Süleyman Rüstəmin 30 il əvvəlki son müsahibəsi:“1937-ci ilin olacağını heç kəs ağlına gətirmirdi. Dəhşət idi” 

12:28 / 21.10.2019
Baxılıb: 4098

Jurnalist Məti Osmanoğlunun 1988-ci ildə “Gənclik” jurnalı üçün Azərbaycanın xalq şairi, Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin sədri Süleyman Rüstəmdən müsahibə götürüb.

“Şərq” qəzetinin dərc etdiyi müsahibədə mərhum şair maraqlı məqamları açıqlayıb.

Azpost.info  müsahibəni oxuculara təqdim edir:

Bu söhbəti hazırlayarkən məqsədimiz muraz üstə olan jurnalımızın (Söhbət “Gənclik” jurnalının ilk sayından gedir – red.) ilk nömrəsi üçün Azərbaycan Sovet poeziyasının ağsaqqalı, xalq şairi, Sosialist Əməyi Qəhrəmanı Süleyman Rüstəmdən xeyir-dua almaq, onun uğurlu yolunu, alqışını eşitmək idi. Görüşdük, söz sözü çəkdi, xatirə xatirəyə calandı, Süleyman müəllimin görüb gəldiyi, bizdən ötrü isə tarixə çevrilmiş keçmişə kövrək bir səfər elədik…

– 20-30-cu illər gəncliyinin, o illərdə nəşr olunan gənclik mətbuatının ictimai və mədəni həyatımızda baş verən yüksəlişlərdəki tarixi xidmətləri haqqında çox yazılıb. O illərin təcrübəsi, həqiqətən, bizdən ötrü zəngin örnəkdir. Təsadüfi deyil ki, bugünkü nailiyyətlərimizdən, həmçinin qarşımızda duran vəzifələrdən, rastlaşdığımız bir sıra çətinliklərdən söhbət açarkən istər-istəməz o illəri yada salır, bu günümüzlə nisbətən yaxın keçmişimiz arasında müəyyən müqayisələr aparırıq. Məncə, belə də olmalıdır. Çünki bugünkü irəliləyişlərimizin də, bəzi sahələrdəki səhvlərimizin, çətinliklərimizin, ləngiməmizin də irsi qaynaqları var. İndi yeni təhlil meyarları ilə qiymətləndirdiyimiz bir çox məsələlərin kökü, bünövrəsi o illərə söykənir, düşüncələrimizdəki, əməllərimizdəki bəzi vərdişlər birbaşa o illərdən gəlir.

Zənnimcə, həm özünün, həm də özgənin tarixinə ən böyük hörmət həqiqət ölçüsünü uca tutmaq, hər şeyi olduğu kimi qiymətləndirməkdir. Əgər ortada həqiqət yoxdursa, tarixdən, tarixin verdiyi dərslərdən söhbət açmağa dəyməz… Niyə bu məsələ üzərində geniş dayanıram?

Çox təəssüflər olsun ki, xatirələrdəki, yaddaşlardakı tariximizlə, bizə – bugünkü gəncliyə kitablardan öyrədilən tarix arasındakı fərqlər böyükdür. Bəlkə də bu gün yaddaş anlayışına marağın xüsusilə güclənməsi səbəblərindən biri də budur. Biz yaddaşımıza yadlaşdıqca, ictimai həyatdakı yerimiz, cəmiyyətdəki mövqeyimiz də daralır. Keçib gəldiyimiz tarixi yolu bütün rəngləri ilə, hər cür ziddiyyətləri ilə ələyib ələkdən keçirmədiyimiz, nailiyyətlərimizin haradan, səhvlərimizin nədən irəli gəldiyini incədən-incəyə təhlil etmədiyimiz üçün bəzi səhvləri bir qədər başqa formada işimizdə, əməllərimizdə yaşadırıq. Çünki nəyin düz, nəyin səhv olduğunu, görünür, hələ tam mənasında  müəyyənləşdirməmişik. Bəlkə, bunun nəticəsidir ki, hələ də pərəstiş buxovlarından azad ola bilməmişik, babalarımızı şəxsiyyət kultuna görə qınaya-qınaya atalarımız əşya kultu yaradıblar…

Bütün bunlarla bərabər, 20-30-cu illər bugünkü gənclik üçün tarixdir və istər yaxın, istərsə də uzaq tariximizə hörmət hissi ilə yanaşmaq bizim müqəddəs borcumuzdur.

– Bizim o illərdəki mübarizələrimizə, qarşılaşdığımız mürəkkəbliklərə göz yummaq olmaz. Bəlkə də indi sizə sadə görünür, ancaq bizim keçib gəldiyimiz yol o qədər də rahat olmayıb. O illəri xatırlayanda gərək hər şeyi necə var, eləcə də danışasan. Biz o vaxt yeri düşəndə müqavimətə də rast gəlirdik, təhqirlə dolu imzasız məktublar da alırdıq. Ancaq mübarizəmizdən qalmırdıq. Bizim əsas mübarizə silahlarımızdan biri də komsomol mətbuatı idi. Sovet hakimiyyətinin ilk illərində komsomolun orqanı olan «Gənc bolşevik» qəzeti, «Komsomol» jurnalı (bu jurnal 1931-ci ildə «Gənc bolşevik» adlandırıldı) ədəbiyyata təzəcə gələn gənclərin xalqa tanınmasında, yeni zəmanəmizin, yeni yaranan proletar ədəbiyyatı ənənələrinin təbliğ olunmasında necə böyük rol oynadı. Səməd Vurğun, Mikayıl Müşfiq, Mehdi Hüseyn, Rəsul Rza, Məmməd Rahim, Osman Sarıvəlli ədəbiyyata məhz gənclik mətbuatının sıralarından gəldilər. Hələ 20-ci illərin əvvəllərində komsomol sıralarında olan şairlər «Kommunist» qəzeti yanında toplaşıb, qəzetin redaktoru, köhnə bolşevik Həbib Cəbiyevin köməyi ilə «Gənc qızıl qələmlər» cəmiyyətini təşkil eləmişdik. Həmin cəmiyyətin rəhbərlərindən biri də mən idim.

Biz komsomolçular «Qızıl qələmlər»i yaradarkən, sosialist varlığının əleyhinə gizli fəaliyyət göstərən bir sıra millətçi ruhlu, müsavatçı düşüncəli adamların təsirinə düşən gənlər də Sabir kitabxanasında «Yaşıl qələmlər» təşkilatı yaratmışdılar. Onlar burada «Yaşıl yarpaq» adlı divar qəzeti də buraxırdılar…Mikayıl Müşfiqi, Məmməd Rahimi, Almas Yıldırımı «Yaşıl qələmlər» təşkilatından ayırıb, «Qızıl qələmlər»ə gətirən mən oldum. Almas Yıldırım qəribə, sadəlövh bir cavandı, ancaq gözəl şair idi. «Gənc işçi»də, «Maarif və mədəniyyət»də üç-dörd şeiri də çıxmışdı və hamının diqqətini cəlb eləmişdi…

O vaxtlar «Qızıl qələmlər» təşkilatının Gəncədə, Naxçıvanda, Şəkidə şöbələri vardı. Səməd Vurğun, Həmid Araslı, Mir Cəlal, Əhməd Cəmil, Cahanbaxş Gəncədə yaşayırdılar. Hətta orada bizim təşkilatın «Qızıl Gəncə» adlı aylıq ədəbi-bədii, siyasi-ictimai jurnalı da nəşr olunurdu…

Çətinliklərimiz də çox idi. İnanırsınızmı, mən Nərimanov adına Sənaye Texnikumunda oxuyarkən bəzi müəllimlərimiz komsomol təşkilatının işlərinə qəsdən mane olurdular. Deyirdilər ki, guya komsomol tədbirləri, iclaslar tələbələrin təhsilinə əngəl törədir. Bizə məktəbdə iclas keçirməyə imkan vermirdilər. Dərsdən sonra qapıları, pəncərələri bağlayıb, iclas keçirir, divar qəzetinin nömrələrini hazırlayırdıq. Mənim ilk şeirlərim də həmin divar qəzetində çıxıb… 20-ci, xüsusən də 30-cu illərin əvvəllərində işlərimizi mürəkkəbləşdirən başqa səbəblər də var idi. İndi adama qəribə gəlir. O vaxt opera teatrının solistlərindən birini baş repertuar komitəsinin sədri qoymuşdular. Həmin komitədə kitabxanalardakı kitabları yoxlamaq üçün komissiya yaratmışdılar. Mən də komissiyanın üzvü idim. Bir gün Sabir kitabxanasındakı kitabları «yoxlayırıq». Yəqin bilərsiniz, köhnə kitablar klassiklərimizin əsərləri, qədim əlyazmaları «bismillahi-rəhmani-rəhim» kəlamıyla başlayır. O, bu kitablardan hansını əlinə götürür, qışqırır: – «Yandırılsın!» Mən Ruhulla Axundovla danışdıqdan sonra bu cür «tədbirlərin» qarşısı alındı. Mahnı mətnlərini də o, təsdiqləyirdi. Xanəndələr Füzulinin şeirini oxuyurdular: «Yarəb, bəlayieşq ilə qıl aşina məni!». Onu od götürürdü: – Net! Po-novomu nado! Po naşemu: «Yoldaş, bəlayi-eşq ilə qıl aşina məni!»

Aləmdi, ey!

Bax, belə bir mürəkkəb şəraitdə proletar ədəbiyyatının layiqli nümunələrinin yaradılması, nəzəri əsaslarının işlənilməsi o vaxtın cavanlarının üzərinə düşürdü… Qəribə bir canlanma, oyanış var idi o illərdə…

– Süleyman müəllim, imkan tapdıqca mən də 20-30-cu illərin mətbuatını vərəqləyirəm. O dövrdə, həqiqətən, gəncliyin ictimai mövqeyi çox fəal olub. Gəncliyə inam, etimad da güclü olub o illərdə. Gənclər məsul vəzifələrdə çalışır, proletar ədəbiyyatının problemləri ilə bağlı mətbuatda müzakirələr keçirir, duskussiyalar açırdılar. Məsələn, «Gənc işçi» qəzetinin 1931-ci ildə proletar ədəbiyyatının vəzifələri, sənətkarlıq problemləri ilə bağlı təşkil etdiyi müzakirədə iştirak eləyən M.Hüseynin 22, R.Rzanın 21 yaşı vardı. Özü də o vaxt onlar ədəbi və ictimai mühitdə artıq tanınmışdılar. (İndi mənim yaşıdlarımın, yaşı otuzu haqlayan və ötən gənclərin qarşısında iş, mənzil problemləri kəskin şəkildə durur, bir çox gənclərin yazıları «bəxtləri gətirəndə» mətbuatda çap olunur. Görünür, gəncliyə olan inamsızlığın nəticəsidir ki, Yazıçılar İttifaqının nəinki komsomol yaşlı, hətta 32 yaşdan aşağı bir üzvü belə yoxdur).

Mən səmimi şəkildə inanıram ki, 20-ci illərdə və 30-cu illərin əvvəllərində sizin apardığınız mübarizələr bütün ifrat meylləri ilə bərabər, siyasi üfüqləri tünd olan ədəbiyyat meydanının davası, M.Hüseynin təbirincə desək, «ədəbi döyüşlər» idi. Mən buna inanıram. Ancaq ağsaqqallarla söhbətlərdə həmişə özümdən asılı olmayaraq, beynimdə bir sual oyanır: görəsən, həmin kəskin mübarizələr dövründə hadisələrin 37-ci il dəhşətlərilə nəticələnəcəyi, «ədəbi döyüşlər» meydanına günahsız qanlar töküləcəyi ağlınıza gəlirdimi?

– Dəhşətdi o illər! Nə deyim? 37-38-ci illər qabaqcadan heç kəsin ağlına gələ bilməzdi. Mənim kimi adam… Mənim özüm nə əzablar çəkmişəm… 1937-ci ildə məni M.Əzizbəyov adına Akademik Dram Teatrına direktor təyin eləmişdilər. Bu necə olmuşdu? Tuthatut dövrü idi. Məni Mərkəzi Komitəyə çağırıb dedilər ki, sən teatra direktor göndərilirsən. Dedim, mən ora getmək istəmirəm, ikincisi də teatrın direktoru var, işləyir.

(Teatrın direktoru Əli Rəhimov adlı çox yüksək savadlı alim bir adam idi, əvvəllər «Kommunist» qəzetində redaktor müavini işləmişdi).

– O, sabahdan yerində olmayacaq!..

Elə gəldim, səhərəcən yata bilmədim. Məni hara göndərirdilər? Gözəl, istedadlı artistlərimiz dalbadal həbs olunurdular… Abbas Mirzə Şərifzadə kimi aktyoru nəyin üstündə tutmuşdular? Onun Tehranda bir qardaşı yaşayırdı. Oradan Abbas Mirzəyə məktub göndərmişdi, – «nə var, nə yox, kefin necədir?» Vəssəlam. Abbas Mirzə bunun üstündə getdi… Kazım Ziya. Ədəbiyyatı, xüsusən poeziyanı çox gözəl bilirdi. Tofiq Fikrətin, Əbdülhəqq Hamidin şeirlərini əzbərdən söyləyirdi. Bəzi artistlərə təxəllüs verərdi. Onu da bunun üstündə tutdular… Tanaylidi adında Tiflisdən gəlmə, yaşlı bir aktrisa vardı. Əla sənətkar idi, xarakter rolları çox gözəl oynayırdı. Onu nəyin üstündə tutdular? Mirzağa Əliyevin sabiq arvadı Tehrandan gələrkən səfərüstü bir neçə gün Bakıda qalmışdı. Artistlər də onun şərəfinə qonaqlığa toplaşırlar. Burada Tehrandan gələn qadın məclisdəkilərə tütün paylayır. Tanaylidi də çəkən idi. O, pay verilən tütünü tərifləyir: “- Bəh-bəh! Adə, tütün deyəndə budu. Yoxsa bizimki? Zibildi, çəkmək olmur…” O qadın da bu sözün qurbanı oldu… Hansını deyim? Teatrda bir-iki istedadsız artist var idi. Şöhrət qısqanclığı ucbatından yoldaşlarından hey material yazırdılar… Neçə dəfə mən onları yığıb yalvarmışdım ki, bəsdi, teatrı dağıtmayın… Bir də görürdün hansısa qəzetdən zəng vurdular: – Sizdə xalq düşmənlərinin ifşası məsələsi çox zəif gedir! Adam tutdurmaq üçün bizdən hesabat istəyirdilər. Dəhşət idi!..

Bu yaxınlarda Teymur Miralayev adında bir nəfərin Səməd Vurğunun «Vaqif» dramının necə yaranması ilə bağlı «xatirəsini» oxudum. Görkəmli adamlar haqqında yalan yazmaq ayıbdır. Gərək mətbuat da belə şeylərə yol verməsin… «Vaqif»in necə y aranması haqqında xatirələrimi yazmışam, yaxınlarda çapa verəcəyəm. Bu əsər necə yarandı? 28-ci ilin əvvəlləri, tuthatut dövrü idi. Hansı dramaturq tutulub, əsərini oynamağa icazə vermirdilər. Hətta tutulanların Şekspirdən, Şillerdən, başqa klassiklərdən elədikləri tərcümələri də göstərməyə qoymurdular. Mərkəzi Komitəyə zəng elədim ki, Şekspirin, Şillerin xalq düşmənçiliyinə dəxli yoxdur, onlar dünyanın bütün teatrlarında oynanırlar. Bundan sonra bəzi əsərləri repertuarda saxlamağa icazə verdilər. Tamaşaya qoymağa əsər tapılmırdı. Mirzə İbrahimovun mükafat almış bir əsəri vardı – «Həyat». Ədil İsgəndərovla, aktyorlarla bir yerdə işləyib, o əsəri tamaşaya hazırladıq. Aleksandr Tuqanov məsləhət gördü ki, gən yazıçıları teatra cəlb etmək lazımdır. Gənclərin yaradıcılığı ilə maraqlandı. Mənə dedi ki, cavan yazıçılar haqqında məlumat ver, məktubla onlara rəsmi müraciət eləyək. Mən Səmədin adını çəkdim, dedim ki, onun əsərlərində dramatizm güclüdür, o, səhnəmiz üçün layiqli əsər yaza bilər. O vaxta qədər Səməd teatra nadir hallarda gələrdi. Bir gün gördüm Səməd gəlib, əlində də məktub:

– Ayə, bunu sənmi yazdırıbsan?

Mən özümü bilməzliyə vurdum:

– Nədi o? Mənim xəbərim yoxdur…

– Tuqanov göndərib, yazır ki, əsərlərində dramatizm var. Teatr üçün dram əsəri yazmağımı xahiş eləyir… Bundan sonra Səməd teatrla əlaqə saxladı. 1938-ci il aprel ayının 4-də isə «Vaqif» dramını latın əlifbası ilə makinada çıxarılmış halda bizə təqdim elədi. Elə həmin gün Səmədə təcili pul lazım idi. Baş repertuar komitəsinin sədri, mənim orta məktəb yoldaşım Mahmud Mahmudova zəng vurub xahiş elədim ki, əsərin tamaşaya qoyulmasına elə bu gün icazə versin. Bədii şurada oxunmadan əsərin teatrda göstərilməsinə icazə verildi. M.Mahmudovun qol çəkdiyi, möhür vurduğu nüsxələrdən biri indi də məndədir. 1938-ci ildə Ədil İsgəndərov əsəri tamaşaya hazırladı və «Vaqif» həmin il səhnəmizdə göstərildi…

– Süleyman müəllim, 30-cu illərin ortalarına doğru ədəbiyyatda Stalinin adı sıx-sıx çəkilməyə başlayır, hər şey onun adıyla bağlanır… Bu proses necə başlandı? Bunu yazıçılara «yuxarıdanmı» tapşırırdılar, yoxsa ədəbiyyat özü bir illüziyaya qapılmışdı?

– Nə deyim? Biz səmimi şəkildə ona inanırdıq. Söhbətlərdə, mətbuatda ölkədəki canlanma, sənayeləşmə sahəsində əldə olunan nailiyyətlər onun adıyla bağlanır və bizim çoxumuzda istər-istəməz ona güclü bir inam yaranırdı. O, xalqın təsəvvüründə müqəddəs bütə çevrilmişdi.

Sonralar mətbuatda Stalinin törətdiyi cinayətlər haqqında mənim də şeirim çıxıb…

– Həm mərkəzi mətbuatda, həm ayrı-ayrı milli ədəbiyyatlarda, eləcə də bizim ədəbiyyatımızda sizin xatırladığınız o mürəkkəb dövrdən, şəxsiyyətə pərəstiş illərinin dəhşətlərindən bəhs eləyən əsərlərdə Stalinin adı tez-tez çəkilir, onun əməlləri təhlil olunur. Son vaxtlar mərkəzi mətbuat səhifələrində Stalinin əməlləri ilə bağlı sənədli yazılara da geniş yer verilir. Bununla bağlı məni bir məsələ düşündürür. Məlum həqiqətdir ki, o illərdə bizim respublikadakı hadisələrin başında bilavasitə Stalin durmurdu. Stalinin dediklərini özünün anladığı şəkildə yerinə yetirən Mircəfər Bağırov idi. Onun əməllərindən bəhs eləyən ən gözəl əsərlərdə nədənsə bu ad açıq verilməyib. Həmin əsərlərin ləyaqətini şübhə altına almadan deməliyəm ki, Mircəfər Bağırovun adını Mehdi Hüseyn «Yeraltı çaylar dənizə axır» romanında Mollayev, Rəsul Rza «Qızılgül olmayaydı» poemasında Mircəlad, İsa Hüseynov «İdeal» romanında Mirqəzəb kimi göstəriblər. Sizcə, Mircəfər Bağırov haqqında sənədli əsərlərin yaranması vaxtı çatmayıbmı? Nə vaxta qədər «cəllad» adlandırdığımız adamın adını xalqdan gizlədəcəyik?

– Cəllad adı ona yaraşır… İndi xatirələrim üzərində işləyirəm. Bu xatirələr təxminən iki cild olacaq. Orada onun adını açıq-aydın göstərirəm… Bu adam özü deyərdi: «Bizə Qubada «dəli seyidlər» deyərlər. Dəliliyim tutanda mən atamı da tanımıram. Özünüzü məndən gözləyin!» Bax o, belə adam idi… Onun vaxtında bir müddət mən də Mərkəzi Komitədə işləmişəm. Sonra birtəhər oradan aralandım. Mərkəzi Komitənin katibləri oranın başqa işçiləri əvvəlcə Mircəfərin katibəsi Novikovaya zəng eləyirdilər: “Nu kak seqodnə nastroenie Xozayina?”Əgər Novikova desəydi ki, «U neqo seqodnya xoroşoe nastroenie» gedib öz xeyir işlərini düzəldir, vəzifəyə adam qoydururdular. Ancaq eşidəndə ki, «U neqo seqodnə oçenğ nevajnoe nastroenie» kimi yıxmaq istəyirdilərsə, gedib yıxırdılar. Mən orada qala bilmədim. 1938-ci ildə Səmədlə məni yanına çağırtdırmışdı. Getdik ki, Topuridze NKVD-nin o vaxtkı rəisi də yanındadır. Səməd irəli yeriyib əl qatdı: – Salam, yoldaş Bağırov…

– Çək qanlı əlini! Mənə uzatma! Oturun görüm.

Çaş-baş halda əyləşdik.

– Stolun üstündəki papkaları görürsünüz? Bunlar sizin «delo»larınızdır. Sizi aparmaq istəyirlər.

Dedim: əvvəl çağırıb özüm dindirim, sonra aparsınlar.

Qarşısındakı qovluqları açıb oxumağa başladı. Ağıla, məntiqə sığışmayan şeylərin hamısı orada yazılmışdı. «İttihamlardan» biri bu idi ki, guya biz Hacıkənddə, diviziya komandirinin yanında «zərərli» söhbətlər eləmişik… Özü də bilirdi ki, dediklərinin heç biri ağılkəsən deyil:

– Ordakılar belə deyirlər!..

«Ordakılar» – tutulan yazıqlar da işgəncənin, döyülməyin qorxusundan bunlar nə tələb eləyirdilərsə, onu təsdiqləyirdilər…

Mən söhbəti yayındırmaq üçün şikayətləndim ki, bəs, yoldaş Bağırov, Səməd Vurğun, mən və Məmməd Rahim Şota Rustavelinin «Pələng dərisi geymiş pəhləvan» poemasının tərcüməsi üzərində işləyirik. Ev şəraitimiz pisdir. Mümkünsə, göstəriş verin, bizə normal yaradıcılıq şəraiti yaratsınlar…

– Şərait? Ha… ha… Sizin yeriniz bilirsən hardadı? Dəniz kənarındakı padvalda! Çıxın gedin…

Bundan sonra çoxunun bizə münasibəti dəyişdi. Kommunist küçəsindəki fotoqraf vitrinlərində şəkillərimiz vardı, çıxarıldı. Adə, bu nə işdi?!.

Mən Pirşağıda bağ tutmuşdum, orada işləyirdim. Arvada dedim: ay arvad, belə hadisə olub, gəlib məni apara bilərlər. Ancaq onu bil ki, mən təmiz adamam, hökumət qarşısında günahım yoxdur. Yəqin «orda» yoxlayandan sonra buraxarlar (Söz idi deyirdim, kim idi «ordan» adam buraxan?!. Əli Məmmədov da Yazıçılar İttifaqının sədri idi. Günlərin bir günü görürəm ki, şoferi Andreyi mənim dalımca Pirşağıya göndərib:

Əli Məmmədov deyir ki, bir qoyun alıb kəsdirəsən. Sabah qonağımız olacaq.

Kimdi qonaq?

Bilmirəm.

Sabah gəldilər. Görürəm Vladimir Luqovskoy. O vaxt Azərbaycan poeziyası antologiyasını hazırlamaq üçün Bakıya gəlmişdi. Əli Məmmədov məni təbrik elədi ki, sizdən təhlükə sovuşdu. Luqovskoy Səmədlə səni Bağırova tərifləyəndə o da qayıtdı ki, mənim rəhbərliyimlə yazıb yaradırlar… Yalançı Bağırov özünü Luqovskoyun yanında şirin salmaq üçün bizi ondan da artıq tərifləmişdi. Şeir, sənət onun vecinə deyildi… Bir dəfə (bu müharibə vaxtı olmuşdu) bizi yenə Mərkəzi Komitəyə – Mircəfərin yanına çağırdılar. Mən bir az tez gəlmişdim. Gördüm ki, xalq artistləri Hüseynağa Hacıbababəyovla Məmmədtağı Bağırov büzüşmüş görkəmdə onun qapısı ağzında dayanıblar. O saat başa düşdüm ki, bunların başında nəsə var. Sonra Üzeyir Hacıbəyov, Məmməd Səid Ordubadi, Səməd Vurğun, Rəsul Rza, Mirzə İbrahim, Ədil İsgəndərov gəldilər. Yığışdıq Mircəfərin kabinetinə.

– Gördüz qapının ağzındakıları? – Mircəfər başladı. – Onlar söz yayıblar ki, faşistlərin vəhşilikləri haqqında bizim qəzetlərdə yazılanlar, danışılanlar doğru deyil. Almanlar mədəni xalqdır, onlar adam  qırmazlar… İkisinin də «delosu» hazırdı, budu, stolumun üstündə. Onları tutmuq istəyirlər. Çağırdım sizi ki, görüm fikriniz nədir… Bizi bir-bir dindirməyə başladı. Mən təklif elədim ki, onların özlərinin də bu söhbətdə iştirak eləmələri yaxşı olar. Bəlkə, yazılanlar doğru deyil? Teatrda direktor işləmişəm, oranın halına bələdəm. Bəzi istedadsız adamlar şöhrət üçün, ad üçün öz yoldaşlarının ayağının altını qazır, böhtan atır, yalan material verirlər… Nəsə, göstəriş verdi ki, onlar içəri gəlsinlər. Məmmədtağı Bağırov içəri girəndə aman diləmək ümidilə yazıq bir görkəmdə əlini ona sarı uzadıb qəzəl oxumağa başladı: “Canlar verib sənin kimi canana yetmişəm…”

– Çto on qovorit?!

Dedik ki, bəs Füzulinin qəzəlini söyləyir. Əlini havada yellədi, – yəni bəsdi, qurtar! İndi hərəmiz bir yolla dil töküb çalışırıq ki, bu yazıqları azad eləyək. Mircəfər birdən üzünü Məmməd Səid Ordubadiyə tutdu:

– Son söz! Son təklif sənindir!

– İkisi də güllələnsin!

Hamımız məəttəl qalmışıq. Mircəfərin qəhqəhəsi otağı başına götürüb:

– Durun, hamınız çıxın gedin!

Bayırda Məmməd Səidin üstünə düşdük ki, o nə təklif idi elədin?

– Mən onun xasiyyətini hamınızdan yaxşı bilirəm. Əgər onların əfv olunmasını xahiş eləsəydim, yəqin ki, mənim sözümün əleyhinə gedib, bunları tutduracaqdı. Özüm qəsdən elə dedim ki, bəlkə bu yazıqları buraxa…

Məhkəməsindən təxminən iki ay əvvəl onu Moskvaya çağırmışdılar. Ancaq törətdiyi cinayətlər barədə hələ ki, mətbuatda rəsmi məlumat verilməmişdi. Onda mən «Ədəbiyyat və incəsənət» qəzetinin redaktoru idim. Mənim göstərişimlə redaksiya məqaləsi hazırladıq və həmin məqalədə Mircəfər Bağırovun cinayətkar siması göstərilirdi. Düzdür, bu yazı söz-söhbətə də səbəb oldu, ancaq biz öz sözümüzü demişdik. Bizim gözümüz nələr görüb? Düz deyirsiniz, Mircəfər Bağırov haqqında daha ətraflı, obyektiv tarixi həqiqətlər yazılmalıdır…

Yaddaşım necədir, sizin qarşınızda məni utandırmır ki?

– Çox yaxşıdır, maşallah!

– Yaddaşımda çox şeylər yaşayır. Arada bir az məni pərt eləmişdi. Vaxtında üstünə düşdüm… Lazım olanda arxivimdəki sənədlər də dadıma çatır. Ancaq bilirsən nələrim gedib?.. Moskvada oxuyanda Ruhulla Axundovla məktublaşırdım. Ruhulla tutulanda onun məktublarını öz əlimlə təndirdə yandırdım. Arada söz çıxartmışdılar ki, Nazim Hikmət Türkiyədə öz mövqeyini dəyişib. Onun məndə nə qədər məktubları var idi, – ələ keçəcəyindən ehtiyat eləyib, onların da hamısını od vurub yandırdım… Gərək xatirələrimi vaxtkən yazıb tamamlayım.

                                                ***

Bu söhbəti hazırlamaq üçün Süleyman Rüstəmin görüşünə gedərkən (şairin evində görüşməliydik) məhəlləmizdəki evlərin, iş yerimin daman tavanları gözümün önündən çəkilmirdi. Oktyabrın əvvəlləri Bakıda bərk yağarlıq idi, neçə gün idi ki, ara vermədən elə hey yağırdı. Mənə elə gəlirdi ki, hara gedirəmsə, damır. Avtobusdan, taksidən, qarşıma çıxan sevincli, kədərli üzlərdən… Görünür, bu hiss məni ona görə tərk eləmirdi ki, Azərbaycan SSR Ali Sovetinin sədri, Ali Sovetin deputatı Süleyman Rüstəmin görüşünə gedirdim. Nə bilim, bəlkə?…

Öz halıma da yaxşı bələdəm, yəqin ki, bu haqda ona heç nə deməyəcəkdim. Demədim də. Ancaq şairlə ilk söhbətimiz elə həmin mövzuda oldu. Söhbəti onun özü saldı: – Ay balam, heç kəs inanmaz ki, Süleyman Rüstəmin evindən damır. – Əli ilə tavanı göstərdi. –Gəlib düzəldən yoxdur…

— Süleyman müəllim, sizin xatirələrinizi dinlədikcə, istər-istəməz mən bir şey haqqında da düşünməli oldum: 1937 və sonrakı illərin haqsız itkiləri haradasa günümüzün qarşısına çıxan çətinliklərdə də özünü göstərir. Yəni ziyalıların məhv edildiyi bir vaxtda istər-istəməz orada boşluq-vakuum yaranır və təbii ki, vakuumu da çox zaman istedadsızlar doldurur. Günümüzə izləri, əks-sədası çatan o dəhşətləri bilmək, elə günümüzün məzmununu dərk eləmək üçün gəncliyə çox lazımdır. Bütün bunları öyrənmək üçün də bağışlayın, sizə çox əziyyət verdim, vaxtınızı aldım…

– Niyə ki? Məndən ötrü də maraqlıdı. Keçmiş günlərə səfər elədik.

Mən o gün Süleyman Rüstəmə çox suallar verə bilərdim. Çünki «sözümüz tuturdu». Özüm də bilmirəm ki, bəzi şeyləri ondan niyə soruşmadım. Şairin Təbriz köynəkli ağrılarını isə özüm bilə- bilə oyatmadım…

Söhbəti apardı:

Mətn Osmanoğlu

 


Etiket:
Xəbərlər

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024

60 YAŞIN MÜBARƏK!

15.01.2024

AŞIQ İSLAM YUSİFOV
(1893-1968)

12.01.2024

Milli dövlətçilik tariximizin məğrur lideri

28.12.2023

Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə "Qərbi Azərbaycan yolunda" adlı konfrans keçirilir - FOTOLAR

28.12.2023

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU. BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

27.12.2023

AZƏRBAYCAN AŞIQ POEZIYASININ GÖRKƏMLİ NÜMAYƏNDƏLƏRİNDƏN BİRİ ŞAİR, USTAD AŞIQ NÖVRƏS İMANIN 120 İLLİK YUBİLEY TƏDBİRİ KEÇİRİLİB

26.12.2023

İLAHİ EŞQİN TƏRCÜMANI

24.12.2023

Müzəffər Ali Baş Komandan, Qarabağın Fatehi, sizi doğum günü münasibətilə təbrik edirk!

24.12.2023

Həsən Xəyallının şeirlərində dini məqamlar. “Qıfılbənd”in təhlili

21.12.2023

BÖYÜK MƏZRƏ - GÖYÇƏ MAHALI

10.12.2023

Dekabrın 7-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda Qərbi Azərbaycan əsilli rəssamların əsərlərindən ibarət sərgi açılıb.

07.12.2023

Tanınmış hərbi ekspert Telman Qasımov İrəvana səfər edib.    

05.12.2023

HƏYATDA ÖZÜMÜ XOŞBƏXT ADAM HESAB EDİRƏM Ki, HEYDƏR ƏLİYEVLƏ BİRGƏ İŞLƏDİM

04.12.2023

AMEA müxbir üzvü, Basarkeçər rayon icma sədri, professor Nuru Bayramov İnönü Universitetinin “Fəxri Doktoru” seçilib - FOTOLAR.

03.12.2023

 Bax, biz Göyçə torpağındayıq...

29.11.2023

BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ “Qərbi Azərbaycanda türk müsəlman abidələrinin erməni vandallığına məruz qalması” mövzusunda elmi seminar keçirilib - FOTOLAR

25.11.2023

SƏHRADA YALQIZLIQ

25.11.2023

Azərbaycanda ilk dəfə “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir FOTO

23.11.2023

İcma: Paşinyan hökumətindən azərbaycanlıların Ermənistanda öz dədə-baba yurdlarına qayıdış hüququnu tanımasını gözləyirik

21.11.2023

“Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunan - MÜBARİZ QULUYEV BABACAN KƏND İCMASININ SƏDRİ SEÇİLDİ-FOTOLAR

14.11.2023

Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib

08.11.2023

Qərbi Azərbaycan İcmasının Basarkeçər rayonu Dərə kənd sakinləri və Dərəli kökənli gənclərlə görüşü keçirilib.

07.11.2023

Ulu Öndər Heydər Əliyev xatirələrdə

31.10.2023

"Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi" hesabatının təqdimatı ilə bağlı konfrans keçirilib.

30.10.2023

Oktyabrın 27-də Qərbi Azərbaycan İcmasında (QAİ) “Ulu Öndər Heydər Əliyev xatirələrdə” kitabının təqdimatı keçirilib.

28.10.2023

“Oğul” filminin rejissoru: “Erməni hərbçilərdən biri Natiqin cəsurluğunu etiraf etdi” - MÜSAHİBƏ

26.10.2023

Nərimanlı gəncləri ilə görüş keçirilib - FOTOLAR

24.10.2023

TANINMIŞ ALİM, İSTEDADLI ŞAİR-PUBLİSİST - RAMİZ HƏSƏNLİ ŞİŞQAYA KƏND İCMASININ SƏDRİ SEÇİLDİ

21.10.2023

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qüdrətdən səngərli, qalalı dağlar” adlı konsert proqramı keçirilib.

21.10.2023

Erməni dostunun azərbaycanlı yazıçıya hər il yazdığı mesaj: “Axırda...” – Müsahibə

17.10.2023
Bütün xəbərlər