Səfir Əbdürrəhim bəy Haqverdiyev Ermənistan hökumətinin sifarişi ilə qarət edilmişdi

12:32 / 17.11.2018
Baxılıb: 1742

Əgər Azərbaycanın diplomatik nümayəndəsi neytral zonada “ əclaflar ” tərəfindən talan edilməsəydi, Tiflis üzərindən Bakıdan göndərilən vəsaitlə təkcə Şərur-Naxçıvandakı tatar ordusunun sayı 10.000-ə çatardı.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Ermənistanın kəşfiyyat və əks-kəşfiyyat orqanlarının Azərbaycan əleyhinə göstərdiyi fəaliyyət ayrıca araşdırma mövzusu kimi indiyədək elmi tədqiqat dövriyyəsinə cəlb edilməmişdir. Sovet hakimiyyəti illərində istər Azərbaycanda, istərsə də Ermənistanda bu mövzu ilə bağlı sənədlər “ Tam məxfi ” qrifi altında tədqiqatçıların üzünə bağlı idi. Hazırda isə həm Azərbaycanda, həm də Ermənistanda arxivlər açılmış, məxfi sənədlər elmi tədqiqat dövriyyəsinə cəlb edilmişdir. Bu yazıda həm Azərbaycan Dövlət Arxivində saxlanılan sənədlər, həm də Ermənistan tədqiqatçılarının arxiv sənədləri əsasında yazdıqları əsərlər əsasında təqribən 100 il öncə baş vermiş bir cinayətin hansı məqsədlə və kimlərin sifarişi ilə törədildiyinə aydınlıq gətirməyə çalışmışıq. Arxiv sənədləri göstərir ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə İrəvandakı diplomatik nümayəndəliyimizin fəaliyyəti Ermənistan xüsusi xidmət orqanlarının daim nəzarəti altında olmuşdur. 1919-cu il yanvar ayının 29-da Məhəmməd xan Təkinski Azərbaycanın Ermənistanda diplomatik nümayəndəsi - yəni səfiri təyin edilmişdi. M.Təkinski fövqəladə cəsarətlə fəaliyyət göstərdiyi üçün Ermənistan hökuməti tərəfindən “ persona-non qrata ” elan edilmişdi. M.Təkinskidən sonra görkəmli Azərbaycan yazıçısı və siyasi xadimi Əbdürrəhim bəy Haqverdiyev 1919-cu il avqustun 24-də Azərbaycan Respublikasının Ermənistanda diplomatik nümayəndəsi təyin edilmişdi. Bundan öncə isə Ə.Haqverdiyev Azərbaycanın Dağlı Respublikasında diplomatik nümayəndəsi olmuşdu. Ə.Haqverdiyev İrəvan quberniyasında və Qars vilayətində türk-müsəlman əhaliyə qarşı ermənilər tərəfindən törədilən soyqırımı faktlarının Birləşmiş Dövlətlərin Ali Komissarlığına, xarici ölkələrin Qafqazdakı nümayəndəliklərinə çatdırılmasında, qaçqınların vəziyyətinin yüngülləşdirilməsində xeyli iş görmüşdür. O dövrün mənzərəsini əks etdirən yüzlərlə sənəd Ə.Haqverdiyevin imzası ilə arxivlərimizdə saxlanılır. Həmin sənədlərdən bir neçəsi diplomatik nümayəndə kimi qatarla Tiflisdən İrəvana gedərkən erməni quldurlarının Ə.Haqverdiyevə qarşı soyğunçuluğundan bəhs edir. Həmin soyğunçuluq hadisəsini Ə.Haqverdiyev 1920-ci il martın 11-də İrəvan dairə məhkəməsinin prokuror müavini K.Budaqyana verdiyi izahatında belə şərh etmişdir: “ Cari il martın 8-də saat 1.40 dəqiqədə mən Tiflisdən Azərbaycana məxsus 2012 №-li salon-vaqonda İrəvana yola düşdüm. Kupemdə mənimlə Samson Stepanoviç Harutyunyan gedirdi, qonşu kupedə isə Məmməd Riza Hüseynov və familiyasını bilmədiyim iki irəvanlı gedirdilər. Bu sakinlərdən əlavə mənim mühafizəçilərim İsmayıl Rəcəb oğlu və Məşədi Məmməd Məşədi Hüseynov da orada idilər. Sonrakı vaqon isə bələdçinin idi. Deyəsən, gürcü idi, ad və familiyasını bilmirəm. Mənim salonumda yuxarı qatda iki sərnişin var idi - biri 18 yaşlı oğlan İttaid Camalbəyov və Azərbaycan Himayədarlıq Nazirliyinin Ermənistandakı müvəkkilliyinin əməkdaşı Nəsrulla Şeyxov idi. Gecə saat 3-də vaqonda baş verən səs-küydən oyandım. Mən qışqırtı eşitdim, kimsə bağırdı: “ Hamısını axtarmalı? ” Salona enlikürək, qarayanız, balaca saqqallı, əsgər şineli geyinmiş furajkalı bir gənc daxil oldu. Əvvəlcə onun əlində silah görmədim, sonra o, “ Brauninq ” sistemli tapança çıxardı. Onu haradan və nə vaxt çıxardığını belə hiss etmədim. Həmin gənc salondakı stolun arxasına keçib sənədləri tələb edəndə mən ona dedim ki, bu vaqon yoxlanıla bilməz (Ə. Haqverdiyev bunu deyərkən özünün diplomatik toxunulmazlıq hüququnu xatırladırmış - N.M.). Bu vaxt bir başqası - dairəvi papaqda, yekə şineldə qapıda göründü. Mən və Samson Harutyunyan sənədlərimizi göstərdik. Birinci daxil olan sənədlərimizə baxıb stolun üstünə atdı və qışqırdı: “ Hamısını axtarın ”. Mən soruşanda ki kimdir onlar, cavabında qapıda dayanan “ Naqan ” tipli tapançanı mənə tuşladı. Dəhlizdə səs-küy eşidilirdi, aydın idi ki, orada da bu cür hadisə təkrar olunur. Bu cənablar tələb etdilər ki, pullarımız haradadır, onlara göstərək. Mən içərisində 5 milyon 400 min manat (250-lik əsginasla 2 milyon Zaqafqaziya bonu və 50-lik əsginasla 68 paçkada hər birində 50.000 olmaqla 3.400.000 Azərbaycan bonu) olan səbəti onlara göstərdim. S.Harutyunyanın yol çantasından təqribən 300.000 rubl və cibindən isə 10.000 rubl götürdülər. Bizim bütün yüklərimizi axtardılar və mənim zəncirli qızıl saatımı, 17 min manat dəyərində brilyant sancağımı (inciçiçəyinin budağı şəklində) və 10 min manatlıq brilyant sırğanı götürdülər. Ümumiyyətlə, saatla birlikdə 40 min manatlıq malımı götürdülər ”.Ə.Haqverdiyev izahatında quldurların digər sərnişinlərdən nə çırpışdırdıqlarını, Şeyxovun üstündən heç nə tapmadıqlarından aparıb onu “ çıxdaş ” etmək istədiklərini bildirir. O, mühafizəçilərinin silahlarını da quldurların götürdüyünü yazır. “ Quldurlar S.Harutyunyandan pulları götürəndə onu poçtla özünə qaytaracaqlarını söylədilər və vaqondan çıxarkən içəri birinci daxil olan quldur onunla əllə xudahafizləşdi ” deyə Ə.Haqverdiyev yazır. Haqverdiyev əlavə edir ki, soyğunçular vaqondan çıxdıqdan sonra güclü yaylım atəşi eşitdik və fikirləşdik ki, bizim vaqonu atəşə tuturlar. Prokuror müavini K.Budaqyana verdiyi izahatında Ə.Haqverdiyev quldurların S.Harutyunyana xüsusi münasibətlərinin olmasına işarə edirdi. Quldurlar basqının törədiləcəyi məkanı və məqamı da çox dəqiqliklə hesablayıblarmış. Belə ki, Sənain stansiyasından çıxan qatar Kober dayanacağına çatmamış dərədə saxlanmış, quldurlar öz işlərini görüb qurtardıqdan və güclü yaylım atəşindən sonra hərəkətə başlayıbmış. Hadisədən 10-15 dəqiqə sonra qatar Kolagirən stansiyasına çatır. Ə.Haqverdiyev mühafizə dəstəsinin rəisi Zilveriyana hadisə haqqında məlumat verir. Və quldurların təqib edilməsini xahiş edir. O, hətta quldurları tutacaqları təqdirdə dəstənin hər bir üzvünə 1500 rubl vəd edir. İzahatdan quldurların ancaq Ə.Haqverdiyevi qarət etmək niyyətində olduqları aydınlaşır. Belə ki, Əbdürrəhim bəy göstərir ki, bizi soyduqları vaxt təxminən 20 quldur vaqonu mühasirəyə alıbmış. Digər tərəfdən isə Azərbaycanın diplomatik missiyasının vaqonuna bitişik Amerika nümayəndəsinin vaqonu imiş və həmin vaqonda doktor Aşer öz kuryeri ilə birlikdə 7 milyon (pulun vahidi göstərilmir) aparırlarmış. Ancaq qarət edilən təkcə azərbaycanlıların mindikləri vaqon olur.Ə.Haqverdiyev martın 8-də Kolagirən stansiyasından Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəsinə teleqram vuraraq qarət edildiklərini bildirir, hadisəni Azərbaycan hökumətinə çatdırmağı və təcili tədbir görməyi tələb edir. Teleqramda “bizimlə birlikdə nümayəndə Samson Harutyunyan da qarət edilib” ifadəsini işlətməklə Ə.Haqverdiyev cinayətin kələfini haradan çözələməyə işarə vururdu. Bu hadisədən sonra Azərbaycanın Gürcüstandakı daimi nümayəndəsi Ermənistanın Gürcüstandakı diplomatik nümayəndəsinə müraciət edərək tədbir görülməsini tələb edir. Azərbaycan XİN hadisə ilə bağlı Ermənistanın ölçü götürməsinə nail olmaq üçün Britaniya Ali Komissarlığına müraciət edir. Ermənistan nümayəndəsi öz hökuməti adından Britaniya Ali Komissarlığına cavab verir ki, qarət Ermənistanla Gürcüstan arasındakı neytral zonada törədilib. Həmçinin bildirilir ki, Ermənistan polisləri axtarış apardıqları zaman Gürcüstan polisləri tərəfindən tərksilah olunublar. Neytral zonaya Amerika general-qubernatorunun nəzarət etdiyini bəhanə gətirərək, Ermənistan nümayəndəliyi məhz birinci ünvana müraciət etməyi məsləhət görür. Lakin uzun sürən diplomatik yazışmalardan heç bir nəticə hasil olmamışdı. Ə.Haqverdiyev erməni quldurlarının qəribə davranışlarından əbəs yerə şübhələnməmişdi. Azərbaycanın diplomatik nümayəndəsinin qarət olunması hadisəsi barədə erməni tarixçisi Vanik Virabyanın arxiv sənədləri əsasında 2015-ci ildə İrəvanda erməni dilində çap edilən “ 1918-1920-ci illərdə Ermənistan Respublikasının dövlət təhlükəsizliyi sisteminin yaradılması və fəaliyyəti (Kəşfiyyat. Ordu. DİN) ” monoqrafiyasında ətraflı məlumat verilmişdir. Daşnak Ermənistanının baş naziri olmuş Simon Vrasyan öz xatirələrində bu hadisəni belə təsvir edir: “ Bir gün teleqram aldıq ki, Azərbaycanın yeni səfiri və Xalq Partiyasının sədri S.Harutyunyan eyni qatarla Tiflisdən İrəvana gedirlər. Rubenlə (“Daşnaksütyun”un liderlərindən biri, 1920-ci ildə Ermənistanın hərbi naziri olmuşdur - N.M.) birlikdə dərhal müvafiq tədbir ələ aldıq. Martın 8-də səhərə yaxın Lori neytral zonasında, Sənain-Kober stansiyalarının arasında bir qrup maskalı və silahlı gənclər qatarı dayandırdılar, Haqverdiyevin və Harutyunyanın əşyalarını əllərindən aldılar. Haqverdiyevdən 2 milyon rubl Zaqafqaziya bonu, Harutyunyandan isə 296 min Zaqafqaziya bonu ələ keçirdilər. S.Harutyunyan həmin pulu öz partiyasının Yerevanda dərc edilən “ Joğovurd ” (“Xalq”) qəzeti üçün aparırdı. Bu hadisə xeyli qalmaqal yaratdı. Azərbaycan hökuməti tərəfindən İrəvana şikayətlər göndərildi. Gürcülər azərbaycanlı dostlarının üstünə gülürdülər. Ermənistan hökuməti S.Harutyunyandan üzrxahlıq etdi. Ondan götürülən pul və qızıl saat özünə qaytarıldı”.Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər naziri olmuş Behbud xan Cavanşiri 1921-ci ildə İstanbulda qətlə yetirən, “Nemezis” terror təşkilatının rəhbərlərindən olan “ qisasçı ” Misak Torlakyan isə Ə.Haqverdiyevin qarət edilməsini belə təsvir edir: “ Daşnaksütyun ” partiyasının Ermənistandakı bürosu Gürcüstan Mərkəzi Komitəsinə tapşırıq verdi ki, neytral zonada Azərbaycanın səfiri Haqverdiyev qarət edilsin və lazım ola biləcək sənədlər götürülsün. Haqverdiyev Bakıya növbəti səfərindən qayıdarkən gecə vaxtı gürcü paltarı geyinmiş bir dəstə silahlı gənc neytral zonada qatara hücum etdi... Bu hücumun sırf xuliqanlıq təəssüratı yaratması üçün silahlı dəstəyə ictimai xadim S.Harutyunyana qarşı da eyni hərəkətlərin edilməsi tapşırılmışdı. Götürülən sənədlər bir daha şübhə yeri qoymadı ki, Azərbaycan və Türkiyə Ermənistanı içəridən dağıtmaq niyyətindədirlər. Bu sənədlərin bir neçəsini Ruben öz kitabının 7-ci cildinə (erməni dilində, 7 cilddə çap edilən “ Erməni inqilabçısının xatirələri ” kitabları nəzərdə tutulur - N.M.) daxil etmişdir”.Ermənistanın xüsusi xidmət orqanının həmin vaxt Gürcüstanda gizli fəaliyyət göstərən kəşfiyyatçısı Tiqran Devoyans bu barədə 1945-ci ildə Bostonda erməni dilində nəşr edilən “ Hayrenik ” (Vətən) jurnalında (№ 4) yazırdı: “ Əgər Azərbaycanın diplomatik nümayəndəsi neytral zonada “ əclaflar ” tərəfindən talan edilməsəydi, Tiflis üzərindən Bakıdan göndərilən vəsaitlə təkcə Şərur-Naxçıvandakı tatar ordusunun sayı 10.000-ə çatardı. Eynilə Böyük Vedidə və Zəngibasarda və s. yerlərdə ermənilərə qarşı döyüşən tatarların sayı qat-qat artardı və nəticədə Ermənistan erməniləri məhv edilməklə üzləşərdi ”. Misak Torlakyanın 2001-ci ildə Beyrutda erməni dilində çap edilən xatirələrində Ə.Haqverdiyevin qarət edilməsindən sonra ələ keçirilən qənimətin aqibəti haqqında belə məlumat verilmişdir: “ Sonradan əməliyyatın iştirakçıları həmin məbləği Mərkəzi Komitəyə (yəni “ Daşnaksütyun ” partiyasının mərkəzi komitəsinə - N.M.) verməkdən imtina etdilər. Bu səbəbdən də Mərkəzi Komitə dəstənin rəhbərlərini öldürməyi qərara aldı. Bu işi görənlərin bir hissəsi neytral zonada qalsalar da, onların başçısı Qasım Ruben Harutyun Harutyunyanın əli ilə güllələndi. Bundan sonra dəstənin qalan üzvləri öz yoldaşlarının qisasını Mərkəzi Komitədən almaq üçün Tiflisə gəldilər. Gərgin vəziyyəti nəzərə alan Gürcüstan Mərkəzi Komitəsi məni və yoldaşlarımı Batumdan Tiflisə çağırdı... Bizim Batumdan Tiflisə gəlməyimiz bir həftə çəkdi və bu arada şəhərin Erivanski meydanında dəstənin ikinci lideri Ruben Safaryan Yervand Fundukyanın əli ilə qətlə yetirildi. Bu qətldən sonra digərləri də qaçdılar və bununla da məsələ qapandı”. Misak Torlakyanın yazdıqlarından belə nəticə çıxır ki, Ə.Haqverdiyevi qarət edən quldur dəstəsi “ Daşnaksütyun ”un Tiflis Komitəsinə deyil, İrəvan Komitəsinə bağlı olmuşdur və ona görə də qarət etdikləri vəsaiti Tiflisdəkilərə təslim etməmişdilər. Sonralar Misak Torlakyan kimi, Harutyun Harutyunyan və Yervand Fundukyan da İstanbula gedərək “Nemezis” terrorçu təşkilatına qoşulmuş və sifarişli terror aktları icra etmişdilər. Bütün yuxarıda qeyd edilənlərdən belə qənaət hasil olur ki, Azərbaycanın diplomatik nümayəndəsi Ermənistan hökumətinin rəhbərlərinin tapşırığı əsasında qarət edilmişdi və adi quldurluq hadisəsi deyildi. Digər tərəfdən o da məlum olur ki, Ermənistanın kəşfiyyat orqanı Ə.Haqverdiyevin İrəvandan Bakıya nə zaman gəlməsindən və nə vaxt geri qayıdacağından və özü ilə külli miqdarda vəsait aparacağından öncədən xəbər tutmuşdu. Görünür, Azərbaycan parlamentində təmsil olunan erməni deputatlar və Bakıda fəaliyyət göstərən Erməni Milli Şurası Azərbaycan hökumətinin Ermənistanda və Naxçıvanda yaşayan azərbaycanlı əhalinin ehtiyacları üçün nə qədər vəsait ayrılması və nə zaman göndəriləcəyi haqqında əldə etdikləri məlumatı Ermənistanın rəhbər şəxslərinə ötürmüşlər. Üstəlik, Azərbaycan Mərkəzi Bankında işləyən erməni kəşfiyyatının nümayəndəsinin də bu işdə iştirakının olması şübhə doğurmur. Erməni cinayətkarlarının törətdikləri bu cinayət adi quldurluq hadisəsi deyildi. Ə.Haqverdiyevin Bakıdan gətirdiyi pullar Diplomatik Nümayəndəliyin ehtiyaclarının təmin edilməsi ilə yanaşı, həmin dövrdə indiki Ermənistan ərazisində və Naxçıvanda fəaliyyət göstərən milli şuralar vasitəsilə erməni silahlı dəstələrinin hücumları nəticəsində yer-yurdlarından didərgin düşən qaçqınların, yetimxanalarda, lazaretlərdə sığınacaq tapan kimsəsiz uşaq və qocaların aclıqdan ölmələrinin qarşısının alınmasına sərf edilməli idi. Lakin Ermənistan hökumətinin əli ilə ermənilər onları bu imkandan məhrum etmiş, vəziyyətlərinin daha da ağırlaşmasına səbəb olmuşdular. Ə.Haqverdiyev Ermənistanda daimi nümayəndə vəzifəsindən istefa verdikdən sonra 1920-ci il martın 16-da onun yerinə Himayədarlıq Nazirliyinin Ermənistandakı müvəkkili Teymur bəy Makinski təyin edilmişdi. T.Makinskinin aqibəti də sələflərinin aqibəti kimi olmuşdu. Həmin ilin mayında Ermənistan Daxili İşlər Nazirliyi tərəfindən Zəngibasarda azərbaycanlı əhalinin silahlı üsyanına yardım göstərilməsi ittihamı ilə T.Makinski başda olmaqla diplomatik nümayəndəliyin əməkdaşlarına qarşı cinayət işi açılmışdı. T.Makinski təcili Tiflisə gələrək həbsdən canını qurtara bilsə də, digər əməkdaşlar tutulmuşdular. Azərbaycan hökuməti bunun qarşılığında Ermənistanın Azərbaycandakı diplomatik nümayəndəliyinin əməkdaşlarını həbs etmiş, bundan sonra İrəvanda nəzarətdə olan azərbaycanlı əməkdaşlar azad edilmişdilər. Bu isə ayrıca bir məqalənin mövzusudur. Bu qısa tarixçə 1918-1920-ci illərdə azərbaycanlı diplomatların Ermənistanda necə təhlükəli vəziyyətdə və ekstremal şəraitdə fədakarlıqla çalışdıqlarını göstərir.

Nazim MUSTAFA - Tarix üzrə fəlsəfə doktoru, Dövlət mükafatı laureatı.


Etiket:
Xəbərlər

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024

60 YAŞIN MÜBARƏK!

15.01.2024

AŞIQ İSLAM YUSİFOV
(1893-1968)

12.01.2024

Milli dövlətçilik tariximizin məğrur lideri

28.12.2023

Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə "Qərbi Azərbaycan yolunda" adlı konfrans keçirilir - FOTOLAR

28.12.2023

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU. BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

27.12.2023

AZƏRBAYCAN AŞIQ POEZIYASININ GÖRKƏMLİ NÜMAYƏNDƏLƏRİNDƏN BİRİ ŞAİR, USTAD AŞIQ NÖVRƏS İMANIN 120 İLLİK YUBİLEY TƏDBİRİ KEÇİRİLİB

26.12.2023

İLAHİ EŞQİN TƏRCÜMANI

24.12.2023

Müzəffər Ali Baş Komandan, Qarabağın Fatehi, sizi doğum günü münasibətilə təbrik edirk!

24.12.2023

Həsən Xəyallının şeirlərində dini məqamlar. “Qıfılbənd”in təhlili

21.12.2023

BÖYÜK MƏZRƏ - GÖYÇƏ MAHALI

10.12.2023

Dekabrın 7-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda Qərbi Azərbaycan əsilli rəssamların əsərlərindən ibarət sərgi açılıb.

07.12.2023

Tanınmış hərbi ekspert Telman Qasımov İrəvana səfər edib.    

05.12.2023

HƏYATDA ÖZÜMÜ XOŞBƏXT ADAM HESAB EDİRƏM Ki, HEYDƏR ƏLİYEVLƏ BİRGƏ İŞLƏDİM

04.12.2023

AMEA müxbir üzvü, Basarkeçər rayon icma sədri, professor Nuru Bayramov İnönü Universitetinin “Fəxri Doktoru” seçilib - FOTOLAR.

03.12.2023

 Bax, biz Göyçə torpağındayıq...

29.11.2023

BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ “Qərbi Azərbaycanda türk müsəlman abidələrinin erməni vandallığına məruz qalması” mövzusunda elmi seminar keçirilib - FOTOLAR

25.11.2023

SƏHRADA YALQIZLIQ

25.11.2023

Azərbaycanda ilk dəfə “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir FOTO

23.11.2023

İcma: Paşinyan hökumətindən azərbaycanlıların Ermənistanda öz dədə-baba yurdlarına qayıdış hüququnu tanımasını gözləyirik

21.11.2023

“Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunan - MÜBARİZ QULUYEV BABACAN KƏND İCMASININ SƏDRİ SEÇİLDİ-FOTOLAR

14.11.2023

Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib

08.11.2023

Qərbi Azərbaycan İcmasının Basarkeçər rayonu Dərə kənd sakinləri və Dərəli kökənli gənclərlə görüşü keçirilib.

07.11.2023

Ulu Öndər Heydər Əliyev xatirələrdə

31.10.2023

"Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi" hesabatının təqdimatı ilə bağlı konfrans keçirilib.

30.10.2023

Oktyabrın 27-də Qərbi Azərbaycan İcmasında (QAİ) “Ulu Öndər Heydər Əliyev xatirələrdə” kitabının təqdimatı keçirilib.

28.10.2023

“Oğul” filminin rejissoru: “Erməni hərbçilərdən biri Natiqin cəsurluğunu etiraf etdi” - MÜSAHİBƏ

26.10.2023

Nərimanlı gəncləri ilə görüş keçirilib - FOTOLAR

24.10.2023

TANINMIŞ ALİM, İSTEDADLI ŞAİR-PUBLİSİST - RAMİZ HƏSƏNLİ ŞİŞQAYA KƏND İCMASININ SƏDRİ SEÇİLDİ

21.10.2023

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qüdrətdən səngərli, qalalı dağlar” adlı konsert proqramı keçirilib.

21.10.2023

Erməni dostunun azərbaycanlı yazıçıya hər il yazdığı mesaj: “Axırda...” – Müsahibə

17.10.2023
Bütün xəbərlər