Naxçıvandan qurtuluşa gedən yol

22:09 / 06.05.2023
Baxılıb: 1068

Akademik Cəlal Əliyevin xatirələrindən:"Naxçıvanda, demək olar ki, heç kəsin Heydər Əliyevin gəlişindən xəbəri yox idi. Aeroportdan bir tanışımızın "Jiquli"sində şəhərə yollandıq. Qardaşımı maşında görən bir yaşlı kişi dedi: "Gör ey, dünyanın işinə bax, belə bir adamı necə maşında aparırlar!"

...1990-cı ilin iyul ayı idi, "Boeing"lərdə,"İL-62"lərdə dünya ölkələrinə nümayəndə heyətinin başçısı kimi gedən Heydər Əliyev poçt təyyarəsi ilə Naxçıvana uçurdu. Lyuks salonda qarşısında açılmış süfrənin, həmin gün çapdan çıxan qəzetlərin səliqəli düzümü əvəzinə pərakəndə atılmış qəzet-jurnal bağlamalarının, poçt yeşiklərinin, məktubların ağır qoxusunda dünyanın işlərinə gülümsəyərək yol gedirdi. Təyyarədə onu müşayiət edən köməkçilərin, tərcüməçilərin, referentlərin, onlarla xidmətçi heyətin əvəzinə yalnız qardaşı Cəlal Əliyev yanında idi. O zaman dünyanın super dövlətlərindən birinin beynəlxalq nüfuzunu yüksəltmək üçün uçurdu, indi təqiblərdən, təzyiqlərdən, təhdidlərdən qurtulmaq üçün, o zaman onu hava limanında dövlət başçıları, əllərində gül-çiçək dəstələri tutmuş səliqəli qızlar, hərbi orkestrlər qarşılayardı, indi Naxçıvanda heç kəs bilmirdi ki, (bilsəydilər, yüz min adam olardı, ancaq məsləhət olmamışdı) Heydər Əliyev gəlir. Təyyarədən düşəndə o dövrün ən dəbdə olan bahalı avtomobilləri-ZİL-117, "Çayka" ilə ünvanına gedərdi, indi isə köhnə bir "Jiquli"onu gözləyirdi.

Akademik Cəlal Əliyevin xatirələrindən:"Naxçıvanda, demək olar ki, heç kəsin Heydər Əliyevin gəlişindən xəbəri yox idi. Aeroportdan bir tanışımızın "Jiquli"sində şəhərə yollandıq. Qardaşımı maşında görən bir yaşlı kişi dedi: "Gör ey, dünyanın işinə bax, belə bir adamı necə maşında aparırlar!"

Köhnə ata ocağına gəldik. Bir az əvvəl buradan böyük bacımız Surə xanımı son mənzilə yola salmışdılar. Heydər Əliyevin qayıtması xəbəri dərhal şəhərə yayıldı. Xalq həyətimizə axışdı. Dar küçədə qələbəlik yarandı.

Axşamüstü Hüseyn Cavidin məzarına baş çəkdik. Naxçıvanlılar sevinclə Heydər Əliyevi salamlayırdılar. Böyük şairin məzarını baxımsız görəndə onun qanı yaman qaraldı. Sonra mərkəzi meydana üz tutduq, axşam saat 6-7-dək burada 80 minə yaxın adam toplaşmışdı.

Çoxları əllərində Əliyevin portretlərini tutmuşdu; kimi bir ulduzlu, kimi iki ulduzlu, - görünür, kitab anbarlarında köhnə ehtiyatları eşələyib çıxarmışdılar.

Heydər Əliyev həyəcanını gizlətmirdi. Üç il davam edən faktiki təcrid olunmadan, təqiblərdən sonra doğma torpaqda belə səmimi, mehriban qarşılanma onu həyəcanlandırmışdı..."

Heydər Əliyev verdiyi müsahibələrinin birində qeyd edir ki, mən 90-cı ilin yanvar ayında baş verən faciələrdən sonra siyasətə qayıtmaq haqqında, xalqı düşdüyü bu bəlalardan qurtarmaq haqqında düşünürdüm. Ancaq bir qədər də tərəddüd edirdim. Fikirləşirdim ki, daha mənimki keçdi, bu qədər xəyanətlər, dönüklüklər görəndən sonra böyük siyasətə qayıtmağa dəyməz. Naxçıvanda iyulun 22-də 80 minə yaxın insanın meydana toplaşması, onların məni belə məhəbbətlə qarşılaması isə mənə yeni bir ruh verdi: Deməli, insanlar məni unutmayıblar..."

Nə qədər dahi, dünyagörmüş, dərin təfəkkürlü olursa da olsun, insan elə insandır. Qorbaçovun paxıllıqdan və qısqanclıqdan 1987-ci ildən də qabaq başladığı qarayaxma, "gözümçıxdı", təcridetmə kampaniyası, bütün imtiyazlardan, imkanlardan uzaqlaşdırılma, müxtəlif təxribatlar, hədə-qorxu dolu imzasız məktublar, qəzetlərdə hədyan dolu yazılar, 3 ildən artıq insanlarla ünsiyyətin, "Hökumət sanatoriyasından" bir addım kənara çıxmağın yasaq edilməsi və digər məhrumiyyətlər öz təsirini göstərmişdi.

Heydər Əliyev kimi qaynar həyata öyrəşən, bütün hadisələrin daim episentrində olan, çətinə düşən hər kəsin müraciət etdiyi insan birdən-birə böyük təzyiq və nəzarət altına, hətta həyatla ölüm arasında burulğana düşərək yalnız fiziki cəhətdən üzülməmişdi, həm də mənəvi baxımdan sarsılmışdı. Polad iradəli, qətiyyətli, inamlı bu insan gördüyü xəyanətlərdən, yaxşılıq etdiklərindən aldığı zərbələrdən, "atılan daşlardan", arxadan sancılan xəncərlərdən bir qədər müvazinətini itirib ruhdan düşmüşdü. Ancaq Naxçıvanda insanların sevgisi, inam dolu baxışları, ümid yeri kimi müraciətləri, çoxdan görmədiyi səmimi ehtiram ona yeni bir ruh verdi: "Deməli, mən hələ insanlara lazımam!"

Ulu öndər sonralar bu barədə deyəcəkdi: "1990-cı ilin yayı idi. Mən buraya gələrkən Naxçıvanı çox çətin bir vəziyyətdə gördüm. Amma eyni zamanda, özümü çox rahat hiss etdim. Moskvada məni təqib edirdilər. Hətta Yanvar hadisələrindən sonra hərəkətlərimə görə mənə qarşı repressiya planları hazırlanmışdı və onları həyata keçirmək istəyirdilər. Bakıya gələndə xalq tərəfindən mənim gəlişim böyük ruh yüksəkliyi ilə qəbul olundu, lakin hakimiyyətdə olan ayrı-ayrı şəxslər tərəfindən Bakıda yaşamağıma imkan verilmədisə də, mən Naxçıvana gələndə Naxçıvan ayağa qalxdı, Naxçıvan məni qucaqladı, bağrına basdı. Son illər çəkdiyim bütün əzab-əziyyəti unutdum. Görünür, mənim Naxçıvana gəlişim taleyin işi imiş".

...Ulu öndərin Naxçıvanda nüfuzu çox böyük idi. Heydər Əliyev sonralar həmin günləri belə xatırlayırdı: "Moskvadakı isti mənzilimdən qışda 40 dərəcə şaxta olan Naxçıvana gəlməyə məcbur oldum. Kabinetimdə palto və papaqla otururdum, əllərimi isitməyə belə imkan tapmırdım. Mən belə şəraitdə yaşayırdım və inanırdım ki, daha siyasətə qayıda bilməyəcəm".

Regiona gəlməsindən bir ay sonra, 21 avqust 1990-cı il tarixində Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin qərarı ilə tarixi xidmətlərini nəzərə alaraq Heydər Əliyevə Muxtar Respublikanın vətəndaşı statusunu verildi. Bu status ona sentyabr ayında baş tutacaq Azərbaycan SSR parlament seçkilərində iştirak etməyə imkan yaratdı. 1990-cı ilin sentyabrın 30-da keçirilən seçkilərdə Heydər Əliyev 34 nömrəli Nehrəm seçki dairəsindən deputatlığa namizədliyini irəli sürdü. Seçkilərdə ən yüksək nəticəni Heydər Əliyev göstərmişdi. Belə ki, Nehrəm seçicilərinin 95 faizi ona səs vermişdi. Müsahibələrinin birində deyirdi: "Bilirsiniz, son illərdə mənim haqqımda o qədər ədalətsizlik edilib ki, haqsızlıq həyatımı zəhərləyib. Belə bir əhvali-ruhiyyədə olan adam isə özünü toplayıb sistemli bir iş aparmaqda çətinlik çəkir. Bəzən çox mütaliə edirəm, bəzən yazıram.

- Memuar yazırsınız?

- Hələ konkret heç nə demək olmaz, amma bəzi qeydlər edirəm. Sinəm doludur. Onlar gərək yazıla və xalqa çatdırıla. Əgər bu borcumu yerinə yetirmədən dünyadan köçsəm, çox pis olar. Mənim bildiklərimi demək olar ki, Azərbaycanda heç kim bilmir.

-Yoldaş Əliyev, Siz bir anlığa mənim yerimə olsaydınız, Heydər Əliyevə ən başlıca sualınız nə olardı?

- (Xeyli gülür). Hansı sualı verərdim? Çox sual verərdim.

- Başlıca sual?

- Başlıca sual? Soruşardım ki, ay Əliyev, bəzi adamları niyə yaxşı tanımamısan?"

1990-cı il noyabrın 17-də Naxçıvan MSSR Ali Sovetinin birinci sessiyasında deputatlar iclasın aparılmasını hələ sədr olmasa da, böyük hörmət əlaməti olaraq yekdilliklə görkəmli dövlət xadimi, 2 nömrəli seçki dairəsindən Naxçıvan Ali Sovetinə deputat seçilmiş Heydər Əliyevə tapşırdılar. Sessiyada Azərbaycanda gedən ictimai-siyasi proseslər, milli dövlət quruculuğu və suverenlik məsələləri geniş müzakirə olundu, tarixi əhəmiyyət kəsb edən bir sıra qərarlar verildi. Bu qərarların sırasında Naxçıvan Muxtar Respublikasının və Ali Sovetinin adından "Sovet Sosialist" sözlərinin çıxarılması, Azərbaycan Demokratik Respublikasının rəmzi olan üçrəngli bayrağın rəsmi şəkildə dövlət bayrağı kimi qəbul olunması və s. var idi. Bundan başqa, Heydər Əliyevin təklifi ilə Naxçıvan MR Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın bütövlükdə Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırdı.

1991-ci il iyulun 19-da Heydər Əliyev Sov. İKP üzvü sıralarından çıxmağı ilə bağlı bəyanat verdi. Buna görə o, SSRİ Nazirlər Kabinetinin Partiya Təşkilatına müraciət (Naxçıvanda yaşasa da, Heydər Əliyev Partiya qeydiyyatında Moskvada idi) ünvanladı. Müraciətdə yazılırdı: "Mən kommunist ailəsində böyümüşəm və bütün şüurlu həyatım Kommunist partiyası ilə bağlı olub. 1943-cü ildə 20 yaşında ikən öz taleyimi bolşeviklər partiyasına bağlamışam. Kommunist partiyasının ideallarına varlığımla inanmışam və onun planlarının həyata keçirilməsində fəal iştirak etmişəm.

İndi bütün bu inamlarım məhv olub. Yeniləşən partiya və respublikaların yeniləşən ittifaqı haqqında saysız-hesabsız bəyanatlar yenə də xalqı aldatmaqdır. Xalqa açıq və doğrusunu demək lazımdır ki, bizim ölkədə kommunizm eksperimenti, sosializm yolu özünü doğrultmadı, zorakılıqla yaranan və saxlanan respublikaların ittifaqı süquta uğramaqdadır.

Bu bəyanatdan sonra qarşıma çıxa biləcək çətinlikləri təsəvvür edir, hər cür hücumları və mənəvi zərbələri qabaqcadan görürəm.

Partiyanın keçdiyi yolun ətraflı təhlili məni yuxarıda bəyan etdiyim indiki mövqeyə gətirdi".

… Ümumiyyətlə, 1991-ci ilin sentyabr-dekabr ayları Azərbaycan üçün çox gərgin keçdi. Avqust çevrilişindən sonra sərhəd ərazilərdə Sovet hərbi bölmələrinin fəaliyyəti faktiki olaraq dayanmışdı. Bu, erməni hərbi qüvvələrinin Dağlıq Qarabağ və ətrafında, eləcə də Naxçıvandakı ərazilərimizə hücumu ilə nəticələndi.

Prezident Ayaz Mütəllibov sentyabrın 5-də Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin yaradılması haqqında, oktyabrın 9-da isə Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında qanunu imzalasa da, ölkədə faktiki olaraq heç bir hərbi birləşmə yox idi. Azərbaycanın o vaxtkı müdafiə naziri olmuş Tacəddin Mehdiyev xatırlayır: "Heç bir hərbi avadanlığımız yox idi. Heç kəslə danışmaq mümkün deyildi. İndi mobil telefonlar var. O vaxt bütün danışıqlarımız dinlənilirdi. Nə kazarma, nə silah, nə də texnikamız var idi".

1991-1992-ci illərdə Ayaz Mütəllibov hakimiyyətinin dünyada gedən prosesləri, o cümlədən, respublikadakı ictimai-siyasi mühiti, əhalinin müstəqillik iradəsini və s. düzgün qiymətləndirə bilməməsi Qorbaçov tərəfindən SSRİ-nin qorunub saxlanması ilə bağlı "yeni ittifaq müqaviləsi" layihəsinin ortaya çıxarılmasına münasibətdə də özünü göstərirdi. İmperiya iddialarından əl çəkə bilməyən SSRİ rəhbərliyinin hazırladığı bu layihə Azərbaycan xalqının milli müstəqillik və dövlətçilik ideyalarına daban-dabana zidd idi. Ən təəssüf doğuran hal isə ondan ibarət idi ki, layihə SSRİ Ali Sovetinin sessiyasında müzakirə olunarkən Azərbaycan SSR Ali Sovetinin Sədri orada çıxış edərək sənədi müdafiə etmişdi. Bu isə müstəqillik əzmi ilə yaşayan Azərbaycan xalqından fərqli olaraq, respublikaya rəhbərlik edən bir qrup insanın hələ də imperiya boyunduruğunda yaşamaq istəyinin bariz ifadəsi idi.

Heydər Əliyev Naxçıvan MR Ali Məclisinin 1991-ci il yanvarın 14-də keçirilən sessiyasında bu məsələ ilə bağlı çıxış edərək yeni ittifaq layihəsinin milli maraqlara zidd olduğunu əsaslandırdı.

1991-ci il sentyabr 3-də isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi tarixi qərar qəbul etdi. Naxçıvan Muxtar Respublikasının bütün əhalisi Ali Məclisin Sədri vəzifəsinə görkəmli dövlət xadimi, böyük siyasətçi, xalqının sədaqətli rəhbəri Heydər Əliyevin seçilməsini qətiyyətlə tələb edirdi. Həmin gün Ali Məclisin binası qarşısına toplaşmış minlərlə insan Heydər Əliyevin seçilməsini tələb edən bəyanatlarla çıxış edirdi. Lakin sessiyanın keçirilməsinə qədərki mərhələdə Azərbaycan Respublikası Ali Sovetinin deputatı, Muxtar Respublika Ali Məclisinin üzvü kimi ölkədə, o cümlədən, regionda gedən ictimai-siyasi proseslərdə öz sözünü deyən, cəmiyyət həyatının demokratikləşdirilməsinə ciddi təsir göstərən, xüsusən, özünü bütövlükdə dövlət müstəqilliyi uğrunda mübarizəyə həsr etmiş, Naxçıvanın ərazi bütövlüyünün qorunub saxlanılması üçün xalqın birliyinə nail olmuş Heydər Əliyev heç bir rəsmi dövlət vəzifəsi daşımaq niyyətində olmadığını bildirmişdi.Bununla belə, xalqın tələbi ilə o Ali Məclisin sədri seçildi.

Bakıda isə vəziyyət getdikcə gərginləşirdi. AXC-nin güclü təzyiqindən sonra 1992-ci il martın 5-də Ali Sovetin sədri Elmira Qafarova, bir gün sonra isə Ayaz Mütəllibov istefa verməyə məcbur oldu. Prezident səlahiyyətlərini martın 5-də Ali Sovetin sədri seçilmiş Yaqub Məmmədov icra etməyə başladı.

Yeni seçilən Ali Sovetin sədri Yaqub Məmmədovun siyasi təcrübəsinin azlığı ona dövləti idarə etməyə imkan vermədi. Onun Tehranda Levon Ter-Petrosyanla görüşü zamanı erməni hərbi bölmələri Şuşa şəhərini ələ keçirdi. Şuşanın işğalı yeni hökumət böhranı formalaşdırdı. Ayaz Mütəllibovun tərəfdarları bundan istifadə edərək eks-prezidenti yenidən hakimiyyətə gətirməyə çalışdı.

Həmin dövrdə müxtəlif ictimai-siyasi qüvvələrin hakimiyyət uğrunda ölüm-dirim mübarizəsi aparması və öz məqsədlərinə çatmaq üçün silahlı qarşıdurmalar, vətəndaş müharibəsi törətməsi Azərbaycanı ciddi təhlükə ilə üz-üzə qoymuşdu. Ölkə əhalisi yaranmış ağır və mürəkkəb vəziyyətdən çıxış yolunu yalnız müdrik dövlət xadimi Heydər Əliyevi ali hakimiyyətə dəvət etməkdə görürdü və bu istiqamətdə müxtəlif təşəbbüslərlə çıxış edirdi. Lakin respublika rəhbərliyi bu müdrik liderin hakimiyyətə gedən yolunu bağlamaq üçün əvvəlcədən düşünülmüş bir çox tədbirlər görmüşdü. Belə ki, "Azərbaycan Respublikasının prezident seçkiləri haqqında" qanununa son beş il ərzində respublikada yaşamayan və yaşı 65-dən yuxarı olan şəxslərin namizəd verilməsini qadağan edən maddə əlavə etmişdi. Əslində bu qanun yalnız Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsinin qarşısını almaq üçün məqsədli şəkildə atılan addım idi.

1992-ci il mayın 15-də AXC könüllüləri əsgərlər və zirehli texnikadan istifadə edərək parlamentin binası və şəhər televiziya stansiyasını hücumla ələ keçirdi. Yaxşı xatırlayıram, o zaman mən təhsil nazirinin müavini vəzifəsində işləyirdim. Nazir mənə tapşırdı ki, AXC-nin qərargahı yerləşən indiki Sahil parkına gedim və ona baş verən hadisələr haqda yerindən məlumat verim. Ora yaxınlaşanda səs-küyün və əllərində silah o yan bu yana qaçan çoxsaylı adamların şahidi oldum. Az sonra məni haradansa yaxından yaxşı tanıyan yüksək hərbi çinli bir şəxs yaxınlaşıb görüşdü və mənə dedi ki, Misir müəllim, xahiş edirəm burada dayanmayın, bir neçə dəqiqədən sonra ciddi və təhlükəli hadisələr baş verəcək, Sizə xətər yetə bilər. Oradan aralanmaq istəyəndə gördüm ki, Rəşid Behbudov küçəsindən tanklar və adamlar hay-küylə üzü yuxarı-indiki Mərkəzi bankın binasına tərəf hərəkətə başladılar. Az sonra məlum oldu ki, onlar tanklarla Milli Məclisin binasına tərəf gedirlər. Mən Yasamal tərəfdə vəziyyətin gərgin olduğunu eşidib Politexnik İnstitutunun (indiki Texniku Universitet) rektoruna zəng edib hadisələr haqda məlumat verməsini xahiş etdim. O mənə dedi ki, Misir müəllim, heç bir problem ola bilməz, onlar bizim qanuni hökumətimizə heç nə edə bilməzlər, biz silahlanmış böyük bir dəstə ilə o tankların yolunu gözləyirik, onları darmadağın edəcəyik. Ancaq məlum oldu ki, tanklar maneələri keçərək Milli Məclisə hücum ediblər və oranı zəbt ediblər.

Həmin hadisələr zamanı baş verən atışmalarda ölən və yaralananlar oldu. Bu dəfə Ayaz Mütəllibov istefa verərək ölkəni tərk etməyə məcburiyyətində qaldı. Yaqub Məmmədov çevrilişdəki roluna görə mayın 18-də Ali Sovetin sədri vəzifəsindən istefa verdi. Həmin gün deputatlar Ali Sovetin sədri vəzifəsinə 2 nəfəri təklif etdilər. Onlardan biri Azərbaycan Ali Soveti Milli Şurasının müavini İsa Qəmbərov, digəri isə Naxçıvan Ali Məclisinin sədri, Azərbaycan Ali Sovetinin sədr müavini Heydər Əliyev idi. AXC-dən olan deputatların təzyiqi ilə İsa Qəmbərovun seçilməsi təkid edilirdi.Digər deputatlar isə israrla Heydər Əliyevin adını səsvermə bülleteninə daxil edilməsini tələb edirdilər. Lakin Cəbhə-Müsavat qüvvələrini və keçmiş kommunist nomenklaturasını təmsil edən bir qrup şəxs bu təkliflərin həyata keçirilməsinə cidd-cəhdlə mane oldu. Çünki onlar Heydər Əliyevin xalq arasındakı yüksək nüfuzunu, zəngin idarəçilik təcrübəsini qısqanclıqla qarşılayır və hesab edirdilər ki, onun Azərbaycanın rəhbərliyinə gəlişi onların hakimiyyətə yolunu bağlayacaq. Təəssüf ki, həmin dövrdə bu birliyin anti-Əliyev və antixalq mövqeyi parlamentdə üstünlük təşkil etdi. Bu sessiyaya dəvət olunmayan Heydər Əliyev isə hadisələrdən təcrid edilmiş vəziyyətdə Naxçıvanda idi.

Beləliklə, səsvermə bülleteninə təkcə İsa Qəmbərovun adı daxil edildi. Mayın 18-də aparılan səsvermədə tək namizəd olan İsa Qəmbərov Ali Sovetin sədri vəzifəsinə seçildi. Bu minvalla, mayın 18-dən etibarən ölkədə hakimiyyət faktiki olaraq AXC-nin əlinə keçdi...

Bu dövrdə ermənilər Dağlıq Qarabağda və Azərbaycanın digər bölgələrində işğalçılıq siyasətini gün-gündən genişləndirirdi. Naxçıvanın Ermənistanla sərhəd kəndlərində vəziyyət xüsusilə ağır idi. Azərbaycanın yeni hakimiyyəti Naxçıvanın müdafiəsinə kömək göstərmək əvəzinə yerli rəhbərliyə qarşı siyasi təzyiqləri artırır, orada ictimai-siyasi prosesləri nəzarətdən çıxarmağa cəhd edirdi. Mərkəzi hakimiyyətin yarıtmaz siyasəti və idarəçiliyi fonunda xalq arasında Heydər Əliyevə gün-gündən Milli Lider və xilaskar kimi baxırdılar. Xüsusən tanınmış ziyalılar Mütəllibov dövründə olduğu kimi, yeni iqtidarın da antixalq və antidövlət siyasətinə, Naxçıvan MR rəhbərliyinin qərarlarına sayqısız yanaşmasına, blokadada olan Naxçıvana təzyiq göstərməsinə etiraz edir, Heydər Əliyevlə həmrəy olduqlarını bildirir, Azərbaycanın müstəqilliyi və suverenliyi naminə Naxçıvan MR Ali Məclisinin qəbul etdiyi tarixi qərarları yüksək qiymətləndirir, muxtar respublikada gedən demokratik proseslərə böyük dəyər verirdilər.

Naxçıvanın blokadaya salınmasına baxmayaraq və siyasi hakimiyyətin qərəzli münasibətinə fikir vermədən Heydər Əliyev muxtar respublikanın sosial-iqtisadi böhran vəziyyətindən çıxarılması üçün mühüm addımlar atırdı. Onun həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Naxçıvanın ermənilər tərəfindən işğalının qarşısı alındı, əhali aclıqdan və qışın soyuğunda donmaqdan xilas edildi, MR-in sosial-iqtisadi həyatı öz ahəngi ilə idarə olundu. Türkiyə Cümhuriyyəti tərəfindən Azərbaycanla Türkiyə arasında sərhəd keçidi yaratmaq məqsədilə Araz çayı üzərində körpü tikildi və 1992-ci il mayın 28-də onun rəsmi açılışı oldu. "Ümid körpüsü" adlandırılan bu körpünün istifadəyə verilməsi Türkiyə ilə Naxçıvan arasında 1992-ci il martın 24-də imzalanmış əməkdaşlıq protokolunda göstərilən məqsədlərin həyata keçirilməsi, qardaş dövlətin Naxçıvana maddi, texniki və mədəni yardımının təmin olunması üçün geniş imkanlar açdı.

1992-ci ilin oktyabrında AXC silahlıları Naxçıvanda hakimiyyəti devirmək üçün bir neçə cəhd göstərdi, ancaq Heydər Əliyevin siyasi gedişləri ilə bu cəhdlərin qarşısı alındı.

Həmin ağır dönəmlərdə ölkənin taleyinə biganə olmayan ziyalılar və sadə insanlar Naxçıvan Muxtar Respublikasına üz tutaraq, Heydər Əliyevlə görüşlər keçirir, xalqı üzləşdiyi fəlakətlərdən, çətinliklərdən çıxarması üçün, ondan kömək istəyirdilər. Həmin illər Azərbaycan üçün ən ağır və məsuliyyətli dövr idi. O vaxtlar dövlət müstəqilliyinin qorunub-saxlanması üçün qətiyyətli bir şəxsin ölkə rəhbərliyinə gətirilməsi zəruriyyəti yaranmışdı. Bu məqsədlə 91 nəfər Azərbaycan ziyalısı Naxçıvana, Heydər Əliyevə müraciət ünvanladı. Bu müraciət, bütövlükdə, Azərbaycan xalqının çağırış ifadəsi idi. Həmin müraciətdə Heydər Əliyevin yeni yaradılacaq partiyaya rəhbərlik etməsi xahiş edilirdi. Bu, heç də asan bir məsələ deyildi. Çünki Azərbaycanda köklü islahatlar aparılmalı, xalqın pozulmuş, tapdalanmış hüquqları bərpa edilməli, güclü vətəndaş cəmiyyəti qurulmalı, bütün sahələrin inkişafı istiqamətində çox ciddi addımlar atılmalı idi. Dövlətçiliyin bərpası və qorunub-saxlanması yükünü öhdəsinə götürməyi bacaran qətiyyətli bir fenomenal şəxsiyyətə böyük ehtiyac var idi. Dövlətçilik məfkurəsini gücləndirmək, milli dövlətçilik ideologiyasını işləyib-hazırlamaq və onu reallaşdırmaq həmin dövrlər üçün güclü siyasi iradə və bacarıq tələb edirdi. Bunların öhdəsindən layiqincə gələ biləcək şəxs yalnız Ulu öndər Heydər Əliyev ola bilərdi.

Ölkəmizdə dövlət müstəqilliyi də, respublikanın siyasi coğrafiyası və sərhədləri də, Azərbaycan adlı vahid ölkə də artıq tarixin arxivinə qovuşmaqda idi. Ölkəni qanlı vətəndaş qarşıdurması, kənar siyasi-hərbi müdaxilələr, siyasi partiyaların silahlı münaqişələri, tam tənəzzül sonluğu gözləyirdi...

Bu qədər çətinliklər, problemlər əhatəsində hər an xalqın taleyini düşünən, gücləndirilmiş rejimlə, tam iradə ilə, inadla və məsuliyyətlə işləyən Heydər Əliyev belə sərt iş rejiminin, ağırdan-ağır problemlərin, mövcud təhlükələrin, vacib vəzifələrin qarşılığında, eləcə də Rusiyadan və daxildən özünə qarşı məqsədli təxribatlardan, terrorlardan qorxmayaraq, cəsarətlə səsini xalqın səsinə, zamanın çağırışına qataraq "HƏ" dedi. Beləliklə, müstəqil Azərbaycan tarixində öz üzərinə böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı.

...1993-cü il iyunun 4-də bir neçə saat ərzində Gəncədə polis postlarını ləğv edən silahlı qruplaşma Gəncə şəhər İcra Hakimiyyətinin binasını ələ keçirir və daha sonra tank, "Qrad" qurğusu, qumbaraatan, pulemyot və avtomatla silahlanmış 200 nəfərlik dəstə MTN-in Gəncə şöbəsinə hücum edir. Bina gülləbaran edilir və binadakıların silahları təhvil verməsi, burada olan Baş prokuror İxtiyar Şirinov və Milli Təhlükəsizlik nazirinin birinci müavini Sülhəddin Əkbərovun onlarla hərbi hissəyə getməsi tələb olunur. Fəlakətin qarşısını almaq üçün dövlət məmurları qiyamçıların qanunsuz tələbilə razılaşırlar.

Belə bir qarışıq vəziyyətdə başını itirən Prezident Əbülfəz Elçibəy çıxış yolu tapa bilmir, qan tökülməsinin qarşısını almaq, problemi danışıqlar yolu ilə həll etmək üçün iyunun 5-də Gəncə ətrafında yerləşdirilən bütün hərbi birləşmələrin hərəkətinin dayandırılması barədə əmr verir. Bundan hiddətlənən Surət Hüseynovun paytaxta hücuma keçən hərbi birləşmələri Bakıdan 90 km məsafədə olan Nəvai qəsəbəsinə qədər gəlib çatırlar və Prezidentin istefasını tələb edirlər.

...O dövrdə BDU-nun prorektoru olduğuma görə yaxşı xatırlayıram, 1993-cü il iyunun 4-də Gəncədə qiyam baş verdikdən bir, ya iki gün sonra olardı, BDU-da Elmi Şuranın iclasını keçirdik. Həmin günlərdə siyasi durum çox gərgin idi, hərə də bir söz danışırdı. Ölkədə Gəncə hadisələrinə müxtəlif cür qiymət verilirdi, biri deyirdi təşkil olunub, biri deyirdi Surət prezident olacaq, ona görə bu hadisəyə qiyam yox, başqa ad vermək lazımdır və s. Ancaq universitetdə qərara almışdıq ki, Gəncə hadisələrini qiyam kimi dəyərləndirək. Belə də oldu. Alimlərimiz çıxış edib bu hadisəyə münasibət bildirdilər, təklif oldu ki, qiyam kimi qiymətləndirilsin. Deyim ki, həmin dövrdə BDU ölkədə yeganə qurum idi ki, belə bir qərar qəbul etmişdi. Biz həmin iclasda daha bir qərar qəbul etdik ki, universitetin bir qrup - ağbirçək qadını münaqişənin qarşısını almaq üçün Nəvaiyə yola düşsün. Yaxşı xatırlayıram, BDU-nun çox hörmətli və mərd, cəsarətli xanımlarından ibarət bir qrup Cəmilə Təhmasib, Fatma Ələsgərova, Sara İbrahimova və başqaları Nəvaiyə yola düşdülər, deyim ki, bu səfərin də özünəməxsus rolu və əhəmiyyəti oldu.

Hərbi qiyam və vətəndaş qarşıdurması ölkənin varlığına təhdid yaradır və Əbülfəz Elçibəy vəziyyətdən yeganə çıxış yolunu Heydər Əliyevi Bakıya dəvət etməkdə görür...

Öz tarixi qayıdışıyla Heydər Əliyev ölkəni parçalanmaqdan, dövləti dağılmaqdan, xalqı vətəndaş müharibəsindən, eyni zamanda, hakimiyyətdə olmuş şəxslərin həyatını fiziki məhv olmaqdan xilas etdi.

Misir MƏRDANOV
AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor


Etiket:
Xəbərlər

HƏYATDA ÖZÜMÜ XOŞBƏXT ADAM HESAB EDİRƏM Ki, HEYDƏR ƏLİYEVLƏ BİRGƏ İŞLƏDİM

04.12.2023

AMEA müxbir üzvü, Basarkeçər rayon icma sədri, professor Nuru Bayramov İnönü Universitetinin “Fəxri Doktoru” seçilib - FOTOLAR.

03.12.2023

 Bax, biz Göyçə torpağındayıq...

29.11.2023

BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ “Qərbi Azərbaycanda türk müsəlman abidələrinin erməni vandallığına məruz qalması” mövzusunda elmi seminar keçirilib - FOTOLAR

25.11.2023

SƏHRADA YALQIZLIQ

25.11.2023

Azərbaycanda ilk dəfə “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir FOTO

23.11.2023

İcma: Paşinyan hökumətindən azərbaycanlıların Ermənistanda öz dədə-baba yurdlarına qayıdış hüququnu tanımasını gözləyirik

21.11.2023

“Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunan - MÜBARİZ QULUYEV BABACAN KƏND İCMASININ SƏDRİ SEÇİLDİ-FOTOLAR

14.11.2023

Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib

08.11.2023

Qərbi Azərbaycan İcmasının Basarkeçər rayonu Dərə kənd sakinləri və Dərəli kökənli gənclərlə görüşü keçirilib.

07.11.2023

Ulu Öndər Heydər Əliyev xatirələrdə

31.10.2023

"Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi" hesabatının təqdimatı ilə bağlı konfrans keçirilib.

30.10.2023

Oktyabrın 27-də Qərbi Azərbaycan İcmasında (QAİ) “Ulu Öndər Heydər Əliyev xatirələrdə” kitabının təqdimatı keçirilib.

28.10.2023

“Oğul” filminin rejissoru: “Erməni hərbçilərdən biri Natiqin cəsurluğunu etiraf etdi” - MÜSAHİBƏ

26.10.2023

Nərimanlı gəncləri ilə görüş keçirilib - FOTOLAR

24.10.2023

TANINMIŞ ALİM, İSTEDADLI ŞAİR-PUBLİSİST - RAMİZ HƏSƏNLİ ŞİŞQAYA KƏND İCMASININ SƏDRİ SEÇİLDİ

21.10.2023

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qüdrətdən səngərli, qalalı dağlar” adlı konsert proqramı keçirilib.

21.10.2023

Erməni dostunun azərbaycanlı yazıçıya hər il yazdığı mesaj: “Axırda...” – Müsahibə

17.10.2023

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Qərbi Azərbaycan İcmasının TƏBRİKİ

17.10.2023

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb və çıxış edib.

15.10.2023

"News.ru" informasiya agentliyi “Səbir və uzaqgörənlik: İlham Əliyev ölkənin ərazi bütövlüyünün bərpası missiyasını necə yerinə yetirdi” adlı məqalə dərc edib.

15.10.2023

Mərhəmlik və mərhəmət nümunəsi

09.10.2023

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayon icmasının üzvləri ilə görüş keçirilib

07.10.2023

TÜRK DÜÇÜNCƏSİ ELMİ VƏ BƏDİİ MÜSTƏVİDƏ

05.10.2023

“NUR ÇEŞMƏSİ” ADLI KİTABA RƏY

04.10.2023

BABACAN

03.10.2023

Xankəndidə torpaq satan dəli qadın

23.09.2023

ŞAİR SALMAN QARALAR

22.09.2023

Qərbi Azərbaycan İcmasından

21.09.2023

BASARKEÇƏRDƏN NEVADAYA QƏDƏR

14.09.2023

RƏŞADƏTLİ RƏŞADƏT

13.09.2023

HƏSRƏTİN POETİK QEYDLƏRİ

13.09.2023

ƏLLİ YAŞIN İŞIĞINDA

09.08.2023

ZOD 

06.08.2023

DAİM AXTARIŞDA OLAN NƏCİB, YARADICI İNSAN    

27.07.2023

SONA İSMAYILOVA : FILOLOGIYA ELMLƏRI DOKTORU NƏZAKƏT MƏMMƏDLININ 23 ILLIK ƏZIYYƏTI BƏHRƏ VERDI

04.07.2023

NƏRİMANLI  (HÜSEYNQULUAĞALI)

20.06.2023

QƏRİB MƏZAR

13.06.2023

SARIYAQUB

06.06.2023

TOXLUCA

01.06.2023

Bu gün Azərbaycanın milli bayramı - Müstəqillik Günü qeyd olunur.

28.05.2023

GÖYÇƏ MAHALI ŞİŞQAYA KƏNDİ

25.05.2023

Yeni Daşkəndin 70-illik yubileyinə təbrik məktubu

24.05.2023

Bərdə rayonun Yeni Daşkənd kəndində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi və Daşkənd kəndinin Qərbi Azərbaycandan Deportasiyasının 70 illiyi ilə əlaqədar tədbir keçirilmişdir.

22.05.2023

QANLI KƏNDİ (QANLI ALLAHVERDİ)

15.05.2023

Ümummilli Lider yeganə şəxsdir ki, Ali Baş Komandan onra raport verdi.

15.05.2023

SƏFƏVİLƏRİN BÖYÜK İDEOLOQU,
 SUFİ ŞEYXİ
 MİSKİN ABDAL (SEYİD HÜSEYN MƏHƏMMƏD OĞLU)

13.05.2023

KƏSƏMƏN
(Solaq)  

08.05.2023

Azərbaycan hərbi hospitallarının 1941-1945-ci illər
fəaliyyəti haqqında

08.05.2023

Naxçıvandan qurtuluşa gedən yol

06.05.2023
Bütün xəbərlər