Bəlkə də Məmməd Kərəmə “ Dədə şair ” deməyim bəzilərinə qəribə görünəcək. Bu “ Dədə ” epiteti el içində “ Pirə - ata, cavana – qardaş, qız-gəlinə - ana, bacı ” deyən məşhur ustad aşıqlara, ozanlara verilir. Dədə Qorquddan Dədə Ələsgərə, elə haqqında danışdığım bizim Dədəliyə halal haqqı olan Məmməd Kərəmə qədər bu ali müraciət ənənəsi davam edir və gələcəkdə də məncə, bu ehtiram və sayğı ənənəsi davam edəcək. Xalqın, millətin tərcümanı olan, məhz sadə el dilində yazıb-yaradan, yeri gəldikcə dialektizmlərdən (ləhcəçilik), varvarizmlərdən (əcnəbi, xüsusilə ərəb fars sözləri), arxaizmlərdən, vulqarizmlərdən (ədəbsiz sözlər), arqotizmlərdən, provinsializmlərdən (məhəlçilik), neologizmlərdən, hətta jarqonizmlərdən (qarğa dili) məharətlə istifadə edən şairlər məncə, yüksək “ el ”, “ milli ”, yaxud “ Dədə ” titullu şairlər adlanırlar. Bu aspektdən M.Kərəm də tərki-vətən olmuş, qədim, doğma torpaqlarından məcburən, erməni qəddarlığı ilə cəlayi-vətən olmuş, Göyçə həsrətli Dədə Şairdir. O, professional aşıqlıq sənəti ilə məşğul olmasa da, əsasən klassik aşıq şeri janrlarında – populyar qoşma, gəraylı, bayatı (klassik rübai janrı da daxil olmaqla) formalarında mükəmməl poetik nümunələr yaradıb. Məncə, uşaqlığı və gəncliyi hazırda erməni işğalına məruz qalmış Qərbi Azərbaycanın Göyçə gölünün sahilində Ardanış kəndində keçən, məhz oraya məxsus xalq danışıq dilini əxz edən, əsrlərcə formalaşmış xalq həyat tərzinə bələd olan, el adət-ənənələrini, folklorunu mənimsəyən və öz yaradıcılığında geniş əks etdirən Məmməd Kərəm Göyçə aşıq məktəbinin, yaxud Göyçə şeir sənətinin son parlaq nümayəndələrindən biridir.
Göyçə mənim gözlərimin nuruydu,
Ocağımın istisiydi, qoruydu.
Saz sədası saf sudan da duruydu,
Girov qalan can vətənim, dön geri!
Yazıqlar olsun ki, M.Kərəm həmişə şəxsi həyatında da, ədəbi mühitdə də kölgədə qalıb, reklam olunmayıb. Həm də ona görə ki, bəziləri kimi bərkgedən vəzifə sahibi olmayıb, ömrü boyu – özü demişkən, “ telli-toqqalı ” vaxtından indiyədək əsasən yoxsul həyat tərzi keçirib. Ancaq insafən o, özündən sonraya ciddi bir ədəbi miras qoyub gedib. Onun bəzi əsərlərini təhlil edəndə bu qənaətə gəldim ki, o, dövrlə, zamanla səsləşən, həyatımızın pozitiv və neqativlərini ehtiva edən, gündəlik maraqlı və aktual mövzulardan yan keçməyən oxunaqlı, tanınmış çağdaş şairlərimizdən biridir. M.Kərəm ultra ədəbi cərəyanlara uymayan, yuxarıda qeyd etdiyim kimi ənənəvi poetik üslubda, məhz sadə xalq dilində yazan, klassik ədəbiyyata məxsus realiyaları bilərəkdən qoruyb saxlayan, eyni zamanda ana dilimizin saflaşmasına xidmət edən bir söz adamı kimi unudulmazdır. Məmmədin normal ev şəraiti və qayğısı olmaması onun əlyazmalarının pərakəndəliyinə, öz yazıları üzərində bəzi hallarda ciddi işləməməsinə, səliqəli olmayan dəsti-xəttinin çox çətinliklə oxunmasına, şeir mətnlərində leksik-fonetik, qrammatik, orfoqrafik xətaların yaranmasına səbəb olub. Bütün bu ehtimal və zərurət qanunlarını nəzərə alıb mən hələ sağlığında ona məsləhət görmüşdüm ki, poetik əlyazmalarını ciddi bir nəşriyyat redaktoru ilə birlikdə çapa hazırlamalıdır. Bu mənada yeri gəlmişkən qeyd edim ki, M.Kərəmin qələm dostu, uzun illər mənəvi himayədarı olmuş Abşeron Mərkəzi Kitabxanasının direktoru, şairə-publisist Məlahət xanım hələ onun sağlığında bu son kitabını ciddi redaktə etmiş, sanballı bir Ön sözlə nəşr etdirmişdir. M.Kərəm də hələ sağlığında qaraçuxası olmuş M.Yusifqızının başı üzərindən yaradıcılığını heç kəsə etibar etməmiş, ona “ ölənə qədər ” öz qədirşünaslığını gizlətməmişdir:
Dərdimin kor qismətini
Üzlədin ölənə qədər.
Ovsara gəlməz bəxtimi
İzlədin ölənə qədər.
Ən varlı insan da ömrü boyu borc içində çabalayır - əlbəttə, söhbət təkcə maddi borcdan getmir, - o ki qala kasıb bir şəxs ola. Hələ 2015-ci ilin dekabr ayının 21-dən ölkə əhalisini günbəgün, saatbasaat müflis edən, faizlərlə öz girovuna çevirən, həyat tərzimizi darmadağın edən özəl banklara olan ödənilməmiş fantastik borclarımızı demirəm. Bizi yaradan, bizə təmənnasız ruzilər və nemətlər bəxş edən Allah qarşısında ibadət borcumuzla gələcək borclarımızın bitib-tükənməzliyi başlayır – bizə həyat bəxş edən, təlim verən, özümüzə güvənlik və inam aşılayan valideynlərimiz, müəllimlərimiz, dostlarımız, vətənimiz və s. qarşısında maddi-mənəvi insanlıq borclarımız, öhdəliklərimiz həmişə bizi təqib edir. Məgər təkcə Məmməd Kərəm dünyadan borclu getdi? Məncə, biz nə qədər əlləşsək də, bu fani dünyada borclarımızı heç vaxt ödəyə bilmirik – “ Borclu borclunun sağlığını istər ” kəlami ilə özümüzə təsəlli verməyə çalışsaq da, əslində borclu gəlib dünyadan borclu gedirik. Məhz buna görə də ənənəvi olaraq istənilən dəfn mərasiminin iştirakçılarından –ölünün borclu olduğu, yaxud borclu ola biləcəyi sağ qohumlardan və qeyrilərdən halallıq istənilir. Yağmur Xəzanın “ yetim M.Kərəmi ” də hələ sağlığında deməzdim ki, təkcə vəsiyyət edib, bəlkə də obyektiv acınacaqlı daxili streslərini, qaramat emosiyalarını özündən uzaqlaşdırıb - dəfələrlə ölüb-dirildiyindən, canlı meyitə çevrildiyindən, dəfn olunmasından danışıb – yəni yeni-yeni oksimoronlar yaradıb:
Ağzıgünə kef çəkən var,
Hanı sənin kefin, Məmməd?
Gedənlər ov gətirdilər,
Hanı sənin nəfin, Məmməd?
Qor doldu can köynəyinə,
Məlhəm yoxmu göynəyinə?
Sığınma tünd eynəyinə,
Var günahın, səhvin, Məmməd.
Gümanda, şəkdə qalıbdı,
Dərd altı yükdə qalıbdı.
Təklənib, tək də qalıbdı,
Edər özün dəfn Məmməd.
M.Kərəm işsizliyindən, yoxsulluğundan və xəstəliyindən şikayətlənib – bu şəxsi və ictimai bəlalardan qurtara bilmədiyini etiraf edib və çıxış yolunu və xilasını məhz ölümdə görüb. Əslində bu mənəvi intihardan bizim heç birimiz sığortalanmayıb. Bu mənada şairin yaradıcılığının müəyyən bir qismi – “Məmmədə”, “Hanı Məmməd?”, “Olmuşam”, “Bağladı”, “Gözdən düşdü”, “Günahdı”, “Dördlüklər”, “Mənim”, “Hər şey yalan”, “Qaralanmışam”, “Qar içindədi”, “Olmadı”, “Yaşa ömrü”, “Qədərini”, “Keçdi”, “Yaşamaq olmur”, “Bayatılar”, “Böhran”, “Möhtacam”, “Çəkirəm”, “Dəfnimə gəl”, “Boş şeydi”, “Sonet” adlı şeirləri sanki göz yaşlarından yoğrulub. Ancaq bu göz yaşları təkcə şəxsi dərdlərdən deyil, həm də bir ölkənin ictimai-geosiyasi ağrı-acılarından yaranıb. M.Kərəm öz şəxsi dərdlərindən çox yeri gəldikcə ictimai-siyasi prosesləri, həyat tərzimizi, Azərbaycan vətəndaşının güzəranını, gələcəyə ümidsiz insanların nə ilə nəfəs aldığını, depressiyaları, məyusluqları, məhrumiyyətləri, maddi-mənəvi sıxıntıları nəzərə çarpdırıb. M.Kərəm bayaq qeyd etdiyim kimi təkcə şəxsi dərdlərinə qapanıb-qalmayıb, məsələn, onun üçün doğulduğu vətən hazırda işğal altında olan tarixi qərbi Azərbaycandan – Göyçə mahalından başlayır – onun üçün bu vətən itkisindən böyük itki, bu vətən həsrətindən ağır həsrət yoxdur:
Qala bilən yox ki, axırı puçdu,
Gələn gedəridi, gedən qayıtmır.
Bir dəfə yaranan bir dəfə köçdü,
Zaman ötüb-keçdi, ötən qayıtmır.
Papaq altda yatan tapar günahı,
Harda axşamlayar...açar sabahı.
Hər udum havadan çəkər bir ahı
İtər hər nəfəsi, itən qayıtmır.
Ölüm -itim nədi? Dağlı bir yara,
Qaysağı qat-qatdı,yoxdu bir çara.
Bir güvənc yeri yox, kimə yalvara?
Həyatda tükənən, bitən qayıtmır.
Ölüm-qalım nədi? Düşün dərindən,
Qalırsan həmişə nakam birindən.
Molla yüz cəhd edə yuyat yerindən,
Əlində biçdiyi kəfən qayıtmır.
Dəli bülbül kimi güllər ayrısı,
Gedərgiyəm, ollam illər ayrısı.
Ayrı düşüb qallam ellər ayrısı,
Məmmədin Göyçəsi – vətən qayıtmır.
M.Kərəm həm də sevib-sevilib. “Məmmədə”, “Çarpazı çək”, “Hiss eləyir”, “Şəklini bağışla”, “Dəyməsin”, “Aşiq ölər, eşqi qalar”, “Sən olarsan”, “Olmuşam”, “Səni”, “Havayı”, “Olasan”, “Eşq”, “Bölür”, “Eşq ola”, “Dəli sevda” və s. kimi şeirlərində öz ülvi duyğularını, dərin hisslərini ifadə edib. Şair məhəbbətdə macəraçıdır, sevginin uğurlu-uğursuz oyunçusudur, sədaqətli aşiqdir. Dədə Qorqud dastanlarında (Şumer dastanlarında da) Beyrək, xan qızı Banuçiçəyi “ üç öpüb, bir dişlədi ”yi kimi o da sevgilisini eyni nəvazişlə əzizləyir:
Mən aşiqəm, yar xoşlaram,
Üç öpüb də, bir dişlərəm.
Ov ovlaram, quş quşlaram,
Uca başım sən olarsan.
M.Kərəm maddi zər-zibalara gücü çatmasa da, sevgilisini zəngin metaforalarla zinətləndirməkdə çox səxavətlidir:
Ətri darçın, hil, mixəyim,
Tuti dillim, bal, pətəyim.
Qumral səsli, şən mələyim
Səsindən bihuş olmuşam.
“ Külli Qarabağın abi-həyatı,Nərmü nazik bayatıdır" , bayatı- deyib M.V.Vidadi. M.Kərəmin həm bayatı hecalı xeyli şeirləri, həm də əlahiddə bayatıları da öz gözəlliyi və həkimanəliyi ilə seçilir. Adətən bu dörd misralı və yeddi hecalı qədim şeir növündə xeyli şifahi xalq ədəbiyyatı nümunələri yaranıb – istər müəllifləri məlum olsun, yaxud anonim olsun, istər xoş əzablı, sevincli günlərdən, istər facianə ağılardan bəhs etsin – bu sənət əsərləri nəsillərdən-nəsillərə ötürülür, yalnız şifahi ədəbiyyatda deyil, ümumən ədəbiyyatda öz misilsiz əhəmiyyətini qoruyub-saxlayır:
Əzizim, gül üstünə,
Gül dərdi gül üstünə.
Üz tutduğum yer yandı,
Yürüdüm kül üstünə.
Əzizim gecə deyim,
Gündüz yox, gecə deyim.
Düz sözü deyəmmirəm
Yalanı necə deyim?
Əzizim bir qız ağlar,
Ağlar, nə yalqız ağlar.
Gördüm, üskük eşqinə
Ağlar, çuvalduz ağlar.
Göyçəli olasan, sazdan, sözdən bəhs etməyəsən - Məmməd də sazı alıb sinəsinə basıb, görək nə deyib:
Bu nə möcüzədir, bu nə sehrdir?
Kəlmə çeşmə-çeşmə, bulağı söz-söz.
Gümüşü telləri sinəbəndidir,
Pərdəsi qolbənddir, sədəfi düz-düz.
Kim düzdü, təklədi sədəgi gül-gül,
Mizrabı xal-xaldı, pərdəsi-dil-dil.
“Şərili” bəm-bəmdi, “Cəngi”si zil-zil.
Təcnisi min-mindi, cığası yüz-yüz.
Çanağı “Qıfılbənd”, açması bənd-bənd,
Aşıq xərəyinə atıbdır kəmənd.
Həsrətdi, ağudu, hər misra, hər bənd,
Ağladır Qəribi, Dilqəmi göz-göz.
Abbas, Xəstə Qasım, Ağ Aşıq, Alı,
Qurbani, Ələsgər, Növrəs ucalıb.
Məmməd, saz Tanrıdan bir buta qalıb,
Yandırır butası Kərəmi köz-köz.
M.Kərəmdə söz oyunundan, formalizmdən çox, sazın zahiri görünüşü, saz havaları, saz-söz sahibi olan dədə aşıqlar təsvir olunur, sadalanır, xatırlanır – misrabamisra alliterasiyalarla, iki eyni sadə sözün təkrarı ilə düzələn mürəkkəb sifətlər və zərflərlə qafiyələnir. Sanki bir qoşmada ümumən xor oxunur, orkestr ifa olunur, yeni ümummilli bir himn səslənir. İlk baxışda çox sadə görünən aşağıdakı yenə də dil-diş samitlərinin bol-bol işləndiyi (alliterasiyalar) orijinal qafiyə-rədif sistemli misralar bir folklor müstəvisinə keçir – onları yanıltmaclar kimi də oxumaq mümkün olur:
Hər sevginin içində
Bir az qorxu-hürkü var.
Eşq sarayı şamdandı,
Ətəyində bürkü var.
Dərdi imana gətir,
Haqqı gümana gətir.
Gücü amana gətir,
Tanrının zor görkü var.
İçdən keçər haqq yolu,
Tanrıya açdım qolu.
Eldən aldım “sağ ol”u,
Məmmədin xoş ərki var.
Yeri gəlmişkən, M.Kərəm yəqin ki, fərqinə varmadan, ancaq ritmik olaraq bir neçə şeri - “Nə çəkir?”, “Gəl, yaxanı düymələ bir"i əruzda qələmə alıb. "Hələ ki bu mən özüməm" münsərih bəhrindədir (müftəilün failün). Bu şeir yeddihecalı milli vəznə də uyğun gəlir. Hazırlıqlı oxucu bu şeri həm hecada, həm də əruzda – hər iki vəznin təqtilərinə uyğun şəkildə oxuyub zövq ala bilər.
Bir təhərəm, ay gözəl,
Qəm-qəhərəm, ay gözəl.
Sənsiz ərəm, ay gözəl,
Hələ bu, mən özüməm.
Sağ bədənim, ruhum var,
Nəfəsim var, ahım var.
Ah-vayım, qəh-qəhim var
Hələ bu, mən özüməm.
Bu şeirdəki irfanilik - insan mənliyi və fərdiyyətinin hər şeydən üstünlüyünü, ölçüyəgəlməzliyini, dünyaya sığmazlığını vəsf edir.Ümumiyyətlə, M.Kərəmin yaradıcılığında dini-fəlsəfi şeirlər də xüsusi yer tutur –aşağıdakı qoşmada olduğu kimi:
Atalar boş yerə çəkməz məsəli,
Şeytan ayrı şeydi, cin ayrı şeydi.
Zaman öz vaxtından irəli ötməz,
Sabah ayrı hikmət, gün ayrı şeydi.
Fəzilət adamı olmaq çətindi,
İmana, peymana dolmaq çətindi.
Adam balasıtək qalmaq çətindi,
Dövranda dumduru qan ayrı şeydi.
M.Kərəm rübai janrında da öz sözünü deyib, az sözlə böyük mətləblər ifadə edə bilib:
Bir gözüm ağlayır, bir gözüm gülür,
Fərəh xırmanıma qəmlər tökülür.
İstər bəxtəvər ol, istər yaslı ol,
Ömür sarayından kərpic sökülür.
Dərd yiyəsi gülməz, kefdən uğunmaz,
Dəlinin kitabı qəmdir oxunmaz.
Ağıllı xəbisdən özünü qoru,
Dəlidən dəliyə xətər toxunmaz.
Bu qolay kişilər çılpaq bir ada,
Adadan nə xeyir doğmaya,yada?
Kəmsavad saydılar pulsuz alimi,
Kişi urvatlandı pulla dünyada.
Bir əlim gülabda, biri xınada,
Gəldi-gedər oldu ata-ana da.
Kimə üz çevirdim dəli dedilər,
Yer də vermədilər dəlixanada.
Hafiz RÜSTƏM - Şair, tərcüməçi, tənqidçi
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024