Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri– şair, publisist, nasir, dramaturq Hidayətin rəngarəng mövzulu, müxtəlif janrlı yaradıcılığı həmişə milli ideallarımızla sıx bağlı olmuş, dərin ictimai mənası və yüksək vətəndaşlıq mövqeyi ilə seçilmişdir. Milli istiqlalımıza yönəlik həyat və yaradıcılığı, məktəbdə, mətbuatda və ədəbi-bədii qurumlarda çoxillik səmərəli fəaliyyəti onu torpaqlarımızın bütövlüyü uğrunda ümumxalq mübarizəsinin və milli azadlıq hərəkatının ön mövqeyinə çıxarmışdır.
Bütün bunlar istedadlı və məhsuldar ədibi həm də ictimai-siyasi xadim kimi yetkinləşdirmiş, müstəqilliyimizin ilk günlərindən dövlət idarəçiliyi sahəsində məsul vəzifələr tutmasına zəmin olmuşdur. Hidayət Xuduş oğlu Orucov 5 sentyabr 1944-cü ildə qədim yurd yerlərimiz, zaman- zaman ermənilərin qəsb etdikləri, nəhayət Qarabağ münaqişəsinin başlanğıcında min bir hiylə və vəhşiliklə azərbaycanlılarsız ərazilərə çevirdikləri Qərbi Azərbaycanın Muğru mahalının Maralzəmi kəndində dünyaya göz açmışdır. Uşaqlıq-yeniyetməlik illərində doğma yerlərin gözəlliyindən və tarixin dərinliklərindən qaynaqlanan adət- ənənələr ağuşunda duyduğu şirinliyə sovet dövründə hakim mövqe qazanmış erməni millətçilərinin açıq-gizli basqıları acılar qatmışdır.
Belə bir mühitdə tərbiyələnib böyüməsi onun dərin hissiyyatlı və iti zəkalı bir gənc, şair xəyallı və yurd sevgili bir azərbaycanlı kimi formalaşmasına önəmli təsir göstərmişdir. Orta məktəbi bitirib ali filoloji təhsil almaq üçün Bakıya gələndə də məqsədi xalqımızın milli varlığının əbədiyaşarlıq iksiri olan dilimizi, ədəbiyyatımızı, ötənlərimizin izlərini qoruyub saxlayan tariximizi dərindən öyrənib doğma yerlərə dönmək olmuşdu. O, bununla “dost” cildində gizlənmiş azğın, qaraniyyətli düşmənin qabağında getdikcə köməksizləşən doğma el- obalara bir az da ayıq- sayıq xidmət etmək, ulu yurd yerlərimizin keşiyində daha möhkəm dayanmaq istəmişdi.
Hidayət Orucovun bütün sonrakı ömür yolu, mübarizəsi və uğurları bu arzu- istəklə mayalanmış, bu amalla mənalanmış, bu çevrədə zirvəyə çatmışdır. Bakı Dövlət Universitetinin filologiya fakültəsində milli yetkinlik dərsi keçən Hidayət qarşısıalınmaz bir mübarizə əzmi ilə doğmalarının yanına dönüb əvvəl kənd məktəbində balaca soydaşlarımıza ana dilimizin, milli ədəbiyyatımızın cazibə dairəsində təlim- tərbiyə və bilik vermişdi. Ədəbi istedadı, vətənsevərliyi ilə qısa müddətdə Qərbi Azərbaycanda yaşayan ziyalılar arasında boy göstərən, tanınan Hidayətin ana Vətəndən aralı salınmış soydaşlarımızın həyatına güzgü tutan “Sovet Ermənistanı” kimi mərkəzi qəzetlə əməkdaşlığa irəli çəkilməsi isə ona geniş fəaliyyət meydanı açmışdı.
Şair o illərdə ulu yurd sevgisini belə bəyan etmişdi:
Bilirsiniz, mən kiməm?
Babamın atamdan sonrakı yaşı,
Çiçəkli, meşəli, qayalı Zəngəzur torpağı,
Bir aran çeşməsinin su daşı....
Qədimdən- qədiməm,
Uludan uluyam,
Bir ovuc,
Bir içim xan Araz suyuyam.
Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı Hidayətin yaradıcılığında aparıcı mövzu olmuş yurd sevgisi, itkisi və həsrətini illər keçəndən sonra, ötən il belə ifadə etmişdir: “Azərbaycanın görkəmli qələm ustalarından biri, şair, dramaturq, nasir, publisist, ictimai-siyasi xadim kimi yaxşı tanınan və sevilən gənclik dostum Hidayət yetmişi haqlayıb. Həyatın çox sınaqlarından keçib, sevinc də görüb, dərd də; ancaq ilk tanışlığımızda gözlərinin dərinliyində və sözündə gördüyüm kədər heç vaxt silinib getməyib. Hidayət bütöv Vətənin nəğməkarıdır, lakin Zəngəzur öz acı taleyi ilə həmişə onun oxuduğu nəğmələrin şah bəndidir.”
On illər əvvəl isə gənc ədibin yurd sevgisi, xalqa qələmi, sözü ilə xidmət etmək təşnəliyi qonşu respublika ilə yanaşı, Azərbaycanda da səlahiyyət sahiblərinin diqqətini cəlb etmişdi. Elə buna görə də türk şəhəri, indi isə erməni siyasi mərkəzi olmuş qədim İrəvan şəhərində xalqımızın teatr fəaliyyətini davam etdirən C. Cabbarlı adına Azərbaycan Dövlət Dram Teatrının işini yaxşılaşdırmağa çalışan Azərbaycan rəhbərliyinin seçimi və səyi ilə 1968-ci ildə Hidayət Orucov bu sənət ocağının direktoru təyin olunmuş, 16 il bu cəfakeş kollektivə rəhbərlik etmişdi.
İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyev Hidayət müəllimin İrəvan Teatrının inkişafındakı xidmətindən belə söz açmışdır: “Azərbaycan ədəbiyyatı və mədəniyyətinin görkəmli nümayəndəsi, şair, dramaturq, ədəbiyyatşünas, teatr tənqidçisi, tərcüməçi, ictimai-siyasi xadim Hidayət Orucov ömrünün hər anını xalq və Vətən yolunda xidmətdə bulunmuş dəyərli ziyalımızdır. Mən 2000-ci il iyun ayının 18-də İrəvan Dövlət Azərbaycan Dram Teatrına rəhbər təyin olunarkən, orada direktor kimi fəaliyyətə başlayarkən kollektivə ilk sözüm bu oldu: Biz gərək bu teatrı Hidayət müəllimin dövründəki səviyyəyə çatdıraq. Əgər buna nail ola bilsək, onda İrəvan Teatrı ən nüfuzlu teatrlar sırasına çıxa biləcək. Bu belə də oldu. Az müddət ərzində İrəvan Teatrı bütün göstəricilərinə görə respublikanın öndə gedən teatrları sırasına çıxdı. Əlbəttə, bu işdə Hidayət müəllimin bizə verdiyi dəyərli məsləhətlər və tövsiyələr çox böyük rol oynadı.”
İrəvanda yaşadığı illərdə Hidayət müəllim bütün istedadını və sevgisini “Xalqlar dostluğu”nun saxta məngənəsində sıxılmaqda olan “Ermənistan azərbaycanlıları”nın milli– mədəni yüksəlişinə, öz yurdlarına daha möhkəm bağlanmaqlarına həsr etmişdi. Bioqrafiyasının sonrakı səhifələrində göstərildiyi kimi, Azərbaycan–Ermənistan ədəbi mühitlərində Hidayət adı ilə tanınan yazıçı o vaxt Ermənistan Yazıçılar İttifaqında Azərbaycan Ədəbiyyatı Şurasına da rəhbərlik etmiş, İrəvan Pedaqoji İnstitutunun Azərbaycan şöbəsində XIX-XX əsr Azərbaycan ədəbiyyatından dərs demişdi. Onun təşəbbüsü və bilavasitə rəhbərliyi ilə həmin dövrdə təkcə İrəvanın deyil, indi Ermənistan adlandırılan oğuz ellərinin milli ədəbi-mədəni mühitində canlanma yaranmışdı. Qərbi Azərbaycanda onlarla şair və nasirlərin kitabları İrəvanda işıq üzü görmüş, “Ədəbi Ermənistan” məcmuəsi nəşr olunmuşdu.
Hidayət Orucov İrəvanda yaşadığı dövrdə onun bir sıra şeir, publisistika, nəsr, tərcümə kitabları nəşr edilmiş, pyesləri İrəvan və Azərbaycan teatrlarında səhnəyə qoyulmuşdu. Ədəbiyyatın və incəsənətin inkişafındakı xidmətlərinə görə ona 1978-ci ildə Ermənistan SSR Əməkdar mədəniyyət xadimi fəxri adı verilmişdi. Uzun illər erməni basqılarına qarşı bacardığı qədər dirəniş göstərən, onlardan hədsiz riyakarlıq, pislik görən Hidayət müəllim 1989-cu ildə xəyanətkar xalqın Azərbaycana növbəti təcavüzdən əl çəkməməsinə etiraz əlaməti olaraq bu fəxri adından imtina etmişdi.
1984-cü ildə Bakıya köçərək “Gənclik” nəşriyyatında çalışan – 1986-cı ilədək baş redaktor müavini, sonra isə 6 il baş redaktor vəzifələrində işləyən soydaşımız bu illərdə böyüməkdə olan nəsillər üçün dəyərli kitablar buraxmağa nail olmuş, o cümlədən Azərbaycan klassik ədəbi irsi, flokloru, tarixi keçmişi ilə bağlı mənbələri sistemli şəkildə nəşr etmişdir. “Gənclik” nəşriyyatında onun təşəbbüsü və rəhbərliyi ilə 50 cildlik “Dünya uşaq ədəbiyyatı kitabxanası” seriyasının nəşri Azərbaycanın kitab mədəniyyəti tarixində seçilən hadisə olmuşdu.
15 cildlik “Azərbaycan folkloru”, 25 cildlik “Macəra və fantastika”, 17 cildlik “SSRİ xalqları ədəbiyyatı”, digər önəmli seriyaların nəşrinə də həmin illərdə başlanmışdı.
Ötən illərdə Hidayət müəllimin çap olunmuş əsərləri və kitablarının özü də bütöv bir kitabxana təşkil edir. İrəvanda və Bakıda işıq üzü görmüş “Məni səsləyəndə”, “Məhəbbət qocalmır”, “Bir az gözləyin məni”, “Zirvə çağırır”, “Dənizi harayladım”, “Eviniz analı olsun”, “Qaynaq”, “Doxsanıncı il”, “ Hərdən xatırla məni”, “Ömrümün çəhlimləri” kimi şeir və poema topluları, “İrəvanda xal qalmadı”, “Qatardan məktub”, “Sabaha çox var”, “Sözün vaxtı”, “Burdan min atlı keçdi” kimi nəsr, publisistika, pyes kitabları, “Əziz Əliyev. Odlar yurdunun iftixarı”, “Mir Cəlal dünyasından sətirlər”,"Muxtar Avşarov", “Özüm yazmaq istərdim” adlı digər nəşrlər Hidayət Orucovu müasir ədəbiyyatımızın istedadlı və məhsuldar ədibi, yetkin söz sahibi, günün nəbzini tutan naşir olaraq tanıtmışdır.
Yazıçının, ümumiyyətlə, otuzdan çox poeziya, nəsr, tərcümə və s. kitabı nəşr olunmuşdur. “Heydər Əliyev və Azərbaycanda milli siyasət” monoqrafiyası rus, ingilis, gürcü dillərində də işıq üzü görmüşdür. Hidayət Orucovun “Azərbaycanda din: ən qədim dövrdən bu günədək” adlı sanballı əsəri araya-ərsəyə gətirməsi də təsadüfi deyil. Çünki onun dövlət xadimi kimi uzun illər daşıdığı məsul vəzifələr bilavasitə din sahəsi ilə bağlı olmuşdur. Dövlət-din münasibətlərinin qurulması və tənzimlənməsi prosesində toplanmış zəngin nəzəri bilik və praktik təcrübə öz bəhrəsini verməli idi. Bu əsər Azərbaycan dinşünaslığında dinlərin tarixini özündə əks etdirən ilk fundamental monoqrafiyadır. Hidayətin xarici dillərdə nəşr olunmuş “Mən belə yaşayıram” (rus dilində), “Axtarış”, “Sənsiz” (gürcü dilində), “Sabaha çox var” (Dağıstan dillərində) və s. kitabları ölkəmizdən kənarda maraqla qarşılanmışdır. Onun əsərləri iyiyrmidən çox dilə çevrilmişdir. “İrəvan və irəvanlılar” filminin baş məsləhətçisi olmuşdur. Hidayətin yaradıcılığının diqqətçəkən istiqamətlərindən biri də tərcüməçilik fəaliyyətidir. Onun rus, ingilis və s. dillərdən dilimizə çevirdiyi poeziya, nəsr, dram nümunələri XX əsrin 80-90-cı illərində çap olunmuş ayrı-ayrı kitablarda, antologiyalarda, dövri mətbuatda işıq üzü görmüş və böyük maraq doğurmuşdur. U. Şekspirin “Sonu yaxşı bitən hər şey yaxşıdır” pyesini, H. B. Stounun “Tom dayının daxması” romanını, XIX əsrin ingilis, island poeziyasından nümunələri və bir sıra görkəmli xarici yazıçının əsərlərini Azərbaycan dilinə Hidayət Orucov çevirmişdir.
Qarabağ münaqişəsi başlanan gündən qələmə sarılan Hidayət müəllim xəstə təxəyyüllü ermənilərin xisləti, xalqımıza qarşı tarixi xəyanətləri, saxta erməni tarixi, onların əsassız və ədalətsiz iddiaları, törətdikləri qanlı faciələrlə bağlı bir sıra elmi, bədii, publisistik əsər yazmış, erməni yalanlarına qarşı informasiya mübarizəsinin təşkilinə böyük kömək göstərmişdir. Hidayət Orucov ədəbiyyat, incəsənət, kitab mədəniyyəti məsələləri, millətlərarası münasibətlər, din, milli-mədəni dəyərlərimiz barədə, tarixi keçmişimizə, türk xalqlarının deportasiyası və soyqırımına, yaşadığımız günlərin problemlərinə həsr olunmuş 150-dən çox məqalənin, publisist qeydlərin müəllifidir. Pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram, Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram, Sumqayıt, İrəvan teatrlarında və başqa səhnələrdə uğurla oynanılır. Ötən illərdə davamlı olaraq ədəbi- bədii proseslərin mərkəzində olan Hidhayət müəllim Azərbaycan Yazıçılar Birliyi Məclisinin və “Ədəbiyyat qəzeti”nin redaksiya heyətinin üzvüdür.
Milli dövlətçiliyimizin bərpa olunmasına qələmi və təşkilatçılğı ilə bacardığı qədər kömək göstərən Hidayət Xuduş oğlu Orucov 1992-1993-cü illərdə Azərbaycan Respublikası Prezidentinin millətlərarası münasibətlər üzrə müşaviri olmuş, 1993-cü ildə ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıdandan sonra isə onun etimadı ilə 2005-ci ilədək Azərbaycan Respublikası Prezidenti Administrasiyasında milli siyasət məsələləri üzrə dövlət müşaviri işləmişdir. 2005—2006-cı illərdə Hidayət Orucov Milli Azlıqlarla və Dini Qurumlarla İş üzrə dövlət müşaviri vəzifəsində çalışmışdır. Bu mühüm dövlət postlarında yüksək səriştə və məsuliyyətlə işləmiş tanınmış ədib 2006-cı ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin edilmişdir. O bu yüksək etimadı 6 illik müddətdə bacarıqla doğrultmuşdur. Dövlət siyasətinin bu incə və həssas sahələrində ulu öndər Heydər Əliyevin müəyyən etdiyi strateji xəttə, Prezident İlham Əliyevin uğurla davam etdirdiyi kursa milli maraqlara və dövlətçiliyin tələblərinə uyğun xidmət etmiş Hidayət Orucovun bu gün Azərbaycanın dünyada tolerant, multikultural ölkə kimi önə çıxmasında sanballı zəhməti olmuşdur. Onun vaxtilə tez- tez səsləndirdiyi “Azərbaycan dünyaya yalnız neft deyil, özünün milli-dini tolerantlıq nümunəsini də ixrac edə bilər” sözləri artıq həqiqətə çevrilmişdir.Ədəbi- bədii yaradıcılıq sahələrində ciddi uğurlarını, dövlət idarəçiliyi sistemindəki çoxillik fəaliyyətində qazandığı nüfuzla tamamlayan Hidayət Orucov bu gün xalqımıza və dövlətimizə xidmətini diplomatik sahədə davam etdirir.
Ona 27 dekabr 2012-ci ildə fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilmiş, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölkəmizin Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir. Hidayət Orucovun yaradıcılıq uğurları və ictimai fəaliyyəti ötən illərdə yüksək qiymətləndirilmişdir. O, “Əməkdə igidliyə görə” medalı, Azərbaycanın “Şöhrət”, Gürcüstanın “Şərəf” ordenləri, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin və Dağıstan Respublikasının fəxri fərmanları ilə təltif edilmişdir. Yazıçı Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi fəxri adına, bir sıra ədəbi mükafatlara layiq görülmüşdür. Hidayət Orucov bu yaxınlarda türk yaradıcılıq dünyasında böyük roluna, Qırğızıstan-Azərbaycan ədəbi-mədəni əlaqələrinin möhkəmləndirilməsində töhfələrinə və danılmaz xidmətlərinə görə Aytmatov İctimai Akademiyasının həqiqi üzvü seçilmişdir. Artıq bir ildir ki, ömrünün səkkizinci onilliyinə qədəm qoymuş Hidayət Orucov yenə gənclik həvəsi ilə yazıb-yaradır. Yazıçı, publisist, dövlət xadimi xalqına övladlıq, dövlətinə vətəndaşlıq borcunu şərəflə davam etdirir. Anadan olduğu günün tamamında sevimli ədib, yetkin ictimai–siyasi xadim Hidayət Orucova möhkəm cansağlığı, yeni uğurlar arzulayırıq.
Tahir Aydınoğlu
Əməkdar jurnalist
“Xalq qəzeti”
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024