Rüstəm Dastanoğlu ədəbiyyatın içini çölündən aydınca görən geniş eridusiyalı fikir adamlarındandır. Orta məktəb illərindən yaradıcılığa başlasa da, ötən əsrin 80-ci illərin sonlarında mərkəzi mətbuatda hekayələri çap olunub.
Çap olunan əsərləri haqqında tanınmış şair və yazıçılar yüksək fikir bildirsələr də, məlum Qarabağ hadisələrindən sonra ədəbiyyatda yaranmış boşluq onu ədəbi mühitdən uzaq salır. Karyerasını biznes sahəsində inkişaf etdirsə də, yazıçılıq missiyasını isə öz hücrəsinə çəkilib səssiz şəkildə davam etdirir.
Hər görüşümüzdə Göyçə və ədəbiyyat mövzusu söhbətimizin baş qəhramanına çevrilir. Dünyada, cəmiyyətdə gedən ictimai, siyasi və ədəbi prosesi realizə etmək qabilyyətinə malik bir düşüncə adamı kimi Rüstəm Dastanoğlu ilə həmsöhbət olmaq həm də könül rahatlığıdır.
Görüşlərimizin birində söhbətimizi diqtafonun yaddaşına yazıb, goyce.az-ın oxucuları ilə bölüşməyi özümə borc bildim.
Rüstəm müəllim, kifayət qədər yaşınız, həyat təcürbəniz, dünya görüşünüz, mütaliəniz var. Bu ömrün arxasından geriyə boylananda Göyçə necə görünür ?
Hər bir insanın harada anadan olması özündən asılı olan bir şey deyil. Bizim də bəxtimizə Göyçə mahalında doğulmaq düşüb. Böyük Qırğız yazıçısı Çingiz Aymatovun məhşur bir sözü var: Uşaqlığını harada itiribsənsə, ora sənin vətənindi. Mənim də uşaqlığım, yeniyetməlik illərim Göyçə mahalında keçib. 1988-ci ilə qədər harada olmağımdan asılı olmayaraq həmişə gedib-gəlirdim. Çünki o torpaq həmişə bizi özünə çəkirdi. Göyçənin özünəməxsus iqlimi, təbiəti, relyefi, adət-ənənəsi, ağırtaxtalı ağsaqqaları, ağbirçəkləri, igidləri, sənətkarları var idi ki, onlar ancaq o torpağa uyğun mühitdə yetişmişdilər. Bizim kəndimiz də dəniz səviyyəsindən təqribən 2200 metr yüksəklidə yerləşən qədim bir dağ kəndi idi. Yazda-yayda gül-çiçəyə bürünüb romantik duyğuları oyadan, hər tərəfi göz işlədikcə uzanan göyçəmənliklərlə əhatə olunmuş bu dünyadakı cənnətin özüydü desəm, yəqin ki səhf eləmərəm.
Göyçə təkcə təbiət gözəlliklərinə, o ünlü sənətkarları yetirdiyinəmi görə dəyərliydi? Yoxsa ayrıca bir sehri, qudsallığı varıydı?
Biz Göyçədə olmasaq da, Göyçə indi də öz yerindədi. Amma indiki Göyçə biz dediyimiz Göyçə deyil. Çünki Göyçəni göyçəkləşdirən tək Tanrı deyildi, həm də bizlər idik. Onun daşının, qayasının, torpağının dilini bilən bizlər... Göyçə bizlərlə, öz əzəli sakinləri ilə gözəliydi. Göyçənin bünövrəsi sağlam sütunlar üstündə qurulduğundan mühit də sağlam idi. Ona görə də o mühitdən çıxan adamlar da sağlam düşüncəyə, əxlaqa malik olurdu. Orada hər şeydən əvvəl hər bir insanın öz adını qorumaq missiyası varıydı. Sözə hörmət varıydı. Biz uşaqlıqda böyüklərdən eşidirdik ki, bizim kəndin qaçaq-qoçaq igid adamlarının qan davasının hamısı bir sözün üstündə olmuşdu. Təbi ki meşə çaqqalsız olmur, istisnalar da varıydı hər yerdə olduğu kimi. Çox az sayda insanlar tapmaq olardı ki, sözünə, vədinə əməl etməyənlərdən olsun. Ona görə də biz uşaqlıqdan bilirdik ki, böyüklə necə davranmaq lazımdı, kiçiklə necə davranmaq lazımdı. Sözü necə danışmaq lazımdı. Bunlar hamısı kiçik yaşlarımızdan bizlərə-uşaqlara öyrədilirdi, örnəklər göstərilirdi. Mən 18 yaşımdan Ukraynada Kiyevdə təhsil almışam. Başqa bölgədən olan tələbə dostlarım, tanışlarım varıydı. Onlar danışırdı ki, bizim toylar davasız keçməz. Bir dəfə evə tətilə gedəndə əmimdən (atama "əmi" deyirdim) soruşdum ki, əmi, bizim toylarda niyə dava olmur? Onda dedi ki, bizim kənddə toyda iki dəfə dava olub, onda da 3-4 nəfər ölüb. Ona görə hamı bilir ki, dava etmək olmaz. Oldusa, o ölüm hadisəsi təkrarlana bilər. Böyüklər, ağsaqqallar tərəfindən yaradılmış, yazılmamış qanunlar varıydı ki, o qanun həmişə qüvvədə idi. Bax, bu halların özü də göstərir ki, Göyçə mahalı, camaatı sözə nə qədər bağlı olub. Elə kainatı da Allah sözdən bərqərar edib. Bir sözlə, söz ən ali dəyər idi göyçəlilər üçün. Elə Aşıq Ələsgəri də o sözün aliliyini dərk edən mühit yetirmişdi. İndi deyirlər Aşıq Ələsgərin savadı olmayıb, təhsil almayıb. Göyçənin özü bir akademiya idi. Ələsgər də o akademiyanın ən parlaq məzunu idi. Düzdür, burada Ələsgərin ustadı Aşıq Alı faktoru da var. Aşıq Alı da demək olar ki, bütün elmləri bilən böyük fikir adamı idi. Bütün bunlarla bahəm, el-obanın tələbkarlığı, insanların özündə daşıdığı informasiya bir başa Aşıq Ələsgərin düşüncə tərzinə, yaradıcılğına siraət etmişdi. Bu gün biz Ələsgərin şeirlərini oxuyub heyrət edirik ki, yazı-pozu bilməyən bir adam nə qədər böyük bir təfəkkürə malik imiş?!... Bu, həm də, Allahın Ələsgərə lütfüydü. Elm ona Allah tərəfindən buta şəklində verilmişdi. O elmi oxumaqla qazanmaq olmazdı. Birdə ki Ələsgərin dövründə tək Göyçədə yüzə yaxın aşıq, şair varıydı. Amma hamısı onun kölgəsində qaldı. Heç biri Ələsgərin ucaldığı mərtəbəyə qalxa, toxunduğu mətləblərə toxuna bilmədi.
1988-ci il hadisələrini, göyçəlilərin qaçqınlığını necə xatırlayırsız?
Mən onda Ukraynada idim. Eşitdim ki, Göyçədə köç başlayıb gəldim Azərbaycana. Bizim ailəmiz tək canlarını götürüb çıxmışdılar, heç nə gətirə bilməmişdilər. Allah ömür versin, onda Zakir Kərimov Gədəbəyin polis rəisi işləyirdi. O, bizə maşın verdi, əmioğlanları ilə getdik köçümüzü gətirməyə. Dekabrın 7-də biz çatdıq kəndə, kənddə 4-5 adam qalmışdı. Rəhmətlik Yaqub, Müslüm dayı, Şamoyev Bayram kənddə idi. Kəndə getdik ki, rus əsgərləri post qurub, girişə, çıxışa nəzarət edir. O əsgərlərin nəzarətində kəndi görəndə elə bildim kəndimiz ölüb, biz də onun yasına gəlmişik. Necə bir adam ölə, ruhu bədəndən çıxa, quruca cismi qala ha, bax eləydi. Təbiətin harmoniyası itmişdi, elə bil dağlar da əzəmətini itirmişdi. Başqa vaxt başının üstündə ulduzları sayrışan kənd, bir həftənin içində xarabazara çevrilmişdi. Ən çox həmin vaxt diqqətimi çəkən həyətimizdəki toyuq-cücənin bizdən gizlənməyi idi. Başqa vaxt həyətə girəndə toyuq-cücənin səsi aləmi başına alardı. Amma həmin gün toyuqlar da səssizcə bizdən qaçırdı, sanki ayrılığı duymuşdular, öz isti yuvalarından ayrılmaq istəmirdilər.
Ermənilər həmin vaxt nə yaxşı sizə dəyib-dolaşmadılar?
Biz kənddən dekbarın 7-də çıxdıq, həmin günü Erministanda- Spitakda güclü zəlzələ olmuşdu deyə bir az qorxuya düşmüşdülər, başları özlərinə qarışmışdı. Riskli bir addımıydı onda Göyçəyə getmək. Hər cür təhlükəynən qarşılaşa bilərdik. Onların türklərə kini həmişə olub. Biz kənddən çıxanda yolda-izdə duran ermənilər arxamızca silahı olan güllə, daşa gücü çatan daş atırdı.
Arada 30 il vaxt keçib, bir anlıq təsəvvür edək ki, Göyçə dağılmayıb, hamı öz ocağındadı. İndiki Göyçəni necə təsəvvür edirsiniz? İqtisadi inkişaf, mənəvi azadlıq, tərəqqi olacaqdımı?
İnsan istər-istəməz zəmanəyə uyğunlaşır. SSR-nin dağılması, zamanın gətirdiyi yeniliklər, siyasi sabitlik göyçəlilərə xüsusi bir stimul verəcəkdi. Hələ sovet vaxtı, xüsusən 80-ci illərdən sonra insanlar özünə orada yaxşı gün-güzaran qurmuşdu. Hamı sürətlə varlanır, evlər tikir, maşın alırdı. O ki qala indi. Göyçə camaatı indi orada yaşasaydı, camaatın maddi, sosial problemləri demək olar ki, olmayacaqdı. Göyçənin çox münbit torpağı var. Bizim Daşkənd kəndi Göyçədə ən böyük torpaq sahəsi olan kəndlərdən idi. Torpaqlar kəndlilərə paylansaydı, tək kartofçuluqla rahat yaşamaq mümkün idi. Yadımdadı, biz həyətdə 10 sot yerdən 2 tondan artıq kartof yığırdıq. Heyvandarlıq üçün çox əlverişli şərait varıydı. Geniş otlaqlar varıydı ki, minlərlə mal-heyvan saxlayıb günün ən güclü fermeri olmaq olardı. Hər şeydən əvvəl kəndimizin, o təkanverici qüvvənin olması, onun qoynunda yaşayan insanların bir araya gəlməsi, mənəvi bağların qırılmaması, elin-obanın bütövlüyü iqtisadi, elmi, mədəni, mənəvi inkişaf üçün ən böyük vasitə olacaqdı. Yaxşı mənada bir rəqabət yaranacaqdı. Təhsil alanların, elm adamlarının, sənətkarların, imkanlı şəxslərin sayı çoxalacaqdı. O imkanlı şəxslər iş yerləri açacaqdı. Hamı xoşbəxt yaşayacaqdı. Ən əsası da bizim orada sayımız çoxalacaqdı, çoxaldıqca bütün sahədə imkanlar artacaqdı.
Aprel döyüşlərindən sonra cəmiyyətdə bir oyanma var; Prezident İlham Əliyev də çıxışlarında tez-tez İrəvana qayıdacağımızı vurğulayır. İnsanlar o torpağa qayıtmaq üçün müəyyən təşkilatlar yaratmağa, beynəlxalq aləmə müraciət etməyə cəhd edir. Siz necə düşünürsünüz, biz İrəvana, Zəngəzura, Göyçə mahalına qayıdacağıq?
Tarix təkrar olunur. Qərbi Azərbaycanda bütün mahallarla birgə Göyçə mahalı təkcə XX əsrdə 4 dəfə qaçqın düşüb, amma yenə də qayıdıb. Ən uzaq məsafə 1988-ci ildə oldu. Artıq 30 il keçir. Heç vaxt ora qayıtmaq ümidim ölməyib, həmişə də inanmışam ki, mütləq biz ora qayıdacağıq. Çünki ermənilər bu 30 ildə istər fiziki, istərsə də mənəvi olaraq o torpağa sahib çıxa bilməyib. Kəndimizdən olan çəkilişlərə baxıram ki, 10-15 evdə yaşayış var, o da qoca-qoltuq ermənilərdi. Birincisi, say baxımından onlar orada çox azdı. Az olduqlarından o yerlər boşuna qalıb. İkincisi də onlar o torpağın dilini bilmir. Bilsələr bəlkə də əkib-becərərlər. Torpaq da öz sahibini tanıyır axı, o da canlıdır, onu kim sevir, kim sevmir hiss edir. Ermənilər orada müvəqqəti qonaqdı. Qayıdış bir gün olacaq, özü də bizim düşündüyümüzdən də sürətli. O günə çox az qalıb. Kənardan nə qədər çətin görünsə də.
Hamının saz çalıb, söz qoşduğu bir məkanda birdən-birə sizin nəsr yazmanız, poetik yox, prozaik təfəkkürə malik olmanız şəxsən mənimüçün gözlənilməzdi . Niyə şeir yox, məhz nəsr yazdınız?
Yazmaq, yaradıcılıq həvəsi insanla birgə doğulur. Məndə də yazmaq həvəsi uşaqlıqdan varıydı. Həmişə hiss edirdim ki içimdə nəsə var, o nəsə getdikcə sözə çevrildi. 5-ci, 6-ci sinifdə bir neçə şeir yazdım, mən onda düşünürdüm dünyanın ən gözəl şeirlərini yazmışam. Həmin vaxt o şeirləri sinif yoldaşlarıma oxudum, hiss etdim ki, onlar bu şeirləri dərk etmədilər. Ondan sonra bir günün içində qərar verdim ki, şeiri başa düşən azdı, nəsr yazmaq lazımdı. Birinci növbədə yazı yazmağın xüsusi bir ləzzəti var, onun gətirdiyi mənəvi bir rahatlıq var ki, o heç nəynən əvəz olunmur. Yazıçı birinci növbədə özünə, öz mənəvi rahatlığına görə yazır. Bəzən görürsən biri durub deyir, mən xalq üçün yazıram, mənə filan adları, titulları, nələri verməlidilər. O cür hallar, istəklər qəbuledilməzdi. Yazıçıya heç kimin borcu yoxdu.
Adətən yaradıcı adamlarda istedad daha çox genetik olaraq ötürülür. Yaradıcı istedad-yazı yazmaq sizə atanızdan keçib, ya ananızdan?
Atama nisbətən anamı daha çox müşahidə eləmişəm. Atam rəhmətə gedəndə iyrimi beş yaşım vardı. Anam 3 ildi rəhmətə gedib. Anamın Allahdan, mühitdən gəlmə təbii bir istedadı varıydı. Həmişə öz təhkiyəsinə uyğun bayatılar deyərdi, qoşardı, dastanlardan, nağıllardan parçalar deyərdi. Hesab edirəm ki, daha çox anamdan keçib. Anamgil “Qızılhacıllı" tayfasındandı. Bu tayfa böyük türk tayfalarından biridir. Hazırda bu nəslin müxtəlif qolları Goranboyda, Yardımlıda yaşayır. Yeri gəlmişkən deyim ki, Yardımlıyla Göyçə bir-birinə çox oxşayır. Həm adət-ənənəsi, həm də təbiəti. Yardımlıda da Daşkənd var, Türkiyədə də.
Kömək eləmir?
Yox eləmir. Yalan söhbətdir. “Ulduz” jurnalında mənim o yazım çıxmışdı. Yazımın çap olunmağı anama daha çox xoş təsir bağışlamışdı. Onda bir dəfə anam mənə dedi ki, yadından çıxmasın, xalan öləndən sonra ona həmişə Quran oxutdur. Ona görə ki, xalan sonsuzdur. Amma mənim səkkiz uşağım var. Sən oxutdurmasan da, başqa uşağım oxutduracaq. Xalam nişanlı olmuşdu. Nişanlısı müharibədən qayıtmamışdı. Xalam onu ömrünün sonuna kimi gözlədi.
Bu, əsl fəadkarlıqdı, əsl sevgidir...
Sevgi deyil, sevgidən qat-qat üstün olan bir şeydir. Orda qürur, inam var. Deyirdi, onun qara xəbəri gəlməyib, yaşayır. Ömrünün sonunacan onu gözlədi.
Sevgi hər şeydir. Sədaqətdir, vəfadır, səmimiyyətdir…
Sevgi özünü aldatmaqdır. Sən sevirsənsə, sevdiyin səndən güclüdür. Təsirə düşən sənsən. Bax sevgi budur. Sən sevirsən, o səninlə məzələnir. Sən onun arxasınca qaçırsan. Sevgi əslində təsirə düşməkdir. Mən bunu məktəb vaxtı öyrənmişəm. Puşkin demişkən, biz qadınları nə qədər az sevsək, onlar bizi daha çox sevir. Əsl qadın istəyir ki, kişi ancaq onu düşünsün. Sən onu saymayanda, o səni düşünür. İnsan özü belə dindən üstün varlıqdır. Adam tanıyıram ki, on altı dəfə Məkkəyə gedib. Soruşuram ki, niyə gedirsən? Deyir ki il boyu yığdığım günahları təmziləyirəm.
Elə qadını sevərsən ki, onu ancaq sevə bilərsən, həyat yoldaşı kimi yaşaya bilmərsən.
Yəni sevgi ayrı bir şeydir, həyat yoldaşı ayrı bir şey?
Yer üzündə nə qədər adam varsa, onların heç biri bir-birinə oxşamır. Bu reallıqdır. Hətta səsləri eyni deyil. Xarici görünüşləri nə qədər fərqlidirsə, daxili dünyaları da, sevgiyə münasibətləri də fərqlidir. Bu reallıqdır. Sevgi individual bir şeydir.
Bəzən ümumiləşdirirlər. Adam var elə biriylə evlənir ki, anası kimi baxsın. O, çox zəif bir adamdır. O qədər görmüşəm ki... şüuraltı arvadına tabe olsun. Bunu özü bilmir. Allah onu belə yaradıb. Onun özündən asılı deyil. Ümumiyyətlə, sübut olunub ki, güclü adam sevdiyi insanla ailə qurmur. Sevdiyin insanla iyirmi dörd saat bir yerdə yaşamaq heç vaxt mümkün deyil. Adam sevdiyi adamı kənarda saxlayar, onunla arada-bir görüşər. Sevgi elə bir şeydir ki, sevgidə darıxmaq olmaz. Həmçinin də istedad. O da individual bir şeydir. İstedad heç vaxt oxşar, uyğun ola bilməz! Başqasına məsləhət vermək olmaz, elə yazasan, belə yazasan. Allahın sənə verdiyi istedadla özün özünü axtarıb tapırsan. Dahi adamlar da eləcə. Özlərini tapıb yazırlar, sonra ona ad qoyurlar. Postmodernizim, neorilizim və s. Əsas odur daxili quruluşun necədir, elə yazırsan. İstedad gördükcə, oxuduqca təbii şəkildə qüvvətli olur, fərqlilik gəlir. Adi Ramiz Rövşənin 23 yaşında yazdıqları daha çox xoşuma gəlir, nəinki indi yazdıqları.
Yəqin gənclikdə insanın beyni saf olur, çox yüklənmir, dünyanın çirkablarını dərindən görmür, ona görə həmin vaxt yazılan şeirlər daha səmimi, təmiz olur...
Yox, insan yaş artdıqca oxuyur, öyrənir və oxuduqca daha çox qorxur. Qorxur ki, bunların qabağında mən nə yazacam? İstər-istəməz təsir altına düşür.
Əslində, bu fikirlər təzadlıdır.
Onsuzda bütün fikirlər deyilibdir. Sən özün fərqli yanaşıb, fərqli deyəndə sənin fikrin olur.
Bildiyim qədər sizin ilk hekayəni Yusif Səmədoğlu çap edib.
İlk hekayəm 1989-cu ildə “Ulduz” jurnalının mart nömrəsində çap olundu. Yusif Səmədoğlu onda “Ulduz”un baş redaktoru idi, hekayəmi apardım oxudu, sonra ev nömrəsini yazdı verdiki mənimlə əlaqə saxla. Mövlud Süleymanlı da nəsr şöbəsinin müdüriydi. Hər ikisi hekayəmi yüksək qiymətləndirdilər, növbədənkənar çap elədilər. Sonra Sabir Azəriynən, Ağamalı Sadiq Əfəndi də hekayəmi oxuyub, xoş sözlər dedilər. Ağamalı rəhmətlik hekayənin dilinə, təhkiyəsinə vurulmuşdu. Hər görəndə tələb edirdi ki, yaz, sənin yaxşı istedadın var.
O zaman gənc bir adamın 75 min nüsxəynən çap olunan bir jurnalda çap olunması demək olar hər adamın payına düşəcək xoşbəxtlik deyildi. Birdən-birə “Ulduz” jurnalına getməniz sizi qorxutmamışdı ki?
Qətiyyən. Çox rahat getdim. Çünki özümə inamım, bir də iddiam məni ora aparmışdı. Yazan adamda yaxşı mənada bir iddia olmalıdı. Yazıçılığa, yaxşı əsər yazmağa iddiası olmayan adam əlinə qələm almamalıdı. İddia kompas kimidir, istiqamət verir adama yaxşı yazmaq üçün. Təvozökarlıqdan uzaq olsa da, deyim ki, mən özümə çox güvənirdim, çox inanırdım. Sonralar sadəcə qurluş dəyişdi, SSR dağıldı, 88-ci ilin hadisələri, Meydan hərkatı, 20 Yanvar, Qarabağ hadisələri başladı, yazıçılıq arxa plana keçdi. Həmin dövr susqunluq oldu, ədəbiyyatda bir boşluq yarandı. Bütün bunlara baxmayaraq mən həmişə yazmışam. Bir də bəzi yazıçılarda gördüyüm neqativ hərəkətlər məni ədəbi mühitdən, Yazıçılar Birliyindən uzaqlaşdırdı. Əsərlərini oxuyurdum, görürdüm bunlar istedadlı adamlardı, amma özləriynən təmasda olanda görürdüm ki, cılız hislərnən yaşayırlar, elə bilirlər yaxşı əsər yazdıqlarına görə hamı bunlara borcludu. Yazıçı təmənna ummamalıdı. Əqliynən, düşüncəsiynən vəhdətdə olub yazısını yazmalıdı. Yaradıcılıq qabilyyətinin özü Allah tərəfindən verlimiş ən böyük dəyərdi, dövlətdi.
Hər kəsin yaradıcılığa başlayanda oxuyub təsirləndiyi yazıçılar olur. Sizə kimlərin təsiri olub?
Təsirlənmə deməzdim, ruhuma yaxın yazıçılar var ki, mən o yazıçıları həmişə oxuyuram. Onlar həmişə mənim üçün təzədi. Heminqueydi, Folknerdi, Bulkaqovdu, Çingiz Aytmatovdu, Markesdi, Dostoyeviskidi. Dostoyevskinin pisxo-analizi, insanın daxili dünyasını açması həmişə ruhuma doğma olub. Şərqdə həmişə poeziya öndə olub. Bizdə o üzdən nəsrin tarixi çox qədim deyil. Amma XIX əsrdə Cəlilməmməd Quluzadənin hekayələri, Üzeyir Hacıbəylinin oçerkləri, fleytonları, müasir yazıçılardan Mövlud Süleymanlının “Dəyirman”ı, Yusif Səmədoğlunun “Qətl gün”ü, İsa Muğannanın “İdeal”ı, Əkrəm Əylisnin əksər povestləri, Elçinin hekayələri mənim sevimli əsərlərimdi. İsa Muğannadakı irfanlıq, səmavilik, mistika, Yusif Səmədoğluynan, Mövlud Süleymanlıdakı saz ruhu, axıcı təhkiyə, milli kolarit onların daxili dünyasının havasıdı, köküdü. “Qətl günü”nü oxuyanda hiss edirsən ki, hardasa bir saz havasına qulaq asırsan, qulaq asdıqca cümlələrarası o ləngərə heyran olursan. Mənim üçün yazıçının özünəməxsus dili, bir də əsərin havası olmalıdı.
Yusif Sənəmdoğlunun “ Qətl günü “ romanını ayıq oxucu oxuyan kimi bilir ki Mixail Bulkaqovun “ Master və Marqarita “ romanından təsirlənib.
- Şübhəsiz onun təsiri var. Amma əsas odur ki, “Qətl günü” romanında Yusif Səmədoğlunun öz dəsti-xətti var, yazısının dili, havası var. Həm də hiss olunur ki, romanı daxili saz üstə köklənmiş adam yazıb. Romanda vələs ağacı var. İstəsəydi, küknar ağacı yazardı, yazmayıb. Çünki küknar saza yarayan ağac deyil.
Əslində, Yusifin də havası deyil, Səməd Vurğunun havasıdır.
- Genetik keçibdir və bunu da yazıda göstərib. Əsas budur.
O gendən gələn Vaqif Səmədoğlu da var. Altmışıncı illərin modernist şairlərindəndir. Vaqif Səmədoğlu, Ələkbər Salahzadə, Camal Yusifzadə ədəbiyyata eyni vaxta gəlmiş, baxışları eyni olan adamlardır. Amma baxırsan ki, Vaqifdə tamam başqadır. İxtisasca cazmen olsa da, şair kimi şeirlərində sazın havası daha çox hiss olunur.
Yox, Vaqifin yazdıqlarında hava yoxdur. Sadəcə fikirlər var. Mən ədəbiyyatçı deyiləm, öz fikrimi, duyduğumu deyirəm. Ola bilsin, qəbul etməsinlər bu fikrimi. Vaqifdə hamısı demək olar fikirdir. Hər hansı fikir də poeziya ola bilməz. Poeziya fikirdən çox-çox yuxarıda dayanır. Hər bir sətirdə gözəl fikir ola bilər, amma şeir havası olmaz. Vaqif Bayatlıda da yoxdur, Ramiz Rövşənin son illər yazdıqlarında da…
Ramiz Rövşənin şeirlərində heca var...
Niyə? Bulud şeirində heca yoxdur, sərbəst yazıb.
Əslində o şeirdə də heca var. Vaqif Bayatlı da sərbəstdə yazıb. Vaqif Bayatlını daha çox ruh şairi, tədqiqatçısı kimi tanıyırıq.
Səni niyə belə sevdim,
belə istədim niyə?
canımdakı min tikana,
bir gülə istədim niyə?!
Eşqdə gizlətdim bu canı
görəmməyən varmı, hanı?!
həm gizlətdim, həm də hamı
bilə istədim niyə?
Min illərçün də Allahdan
Gecə-gündüz, hər an, hər an
səni özümə həm sultan,
həm də, həm də
kölə istədim niyə?!
Sonuncu bənddə şeir kökdən çıxdı.. Burda gəraylıdan söhbət getmir. Kökdə olanda sən onu hava kimi içirsən. Kinoda da elədir. Belə deyək, biri var gərginləşirsən, oxuyan kimi onun mənasını tapasan. Biri də var, şeir səni kökləyir, bütün beyninlə, varlığınla şeirə köklənirsən, şeirlə birlikdə sən də axırsan. Sən şeiri oxuyanda gərginləşirsənsə, deməli, səni kökə salmayıb. Füzulini götürək, başqa dildə yazır, oxuyursan, başa düşmürsən, amma yazdıqları səni sakitləşdirir, səni tamam başqa kökə salır. Əgər şeiri oxuyanda gərginləşirsənsə, deməli, o şeirin kökü yoxdur. Tarkovskiyə Nastalgiyasına baxmısan yəqin. Açılır göy, anasıyla uşağı və ağ bulud… Gör gərginliyini necə çıxardır canından. Bunu ancaq istedadlı insanlar duya bilər.
Bəs, bədii nə deməkdir?
Bədii odur ki, onun ruhu var. Ruh hardandır? Ruh onun istedadından yaranan bir şeydir. Allahın, təbiətin verdiyini ona hopdura bilibmi? Vaqif Bayatlının şeirlərində bu axıra kimi yoxdur. Mənim üçün o qədər də fərqi yoxdur. Vaqifin bir şeirini bəyənirəmsə, bu o demək deyil ki, mən həmişə onun bütöv yazdıqlarını tərifləməliyəm. Tutalım, kimsə dövləti bir ay yaxşı idarə edirsə, mən əlbəttə, onu dəyrələndirib tərifləyəcəm. Otuz ikinci gün pis idarə edəcəksə, əlbəttə mən onu tərifləməyəcəm. Özü də istedadlı adam heç vaxt paxıl olmur. Ümumiyyətlə, bir söz deyəndə də çəkinmir, burda səhvdir, ya düzdür.
Bu hərədə bir cür olur. Daha çox özünəgüvənlə bağlıdır…
Ümumiyyətlə, şeir ikinci əldir. Yəni yaratdığının yaratdığıdır.
Bəzən Ramiz Rövşəni də təsirlənmələrinə görə ittiham edirlər. Yəni "ikinci əl" kimi qiymətləndirirlər...
O tənqidçilərin fikridir. Gəl sənin qabağına kitab qoyum, oxu, sonra yeni bir əsər yarat. Bax gör, eyni tərzdə yazırsanmı? Mümkün deyil. Hər kəsin bəyaq dedim öz yazısının dili var, öz səsi var. Ramizin üslubu özünəməxsusdu. Şeirlərinin öz havası var .
Mütləq anlayışını necə qəbul edirsiz?
Mütləq- Tanrının, təbiətin yaratdığıdı. Şairin, yazıçının yaratdığı insanın yaratdığıdı. Mütləq - insanın özüdü. Yer üzündə canlıların içində yaradıcılıq ancaq insana məxsusdur . Heyvanlar isə bioloji olaraq yaradır, döl verə bilir, uzaqbaşı yuva qura bilir. Amma insan yaratdıqlarına ruh verir. Çünki insan yaratdığına tək ağlını, düşüncəsini yox, həm də ruhunu verir. Bu da Tanrının yaratdığına yaxın bir şeydi. Artıq orada hansı fikiri deməyin önəmli deyil, önəmli odur ki, onun havası, ruhu var. Ruhu varsa, deməli, insanın yaratdığı diridir. Bir dəfə Ramiz Rövşənə dedim, sənin elə şeirlərin var ki, onlar atalar sözüdür, bəziləri isə sayıqlamalardı. Onda Ramiz dedi, sənin sayaqlama sözün yaxşı sözdü, atalar sözü isə konkret fikirdi. Onda dedi ki, mən istəmərəm mənim şeirlərim atalar sözü olsun. Sayıqlama odur ki, sən hansısa mistik qüvvə ilə əlaqədə olursan. Əsər var ki oxuyursan, xoşun gəlir, sən onu şüurnan dərk etmək istəyirsən. Amma ruhnan onu dərk edəndə o daha yuxarı qata qalxır. İnsanı idarə edən 10 vasitə varsa, onlardan biri də şüurdu. Əsl əsər odur ki, vəhy şəklində yazıçıya daxil olur. Tək yazıçılıq yox, rəssam da, rejissor da başqa sahələrdə belədi. Ruhun yanında fikir görünməyən bir şeydi. Fikir ruhun içində olur.
Adətən deyirlər, ədəbiyyat bütün izimlərdən yuxarıda dayanır. Hardasa siz də o fikirlə razılaşırsınız. Belə başa düşürəm ki, siz də izimləri qəbul etmirsiniz...
Yox, izimləri tənqidçilər çıxarıb. Hansısa yazıçını hansısa izimə tabe etmək onun meydanını daraltmaqdı. Belə deyim də: Yazıçının genişliyini, azadlığını əlindən almaq kimi bir şeydi. Bütün izimlər şərti xarakter daşıyır. Dostayeviski yazanda heç bir izimi düşünməyib, nə də onu hansısa izimə tabe etmək olmaz. Sadəcə olaraq, Dostayeviski daxili rahatlığı üçün yazıb, özünü ifadə etmək üçün yazıb. Götürək film sahəsində Tarkoviskini, Fellilini. Sonra uydurublar ki, amarkord çəkib, filan çəkib. Onlar üçün onun heç bir anlamı yoxuydu, onlar ancaq özlərini ifadə etmək istəyib. Eləcə də Markes. Heç bir əsərini bilərəkdən, indi uydurduqları “magiq realizm”ə tabe edib yazmayıb. Markes sehrli yazıçıdı, “Yüz ilin tənhalığı”nı oxuyanda hiss edirsən ki, o sehr ilahi diqtə ilə onun yazılarına köçüb. Bilərəkdən yazdınsa bu olur artıq qurama. Qurama əsər yazan yazıçılar da var ki, müxtəlif dövr, müəyyən kəsim üçün yazıblar, yaşayıblar, sonra unudulublar.
Sizin yazıçılıqdan gələn bir ruhani aləminiz var. Eyni zamanda realist adamsınız, görünür bu da riyazi təhsil almanızla bağlıdı. Realist düşünməniz görünür iş adamı olmanıza da hardasa dəstək olub. O üzdən maraqlıdı, o dünyanın olmasına inanırsınızmı?
İnsanın bir fiziki varlığı var, bir də ruhi varlığı. Fiziki varlığı yerin altına, ruhi varlığı da göyə qovuşur. Bu elə bil 2 vuraq 2 kimi bir şeydi. Bizim varlığımız ruhumuza tabedir. Bizim yeriməyimiz, danışmağımız, görməyimiz, eşitməyimiz hamısı ruhumuza görədi. O bizə verildiyi, gəldiyi kimi, harasa getməlidi də. Biz təkcə fiziki varlıq olsaq yaşaya bilmərik ki. Çox şeyi insan özü mürəkkəbləşdirir. Təbiətdə hər şeyi bir-birinə üzvü şəkildə bağlıdı. Mənim bir yazım var, “Köklənmə və kainatla təmasda”. O yazımda bu barədə fikirlərimi, düşüncələrimi bölüşmüşəm. İnsan hər bir şeyi ona görə edir ki, sonda xoşbəxt olsun. İnsanı nə din, nə başqa vasitələr xoşbəxt edə bilmir. İnsan ancaq özü-özünü xoşbəxt edir . İnsan özünü dərk edə bilirsə, özünə uyğun mühit yarada bilirsə, onda xoşbəxt olur. Yoxsa nə pul, nə vəzifə, şöhrət insanı xoşbəxt edə bilməz.
Bəs onda Allahın funksiyası nədir?
Onu Allah adlandır, “Tanrı” de, ruslar “Boq” deyir. Bunlar nisbi bir anlayışdı, nisbi bir addı. Mən doğulduğum mühitdə dini ayinlər, mərasimlər hamısı yerli-yerində qorunurdu. Ocaqlar, ziyarətgahlar varıydı. Xüsusən məhərrəmlik ayında təziyə saxlanardı, ehsan verilərdi. Bütün bunlara baxmayaraq, Göyçədə saz-söz dindən yuxarıda dayanıb. Valideyinlərimin dini düşüncəsi, sevgisi səviyyəsində bilirəm ki, mən müsəlmanam. İstəyirəm dini düşüncəmi həmin səviyyədə saxlamaqla övladlarımı da o səviyyədə öyrədim.
Yaradıcılıqla bağlı nə kimi planlarınız var, kitab nəşr etdirmək planda varmı?
Demək olar ki, mən həmişə yazıram. Sadəcə, tənbəlliyin daşını atıb o yazıları sistemləşdirib kitab şəklinə salmaq lazımdı. Bir də həvəs və maraq olmalıdı. Təbi ki mənəvi bir marağı mən nəzərdə tuturam. Xalq yazıçısı Elçin müəllimlə mən o zaman görüşəndə deyirdi ki, unutmaki yazıya pozu yoxdu. Ona görə düşünürəm ki, kitab çap etdirəndə cəmiyyətə sanballı bir kitab vermək lazımdır.
Sizi yaxından tanıdığımdan, çoxsaylı söhbətlərimizdən bilirəm ki, Türk-Turan dünyasının qurulmasında atılan hər bir addımı xüsusi bir fəallıqla, həyacanla izləyirsiniz. Son illər türkdilli xalqlar tərəfindən bir yaxınlıq sezilməkdədir. Prosesi dərindən izləyən bir türkçü kimi Turan dünyasının qurulmasında türkün birliyi hazırda nə yerdədir?
Bu günün reallığında dünyada qütbləşmə gedir, bunu hamı bilir. Dünyada güc sahibi olan dövlətlər var ki, onların güclü hərbi qüvvələri, güclü silahları, atomu var, bir də böyük ümumudaxili məhsulu olan dövlətlər var. Amma dünyada iki dövlət var ki, onların daha çox daxili enerjisi var. Daxili enerji xalqdan, millətdən gələn enerjidi. O iki dövlət: Türkiyə və Çin dövlətidi. Vaxtilə İngiltərə o daxili enerjinin gücü sayəsində dünyanın yarısını zəbt etib. Hazırda Türkiyədə daxili enerjisi çox güclüdü. Açıq etiraf edək ki, Ərdoğan hakimiyyətdə olduğu vaxtda bu hiss daha da gücləndi, yatmışları oyatdı. Bütün dünyaya türkün kimliyini hər çıxışında xatırladır. Suriya məsələsində qəti mövqe ortaya qoydu. Türkiyə dövlət olaraq dünyada, xüsusən, şərqdə gedən ictimai-siyasi məsələlərdə yaxından iştirak edir. Hazırda Qüds məsələsində addımlar atır. Mən ümid edirəm ki, yaxın 10 ildə Türkiyə dünyanın 5 super gücündən biri olacaq. Bu da türk-müsəlman dünyasının ən böyük qələbəsi deməkdir. Hazırda türkdilli dövlətlər arasında bir istiləşmə də hiss olunur. Artıq Özbəkistan da Türkiyə ilə yaxınlıq edir. Bu yaxınlığın sayı, coğrafiyası getdikcə genişlənəcək inşallah.
Söhbətləşdi: Qılman İman
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024