(hekayə)
İlin ən nazlı aylarından idi. Təbiət oyanıb şıltaq, qayğısız uşaqlıq dövrünü yaşayırdı. Mayın ayının beşi, səhər saat altının yarısı olmasına baxmayaraq, günəşin şəfəqləri oğrun-oğrun pəncərənin açıq qalan pərdəsindən icazəsiz içəri daxil olub, otağın divarlarında bir peysaj yaratmışdı.
Şəhərdə sakitlik hökm sürürdü. Ancaq bu durğunluq müvəqqəti idi. Bir azdan maşınların uğultusu, insanlar elə bir hay-haray yaradırdı ki, Cavidi fiziki işdən çox, şəhərin səs-küyü yormuşdu. İki ildən çox burda yaşamasına baxmayaraq, bu şəhərə heç cür öyrəşə bilmirdi. Hara baxırdısa, o yerlər yadına düşürdü. Və özündən asılı olmayaraq bu şəhərin təbiətini, otlarını, ağaclarını, güllərini dünyaya gəldiyi doğma yurdunun təbiəti ilə müqayisə etdikcə, həmişə olduğu kimi insanların süni nəfəs verib yaşatdığı gözəllik yox, ulu Tanrının təbii yaratdığı gözəllik qalib gəlirdi. Düzdü, bəzi ağacların, güllərin xarici görnüşüylə oxşarlığı olsa da, ətri, gözəlliyiylə fərqlənirdi. Çünki süni gözəllik təbii gözəllik qarşısında hər zaman olduğu kimi aciz qalır. Axı insanlar özü də Allahın yaradıcılığından süzülüb gəlmiş bir varlıqdır.
Cavid bu fərqlilik haqqında düşünəndə həmişəki kimi dodaqaltı pıçıldadı: "Yaradanın yaradıcılığı, yaratdığının yaradıcılığından öz orjinallığı ilə əlbəttə, fərqli olmalıdır".
Bu gün həftənin istirahət günü olsa da, Cavid üçün iş günü idi. Bu iki il ərzində iki gün istirahət edə bilmişdi. İldə bir gün istirahət... O da ancaq yanvarın ayının biri.
Bu gün nə dərs, nə də iş olurdu. Yeni il bu şəhərdə xüsusi bir təmtəraqla keçirilirdi. Yeni ilin səhərisi şəhərdə heç kim gözə dəymir, sakitçilik ən azı gün ərzində davam edirdi. Yanvar ayının ikisi şəhər əvvəlki səs-küyünə dönür, canlanma olur, həyat öz əvvəlki axarına qayıdırdı.
Burda keçirilən Yeni İl bayramı öz coşğusu ilə Cavidə vətənində keçirilən Novruz bayramını xatırladırdı. Ona görə də burada keçirilən bayramlar onu sevindirmirdi. İki ildi gedə bilmədiyi, burnunun ucu göynədiyi vətəni üçün çarəsizcəsinə darıxırdı.
Cavid o qədər işə öyrəşmişdi ki, ildə bir dəfə olan istirahət günü ona bir il qədər sıxıcı və darıxdırıcı olmuşdu. Yuxudan durub uşaqlıqdan bir yerdə böyüdüyü, məktəbə bir getdiyi, ən çox sevdiyi dostu Vüsalı telefonda ad günü münasibətiylə təbrik edəndən sonra, kəndindən, elindən, obasından xəbər tutar, mütaliə edər, parkda gəzməklə ildə bir gün olan istirahət gününü başa vurardı.
Cavid xəyallarının qanadlarında yenə də öz elində, obasında, kəndində idi... Özündən də çox sevdiyi qızın əllərindən tutur, üzünə baxmağa cəsarət etmədən baxışlarını yerə dikərək onu çox, hamıdan çox sevdiyini dilə gətirirdi. Cavid bu "çoxları" bir yerə yığmaqla Kəmaləyə olan sonsuz məhəbbətinin olduğunu çatdırmaq istəyirdi... Ancaq həmişə olduğu kimi ürəyində çağlayan, köksünə sığmayan məhəbbətini dili ilə ifadə edə bilmədiyinə görə ürəyi və dili arasında bir inciklik, küskünlük yaranırdı.
Cavidə elə gəlirdi ki, hər zaman olduğu kimi nə qədər "sevirəm" desə də, ilk baxışdan gözlərindən ürəyinə axan, ürəyinə sığışmayan, ürəyindən damarları ilə bütün vücuduna yayılan məhəbbətini, dilində Kəmalə ilə paylaşa bilməmişdi.
Axşamdan qurduğu saatın səsi Cavidi xəyallarından ayırmışdı. Yorğun hərəkətlərlə pəncərəyə yaxınlaşıb pərdəni çəkdi, pəncərəni açdı. Günəş pəncərənin arxasında gizlənib, şüşənin açılmasını səbirsizliklə gözləyirdi. Günəşin şüaları otağa daxil olub balaca otağı öz ağuşuna almışdı.
Cavid pəncərənin qarşısında qollarını açıb dərindən nəfəs aldı. Qollarını iki dəfə çarpazlayıb sinəsinə vurduqdan sonra, əllərini pəncərənin kənarına qoyub pəncərədən otağa daxil olmaq istəyən sakura ağacının çiçəyinə baxdı. Pəncərəni açıq qoyub yatmamağına görə özünü qınadı. Qapıya tərəf getdi. Qapını açıb evin havasının dəyişməsini istədi. Pəncərədən daxil olub, qapıdan çıxan sərin meh Cavidi üşütdü. Yadına düşdü ki, may ayının əvvəlidi. Havada günəş olmasına baxmayaraq, soyuqluq da var. Pəncərəni açıq qoymaq fikirindən daşındı. Moskvanın havası dəyişkən olduğundan xəstələnməyindən qorxurdu. Cavidə xəstələnmək olmazdı. Bir gün dərsə getməzdisə, sevə-sevə oxuduğu universitetdə proqramdan geri qalar, dərsdən sonra isə işlədiyi bu şəhərdə yaşamaq və oxumaq üçün xərclərini qarşıladığı işini itirə bilərdi.
Tələsik idman formasını və ayaqqabısını geyinib qaçmaq üçün həyətə düşdü. Parka tərəf qaçmağa başladı. Yaxınlıqda olan park "Saritsına" tarixi, ərazisi, yaşıllığı, gül-çiçəyinin çoxluğu ilə digər parklardan fərqlənirdi. Bu park təbiət vurğunu olan Cavidin, Moskva şəhərində ən çox sevdiyi park idi. Yarım saat dövrə vurduqdan sonra, gül-çiçəklə əhatə olunmuş oturacaqda oturdu. Cib telefonunu çıxarıb telefona gələn mesajlara baxdı. Yazılanlara baxır, amma onun yazdığı mesaj cavabsız qalmışdı. Dünən günortadan sonra Kəmaləyə yazdığı mesaj oxunmamışdı .
Moskvaya gəldiyi bu iki ildə birinci dəfə idi ki, Kəmalə Cavidin mesajını cavabsız qoymuşdu. Cavidin narahatçılığı artmağa başladı. Ürəyi döyündü, öz-özünə sual verdi: - Görəsən nə olub? - Və tez də dodaqaltı - Təki sağ-salamatçılıq olsun, yerdə qalan hər şey düzələr - dedi.
Oturacaqdan qalxıb ağır addımlarla evə tərəf getməyə başladı. Ürəyində özünə verdiyi təskinlik Cavidi ovutmadı. Mobil telefonu cibindən cıxarıb "ÜRƏYİM" yazılan nömrəni yığdı. Kəmalənin əl telefonu sönülü idi. Ev telefonunu yığmaq istədi, tez də fikrindən daşındı, saata baxdı. Burda saat yeddi, deməli, Bakıda isə səkkizdir. Kəmalə tək yaşamırdı; ata-anası, bacısı və qardaşıyla yaşayırdı. Telefonu cibinə qoyub, parkın çıxışında torpağı bir yerə yığıb təpə etdikləri yerdə əkilmiş çiçəklərə tərəf yaxınlaşdı.
Üzərinə şeh düşmüş çiçəklər, "təbəssümdən gözlərində nəm olan adamları xatırladırdı". Cavid tamaşa etməyə başladı. Çiçəyin ləçəkləri, gözlərindəki nəmi silib günəşi görməyə can atırdı. İnsanların gözlərindəki yaşı silib yaşamağa davam etmələri kimi.
Evə gəlib, yuyunub axşamdan hazırladığı yeməyi stolun üstünə qoyub, çayı süzüb oturdu. Narahtçılıqdan yemək yeməyə həvəsi yoxuydu. Çay içib universitetə yollandı. Dərs başlamamışdan əvvəl, adəti üzrə telefonu söndürən Cavid, bu dəfə dərsin gedişatına mane olmamaq üçün telefonu səssizə alıb, auditoriyaya daxil oldu. Tələbə dostları ilə salamlaşdıqdan sonra qabaqda öz yerində yox, arxa cərgədə əyləşdi. Yerdəyişməsinin səbəbini isə uşaqlara başının ağrıması ilə izah elədi.
Cavidin fikiri dağınıq idi. Kəmaləyə yazdığı mesaj və zənglər hələ də cavabsız qalırdı. Bir saat bir il kimi keçirdi. Ətrafında heç kimi görmürdü.
Dərsin sonuna yaxın baş ağrısı kəskinləşdi. Taksi cağırıb evə getməyi qərara aldı.
Taksi sürücüsü ünvanı dəqiqləşdirmək üçün sual verdi:
- Hara gedirik ?
- Kəmalə! - fikirli halda Cavid dilləndi. Sürücü yarı narazı mızıldandı: - Mən elə ünvan tanımıram. Axı, siz başqa ünvan sifariş vermisiz?...
Cavid bir az duruxub, əlavə etdi: - Üzürlü hesab edin. Sizə hansı ünvan sifariş verilibsə, oraya sürün!...
Sürücü mühərriki işə saldı. Gözucu Cavidə nəzər yetirib, sərxoş olduğunu zənn etdi. Və dodaqaltı narazlığını bildirdi.
- Oğlum, bura universitetdi. Baxma ki, sürücüyəm. Mən də burda ali təhsil almışam. Amma biz heç vaxt dərsə içkili, sərxoş gəlməmişik. Bunu sənə ona görə deyirəm ki, siz Qafqazlılar böyük-kiçik yeri bilənsiniz. Mən səndən ən azı otuz yaş böyüyəm. Yəqin ki, valideyinlərin burda deyil, amma sən mənə de görüm sərxoş vəziyyətdə leksiyaya necə qulaq asırsan?!.. Sərxoş olduğun halda, sənə dərs deyən professordan nə öyrənəcəksən?!...Bir az da narazı halda əlini yelləyib ucadan “ Eh, cavanlar! Cavanlar! Bizim vaxtımızda belə şeylər yox idi”
Artıq Cavid heç nə eşitmirdi. Xəyallarının qanadlarında oxuduğu liseyə gedib, qaldığı yataqxananın pəncərəsindən sevdiyi ilk və son məhəbbəti olan Kəmaləgilin pəncərəsinə baxırdı.
Sürücünün qalın səsi Cavidi xəyalından ayırdı.
- Çatdıq, cavan oğlan! Dediklərimi unutma ha! – sürücü əlavə etdi.
Cavid piləkanları ağır-ağır yuxarı qalxdı. Telefonu zəng çaldı. Kəmalədən zəng və mesaj gözləyən Cavidin həyacanı bir az da çoxaldı. Əlləri necə titrədisə, az qaldı ki, telefon yerə düşsün. Ekrana baxdı. İşdəndir. "Yes" düyməsini basıb, könülsüz cavab verdi.
- Bəli, Akif müəllim, eşidirəm.
- Cavid, bu gün işə gəlmə. Maqazində təmizlik günüdür. Sabah yoxlama olacaq, ona görə də sən bugünlük istirahət edə bilərsən.
- Oldu, Akif müəllim, deyərək, Cavid telefonu cibinə qoyub, evin qapısını açdı.
Ağrıkəsici içib öz yerində uzandı. Yatmaq istəsə də, nigarançılığı yuxusuna hakim kəsilmişdi. Telefona zəng gəldi. Cəld uzandığı divandan qalxıb oturdu. Ekranda "ÜRƏYİM” i görcək tez düyməni basdı: - Alo!... Bəli! Kəmalə, danış, eşidirsən məni?!.
Xəttin o biri tərəfindən kimsə dərindən köks ötürdü. Cavidi daha da həyəcan bürüdü, yüksək səslə dedi:
- Nəsə olub?! Kəmalə, danış, susma yalvarıram, nə olar, danış!...
Nəhayət, Aysel dilləndi:
- Cavid, mənəm Aysel.
Cavid üz-gözünü turşutdu:- Kəmalə hanı? Onun telefonu səndə nə gəzir?!
- Cavid, sakitləş, narahat olma, Kəmalə də yaxşıdır. Amma bir az...
Cavid hövsələdən çıxdı:- Aysel, danış, nə bir az? Nəsə olub?
Araya bir sükut çökdü...
- Cavid, diqqətlə qulaq as, atam Kəmaləni öz dostunun oğluna vermək istəyir. Hətta, "həri" sini də veribmiş. Biz bu gün xəbər tutmuşuq. Biz, yəni, mamam, Kəmalə, mən. Evimizdə dünəndən bu günə qırğın gedir, amma heç birimiz atama söz deyə bilmirik. Sən onu bizdən də yaxşı tanıyırsan. Sənin müəllimin olub. Məncə, əlavə tanıtmağa ehtiyac yoxdu. Necə tərs olduğunu özün bilirsən. Sözün açığı, biz də çaş-baş qalmışıq. Bilmirəm neyniyək?... Əslində, mən bilirəm neynəmək lazımdı. Gərək səninlə məsləhətləşək.
Cavid çaşqın halda dilləndi: - Necə ola bilər, axı?! Sən nə danışırsan? Bəs, Kəmalə? Anan nə deyir?
- Anam yazıq nə desin, ay Cavid. Ağzını açan kimi atam deyir ki, dostumun oğludu, tanıdığım adamdı, evi-eşiyi, işi gücü, pulu var, vəssalam.
Cavid sakit bir səslə dərindən ah çəkdi.
- İnşallah, bizim də evimiz, pulumuz olar. Təhsilimi başa vurum, hər şey olacaq.
Aysel “pul", "ev” sözünü çılpaqlığıyla atasının söylədiyi kimi dediyinə görə utandığından vəziyyətdən çıxmaq üçün tez də əlavə etdi: - Həm də deyir ki, söz vermişəm dostuma. Sözümü mən geriyə götürən kişilərdən deyiləm, özünüzü yığışdırın!
- Bəs, Kəmalə nə fikirdədi ? – cümlənin sonunu dinləmədən Cavid sual verdi.
- Cavid, sən də yaxşı bilirsən ki, Kəmalə səni sevir. Dünəndən bəri ağlamaqdan gözləri şişib. O qədər ağlayıb ki, təcili yardım çağırmışıq. Təzyiqi düşüb sakitləşdirici iynə vurublar, heç onun da bir xeyri olmadı.
Cavidin elə bil ayaqları yerdən üzülmüşdü. Sanki yuxu görürdü. Əllərinin hər şeydən üzüldüyünü görən Cavid, Kəmaləni başqa yolla xilas etmək istədi.
- Aysel, axı, Kəmalə ali təhsil almaq istəyir. İndi onun 18 yaşı təzə tamam olub. Ailə quran vaxtı deyil, axı?!..
- Cavid, nə təhsil? Atam deyir, mən oxuyub nə etmişəm ki, siz də oxuyub nə edəsiz?!... Nəysə, diqqətlə qulaq as mənə.
- Cavid... Bir az da sakit pıçıltıyla - Aysel söhbətini davam etdirdi: - Belə bir planımız var. Kəmalə də razıdı, amma anam bilmir. Gizlin xarici pasport alaq. Kəmalə evdən qaçıb gəlsin yanına, razısan ?
- Aysel, mən də razıyam. Necə olur olsun, mənim Kəmalədən ayrılmaq fikirim yoxdu! Bəs, anana necə deyəcəksiz? Anan sizinlə razlaşacaq?
- Yox, Cavid, inanmıram, çünki anam atamdan qorxur. Sizin necə bir-birinizi sevdiyinizi bilsə də, buna heç vaxt razı olmaz. Ona görə də anama heç nə deməyəcəyik. Sonra nə olar, olar da. Başqa yolumuz var ki?!
- Aysel, Kəmaləyə denən hər şey yaxşı olacaq, narahat olmasın - Cavid udqunub davam etdi: Onda xarici posport almaq üçün siz sənədləri hazırlıyın.
- Cavid, sən bizə zəng eləmə, lazım olsa, mən özüm səni yığacam. Narahat olma, hər şey yaxşı olacaq. Özünü qoru, salamat qal - deyib Aysel telofonu söndürdü.
Evdə olan söz-söhbət Səmayədən də yan keçməmişdi. Səhərə kimi qızının taleyinə acımış, gizlində o qədər ağlamışdı ki, gözlərinin altı qapqara qaralmışdı. Qızının Cavidi sevməyini bilirdi. Amma yoldaşı Əlinin necə bir tərs adam olduğunun da yaxşı fərqindəydi. Nə cür də olsa iyirmi il bir yastığa baş qoymuşdular. Ona görə də heç nə deyə bilmir, gücünü ancaq gözlərinə verib, ağlamaqla keçinirdi. Əli yuxudan oyanmışdı, əl-üzünü yuyub mətbəxə keçdi. Səmayə bir stəkan çay süzüb stolun üstünə qoydu.
Əli çaydan bir qurtum alıb başını qaldırmadan: -Ay arvad, yerində də yatmamısan, deyəsən, lap tezdən durmusan. Nə olub, niyə fikirlisən?
- Heç, a kişi, üstünə sağlıq, bir az ağrıyıram. İstəmədim sənə mane olum. Dedim, rahat yatasan. Biz bütün günü evdəyik. Mən gündüz də yataram. Sən işliyirsən, sənə yatıb yuxunu almaq lazımdı.
Əli başını qaldırıb Səmayəyə baxdı.
- Ay arvad, gözlərin niyə qaralıb?
- Həə... deyərək, təəccüblə Səmayə guya ki, xəbəri yoxmuş kimi özünü göstərməyə çalışdı: - Yəqin ki böyrəyimdəndi. Vaxt edim, gedərəm həkimə.
- Get mütləq, istəsən, altıncı gün evdə oluram, özüm apararam.
Əli çayını içib evdən çıxdı. Aysel Atasının evdən getdiyinə əmin olduqdan sonra sevincək Kəmalənin otağına qaçdı.
- Kəmalə, mənim hədiyyəmi hazırla. Cavid razıdı.
Kəmalənin ağlamaqdan çuxura düşmüş gözlərinə təbəssüm gəldi.
-Aysel, sən əsl bacısan, nə istəsən sənə alacam, vallah! Amma indi pulum yoxdur.
Aysel şıltaqlıqla, bir az da ciddi görkəm alaraq; - Caviddən alacam! Sən niyə verirsən ki? - Anası eşitməsin deyə pıçıltıyla: - Gecə yatmayıb səhərə kimi plan hazırlamışam. Hazırlaş, vaxt gedir - dedi.
Kəmalə Ayseli öpüb, qucaqladı: Sən tək bacı deyil, həm də ən yaxın rəfiqəmsən.
Mətbəxdən səs gəldi: A qızlar, nə olub orda?
- Heç, ay ana - Aysel cavab verdi.
- Sizi başa düşmək olmur, qızlar. Gah ağlıyırsız, gah da gülürsüz. Təki hər şey yaxşı olsun. Üzünüzdən gülüş əksik olmasın. Mənim mehriban qızlarım.
- Çox saq ol, ana! Olar Kəmaləylə bir az şəhərdə gəzək? Evdə darıxırıq. Ata da evdə yoxdu.
- Bilmirəm, qızım, gərək atana deyəydin. İcazə versəydi, gedib gəzərdiniz - Bir az da küskün halda - Evdəki vəziyyətdən xəbərdarsız.
- Tez gələcəyik, ana. Kəmalə də evdə darıxır...
- Yaxşı, onda gedin amma tez qayıdın.
Qızlar hazırlaşıb evdən çıxanda, mənzilin qapısının arxasından səs gəldi: Qızlar, atanız günorta yeməyinə gələnə kimi qayıdın, ha!
Kəmalə dilləndi: - Aysel, hara gedirik?
Aysel gülərək gözünü süzdürdü: - Elə bil böyük bacı sən yox, mənəm. Gəl arxamca "Asan" xidmətə gedirik.
Asan xidmətə yaxınlaşanda Kəmalə dilləndi.
- Aysel, həyacanlıyam, nədənsə qorxuram. Birdən planımız baş tutmasa?!...
– Kəmalə, sən Allah keç içəri, ağzını bəd açma.
Sənədləri xarici pasport almaq üçün "Asan" xidmətə təqdim etdilər. Aysel dilləndi: Çox xahiş edirəm, ən qısa vaxta yazın, zəhmət olmasa. Bizə təcili lazımdır.
Asançı xanım - Baş üstə! - deyib gözlərini Ayselə dikdi: Nömrənizi deyin, sənəd hazır olanda sizinlə əlaqə saxlayaq.
Aysel mobil nömrəsini deyəndən sonra, asançı xanım dilləndi: - Bir nömrə də deyin. Ev nömrəsi də ola bilər.
Aysel ev nomrələrini deyəndən sonra asançı xanım başını qaldırıb xoş təbəssümlə; - Sənəd hazır olsun, biz sizə zəng vurub deyərik, gəlib götürərsiz.
Aysel asançı xanıma təşəkür edib, bacısıyla evə yollandılar.
Aysel sükutu pozdu: - Rahat nəfəs ala bilərsən, bacım.
- Qorxuram, Aysel. Nəysə həyacanım keçmir. Birdən evdən bildilər? İcazə vermədilər?
- Kim biləcək, ay qız? Sən, mən, Caviddən başqa kim bilir ki? Narahat olma, özünü əla al ki, heç kəs şübhələnməsin.
Günlər illər kimi keçirdi. Ev telefonuna zəng gəldi.
- Alo
- Buyurun, kimdi danışan?
- Salam. Sizi "ASAN" xidmətdən narahat edirik.
- Eleyküm salam, xanım. Xeyirdimi?
- Xeyirdi, müəllim. Qarayev Kəmalə Əli qızına məxsus xarici posport hazırdı. Gün ərzində yaxınlaşıb götürə bilərsiz. Səhv etmirəmsə, sizə təcili lazım idi - deyib dəstəyi asdı. Əli nə qədər "alo", "alo"desə də, artıq telefon xəttində heç kim yox idi.
Bir az duruxduqdan sonra Əli öz-özünə dilləndi: - Həə, deməli, evdən qaçmaq istiyirdin?! Mən sizə görsədərəm, deyib əlini divara çırpdı.
- A kişi, nə olub?
Mətbəxdən səs gəldi.- Zəng vuran kim idi? O nə tappıltıydı?
Səs gəlmədi, Səmayə otağa qaçdı. Əli ürəyini tutub divanda oturmuşdu.
- Həə, arvad, yaxın gəl, qorxma. Elə bilirdim sənin verdiyin tərbiyyə bundan artıq olan deyil! - və kinayə ilə - Gözün aydın, qızın evdən qaçmağa hazırlaşırmış.
- Nə danışırsan? Nə qaçmaq? Xalasıgilə gediblər. Evdə darıxırdılar, özün icazə vermədinmi gedin?! Sonra mənim üstümə niyə düşürsən?
- Ay avam, heç olmaya indi ayıl, sən nə qədər avamsan! Elə ona gərə də qızların bu cür özbaşna olublar. Nə vaxtdan xalagilə gedəndə xarici pasport lazım olur?!
- Ay Əli, de görüm nə olub axı? Ürəyim partladı ki...
- Cəhənnəmə partlasın. Ürəyin dayansaydı, mənim də canım qutarardı, sənin də. Qızın xarici posport alıb sevdiyinin yanına qaçmaq istəyir. İndicə "Asan" xidmətdən zəng etmişdilər ki, pasport hazırdı. Özüdə qısa müddətə veribmiş. Ay görüm, onu qısa müddətə yox olsun! - Üzünü arvada tutaraq - Heç olmaya, indi ayıl, ay bədbəxtin balası! Fil qulağında yatmısan.
Səmayə handan-hana hər şeyi başa düşüb Əliyə yaxın oturdu.
-A kişi, qulaq as. Yaxşı ki qızlar evdə yoxdu. Pərdəni aradan götürmək olmaz.
Əli qışqırdı: - Nə ağzına gələni danışırsan? Sakit durum, qız da istədiyinə çıxıb getsin ? Bəs, mən necə çıxım camaat arasına, xeyrə-şərə? Neçə illik dostuma nə deyim, bəs? Bu biq..(biqeyrət demək istədi) - sözünü tez düzəltdi - Bu biabırçılığı mən üstümə götürə bilmərəm!...
- A kişi, bir səbrin olsun, bir qulaq as gör nə deyirəm. Razı olmasan, yenə öz bildiyini elə. Cavid kənddə yaşayanda qonşumuz olub. Sən ona dərs demisən. Necə bir ağıllı, tərbiyəli oğlan olduğunu bilirsən.
Əlinin səbri tükəndi: - Arvad boş-boğazlıq eləmə, sozünün canını de! Onsuzda ürəyim dayanır əsəbdən. Sən də bir yandan məni dəli eləmə!
- Qulaq as, a kişi, özün Cavidə zəng vur. Telefon nömrəsini bacısından almışam. Qızların xəbəri yoxdu. O, sənin sözündən çıxası deyil. Müəllim onunçün ikinci valideyindi, bilirəm. Özüdə sinif rəhbəri olmusan. Açıq danış, denən qızı vermişəm dostumun oğluna. Əgər qız sənə qoşulub qaçarsa, heç vaxt sizə xeyir-dua verməyəcəm! Heç vaxt xoşbəxt olmayacaqsız! Ən azından müəllimin olmuşam, haqqımı sənə halal etməyəcəm!
Və bir az da duruxub əlavə etdi: Həə-həə, denən ki, lap indi Kəmalə bizdən inciyib, sənin yanına gəlsə də, illər keçəndən sonra ata və ya ana könlünə düşəndə, qapıya qoyan deyiləm. Onda o göz yaşlarına baxıb yaşayarsan, ömrünün sonuna kimi. Sən sevirsənsə, necə razı olarsan ki, sənin sevdiyin qız, ömrünün sonuna kimi sənin yanında gözü yaşlı olsun. Razısansa, qız gəlsin, razı deyilsənsə, Cavid, sən özün zəng elə Kəmaləyə, izah et ki,onu sevmirsən...Vəssalam!
- Ay arvad, mən səni avam bilirdim, sən demə, başın lazım olanda işləyir. Telefonu bura gətir. Nömrəni de görüm.
- Alo, Cavid, mənəm, Əli müəllimin. Salam, necəsən? Təhsilin necə gedir?
- Salam, Əli müəllim, təşəkkür edirəm! Allah razı olsun! Siz necəsiz? Şükür, təhsil də davam edir, oxuyuram. Sizə söz vermişəm, heç vaxt mənim üzərimdə olan əziyyətinizi, haqqınızı itirmərəm. Allahın köməkliyi ilə qırmızı diploma iddialiyam və alacam da.
Cavidin dediyi Əlinin ürəyincə oldu. Cavidin özü də bilmədən söhbətin giriş hissəsinə özü gəlmişdi.
- Onda, oğlum, mən deyənlərə qulaq as. Kəmaləni dostumun oğluna vermişəm. Artıq gecdir.
Cavid nəysə demək istəsə də, Əli müəllim sözünü kəsir. Səmayənin dediklərini sanki əzbərləyib, nöqtə vergülünə qədər telefonda Cavidə deyib, cavab gözləmədən, xudahafizləşmədən telefonu söndürdü.
Cavid özündə deyildi. Sanki yerinə köz səpmişdilər. Stuldan divana, divandan da stula tez- tez yerini dəyişir, başını əlləri arasına alıb suda yavaş-yavaş batıb-çıxan, ölümü də əzab verən insanları xatırladırdı. Müəlliminin dediyi hər bir söz iynə kimi ürəyinə sancılır, daş kimi başına yağırdı. Artıq ağrılardan keyləşmiş adamlar kimi heç nə hiss etmirdi.
Ürəyi yanırdı, boğazı qurumuşdu, su içmək istədi, tez də fikrindən daşındı. Soyuducunun qapısını açdı. Xəstələnəndə aldığı, lakin istifadə etmədiyi spirtli içkini bir nəfəsə başına çəkdi.
- Hamınıza, hər şeyə nifrət edirəm! - deyə bağırdı.
Telefonu əlinə alıb "ÜRƏYİM" yazılan nömrəni yığdı.
- Alo! Eşidirsən, Kəmalə ?
- Hə, həyatım nəsə olub?
- Ürəyim, məni bağışla! – Cavidin gözləri doldu...
- Nə olub ki, başqasını sevirsən? Ayrısı var həyatında?
- Yox, Kəmalə yadında saxla, mən sənə verdiyim sözün üstündəyəm. Sən mənim ilk və son məhəbbətim oldun! Mən hec vaxt ailə qurmayacağam! Mən ağır xəstəyəm, ömrümə bir həftədən az qalıb. Bu gün bilmişəm, həkim deyib. Sənə demək isətmirdim, Amma məcburam, sən xoşbəxt olmalısan. Atan kimə verirsə, get! Məni unut, xoşbəxt ol! Bağışlaya bilsən, bağışla məni...
Kəmalə hönkürərək yarı xışıltılı səslə: - Cavid, yalvarıram, heç olmaya ömrümdə bir həftəlik xoşbəxtliyimi əlimdən alma ... Axı, mən səni sevirəm!...
- Sən ailə qurmalısan. Bir həftə yox, bir ömür xoşbəxt olmalısan... Sən xoşbəxt olmağa layiq qızsan. Sevgi isə... bir az duruxub əlavə etdi - Sonradan sevərsən... Əlvida!
Cavid sözünü bitirib telefonu divara çırpdı. Telefon şüşə kimi sınıb yerə dağıldı. Kəmalə ağlaya-ağlaya nə qədər “alo” desə də, təkrar yığsa da Cavidin telefonu əbədi susdu...
Səhər yuxudan key kimi oyanan Cavid axşamdan aldığı bileti əlinə götürüb pəncərəryə yaxınlaşdı. Axşamdan “Şeremetyevo” beynəlxalq hava limanına sifariş verdiyi taksi həyətdə gözləyirdi - Gedirəm birdəfəlik, heç kim məni görməyəcək. Xoşbəxt ol, ürəyim!...
Əlinin evində isə toya hazırlıq gedirdi. Kəmalənin göz yaşları heç kimə lazım deyildi. İnsanlara lazım olmayan anda vaxtız yağan yağışlar kimi...
İlqar İSMAYIL
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024