Aşıq Nəcəfin övladları gözünün qarşısında necə qətlə yetirildi?

17:19 / 12.11.2018
Baxılıb: 4926

Nə aşıq Nəcəfi gülləylə öldürdülər, nə də İsmayılın üzünə xoş səhər açıldı. Nəcəfin oğlanları Şəmistanı, Mikayılı, Asdanı və İsmayılı əsir götürüb yaxınlıqdakı «Tüstülü»-Qırxbulaq kəndində bir dama salmışdılar. Onları atın qabağına salıb Aşıq Nəcəfin yanına gətirirdilər. Yolda körpə Asdan və İsmayıl erməni qaniçənlərinin atlarının ayaqları altında qalaraq həlak oldular. Şəmistanla Mikayılı isə Aşıq Nəcəfin gözləri qarşısında ayaq-baş diri-diri torpağa basdırdılar...

Aşıq Ələsgərin məşhur şəyirdlərindən olan Aşıq Nəcəf 1876-cı ildə Göyçə mahalının Daşkənd kəndində çoban Allahverdinin ailəsində anadan olub. Ailənin tək oğlu olan Nəcəfi atası Allahverdi kişi molla məktəbinə qoyur. Burada Nəcəf ərəb və fars dillərində yazıb-oxumağı öyrənsə də, maddi çətinlik üzündən məktəbi yarımçıq qoyaraq atasının yanında çobançılıq edir. Uşaq yaşlarından özündə aşıqlıq sənətinə güclü həvəs hiss etdiyindən sazda çalıb-oxumağı öyrənir.

Ustad Ələsgərlə ilk görüş

Daşkəndli Hacı Kərim oğlu Muxtarın toyuna Aşıq Ələsgəri dəvət etmişdilər. Ustad aşıq şəyirdi Aşıq Əsədlə toyun ikinci gününü yola salırdı. Məclis nisbətən seyrəldiyindən, arada Aşıq Ələsgər ağsaqqallarla oturub çay içir, Aşıq Əsəd isə meydanda oxuyurdu. Bu vaxt Nəcəfin atası Allahverdi kişi Nağı bəydən xahiş edir ki, Aşıq Ələsgərdən rüsxət al, bizim uşaq da bir hava çalıb oxusun. Nağı bəy Aşıq Ələsgərdən icazə alır, Nəcəf ilk dəfə sazla camaatın qarşısına - Aşıq Əsədin meydanına çıxır. Sazı sinəsinə basıb məlahətlə bu şeiri oxuyur:

Nəfis tox olarsa, ürək dar olmaz,

Zəhmət çəkilməsə, süfrə var olmaz,

Sənət meydanında şəyird xar olmaz,

Nəcəfəm, ustadı pir ustad olsa.

Nəcəfin oxuması və sözləri Aşıq Ələsgərin çox xoşuna gəlir və Nəcəfi özünə şəyird götürür. Nəcəf 5-6 il Aşıq Ələsgərə şəyirdlik edir. Özünün zil və məlahətli səsi ilə tez bir zamanda böyük şöhrət qazanır. Elə Nəcəfin toyunu da Aşıq Ələsgərlə Aşıq Əsəd eləyir. Deyilənlərə görə toy günü Nəcəfin nişanlısı Gülüstanı ata evindən çıxararkən əmisi Həzrətqulu irəli yeriyir ki, Aşıq Ələsgər, Gülüstana bir tərif deməsən qızı verməyəcəyəm. Ustad aşıq orda Gülüstana üç bəndlik bir tərif də deyir:

Eşitmişdim, görməmişdim üzünü,

Canlar yaxır süzdürəndə gözünü.

Aşıq Ələsgərəm, deyim düzünü:

Doğrudan Nəcəfə taydı Gülüstan.

Aşıq Nəcəf ustadından fərqli olaraq təsadüfi hallarda hansısa bir hadisədən bərk təsirlənəndə şeir yazıb. Onun sənətinin gözəlliyi təkrarsız ifasında - zil və məlahətli səsində olub. Aşıq Nəcəfin elə zil səsi varmış ki, oxuyanda hündürdə asılmış enli və halqavari piltə ilə yanan otuzluq lampanı keçirərmiş. Dəli Alının bacısı oğlu Zeynalabdının toyunda maraqlı bir hadisə baş verir: Uzaqda gedən karvanın sarbanı bərk fikrə gedibmiş. Karvandan yüklü bir dəvə ayrılıb arxada qalıbmış. Həmin dəvənin də üstünə bir qurd gəlirmiş. Zurnaçı nə qədər püfləyirsə, zurnanın səsi sarvana çatmır ki, onu fikirdən ayırsın. Qurd az qalıbmış ki, dəvəni haqlasın. Nəcəf dəli bir şikəstə çəkir:

Xabi qəflətdə yatıbsan,

Oyan, sarban, dayan, sarban!

Karvanı qurda atıbsan,

Oyan, sarban, dayan, sarban!

Aşığın zil səsi sarbanı diksindirib yuxudan ayıldır. Əvvəlcə səs gələn tərəfə, sonra da karvana baxır. Qurd artıq dəvənin üstünə atılıbmış. Bu zaman güllə açılır. Toyda olan Qandal Nağı uzaq məsafədən nişan alıb qurdu vurur. Beləcə, Nəcəfin səsi ilə qaçağın gülləsi karvanı qurddan qurtarır.

Nəcəfin dövrü və baş verən hadisələr...

Nəcəf yalnız aşıqlıqla məşğul olmayıb. O, ətrafında baş verən ictimai-siyasi proseslərdə yaxından iştirak edib. Aşığın yaxın qohumu, yüz yaşında belə gümrahlığını itirməyən Mələk nənə söhbət edirdi ki, hələ 1918-ci il erməni-müsəlman davasında Nəcəf tutulmamışdan qabaq oğlanları Şəmiddin və Şəmistanla birlikdə ermənilərə qarşı igidliklə vuruşurdu. Hətta döyüşlərin birində qolundan da yaralanmışdı. Yarasın daşkəndli Loğman Səfər müalicə edirdi.Gözəlliyi, boy-buxunu, ölçüyə gəlməz avazı ilə yanaşı Allah Aşıq Nəcəfə qeyri-adi bir istedad da veribmiş; O, başına gələcək əhvalatları əvvəlcədən yuxuda görür, yaxınlarına bildirirmiş. Öz həyatının da sonda faciəylə qurtaracağını yuxuda görüb danışırmış. Deyilənlərə görə, hələ Əsədlə Aşıq Ələsgərin evində şəyird olduğu günlərin birində gecəyarı oyanıb ah çəkib ağlayır. Aşıq Əsəddə oyanır. Soruşur ki, ay Nəcəf, nə olub, niyə ağlayırsan? Onda Nəcəf yuxusunu belə söyləyir:

Aman Allah, nə yuxudu görürəm,

Açılacaq nə bəlalar başıma.

Görən kimsəm köç eylədi dünyadan,

Töhmət qoydu el-obalar başıma.

 

Aşıq Nəcəf ermənilər tərəfindən necə tutuldu?

Rus havadarlarının köməyi ilə silahlanaraq Qərbi Azərbaycanda qanlı qırğınlar törədən ermənilər Göyçəni də qan çanağına döndərmişdilər. Ermənilərin aramsız hücumlarından qurtulmaq üçün Aşıq Nəcəf də bütün el-obası kimi, əmisi oğlanları Molla Abuzər və Həsənqulu ilə birlikdə Kəlbəcərin İstibulaq kəndinə pənah aparırlar. Bu zaman Göyçənin güney, yəni Gədəbəyə, Qazaxa yaxın kəndləri (Şişqaya, Kəsəmən, Cil, Pəmbək və s.) yerindən tərpənməyibmiş. Zodlu Səməd Ağa, şişqayalı Kor Tanrıverdi (gözləri çəp olduğu üçün belə deyirmişlər.)O, həm də Göyçə üzrə Nikolayın "uçastkovı"sı işləyirmiş) çalışırmışlar ki, ermənilərlə müsəlmanlar arasında barışıq yaratsınlar. Belə «barışıq qonaqlıqlarının» birində, yəni, Zod kəndində Göyçəni talayıb darmadağın edən general Sülikovun başını daşkəndli Hacı Rəhim kəsir. (Sülikov əslən Azərbaycanın Şəki rayonunun Qarabağlı kəndindən olub). Sülikovun ölümündən qabaq Kor Tanrıverdi Aşıq Nəcəfə xəbər göndəribmiş ki, Nəcəf, araya barışıq qoyulub, köçünü qaytar Göyçəyə. Aşıq Nəcəf də əmisi oğlanları ilə birlikdə İstibulaqdan Şişqayaya dönəndə ermənilərə əsir düşür. Aşıq Nəcəfin əmisi oğlanları Molla Abuzər və Həsənqulu birtəhər ermənilərin əlindən qurtulub, qaça bilirlər. Sülikovun öldürülməsindən sonra daha da quduzlaşan ermənilər Kor Tanırverdini də, Səməd Ağanı da əsir götürürlər. Kəndləri isə oda qalayırlar. (Bəzi yazarlar səhvən Səməd Ağa, Kor Tanrıverdi və Aşıq Nəcəfin ölümləri arasında hansısa əlaqə axtarırlar. Hətta, Aşıq Nəcəfin faciəli ölümünü Səməd Ağayla bağlamağa çalışanlar da var. Ancaq bunlar tamamən yanlışdır. Belə ki, Səməd Ağa Kəvər (indiki Kamo) türməsinə salınmışdı. Kor Tanrıverdini isə öz mehtəri ilə Basarkeçərin köhnə bazarında bir-birlərinə öldürtmüşdülər. Sonradan Səməd Ağanın türmədə bir erməni dığasının ona vurduğu sillədən ürəyi partlayıb ölmüşdü. )Bu zaman və bundan bir ay sonra da Aşıq Nəcəf yaşayırmış və ermənilər öz şənliklərində onu oxutdururmuşlar. Elə Nəcəfin o günlərdə yazdığı şeirlər də onun dustaq həyatından xəbər verir:

Əsən yellər, bir Allahın eşqinə,

Mənim də ərzimi vətənə yetir.

Ümidim, pənahım, qibləgahımdı,

Zülümün daşını atana yetir.

 

Və yaxud arvadı Gülüstana yazdığı-

 

Nəcəfəm, üzünə qapılar bağlı,

Taleyi qaranlıq, sinəsi dağlı.

El-oba həsrətli, vətən soraqlı,

Mehribanım, şirin canım, hardasan?

 

Bir məqama da toxunmaq istərdim: Hələ Aşıq Nəcəf tutulmamış Hacı Rəhim (Sülikovun başın kəsən) eşidir ki, Nəcəf köçünü Şişqayaya gətirib, Hacı Kərəmin evinə yığılıblar. Hacı Rəhim oğlu Mehdidən ona belə bir namə göndərir:

Nəcəf, bağlanıbdı o bənd, o bərə,

Amandı, əlini elindən üzmə.

Qayıt Kəlbəcərə, aşır köçünü,

Allahın adını dilindən üzmə.

Aşıq Nəcəf isə Hacı Rəhimə cavab verir ki, artıq iş-işdən keçib. Qayıtmağa imkan yoxdur. Hacı Rəhimə bir şeir də göndərir:

Hacı, günahlarım bağışlanılmaz,

Eldən ayrı saldı fitnə-fel məni.

Qəzanın dəryası göz önündədi,

Aparacaq yaman daşqın, sel məni.

 

Başqa bir kövrək şeirində isə Hacı Rəhimə belə yazır:

 

Hacı Rəhim, sən Əsədə deginən,

Mənim də qeydimə qalsın, ağlasın.

Ağır məclislərdə, söz yığnağında,

Hərdənbir yadına salsın ağlasın.

Etiraf edim ki, mən özüm də «Aşıq Nəcəf və Gülüstan» dastanında bəzi səhvlərə yol vermişəm. Belə ki, Hacı Rəhim əvəzinə "Aşıq Rəhim" yazmışam. Bəziləri isə Hacı Rəhimi "Kalvayı Rəhim" kimi göstəriblər. Faktlar bir daha göstərir ki, şeirlər Hacı Rəhimə yazılıb. Həmən şeirlər Aşıq Nəcəfin yanından qayıdarkən yolda ermənilər tərəfindən vurulan Hacı Rəhimin oğlu Mehdinin cibindən çıxıb.

Tarixdə görünməmiş "erməni kəşfləri"...

Tarixdə çox kəşflər olub. Ancaq sən demə bir kəşf də varmış. Erməni vəhşiliyinin icad etdiyi "insan öldürmək kəşfləri". Bu vaxta qədər alman faşistlərinin vəhşiliyindən çox eşitmişdik. Sonradan məlum oldu ki, bunların çoxu sovet ideoloji aparatının uydurduğu yalanlar olub. Xocalı faciəsindən sonra bir daha anladım ki, yer üzündə erməni vəhşiliyi ilə ölçüyə gələcək ikinci bir dəhşət olmayıb. Həm də ermənilər insanı öldürmək üçün ən ağılasığmaz vəhşi kəşflər ediblər. İnsanın belinə qaynar samovar bağlamaq, körpələri dəmir boruya doldurub ağzını qaynaqlamaq, hamilə qadınların qarnını yırtıb hələ dünyaya gəlməmiş körpələri süngüyə keçirmək, ölmüş insanın meyidini təhqir etmək və s. İnsanın qanını donduracaq bütün bu vəhşi kəşfləri ermənilər ediblər və yaxşı olardı ki, gözləri kor, qulağı kar olan dünya bu kəşfləri nəhayət ermənilərin adına sənədləşdirəydi.

Uzun əzab və işgəncələrdən sonra daşnaklar Aşıq Nəcəfi Basarkeçərin yaxınlığındakı Çaxırlı kəndinin ərazisindəki "Küllü təpə"yə gətirirlər. Buradan Aşıq Nəcəfin kəndi Daşkənd də aydın görünürdü. Ömrün sonunun yetişdiyini görən Aşıq Nəcəf üzünü doğma kəndinə tutub, yanıqlı-yanıqlı oxuyur:

Könül quşu, uç, get vətən elinə,

Mənə o ellərdən bir xəbər gətir.

Yetir əhvalımı nər igidlərə,

Qasımı, Ziyadı birtəhər gətir.

 

Görsən nalə çəkir oğulsuz ana,

Deginən ömürü getdi bəd-fəna.

Qoy düşmən gülləsi dəyməsin mana,

Daşkənddən içməyə bir zəhər gətir.

 

Nəcəf bilmir harda qaldı Gülüstan,

Şəmiddin, Şəmistan, Mikayıl, Asdan.

İsmayıl körpəydi, çıxamadı yasdan,

Xudam, sən üzünə xoş səhər gətir.

Nə aşıq Nəcəfi gülləylə öldürdülər, nə də İsmayılın üzünə xoş səhər açıldı. Nəcəfin oğlanları Şəmistanı, Mikayılı, Asdanı və İsmayılı əsir götürüb yaxınlıqdakı «Tüstülü»-Qırxbulaq kəndində bir dama salmışdılar. Onları atın qabağına salıb Aşıq Nəcəfin yanına gətirirdilər. Yolda körpə Asdan və İsmayıl erməni qaniçənlərinin atlarının ayaqları altında qalaraq həlak oldular. Şəmistanla Mikayılı isə Aşıq Nəcəfin gözləri qarşısında ayaq-baş diri-diri torpağa basdırdılar. Bu dəhşətlərdən ürəyi para-para olan Aşıq Nəcəf yana-yana bu şeiri deyir:

Təzə-təzə göz açmışıq dünyaya,

Nə gün gördük, dövran sürdük, ay oğul.

Şükür qıldıq, bağban olduq, bağ əkdik,

Xəzan vurdu, heç nə dərdik, ay oğul!

 

Daha sonra üzünü erməni cəlladı Bolyanikə tutub deyir:

 

Səni də, məni də Allah yaradıb,

Gəl baş endir Yaradana, Bolyanik!

Vermə mənə bu zülmü, zilləti,

Batmaginən nahaq qana, Bolyanik!

 

Son anlarında yenə üzünü vətənə sarı tutub nalə çəkir:

 

Xəbər çatsa bu halıma,

Yaylaqların gülü ağlar.

Gözəllərin, göyçəklərin,

Çin-çin olan teli ağlar.

Bolyanikin arvadı da burada olur. Ərindən xahiş edir ki, bu aşığı öldürməsin. Erməni cəlladı naqanını çıxarıb arvadına tuşlayır və naqandakı bütün güllələri arvadının ürəyinə boşaldır ki, niyə türk aşığının xahişini edir. Nəcəf görür ki, artıq xilas yolu yoxdur, vaxtı çatıb, üzünü vətənə tutaraq bir bayatı çəkir:

El gəlsin an üstəyəm,

Gedirəm, kan üstəyəm.

Nə çəkilməz dərddi bu -

Yaram yox, can üstəyəm.

Erməni cəlladları aşığın sazını əlindən alıb sındıraraq yanan samovara doldururlar. Daha sonra qaynayan samovarı Aşıq Nəcəfin kürəyinə bağlayırlar. Yana-yana fəryadı ərşə yüksələn aşığı samovar kürəyində qurğuşuna tuturlar. Xalqın böyük sənətkarı o zamana qədər insanlığın görmədiyi dəhşətli bir əzabla öldürülür. Bu hadisə erməni faşistlərinin xalqımızın başına gətirdiyi minlərlə faciələrdən yalnız biridir. Əgər belə bir vəhşiliyi türklər törətsəydilər, ermənilər bütün dünyaya car çəkər, türkləri biabır etməkdən ötrü yüz yerdə heykəl qoyar, abidə ucaldar, daha hansı hoqqalar qalmazdı ki, çıxarmasınlar. Təəssüflər olsun ki, faciələrimizdən çox danışsaq da, nədənsə ciddi bir iş görməyə çalışmırıq. Məgər Aşıq Nəcəf kimi böyük bir sənətkarın heykəlini qoymaq, yaxud, bu faciəyə bir abidə yaratmaq olmazdımı?! Ən azı erməni vəhşiliyini dünyaya göstərmək üçün buna çox ehtiyac var!

SƏRRAF ŞİRUYƏ

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü


Etiket: Aşıq Nəcəf
Xəbərlər

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024

60 YAŞIN MÜBARƏK!

15.01.2024

AŞIQ İSLAM YUSİFOV
(1893-1968)

12.01.2024

Milli dövlətçilik tariximizin məğrur lideri

28.12.2023

Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə "Qərbi Azərbaycan yolunda" adlı konfrans keçirilir - FOTOLAR

28.12.2023

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU. BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

27.12.2023

AZƏRBAYCAN AŞIQ POEZIYASININ GÖRKƏMLİ NÜMAYƏNDƏLƏRİNDƏN BİRİ ŞAİR, USTAD AŞIQ NÖVRƏS İMANIN 120 İLLİK YUBİLEY TƏDBİRİ KEÇİRİLİB

26.12.2023

İLAHİ EŞQİN TƏRCÜMANI

24.12.2023

Müzəffər Ali Baş Komandan, Qarabağın Fatehi, sizi doğum günü münasibətilə təbrik edirk!

24.12.2023

Həsən Xəyallının şeirlərində dini məqamlar. “Qıfılbənd”in təhlili

21.12.2023

BÖYÜK MƏZRƏ - GÖYÇƏ MAHALI

10.12.2023

Dekabrın 7-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda Qərbi Azərbaycan əsilli rəssamların əsərlərindən ibarət sərgi açılıb.

07.12.2023

Tanınmış hərbi ekspert Telman Qasımov İrəvana səfər edib.    

05.12.2023

HƏYATDA ÖZÜMÜ XOŞBƏXT ADAM HESAB EDİRƏM Ki, HEYDƏR ƏLİYEVLƏ BİRGƏ İŞLƏDİM

04.12.2023

AMEA müxbir üzvü, Basarkeçər rayon icma sədri, professor Nuru Bayramov İnönü Universitetinin “Fəxri Doktoru” seçilib - FOTOLAR.

03.12.2023

 Bax, biz Göyçə torpağındayıq...

29.11.2023

BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ “Qərbi Azərbaycanda türk müsəlman abidələrinin erməni vandallığına məruz qalması” mövzusunda elmi seminar keçirilib - FOTOLAR

25.11.2023

SƏHRADA YALQIZLIQ

25.11.2023

Azərbaycanda ilk dəfə “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir FOTO

23.11.2023

İcma: Paşinyan hökumətindən azərbaycanlıların Ermənistanda öz dədə-baba yurdlarına qayıdış hüququnu tanımasını gözləyirik

21.11.2023

“Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunan - MÜBARİZ QULUYEV BABACAN KƏND İCMASININ SƏDRİ SEÇİLDİ-FOTOLAR

14.11.2023

Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib

08.11.2023

Qərbi Azərbaycan İcmasının Basarkeçər rayonu Dərə kənd sakinləri və Dərəli kökənli gənclərlə görüşü keçirilib.

07.11.2023

Ulu Öndər Heydər Əliyev xatirələrdə

31.10.2023

"Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi" hesabatının təqdimatı ilə bağlı konfrans keçirilib.

30.10.2023

Oktyabrın 27-də Qərbi Azərbaycan İcmasında (QAİ) “Ulu Öndər Heydər Əliyev xatirələrdə” kitabının təqdimatı keçirilib.

28.10.2023

“Oğul” filminin rejissoru: “Erməni hərbçilərdən biri Natiqin cəsurluğunu etiraf etdi” - MÜSAHİBƏ

26.10.2023

Nərimanlı gəncləri ilə görüş keçirilib - FOTOLAR

24.10.2023

TANINMIŞ ALİM, İSTEDADLI ŞAİR-PUBLİSİST - RAMİZ HƏSƏNLİ ŞİŞQAYA KƏND İCMASININ SƏDRİ SEÇİLDİ

21.10.2023

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qüdrətdən səngərli, qalalı dağlar” adlı konsert proqramı keçirilib.

21.10.2023

Erməni dostunun azərbaycanlı yazıçıya hər il yazdığı mesaj: “Axırda...” – Müsahibə

17.10.2023
Bütün xəbərlər