Nadir şah Əfşarın Türk Birliyi ideyası...

18:36 / 13.02.2020
Baxılıb: 2362

Türk tarixinin, o cümlədən Azərbaycan Türk tarixininin ən böyük dövlət və fikir dühalarından biri Nadir şah Əfşardır (1689-1747). Çox yazıqlar olsun ki, İngilis, Rus və Fars imperializminin son iki əsrdə apardığı siyasət nəticəsində Türk tarixində Nadir şah Əfşar şəxsiyyətinə ya düşmən kimi baxılmış, ya da düşmənlərimizin şüurlarımıza yeritdiklərinin sonucu olaraq aşağılanmışdı. Çünki, o, bir Türk idi, Azərbaycan türkü. 19-cu əsr Azərbaycan Türk tarixçisi Abbasqulu Ağa Bakıxanov Nadir şah Əfşarın soykötüyü ilə bağlı yazırdı: “Moğol istilası dövründə, Azərbaycana gəlmiş olan türkmən əfşarlarından Qırxlı tayfası, Şah İsmayıl Səfəvinin zühurundan sonra, köçüb Əbivərd mülkündə, Gürgan çeşməsi ətrafında sakin olmuşdu. Bu tayfadan İmamqulu adlı bir nəfərin 1689-cu ildə Nadirqulu adlı bir oğlu oldu”.

Çox maraqlıdır ki, Azərbaycan Türk aydını Nəriman Nərimanov 1898-ci ildə yazdığı, 1913-cü ildə “düzəlişlər” etdiyi “Nadir şah” adlı dram əsərində İmamqulu xanı və oğlu Nadirqulu xanı öncə quldur, başkəsən, daha sonra vətən və millət uğrunda mücadilə edən fədailər kimi qələmə vermişdir. Nərimanovun da yazdığı kimi, Səfəvilərin tənəzzülü dövründə meydana çıxan Nadirqulu xan qısa bir müddər ərzində düşmənləri Səfəvi torpaqlarından uzaqlaşdırmağı bacarmış, Qızılbaş ordusunun sərdarı vəzifəsinə yüksəldilmişdir. Amma 2-ci Şah Təhmasibin Nadirqulu xana qarşı olan cəsarətsizliyi və inamsızlığı, 1732-ci ildə birincinin taxtdan salınması və faktiki olaraq sonuncunun İran və Azərbaycanın birinci şəxsi olmasıyıla nəticələnmişdir.

Nadir şah dövlətin birinici şəxsinə çevrildikdən sonra (1732) Osmanlı və Rusiyaya qarşı apardığı müharibələrdan qalib çıxmış, hətta Çar Rusiyasına ultimatum göndərmişdi ki, rus qoşunları Xəzərsahili vilayətləri tamamilə tərk etsinlər. Nadir şahın çar Rusiyasının nümayəndələriylə 1735-ci ilin martinda Gəncə yaxınlığında bağladığı müqaviləyə əsasən rus qoşunları Azərbaycanı (Dərbəndi, Salyanı, Bakını və b.) tərk etmişlər. Eyni zamanda Nadir şah Osmanlı-Türkiyə qoşunlarını da Azərbaycan ərazisindən tamamilə çıxartmağa nail olmuşdu. Bu gün Azərbaycanın rus-köləbaşlı tarixçiləri Rus qoşunlarının işğalçılığını “unudaraq”, yalnız Osmanlı-Türk qoşunlarının Azərbaycandan çıxarılmasını belə qiymətləndirirlər: "Azərbaycan ərazisi tamamilə türk əsgərlərindən təmizləndi. Lakin bu heç də Azərbaycan xalqına azadlıq gətirmədi. Ölkədə türk işğalçılarını İran işğalçıları əvəz etdilər"....

Amma bu tarixçilər yazmırlar ki, Nadir şah Azərbaycanı yalnız Osmanlı-Türkiyə qoşunlarından deyil, eyni zamanda çar Rusiyasının işğalçı qüvvələrindən də təmizləmişdi. Çar Rusiyasını və Sovet Rusiyasını işğalçı kimi qələmə verməkdən bacardıqları qədər yan qaçan Azərbaycan tarixçilərinin gücləri, hələ də yalnız Türkiyəyə və İrana çatır.

Eyni zamanda, “Azərbaycan tarixçisi” adını daşıyanların əksəriyyəti Nadir şahın Azərbaycanı tutmasını, buradan Osmanlı və çar Rusiyasının qoşunlarını çıxartmasını, bir sözlə “Azərbaycanda İran hakimiyyətinin bərpası”nı işağlçılıq kimi dəyərləndirirlər. Bizcə, Nadir şahın Azərbaycanı ələ keçirməsini “işğalçılıq” kimi qələmə vermək doğru deyildir. Əgər məsələni bu cür qoysaq, o zaman Şirvanı işğal edən Şah İsmayıl da, Təbrizi tutan Qaraqoyunlu Qara Yusif də, Şirvanşah İbrahim xan da, Şimali Azərbaycanı rus-erməni birləşmələrindən xilas etməyə gəlmiş Nuru Paşa da, başqaları da işğalçıdırlar. Bu, tamamilə yanlışdır. Nadir şah Əfşar üçün Azərbaycan və İran eyni dərəcədə doğma olduğu qədər, o bu ölkələrin yeganə Türk hökmdarı, dövlət başçısı idi

Maraqlıdır ki, Sovetlər Birliyinin tarix metodologiyasından çıxış edən Azərbaycan tarixçilərinin əksəriyyəti Nadir şahın 1736-cı ildə Muğanda – Azərbaycanda keçirilən qurultayda şah seçilməsinə də bacardıqları qədər qeyri-ciddilik, qeyri-legitimlik forması vermək istəyirlər. Halbuki, Nadir şahın Muğanda Səfəvilərin-Qızılbaşlıların davamçısı olaraq taxtda oturması qanuni bir şəkildə həyata keçirilmişdi. Bunu, 19-cu əsr Türk (Azərbaycan) tarixçisi A.A.Bakıxanov daha obyektiv şəkildə ifadə etmişdir. O, yazır ki, qurultay keçirilməzdən öncə Nadir şah Əfşarlar ölkənin hər bir yanına xəbərlər göndərmiş, bütün vilayətlərdən Muğana-Azərbaycana 100 000 min adam gəlmişdi: “Bir aydan ziyadə çəkən müşavirə və danışıqlardan sonra, Nadir həzrətləri 1148-ci (=1736) ildə, şübat (fevral) ayının 26-da İranın səltənət taxtına oturdu”.

Nadir şahın Səfəvilərin-Qızılbaşlıların taxtına qanuni olaraq oturmasını yalnız Bakıxanov deyil, 18-19-cu əsrlərdə yaşamış digər Türk (Azərbaycan) tariçxiləri də dəfələrlə təsdiq etmişlər. 19-cu əsrin Türk (Azərbaycan) tarixçiləri Nadir şahın Səfəvilərin taxtinda oturmasını labüd və qanunauyğun hal kimi qələmə almışlar. Artıq İran və Azərbaycanda hakimiyyətdə Əfşarlar idi. Başqa sözlə, İran və Azərbaycanda bir Türk sülaləsini digər Türk sülaləsi əvəz etmişdi.

Yeri gəlmişkən, çar Rusiyasının dövründə Bakıxanovun Nadir şaha verdiyi qiymətlə, Sovetlər Birliyi və müstəqil Azərbaycan tarixçilərinin verdiyi qiymət arasında xeyli fərq vardır. Belə ki, Bakıxanov “Nadir həzrətləri” adlandırdığı Əfşarlar sülaləsinin qurucusunu böyük hörmətlə anmış, onun süquta uğramış Səfəvilərin davamçısı kimi uğurlarını təqdir etmiş, ən vacibi Nadir şahın Türkiyə və İran əhalisi arasında geniş yayılmış sünni və şiə məzhəb davasının aradan qaldırması cəhdini müsbət dəyərləndirmişdir. Halbuki SSRİ və mütəqil Azərbaycanın tarixçiləri Nadir şahın bu böyük addımını daima görməzdən gəlmiş, bir dəfə də olsun belə onun bu böyük ideyasını yad etməmişlər.

Deməli, Nadir şahın Türk-İslam dünyası üçün ən mühüm işlərindən birincisi, süni və şiə məzhəblərini aradan qaldıraraq Türk Birliyinin qurulmasına nail olmaq istəməsi idi. Bu, 1736-cı ildə keçirilən Muğan qurultayında da öz əksini tapmışdır. Bakıxanov yazır: “İran üləmasının ittifaqı ilə ümumxalq qarşısında belə bir qərar çıxarıldı: bəzi məsələləri dəyişdirmk və şərəfli (dini) şəraiti sabitləşdirməklə, iki məzhəb – şiə və sünni məzhəbləri arasındakı ixtilafa nəhayət verilib İslam əhalisi arasındakı ədavət qaldırılsın. Lakin bu məsələ dəfələrlə Osmanlı dərbarına təqdim edilsə də qəbul olunmadı”. Əslində bu addım ilk növbədə, Nadir şahın iradəsinin nəticəsi idi. Nadir şah gələcəkdə bu problemin Türk-İslam dünyasına, özəlliklə də Türk dünyasına, Azərbaycana vuracaq zərəri görür və bunu aradan qaldırmaq istəyirdi. Amma yazıqlar olsun ki, Nadir şahın bu iradəsinə Osmanlı dövləti müsbət cavab vermədi. Üstəlik, Nadir şah Türk Birliyi ideyasının qurbanı oldu.

Nadir şahın Türk Birliyi ideyasının qurbanı olmasına bəlkə, ilk dəfə A.A.Bakıxanov toxunmuşdur. Hər halda Bakıxanov yazır ki, Nadir şahın bu ideyasından sonra ona oğlu Rzaqulu xan tərəfindən sui-qəsd təşkil edildi. Şübhəsiz, Rzaqulu xan burada bir qurban idi. Əslində Nadir şah Əfşara sui-qəsd təşkil edənlər fars şiəçiləri, fars zərdüşti mollalar idilər. Onlar Nadir şahın ətrafındakı bəzi xanları da inandıra bilmişdilər ki, Nadir şahın məzhəb ideyasının aradan qaldırılması istəyi zərərlidir. Özəlliklə, şiəçiliyin aradan qaldırılmasını İranın sonu kimi qələmə verən Fars şiəçiləri əslində özlərini düşünürdülər. Onlar anlayırdılar ki, əgər Nadir şahın Türk birliyi ideyası gerçəkləşsə, yəni şiə və sünni məzhəbləri aradan qaldırılsa, o zaman onların İranda mövqeləri sıfıra düşəcəkdir.

Ona görə də fars zərdüşti-şiəçi mollaları və onların havadarları öncə Nadir şahın ətrafını, daha sonra özünü təmizləmək qərarını verdilər. Fars zərdüşti-şiəçi mollaları Nadir şahın yaxın ətrafında olan bəzi Türk xanlarını, ola bilsin Rzaqulu xanı da (bu dəqiq deyil) inandırmışlar ki, şiəçilik aradan qalxsa, yalnız İranın deyil, onların da sonu gələcək. Bu məqsədlə onlar Nadir şahda şübhə yaratmaq, eyni zamanda ona əhali arasında olan münasibəti dəyişmək üçün taxtdan salınmış 2-ci Şah Təhmasibi öldürdülər. Halbiki Nadir şah istəsəydi taxta çıxdığı ilk gündə, ya da az sonra 2-ci Şah Təhmasibi öldürdə bilərdi. Bir tərəfdən Osmanlının məzhəb davasını aradan qaldırmaq istəməməsi, digər tərəfdən fars şiəçilərinin əliylə bəz xanlar tərəfindən (çox güman ki, Rzaqulu xanı da bu faciəyə təhrik ediblər, ya da iz azdırmaq üçün onun boynuna atıblar) sui-qəsdə məruz qalması yalnız Nadir şah üçün deyil, Türk-İslam dünyasının birliyinə də çox ağır zərbə oldu. Bunu, Bakıxanov indiki Azərbaycan tarixçilərindən daha real görmüş və ürəkağrısı ilə bunu iki cümləyələ dəqiq yazmışdır: “Nadir şah atalıq şəfqətini toplayıb, şahzadəni kor etdirdi və özünün dövlət çırağını söndürdü. Bundan sonra, Nadir şah hamıdan bədgüman olub, məmləkəti idarə etmək işlərində məsləkini dəyişdi”.

Əslində Nadir şah da baş verən dəyişiklik, sünni və şiə məzhəblərinin aradan qaldırılmasından, türk-müsəlman dövlətlərinin birlliyindən əl çəkməkdən çox kimlərlə, hansı vasitələrlə bu ideyanı gerçəkləşdirə bilməsiylə bağlı idi. O, bu yolda oğlunun gözünü kor etdirməklə yanaşı, ona əngəl olan fars zərdüşti mollalarına və onların əlaltısına çevrilən bəzi xanlara qarşı daha radikal addımlar atdı.

Türk (Azərbaycan) aydını-şairi Mirzə Ələkbər Sabir də 1907-ci ildə “Molla Nəsrəddin” jurnalında nəşr olunan "Fəxriyyə" şeirində Nadir şahın qətlində sünni və şiə məzhəblərinin aradan qaldırılmasının əleyhdarlarının mühüm rol oynadğını açıq şəkildə yazır: "Nadir bu iki xəstəliyi (yəni sünni və şii məzhəblərini) tutdu nəzərdə, İstərdi əlac eyləyə bu qorxulu dərdə, Bu məqsəd ilə əzm edərək girdi nəbərdə, Məqtulən onun nəşini qoyduq quru yerdə". Sabirin bu sözləri açıq şəkildə ona işarədir ki, Nadir şahın öz qohumları tərəfindən öldürülməsi tamamilə cəfəngiyyatdır. Nadir şahı qətlə yetirənlər fars zərdüşti mollalar, massonlar, bir sözlə türk düşmənləri olmuşlar.

Böyük Türk aydını, Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə də 1919-cu ildə "Azərbaycan" qəzetində (28 aprel 1919) nəşr olunan “Azərbaycan və İran” məqaləsində haqlı olaraq yazırdı ki, Nadir şah ilk öncə, Türk birliyi ideyasının qurbanı oldu. Rəsulzadə yazır: “Nadir şahın fikir ittihadını zənn edərsəm "Nadir şah" əsərini təmsil edən azərbaycanlılar yalnız tərvic degil, tətbiq də etmişlərdir. Yalnız oğlunun gözü müqabilində çıxaracağı batmanlarla göz təhdidi ilə degil, eyni zamanda da məəttəəssüb və dar mollalara qarşı işlətdiyi siyasətə qurban olan Nadirin fikrini - məzhəb qovğalarının aradan qaldırılmasını - qövldən-felə gətirənlər yenə "ətraki-müsəlmani-Qafqaz"dır" (yəni Qafqaz müsəlman türkləridir)". Göründüyü kimi, Rəsulzadə də hesab edir ki, Azərbaycan türkü olan Nadir şah fars şiəçilərinin, fars mollalarının siyasətinə qurban getmiş, onların əliylə qətlə yetirilmişdir.

Bizcə, Nadir şah Əfşarın qətli bir tərəfdən Türk Birliyinin gerçəkləşməsini zərbə altında qoysa da, digər tərəfdən Azərbaycanın parçalanmasının başlanğıcı oldu. Əslində Azərbaycanın parçalanması ideyası faktiki olaraq Türk Birliyi ideyasının gerçəkləşməsini sual altında qoymuş oldu...

Bu gün Nadir şah Əfşarla, onun qurduğu Əfşarlar dövlətiylə bağlı bilmədiyimiz, yaxud da yanlış öyrədilən çox məsələlər var. Onlar arasında ən önəmliləri aşağıdakılardır:

1. Səfəvilərin süqutu və Əfşarlar sülaləsinin qurulması;
2. Əfşarlar dövlətində dövlət dili və yazısı;
3. Qızılbaşlıq ideologiyasının tənəzzülü fonunda sünni və şiə məzhəbinin aradan qaldırılması ideyası;
4. Nadir şahın Azərbaycan vilayətini qurması, bunun nəticələri;
5. Nadir şahın öldürülməsi və Əfşarların islahatlarının sonrakı aqibəti.

Şübhəsiz, bunların arasında Nadir şahın Səfəvilərin taxtına necə oturması, bunun hansı durumda baş verməsi çox önəmlidir. Əslində Səfəvilərin sonununun gəlməsi Nadir şahın ortaya çıxmasından öncə başlamışdır. Artıq dövlətin Qızılbaşlıq ideologiyası tənəzzülə uğrayırdı ki, bunun fonunda hərbi gücdən də məhrum olan Səfəvilərin son hökmdarı 2-ci Şah Təhmasib faktiki olaraq ölkəni idarə etməkdə çətinlik çəkirdi. Belə bir zamanda İranda, Xorasanda, Azərbaycanda, İraqda ən güclü türk tayfası olan Əfşarlardan Nadirqulu xan ortaya çıxaraq az bir zaman kəsiyində Səfəvilərin bütün torpaqlarında hakimiyyəti bərpa etdi. Amma bu artıq Səfəvi hökmdarı 2. Şah Təhmasibin deyil, Əfşar Nadirqulu xanın adıyla bağlı idi. Özəlliklə, 1732-ci ildə 2. Şah Təhmasibin Osmanlı və çar Rusiyası üzərində uğursuz hərbi əməliyatları Səfəvilərin birmənalı şəkildə sonunu gətirdi. Əslində 1732-ci ildən Səfəvilər taxtına oturan Nadir şah 1736-cı ildə Muğan qurultayında bunu rəsmiləşdirdi.

Əfşarlar dövlətində önəmli vəzifə tutmuş Mirzə Mehdi xan fars dilində Nadir şaha həsr etdiyi əsərində yazır ki, onun taxta çıxması xalqın istəyilə baş vermişdir. Yəni Nadir şah Səfəvilərin taxtına heç də oturmaq istəmirdi. Amma həmin dövrün şəraiti, İran və Azərbaycanın sahibsiz qalması onu buna məcbur etmişdir. Mirzə Mehdi xan yazır ki, Nadir şahın Səfəvi taxtında oturmaqdan boyun qaçırması Cəfər xan, Rza xan, Məhəmməd xan və başqa xanların gözü önündə baş vermişdi. Əfşarların tarixini yazan Mirzə Mehdi xanın fikrincə, Nadir şahın səltənəti Səfəvi nəslinin əlindən zor güc ilə alması barədə yazılanların heç bir əsası yoxdur.

19-cu əsr tarixçisi Mirzə Adıgözəl bəy də “Qarabağnamə”də yazır ki, Nadir şah 1736-cı ildə Muğanda keçirilən qurultayda öncə Səfəvilərin taxtına oturmaqdan imtina etmişdir: “...xaraba qalmış İran məmləkətini düşmənlərin təcavüzündən xilas etmişəm. Səfəvi Şah Təhmasib ilə oğlu Abbas Mirzə hər ikisi nəcabət səmasının günəşləri və səltənət fəzasının səadət ulduzlarıdırlar. Onlardan hər hansını padşahlıq və hökmranlıq taxtına layiq bilsəniz, mən də sizinlə birlikdə dinməz-söyləməz onun qulluğunda durub, itaət halqasını qulağıma asaram”. Türk tarixçisi Mir Mehdi Xəzani “Kitabi-Tarixi-Qarabağ” da yazır ki, Nadir şahın bu sözlərindən sonra Qurultay nümayəndələri tək sözlə dedilər: “Çün bizim can və malımızı, namus əyalımızı müxaliflər cəngində əsir və dəstgir və əhaliye-zülm əlində müqəyyud və məhbus və biəmr ikən, siz himayət və siyanət buyurub xilas edibsiniz. Gərəkdir ki, bizim sultanımız və padişahımız yenə sizin vala-cənabınız ola ki, sizin vüzudi-məsudinizdən qeyri heç kimsə səltənəti-İranı vərtəq və fətəqi-mümümmati-cahani kəmayanbəqi dolandırmağa şayəstə və sizavar ola bilməz”. Deməli, Nadir şah xalqın istəyilə Əfşarlar dövlətini qurmağa qərar vermişdir.

Bu gün Əfşarların dövründə dövlət dilinin və yazısının farsca və ya türkcə olmasıyla bağlı da fikirlər səslənməkdədir. Şübhəsiz, Əfşarlar türk tayfasından idilər və sarayda türkcə danışırdılar. Hər halda dövləti idarə edən xanlar da tamamilə türk idilər. Belə olduğu təqdirdə dövlətin rəsmi dilinin türkcə olması mübahisəzidir. Eyni zamanda Nadir şahın Osmanlı sultanıyla apardığı yazışmalar da türk dilində olmuşdu. Ancaq dövlətin adından yayılan bəzi buyruqların Türk diliylə yanaşı Fars dilində olması da təbiidir. Çünki Əfşarlar dövlətində say etibarilə Türk millətindən sonra farsdilli tayfalar ikinci yerdə idilər. Bu anlamda Əfşarların dövlət dilinin Türk dili olmasıyla yanaşı, bəzi buyruqlar, ya da əsərlər Fars dilində yazılmışdır.

Bu gün müstəqil Azərbaycanın rus-köləbaşlı tarixçiləri yazırlar: "Mənşəcə azərbaycanlı (türk deməyə cəsarətləri və obyektiv olmaları çatmır) olan Əfşar tayfasının nümayəndəsi Nadir Qulu xan İran dövlətini təmsil etsə də rəsmi ziyafətlərdə Azərbaycan dilində (Türk dili yazmağa yenə de cəsarət etmirlər) danışarmış". Onlar da bunu yazarkən 18 əsr erməni tarixçisi Abram Kretasiyə əsaslanırlar. Kreatsi yazır ki, Nadir şah ermənilərlə Türk dilində (Azərbaycan türkcəsi) danışırmış. Yəni bütün bunlar ona işarədir ki, Əfşarlar dövlətinin əsas dili Türk dili olmuşdur.

Nadir şahın ən önəmli addımlarından biri Qızılbaşlıq ideologiyasının tənəzzülü fonunda sünni və şiə məzhəbinin aradan qaldırılması ideyasıdır. Doğrudur, günümüzdə Nadir şahın bu addımını müxtəlif yöndən dəyərləndirənlər var. Hətta, Nadir şahın bu xidmətini də İranın, buna parelel olaraq da farsların adına yazırlar. Guya, Nadir şah məzhəb davasını aradan qaldırmaqla İranı, farsları düşünmüşdür. Maraqlıdır ki, hətta Səfəvilərin Qızılbaşlıq ideologiyasını da İran, Fars ideologiyası kimi qələmə verirlər. Əlbəttə, “İran” və “Qızılbaşlıq” məsələsi mübahisəlidir. Buna səbəb də hər iki anlayışın farslaşdırılmasıyla bağlıdır. Bu anlayışların farslaşdırılmasında türklərin də suçu az deyildir.

Ancaq ən sadə dildə desək, “İran” və “Qızılbaşlıq” nə qədər farslara aiddirsə, bir o qədər də türklərə xasdır. Bir qədər də dəqiqləşdirsək deyə bilərik ki, əgər “İran”da ən azı min il Türk sülalələr (Səlcuqlar, Elxanilər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Əfşarlar və Qacarlar) hakim idilərsə “İran”da Türk İran idi. Bu min il ərzində əsasən, “İran”da Türkün sözü keçerli idi. Artıq burada dövlət dili, rəsmi yazı və s. nə qədər önəmli olursa olsun, yenə də bizlər İranda hakim idik. Bir türk sülaləsi zamanı gələndə digər türk sülaləsinin devirərək iranda hakim olurdu. Artıq türk olmayan digər millətlər, etnoslar bunu təbii bir hal kimi qəbullanmışdılar, ta ki 1925-ci ilə qədər. Hər halda on illərlə aparılan ideologiyanın nəticəsi olaraq 1925-ci ildə Qacarları devirərək Pəhləviləri hakimiyyətət gətirən İngilis-Rus-Yəhidi üçlüyü, bununla da Türk İranının Fars İranının çevrilməsi prosesini əsasən yekunlaşdırdılar. Beləliklə, 1925-ci ildən sonra türklər üçün də “Türk İran” deyil, “Fars İran” anlayışı şüurlarda yer tapmağa başladı. İran türkləri, özəlliklə Azərbaycan türkləri bundan çıxış yolu kimi “Fars İran”a qarşı, “Türk Azərbaycanı” gördülər. Yəni “Türk İranı” itirməyimizin nəticəsi olaraq təskinliyimizi, daha sonra da xilasımızı “Türk Azərbaycan”da aramağa başladıq. Çünki türk ulusu olaraq özümüzü toparlayaraq yenidən “Fars İranı” “Türk İrana” çevirə biləcək inamımız xeyli dərcədə azalmışdır.

Bu anlamda Nadir şah Əfşara, Ağa Məhəmməd şah Qacara və onların apardğı islahatlara “Türk İranı” çərçivəsində deyil, “Türk Azərbaycanı” yönündən yanaşırıq. Bu zaman “Türk Azərbaycanı” müdafiə etmək naminə də “Türk İranı”nı asanlıqla “Fars İranı” olaraq görür, “Fars İranı” da “Türk Azərbaycanın”a düşmən kimi qələmə veririk. Halbuki Nadir şah Əfşar, Ağa Məhəmməd çah Qacar üçün Azərbaycan qədər, bəlkə ondan da çox İran önəmli və dəyərli idi. Çünki bu iki dövlət başçısı “Türk İranı”na hökmdarlıq edir, türkün varlığını yalnız Azərbaycanda deyil, bütün İranda (Xorasanda, İraqda, Kərkükdə, Bağdadda, Astarabadda, Mazandaranda, Qaşqayda vəs.) bərqərar edirdilər.

Bu anlamda Nadir şahın məzhəb davasının aradan qaldırılması ideyası, ilk növbədə iki Türk dövlətinin – Osmanlı və İranın ittifaqına söykənirdi. Bizcə, bunu Nəriman Nərimanov “Nadir şah” əsərində Nadir şahın dövrünün tarixçisi Mirzə Mehdi xanın dilindən çox yaxşı ifadə etmişdir: “İki məzhəbin birləşməyi həqiqət gözəl, bir fikirdir. Çünki ədavət bilmərrə aradan götürülər, mədəniyyət artar, hər iki millət qüvvətlənər. Mollalara məvacib kəsmk də mənim təsəvvürümə görə, yaman deyil. Padşahlıqdan məvacibləri olsa, bir para ağlagəlməyən şeyləri və və aşkara millətin, vətənin dövlətin zərəri olan sözləri xalqın aralarında nəşr etməzlər. O gün (Nadir şah) mənə deyir ki, Mirzə! Sən elə bilmə ki, mən ruhanilərə düşmənəm. Xeyr, dinə rövnəq verən mollalar mənim canımdırlar. Dinə rəxnə salan mollalara, həqiqət mən düşmənəm... Bunlar zahirdə dinpərəst, batində dini tar-mar edirlər. Bəli, fikir etdikcə görürsən insafən ağlllı qanunlardır, həqiqət, gözəl fikirlərdir, amma heyfa, qədrini bilən yoxdur”.

Deməli, Nadir şah iki Türk dövlətinin birliyi üçün öncə, məzhəblərarası savaşa son verilməsini, eyni zamanda mollaların dövlət işinə qarışmamasına çox önəm vermişdir. Əslində Nadir şahın Türk birliyi ideyasının gerçəkləşməməsində hər iki tərəfin İngilis-Rus-Yəhudi qüvvələri tərəfindın ələ alınmış din xadimləri mühüm rol oynamışlar. Yoxsa, burada iddia etmək ki, Nadir şah qızılbaşlıq ideologiyasını müdafiə etmişdir, ya da “Fars İrana” xidmət etmişdir, bunlar heş cürə gerçəyi əks etdirmir. Özəlliklə, Nadir şah birmənalı şəkildə öz mahiyyətindən uzaqlaşan “qızılbaşlığı” dəstəkləməmiş, bunun nəticəsi olaraq da məzhəb davalarına son verməyə çalışmış, ən əsası dini dövlətdən uzaqlaşdırmağa qərar vermişdir. Bunu, Nərimanov Nadir şahın dilindən belə yazır: “Bəli...hər bir padşah iki düşməndən xilas deyil: vətən, millət qeyrəti çəkməyən, gününü eyş-işrətdə keçirib milləti daima zülmlərə düçar edən padşah əcəlini millətdən gözləsin... Millətin və dövlətin tərəqqisinə çalışan, bu yolda təzə qanunlar qoyan, vətənini zülmdən xilas etmək istəyən padşah əvvəlinci gülləni öz müqqərib adamlarından gözləsin..”.(karabakhmedia.az)

Dos. Dr. Faiq ƏLƏKBƏROV (Qəzənfəroğlu),
AMEA Fəlsəfə və Hüquq İnstitutunun aparıcı elmi işçisi


Etiket:
Xəbərlər

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024

60 YAŞIN MÜBARƏK!

15.01.2024

AŞIQ İSLAM YUSİFOV
(1893-1968)

12.01.2024

Milli dövlətçilik tariximizin məğrur lideri

28.12.2023

Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə "Qərbi Azərbaycan yolunda" adlı konfrans keçirilir - FOTOLAR

28.12.2023

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU. BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

27.12.2023

AZƏRBAYCAN AŞIQ POEZIYASININ GÖRKƏMLİ NÜMAYƏNDƏLƏRİNDƏN BİRİ ŞAİR, USTAD AŞIQ NÖVRƏS İMANIN 120 İLLİK YUBİLEY TƏDBİRİ KEÇİRİLİB

26.12.2023

İLAHİ EŞQİN TƏRCÜMANI

24.12.2023

Müzəffər Ali Baş Komandan, Qarabağın Fatehi, sizi doğum günü münasibətilə təbrik edirk!

24.12.2023

Həsən Xəyallının şeirlərində dini məqamlar. “Qıfılbənd”in təhlili

21.12.2023

BÖYÜK MƏZRƏ - GÖYÇƏ MAHALI

10.12.2023

Dekabrın 7-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda Qərbi Azərbaycan əsilli rəssamların əsərlərindən ibarət sərgi açılıb.

07.12.2023

Tanınmış hərbi ekspert Telman Qasımov İrəvana səfər edib.    

05.12.2023

HƏYATDA ÖZÜMÜ XOŞBƏXT ADAM HESAB EDİRƏM Ki, HEYDƏR ƏLİYEVLƏ BİRGƏ İŞLƏDİM

04.12.2023

AMEA müxbir üzvü, Basarkeçər rayon icma sədri, professor Nuru Bayramov İnönü Universitetinin “Fəxri Doktoru” seçilib - FOTOLAR.

03.12.2023

 Bax, biz Göyçə torpağındayıq...

29.11.2023

BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ “Qərbi Azərbaycanda türk müsəlman abidələrinin erməni vandallığına məruz qalması” mövzusunda elmi seminar keçirilib - FOTOLAR

25.11.2023

SƏHRADA YALQIZLIQ

25.11.2023

Azərbaycanda ilk dəfə “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir FOTO

23.11.2023

İcma: Paşinyan hökumətindən azərbaycanlıların Ermənistanda öz dədə-baba yurdlarına qayıdış hüququnu tanımasını gözləyirik

21.11.2023

“Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunan - MÜBARİZ QULUYEV BABACAN KƏND İCMASININ SƏDRİ SEÇİLDİ-FOTOLAR

14.11.2023

Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib

08.11.2023

Qərbi Azərbaycan İcmasının Basarkeçər rayonu Dərə kənd sakinləri və Dərəli kökənli gənclərlə görüşü keçirilib.

07.11.2023

Ulu Öndər Heydər Əliyev xatirələrdə

31.10.2023

"Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi" hesabatının təqdimatı ilə bağlı konfrans keçirilib.

30.10.2023

Oktyabrın 27-də Qərbi Azərbaycan İcmasında (QAİ) “Ulu Öndər Heydər Əliyev xatirələrdə” kitabının təqdimatı keçirilib.

28.10.2023

“Oğul” filminin rejissoru: “Erməni hərbçilərdən biri Natiqin cəsurluğunu etiraf etdi” - MÜSAHİBƏ

26.10.2023

Nərimanlı gəncləri ilə görüş keçirilib - FOTOLAR

24.10.2023

TANINMIŞ ALİM, İSTEDADLI ŞAİR-PUBLİSİST - RAMİZ HƏSƏNLİ ŞİŞQAYA KƏND İCMASININ SƏDRİ SEÇİLDİ

21.10.2023

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qüdrətdən səngərli, qalalı dağlar” adlı konsert proqramı keçirilib.

21.10.2023

Erməni dostunun azərbaycanlı yazıçıya hər il yazdığı mesaj: “Axırda...” – Müsahibə

17.10.2023

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Qərbi Azərbaycan İcmasının TƏBRİKİ

17.10.2023
Bütün xəbərlər