Sovet Rusiyasının yanlış siyasətinin əleyhinə çıxan Nərimanov Stalinə yazırdı: “Biz bütöv Azərbaycanı Bakısız saxlamaq iqtidarında deyilik”

14:40 / 16.11.2018
Baxılıb: 2176

Orconikidzenin nəzəriyyəsinə görə, əlbəttə, azsaylı Azərbaycan əhalisini müntəzəm olaraq qırıb məhv etmək olar, lakin respublika kimdən ibarət olacaqdır?

Nəriman Nərimanov 1923-cü ildə Stalinə yazdığı məktubda 1919-cu ildə olduğu kimi öz qəti mövqeyini bildirərək Bakı şəhərinin Azərbaycansız yaşaya bilməyəcəyini, bu şəhərin Azərbaycanın ayrılmaz bölgəsi olduğunu vurğulamış və məktubunda belə cümlə işlətmişdir: “ Biz bütöv Azərbaycanı Bakısız saxlamaq iqtidarında deyilik ”. N.Nərimanov bildirirdi ki, Azərbaycana və o cümlədən Bakıya ermənilər deyil, azərbaycanlılar rəhbərlik etməli idilər. O həmin mövqedən çıxış edərək çevrilişin lap əvvəlindən Bakı Komitəsinin Mikoyan, Sarkis, Mirzoyan tərəfindən qəsdən tutulduğunu qeyd etmişdir. Ermənilərin siyasətinə dəstək verənlərdən biri də Orconikidze idi. N.Nərimanov onunla da ciddi mübarizə aparmışdır və Orconikidze haqqında demişdir: “ Orconikidzenin nəzəriyyəsinə görə, əlbəttə, azsaylı Azərbaycan əhalisini müntəzəm olaraq qırıb məhv etmək olar, lakin respublika kimdən ibarət olacaqdır? ". Azərbaycanın milli və dövlətçilik maraqlarını qoruyan Nərimanovun sərt siyasətini Orconikidze “panislamizm siyasəti”nin təzahürü kimi qiymətləndirmişdir. Belə ittihamlar N.Nərimanovu öz yolundan heç bir vəchlə çəkindirməmişdir. O deyirdi: “Mənim zərrə qədər şübhəm yoxdur ki, Serqo və Stalinin simasında Rusiya Kommunist Partiyasının Mərkəzi Komitəsi biz türklərə etibar etmir və Azərbaycanın taleyini erməni daşnaklarına tapşırır. Bunun nə kimi nəticələr verəcəyini demək çətindir, lakin bu baş tutsa, bütün məsuliyyət Serqo və Stalinin üzərinə düşəcəkdir”. Nərimanovun Azərbaycanda Sovet hakimiyyətinin qurulmasında rolu aparıcı bolşeviklər tərəfindən müəmmalı kimi qiymətləndirilib. N.Nərimanovun həmkarları olan Ə.Qarayev, M.Hüseynov, M.Bağırov, Q.Musabəyov onu Azərbaycanda nə bolşevik çevrilişinin başçısı, nə də sovet hakimiyyətinin qurucusu sayırdılar. Məsələn, 1928-ci il fevralın 15-də Azərbaycan DSİ tərəfindən həbs olunmuş Ə.Əhmədov verdiyi yazılı ifadələrində bildirirdi ki, N.Nərimanovun Azərbaycanda fəaliyyəti dövründə Mircəfər Bağırov onun tərəfdarı, yəni milli təmayüllü kommunist idi. 1921-ci ildə M.Bağırov hətta əlində qılınc Mirzədavud Hüseynovun üstünə hücum edərək N.Nərimanovun şəxsiyyətini qoruyurdu. Sonralar partiya rəhbərliyi tərəfindən N.Nərimanovun siyasəti pisləndikdə o, bu yoldan çəkindi 1924-cü ildə Eyyub Xanbudaqovun başçılığı və M.Bağırov, Həsən Rəhmanov, Mirbəşir Qasımov, Hacıbaba Ələsgərov və b. iştirakı ilə Azərbaycanda yeni bir milli təmayülçülər hərəkatı yarandı. Lakin E.Xanbudaqovun məğlubiyyətini hiss edərək M.Bağırov ondan uzaqlaşdı. M.Bağırov Azərbaycan KP MK-ya yazdığı məktubda özünü deyilənlərdən kənara çəkir və Ə.Əhmədov “müsavatçı” olduğundan ona inanmamağa çağırır. N.Nərimanov o illərin azərbaycanlısı üçün bolşevizmin təzahürü kimi deyil, milli təmayüllü şəxsiyyət kimi inam qazanmışdır. N.Nərimanov azərbaycanlıların bolşevikləşməsi yolunda xidməti ən az olanların siyahısındadır. Ə.Qarayevin etirafı bu baxımdan çox səciyyəvidir. O deyirdi: 1919-cu ilə qədər “bolşeviklər türk (azərbaycan) xalqının düşməni sayılırdı. 1919-cu ilin fevralında Bakı Fəhlə Konfransında Levon Mirzoyanın çıxışından sonra türklər (azərbaycanlılar) bolşeviklər tərəfə keçirdilər”. Sonra Ə.Qarayev fikrini davam etdirərək yazırdı ki, dərhal bu hadisələrdən sonra “bizim təşkilatın ən yaxşı işçilərindən olan” Anastas Mikoyan Bakıya gələrək, hətta “Hümmət”ə rəhbərlik etdi. N.Nərimanovun həmkarları olan siyasətçilərin heç biri onun Azərbaycanda sovet hakimiyyətinin qurulmasında xidmətlərini qeyd etmirlər. Buna baxmayaraq, onlar İ.Stalin, L.Mirzoyan, A.Mikoyan, S.Kirov, hətta L.Beriyanın və bir çox başqa erməni və rus bolşeviklərinin adlarını fərəhlə çəkirlər. Bütün bunlar tarixi sənədlərə və gerçəkliyə uyğundur. N.Nərimanov Azərbaycan Xalq Cümhuriyyətinin yıxılmasında və dağılmasında fəaliyyət göstərməmişdir. Azərbaycanın bolşevikləşməsini qəti surətdə N.Nərimanovun fəaliyyətinin nəticəsi kimi qiymətləndirmək olmaz. 1920-ci ilin fevral-mart aylarından xalqın həmrəylik duyğuları millətçi partiyalardan sosialist partiyalara doğru yönəlmişdi.Onun “silahdaşları” hətta N.Nərimanovu Azərbaycanın bolşevikləşdirilməsində maneə hesab edirdilər. Bu nöqteyi-nəzərdən Azərbaycan Kommunist Partiyasının 1921-ci il iyulun 27-də keçirilən büro iclasını misal gətirmək olar. Mərkəzi Komitənin bürosunda qəflətən Kaminskinin öz vəzifəsindən azad olunması barədə məsələ qaldırılır. Müzakirədən aydın olur ki, onun yararsızlığı N.Nərimanovla fikir yaxınlığından və sağçılarla, yəni milli-təmayüllü kommunistlərlə mübarizə aparmamasından ibarətdir. N.Nərimanov bütün bunlara aydınlıq gətirərək demişdir ki, “danışanlar vəziyyəti olduğu kimi demək istəmirlər, bunun günahı Kaminskidə deyil, məndədir”. Stenoqramdan bəzi çıxışlara diqqət yetirilməsi məsələnin mahiyyətini tamamilə açır: “Nərimanov: Vəziyyəti gərginləşdirən Kaminski deyil, Hüseynovdur, o, “bir şey deyir, başqa şey görür”. Moskvaya donosdan (Hüseynov xüsusi olaraq Moskvaya gedib və N.Nərimanovun milli təmayülçü siyasəti haqqında şikayət edərək əşyayi-dəlillər aparmışdır) sonra o, iki dəfə mənim yanıma gəlmiş və demişdir: “ Doktor, mən sizinəm, siz nə əmr etsəniz, mən onu edəcəyəm. Mən isə ona dedim ki, rica edirəm, elə işləyin, Azərbaycana xeyri olsun, mənə isə şəxsən sizdən heç bir şey lazım deyil. Olub, ya olmayıb? ” Hüseynov: Mən sözlərimi geri götürürəm və buna cavabdehəm. Nərimanov: İşə Kaminski deyil, Hüseynov mane olur. Sadəcə onda cəsarət çatmır, desin ki, onlara Nərimanov mane olur.Cəbiyev: Kaminskinin mövcudluğu işə mane olur. O, dedi-qodu yaradır. Kaminski olmasa Nərimanovla daha tez razılığa gəlmək olar.Nərimanov: Birləşmək mümkün deyildir.” Bununla da səs çoxluğu ilə Kaminski vəzifəsindən kənarlaşdırılmış və onun yerinə S.M.Kirov seçilmişdir. N.Nərimanov da onun seçilməsinin tərəfdarlarından olmuşdur. N.Nərimanov ictimai, siyasi, dövlətçilik fəaliyyətində, tutduğu vəzifələrdə əxlaqi normaları daim nəzərə almışdır. N.Nərimanovun fikrincə, insanın üç ünsiyyət xətti vardır: özünün özü qarşısında məsuliyyəti, insanın Allahla ünsiyyəti və insanın başqa insanlarla ünsiyyəti. Ona görə də bu ünsiyyətlər sistemi bir-biri ilə tarazlaşmalı və əlaqədə olmalıdır. İnsan ilk əvvəl gərək öz şəxsiyyətindəki ziddiyyətləri aradan qaldırsın. Onda onun başqa ünsiyyət xətləri də səmimi olar.N.Nərimanovun “ Oğlum Nəcəfə məktub ”u 1925-ci il yanvarın 25-də yazılmışdır. Bu məktub, güman ki, daha geniş olmalı imiş, amma N.Nərimanovun ölümü nəticəsində bu məktub yarımçıq qalmışdır. N.Nərimanovun hakimiyyətin fəlsəfəsinə dair baxışları bu məktubda daha aydın görünür. Məktubun əsl dəyəri də bundadır. Məktubdakı fikirlərə nəzər salmaqla bir çox siyasi hadisə və məqamlara aydınlıq gətirmək olar. Konkret olaraq Stalini və onun yaxın silahdaşlarını nəzərdə tutaraq N.Nərimanov belə fikirlər söyləyirdi: “Hakimiyyətdə lovğalanmaq olmaz”, “Hakimin başı boş-boş işlərə, dedi-qoduya qarışmamalıdır”, Stalini və tərəfdarlarını düşünərək, “ nəhəng dövlətin taleyini əllərinə alaraq və hesabat vermədən diktatorluq etmək qərarına gəldilər ”, “ Nöqsanlarımız barədə bir-biri ilə danışa bilmirlər...”. N.Nərimanov bu düşüncələrini yekunlaşdıraraq bolşevizmin süqutu haqqında açıq-aydın fikirlər söyləmişdir: “Bəlkə də sən bu sətirləri oxuyarkən bolşevizm heç olmayacaq”, “Belə rəhbərlik bolşevizmin süqutunu yaxınlaşdırmaq deməkdir”, “Bunları sən mənim Mərkəzi Komitədəki geniş məruzəmdən öyrənəcəksən, həmin məruzə sənə bütün bunlardan baş çıxarmağa imkan yaradacaq və elə bu məruzədən də öyrənəcəksən ki, çoxları öz vəzifə mənsəblərini itirə biləcəkləri qorxusundan dinmədikləri halda, sənin atan bu barədə cəsarətlə danışdı”. Axırıncı cümlə bir neçə məqamdan xəbər verir. Bu sözlərin siyasi mənasından başqa sırf tarixi mahiyyəti də vardır. Ola bilər ki, burada onun Stalinə yazdığı məlum məktubundan söhbət gedir. N.Nərimanov vəzifənin əxlaqi normaları haqqında düşüncələrini də oğluna açıqlamışdır. Onun bu fikirləri rəsmi vəzifə haqqında ümumi dünyagörüşünü aydınlaşdırmaqdan başqa özünün Azərbaycan sovet respublikasının hökumət başçısı vəzifəsinə gəlməyinin səbəbini də anladır. Həmin vəzifəyə gələrkən onun vəzifə haqqında dünyagörüşünün necə olduğunu məktubdakı bu cümlələrdən görmək olar: “Əgər bir adamı yaxşı tanımaq, onun bütün daxili aləminə bələd olmaq istəyirsənsə, onu bir müddətə vəzifə başına qoy. Tezliklə həmin adamın müsbət və mənfi cəhətləri üzə çıxacaq. Bu baxımdan əgər sən kütlələri hiyləsiz-yalansız öz arxanca aparmağa hazır deyilsənsə, yaxşısı budur, ondan imtina et. Əgər kütlə səni dəyərləndirərsə, hakimiyyətdə iştirakını zəruri hesab edərsə, sənə etibar edərsə və sən bu etibara əsasən ümumi işə müəyyən fayda verəcəyinə əmin olarsansa, onda imtina etmə”. N.Nərimanovun yazısında onun Azərbaycana hökumət başçısı gəlməsinin fəlsəfəsi də üzə çıxır. N.Nərimanov bu vəzifədən ona görə “imtina etmədi” ki, gələrkən müəyyən fayda verəcəyinə əmin idi. Hakimiyyətə gələndən sonra onun şəxsiyyətində yeni müsbət cəhətlər üzə çıxdı, o, xalqı hiyləsiz-yalansız öz dalınca apardı, kütlə onu dəyərləndirdi, hakimiyyətdə iştirakını zəruri bildi və ona etibar etdi.Beləliklə, N.Nərimanovun milli təmayülçü kommunist baxışlarının kökləri həyatı, yaradıcılığı, xalqın həyatını və problemlərini dərindən bilməsi, fəaliyyətinin məqsədi isə Azorbaycana qarşı hazırlanan məkrli planlara qarşı durması olmuşdur. O, milli təəssübkeş bir siyasətçi kimi özünü təsdiq etmiş, vəzifədə işləyən hər bir kəsin Azərbaycan xalqının əxlaqi dəyərlərinə riayət etməsini zəruri saymışdır. N.Nərimanovun ictimai-siyasi fəaliyyətinin başlıca qayəsi Azərbaycan xalqına xidmət etmək olmuşdur. O, müəllim, publisist, həkim və siyasətçi olaraq xalqının həyatında müstəsna rol oynamışdır. N.Nərimanov sovet Rusiyasının Türküstanda törətdiyi yanlış siyasətin əleyhinə çıxmış, yerli milli və dini xüsusiyyətləri nəzərə almağı tövsiyə etmişdir. Həm çar Rusiyası, həm də onun müstəmləkəçilik siyasətini yeni üsullarla davam etdirən bolşeviklər N.Nərimanovu özlərinə müxalif sayırdı. Çar Rusiyası onu həbs edərək Metex qalasında saxlayırdı və Sibirə sürgünə göndərmək barədə qərar qəbul etmişdi. Hətta AXC daxili işlər naziri sərəncam vermişdi ki, N.Nərimanov görünən kimi həbs edilsin. Üzv olduğu partiyadan olan ortodoks bolşeviklər (solçular) isə onu, açıq-aydın təqib edir, xalqdan uzaqlaşdırır, xalqa qulluğunu “millətçilik” kimi qiymətləndirərək qəbahət hesab edirdilər.Sovet hakimiyyəti, bolşevik ideoloqları N.Nərimanovun vətənpərvərliyini, cəsarətini, xalqına ürək yanğısını və müstəqil dövlətçilik iddiasını bağışlamadı. O, 1925-ci ildə müəmmalı bir vəziyyətdə vəfat etdi. N.Nərimanov vəfat etdikdən sonra onun siyasi fəaliyyəti tam unudulmağa başladı. Beləliklə, N.Nərimanov 30 ildən çox bir müddət ərzində tarixdə sadəcə ədəbiyyat xadimi kimi qalmağa məhkum edilmişdir. N.Nərimanovun vəfatından sonra həyat yoldaşı Gülsüm xanım azyaşlı oğlu Nəcəf ilə Bakıya köçmək fikrinə düşür. Lakin onların “həyatı təhlükə qarşısında ola biləcəyindən” bu fikirdən çəkinir. N.Nərimanovun qardaşı qızı İltifat xanım dəfələrlə Kommunist Partiyasına daxil olmaq istəyini bildirsə də ona “ olmaz ” cavabı verilir. Səbəbi isə N.Nərimanovla qohumluğu olmuşdur. 1957-ci ildə SSRİ-də baş verən bəraətlərdən sonra ona partiyaya daxil olmaq təklif olunsa da, o, artıq bu təklifdən imtina etmişdir. Səciyyəvi haldır ki, 20-30-cu illərdə kommunistlər arasında milli təmayül ideologiyası ancaq Azərbaycana və N.Nərimanova məxsus deyildi. Müxtəlif vaxtlarda, miqyas və dərəcəsinə görə Azərbaycan kommunistlərindən Ə.Məmmədzadə, A.Əliyev, M.Əliyev, A.Yusifzadə, Y.Məlikov, D.Bünyadzadə, S.M.Əfəndiyev, H.Sultanov, Qazı Məmməd, H.Terequlov, Qədirli, B.Şahtaxtinski, Şirvani, Xanbudaqov, A.Kazımov, Ə.Əhmədov və başqaları da bu ideologiyaya malik idi. N.Nərimanov isə bunların sırasında həmin ideologiyanı daşıyan ən cəsarətli və parlaq bir siyasi xadim idi. N.Nərimanovun ölümündən sonra milli təmayüllü kommunist hərəkatı Azərbaycanda xeyli zəiflədi. Məhz N.Nərimanovun siyasətindən bəhrələnərək, 1924-cü ildə E.Xanbudaqov və 1927-ci ildə H.Cəbiyev milli təmayül siyasətini davam etdirməyə cəhd göstərməyə çalışsalar da, N.Nərimanovun məqsədyönlü xətti ilə gedə bilmədilər. Həm N.Nərimanovun xəttinə zidd gedənlərin, həm də onun tərəfdarlarının bəziləri öz aralarında yola getmədiklərinə görə, bəziləri millətçilik siyasətinə görə, bəziləri isə trotskiçi və başqa təmayüllü siyasətə uğradıqlarına görə 30-cu illər repressiyasının qurbanları oldular. N.Nərimanovun apardığı milli təmayüllü siyasət sovet hakimiyyətinin sonrakı dövründə müxtəlif şəkildə özünü büruzə vermişdir. 30-cu illərdə “ Nərimanovçuluq ” adlı cərəyana bağlılığı üstündə bir çox siyasətçilər ittiham edildilər. Həmin illərin qanlı repressiyaları da bir növ N.Nərimanovun millətsevərlik fəaliyyətinin kölgəsi altında aparılırdı. Heç bir şübhə yoxdur ki, XX əsrin 80-90-cı illərində sovet hakimiyyətinin mövcudluğu şəraitində tarix xalqımızı müstəqillik yolunda imtahana çəkərkən N.Nərimanovun 20-ci illərdə qoyduğu miras da öz həlledici rolunu oynamışdır.

P.S. Yazı Həsən Həsənovun “ Nəriman Nərimanovun milli dövlətçilik baxışları və fəaliyyəti ” əsərindən götürülüb.

enter.az


Etiket:
Xəbərlər

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024
Bütün xəbərlər