Azərbaycan dili aşiqlərin dilidir... -Buludxan Xəlilov, filologiya üzrə elmlər doktoru, professor

19:58 / 19.08.2019
Baxılıb: 3874

Dilin ilk aşiqləri xalqın özüdür. Xalq doğma ana dilində folklor nümunələri yaratmaqla dilin bədii im­kanlarını üzə çıxarmış, dilin nəyə qadir olduğunu göstərmişdir.


Hər iki kəlmə – Azərbaycan dili və aşiqlərin dili kəl­mələri bir bahar günəşi kimidir. Bu kəlmələr bir-birinin yanında həm də bahar günlərini xatırladır. Qəlbimizdə bəyaz və parlaq duyğular oyadır. Bunlar dilimizin lüğət tərkibinin qızıl kəlmələridir. Həm də isimlər içərisində hər bir kəsin sevdiyi isimlərdir. Belə kəlmələrin öz iyi, öz ətiri olur. Həmin qoxunu, ətiri iyləmək, qoxulamaq bir səadətdir. Bu səadətə qatılanlar təkcə xoşbəxt deyil, həm də dil aşiqləridir. Min beş yüz ildir ki, ədəbiyyata xidmət edən ədib­lə­rin, şairlərin hər biri sözün həqiqi mənasında dil aşiqləridir. Daş, gil, dəri, kağız üzərində yazılan mətn­lərimiz, ədəbi-bədii nümunələrimiz nə qədər qiy­mə­tlidirsə, onları yazanlar da bir o qədər qiymətli olan aşiqlərimizdir. Onlar dilə, ədəbiyyata, mədəniy­yə­tə, tarixə aşiq olaraq, olub keçənləri yazıya almış­lar. Bununla da onlar dilə, ədəbiyyata, mədəniyyətə, tarixə olan sevgilərini bir aşiq simasında təqdim etmişlər. Oğuz elinin ən böyük aşiqlərindən biri Or­xon-Yenisey yazılarını daş üzərində həkk edənlərdir. Qobustan qayaları üzərində rəsm çəkənlərdir. Gəmi­qaya yazılarını yazanlardır. Onlar daş üzərində yazı həkk etməklə dilə, ədəbiyyata, mədəniyyətə, tarixə xidmət edən aşiqlərdir. Min beş yüz ildən çoxdur ki, ədəbi-bədii düşüncəmiz yazılır, oxunur və bu da nə­sil­lər arasında körpü yaradır.

Dilin ilk aşiqləri xalqın özüdür. Xalq doğma ana dilində folklor nümunələri yaratmaqla dilin bədii im­kanlarını üzə çıxarmış, dilin nəyə qadir olduğunu göstərmişdir. Daha sonra yazılı dilin imkanlarından ədiblər və şairlər gen-bol istifadə etmişlər. Dilin ilkin aşiqləri xalqın özü, ikinci aşiqləri isə ədibləri və şairləri olmuşdur. Min beş yüz illik Oğuz ədəbiyyatı tarixində Mahmud Kaşğaridən sonra Əlişir Nəvai ən böyük aşiqlərdən biri kimi tarixə düşmüşdür. O, türk dili üçün böyük xidmətlər göstərmişdir. Əlişir Nəvai XV əsrin Türküstan şairi olmaqla fars dilində yazan­ların qarşısına türk dilində yazmaqla çıxmışdır. O dövrdə doğma dilini, türk dilini fars dilindən üstün tutmaq böyük cəsarət tələb edirdi. Əlişir Nəvai fars dilində yazmağın bir ənənəyə çevrildiyindən çəkin­mə­yərək türk ədib və şairlərinin türk dilində yazması üçün onları qəflət yuxusundan oyatmışdır. Öz şeir­lərini türk dilində yazmaqla farsca şeir yazanlara eti­raz etmiş, türk sözlərinin təbiiliyini, gözəlliyini, bədii imkanlarını öz dövründəki və öz dövründən sonra gələn ədiblərə, şairlərə anlada bilmişdir. Əlişir Nəvai öz doğma türkcəsində yazmaqla ərəb və fars dil­lə­rinin etdiyi xidmətlərə, oynadığı rola kölgə salma­mış­dır. Məsələn, ərəb dilinin “Quran”ın dili kimi üs­tün bir dil olduğunu qəbul etmiş, oradakı hədislərdən gətirdiyi nümunələr əsasında ərəb dili ilə bağlı görüş­lərini də təqdim etmişdir. Bununla yanaşı, “Mühaki­mətül-lüğəteyi” adlı əsərində türk və ərəb dilləri ilə bağ­lı görüşlərini də çatdırmaqdan yan keçməmişdir. Türkcənin zənginlikləri və incəlikləri sırasında mü­hüm rol oynayan bəzi məqamları nəzərə çatdırmışdır. Məsələn, türkcənin feil zənginliyi, cinas yaratmaq imkanları, qafiyə ənənəsinə malik olması və s. Əlişir Nəvaiyə görə, türkcə sözlər bir “bahar gülü”dür. O, türkcənin dərinliklərinə baş vuran zaman orada gör­dü­yü gözəllikləri belə anlatmışdır: “Bu aləmin gül bağçalarına girdim. Gülləri fələyin günəşindən daha parlakdı. Hər yanında göz görmədiyi, əl dəymədiyi daha nələr və nələr vardı. Amma bu zirzəminin ilanı qan tökən və bu güllərin tikanı saysızdı. Bunları gö­rün­cə düşündüm və dedim ki: Demək bizim Türk şair­ləri bu qorxulu və tikanlı yollardan çəkindikləri üçün türkcəni buraxıb getmişlər. Mən Türkcənin fə­za­sında təbiətimin atını azadlığa buraxdım; xəya­lı­mın quşunu qanatlandırdım. Vicdanım bu xəzinədən nəhayətsiz qiymətli daşlar, ləllər, incilər aldı; könlüm bu gül bağçasının dürlü çiçəklərindən uçsuz-bucaqsız gözəl qoxular qoxuladı”.

Türk dilinin digər aşiqlərindən biri də Məhəm­məd Füzulidir. Məhəmməd Füzuli Əlişir Nəvai kimi türk dilinin şeir dili kimi böyük gücə malik olduğunu söyləmişdir. O demişdir:

 

Ol səbəbdən farsi ləfzilə çoxdur nəzm kim,

Nəzmi-nazik türk ləfzilə ikən düşvar olur.

Ləhceyi-türki qəbulu-nəzmi-tərkib etməyib,

Əksərən əlfazi namərbutü nahəmvar olur.

Məndə tövfiq olsa bu düşvarı asan eylərəm.

Novbahar olğac tikəndən bərgi-gül izhar olur.

 

Məhəmməd Füzuli fars dilində daha çox şeirlər yazıldığını, türk dilində isə bu baxımdan hələ çətin­lik­lə­rin olduğunu demişdir. Allahın yardımı ilə türk dilində incə şeirlər yaratmağı müqəddəs bir iş kimi öz üzərinə götürmüşdür. Bununla da Əlişir Nəvaidən sonra Mə­həmməd Fizuli türk dilinin Yaxın və Orta Şərq klassik ədəbiyyatında ərəb, fars dilləri ilə bir­lik­də mühüm yer tutması üçün əlindən gələni əsirgəməmişdir.

Dilə aşiq olanlar, dili sevənlər yaxşı olan hər bir şeydə aşiq olduqları, sevdikləri dilin təbiətini, ruhunu axtarırlar. Sevginin, aşiqliyin növləri müxtəlifdir: fə­sil­lərə sevgi, güllərə və çiçəklərə sevgi, rənglərə, səs­lə­rə, işıqlı dünyaya və s. Ancaq bunların içərisində dilə olan aşiqlik və sevgi tamamilə fərqlidir. Bu fərqi dildən istifadə edənlərin hər biri başa düşür, anlayır. Sözlərin dildə çələng yaratdığını bilir. Sevdikləri hər bir şeyi üstün tutduqları kimi, sevdikləri və aşiq olduqları dili də başqa dillərdən üstün tuturlar. Dilə olan sevgi, aşiq­lik dil aşiqlərinin dillərini (üslub­larını) yaradır. Odur ki, türkcənin içərisində “Əlişir Nəvai türkcəsi”, “Məhəm­məd Fizuli türkcəsi” vardır. Onlar türkcəyə aşiqlik sa­yə­sində türkcənin içərisində bir türkcəni yaşatmışlar. Türkcə, o cümlədən Azər­bay­can dilində yazan şairlərin, ədiblərin hər biri öz üslublarını formalaşdırmışdır. Güclü və nüfuzlu üslub­ların təsiri altında min illərdir ki, ədəbiyyat yaranır və inkişaf edir.

Əsli türk olan ədib və şairlərin ərəb, fars dillə­rin­də yazması heç də onların türkoloji düşüncələrini əlindən almamışdır. Onlar türk kimi düşünmüş, türk olduqlarını qürur yerinə çevirmiş, sadəcə olaraq döv­rün qəbul etdiyi, məqbul saydığı ərəb və fars dillə­rin­də yazmışlar. Bunlardan biri də türk olmasına və tür­ko­loji düşüncəyə sadiq olan, ancaq fars dilində yazan Nizami Gəncəvidir. Q.Təbrzinin, Ə.Xəqaninin, N.Gən­­cəvinin və farsca yazan digər sənətkarların milli düşüncə tərzi heç vaxt zəif olmamışdır. Həm də onların mənsub olduqları milli dil (Türk//Azər­bay­can) heç də ərəb, fars dilindən zəif olmamışdır. Təsa­düfi deyil ki, Şirvanşah Axsitan Nizami Gəncəvidən “Leyli və Məcnun” poemasını türkcə (Azərbaycan dilində) deyil, fars dilində yazmasını istəmişdir. Şirvanşah Axsitanın bu istəyinin müqabilində Nizami Gəncəvinin “Beyninə qan vurması, dodağının əsməsi” bir fakt kimi öz təsdiqini tapmışdır. Deməli, fars dilinin poeziya dili olduğu dövrdə türk (Azərbaycan) dilinin nüfuzu heç də ondan geridə qalmamışdır. Belə olmasaydı, Şirvanşah Axsitan Nizami Gəncəviyə de­məzdi ki, “Leyli və Məcnun” poemasını fars dili ilə bəzəsin, türckə yazmasın. Hətta Şirvanşah Axsitan türkcə yazmağı, danışmağı özlərinə yaraşdırmamış, farsları yüksək sülalə hesab etmiş, yüksək sözün fars dilində deyildiyini məqbul bilmişdir. Bu da Şirvan­şah Axsitanın türk (Azərbaycan) dilinə olan qısqanc­lığını təsdiq edir. Yəni fars dilini türk dilindən üstün tutmaq, poemanı türk dilində deyil, fars dilində yazmaq istəyi qısqanclıq və türk dilinin nüfuzundan narahat olmaqdan başqa bir şey deyildir. Qeyd edək ki, Nizami Gəncəvidən fərqli olaraq Əlişir Nəvai və Məhəmməd Fizuli türk dilində yazmaq yolunda mü­ca­dilə etmiş və buna da nail olmuşlar. Məsələn, Məhəmməd Füzuli “Leyli və Məcnun” poemasını yazarkən demişdir:

 

Leyli-Məcnun əcəmdə çoxdur,

Ətrakdə ol fəsanə yoxdur.

Təqrirə gətir bu dastanı,

Qıl tazə bu əski bustanı.

 

Məhəmməd Füzuli “Leyli və Məcnun” poema­sı­nın əcəmdə çox yazıldığını, türkcə yazılmadığını söyləmiş və türkcə ən gözəl “Leyli və Məcnun” poe­masını yazmışdır. Bununla da türk dilinin bütün gö­zəl­liklərini, imkanlarını və türk dilinə aşiqliyinin əbə­diliyini sübut etmişdir. Əgər onun türk dilinə sevgisi və aşiqliyi olmasaydı, o, türk dilində belə gözəl “Leyli və Məcnun” poeması yaza bilməzdi.

Dilə sevgi, aşiqlik dilin ətrini, qoxusunu, imkan­larını üzə çıxarır, dili tanıdır, başqalarına sevdirir. Sevgi və aşiqlik nadanlığı, cəhaləti, qaranlığı alt-üst edir, ətrafı və bütün aləmi işıqlandırır. Bu mənada türk dilində yazan Əlişir Nəvainin, Məhəmməd Fü­zu­linin xidmətlərinə belə yanaşmalı və qiymət ver­mə­liyik. Bu gün hər bir türk dilinin milliləşməsi, zənginləşməsi və gözəlləşməsi yolunda ilk mübarizə və mücadilə edənləri (Əlişir Nəvaini, Məhəmməd Füzulini və digərlərini) unutmamalıyıq. Ona görə ki, vaxtilə təqiblərdən, yasaqlardan qorxmayaraq türkcə yazmaq türk ədəbiyyatı tarixinə ən böyük töhvə olmuşdur. Əgər belə olmasaydı, onda Hüseyn Cavid, Əhməd Cavad, Almaz İldırım, M.Ə.Sabir, M.Hadi, A.Səhhət, S.Vurğun, R.Rza, S.Rüstəm, B.Vahabzadə, N.Xəzri, M.Aslan, M.Yaqub, M.İsmayıl, N.Kəsə­mən­li və bu qəbildən olan yüzlərlə şairlər yetişə bil­məz­di. Bunların hər biri Azərbaycan dilinin zən­gin­liyini, gözəlliyini, milliliyini özlərindən əvvəlki ən­ənə­lərdən istifadə etməklə inkişaf etdirmişlər. Dili sevənlər, dilə aşiq olanlar dilin zənginliyi, gözəlliyi, milliliyi qarşısında etiraf etmişlər. Bu etirafın nəticə­sində dilə xidmət göstərmiş, dilin imkanlarını üzə çıxarmış, dilin potensialına işıq salmışlar.

Təmizliyi, təravəti, ətiri sevməyən verməyən yox­dur. Təmizlik, təravət, ətir hər bir kəsin xoşuna gəlir. Axı təmizlikdə saflıq, qarışıqsızlıq, xalislik, mə­nən nöqsansızlıq, saflıq, düzlük, təravətdə təzəlik, lətafət, gözəllik, təmizlik, saflıq, sağlamlıq və s., ətir­də gözəl iy, rayihə və s. var. Təmizlik, təravət, ətir söz­ləri də, onların mənaları da dilimizin ruhuna, tə­biətinə o qədər uyğunlaşıbdır ki, biz bu sözlərin mən­şəyindən danışmağı ağlımıza belə gətirmirik. Bəlkə də buna görədir ki, bu sözlərdən təmizlik sözünün mənşəyi “Azərbaycan dilinin izahlı lüğəti”ndə qeyd olunmamışdır. Təravət və ətir söz­lə­ri­nin ərəb mənşəli olduğu “Azərbaycan dili­nin izahlı lüğəti”ndə verilsə də, onların mənşəyi çox­larının maraq dairəsində deyil. Ona görə ki, qeyd olunan sözlər də, onların mənaları da milli sözlərimiz qədər dilimizin lüğət tərkibinə, qrammatik qurulu­şu­na bağlanmışdır. Bu qəbildən olan sözlər dilimizə, dilimiz isə bu qəbildən olan sözlərə aşiq olmuşdur. Hətta sabun sözü də belədir. Bu söz dilimizin səs qu­ru­luşuna elə uyğunlaşıbdır ki, heç kəs bu sözün la­tın­ca sapo, fransızca cavon sözləri ilə bağlı olması ba­rədə düşünmür. “Azərbaycan dilinin izahlı lüğəti”ndə sabun sözünün “Kirli və ya yağlı şeyləri və s.-ni yu­yub təmizləmək üçün yağlardan və qələvi maddə­lər­dən hazırlanan, suda tez əriyib köpüklənən bərk və ya yarımmaye kütlə” mənasında olduğu qeyd olunsa da, mənşəyi göstərilməmişdir. Bu da onu təs­diq edir ki, dil həm də başqa dillərdən alınmış sözlər hesabına zənginləşir. Başqa dillərdən gələn sözlər ifadə etdikləri mənalar vasitəsilə dilə xidmət edirlər. Bu baxımdan təmizlik, təravət, ətir, sabun sözlərinin və bu qəbildən olan sözlərin hər biri ifadə etdikləri mənalarla dilin semasiologiya sistemini zəngin­ləş­di­rirlər. Yəni milli sözlər kimi, alınma sözlər də dilin səs və məna sisteminin keşiyində dayana bilir. Həm milli sözlər, həm də alınma sözlər təkcə dildə danışan adamlara deyil, həm də dilin özünə xidmət edir. Bu xidmət sözlərin dilə aşiqliyi kimi diqqəti cəlb edir. Məsələn, milli sözümüz olan corab ismi “Yun, iplik və ya süni sapdan toxunan uzun və ya qısa boğazlı ayaq geyimi” mənasını bildirməklə yanaşı, dilin semasiologiya sistemini, qrammatik quruluşunu zənginləşdirir. Bu da sözün dilə xidmətindən, dilə aşiqliyindən başqa bir şey deyildir.

Milli sözlərimiz kimi, alınma sözlər də nəinki di­li bəzəyir, həm də adət-ənənəni, etnoqrafiyanı zən­gin­ləş­di­rir. Məsələn, xına sözü dilimizə ərəb dilindən gəl­miş­dir. Ancaq dilimizə o qədər uyğunlaşmış və ifa­də etdiyi “Saçı (keçmişdə, habelə köhnə adətcə barmaq­la­rı, əlləri, saqqalı) boyamaq üçün işlədilən, həmin bit­kinin yarpaqlarından hazırlanan toz halında sarımtraq-qırmızıyaçalar maddə” məna ilə dilin sema­sio­logiya sistemini zənginləşdirmiş və xal­qı­mızın et­noqrafiyasında xınaqoyma adətini də yarat­mış­dır. Et­no­qrafiyamızda “toydan qabaq ərə gedən qızın başına, əl-ayağına xınayaxma (qoyma)” adətinin kökündə xına sözü dayanır. “Vəziy­yə­tin, şəraitin tamamilə kəskinləşdiyini, ağırlaşdığını, əvvəlkinə oxşamadığını bildirən ifadə” kimi bu xına o xınadan deyil, bu xına o xınaya oxşamır” işlənir ki, burada da xına sözünün imkanlarını gör­mə­mək olmur. Xınaçiçəyi, xınagülü, xınalamaq, xınalı, xınayaxdı, xınayı sözlərinin kökündə xına sözünün oynadığı rolu da görürük. Bu sözlərdə xına kəlməsi elə bir izdivac qurur ki, onun vasitəsilə nəinki dili­mi­zin lüğət tərkibini zənginləşdirir, həm də sözlərin bir-biri ilə, eləcə də sözlərin şəkilçilərlə izdivacına gözəllik gətirir.

Gərdən, nişan sözləri, qadın geyimləri hazırla­maq üçün istifadə olunan qriplin, kristalon, trikatin, mar­lovka, ştatnı, çit, kətan, vilvet, vilyur və s. par­ça­lar bi­zim dilimizdə doğmalaşmış sözlər kmi diqqəti cəlb edir. Eyni zamanda dodaq və dırnaq boyaları qadınların istifadəsində Azərbaycan dilinin zövqünə uyğun­laş­mış­dır. Bu sözlər də dilimizə, dilimiz isə bu sözlərə aşiq olmaqla bir-birinə bağlanmış, bir-biri ilə vəhdət yarat­mış­lar. Məsələn, fars mənşəli gərdən (“boyun” məna­sın­da) sözü aşağıdakı misallarda fikrin, mənanın və mətləbin açımında açar rolundadır:

Boyun sürahidir, bədənin billur; Gərdənin çə­kilmiş minadan, Pəri (M.P.Vaqif) Ağ incə geyimli gözəl küncdə dayanmışdı. Qara saçları ağ gərdənini qaplamışdı. (Y.V.Çəmənzəminli)

Yaxud fars mənşəli nişan sözü “əsər, əlamət, iz” mənasında fikrə və fikri ifadə edən cümlələrə gözəl­lik verir. Məsələn:

Vidadi xəstəni gəl indi tanı; Hanı o sən görən şəklü-nişanı? (M.V.Vidadi) Amma sənin itəcəkdir ad-sanın; Qalmayacaq yer üzündə nişanın. (A.Səhhət) Çoşqun irmaq kənarında; Nə qızlardan bir nişan var; Nə oğlanlar islıq çalır; Nə qaynayan, nə coşan var (Ə.Cavad)

Nişan sözü əsasında yaranan nişan qoymaq (“sonradan tanımaq, bilmək üçün işarə vurmaq, qeyd eləmək, nişanlamaq” mənasında), nişan vermək (“tanıtmaq, göstərmək, bildirmək, adını vermək” mə­na­sında), nişan almaq (götürmək) (“silahı hədəfə tuş­la­maq, yönəltmək” mənasında), nişana qoyub atmaq (“hədəf edib güllə ilə vurmaq” mənasında), nişan­baz­lıq (“adaxlıbazlıq” mənasında), nişanbənişan (“bütün nişanları, əlamətləri, xüsusiyyətləri ilə” mənasında), nişançı (“mahir nişan atan, düzgün nişan vuran; snay­per” mənasında), nişanlı (“adaxlı, nişanlanmış, ad edilmiş, deyikli” mənasında), nişansız (“heç bir ni­şanı, əlaməti, izi olmayan” mənasında) və s. sözlər dilin lüğət tərkibini və semantik sistemini zəngin­ləşdirmiş, dilimizə bir gözəllik gətirmişdir.

Dili zənginləşdirən, ona gözəllik gətirən bir va­cib məqam vardır. Bu da dillə mədəniyyət arasındakı əlaqədir. Dil ilə mədəniyyət arasındakı sıx əlaqə nəti­cə­sində dil mədəniyyətin bütün incəliklərini adlan­dırır, mədəniyyət isə dilin bütün zənginliklərini üzə çıxarır. Hər bir xalqın həyat tərzi, məişəti onun mə­də­niyyəti kimi diqqəti çəkir. Belə ki, hər bir xalqın həyat tərzi, məişəti onun dilində öz əksini tapır. Məsələn, eskimoslarda qarın müxtəlif növləri vardır. Onlarda qar adlarının çox olması yaşadıqları Alyas­ka, Kanada, Qrenland ərazilərində qarın olması ilə bağlıdır. Eskimosların yaşadığı bu ərazilərdə qar bol olduğundan, həmin ərazilərdə qarın müxtəlif növləri yağdığından qarın çoxlu adları yaranmışdır. Eskimoslar öz həyat tərzlərinə, məişətlərinə sahib çıxaraq qarın müxtəlif növlərinə dillərində ad vermiş, adlandırmışlar. Həyat tərzinin, məişətin bu cür zən­gin­liyi dilin ifadə imkanlarının zənginliyini ortaya çıxarmışdır. Deməli, insan həyat tərzini, məişətini qav­ramaqla ona sahib çıxmış və dildə onun ifadə im­kan­larını tapmışdır. Məsələn, azərbaycanlılar toy mə­ra­simini qavramaqla bu mərasimi ifadə edən toy sözü ilə əlaqəli toy eləmək (etmək, qurmaq, vurdurmaq, çal­dırmaq, tutmaq və s.), toybaşı//toybəyi (toy məc­lisini idarə edən adam), toyçu (toyda çalan çalğıçı), toy-dü­yün (toy, toy məclisi), toyxana (toy məclisi üçün dü­zəldilən yer, böyük otaq), toy-mağar//toy-nağara (toy büsatı; çalğı, zurna-nağara, zurna-bala­ban, tən­tə­nə), toypayı (toy hədiyyəsi), toy-bayram (şənlik, şadlıq, bayram), toy-büsat (şənlik etmək, təntənə düzəltmək) sözlərini işlədirlər. Bu da təsdiq edir ki, hər xalqda ol­du­ğu kimi, azərbaycanlılarda da həyat tərzi, məişət dilə, dil isə həyat tərzinə, məişətə aşiqdir. Onların hər ikisi bir-birinə bağlıdır və bir-biri ilə əlaqəlidir.

Azərbaycan dili hər bir azərbaycanlının yaratdığı müş­tərək əsərdir. Bu dil vətən kimi, ana kimi müqəd­dəsdir. Dilin müqəddəsliyini qorumaq üçün həmin dildəki sözlərin bədii imkanlarını üzə çıxarmaq la­zım­dır. Sözün bədii imkanlarını, ümumiyyətlə, im­kan­larını üzə çıxarmaq onun bədii şəklini, ümumiy­yət­lə, şəklini çəkmək deməkdir. Dildəki hər bir sözün sadəcə olaraq şəkli, yaxud da bədii şəkli var. Yetər ki, onu çəkməyi bacarasan. Məsələn, Səməd Vurğun “Ala gözlər” şeirində “göz” sözünün bədii şəklini elə çəkibdir ki, oxucu göz sözünün abidəsi qarşısında məftun olmaya bilmir.

 

Yenə qılıncını çəkdi üstümə

Qurbanı olduğum o ala gözlər.

Yenə cəllad olub durdu qəsdimə

Qələm qaş altında piyalə gözlər.

 

Başımdan getmişdi sevdanın qəmi,

Xəyalım gəzirdi bütün aləmi.

Bu dustaq könlümü, deyin yenəmi

Çəkdiniz sorğuya, suala gözlər?

 

Sevda yolçusuyam əzəl yaşımdan,

Könlüm ayrı gəzir can sirdaşımdan:

Dağıdır huşumu alır başımdan

Süzülüb gedəndə xəyala gözlər.

 

Gərdənin minadır, boyun tamaşa,

Ay da həsəd çəkir o qələm qaşa.

Bir cüt ulduz kimi verib baş-başa

Yanıb şölə salır, camala gözlər.

Mənim sevgilimdir o gözəl pəri,

Qoy üzə vurmasın keçən günləri.

Mən qədir bilənəm əzəldən bəri,

Sizinlə yetmişəm kamala, gözlər.

 

Cahanda hər hökmü bir zaman verir,

Dünən dövran sürən, bu gün can verir.

İllər xəstəsiyəm yaram qan verir,

Siz məni saldınız bu hala, gözlər.


Etiket:
Xəbərlər

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024
Bütün xəbərlər