Araz Yaquboğlu ilə “Dədə Ələsgər – 200” vatsap qrupunda tanış oldum və Aşıq Ələsgərin anadan olmasının 200 illiyinə həsr olunmuş “Gülüstan” sarayında keçirilən tədbirdə üzbəüz görüşdük, bir masa ətrafında əyləşdik. Görünüşü, danışığı, duruşu-oturuşu ilə mənə çox xoş təsir bağışladı. Sanki bu sadə, səmimi insanı uzun illərdir ki, tanıyırdım. Dağ adamlarına məxsus arıq, ancaq sağlam və uca boyu, boyuna uyğun mütənasib bədən quruluşu, tutamlı əlləri ilk baxışdan diqqətimi çəkdi. Açıq, geniş alnı, bədəninin ümumi simmetriyasını tamamlayan iri, qırışsız, mülayim çöhrəsi, hiyləgərlikdən kənar, uzaqlara dikilən xəyallı gözləri bu şəxsin zahiri görünüşünü, portret cizgilərini tamamlayırdı. Sifətinə baxan kimi, səsini eşidən kimi insanın daxilən də saf, sadə olduğunu, bu saflıqla, sadəliklə bərabər, həm də dolğun, zəngin olduğunu yəqin etdim. Belə insanlar yaşayır, işləyir, yaradırlar, ancaq nəyinsə aludəsi, kiminsə buyruqçusu olmurlar, təbiətən təmənnasız olurlar. Keyti dağı, Çalmalı dağı kimi əzəmətli, bir sifətli, bir görünüşlü insanlarla ünsiyyət, münasibət heç vaxt ziyan gətirməz. Dostluqları da mərdanə olar, düşmənlikləri də.
Araz bəylə aramızda ilk andan yaranan isti münasibətlər davam etməyə başladı. Mənim Aşıq Ələsgər haqqında yazdığım bir yazını “goyce.az” saytında çap elətdirdi. Müəyyən məsələləri dəqiqləşdirmək, müəyyən məlumatları öyrənmək üçün ona nə vaxt müraciət etdimsə, “yox” demədi, işinin azlığına, çoxluğuna baxmadan müraciətimə canıyananlıqla cavab verdi.
“Dədə Ələsgər Ədəbi Məclisi”nin üzvü Maksim Sarıqayanın vəfatının bir illiyi ərəfəsində onun şeirlərini toplayıb “Göyçə həsrətli bir ömür” (“Elm və təhsil”, 2023) adı altında nəşr etdirdilər. Kitaba “Gec tapıb, tez itirdiyim dostum” adlı bir ön söz yazdım. Etiraf edim ki, kənddə yaşadığımdan, əlimdə müasir yazı avadanlıqları olmadığından Araz müəllim mənimlə bərabər, bəlkə də məndən ikiqat artıq əziyyət çəkdi. Göyçə ədəbi mühiti ilə bağlı müəyyən kitabların, o cümlədən Şair Məmmədhüseynin, şair Sərraf Şiruyənin kitablarının mənə göndərməsini Araz bəydən verilən ən dəyərli hədiyyə hesab edirəm.
Araz Yaquboğlunu bir qədər də yaxından tanımaq marağı mənə onun əsərləri ilə daha dərindən tanış olmağa vadar etdi. Öyrəndim ki, Araz Yaqub oğlu Hacıyev 1973-cü il avqust ayının 1-də Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olmuşdur. Orta məktəbi həmin kənddə bitirmiş, ali təhsilini Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda almışdır. İxtisasca dəqiq elm sahəsinin mütəxəssisi olsa da, təbiət, xarakter, ruh etibarilə humanitar sahəyə daha çox həvəs göstərmiş, şeirlər, publisistik məqalələr yazmış, saz-söz sənətinə aid tədqiqatlar aparmışdır. Ona qədər kitabın müəllifi, “Qızıl qələm” media mükafatçısıdır. Deməli, istər-istəməz belə bir qənaət hasil olur ki, Araz bəyin ədəbi aləmə meyl və marağı onun canından, qanından, mənsub olduğu ailənin genindən irəli gəlir. O, Bərdə rayonunda doğulub boya-başa çatsa da, əslən Göyçə mahalının Daşkənd kəndindəndir. Gözünü həyata açandan, ağlı kəsən bir gündən Göyçə ilə bağlı söz-söhbətləri, əfsanələri, rəvayətləri, dastan və hekayətləri dinləyib. Göyçə həsrətli bayatılarla yuxudan oyanıb, Göyçə qoxulu laylalarla yuxuya gedib. Öz fikri, öz əqidəsi formalaşanda, öz düşüncələrini araya-ərsəyə gətirəndə görüb ki, onun ürəyi də, beyni də, dili də Göyçədən danışır, Göyçə deyib, Göyçə eşidir. Beləcə əlinə qələm alır, gördüklərini, eşitdiklərini, tələsmədən, aramla kağıza köçürür.
Araz bəyin əmisi şair Sərraf Şiruyənin yazdığı bir qoşmasını bir zamanlar məlahətli səsi, gözəl ifa tərzi olan Məhəbbət Kazımov oxuyur, oxuduqca mənalı sözlər xoş avaz qarışıq ürəklərə sərin su səpirdi:
Ayırmaz elimdən kin-küdrət məni,
Mən el balasıyam, elə bağlıyam.
İncitməz hər giley, hər qeybət məni,
Qırılmaz kəmərə, belə bağlıyam.
Bu şeir Araz üçün yazılmayıb, ancaq bu şeir sanki Arazın boyuna biçilib. Arazın doğma dədə-baba yurdu Daşkəndə, ulu Göyçə mahalına “qırılmaz kəmərlə” bağlı olduğu şübhəsizdir. O, öz şeirləri, publisistikası, araşdırmaları ilə həqiqətən “elə bağlı bir el balası”, el oğlu olduğunu sübut etmişdir.
2023-cü ili Araz Yaquboğlu üçün uğurlu illərdən biri hesab etmək olar. Onun bu il nəşr olunmuş “Daşkənddən Yeni Daşkəndə” adlı sanballı tədqiqat əsəri uzun illərin gərgin zəhmətinin uğurlu bəhrəsi hesab edilməlidir. Göyçə mahalının ən qədim kəndlərindən biri olan Daşkənd kəndindən 1953-cü ildə əhalinin deportasiya olunması, onların Bərdə rayonu ərazisində boş bir sahədə min bir əzab-əziyyətlə məskunlaşması, hər şeyi sıfırdan başlayaraq yeni abad bir kənd yaratmaları, o kəndə də Göyçədəki kəndlərinin adını vermələri – bir sözlə, yeni bir həyata qəhrəmancasına başlamaları bu kitabda öz əksini tapmışdır. Bir kəndin insanlarının iqtisadi, maddi həyat məsələlərindən tutmuş onların nəsil, kök şəcərəsinə, mənəvi həyat tərzinə – folkloruna, söz-sənət dünyasına qədər hər şeyi əhatə edən bir kitab ərsəyə gətirmək əslində böyük bir elmi kollektivin görə biləcəyi işlər olmalıydı. Ancaq bu qədər ağır, məsuliyyətli bir işin öhdəsindən Araz Yaquboğlu təkcə gələ bilmişdir. “Halal olsun”, “eşq olsun!” – deyə bilərik.
2023-cü il avqust ayının 1-də Göygöl rayon Poçt şöbəsinin işçisi iş otağıma bir balaca bağlama gətirdi. Bağlamanı açdım, içindəki kitabı görəndə gözüm-könlüm açıldı. Vəfalı dost, sədaqətli qardaş hesab etdiyim Araz Yaquboğlu özünün yenicə çapdan çıxmış kitabının bir nüsxəsini mənə göndərmişdi: “Sazın-sözün sorağında”. Kitabı vərəqlədim, bütünlüklə oxuyub haqqında bir məqalə yazmaq qərarına gəldim. Göygöl Rayon Mərkəzi Kitabxanasında keçirilən “Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” tədbirinə getdim. Axşamüstü bir təsadüf nəticəsində öyrəndim ki, bu gün Araz bəyin doğum günüdür, həm də nə az, nə çox, düz əlli yaşının tamam olduğu gündür. Sevindim, zəng edib təbrik etdim, eyni zamanda düşündüm: Həyatda təsadüfi hesab etdiyimiz şeylər çox olur. Bəlkə, həyatda təsadüfi heç nə yoxdur. Hər bir təsadüfi hesab etdiyimiz işin, hadisənin kökündə, məğzində bir zərurət var: Araz Yaquboğlunun ad günü ilə əlifba günümüzün, Azərbaycan dili günümüzün üst-üstə düşdüyü kimi, eyni günə təsadüf etdiyi kimi. Öz imkan və qabiliyyəti daxilində ana dilinin keşiyində dayanan, onun “sazının-sözünün sorağında” olan bir şəxsin ad günü ilə “Azərbaycan dili günü”nün üst-üstə düşməsində bir təsadüfiliklə bərabər bir zərurət də var.
Onu da qeyd etməliyik ki, Araz Yaquboğlunun “Sazın-sözün sorağında” kitabında müəllifin müxtəlif vaxtlarda yazdığı elmi, publisistik, xatirə yazıları cəmlənmişdir. Bu yazıların, məqalələrin böyük bir qismi Göyçə aşıq mühitinin nümayəndələrinə, bir qismi isə el şairlərinə həsr olunmuşdur. Kitabın üçüncü bölməsi isə “Xatirələr işığında” adlanır. Hər üç bölmədə çap olunan məqalələr sadə, aydın, axıcı bir dildə yazılmışdır. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan bu kitabın maraqla qarşılanacağına inanırıq.
Daşkənd kəndi sınaqlı ocaqlar, ağır seyidlər yurdudur. Seyid Bayram ocağına etiqad, inam bəsləyən insanların sayı minlərlədir. Daşkənd kəndi Aşıq Hacı kimi dastanlarımızı yaşadan, gələcək nəsillərə ötürən ustad sənətkarlar yurdudur. Daşkənd kəndi Şair Məmmədhüseyn, Həsən Xəyallı, Sərraf Şiruyə, Aqil İman kimi söz adamlarının Vətənidir. Bu insanların haqqında yazmaqla, onların xatirəsini yaşatmaqla Araz Yaquboğlu özünə də, öz ömrünə də bir əbədiyaşarlıq haqqı qazandırıb.
P.S. Mənim 50 yaşım tamam olanda “Əlli yaşın kölgəsində” adlı bir lirik poema yazmışdım. İndi Araz bəyin 50 yaşına həsr etdiyim bu yazını həmin adla təqdim etmək istədim. Ancaq sonra gördüm ki, xeyr, Araz bəy 50 yaşın kölgəsində dincəlmir, 50 yaşın işığında yazır, yaradır. Daha bir 50 də yaşamasını arzu edirəm.
ARAZA ÇATAR
Ey el üçün ölən kəfən, gorsuzlar,
Bizim ürək, sizin kəfən, gor sızlar.
Yamanca çoxalıb arsız, gorsuzlar,
Namus aza çatar, ar aza çatar.
Bilən də var: nədir əzəl, son – axır,
Kimin damarından halal qan axır.
Çox şair, aşıqlar haqqına, axır,
Araz keçmişləri arasa, çatar.
Salman, Ağan qılınc çəkdi bir əlli,
Qoy səni tutmasın Tanrı birəlli.
Əllisi üstünə gəlsin bir əlli,
Nə xoş arzum varsa, Araza çatar.
02.08.2023
ARAZA BAXAR
Bir-birindən gözəl o üz, bu üzü,
Tanrı verib Kürə, Araza baxar.
Qanı bir, canı bir həsrət qardaşlar,
O üzdən, bu üzdən Araza baxar.
Qüssə-qəm içində keçdi ömür, yaş,
Ürəyim od oldu, ayaqlarım yaş.
Mənim gözlərimdən axar qanlı yaş,
Bulanar, lillənər, Araz ab axar.
Olsa da evində pul, gəvə, xalı,
Nadan ürəklərə salıbdı xalı.
Çox adam namusdan, şərəfdən xali,
Qeyrət aza baxar, ar aza baxar.
Salman düz əməli, düz ünü seçmək,
Yurdun dağ-dərəsin, düzünü seçmək.
Sazı-sözü bilib, düzünü seçmək,
Daşkəndli Hacıyev Araza baxar.
02.08.2023
Salman Qaralar (Balakişiyev),
Şair, publisist
Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025Kəlbəcərdə "Novruz" adətləri
19.03.2025Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub
18.03.202517 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.
17.03.2025FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ
14.03.2025Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik
11.03.2025FİTRİ İSTEDAD SAHİBİ
08.03.2025Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub
07.03.2025XOCALIYA ƏDALƏT!
26.02.2025Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.
20.02.2025“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”
16.02.2025Gənc vətənpərvər Pensilvaniya Universitetində
16.02.2025Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!
13.02.2025Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm
12.02.2025Paşinyan unudur ki...
11.02.2025ATALARIN YOLU OĞULLARIN YOLUDUR
10.02.2025...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.
06.02.2025Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib
01.02.2025MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ
01.02.2025GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ
30.01.2025BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV
28.01.2025Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.
27.01.2025Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"
26.01.2025Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.
20.01.2025Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?
19.01.2025Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir
17.01.2025Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır
16.01.2025GÜCLÜ DÖVLƏT
11.01.2025Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır
11.01.2025AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ
11.01.2025
"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ
Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH
08.01.2025Azərbaycan Respublikası Milli Məclisinin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun Bəyanatı
08.01.2025Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin Qərbi azərbaycanlılarla bağlı fikirlərinə dair bəyanat yayıb
08.01.2025Petrosyanın vaxtilə azərbaycanlılarla bağlı səsləndirdiyi ifadələr xalqımıza qarşı deportasiyaların açıq şəkildə bəyan edilməsidir - Ülviyyə Zülfiqar
08.01.2025Bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər - Prezident İlham Əliyev
08.01.2025Prezident İlham Əliyev telekanallara müsahibəsində Qərbi Azərbaycan məsələsindən danışıb
07.01.2025AĞAYARIN ŞƏYİRDLİYİ
05.01.2025Qərbi azərbaycanlılara möhtəşəm bir xəbərim var - MÜSAHİBƏ
26.12.2024Dekabrın 26-da Azərbaycanda matəm elan edilib
25.12.2024Şanlı qələbə və İlham Əliyevin ad günü
24.12.2024Prezident cənab İlham Əliyevə "QAİ - Basarkeçər İcması" adından təbrik məktubu.
24.12.2024Dekabrın 21-də Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib.
21.12.2024Azərbaycan Prezidenti Rusiya telekanalına müsahibəsində Qərbi azərbaycanlılar məsələsindən danışıb
18.12.2024Şamil Ənvəroğlu şeirlərində fəlsəfi notlar
16.12.2024Qərbi Azərbaycan İcmasının kollektivi Ümummilli Liderin məzarını ziyarət edib
12.12.2024Akif Əli: “Qoy sənə deməsinlər - niyə getmirsən? Qoy desinlər - niyə gedirsən?!”
28.11.2024Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024