Həsən Xəyallının şeirlərində dini məqamlar. “Qıfılbənd”in təhlili

20:50 / 21.12.2023
Baxılıb: 1754

Qərbi Azərbaycanın Göyçə mahalının Azərbaycan elminin, milli mədəniyyətinin, o cümlədən, aşıq ədəbiyyatının formalaşmasında və inkişafında böyük rolu olmuşdur.

Qərbi Azərbaycanın Göyçə mahalının Azərbaycan elminin, milli mədəniyyətinin, o cümlədən, aşıq ədəbiyyatının formalaşmasında və inkişafında böyük rolu olmuşdur. Göyçə mahalının digər kəndləri kimi Daşkənd kəndinin də Göyçə aşıq məktəbində xüsusi yeri var.  Daşkənd Şair Məmmədhüseyn, Aşıq Nəcəf, Həsən Xəyallı, Aşıq Hacı, Sərraf Şiruyə, Aşıq Alqayıt, Aqil İman, Qılman İman, Araz Yaquboğlu kimi saz-söz ustaları, qələm adamları yetirmişdir. Yaradıcılıqları XIX əsrin əvvəllərindən üzübəri günümüzədək davam edən bu isimləri araşdıranda qabiliyyətin, istedadın genetik kodlarla nəsildən-nəsilə ötürülməsi fikri bir daha öz təsdiqini tapır. Belə ki, Azərbaycan oxucusunun sevdiyi şairlərdən Sərraf Şiruyə, Aqil İman və Molla Əmirxan Həsən Xəyallının oğlanlarıdır. Şair-publisist Qılman İman isə Aqil İmanın oğludur. 

Həsən Xəyallının dayısı İslam dinin mahir bilicilərindən və təbliğatçılarından olmuş Hacı Rəhim yaşadığı dövrdə Daşkənddə axund, molla kimi tanınmaqla, XX əsrin əvvəllərində ermənilərin Göyçə mahalında törətdiyi qırğına başçılıq edənlərə, o cümlədən, Nikolayın sağ əli olan, Göyçə mahalındakı müsəlmanlara qan udduran erməni qoşunlarına sərkərdəlik edən Selikova qarşı mübarizə aparanlardan biri olmuşdur. Anası Başxanım Şəfiqızı isə dini təhsilli olmaqla, həm də şair idi. 

Həsən Xəyallının dayısından və anasından aldığı dini biliklər və igidlik, qorxmazlıq şeirlərində özünü qabarıq şəkildə göstərir. Zəngin yaradıcılığı ilə Göyçə ədəbi mühitinə yeni nəfəs gətirən şairin qoşmaları, təcnisləri, deyişmələri və qıfılbəndləri oğlanları Sərraf Şiruyə və Molla Əmirxan tərəfindən araşdırılmış, toplanmış və nəşr olunmuş­dur.  Şairin bir çox şeirlərində, xüsusilə, qıfılbəndlərində İslam tarixində olduğu kimi, mömin könüllərdəki müstəsna yerini yüksək əxlaqi və insani keyfiyyətləri ilə qoruyan Hz.Əlidən bəhs edilir. “İmam Əliyə” adlı şeirində Hz.Əli barədə bildiyi hədislərə, rəvayətlərə əsaslanır, gah onun şəninə təriflər deyir, gah da çətin və keşməkeşli taleyinə “ağlayır”. 

...Səni görən dedi: -sirri-sürətdi,

Hər addımı möcüzədi, qüdrətdi.

Həsrətin Daloğlu Dalı göynətdi,

Salsalı dünyadan itirən Əli!

 

Anadan olmamış möcüzat səndə,

Ağ devin barmağın sən saldın bəndə.

Göründün Rəsula Mehrac evində,

Almanın nisbini gətirən Əli!

Şairin bu misraları məktəbini keçdiyi Aşıq Ələsgəri xatırladır:  

Sidq ilə tutmuşam, çağırram səni,
Xеybərin qalasın alan, ya Əli!
Hər kim ayırarsa yarı yarından,
Еlə tacü taxtın talan, ya Əli! (Aşıq Ələsgər, “Ya Əli”)

O da Aşıq Ələsgər kimi sıxıntı anında Hz.Əlidən mərhəmət diləyir, ona güvənir, “gücünə” arxalanır. 

Qeyd edək ki, türk aşıqlıq ənənəsində adətən bölgədəki zəngin və ağalara sataşmalar olub. Şeirdə adı çəkilən “Daloğlu Dal” da bir çox aşıq-ozanların şeirlərində işlənən obrazdır.

Şair “Salsalı dünyadan itirən Əli!” dedikdə, Anadoluda Hz.Əlinin adına yazılmış ilk türk əsəri olan dastandan bəhs edir. “Həzrət Əli cəngnamələri” və ya “Həzrəti Əli dastanı” adlanan bu əsər Hz. Əlinin türk düşüncə dünyasındakı əhəmiyyətini ortaya qoyur. Dastanda Hz.Əli Salsal adlı nəhəng bir divlə döyüşür və qalib gəlir. Burada, Hz.Əlinin qəhrəmanlığı və müqəddəsliyi tərif edilir, onun möcüzə və vəlilik qüdrəti təsvir olunur. Təbii ki, bütün bunlar eyni zamanda Peyğəmbər dövründə İslamın yayılmasındakı çətinlikləri diqqətə çatdırmaq səyidir. 

Şeirdən görünür ki, Hz.Əliyə olan sevgisi şairin qəlbini fəth edib, bəndlər, misralar həsrətin, məhəbbətin, kədərin ətrini yayır, onun üçün deyilən sözlər onun böyüklüyünə çata bilməyən müəllifin acizliyini ifadə edir. 

Könlüm həsrətində, fərağındadı,

Gecəli-gündüzlü sorağındadı.

Canım axirətdə qulluğundadı:

Dünyanın yükünü götürən Əli!

Dünyanın darlığından qurtarmaq üçün onu himayə etməsini istəyir, möcüzələrinə inanır. 

Xəyallı çağırır: ya sirri Xuda!

Sənin sürətini gördüm yuxuda.

Məni xidmətindən etməynən cida,

Aşiqi məşuqə çatdıran Əli!

Şeirin son bəndində şair yuxuda bir surət gördüyünü qeyd edir. Bu misra oxucuda sual doğurur: Yuxuda görülən “Xuda”nın surətidir, yoxsa İlahiləşdirilən Hz.Əlinin surətidir? Hər iki məqamda şairin gördüyündən təvəqqəsi vardır. O da Aşıq Ələsgər kimi mövlasından onu xidmətindən uzaq etməməsini diləyir. “Aşiqi məşuqə çatdıran Əli” – deyərək, onu Allahla öz arasında vasitəçi tutur. Şair bu misralarla eyni zamanda üstüörtülü şəkildə Hz.Əlinin ilahi sirlərə çatması, hikmət sahibi olması, övliya olması, əldə etdiyi mənəvi məqam və mərtəbələri diqqətə çatdırmaq istəyir. 

Şeir ümumi məzmununa görə dahi Füzulinin yaradıcılığında mühüm yer tutan Məhəmməd Peyğəmbərə, Hz.Əliyə yazdığı mədhiyyə, tərifnamə qəsidələrinə bənzəyir.  

Yüz məşəqqət çəksə, kami-dil tapar əncami-kar,
 Hər kimin aləmdə mövlası Şəhi-Mərdan olur. 

(M.Füzuli, “Vəh nədir ol tairi-fərxəndəbalü tiz pər.” Qəsidə)

Əli dini, əxlaqi, ictimai və ədəbi həyatımıza bir çox cəhətdən daxil olsa da, o, ədəbi nümunələrdə qəhrəmanlıq, alicənablıq, elm, hikmət və vəlilik nümunəsi” kimi xüsusi qeyd olunur. Mütəfəkkirlər, sufilər, divan və el şairləri, hətta sünnü şairlər və ələvilər də ondan ilham alaraq həyatlarının mənasını, qəlblərinin odunu, nəfəs almaq şövqünü qazanmış, yazıb yaratmışlar. Dövrünün şair-ozanlarının əksəriyyətinin müraciət etdiyi bu mövzular Həsən Xəyallının da yaradıcılığından yan keçməmişdir. 

Bu məqalədə əsasən şairin bir “Qıfılbənd”inin təhlilinə geniş yer ayırmaq istəyirik.              

Yığılsın şairlər, axund, mollalar,

Bu hikmətli sualları açsınlar.

Həcran, Siccin, Hütəmə və Haviyə,

Hər nədirsə, bu yolları açsınlar.

 

Təsnim nədir?- o hardadır, desinlər,

Vəlid əl Muğirə kimdi bilsinlər.

As İbni Valindən xəbər versinlər,

İlliyyundan əhvalları açsınlar.

 

Gələn kor kim idi?- gördü peyğəmbər,

Çevirib üzünü oldu mükəddər.

Bu dəm Mustafaya getdi nə xəbər?

Bilən varsa, bu qolları açsınlar.

 

Nədir Zülhəccənin birinci günü?

İrəm obasının nə oldu ünü?

Ədi kimdir?- tapıb o xoş düyünü,

Bu xanəni, bu xalları açsınlar.

 

Nə vaxt, niyə ötüşəcək mələklər?

Yer altda çönəcək torpaq bəlkələr.

Harda odlanacaq kafir ürəklər?

Axund, molla bu halları açsınlar.

 

Diri basdırılan o qız kim olub?

Nə günah üstündə əzabla solub.

Hər kim Xəyallıtək bu elmə dolub,

Əqəbədi - zavalları açsınlar.

1-ci bəndin izahı:

Buradakı  “Həcran, Siccin, Hütəmə və Həviyyə” Cəhənnəmin mərtəbələri və o mərtəbələrin sifətləri, xüsusiyyətləridir. 

Şair oxucunu bu bilgilərlə sorğuya çəkir və sualların cavabını istəyir. 

2-ci bəndin izahı:

1-ci misradakı “təsnim” sözü yalnış yazılıb. Düzgün yazılış “təcnim”dir və cənnətdə bulaq adıdır.   

2-ci misradakı “Vəlid əl Muğirə kimdir?”  Tam adı: Ebü Abdişems el-Velid b. əl-Muğirə b. Əbdillah əl-Məhzumi (v. 1/622) Hz. Peyğəmbərin və İslamın qatı düşmənlərindən biridir.

3-cü misradakı “As İbni Vali” Burada “Vali” sözü yalnış yazılıb, düzgün yazılışı “Vail”dir. As İbni Vail – Məkkənin varlı adamlarından biri olmuşdur. Məhəmməd peyğəmbərə və ilk müsəlmanlara qarşı düşmən mövqe tutan bir şəxsdir.

4- cü misradakı İlluyun - yüksək mövqe, ucalmaq. 

“Qurani-Kərim”də adı çəkilən İlliyyin Cənnətdə yaxşıların əməl dəftərinin yerləşdiyi ali məqam kimi göstərilir, həm də Allaha yaxın bəndələrin müşahidə etdikləri yer kimi şərh olunur. (Surə: əl-Mutaffifin 83, ayə: 18-21):

“18. Xeyr! (Möminlərlə kafirlər eyni ola bilməzlər). Şübhəsiz ki, yaxşı əməl və itaət sahibi olan möminlərin əməl dəftəri (Allahın ən müxlis bəndələrinin əməlləri yazıldığı və ya Cənnətin ən yüksək mərtəbəsi olan) İlliyyundadır! 19. Sən nə bilirsən (haradan bilirsən) ki, İlliyyun nədir?! 20. O, yazılı bir kitabdır. 21. Onu ancaq (Allaha) yaxın olan mələklər görə bilər!”

Şair burada “İlliyyin” məqamının əhəmiyyətini və əzəmətini bildirir. 

3- cü bəndin izahı:

3- cü bənddə şair bir rəvayətdən bəhs edir. O rəvayət “Peyğəmbər, kor adam və ilahi xəbərdarlıq”dır. Rəvayət olunur ki, bir gün Hz. Məhəmməd Məkkənin mühüm şəxsiyyətlərinə İslamı izah etməyə çalışır, onları İslama dəvət edir. Amma müşriklər onu qəbul etmirlər və üstəlik ələ salırlar. Bu vaxt onun yanına kor bir adam gəlir və deyir: “Allahın sənə öyrətdiyini mənə də öyrət”.

Hz. Məhəmməd həmin vaxt kişiyə cavab vermir, üzünü çevirib gedir. “Çevirib üzünü oldu mükəddər” Mükəddər – kədərli. Çünki Məkkənin sayılan ulularının rəftarı onu kədərləndirmişdi. Kor yenidən səsləndikdə Hz. Məhəmmədin üz cizgiləri şəkildə dəyişir. Həmin vaxt bu hadisəyə əsaslanan aşağıda göstərilən ayələr gəlir:  

Əbəsə (Qaşqabağını tökdü) surəsi, 80-ci surənin 1-11-ci ayələri: 

“1. (Peyğəmbər) qaşqabağını töküb üzünü çevirdi. 2. Yanına korun (Abdullah ibn Ümmi-Məktumun) gəlməsindən dolayı. 3. Nə bilirsən, bəlkə də, o (səndən islama dair soruşub öyrənəcəkləri ilə) təmizlənəcəkdir! 4. Yaxud öyüd dinləyəcək və bu öyüd ona fayda verəcəkdir! 5. (Var dövlətinə güvənib sənin öyüdnəsihətinə qulaq asmağa) ehtiyac hiss etməyənə (dövlətliyə) gəldikdə, 6. Sən üzünü ona tərəf çevirirsən (onun sözünə qulaq asırsan). 7. Onun (küfrdən) təmizlənməsindən sənə nə?! 8. Yüyürə-yüyürə sənin yanına gələn, 9. Və (Allahdan) qorxan kimsəyə gəldikdə isə, 10. Sən ondan üz çevirirsən!11. Xeyr! (Belə yaramaz, bir daha belə etmə). Həqiqətən, bu (ayələr) bir öyüd-nəsihətdir. 12. Kim istəsə, ondan öyüd alar.”

4-cü bəndin izahı:

1-ci misrada “Nədir Zülhəccənin birinci günü?” İslamda Zilhiccә ayının fəziləti haqqinda belə bir fikir var ki, Zilhiccә ayı – Ramazan ayı ilә rәqabәt edә bilәcәk yeganә aydır. Buna görә dә, İslam alimlәri arasında ‘Ramazan ayının son 10 günümü, yoxsa Zilhiccә ayının ilk 10 günü daha fәzilәtlidir?” – deyә fikir ayrılığı vardır. 

“Qurani-Kərim”də   (əl-Fəcr surəsi, 1-2 ayə) deyilir: “1. And olsun dan yerinə; 2. And olsun on gecəyə (zülhiccə ayının birinci, yaxud ramazan ayının sonuncu on gecəsinə).”

İbn Abbasdan rəvayət olunduğuna görə, Hz. Məhəmməd belə buyurmuşdur: “Bu günlərdə edilən saleh əməlin, Allah-Təalaya daha sevimli olduğu başqa günlər yoxdur. (Әbu Davud, Tirmizi, İbn Macə)”

İbn Ömərdən rəvayət olunduğuna görə, peyğәmbәr belə buyurmuşdur: “Allah dərgahında, içərisində saleh əməl işlənən bu on gündən savabı daha böyük və O’nun (Allahın) daha çox bәyәndiyi başqa günlər yoxdur. O halda, bu günlərdə bol-bol təhlil (Lə iləhə illəllah), təkbir (Allahu Әkbər) və təhmid (Әlhəmdulillah) deyin”. (Әhməd, Musnәd). – Yəni bu zikrləri çoxlu deyin. Və s.

2-ci misrada “İrəm obasının nə oldu ünü?”  deyə soruşulur. Quranda Əhqaf adı ilə xatırlanan İrəm (ərəb. إرَم) Yəmən və Ümman (bəzi mənbələrdə Oman) arasında yerləşən, mərtəbəli evləri, möhtəşəm sarayları və məşhur İrəm üzüm bağları ilə tanınan bir şəhərdir.

Bu şəhərin adı “Qurani-Kərim”də  yenə də “əl-Fəcr surəsi”nin 6-cı və 8-ci ayələrində qeyd olunur və Ad qövmünün yaşadığı şəhər kimi təqdim edilir: 

“6. (Ya Peyğəmbər!) məgər görmədinmi ki, Rəbbin nələr etdi Ada (Hud peyğəmbərin Ad qövmünə)?! 7. Sütunlar sahibi (və ya: sütun kimi uca boylu) İrəmə (İrəm camaatına)?! 8. (Elə bir qövm ki) məmləkətlər (əhli) arasında onun kimisi yaradılmamışdı.”

Köhnə mətnlərdə şəhər və camaat haqqında hökmdarlarının Cənnətə oxşayan bir üzüm bağı saldıqları və üzüm bağının “İrəm Bağı” adlandırıldığı bildirilir. Quranda yazılanlara görə, bu şəhər və Ad qövmü ilahi əzaba düçar olmuş və məhv edilmişdir. “Qurani-Kərim”dən başqa heç bir müqəddəs kitabda bu şəhərin və onun əhalisinin adı çəkilmir. 

Şairin soruşduğu İrəm obasının ününün- səsinin nə olmasını iki cür izah etmək olar. Həm o dövrdə mərtəbəli (sütünlü) binalarının olmasıdır ki, belə binalar başqa heç yerdə yox idi; həm də cənnətə oxşayan çeşmələri, bağları ilə ün saldığını nəzərdə tuta bilər. 

3-cü  misrada “Ədi kimdir?- tapıb o xoş düyünü” deyən şair çox güman ki, bəzi hədis və rəvayətlərə əsaslanır. Burada da “Ədi”ni iki cür təhlil edə bilərik. Birinci, bir mənbədə deyilir ki, Ad, Nuhun nəvələrindən olan Avsın oğludur. Avşın atası İrəm, atası Hz. Nuhun oğlu Samdir. Tarixçilər və təfsirçilər Ad qəbiləsini iki yerə bölürlər: Əd-i ula və əd-uhrə. Hz. Hudun peyğəmbər olaraq göndərildiyi qəbilə Əd-i Ula idi. “Nəcm” surəsinin 50-ci ayəsində “Allah ondan əvvəl gələn Ad qövmünü məhv etdi” buyurulur.”  

Bu səbəblə təfsirçilər, “Qurani-Kərim”də Ad və Hz. Hudla bağlı qeyd olunan ümumi hadisələrin hamısının Ad qövmünün ilk tayfası ilə əlaqəli olduğu qənaətindədirlər. “Əd-i ula” məhv edildikdən sonra bu qəbilədən sağ qalanların nəslindən ikinci Ad, yəni “Əd-i uhra” meydana gəldi. İslam filosofu Mahmud Zəməxşəriyə görə, İrəm şəhərinin sahibi olan bu ikinci Ad qəbiləsidir. Təfsirçilərə görə “Ən-Nəcm” surəsinin 50-ci ayəsində Ad qəbiləsinin adı çəkilsə də, ikinci Ad qəbiləsi açıq şəkildə qeyd olunmur.

Həsən Xəyallının bu qıfılbənddə bəhs etdiyi “Ədi”nin ikinci mənasının “Əd-i uhra” olması ehtimalı daha çoxdur.  

“Ədi kimdir?- in ikinci izahı isə Allahın 99 ismindən (Əsmaül-hüsna) biri ola bilər ki, bu, “Əd-Darr: Zərər verənlərin yaradıcısı”dır. Belə ki, Allah, onun dinini inkar edən Ad qövmünü cəzalandırmaqla düyünü açmışdır.  

5-ci və 6-cı bəndlərin izahı:

Bu bəndlərdə şair, Qiyamət gününü soruşur və “Qurani-Kərim”in “Təkvir” surəsinə əsaslanır. Surənin 1-7-ci ayələrində Qiyamətin qopması təsvir olunur. 8-9-cu ayədə isə Qiyamət günündə diri-diri torpağa basdırılan qız uşağının hesabının soruşulacağı qeyd olunur: “1. Günəş sarınıb büküləcəyi zaman, 2. Ulduzlar sönüb töküləcəyi zaman, 3. Dağlar hərəkətə gətiriləcəyi zaman, 4. On aylıq boğaz dəvələr başlı-başına buraxılacağı zaman, 5. Vəhşi heyvanlar bir yerə yığılacağı za­man, 6. Dənizlər qaynayıb daşacağı zaman, 7. Ruhlar bədənlərə qovuşacağı zaman, 8. Diri-diri torpağa basdırılan qız uşağının soruşulacağı zaman -9. Hansı günaha görə öldürüldü deyə.”

Şeirin sonuncu misraları “Hər kim Xəyallıtək bu elmə dolub, Əqəbədi - zavalları açsınlar.” – dedikdə, şair Məkkədə, Mina hüdudlarında ətrafı təpələrlə əhatə olunmuş Əqəbə vadisini və müşriklərin qadağasına baxmayaraq gizlicə iki görüş təşkil edən, bu görüşlərdə müəyyən bir qrupun islamı qəbul etməsinə vasitəçi olan, Məhəmməd Peyğəmbərə beyət edən, sonrasında isə Mədinədə İslamın yayılmasında iştirak edən, aralarında qadın da olmaqla 12 nəfəri (Əqəbədi - zavalları) qeyd edir. 

Nümunələr təsdiq edir ki, Həsən Xəyallı xalq arasında əsasən aşıq-şair kimi tanınsa da, “Qurani-Kərim”i, hədisləri, dini rəvayət və hekayətləri yaxşı bilirdi. Onun şeirlərinin müəyyən hissəsi ümumilikdə haqqa, ədalətə, İslam dininə əməl etməyə çağırışdır. 

Adilə Nəzərova 

Filologiya üzrə fəlsəfə doktoru


Etiket:
Xəbərlər

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024

60 YAŞIN MÜBARƏK!

15.01.2024

AŞIQ İSLAM YUSİFOV
(1893-1968)

12.01.2024

Milli dövlətçilik tariximizin məğrur lideri

28.12.2023

Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə "Qərbi Azərbaycan yolunda" adlı konfrans keçirilir - FOTOLAR

28.12.2023

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU. BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

27.12.2023

AZƏRBAYCAN AŞIQ POEZIYASININ GÖRKƏMLİ NÜMAYƏNDƏLƏRİNDƏN BİRİ ŞAİR, USTAD AŞIQ NÖVRƏS İMANIN 120 İLLİK YUBİLEY TƏDBİRİ KEÇİRİLİB

26.12.2023

İLAHİ EŞQİN TƏRCÜMANI

24.12.2023

Müzəffər Ali Baş Komandan, Qarabağın Fatehi, sizi doğum günü münasibətilə təbrik edirk!

24.12.2023

Həsən Xəyallının şeirlərində dini məqamlar. “Qıfılbənd”in təhlili

21.12.2023

BÖYÜK MƏZRƏ - GÖYÇƏ MAHALI

10.12.2023

Dekabrın 7-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda Qərbi Azərbaycan əsilli rəssamların əsərlərindən ibarət sərgi açılıb.

07.12.2023

Tanınmış hərbi ekspert Telman Qasımov İrəvana səfər edib.    

05.12.2023

HƏYATDA ÖZÜMÜ XOŞBƏXT ADAM HESAB EDİRƏM Ki, HEYDƏR ƏLİYEVLƏ BİRGƏ İŞLƏDİM

04.12.2023

AMEA müxbir üzvü, Basarkeçər rayon icma sədri, professor Nuru Bayramov İnönü Universitetinin “Fəxri Doktoru” seçilib - FOTOLAR.

03.12.2023

 Bax, biz Göyçə torpağındayıq...

29.11.2023

BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ “Qərbi Azərbaycanda türk müsəlman abidələrinin erməni vandallığına məruz qalması” mövzusunda elmi seminar keçirilib - FOTOLAR

25.11.2023

SƏHRADA YALQIZLIQ

25.11.2023

Azərbaycanda ilk dəfə “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir FOTO

23.11.2023

İcma: Paşinyan hökumətindən azərbaycanlıların Ermənistanda öz dədə-baba yurdlarına qayıdış hüququnu tanımasını gözləyirik

21.11.2023

“Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunan - MÜBARİZ QULUYEV BABACAN KƏND İCMASININ SƏDRİ SEÇİLDİ-FOTOLAR

14.11.2023

Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib

08.11.2023

Qərbi Azərbaycan İcmasının Basarkeçər rayonu Dərə kənd sakinləri və Dərəli kökənli gənclərlə görüşü keçirilib.

07.11.2023

Ulu Öndər Heydər Əliyev xatirələrdə

31.10.2023

"Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi" hesabatının təqdimatı ilə bağlı konfrans keçirilib.

30.10.2023

Oktyabrın 27-də Qərbi Azərbaycan İcmasında (QAİ) “Ulu Öndər Heydər Əliyev xatirələrdə” kitabının təqdimatı keçirilib.

28.10.2023

“Oğul” filminin rejissoru: “Erməni hərbçilərdən biri Natiqin cəsurluğunu etiraf etdi” - MÜSAHİBƏ

26.10.2023

Nərimanlı gəncləri ilə görüş keçirilib - FOTOLAR

24.10.2023

TANINMIŞ ALİM, İSTEDADLI ŞAİR-PUBLİSİST - RAMİZ HƏSƏNLİ ŞİŞQAYA KƏND İCMASININ SƏDRİ SEÇİLDİ

21.10.2023

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qüdrətdən səngərli, qalalı dağlar” adlı konsert proqramı keçirilib.

21.10.2023

Erməni dostunun azərbaycanlı yazıçıya hər il yazdığı mesaj: “Axırda...” – Müsahibə

17.10.2023

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Qərbi Azərbaycan İcmasının TƏBRİKİ

17.10.2023
Bütün xəbərlər