Almaniyada çalışan azərbaycanlı həkim-cərrah və alim

17:20 / 23.11.2026
Baxılıb: 32

Vətən, doğma yurd bəzən əlimizin çatdığı, gözümüzün gördüyü məkan olmaya bilər. Ata yurdundan uzaq düşəndə, ya da orada heç vaxt olmayanda bu belə olur. Amma Vətən nəsildən-nəslə ötürülən yaddaşdır, sədaqətdir. Bu yazı Dr. Xəyal Qasımlı haqqındadır.

Göyçə…, Zod…, Gümüşlər… Xəyal Qasımlı üçün bu adlar ata yurdunun coğrafi adları, soy mənsubiyyəti ilə yanaşı, həm də tarixi yaddaşın adlarıdır. Özü Bakıda doğulub, 41 yaşındadır; Göyçəni isə heç vaxt öz gözü ilə görməyib. Oranı ailəsindən, bizlərdən eşidib. Buna baxmayaraq, Azərbaycana bağlılığını elmi və həkimlik fəaliyyəti ilə birləşdirib, uğurları ilə bizləri sevindirir. Onu tanımaq, onun yolu haqqında oxumaq faydalıdır: bu yol göstərir ki, öz tarixinə, kökənlərinə bağlı insan beynəlxalq elm və tibb mühitində də öz xalqını layiqincə təmsil edə bilər. Bu, gənclər üçün də örnəkdir: Vətənə sevgi coğrafiyadan asılı olmur.

Dos.Dr.med.habil. Xəyal Alim oğlu Qasımlı Almaniyada çalışan azərbaycanlı həkim-cərrah və alimdir. İxtisası ginekoloji onkologiya, minimal invaziv və robotik cərrahiyyə, eləcə də uroginekologiyadır. Klinik təbabəti elmi-tədqiqat və akademik işlə birləşdirir: qadın sağlamlığının qorunması, xərçəng xəstəliklərinin müasir müalicəsi və yeni cərrahi texnologiyaların inkişafı onun əsas istiqamətləridir. Hazırda Frankfurtdakı Hospital zum Heiligen Geist xəstəxanasının Ginekologiya və Mamalıq şöbəsinin baş həkimidir (Chefarzt). Eyni zamanda Frankfurt Johann Wolfgang Goethe Universiteti Klinikasında şöbə müdiri (Oberarzt) kimi çalışmağa davam edir.

Ali tibb təhsilini 2012-ci ildə Berlin Charité Universitet Tibb Fakültəsində (Charité -Universitätsmedizin Berlin) başa vurub. Elmi yolu bu klinikanın Virchow kampusundakı Yumurtalıq Xərçəngi Şiş Bankında (Ovarian Cancer Tumor Bank) tədqiqatçı kimi başlayıb. Burada yumurtalıq xərçənginin molekulyar və bioloji xüsusiyyətlərini, xəstəliyin proqnozuna təsir edən amilləri və müasir müalicə yanaşmalarını araşdırıb. 2018-ci ildə yumurtalıq xərçənginin irəliləmiş mərhələlərində peritoneal karsinomatozun proqnostik əhəmiyyətinə və müalicə strategiyalarına həsr etdiyi doktorluq dissertasiyasını müdafiə edərək Dr.med. elmi dərəcəsi alıb. Həkim-cərrah kimi də işə Charité-nin Virchow kampusunda başlayıb və 2019-cu ildə Ginekologiya və Mamalıq üzrə mütəxəssis həkim (Facharzt für Frauenheilkunde und Geburtshilfe) kvalifikasiyasını qazanıb. 2024-cü ilin noyabrında isə Almaniya universitet sistemində yüksək akademik kvalifikasiya sayılan habilitasiya (Habilitation) işini müdafiə edərək Privatdozent (PD) - dosent statusu əldə edib.

Klinik işinin əsasını ginekoloji onkologiya, müasir cərrahi texnologiyalar və qadın reproduktiv sağlamlığının kompleks müalicəsi təşkil edir. O, uşaqlıq cismi, yumurtalıq, uşaqlıq boynu, vulva və süd vəzinin bədxassəli şişlərinin cərrahi və sistemli müalicəsi üzrə ixtisaslaşıb. Da Vinci robotik cərrahiyyə sistemi ilə aparılan əməliyyatlar, minimal invaziv laparoskopik cərrahiyyə, mürəkkəb onkoloji əməliyyatlar, uroginekoloji və rekonstruktiv çanaq cərrahiyyəsi onun peşə fəaliyyətində mühüm yer tutur. Bunlarla yanaşı, sidik saxlamama, çanaq orqanlarının sallanması, uşaqlıq miomaları, endometrioz və digər xoşxassəli ginekoloji xəstəliklərin diaqnostikası və müalicəsi, xərçəngönü vəziyyətlərin erkən aşkarlanması da əsas istiqamətlərindəndir.

Hospital zum Heiligen Geist xəstəxanasının Ginekologiya və Mamalıq şöbəsinə rəhbərlik edən Dr. Qasımlı tibbi xidmətin keyfiyyətinin yüksəlməsinə, yeni diaqnostika və müalicə metodlarının tətbiqinə, müxtəlif sahələrin həkimləri arasında əməkdaşlığın güclənməsinə, xəstəyönümlü səhiyyə xidmətinin inkişafına çalışır. Onun rəhbərliyi altında xəstəxanada müasir ambulator cərrahiyyə mərkəzi yaradılır, ixtisaslaşmış tibbi konsultasiya xidmətləri genişləndirilir, qadın xəstəliklərinin diaqnostikası və müalicəsi daha əlçatan olur.

Klinik işi ilə yanaşı, Xəyal Qasımlı Frankfurt Goethe Universitetinin Universitet Xərçəng Mərkəzində (Universitäres Centrum für Tumorerkrankungen - UCT Frankfurt) elmi-tədqiqat qrupunun rəhbəridir. Onun elmi işi fundamental, translyasiya və klinik onkologiyanı əhatə edir. Qrup əsasən endometrium və yumurtalıq xərçənglərinin molekulyar mexanizmlərini, şiş hüceyrələrinin inkişafını tənzimləyən siqnal yollarını və yeni hədəfyönümlü müalicə strategiyalarını öyrənir. Xərçəng hüceyrələrinin yaranmasında və inkişafında iştirak edən molekulyar və biokimyəvi siqnal yollarının araşdırılması, bu mexanizmlərin farmakoloji vasitələrlə inhibə edilməsi, əldə olunan nəticələrin yeni müalicə üsullarına çevrilməsi tədqiqatların əsas xəttini təşkil edir. PLK1, KRAS və PI3K ilə bağlı siqnal mexanizmləri, həmçinin G-kvadrupleks (G-quadruplex) strukturlarının stabilləşdirilməsi yolu ilə xərçəng hüceyrələrinin inkişafına təsir edən yeni terapevtik yanaşmalar bu işdə xüsusi yer tutur.

Tədqiqatların məqsədi laboratoriya nəticələrini klinik təcrübəyə çatdırmaq, yeni müalicə strategiyaları hazırlamaq və tədqiqatçı təşəbbüsü ilə aparılan klinik sınaqlar (Investigator-Initiated Trials - IIT) vasitəsilə onkoloji xəstələrə yeni imkanlar yaratmaqdır. Beləliklə, Dr. Qasımlının fəaliyyəti fundamental elmlə klinik təbabət arasındakı körpünü möhkəmləndirir və fərdiləşdirilmiş onkoloji müalicənin inkişafına xidmət edir. Bu istiqamətdəki araşdırmalarının nəticələri yüksək impakt faktorlu beynəlxalq elmi jurnallarda dərc olunub.

Xəyal Qasımlı beynəlxalq jurnallarda çap olunmuş 80-dən çox elmi məqalənin müəllifidir, beynəlxalq konfrans, simpozium və akademik tədbirlərdə məruzələrlə çıxış edib. Avropa Ginekoloji Onkologiya Cəmiyyətinin (European Society of Gynaecological Oncology - ESGO), Almaniya Ginekoloji Onkologiya Cəmiyyətinin (Arbeitsgemeinschaft Gynäkologische Onkologie - AGO e.V.) və digər milli və beynəlxalq elmi təşkilatların fəal üzvüdür. 2021-2023-cü illərdə ESGO-nun Gənc Ginekoloji Onkoloqlar Şəbəkəsində (ESGO-ENYGO) Almaniyanın milli nümayəndəsi (National Representative of Germany) seçilərək ölkəni beynəlxalq elmi və peşəkar platformada təmsil edib.

Elmi, klinik və ictimai fəaliyyəti müxtəlif illərdə mükafatlarla qiymətləndirilib. 2013-cü ildə Berlin Xərçəng Cəmiyyətinin (Berliner Krebsgesellschaft e.V.) Ernst von Leyden elmi təqaüdünə layiq görülüb. 2024-cü ildə Goethe İnnovasiya Mükafatını (Goethe-Innovationspreis) və beynəlxalq Charité-Mayo Konfransının Ən Yaxşı Poster Mükafatını (Best Poster Award) alıb. Həmin il Almaniya Xərçəngə Yardım Fondunun (Deutsche Krebshilfe) Mildred-Scheel-Nachwuchszentrum (MSNZ) proqramı çərçivəsində elmi-tədqiqat təqaüdü qazanıb. Yenə 2024-cü ildə Frankfurt şəhər rəhbərliyi onu "Miqrasiya tarixçəsinə malik görkəmli şəxsiyyətlər" (Herausragende Persönlichkeiten mit Migrationsgeschichte) nominasiyası üzrə fəxri diplomla təltif edib.

Peşə fəaliyyətinin başlıca prinsipini müasir cərrahiyyənin, yeni onkoloji müalicənin və fundamental elmi araşdırmaların birliyinə əsaslanan tibbi yanaşma hesab edir. Qarşısına qoyduğu hədəflər bunlardır: ginekoloji onkologiyada fərdiləşdirilmiş müalicə strategiyalarını inkişaf etdirmək, robotik və minimal invaziv cərrahiyyənin imkanlarını genişləndirmək, elmi nailiyyətləri gündəlik klinik praktikaya tətbiq etmək, gənc həkim və tədqiqatçı yetişdirmək, beynəlxalq elmi əməkdaşlığı gücləndirmək.

Almaniyanın aparıcı universitet klinikalarında qazandığı təcrübə, elmi uğurları və rəhbərlik fəaliyyəti ilə Xəyal Qasımlı azərbaycanlı həkim-alimlərin beynəlxalq elmi və tibbi mühitdə təmsil olunmasına töhfə verir. Onun işi fundamental elmlə klinik təbabəti bir araya gətirməyin real nəticələr verdiyini göstərir. Doğma yurdu görməsə də, adını elmin və həkimliyin yüksək səviyyəsində daşıyır.

Hazırladı: Qalib Qasımov, sənətşünaslıq üzrə fəlsəfə doktoru


Etiket:
Xəbərlər

Almaniyada çalışan azərbaycanlı həkim-cərrah və alim

23.11.2026

Tanımadığımız tanınmışlar - iki qardaş

23.11.2026

Göyçədən gələn köklər, gələcəyə açılan uğur yolları

21.11.2026

Bilsə, bircə atam bilir...

21.11.2026

Bala Məzrə kənd məktəbinin tarixinə işıq salan nəşr təqdim olunub

19.11.2026

Köklərinə bağlı, peşəsinə sadiq: Həkim Məryəm Məmmədovanın uğur yolu

18.11.2026

Rauf Kasimov: İfaçılıq məktəbi, mühacirət və pedaqoji irsin vəhdəti

17.11.2026

Firdus Kərimov: Zoddan “Buran” kosmik layihəsinə uzanan əmək yolu

16.11.2026

Beynəlxalq Diaspor Mərkəzinin Avropa təmsilçisi

16.11.2026

Mübariz Həsən oğlu Qocayev – zəhmət və uğurlarla dolu həyat yolu

14.11.2026

TUNZALƏ BAYRAMOVA: TƏCİLİ CƏRRAHİYYƏDƏ PEŞƏKAR İNKİŞAF VƏ ELMİ FƏALİYYƏT

13.11.2026

Ramiz Vəliyev: onkoloji cərrahiyyədə elmi bilik, peşəkarlıq və cərrahi təcrübə

12.11.2026

11.11.2026

Azərbaycan əsilli alim Rusiyanın nüfuzlu onkoloji mərkəzində: Tibb elmləri doktoru Aslan Vəliyev

11.11.2026

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib 

08.11.2026

Prezidentdən Mürvət Həsənli ilə bağlı SƏRƏNCAM

30.10.2026

“Sındırılmış saz, yandırılmış aşıq” kitabının təqdimatı keçirilib

16.10.2026

Araz Yaquboğlunun Qərbi Azərbaycan İcmasında keçirilən “Sındırılmış saz, yandırılmış aşıq” adlı kitabın təqdimatındakı çıxışı

16.10.2026

“Sındırılmış saz, yandırılmış aşıq”

10.10.2026

Basarkeçər kökənli 347 gənc ali məktəblərə qəbul olunub

05.10.2026

Elmin və şəxsiyyətin akademiki

24.09.2026

Qalib Qasımov: Qafqaz Albaniyasının memarlıq yaddaşı və tarixi gerçəkliklər - ŞƏRH

19.09.2026

Adın özü bir düşüncədir

19.09.2026

Şəhid Daşkəndli Aşıq Nəcəfin 160 illik yubileyinə hazırlıq məsələləri müzakirə olunub

19.09.2026

Mədəni irs siyasi mübahisələrin deyil, tarixi yaddaşın bir hissəsidir 

17.09.2026

Göyərən qəbir

09.09.2026

Tanınmış şair Qılman İmanın "Keçmişdəki gələcək" adlı yeni şeirlər kitabı nəşr edilib.

10.08.2026

DAŞKƏNDLİ AŞIQ NƏCƏF HANSI İLDƏ DOĞULUB?

10.08.2026

“Biz sərhədlərimizin bərqərar edilməsini istəyirik”

14.07.2026

AŞIQ NƏCƏF DAŞKƏNDLİ (1867–1919)

14.07.2026

AŞIQ ALIDAN QALAN SƏRVƏT

14.07.2026

Qərbi Azərbaycan qadınları: yaddaşın görünməyən daşıyıcıları

14.07.2026

Mən Lənkəranı əvvəl şəhər kimi yox, insan kimi tanıdım; sonra o insanlarda bir şəhər gördüm.

25.06.2026

Ağrı dağı qədər uca, Tanrı dağı qədər hidayətli adam

25.06.2026

Qərbi Azərbaycan sədası Göygöldə

23.06.2026

Dədə Ələsgərin “Bəli deyib, yol-ərkana gəlmişəm” qoşmasının ideya-məzmun xüsusiyyətləri

06.06.2026

ZENİTDƏKİ ZENİTÇİ
(oçerk)

06.06.2026

Zeynalov Amin Asif oğlu uğurlarına daha iki uğur əlavə edib

06.06.2026

Sözlə çəkilən şəkil

06.06.2026

“Qayıdış hüququ” mövzusunda dəyirmi masa və eyniadlı kitabın təqdimatı olub - FOTOLAR

03.06.2026

 "Baxdı, baxdı, qayıtdı ki, səninlə Bakıda danışacağıq." - Heydər Əliyevin fotoqrafı

10.05.2026

Daşkənd sakini Ağababa Qəmbərəli oğlu İsgəndərovun anadan olmasının 100 illik yubileyində Araz Yaquboğlunun çıxışının tam MƏTNİ

04.05.2026

İkinci Dünya müharibəsi veteranı, uzunömürlü Ağababa İsgəndərovun anadan olmasının 100 illik yubileyi keçirildi

04.05.2026

İlham Əliyevin İrəvandakı tədbirdə videobağlantı formatında çıxışının TAM MƏTNİ 

04.05.2026

Aşıq Ələsgərin “Köynəyinə” qoşmasının bədii təhlili

11.04.2026

Xalq şairi Zəlimxan Yaqubu düşünərkən...

20.01.2026

Qanlı Yanvar qırğını

20.01.2026

XII əsrdə Göyçədən yüksələn dua

16.01.2026

Milli Kitabxanaya oxu zalı lazım deyil?

09.01.2026

Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar

09.01.2026
Bütün xəbərlər