Şükriyyə: Bədənini murdarlayıb namusunu zabitlərdən qoruyan qadın...- ARAŞDIRMA

12:58 / 08.02.2019

Olur, belə də olur: bir şeirdən duyğuların çiçəkləyir, bir isti misra canına hopur, bir dosta zəng çalıb sevincindən pay göndərmək istəyirsən.

Və günlərin birində arzuları pərən düşmüş, sevgili qadını, övladları gözüyaşlı qalan bir KİŞİ şəklinə rast düşürsən. O şəkildəki adamın gözlərində nələr var, ilahi: qorxu varmı, var əlbəttə; kişilər qorxmaz deyənlərdən qorxmaq gərək! O gözlərdə dərd də var, intizar da var, o "telli yavru”nun xiffəti də, dörd övladın çiyin götürməz, sinə çəkməz ağrısı da.

 Olur, belə də olur: bir şəklin acısından duyğuların darmadağın olur, bir siqaret alışdırıb o dosta zəng çalırsan. Eləcə: kədər payı göndərməkdən ötrü.

Və o ağ-qara fotoda əzab çəkən, lap elə qorxan bir sevgili şairdir: İstiqlal şairi, istiqlalımızın şairi Əhməd Cavad! 

Əhməd Cavadın min-min məşəqqətə sinə gərən xanımı – Cavadın öz dili ilə desək "Süleyman bəyin telli yavrusu” Şükriyyənin internetdə bir şəklinə rast gəlirəm. 92 yaşında dünyadan köç çəkən bu böyük qadının fotosunu Şəmkir kitabxanasında çalışan bir nəfər qəzetdən kəsib saxlayıb, üstəlik, Şükriyyə xanımın bağrından qopan ipisti xatirələrlə birgə. Cavaddan gələn məktublar ağlını başından alırdı, ürək yerindən oynamazmı, oynayar! Üstəlik, imtahanlara hazırlaşmaq var; xəyal göylərdə uçur, məktublar qoyarmı fikrini toplasın:

Üç qərənfil verəyim,

Aç qoynunu girəyim.

Sən ordasan mən burda,

Soyuqdanmı öləyim?

Faytonda baş-başa verib ağlamaq...

 

Sarıqamış faciəsi, Ərzurumun işğalı, Qars və Batumdakı qırğınlar...

Əhməd Cavad Batuma Türk ordusuna kömək üçün yollanıb yardım mərkəzinin rəhbəri olur. Batumda yaşayan iki mindən artıq azərbaycanlının uşaqları üçün ayrıca məktəb açmaqdan ötrü Bakıya qayıdıb Hacı Zeynalabdin Tağıyevlə görüşmüş, lazımı vəsaiti alıb məktəbin açılmağına nail olmuşdu. Batumdakı xəstəliyi, aclığı, insanların dəhşətli aqibətini Cavad heç vaxt unutmayacaqdı və o illərdə köməksiz insanlara pal-paltar, dava dərman yardımı edib, vicdan borcunu yerinə yetirməkdən ötrü gecəsini gündüzünə qatacaqdı.  Amma təkcə pal-paltar, dava-dərmanmı? 1915-ci ildə gecənin bir aləmi Gəncəli Məşədi Ağanın qapısı döyülür, nökər ev yiyəsinə xəbər verir ki, Cavad əfəndi gəlib. Məşədi kürkünü çiynənə salıb həyətə düşür, qapıdakı iti damına bağladır. Cavad yanında iki qız uşağını – gözündən yaralanmış  Ruqiyyəni və Gövhəri Məşədiyə təqdim edir: "Məşədi, öz balalarımız – türk qızlarıdır. Sarıqamışda ata-anaları ölüb, düzdə qalıblar. Bu qızlara balaların kimi baxıb, yiyəlik et!”

Məşədi Ağanın uşağı olmurdu, qızları övladlığa götürür. Sonralar  Rüqiyyənin gözündən aldığı yara irinləyir, zavallı çox yaşamır. Gəncənin köhnə kişiləri danışırmışlar: Cavad əfəndi 15-ə yaxın qız uşağını varlı ailələrə verib deyərmiş: "bu qızlar bizim namusumuzdur, rusların əlinə keçib bədbəxt olmasınlar. Öz balanız kimi baxın, böyüdün!”.

Əhməd Cavad qismətini o qanlı-qadalı günlərdə tapır. Batumda xeyriyyə işlərinə kömək edən Süleyman bəylə tanış olur, dostlaşır. Bəy qızı Şükriyyə 16 yaşındadır, gimnaziyada oxuyur. Bizim Cavad əfəndinin kirələdiyi ev harda olsa yaxşıdır: Süleyman bəyin evi ilə üzbəüz. O qadalı illərdə tək sevinc, təsəlli yeri olan o gimnaziya tələbəsi ağbəniz-qırvımsaç qızı hər gün görməyin bundan savayı yolumu vardı? Elçi düşməyə utanır, dostu Əli Səbridən xahiş edir ki, istəyimi acar bəyi Süleymana çatdır.

 - Cavad əfəndi nasıl biridir? İyi oğlandırmı?

- İyi, iyi. Güzel şeirler yazıyor.

Bəyin cavabından ürəklənən elçi Şükriyyəni Cavada istəyir. Türk əsilli  acar bəyi Süleyman sərt, ötkəm adam idi, elçinin istəyini rədd edir: "Qızımı gözümdən uzaq qoymaq istəmirəm”. Son sözü də nə olsa yaxşıdır: "Mən qızılbaşa qız vermərəm”.

Əlbəttə, övladı gözdən uzağa qoymamaq ata üçün bir başqa səbəbdir, di gəl, ortada daha ciddi, həm də taleyüklü səbəb - qosqoca məzhəb ayrılığı vardı. Cavad əfəndi şiə, acar bəyi Süleyman sünni idi. Bu qədər sadə, vəssalam!

Elçi söz altında qalmır: "verməzsən, qaçırdarıq” deyir.  Şükriyyə xanımın xatirələrindən: "Novruz bayramına az qalırdı, səhər-səhər suya getmişdim. Elə təzəcə bulağa çatmışdım ki, hardansa o, yanımda peyda oldu. "Səni aparsam, mənimlə gedərsənmi?” Diksindim, sonra anladım ki, başqa yol yoxdur. Dedim, bir azdan atam yığıncaqda iştirak etmək üçün evdən çıxacaq, gələrəm, gedərik. Günortaya yaxın gəldim. Cavad neçə saatdı durduğu yerdə bitib qalmışdı. Çox həyəcanlı görünürdü... Piyada yolla, ayrı-ayrılıqda gedib şəhərin kənarına çıxdıq, faytona mindik. Onunla ilk dəfə yan-yana oturduq. Birdən məni dəli bir ağlamaq tutdu. Mənə elə gəldi, doğma şəhərimi bir də ömrüm boyu görməyəcəm. Mənim ağlamağım onu da ağlatdı. Gəncədə toyumuz oldu. Biz Cavadın ata yurduna – Seyfəli kəndinin Mehirli tirəsinə gəlmişdik. Burda Cavadın beş hektardan artıq ata torpağı vardı. Biz sonralar bu torpağı əkib-becərənlərin verdiyi pulla dolanırdıq. Cavadın ata mülkünə qədəm basdığım birinci günü, ara sakitləşəndə, qohumlar, dostlar çəkilib gedəndən sonra o mənə dedi ki, Şükrü, bu gördüyün adamlar mənim ən yaxın qohum-əqrəbamdır. Səndən xahiş edirəm, mənə etdiyin qədər onlara hörmətlə, nəzakətlə yanaş. Lap ayaqqabıları palçıqlı palçıqlı evin yuxarı başına keçsələr də, birinin də xətrinə dəymə. Onların ürəyi gül kimidir. Qoy bizim evin qapıları həmişə onların üzünə açıq olsun, öz evləri kimi gəlib getsinlər. Onların uşaqlarını oxudaq, məktəbə, universitetə düzəldək. Onların çarıqları, qaloşları, batavaları səni hürkütməsin...

Mən Cavadın sözlərini qulaqlarımdan sırğa edib asdım. Sonralar Cavad və mən həbs olunandan sonra həmin adamlar onlarca uşaq evlərinə gedib bizim uşaqları axtarıb tapdılar, onları ölüb-itməyə qoymadılar. Yaxşılıq yerdə qalmaz. Körpə Yılmaza ata-ana oldular”.

Gün gündən gözəl gəlirdi, dünyadan kam almağın vaxtı-vədəsi çatmışdı. Beş övladları vardı – Aydın, Tukay, Niyazi, Yılmaz adlı dörd oğul, Almaz adında bircə qız. Sevgili el  adamları, əziz dostlar, bir də evinin divarları arasında yolunu gözləyən o acar qızı gözəl Şükriyyə...

O acar qızı gözəl Şükriyyənin bircə nisgili vardı: atası onlardan üz çevirmiş, xeyir-duasını verməmişdi. Bu nisgilin, xiffətin ömrü uzun olur – 20 il. Ta 1936-cı iləcən. Bəy Süleymanın ürəyi dözmür, gəlir Gəncəyə. Qızını görür, kürəkəniylə görüşür, nəvələrini bağrına basır. Beləcə barışıq olur, yollar açılır, gəliş-gediş başlanır...

Mircəfər Bağırovla müəllim yoldaşlığı

O bircə qız - Almaz çox yaşamır, Əhməd Cavadın sağlığında dünyadan köçür. Atanın qızına yazdığı şeirdəndir:

Toyuna aldığım xınam ağladı,

Mənə qara daşlar gül verdi, qızım.

Gəncənin Əhməd Cavada yoldaşlıq etmiş köhnə adamlarının şair haqqında sevgi, ehtiram dolu xatirələri bitib-tükənmək bilmir. Bu yazıdan ötrü üz tutduğum bütün materiallarda şairi görən hər kəs yaddaşında-xatirində qalanları necə böyük şövqlə danışıblar, ilahi! Süsən Qurbanova Şəmkirin Mahmudlu kəndindəndir, deyir, gözümü açandan Cavad əfəndini, Şükriyyəni, onların balalarını tanımışam. Cavad Əfəndi bizə tez-tez qonaq gələr, bizi öz balası qədər sevərdi. Çox mehriban idi, üzümüzdən öpüb, başımıza sığal çəkərdi. Biz ailədə beş uşaq idik: üç qardaşım, bir böyük bacım vardı. Qardaşım Əli bir qıza vurulmuşdu, Cavad əfəndi bunu biləndə Əlini yamsılayıb, cırnadardı. Novruz bayramında Cavad əfəndiylə yumurta döyüşdürərdik.

Əhməd Cavad 1930-33-cü illərdə Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda rus dili müəllimi, daha sonra kafedra müdiri işləyir. 1933-cü ildə professor olur. Yeri gəlmişkən, Azərbaycanda rus dili üzrə professor rütbəsinə bu dövrdə layiq görülən ilk azərbaycanlı Əhməd Cavad olub. O zaman Seyfəlidəki məktəb dördillikmiş. Əhməd Cavad hər dəfə kəndə gələndə məktəbə baş çəkər, məktəblilərlə, müəllimlərlə söhbət edərmiş.

Çinarlıdan Qasım Əliyevin xatirələrindəndir:

"Valideynlərə deyirdi ki, uşaqlar dördilliyi bitirəndən sonra Gəncəyə gətirin, hamısını orda məktəbə qoyacam. Uşaqları Gəncəyə oxumağa aparır, arxalarında dayanırdı. Mənim tanıdığım 15-16 nəfər onun sayəsində oxuyub sonradan məktəbimizdə müəllim işlədilər. Aparıb Gəncədə oxutduranda da əl çəkmirdi, gözü üstlərində olurdu”. Qəribə taledir, onun aqibətini elə müəllimliyi həll etmişdi.

Quba qəzasında Mircəfər Bağırovla müəllim yoldaşı olmuşdular.  

Quba qəzasında Mircəfər Bağırovla müəllim yoldaşı olanda aralarında olan münasibətlər sonradan düşmənçiliyə çevrildi və... Və 1923-cü ildə ilk dəfə həbs olunanda Bağırov qəflətən onu dindirən müstəntiqin otağına gəlmiş, əllərini ölçə-ölçə Əhməd Cavada hücuma keçmişdi:

"Ləzgi qızları” şeirində sən əxlaqsızlığı təbliğ edirsən, ləzgi qızlarını yatağına çağırırsan. Yerli sovet qızlarını "üşüyürəm” adı ilə aldadıb, dilə tutursan, namuslarına təcavüz etməyə çalışırsan. Bəs bunlar əxlaqsızlığı, fahişəliyi, inqilabdan əvvəl gördüyün pritonları, qəhbəxanaları bərpa etmək deyil, onda nədir?” Sonra üzünü müstəntiqə tutur: bunu hələ ağıla gətirməyibsiniz? Otuz zopa vurdurun, adını da "Qırmızı siyahı”ya əlavə edin, - deyib, qapını çırpıb gedir. Şükriyyə xanım xatırlayır ki, Cavad azad olub evə gələndə otura bilmirdi, zopaların yeri qapqara qaralmışdı”.

Bu həmin Mircəfər idi ki, Cavad Qusarda müəllim işləyəndə dəfələrlə onlara qonaq olmuşdu, Şükriyyə xanım ona süfrə açmışdı, bişirdiyi xörəkləri qabağına düzmüşdü. 

 Başı bintlə sarıqlı, 40 dərəcə temperaturda... 

 Azərbaycan Sovet Yazıçılar İttifaqının 1937-ci il mart ayının 21-də keçirilən iclasında mühakimə və ittihamlardan sonra Əhməd Cavadı Süleyman Rüstəmin təklifi ilə Yazıçılar İttifaqının üzvlüyündən düşmən kimi çıxardılar.

Yazıçı Nurəddin Babayevin "Babam – nənəm, atam-anam və biz” kitabından: "1937-ci ilin yazı idi. Azərnəşrin böyründəki küçə ilə "Spartak” kinoteatrına tərəf enirdim. Küçənin tinində Əhməd Cavada rast gəldim. Gözlərimə inanmadım. Rəngi bomboz bozarmışdı, mənə elə gəldi, kişinin qəddi-qaməti də sınıb, beli bükülüb. Salamlaşdıq. "Cavad Mirzə, necəsiniz?” soruşdum. Dodaqları əsdi:

- Bala, - dedi, - indicə məni Yazıçılar İttifaqından xaric etdilər... bir düşmən kimi”. 

Bu, həmin Əhməd Cavad idi ki, Birinci Cahan savaşı onu əyə bilməmişdi, Azərbaycan Xalq Cümhuriyyətinin süqutu onu sındırmamışdı, 1923-cü ildə "güllələnənlər”in siyahısına düşəndə qamətini şax tutmuşdu, 1925-ci ildə "Göy göl” şeirinə görə həbs edib ona verilən işgəncələrə kişi kimi dözmüşdü. 

Əhməd Cavadın 12 oktyabr 1937-ci ildə SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının Səyyar Sessiyası tərəfindən əksinqilabi millətçilik fəaliyyətinə görə güllələnməsi ilə ailənin ağrılı-acılı günləri başladı. Əhməd Cavad Axundzadənin "İstintaq işi”ndə saxlanılan, Şükriyyə xanımın verdiyi  ifadə: "Mən Bayıl türməsində dustaq kimi saxlananda, bizim vaxtı ilə ev qulluqçumuz olan Mariya Sergeyevna da xırda oğurluq üstündə yatırdı. O, dustaqlara yemək verilən zaman mənə dedi ki, "Sənin ərini Bayıl türməsinin səyyar xəstəxanasına başı bintlə sarınmış halda, 40 dərəcə temperaturla gətirmişdilər”. Bu sözləri eşidəndən sonra mən Əhməd Cavadla çox görüş istədim, ancaq rədd etdilər”.

1937-ci ilin iyunun 4-də Əhməd Cavadı Bayıl türməsində S.Fedarenko yoxlayıb. Ondan bir bel kəməri, qastuk, ayaq rezini və yeddi ədəd Nikolay dövründə buraxılmış 5-lik qızıl götürülüb.

İçərişəhər, 6-cı böyük qala döngəsi, 12 nömrəli ev... Qapı döyülür, üç nəfər qara paltarlı adam Şükriyyə xanıma "bizimlə getməlisən” deyir və çox çəkmir ki, Bakının boş küçələrindən keçib pay-piyada Bayıl qalasına sarı gedirlər. Şükriyyə gözünü açanda özünü kiçik, qaranlıq otaqda görür. S   onra müstəntiqin sorğu-sualı...

- Bizə göstəriş var ki, səni Axundzadə familiyasından çıxardıb, təzədən Bejanidze familiyasına qaytaraq. Yəni ərizə yazıb Axundzadədən boşanmalı və azad olub evinə qayıtmalısan. Yoxsa, səni qarlı Sibirə sürgün gözləyir.

Necə yəni Cavaddan boşanmalı?

Ola bilməz!

 Mən Cavadı heç kimə dəyişmərəm.

 Cavada görə yurdumu, doğmalarımı atıb gəlmişəm
Soyuq, nəm, darısqal kamera... Şükriyyə Cavadın toylarında oxuduğu şeiri xatırladI:

Məndən xoşbəxt varmı dünyada deyin,

Ey telli yavrusu Süleyman bəyin.

Baxtım tərlan imiş, - yeyindən, yeyin,

Heç kəsə bu baxtı vermərəm, sənsiz


Və doyunca ağlamaq... O darısqal kamerada bitin-sirkənin əlindən tərpənmək olmur. Üstəlik, içəri siçan, siçovul da buraxırdılar...

Gecə saat üçdə yenə sorğu-suala çağırdılar, hətta boşanmaq haqqında sənədi hazırlamışdılar. Bircə qalırdı imza atmaq, vəssalam! 

- Yox!

 "Can yiyəsinə” bir  tikə qara çörək...           

1937-ci ilin sonunda bir qatar üzü Qazaxıstan çöllərinə doğru yol almışdı. Vaqonda 47 nəfər vardı, üç gündü ac-susuz yol gedirdilər, üstəlik ayaq üstə. Həmin vaqonda Şükriyyədən başqa kim olsa yaxşıdır: Ceyran Bayramova. O Ceyran ki, Bakıda Şükriyyə xanımı görməyə gözü yox idi, tamam-kamal başqa-başqa dünyaların adamıydılar, bir-birini heç cür həzm edə bilmirdilər. Həzm etmək nədir, rastlaşanda bir-birindən üz çevirir, qaşqabaq sallayırdılar. Biri bolşevik, o biri bəy qızı, başqa nə olmalıydı ki? Qatar stansiyada uzun-uzadı fit verdi, 47 nəfər qadın vaqondan atılıb sıraya düzüldü, nəzarətçi qadın beş nəfərin adını oxudu, onları qabağına "qatıb” stansiya hərbçilərinə konserva və çörək əvəzi SATMAĞA apardı. Bu "alver”dən "can yiyəsi”nə bircə tikə qara çörək çatırdı. Acından ölməmək üçün...   

Bir stansiya sonra rus hərbçilərinə "bəxşiş” kimi nəzarətçinin gözü Ceyran Bayramovaya zillənir. Şükriyyə Ceyranın söykəndiyi yeşiyin arxasından ayağını çəkir, yeşik yerə düşüb parça-parça olur. Ceyran qatar relsinin üstünə yıxılır, ağız-burnu qanasa da, rus zabitlərinin o məşum otağından xilas olur. Yerbəyer olan kimi Şükriyyənin ayağına yıxıldı, bəy qızı nələri xatırladı: Əhməd Cavadın qolunda salona daxil olur və bu zavallı Ceyranın səsi kürəyini yandırır: ""Knyagina” budur? Fermaya basarıq işləməyə, görək ondan nə qalır”. 

Növbəti günlərdə Ceyran Bayramova bircə suala cavab almaqdan ötrü dəridən-qabıqdan çıxırdı: özünü zabitlərin o məşum otağından necə qoruyursan, niyə sənə toxunmurlar?  Niyə, niyə, niyə?

- Səndən cüzam vurmuş kimi qaçırlar. Neyləyirsən ki?! Mənə də de!

Şükriyyə başı ilə tualeti işarə edir, acı-acı gülümsəyir.

Gecə tualet növbəsində qapını arxadan bağlayıb paltarlarımı çıxarıram. Tualetin yerini silib əynimə geyirəm. Hamı məndən iyrənir, yaxın durmur.

Ceyranı elə bil ayağından yerə mismarladılar, udqundu, heykəl təki quruyub qaldı.

- Mən acam, başa düşürsən, acam!

- Yox, mən aclığın nə olduğunu hardan bilim ki?!

- Qisas alırsan? Burda hamımızın taleyi eynidir.

Sükut. Şükriyyə Cavadı, o işıqlı günləri, gül balaları xatırlayır. İlahi,o günləri bir də qaytar, qaytar, qaytar!!!

- Sən ac deyilsən?

- Mən heç kimə heç vaxt imkan vermərəm ki, Cavadın ləyaqətinə toxunsun.

- Necə dözürsən? Altı gündür...

Və köksündən dəhşətli bağırtı qopur: 

- Mən acam. Yemək istəyirəm, su istəyirəm. Boğuluram, boğuluram, axı dözə bilmirəm! Elə bilirsən o çörəyi yeyəndə xəcalət çəkmirəm? Mənə də yol göstər, ləyaqətimi qoruyum.

Şükriyyə yolçuluğun birinci gününü, iki kilometr piyada gəldikləri o yolu, o günün axşamı özünü tualetə verib alt paltarını çıxarıb tualetin döşəməsini sildiyini, saçını, üz-gözünü murdarlamasını xatırladı. Xatırladı və hıçqıra-hıçqıra danışdı...  Sonra yaxasında gizlətdiyi kiçik sancağı çıxardı:

Mən gündə bir dəfə bu sancaqla barmağımı deşib, hamı yatandan sonra soruram. Bax aa, əvvəl adamın ürəyi bulanır.

Ceyran barmaqlarını birləşdirib onları paslı sancaqla deşdi və əlini ağzına təpib körpə anasını əmirmiş kimi sormağa başladı. Ceyran körpə, yetim uşaq kimi barmaqlarını sora-sora yatırdı.

Qazaxıstanın o dəhşətli düşərgəsində ömrün səkkiz ilini xərclədi Şükriyyə. Odun doğradı, yük daşıdı, dərzilik, aşpazlıq elədi. Ta 1955-ci ilin 30 iyuluna – bəraət aldığı günə qədər...

Vətənə dönəndən sonra şəhərbəşəhər düşüb balalarını başına yığdı, Şəmkirin Seyfəllisində - Əhməd Cavadın ata yurdunda yaşadı, dünyayla da burda vidalaşdı.

Cavid Zeynallı
kulis.az

İstifadə olunmuş əsas mənbələr:

 Əli Saləddin. "Əhməd Cavad”, Bakı-1992, 323 səh.

"Xural” qəzeti. (Müəllif: Mehriban Ələkbərzadə)

Lent.az (Müəllif: Könül Cəfərli)

Azadlıq.org ("Azadlıq” radiosu, "İz” proqramının mətni; müəllif: Sevda İsmayıllı)

"Mədəniyyət” qəzeti. (Müəllif: Həmidə Nazimqızı)

Və başqa internet materialları.


Etiket:
Xəbərlər

Ermənilərin çeçenlərə tarixi zərbəsi: Urartu oğurluğu

20.02.2019

Zəki İslamın şeirləri

19.02.2019

19.02.2019

Fəlsəfə - Aşiq buddistlər

19.02.2019

YAXIN NƏŞR TARİXİNİN TƏDQİQİ “BOZ OĞUZ” nəşriyyatı – LEYLA ABASOVAnın təqdimatında

18.02.2019

“...Qırmızı koftalı, yaşıl tumanlı...” — Xan Şuşinski bayrağımızı gizli musiqi ilə vəsf etmişdi

18.02.2019

Məcnun Göyçəlinin şeirləri

16.02.2019

Türkün ari-slavyan sivilizasiyası qarşısındakı rolu

16.02.2019

Avropalı alimlərdən ŞOK ARAŞDIRMA: Qafqaz xalqları Amerika və Avropa ilə qohumdur

15.02.2019

HƏRBİ HƏKİMLİYİN KAMİL ZİRVƏSİ

14.02.2019

Balaca İsmayılın böyük istedadı

13.02.2019

Azərbaycan türklərinin Qızılbaşlar imperiyası fars dövlətinə necə çevrildi? –"REGNUM"UN ARAŞDIRMASI

12.02.2019

İstedadlar sorağında  - Rəşid Bərgüşadlı

12.02.2019

Eynulla Sadıqın şeirləri

11.02.2019

Adı dillər əzbəri olan, oğlunu vaxtsız itirən Ağ Aşıq Allahverdi

11.02.2019

11.02.2019

Qədim Azərbaycan şəhəri olan İrəvanın əhalisi

11.02.2019

Bir-birinin ətini yeyən məhbuslar, qan dolu otaqda dəhşətli 15 gün – FOTOLAR

09.02.2019

1988-1989-cu illər deportasiyası

09.02.2019

“Kitabi-Dədə Qorqud” dastanlarında və Azərbaycan dilinin Krasnoselsk şivələrində bəzi leksik paralellər

08.02.2019

Şükriyyə: Bədənini murdarlayıb namusunu zabitlərdən qoruyan qadın...- ARAŞDIRMA

08.02.2019

Tarixin iki türk sərkərdəsi — Çingiz xan və Əmir Teymurun fərqləri

07.02.2019

Ermənilərin qorxulu kabusu: Təkbaşına hücum…

07.02.2019

İstedadlar sorağında - İlahə İmanova

06.02.2019

Ardanış haqqında tarixi oçerk

06.02.2019

Görməsə də, əli ilə atasının məzarına toxunurdu — Hacı Zeynalabdinin qızına 6 il baxmış şəxsdən açıqlamalar - FOTOLAR

06.02.2019

Əli Məhərrəmovun şeirləri

05.02.2019

Göyçə nisgili, Göyçə dərdi

05.02.2019

Mübarəksən, cənab Leytenant

03.02.2019

İsmixan Didərginin şeirləri

02.02.2019

Nəvai yaradıcılığında Nəsimi obrazı VƏ YA ÖZBƏK ƏDƏBİYYATI SƏHİFƏLƏRİNDƏ NƏSİMİ İZLƏRİ

02.02.2019

ISSIQ YAZISI

01.02.2019

Şeyx Şamil

01.02.2019

Rüstəm Dastanoğlu: " Göyçənin özü böyük bir akademiya idi. Aşıq Ələsgər də o akademiyanın ən parlaq məzunu oldu."                                                                                  1-ci hissə                                                 

31.01.2019

Rəsulzadədən sitatlar

31.01.2019

Yusif Bayramov əzəməti

30.01.2019

Ermənistanın ərazisində qalan Zəngəzur tarixi Azərbaycan torpağıdır

30.01.2019

Əmir Teymurun lənətinə uğrayan Stalinin qorxusu və çaşqınlığı…

29.01.2019

USTA ABDULLANIN ƏXLAQİ-DİDAKTİK ŞEİRLƏRİ

29.01.2019

Fəlsəfə - Bertrand Rassell

29.01.2019

DİL FAKTLARININ DAXİLİ MƏZMUNU VƏ BƏDİİ HƏQİQƏT

28.01.2019

İstedadlar sorağında - Qafar Şövqi

28.01.2019

Xəyanəti unutmayan və bağışlamayan KQB-nin qisası – Kəşfiyyat sirləri

28.01.2019

Düşmənin qorxulu röyası

26.01.2019

Unudulmaz izlər - Firudin bəy Köçərli

26.01.2019

Bakını və Türkiyəni gizli dinləyən kəşfiyyatçı qadının sensasion hekayəsi

25.01.2019

Unudulmaz izlər - Hacı Zeynalabdin Tağıyev.  

25.01.2019

Tarixdə baş vermiş qəribə müharibələr

25.01.2019

Səyyarə Məmmədlinin şeirləri

24.01.2019

Ağa Məhəmməd Şah Qacar haqqında bilmədiklərimiz...

24.01.2019
Bütün xəbərlər