsulzadə, istiqlalçı bütün idealist və fəal adaçları Milli Azərbaycan Mərkəzi ətrafında birləşdirmişdir. Başında hər zaman Rəsulzadənin durduğu bu Azərbaycan Milli Mərkəzi, Qafqaz millətləri ilə, rus əsiri türklərlə və nəhayət, rus olmayan digər istiqlalçı millətlərlə iş və cəbhə birliyi vücuda gətirmiş və azərbaycan istiqlal davasını millətlərarası bir məsələ halına qoymuşdu.

Mühacirətdə Rəsulzadənin başçılığı altında çalışan bu Milli Mərkəzin siyasi fəaliyyət tarixi hələlik yazılmamış və belə bir tarixin yazılması üçün də ilk qaynaq mahiyyətindəki sənədlərin nəşr və elan edilməsi üçün müvafiq zaman da hələlik gəlmiş deyildir. Bu tarix yazılınca, məfkurəçi və inqilabçı Rəsulzadənin istiqlal davasındakı nəhəngliyi, uzaqgörənliyi, biliyi, iş yoldaşlarını seçməkdəki bacarığı və sərrastlığı o zaman bir kərə dəxi anlaşılmış olacaqdır.

İkinci dünya savaşına qədər fəaliyyət göstərən və “Prometey birliyi” adını daşıyan əsir millətlər cəbhəsinin qurulmasında və müvəffəqqiyyətlərində Rəsulzadənin böyük xidmətləri və rolu olmuşdur. Azərbaycan davasının ön xəttində duran vuruşlardan biri olduğu bu dövrdə imzalanan “Qafqaz konfederasıyası əhdi”ndə Rəsulzadənin də imzası vardır.

İkinci dünya müharibəsi əsnasında Hitlerin “həyat sahəsi” nəzəriyyəsinə dayanan istila və hakim olma siyasətinə və totalitar rejiminə qarşı Rəsulzadənin tutduğu mövqe, istiqlal məfkurəsinə və demokratiya əsaslarına sadiq məfkurəçi bir liderin tuta biləcəyi yeganə bir yol idi. Berlinə dəvət olunan və o zamanki alman höküməti ilə aylarca müzakirə aparan Rəsulzadə istiqlal xaricində heç bir anlaşmaya tərəfdar olmamışdı. İçində yaşadığımız İkinci dünya savaşından sonrakı dünyanın iki cəbhəyə ayrılmış olduğu indiki dövrdə qırmızı rus imperializminə qarşı yalnız şəxsiyyətin və əməyin azadlığı bayrağı altında müvəffəqiyyətlə mücadilə edilə biləcəyinə qane olanlara, bu yolun yalnız “böyük və parşalanmaz rusiyaçıları” təmin edəcəyini söyləyən Rəsulzadənin, istiqlalçı azərbaycanlılar adına nəşr etdiyi bəyannamələr məlumdur. Rəsulzadə məzkur bəyannamələrində və bunlarla əlaqədar müzakirələr və nəşrlərində özündən sonra mübarizəni davam etdirəcək olanlara: demokratik azadlığın, fərdin və əməyin azadlığı ilə bərabər, millətin də azadlığını içinə alan bir bütün olduğunu, bir vacib vəzifə olmaq üzrə milli bir məfkurə mirası olaraq vəsiyyət etməkdədir.

Bizlərcə bu vəsiyyətə görə fərdin, əməyin və millətin azadlığı bir küll halında düşünülməlidir. Bu azadlıqları bir-birindən ayırmaq mümkün deyildir. Sovetlər birliyində fərdlə və əməklə bərabər, millətlər də əsirdir!

İnsanlara hürriyyət, millətlərə istiqlal!.. – deyən bir düşüncə tərzində bu azadlıqların bir-birindən ayrılmasına yer yoxdur. Bu etibarla 72 yaşına yeni qədəm qoymuş olan uzaqgörən Rəsulzadə ilə bir zamanlar 20 yaşına qədəm qoymuşn gənc və inqilabçı Rəsulzadə arasında heç bir fərq yoxdur.

Milliyyətçi, istiqlalçı, demokrat və inqilabçı Rəsulzadə “İnsanlara hürriyyət, millətlərə istiqlal” – deyə meydana qədəm qoydu və yenə “insanlara hüriyyət, millətlərə istiqlal!” – deyə gözlərini qapadı.

Rəsulzadə prinsipə sədaqətin, məfkurəyə bağlılığın və bu yolda səbrin, fədakarlığın, əzm və əhdindən dönməməyin də timsalı idi. Çünki o tam mənası ilə fəzilət sahibi kamil bir insan idi.

Onun bizə miras qoyub getdiyi böyük milli məfkurənin gərçəkləşməsi və Azərbaycanın yenidən istiqlala qovuşması uğrunda müqəddəs mücadiləni eyni əzm, qeyrət və mətanətlə davam eədcəyimiz haqqındakı andımızı təkrar edir və əziz xatirəsi önündə hərmətlə baş əyirəm.

Mirzə Bala Məmmədzadə
“Azərbaycan” məcmuəsi, № 12 (36), 1955.

 


Etiket:
Xəbərlər

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024

60 YAŞIN MÜBARƏK!

15.01.2024

AŞIQ İSLAM YUSİFOV
(1893-1968)

12.01.2024

Milli dövlətçilik tariximizin məğrur lideri

28.12.2023

Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə "Qərbi Azərbaycan yolunda" adlı konfrans keçirilir - FOTOLAR

28.12.2023

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU. BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

27.12.2023

AZƏRBAYCAN AŞIQ POEZIYASININ GÖRKƏMLİ NÜMAYƏNDƏLƏRİNDƏN BİRİ ŞAİR, USTAD AŞIQ NÖVRƏS İMANIN 120 İLLİK YUBİLEY TƏDBİRİ KEÇİRİLİB

26.12.2023

İLAHİ EŞQİN TƏRCÜMANI

24.12.2023

Müzəffər Ali Baş Komandan, Qarabağın Fatehi, sizi doğum günü münasibətilə təbrik edirk!

24.12.2023

Həsən Xəyallının şeirlərində dini məqamlar. “Qıfılbənd”in təhlili

21.12.2023

BÖYÜK MƏZRƏ - GÖYÇƏ MAHALI

10.12.2023

Dekabrın 7-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda Qərbi Azərbaycan əsilli rəssamların əsərlərindən ibarət sərgi açılıb.

07.12.2023

Tanınmış hərbi ekspert Telman Qasımov İrəvana səfər edib.    

05.12.2023

HƏYATDA ÖZÜMÜ XOŞBƏXT ADAM HESAB EDİRƏM Ki, HEYDƏR ƏLİYEVLƏ BİRGƏ İŞLƏDİM

04.12.2023

AMEA müxbir üzvü, Basarkeçər rayon icma sədri, professor Nuru Bayramov İnönü Universitetinin “Fəxri Doktoru” seçilib - FOTOLAR.

03.12.2023

 Bax, biz Göyçə torpağındayıq...

29.11.2023

BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ “Qərbi Azərbaycanda türk müsəlman abidələrinin erməni vandallığına məruz qalması” mövzusunda elmi seminar keçirilib - FOTOLAR

25.11.2023

SƏHRADA YALQIZLIQ

25.11.2023

Azərbaycanda ilk dəfə “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir FOTO

23.11.2023

İcma: Paşinyan hökumətindən azərbaycanlıların Ermənistanda öz dədə-baba yurdlarına qayıdış hüququnu tanımasını gözləyirik

21.11.2023

“Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunan - MÜBARİZ QULUYEV BABACAN KƏND İCMASININ SƏDRİ SEÇİLDİ-FOTOLAR

14.11.2023

Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib

08.11.2023

Qərbi Azərbaycan İcmasının Basarkeçər rayonu Dərə kənd sakinləri və Dərəli kökənli gənclərlə görüşü keçirilib.

07.11.2023

Ulu Öndər Heydər Əliyev xatirələrdə

31.10.2023

"Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi" hesabatının təqdimatı ilə bağlı konfrans keçirilib.

30.10.2023

Oktyabrın 27-də Qərbi Azərbaycan İcmasında (QAİ) “Ulu Öndər Heydər Əliyev xatirələrdə” kitabının təqdimatı keçirilib.

28.10.2023

“Oğul” filminin rejissoru: “Erməni hərbçilərdən biri Natiqin cəsurluğunu etiraf etdi” - MÜSAHİBƏ

26.10.2023

Nərimanlı gəncləri ilə görüş keçirilib - FOTOLAR

24.10.2023

TANINMIŞ ALİM, İSTEDADLI ŞAİR-PUBLİSİST - RAMİZ HƏSƏNLİ ŞİŞQAYA KƏND İCMASININ SƏDRİ SEÇİLDİ

21.10.2023

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qüdrətdən səngərli, qalalı dağlar” adlı konsert proqramı keçirilib.

21.10.2023

Erməni dostunun azərbaycanlı yazıçıya hər il yazdığı mesaj: “Axırda...” – Müsahibə

17.10.2023
Bütün xəbərlər