Dünya ədəbiyyatının ən məşhur əsərlərindən olan “Paris Notr-Dam kilsəsi” romanının müəllifi Viktor Hüqo bir yazıçı və şəxsiyyət kimi XIX yüzil tarixinin və hər şeydən öncə fransız ədəbiyyatının ayrıca, parlaq bir səhifəsidir.
Fransız mədəniyyəti tarixində o öncə şair, daha sonra isə romanlar və dram əsərlərinin müəllifi kimi, dünyada isə ilk növbədə romançı kimi tanınır. Bütün bunlara rəğmən o, XIX yüzilin ən monumental və nəhəng fiqurlarından biri olaraq qalır.
Hüqonun həyat və yaradıcılığında onun şəxsi, ümumbəşəri, yaşadığı dövrü dərindən dərk edən fəlsəfi-tarixi dünyagörüşü, insanların şəxsi həyatına diqqəti, sosial proseslərə güclü marağı, poetik təfəkkürü, yaradıcı fəaliyyəti və siyasi fəallığı bir-birini tamamlayırdı. Belə bir həyat yalnız xronoloji olaraq əsrin yaddaşına yazılmaqla kifayətlənmir, eyni zamanda onunla üzvi vəhdət təşkil edərək naməlum və ünvansız talelərə qarışır.
Hüqonun yaradıcı şəxsiyyətinin formalaşdığı gənclik illəri İntibah dövrünə təsadüf edir. İlk öncə o özünü poeziyada sınayır, “Verden qızları”, “IV Henrixin heykəlinin bərpası”, “Berri hersoqunun ölümü”, “Bordos hersoqunun doğulması” və s. bu kimi əlamətdar günlərə odalar həsr edir. Adıçəkilən ilk iki əsər öz müəllifinə Tuluza Akademiyasnın olduqca nüfuzlu “Des Jeux Floraux” müsabiqəsində iki mükafat qazandırır. “Berri hersoqunun ölümü” odasına görə kral özü şəxsən gənc şairə 500 frank məbləğində pul mükafatı təqdim etmişdi. Berri hersoqu kralın qohumu idi, royalistlər onu taxt-tacın varisi kimi görürdülər, ancaq 1820-ci ildə o bonapartçı Luvel tərəfindən öldürüldü. Bordos hersoqu titulu isə Berri hersoqunun ölümündən altı ay sonra dünyaya gəlmiş oğluna çatdı.
Bu hadisəni royalistlər fransız taxt-tacını varissiz qoymaq istəməyən Tanrının iradəsi kimi qəbul etdilər. Bu dövrdə Hüqo legitimçilərin (“legitim”, yəni “qanuni” monarxiya tərəfdarları) hiss və ümidlərini səmimiyyətlə paylaşırdı. Ədəbi yaradıcılıq sahəsində Hüqonun kumiri legitimçilər hərəkatının görkəmli simalarından olan yazıçı F.T.Şatorbrian idi. XIX yüzil fransız ədəbiyyatı onun “Atala” (1801) və “Rene” (1802) povestləri, “Xristian dahisi” (1802), “Məzlumlar” (1809) epopeyası ilə başlamışdı. O öz kumirinə bənzəməyə çalışaraq Şatobriana “Dahi” adlı oda həsr etdi və “Ya Şatobrian olmalı, ya da heç kəs” şüarını özünə həyat devizi seçdi.
1824-cü ildən başlayaraq yeni “XIX əsr ədəbiyyatı”, yəni romantizm tərəfdarları olan şair və yazıçılar mütəmadi olaraq “Arsenal” kitabxanasında gözətçi işləməyə başlayan və vəzifəsinə uyğun olaraq orada yaşayan Ş.Nodyenin başına toplaşırlar. Onun romantik dostlarının arasında Hüqo da vardı. Bu illərdə Hüqo öz poetik məcmuələrini çap etdirir: “Odalar və müxtəlif şeirlər” (1822) və “Yeni odalar” (1824).
“X Karlın tacqoyma mərasiminə” (1824) həsr etdiyi oda Hüqonun royalist simpatiyasının son ifadəsi oldu. 1820-ci illərin ikinci yarısında o, bonapartçılara doğru meyil etməyə başlayır. Artıq 1826-cı ildə A. de Vinyinin “Sen-Mar” tarixi romanına həsr etdiyi məqaləsində o, Napoleonun adını tarixin görkəmli şəxsiyyətləri sırasında çəkir. Həmin ildəcə Hüqo, Kromvel haqqında dram yazmağa başlayır; əsərdə tarixi şəxsiyyət olan Kromvel, Napoleonun prototipi kimi əks etdirilərək monarxa qarşı qoyulur. O, “İki ada” odasını da Napoleona həsr edir: iki ada - bunlar heç kəsin tanımadığı Bonapartın doğulduğu Korsika və bütün dünyada məşhur olan Napolenonun əsir kimi öldüyü Müqəddəs Yelena adasıydı. Hüqonun poemasında iki ada qəhrəmanın böyük və faciəli taleyinin qoşa simvolu kimi səciyyələndirilir. Ən nəhayət, vətənpərvərlik duyğularının təsiri altında qələmə aldığı “Vandom sütunu haqqında oda”da (1827) Napoleonun və silahdaşlarının hərbi qələbələrini tərənnüm edir (1812-ci ildə Austrelis döyüşündə Napoleon ordusunun qənimət aldığı tunc toplardan tökülmüş həmin sütun bu gün də Parisdəki Vandom meydanındadır).
1820-ci illərdə mövcud olan tarixi şəraitdə “Hüqonun bonapartçılığa olan rəğbəti onun liberal siyasi düşüncəsinin formalaşması və şairin köhnəlmiş legitimçi “əlahəzrət kral” idealı ilə vidalaşmasıyla bağlıydı”. İmperator Napoleonun şəxsində o indi taxt-tacı və hakimiyyəti “qanuni” feodal krallardan deyil, imperator Böyük Karlın özündən miras alan yeni monarx tipini görür.
Hüqonun 1820-ci illər poeziyasında onun siyasi düşüncələrinin təkamülündən çox romantizm ruhunda estetik axtarışlarına rast gəlirik. “Yüksək” və “aşağı” janrları sərt şəkildə ayıran klassik ənənələrə zidd olaraq şair nəcib oda ilə sadə xalq balladalarını bərabərləşdirir (“Odalar və balladalar” toplusu, 1826). Onu balladalardakı əfsanələr, xurafat, qədim tarixi dövrlərin adətləri və fransız xalqının milli ənənələri, xüsusən də uzun əsrlər öncə yaşamış insanların psixologiyası və inancları cəlb edirdi. Bütün bunları romantiklər vahid “yerli kolorit” anlayışında birləşdirirdilər. Milli və tarixi koloritlərlə zəngin olan balladalara Hüqonun “Kral İonanın turniri”, “Burqqraf ovda”, “Rahibə haqqında əfsanə”, “Feya” və s. əsərlərini misal göstərmək olar. Hüqo özünün “Oriyentaliyalar” (1828) məcmuəsində ekzotik “yerli kolorit” mövzusuna müraciət edir. Bu əsərlərində o sadəcə olaraq Şərqə olan romantik marağını əks etdirməyə çalışır.
Yaradıcılığının erkən dövründə Hüqo romantizmin ən kəskin problemlərindən olan dramaturgiyanın yeniləşməsi və romantik dramın yaradılması məsələlərinə diqqət yetirir. “Kromvel” (1827) dramına yazdığı ön sözdə o, müasir dram üçün antik deyil, romantiklərin olduqca köhnəlmiş saydıqları klassik faciəni örnək almanın vacibliyini vurğulayırdı. Yüksək (faciə) və gülməli (komediya) janrlarını bir-birinə qarşı qoymaqdan imtina edən Hüqo müasir romantik dramdan həyatın ziddiyyətlərini onun rəngarəngliyi ilə birlikdə əks etdirməyi tələb edirdi. Klasisizmin “nəcibləşdirilmiş təbiət” prinsipinin əksinə, Hüqo qrotesk nəzəriyyəsini inkişaf etdirirdi: bu metod gülməliylə eybəcəri “konsentrasiya olunmuş” biçimdə təqdim edəcək. Bu və ya digər bir çox estetik yanaşmalar yalnız dramlara deyil, mahiyyətcə bütün romantik incəsənətə aiddir. Bu səbəbdən “Kromvel” dramının ön sözü mühüm romantik manifestlərdən biri oldu. Bu manifestin ideyalarını Hüqo tarixi mövzularda yazdığı dramlarında, o cümlədən “Paris Notr-Dam kilsəsi” romanında da tətbiq etdi.
Romanın ideyası əsası Valter Skotun romanlarıyla qoyulan tarixi janrlara maraq atmosferində meydana çıxmışdır. Hüqo bu məsələyə həm dramaturgiyada, həm də roman yaradıcılığında ciddi əhəmiyyət verirdi. “Kventin Dorvard, yaxud XI Lüdovikin sarayındakı şotlandiyalı” (1823) məqaləsində o, romanları “bəşəriyyət tarixinin ən parlaq səhifələrini öz qanı və göz yaşlarıyla yazan nəslin” mənəvi tələblərinə cavab verən Valter Skota yazıçı kimi öz dərin rəğbətini bildirir. Bu illərdə Hüqo, V.Skotun “Kenilvort” romanın səhnə variantı üzərində işləyirdi. 1826-cı ildə Hüqonun dostu Alfred de Vinyi tarixi “Sen-Mar” romanını nəşr etdirdi və bu əsər də Hüqonun yaradıcılıq planlarına təsir göstərdi.
Nəsr janrlarına da Hüqo bədii yaradıcılığının erkən dövrlərində müraciət etmişdir: 1820-ci ildə o, “Hüq Jarqal” povestini, 1826-cı ildə “İslandiyalı Han” romanını, 1829-cu ildə isə “Məhkumun son günü” povestini çap etdirir. Bu üç əsər ingilis “qotik” romanı ənənəsi və Fransadakı “qorxulu” və ya “qara” romanın bütün atributlarının mövcud olduğu “qəzəbli” ədəbiyyatla bağlıydı: bu romanların mövzusu dəhşətli macəralar, qeyri-adi ehtiraslar, manyak və qatillər, təqiblər, gilyotin və dar ağacı idi.
Hüqo ilk iki əsərində dəbdə olan macəra üslubu yoluyla getsə də, “Məhkumun son günü”ndə artıq bu dəblə mübahisəyə girişir. Bu qeyri-adi əsər ölüm cəzasına məhkum olunmuş məhkumun məktubları formasında qələmə alınmışdır. Bədbəxt məhbus öz təəssüratlarını danışır və edamdan qabaq təkadamlıq kameranı, həbsxana həyətini və gilyotinə aparan yolu müşahidə edir.
Müəllif öz qəhrəmanının həbsxanaya düşmə səbəbi, cinayətinin nədən ibarət olduğu barədə bilərəkdən susur. Povestin qayəsi heç də əcayib intriqa, qaranlıq və dəhşətli cinayət haqqında süjet deyil. Hüqo daxili psixoloji dramı zahiri drama qarşı qoyurdu. Məhkumun mənəvi əzabları yazıçının diqqətini daha çox cəlb edir, nəinki qəhrəmanı qəti qərar verməyə sövq etmək üçün hadisələrin qəsdən dolaşdırılması. Yazıçının məqsədi heç də cinayətin necə qorxunc olduğunu açıb göstərmək və oxucuları dəhşətə gətirmək deyil. Qazamat həyatının qaranlıq səhnələri, növbəti qurbanını gözləyən gilyotinin təsviri, qanlı tamaşanı izləmək ehtirasıyla alışıb-yanan kütlənin səbirsizliyi yalnız məhkumun düşüncələrinə nüfuz etmək, onun həyəcan və vahimələrini çatdırmaq üçündür. Əslində ölümə məhkum olunmuş insanın ruhi-psixoloji durumunu açmaqla ədib ölüm cəzasının heç bir cinayətlə müqayisə edilməyəcək dərəcədə qeyri-insani olduğunu göstərmək istəyirdi. Hüqonun ölüm cəzası haqqındakı düşüncələri olduqca aktual idi; bu məsələ 1820-ci illərin başlanğıcından etibarən mətbuatda dəfələrlə müzakirə predmeti olmuş, 1828-ci ildə isə hətta deputatlar palatasında qaldırılmışdı.
1820-ci illərin sonunda Hüqo tarixi roman yazmaq barədə düşünür və hətta 1828-ci ildə naşir Qosslenlə müqavilə də bağlayır. Lakin şəraitin mürəkkəbliyi onun işini xeyli çətinləşdirir, ən əsası isə o idi ki, müasir həyat onun diqqətini daha çox cəlb edirdi. Romanı yazmağa Hüqo yalnız 1830-cu ildə, İyul inqilabına demək olar ki bir neçə gün qalmış başlaya bildi və hadisələrin ən qızğın çağında o, müqavilənin yerinə yetirilməsini tələb edən naşiri məmnun etmək üçün evdə, yazı masasının arxasında oturmalı oldu. Uzaq Orta Əsrlər barədə yazmağa məcbur olsa da, o öz yaşadığı dövr, yenicə başlamış inqilab haqqında düşünürdü. Odur ki, “1830-cu il inqilabçısının gündəliyi” əsərini yazmağa başlayır, “Gənc Fransaya” adlı odasında inqilabı alqışlayır, inqilabın ildönqümünə isə “İyul qurbanlarının xatirəsinə” adlı himn yazır. Onun yaşadığı dövr haqqında düşüncələri bəşər tarixinin ümumi konsepsiyası və yazdığı romanda hadisələrin cərəyan etdiyi on beşinci əsr haqda təsəvvürləri ilə yaxından səsləşirdi. Roman “Paris Notr-Dam kilsəsi” adlandırılır və 1831-ci ildə işıq üzü görür.
“Paris Notr-Dam kilsəsi” 1820-ci ildə fransız ədəbiyyatında əsası qoyulan ənənənin davamı oldu. Həmin dövrdə tarixi romanın “atası” sayılan Valter Skotdan sonra bu janrda (məs., 1926-cı ildə A.de Vinyinin “Sen-Mar”, 1829-cu ildə P.Merimenin “IX Karl dövrünün xronikası” və Balzakın “Şuanlar” əsərləri) parlaq əsərlər yaranırdı. Elə bu dövrdə də tarixi romanın romantizm üçün xarakterik olan estetikası formalaşır ki, bunun da əsas postulatı tarix haqqındakı təsəvvürlərin cəmiyyətin qeyri-kamil formalarından daha mükəmməl formalarına doğru mütərəqqi proseslər şəklində başa düşülməsiydi.
1820-1830-cu illərin romantikləri tarixi əsasında mənəvi şüurun və sosial ədalətin durduğu fasiləsiz qanunauyğun və məqsədyönlü proses kimi başa düşürdülər. Ayrı-ayrı tarixi dövrlər - mənəvi ideyaların daha mükəmməl ifadəsinə, bəşər sivilizasiyasının tam inkişafına aparan pillələr həmin ümumi prosesin mərhələləridir. Hər bir dövr özündən əvvəlki inkişafın nailiyyətlərindən faydalandığından onunla qırılmaz şəkildə bağlıdır. Bu şəkildə dərk olunan tarix bitkin və dərin məna kəsb edir. Ancaq bir halda ki, qanunauyğunluq həmişə mövcud olub, demək, indi də var, odur ki, səbəb-nəticə əlaqəsi keçmiş və çağdaş tarixi böyük və daimi bir prosesin tərkib hissəsinə çevirir. Bir çox müasir problemlərin həlli yolları, eyni zamanda gələcəyin proqnozlaşdırılması məhz tarixi öyrənməklə mümkündür.
Ədəbiyyat - istər roman, poema, yaxud da dram əsəri olsun - tarixi tarix elmi kimi təsvir etmir. Hüqoya görə, xronologiya, hadisələrin dəqiq ardıcıllığı, döyüşlər, səltənətlərin fəthi və süqutu tarixin yalnız görünən tərəfidir. Romanda isə diqqət tarixçinin unutduğu və ya əhəmiyyət vermədiyi məsələlər üzərində cəmlənir. İncəsənətdə həqiqət hər şeydən öncə insanın təbiətini, düşüncəsini öyrənməklə aşkar olur. Faktların aşkara çıxarılmasında hadisələrin zahiri örtüyü altındakı səbəbləri üzə çıxaran və hadisənin mahiyyətini açan müəllif təxəyyülü mühüm rol oynayır. İncəsənətdə həqiqət heç vaxt gerçəkliyin tam inikası ola bilməz. Yazıçının vəzifəsi heç də bu deyil. O, gerçəkliyin bütün təzahürləri içərisindən yalnız ən xarakterik olanlarını seçməlidir, bütün tarixi şəxsiyyətlərin və hadisələrin arasından elələrinə müraciət etməlidir ki, həqiqəti aşkara çıxarmaqda daha etibarlı və inandırıcı olsun. Bu zaman dövrün ruhunu əks etdirən uydurma qəhrəmanlar tarixi personajlardan daha inandırıcı görünür. Faktlarla təxəyyülün bir-birinə uyğunlaşdırılaraq əlaqələndirilməsi quru faktdan daha inandırıcıdır, yalnız onların qovuşdurulması incəsənətin hədəfi olan yüksək bədii həqiqəti meydana çıxarır.
O dövr üçün yeni olan bu ideyaları tutalqa edən Hüqo “Paris Notr-Dam kilsəsi” əsərini yaratdı. Yazıçı dövrün ruhunun ifadəsini tarixi romanın başlıca həqiqət meyarı sayırdı. Bədii əsər məhz bununla tarixi faktları şərh edən xronikadan prinsipial surətdə fərqlənir. Romanda faktiki “kanva” müəllifin fantaziyasının məhsulu olan surətlərin fəaliyyət göstərdiyi və hadisələrin inkişaf etdiyi süjetin ümumi məzmununa xidmət edir. Tarixi romanın gerçəkliyi əks etdirməsi faktların dəqiqliyində deyil, zamanın ruhuna sadiqliyindədir. Hüqo əmin idi ki, tarixi xronikanın pedantcasına şərh olunmasında naməlum kütlənin və ya “aqrotinlərin” (romanda bu, avaraların, dilənçilərin oğruların və fırıldaqçıların özünəməxsus korporasiyaları şəklində təsvir olunur) - küçə rəqqasəsi Esmeraldanın, zəngçalan Kvazimodonun, ya da kimyagərlik qabiliyyətinə kralın belə maraq göstərdiyi alim rahibin davranışlarında gizlənən qədər məna yoxdur.
Müəllifin fantaziyasından tələb olunan əsas şey - dövrün ruhundan kənara çıxmamaqdır: xarakterlər, personajların psixologiyası, onların münasibətləri, hərəkətləri, hadisələrin ümumi gedişi, gündəlik həyatda və məişətdə rast gəlinən təfsilatlar - təsvir olunan tarixi reallığın bütün aspektləri dövrün gerçəkliklərinə uyğun gəlməlidir. Bəs bu materialları haradan alasan? Axı xronikada yalnız krallardan, sərkərdələrdən və digər tanınmış xadimlərdən, qalibiyyətli-məğlubiyyətli savaşlardan, dövlət həyatının digər anoloji epizodlarından, ümummilli miqyaslı hadisələrdən bəhs olunur. Bəzən xalq, bəzənsə “sürü”, “qaragüruh”, hətta “tör-töküntü” adlandırılan naməlum kütlənin gündəlik yaşantısı həmişə xronikadan kənarda, rəsmi tarixi yaddaşın arxasında qalır. Çoxdan unudulmuş dövr haqqında təsəvvür əldə etmək üçün yalnız rəsmi reallıqlar haqqında bilgilər əldə etmək kifayət etmir, sadə insanın günlük yaşamını və dəyərlərini də öyrənib romanda canlandırmaq lazımdır. Bu zaman yazıçıya xalqın yaşatdığı əfsanələr, rəvayətlər və bunabənzər folklor qaynaqları kömək edə bilər, çatışmayan detalların yerini isə müəllif öz xəyal gücünün hesabına doldurmalıdır. Lakin fantaziyasına güc verərkən yazıçı onun dövrün ab-havasına uyğunluğunu unutmamalıdır.
Romantiklər təxəyyülü yüksək yaradıcı istedad, uydurmağı isə ədəbi əsərin vacib atributu hesab edirdilər. Onların estetik görüşlərinə görə, dövrün real tarixi mənzərəsini əks etdirən uydurma bəzən faktın özündən də doğru ola bilər. Bədii həqiqət faktdan daha üstündür. Bu prinsiplərdən çıxış edən Hüqo real hadisələri uydurma hadisələrlə birləşdirməklə kifayətlənməyib, tarixi şəxsiyyətləri naməlum personajlarla görüşdürərək ikincilərə üstünlük verir. Romanın bütün əsas surətləri - Klod Frollo, Kvazimodo, Esmeralda, Feb - uydurma obrazlardır. Yalnız Pyer Qrenquar istisna təşkil edir: onun real tarixi prototipi vardır - bu, XV əsrdə və XVI əsrin əvvəllərində Parisdə yaşamış şair və dramaturqdur. Romanda kral XI Lüdovikin və Burbon kardinalının da obrazları (sonuncu yalnız epizodik olaraq keçir) canlandırılır. Romanın süjeti hər hansı böyük tarixi hadisəyə əsaslanmır, real faktlara gəldikdə isə yalnız Paris Notr-Dam kilsəsinin və orta əsrlər Parisinin ətraflı təsvirini göstərmək olar.
Romanı oxuyarkən topoqrafik təfsilatların bolluğu nəzərə çarpır. Bir tərəfdən Sena çayı ilə, digər tərəflərdən isə içərilərində V Karlın vəliəhdinin evi, şəhər bələdiyyəsi, kilsə, məhkəmə sarayı, edam və işgəncələr verilən yerlər olan binalarla əhatə olunmuş Qrev meydanı xüsusilə geniş və detallı təsvir olunur. Bu yer orta əsrlərdə köhnə Parisin əsas həyat mərkəziydi: xalq yalnız bayram gəzintiləri zamanı və tamaşalara baxmaq üçün deyil, edamlara tamaşa etmək üçün də buraya toplaşırdı. Hüqonun romanında bütün əsas qəhrəmanlar Qrev meydanında görüşürlər: burada kütlənin alqışladığı, Klodo Frollonun isə lənətlər yağdırdığı qaraçı qızı Esmeralda oynayıb-oxuyur; meydanın qaranlıq küncündəki miskin hücrədə dustaq qadın əzab çəkir; kütlənin arasında insanların etinasızlığından əziyyət çəkən şair Pyer Qrenquar dolaşır, onun yeməyə çörəyi, qalmağa yeri yoxdur; burada qaraçı dəstəsinin, “təlxək qardaşlığının”, “Arqo krallığı” təbəələrinin, yəni oğruların və əyrilərin, təlxəklərin və oyunbazların, avaraların, dilənçilərin, şikəstlərin qaynaşdığı əcaib nümayiş var; burada, nəhayət, “təlxəklər kralı” Kvazimodonun gülünc tacqoyma mərasimi keçirilir.
Sonra isə bu qəhrəmanın taleyinin kulminasiya nöqtəsini təşkil edən epizod - Esmeraldanın öz kuzəsindən ona su verməsi səhnəsi baş verir. Bütün bunları meydanda baş verənlərin dinamik fonunda təsvir edən Hüqo orta əsrlər Parisinin canlı “yerli koloritini”, tarixi mənzərəsini yaradır. Qədim Parisin həyat tərzinin təsvirini canlandıran təfsilatların heç birində təsadüfi heç nə yoxdur. Onların hər birində kütləvi tarixi şüur, dünya və insan haqqındakı təsəvvürlərin spesifikası, insanların inam və ümidləri əks olunur.
Hüqonun diqqətini niyə məhz XV əsrin cəlb etməsi də təsadüfi deyil. Yazıçı orta əsrlərdən İntibaha keçid hesab olunan bu dövr haqqındakı çağdaş təsəvvürləri - bu dövrü yeni sivilizasiyanın başlanğıcı hesab edən bir çox tarixçilərin (F.Gizo, P.de Brant), yazıçıların (Valter Skot), eləcə də utopist-mütəfəkkirlərin (Ş.Furye, A.Sen-Simon) fikirlərini bölüşürdü. Onların fikrincə, XV yüzildə ilk dəfə kor-koranə dini inanca qarşı şübhələr yaranmağa başlayır, bu inancın daşlaşdırdığı dəyərlər sistemi dəyişir, əski ənənələr buraxılır, ilk dəfə “azad araşdırma ruhu”, yəni insanın azadfikirliyi və mənəvi müstəqilliyi məsələsi meydana çıxır. Hüqo bu ideyaları dəstəkləyirdi. Bundan başqa o, keçmişə aid olan bu konsepsiyanı Fransadakı cari hadisələrlə (1830-cu il İnqilabının gedişində senzuranın ləğvi və söz azadlığının bərqərar olunması) əlaqələndirirdi. Bu aksiyanı o, böyük nailiyyət və tərəqqi, XV əsrdə başlanan prosesin davamı hesab edirdi. Orta əsrlərin sonlarından bəhs edən romanında Hüqo gələcəyin keçmişin varisi olduğunu göstərməyə çalışır.
Azadfikirliliyin ilk cücərtiləri meydana çıxarkən o, Paris Notr-Dam kilsəsini dövrün simvolu hesab edir və təsadüfi deyil ki, bütün əsas hadisələr kilsədə və onun qarşısındakı meydanda cərəyan edir. Kilsənin özü müfəssəl təsvirlərin obyekti, onun arxitekturası isə dərin müəllif düşüncələrinin və şərhlərinin predemeti rolunu oynayır. Kilsə XI-XV əsrlərdə tikilmişdir. Erkən orta əsrlərdə memarlıqda hökmran olan roman üslubu bu dövr ərzində öz yerini qotika üslubuna verdi. Roman üslubunda tikilən kilsələr olduqca kobud idi; içərisi qaranlıq olur, ağır proporsiyası və bəzəklərinin az olmasıyla seçilirdi. Bu kilsələrdə hər şey toxunulmaz olan ənənələrə tabe idi, istənilən qeyri-adi memarlıq üslubu və ya yenilik süngüylə qarşılanırdı; memarın hər cür fərdi təşəbbüsü demək olar ki küfr sayılırdı. Hüqo roman kilsəsini onun qeyri-məhdud hakimiyyətinin ifadəsi olan daşlaşmış ehkam hesab edirdi. Qotika üslubunu isə öz rəngarəngliyi, zənginliyi və təmtərağıyla roman üslubuna qarşı qoyaraq “xalq memarlığı” adlandırır, azad sənətin başlanğıcı hesab edirdi. Qotika üslubunun əsas elementi sayılan şişbucaq tağların (yarımdairəvi roman tağlarından fərqli olaraq) kəşfinə o, insanın memarlıq dühasının təntənəsi kimi heyranlığını ifadə edirdi.
Kilsənin arxitekturasında hər iki memarlıq üslubunun elementləri qovuşur, bir dövrdən digərinə keçid öz əksini tapır: daşlaşmış və ehkamlara tabe etdirilmiş insan şüuru və yaradıcı ruhu özgür axtarışlara başlayır. Kilsənin “qu deyəndə qulaq tutulan” yarımqaranlığında, nəhəng sütunlarının dibində, ərşə ucalan soyuq daş qübbələrinin altında orta əsr insanı Tanrının şəksiz böyüklüyünü və öz miskinliyini hiss etməliydi. Lakin Hüqonun fikrincə, qotika üslubunda olan kilsələr orta əsr dini təsəvvürlərinin dayağı olmaqla yanaşı, eyni zaman insan zəkasının və əməyinin yaratdığı parlaq memarlıq abidələriydi. Bir neçə nəslin inşa etdiyi Paris Notr-Dam kilsəsi Hüqonun romanında “daş simfoniyası” və “yüzillərin daş salnaməsi” kimi təqdim olunur.
Hüqoya görə, qotika - bu salnamənin müxalif ruhun dərin iz buraxdığı yeni səhifəsiydi. Qotik şişbucaq tağın meydana çıxması azad düşüncəsinin başlanmasını müjdələyirdi. Ancaq qotika da, bütövlükdə arxitektura özü də nə vaxtsa zamanın yeni tələbləri qarşısında geri çəkilməli olacaqdı. Arxitektura yalnız kitab çapı kəşf olunanadək insan ruhunun ifadəçisi olaraq qalırdı, kitab çapı insanın azad düşüncə ehtirasının ifadəçisi və çap olunmuş sözün memarlıq üzərində gələcək qələbəsinin ilk nişanəsi oldu. “Bu onu məhv edəcək” - deyən Klod Frollo bir əliylə kitabı digəri iləsə kilsəni göstərirdi. Kitab ümumiyyətlə azad düşüncənin simvolu kimi dinin rəmzi olan kilsə üçün təhlükəlidir - “... hər bir insan cəmiyyəti üçün elə bir vaxt yetişir ki, insanlar ruhanilərin təsirindən qurtulur, fəlsəfi nəzəriyyələr və dövlət sistemi dinin əsaslarını sarsıdır”. Hüqo bu vaxtın artıq yetişdiyini bir çox faktlarla əsaslandırırdı: 1830-cu ilin Konstitusiyasında katoliklik dövlət dini deyil, sadəcə olaraq fransızların əksəriyyətinin itaət etdiyi din kimi təsbit olunurdu (lakin əvvəllər katoliklik rəsmi olaraq taxt-tacın dayağı sayılırdı); cəmiyyətdə antiklerikal meyillər olduqca güclənib; saysız reformatorlar öz aralarında onların fikrincə köhnəlmiş dini yeniləşdirmək cəhdlərində bulunaraq mübahisələr edirlər. “Dünyada rəsmi cəhətdən bu qədər allahsız olan ikinci bir millət yoxdur”, - “liberal katolikliyin” ideoloqlarından biri olan Montalamber deyirdi.
1830-cu il inqilabını ilkin dövrlərdə alqışlayan Hüqonun fikrincə, inamın zəifləməsi, yüzillər boyu toxunulmaz olan ehkamlara qarşı şübhə, yeni təlimlərin bolluğu cəmiyyətin öz inkişafının son hədəfinə - demokratiyaya yaxınlaşmasını sübut edir. Ancaq Hüqonun İyul monarxiyasına inamı, demokratiyanın və azadlığın təntənəsi ilə bağlı bir çox illüziyaları tezliklə dağıldı, ancaq bu romanını yazdığı əsnada olduqca güclüydü.
Hüqo təsvir etdiyi dövrün əlamətlərini romanın qəhrəmanlarının - əsas etibarilə, Paris Notr-Dam kilsəsinin arxidiakonu Klod Frollonun və kilsənin zəngçalanı Kvazimodonun xarakterlərində və talelərində təcəssüm etdirməyə çalışır. Onlar müəyyən mənada antipoddurlar, ancaq buna baxmayaraq, onların taleyi bir-birilə sıx bağlıdır.
Alim və zahid olan Klod Frollo yalnız ilk baxışdan kilsəyə sədaqətlə xidmət edən, onu qoruyan və təəssübünü çəkən birisi təəssüratını yaradır. Romanın səhifələrində peyda olduğu andan etibarən bu adam ziddiyyətli xarakteri ilə oxucunu heyrətləndirir: sərt, qaşqabaqlı, qaradinməz, sifəti qırışlardan büzüşmüş, saçları çallaşmış və tökülmüş bu adamın yaşı otuz beşdən artıq olmaz. Ancaq gözləri həyat eşqilə və ehtirasla alışıb-yanır. Süjetin inkişafı ilə onun xarakterindəki ikilik daha qabarıq görünür.
Öyrənmək həvəsi Klod Frollonu bir çox elmləri və sərbəst incəsənət növlərini mənimsəməyə sövq edib. On səkkiz yaşında ikən Sorbonnanın bütün dörd fakültəsini bitirib. Lakin onunçün elmlərin şahı, dinin yasaq qoymasına rəğmən, məşğul olduğu əlkimyadır. O, alim, hətta cadugər kimi tanınır, bu cəhətləri onu Faustla birləşdirir. Təsadüfi deyil ki, müəllif arxidiakonun hücrəsini təsvir edərkən doktor Faustun kabinetini xatırlayır. Ancaq tam bənzərlikdən danışmaq düzgün olmazdı. Əgər Faust, Mefistofelin şəxsində iblislə müqavilə bağlayırsa, Klod Frollonun buna ehtiyacı yoxdur, çünki iblis onun öz içindədir: tərki-dünyalıq yolunu seçərək təbii insan hisslərindən imtina onda nifrət və canilik duyğuları əmələ gətirir ki, bunun da qurbanı çox sevdiyi qaraçı qızı Esmeralda olur. Zamanın sərt qanunlarından istifadə edərək onu cadugər qadın kimi təqib və ittiham etməklə sanki özünü “şeytanın vəsvəsəsindən”, yəni sevgidən xilas edir. Lakin bu çarpışma Klod Frollonun qələbəsilə başa çatmayıb, ikiqat faciəylə nəticələnir: Esmeralda da, onu təqib edən də həlak olurlar.
Klod Frollo ilə Hüqo hələ XVIII yüzildə formalaşmış yasaq olunmuş ehtiraslardan əzab çəkən və cinayət işləyən yolunu azmış yaramaz rahib obrazı ənənəsini davam etdirir. Bu mövzu Didronun “Rahibə”, Metyurinin “Avara Melmot”, Lyuisin “Rahib” romanlarında və digər əsərlərdə işlənmişdir. Hüqo bu mövzunu rahib asketizminin və katolik keşişlərinə nikah yasağının fəal müzakirə olunduğu 1820-1830-cu illər üçün aktuallaşdırmışdır. Liberal ovqatlı publisistlər (məs., Pol Lui Kurye) sərt asketizmin tələblərini qeyri-təbii hesab edirdilər: normal insani tələbatların və hisslərin buxovlanması labüd olaraq pozğun ehtiraslara, çılğınlığa və cinayətkarlığa səbəb olur. Klod Frollonun taleyi bu cür fikirlərə misal ola bilər. Lakin bu heç də obrazın mahiyyətinin tam çözülməsi demək deyil.
Klod Frollonun düçar olduğu mənəvi düşkünlük xüsusilə onun yaşadığı dövr üçün səciyyəvidir. O, kilsənin rəsmi işçisi olduğundan onun ehkamlarına riayət etməli və onları qorumalıdır. Lakin dərin və hərtərəfli biliyi itaətkar olmaqda ona mane olur və ona əzab verən sualların cavablarını tez-tez kilsənin qadağan etdiyi kitablarda, əl-kimyada, germetikada, astrologiyada axtarmalı olur. O, “fəlsəfə daşını” qızıl əldə etmək üçün deyil, onu Tanrıyla bərabərləşdirən hakimiyyətə sahiblənmək üçün əldə etmək istəyir. Onun şüurundakı mütilik və itaətkarlıq cəsarətli “azad axtarışların” qarşısında tab gətirə bilmir. Hüqoya görə, bu metamorfoza tam anlamıyla İntibah dövründə həyata keçir, ancaq onun ilk işartıları artıq XV yüzildə görünürdü.
Beləliklə, “dinin simasında əmələ gələn” çoxsaylı çatlar vəzifəsi sarsılmaz ənənəyə malik bu dini qorumaq və müdafiə etmək olan insanın şüurundan gəlib keçirdi.
O ki qaldı Kvazimodoya, o, sözün əsil mənasında maraqlı metamorfoza prosesi yaşayır. Əvvəldə Kvazimodo oxucunun təsəvvüründə elə bir varlıq kimi təsvir olunur ki, onu sözün həqiqi mənasında çətin ki insan adlandırmaq mümkün olsun. Onun adı simvolik məna daşıyır: “quasimodo” latın dilində “guya ki”, “demək olar ki” deməkdir. Kvazimodo - Klod Frolloya demək olar ki oğul (oğulluq) kimidir və demək olar ki (demək, tam yox) insandır. O bütün fiziki eybəcərlikləri özündə birləşdirir: gözünün biri kordur, belində və sinəsində donqarı var, axsaqdır, heç bir şey eşitmir, qulaqları çaldığı nəhəng zəngin güclü səsindən kar olub, olduqca nadir hallarda danışdığından çoxları onu lal hesab edir. Ancaq onun başlıca eybəcərliyi - mənəvidir: Hüqo qeyd edir ki, “Bu eybəcər vücudda mövcud olan ruh eyni dərəcədə eybəcər və qüsurludur”. Xeyirlə şər arasındakı fərqi bir-birindən ayıra bilmir, onda mərhəmət hissi yoxdur, heç vaxt vicdan əzabı çəkmir. Kvazimodo müstəqil şəxsiyyət olaraq özünü dərk etmir, onda insanı heyvandan ayıran şey - ruh, mənəvi duyğular, düşünmək qabiliyyəti hələ oyanmayıb. Bütün bunlar müəllifə bu əcayib zəngçalanı kilsənin əjdahası - qeyri-adi dərəcədə eybəcər və qorxunc daş heykəllə (hələ bütpərəstlik dövrü təsəvvürlərinə görə, kilsənin tavanında olan bu heykəllər şər ruhları Tanrı məbədindən qovmalıydılar) müqayisə etməyə əsas verir.
Oxucu ilk dəfə Kvazimodo ilə qarşılaşdıqda bu personajın mütləq eybəcərliyinin şahidi olur. Onda fiziki və mənəvi eybəcərlikləri ehtiva edən bütün keyfiyyətlər birləşib; daha dəqiqi, Kvazimodo eybəcərliyin etalonu şəklində təqdim olunur. Bu surət müəllifin hələ 1827-ci ildə “Kromvel” pyesinə yazdığı ön sözdə şərh etdiyi qrotesk nəzəriyyəsinə uyğun idi. “Kromvel”in incəsənətdə təzadlılıq prinsiplərini və eybəcərliyin estetikasını əsaslandıran müqəddiməsi Fransada romantizmin ən mühüm manifesti oldu. Həmin ideyalar kontekstində qrotesk bu və ya digər özəlliklərin yüksək konsentrasiyası, əks başlanğıclar olan xeyirlə şərin, işıqla zülmətin, keçmişlə gələcəyin, böyüklə kiçiyin, faciəviylə gülüncün birgə, çox zaman iç-içə mövcud olduğu gerçəkliyin ifadə vasitəsi kimi təqdim olunur. Həqiqət naminə, incəsənət gerçək varlıqda mövcud olan bu ikiliyi əks etdirməlidir, onun mənəvi borcu isə əks qüvvələrin mübarizəsində xeyrə, işığa, yüksək ideallara, gələcəyə yönəlik meyilləri ifadə etməkdir. Hüqo əmin idi ki, həyatın və tarixi inkişafın mənası tərəqqidə və ilk növbədə insanın mənəvi cəhətdən kamilləşməsindədir. O hesab edirdi ki, bu tale bütün insanları, hətta ilk baxışda mütləq mənada şəri təmsil edənləri də gözləyir. O, Kvazimodonu da kamilləşmə yoluna çıxarmağa çalışır.
Kvazimodonun insani duyğuları sarsıntı keçirdiyi anda oyanır. Qrev meydanın ortasında rüsvayçı dirəyə zəncirlənərək qamçılanmaq cəzasına məhkum edildiyi (dumanlı şəkildə başa düşdüyünə görə, qaraçı qıza hücum etdiyi üçün) vaxt ehtirasdan vəcdə gəlmiş kütlə onu kobud ifadələr masqaraya qoyduğu halda, həmin küçə rəqqasəsi Esmeralda ondan qisas almaq əvəzinə su gətirir. Bunadək Kvazimodo insanlar tərəfindən yalnız nifrət, təhqir, rişxənd, kin, qəzəb və həqarət görmüşdü. Göstərilən mərhəmət onun gözlərini açır, özünü insan kimi hiss etməsinə impuls verir. Onun Esmeraldanın əlindən aldığı bir içim su rəmzidir: bu hədsiz dərəcədə alçaldılmış bir insanın tamamilə yad bir adam tərəfindən gördüyü səmimi və adi dəstəkdir. Halbuki bu qız özü də xurafat mühitində, qaba kütlənin çılğın ehtirasları, xüsusən də inkvizitor məhkəməsi qarşısında köməksizdir. Kvazimodo bu xeyirxahlıqdan olduqca mütəəssir olur, onun vicdanı oyanır, individual hissləri baş qaldırır, onda itaət etməkdən savayı düşünmək tələbatı da yaranır. Onun qəlbi Esmeraldaya doğru qanadlanıb uçur, ancaq eyni zamanda bugünədək şəksiz itaət etdiyi Klodo Frolloya münasibəti dəyişir.
Artıq Kvazimodo kölə kimi itaətkar ola bilməz, onun hələ yetərincə vəhşi ürəyində sirli duyğular baş qaldırıb. O artıq daş heykəl deyil və adam olmağa başlayıb.
Kvazimodonun iki - əvvəlki və yeni ruh halı arasındakı ziddiyyət Hüqonun öz romanında qotik arxitekturaya və “özgür araşdırmalar ruhunun” oyandığı XV əsrə həsr etdiyi geniş fikirlərini simvolizə edir. Əvvəllər mütləq surətdə itaətkar olan Kvazimodonun Klodo Frollonun müqəddəratının hakiminə çevrilməsi müəllif mövqeyinin ifadəsi kimi xüsusilə səciyyəvidir. Əsərin finalında hətta ən aciz və hüquqsuz insanın müstəqilliyə və azadfikirliliyə meyillənməsi bir daha vurğulanır. Kvazimodo könüllü olaraq gözəl, istedadlı, fitrətən mərhəmətli və azad Esmeraldaya görə öz həyatını qurban vermək yolunu seçir. Onun romanın sonunda gerçəkləşən ölümü öz patetikliyi ilə bizi həm dəhşətə gətirir, həm də təsirləndirir. Bu ölümdə eybəcərliklə ülvilik tam olaraq qovuşur. Hüqo əksliklər arasındakı ziddiyyətləri həyatın əbədi və universal qanunu hesab edir və bunun ən yaxşı ifadəçisi də romantik sənət olmalıdır.
Hüqonun romanı təzadlar və antitez-obrazlarla zəngindir: eybəcər Kvazimodo - gözəllər gözəli Esmeralda, aşiq Esmeralda - biganə Feb, tərki-dünya arxidiakon - arsız və kefcil Feb. İntellektual baxımdan təzadlar: alim arxidiakon və cahil zəngçalan; səmimi duyğular və zahiri görünüş baxımından Kvazimodo və Feb. Demək olar ki, bütün qəhrəmanlar daxilən də ziddiyyətli xarakterə malikdirlər. Onların arasında yalnız Esmeralda istisnadır; o, mütləq mənada bütöv xarakterə malikdir və bu onunçün faciə ilə nəticələnir. O, mühitin, yad ehtirasların və “cadugərlərin” qeyri-insani təqiblərinin qurbanı olur. Romanda antitezlərin oyunu mahiyyətcə ədibin “Kromvel”in müqəddiməsində irəli sürdüyü təzadlar nəzəriyyəsinin inkişafıdır. Hüqo hesab edir ki, real həyat təzadlar üzərində qurulub, əgər yazıçı haqlı və gerçəkçi olmağa iddia edirsə, ətrafdakı bütün ziddiyyətləri aşkar və əks etdirməlidir - istər roman, istərsə də dram əsəri olsun.
Lakin tarixi roman daha geniş və mühüm məna kəsb edir: tarixin ümumi inkişafını cəmiyyətin fəaliyyəti ilə vahid proses halında təhlil etmək, hər bir dövrün yerini və spesifikasını göstərmək, dövrlər arasındakı əlaqəni, keçmişlə indinin varisliyini, bəlkə də gələcəyi görmək asan deyildir. Romanda yüksəklikdən seyr edilən Paris “çoxəsrlik abidələrin kolleksiyası”, gözəl və ibrətamiz bir şəhər kimi təsvir olunur. Bu - tarixdir. Onu bir baxışda əhatə etməklə hadisələrin ardıcıllığını və gizli mənasını aşkar etmək mümkündür. Dik və ensiz spiralvari pilləkənləri keçməklə kilsənin qülləsinə qalxıb çox şeyi görmək olar. Hüqo bu səhnəylə insanlığın əsrlərin pillələriylə qalxmasını simvolizə edir. Onun tarix haqqında “Paris Notr-Dam kilsəsi” romanında əks olunun bilgiləri yetərincə geniş və mükəmməl idi, odur ki, biz bu əsəri tam anlamıyla tarixi roman adlandıra bilərik.
Tarixdən “ibrət dərsi” almaq romantik ədəbiyyatın tarixi janrlarının, istər roman, istərsə də dram əsəri olsun, ən mühüm prinsipial məqsədlərindəndir. “Paris Notr-Dam kilsəsi”ndə bu “dərs” ilk növbədə XV yüzilin azadlıq hərəkatı ilə müasir cəmiyyət yazıçısının bugünkü həyatının tutuşdurulması yoluyla alınır.
Romandan Hüqonu narahat edən daha bir ciddi və çağdaş siyasi problemin - ölüm hökmünün əks-sədası eşidilir. Bu məsələ 1830-cu il inqilabı nəticəsində devrilmiş X Karlın nazirlərindən birinin məhkəmə prosesi ilə əlaqədar deputatlar palatasında və mətbuatda müzakirə olunmuşdu. Monarxiyanın qəti əleyhdarları 1830-cu ilin iyulunda öz əmrləri ilə qanunları pozan və inqilabın başlanmasına bilavasitə səbəb olan nazirin edam olunmasını tələb edirdilər. Ancaq ölüm hökmünə qarşı çıxanlar bunun əleyhinə idi. Hüqo da sonuncuların mövqeyini müdafiə edirdi. O hələ xeyli əvvəl - 1829-cu ildə “Məhkumun son günü” povestini bu problemə həsr etmişdi. “Ernani” (1830) dramında isə hökmdarın öz siyasi düşmənlərini bağışlamasından bəhs edirdi. “Paris Notr-Dam kilsəsi” romanından sonra da Hüqo bütün yaradıcılığı boyu şəfqət və mərhəmət motivlərinə üstünlük vermişdir.
Beləliklə, XV yüzilin insanları üçün anlaşılmaz olan hadisələrin mahiyyəti yalnız bir neçə əsrdən sonra məlum olur, orta əsrlərin tarixi yalnız sonrakı nəsillər tərəfindən öyrənilərək dartışılır. Ancaq XIX yüzildə məlum olur ki, keçmişdə və bu gün baş verən hadisələrin istiqaməti və mahiyyəti mühüm qanunlarla müəyyənləşən vahid proseslə bağlıdır: bu, insan ruhunun azadlığa can atması və ictimai varlıq formalarının təkmilləşməsidir. Tarixi müasirliklə sıx təmasda dərk edən Hüqo hadisələrin uzaq keçmişdə cərəyan etdiyi, lakin 1830-cu illər üçün olduqca aktual olan “Paris Notr-Dam kilsəsi” romanında öz konsepsiyasını irəli sürür. “Paris Notr-Dam kilsəsi” fransız ədəbiyyatında böyük hadisə, tarixi roman janrının zirvəsi oldu.
Nadir Qocabəyli
MANERA.AZ
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024